İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə27/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   24   25   26   27   28   29   30   31   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Quranın spesifik məntiqi

Öncəki bəhslərdə qeyd etdik ki, fatalizm və "qadər" müzakirələri islam teoloqları arasında hicrətin birinci əsrinin ikinci yarısından başlayaraq təhlil edilmişdir. İlahiyyat elminin ən qədim məsələsi də bu məsələdir. Teoloqlar bu elmi məsələni düzgün təhlil edə bilmədilər və ona görə də yollarını azdılar: onların bəzisi fatalizm, bəzisi isə "qədər" tərəfdarı oldu. Ümumilikdə teoloqlar arasında təqdirə etiqad bəsləmək fatalizmə, insanın iradə azadlığına etiqad bəsləmək isə təqdirin inkar edilməsinə bərabər hesab edilirdi. İslamın erkən dövrünün sadə və safqəlbli müsəlmanları insanın iradə azadlığına malik olmasına inanmaqla yanaşı, təqdirə də inanıblar. Amma bu məsələ ilahiyyat elmi çərçivəsinə daxil olandan və fəlsəfi rəng alandan sonra həmin insanlar tərəfindən qəbul edilə bilmədi. Bu elə onlardan on dörd əsr sonranın insanlarına da çətin görünür. Qurani-kərimdə, eləcə də Peyğəmbər və Əhli-beyt imamlarından nəql edilmiş çoxsaylı inkaredilməz hədislərdə açıq- aydın şəkildə həm hər şeyin ilahi qəzavü-qədər ilə baş verdiyi, həm də insanın öz taleyinə təsir göstərməsi, iş və əməllərinə görə məsuliyyət daşıması qeyd olunur. Biz əvvəlki bəhslərdə hər iki dəstəyə aid ayələrə işarə edərək vurğuladıq ki, həm fatalistlər, həm də "qədər" tərəfdarları Quran ayələrini yozmağa çalışıblar: fatalistlər insanın iradə azadlığına malik olması və məsuliyyət daşıması barəsindəki ayələri, iradə azadlığı tərəfdarları isə ümumi ilahi təqdir barəsindəki ayələri yozublar. Bəllidir ki, müəmma hall olandan və təqdirin ümumi olması ilə insanın məcbur olması, həmçinin iradə azadlığı ilə təqdirin inkar edilməsi arasında heç bir bağlılığın olmaması aydınlaşandan sonra ziddiyyət öz-özünə aradan qalxır və heç bir yozuma da ehtiyac qalmır. Masələn, Qurani-kərim hidayət və zəlalət, izzət və qüdrət, ruzi və sağlamlıq, hətta yaxşılıq və pisliyi ilahi təqdir ilə əlaqələndirərək belə buyurur:

"Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir".63

Yaxud buyurur:



"De: "Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən. Bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən".64

"Allah ruzi verəndir, qüdrət və qüvvət sahibidir".65

Yaxud buyurur:



"Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir".66

Yaxud İbrahim peyğəmbərin dili ilə belə buyurur:



"O (Rəbb) ki, məni yedirdir və içirdir. O (Rəbb) ki, xəstələndiyim zaman mənə şəfa verir. O (Rəbb) ki, məni öldürəcək, sonra dirildəcəkdir".67

Yaxud yaxşılıq və pislik barədə buyurur:



"De: "Bunların hamısı Allahdandır".68

Bunların heç biri təbii səbəblərin təsirinin inkar edilməsini tələb etmir. Ona görə də bu ayələrlə hidayət və zalalət, izzət və qüdrət, ruzi və sağlamlıq və ya yaxşılıq və pislikdə insanın özünün rol oynadığını açıq aydın bəyan edən ayələr arasında heç bir ziddiyyət yoxdur. Məsələn, buyurur:



"Səmud qövmünə gəlincə, biz onlara doğru yol göstərdik, ancaq onlar korluğu doğru yola yönəlməkdən üstün tutdular".69

Yaxud Firon və onun adamlarının bədbəxt və zəlilliklə nəticələnən aqibətini və izzətin zirvəsindən zəlillik quyusuna yuvarlanmalarını qeyd edəndən sonra belə buyurur:



"Bu ona görədir ki, Allah-taala heç bir tayfaya verdiyi neməti, həmin tayfa özünü dəyişməyincə dəyişməz"?70

Yaxud müşriklərin fatalist etiqadını tənqid edərək buyurur:



"Onlara: "Allahın sizə verdiyi ruzidən Allah yolunda xərcləyin!" - deyildikdə, kafirlər möminlərə deyirlər: "Allahin istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdək? (Onları Allah Özü bu vəziyyətə salıb. Əgər belə olmasaydı, Özü onların qarnını doydurardı.)".71

Yaxud buyurur:

İnsanlanın quruda və dənizdə qarşılaşdıqlan fəsad öz əlləri ilə törətdikləri əməllərin nəticəsi olaraq meydana çıxır.”72

Öncə də vurğuladığımız kimi, qəzavü-qədər, Allah-taalanın istək, iradə, elm və xüsusi diqqəti təbii səbəblərin kanarında, onlarla yanaşı deyil, əksinə, onların sırasında yerləşən səbəbdir. Nizam-intizama malik sonsuz səbəblər sistemi Allahın istək və iradəsindən və ilahi qəzavü-qədərdən qaynaqlarır. Bu səbəblərin təsiri və səbəb olması bir baxımdan elə qəzavü-qədərin təsiri və səbəb olması deməkdir.

Buna görə də bölgü aparıb nəyin Allahın işi olduğunu, nəyin Allahın işi olmadığını demək, yaxud Allaha istinad edilən işin daha insanın işi olmadığını, eləcə də insana istinad edilən işin onun işi olduğunu və Allahın işi olmadığını demək doğru deyil. Yaradanla yaradılmış arasında iş bölgüsü aparmaq yanlışdır.73 Hər şey onu icra edənin və yaxın səbəbinin işi olmaqla yanaşı, həm də Allahın işidir.

“Tuhəful-uqul" kitabının 468-ci səhifəsində İmam Hadidən naql edilmiş uzun bir hədisdə - ondan belə məlum olur ki, o, fatalizm, "təfviz"74 və Allahın ədaləti barəsində bir məktubun mətnidir və imam onu bəzi şiələrə yazıb75 – belə buyurulur:

"Bir nəfər həzrət Əlidən qüdrət və imkan barəsində belə bir sual soruşdu ki, "İnsan qüdrət və imkana malikdirmi və o öz işlərini öz qüdrət və imkanı ilə yerinə yetirir, yoxsa onun belə bir qüdrət və imkanı yoxdur? Əgər onun qüdrət və imkanı varsa və işlərini öz güc və qüvvəsi ilə yerinə yetirirsə, bəs onda Allahın insanın öz qüdrət və imkanı ilə yerinə yetirdiyi işdəki rolu nədən ibarətdir?"

Hədisdən belə məlum olur ki, sual soruşan şəxs insanın qüdrət və imkana malik olmasına və işlərini öz qüdrət və imkanı ilə yerinə yetirməsinə etiqad bəsləyib, amma ilahi təqdirin bu işlərə necə təsir etməsi ona aydın olmayıb.

İmam həmin şəxsə belə cavab verir: "Sən imkan barəsində soruşdun. Sən ki belə bir imkana maliksən, ona özbaşına və Allahın müdaxiləsi olmadan malik olmusan, yoxsa Allahla şərikli?"

Sual verən şəxs çaşbaş qalaraq nə cavab verəcəyini bilmədi. İmamsa belə buyurdu:

"Əgər sən həm özünün, həm də Allahın belə bir imkan və qüdrətə malik olduğunu iddia etsən, səni öldürərəm. (Çünki özünü Allahın şəriki, Allaha tay fərz etmiş olursan və bu, küfrdür.) Əgər bu imkana Allahsız malik olduğunu desən, səni yenə öldürərəm. (Ona görə ki, özünü Allahdan müstəqil və ehtiyacsız fərz etmisən, bu da küfrdür. Çünki hər hansı bir cəhətdə müstəqil olmaq zatda müstəqil olmağı tələb edir və o, zati mümkünlüklə ziddiyyət təşkil edərək zati zərurilik tələb edir.)"

Sual verən şəxs dedi: "Bəs nə deyim?" İmam buyurdu: "Sən Allahın istək və iradəsi ilə imkana maliksən, amma Allah-taala həmin imkana müstəqil şəkildə malikdir. (Yəni sən bu imkana maliksən, amma başqasından asılı olan və öz zatı üzərində dayanmadan. Lakin Allah-taala həmin imkana Öz zatı üzərində dayanaraq və başqasından asılı olmadan malikdir.) Əgər Allah sənə imkan verirsə, o, sənə verilmiş bir bəxşişdir və əgər onu səndən alırsa, səni sınayır. Bununla yanaşı, bilməlisən ki, O səni bir şeyə sahib edəndə səni ona sahib etməsinə baxmayaraq, həmin şeyin sahibi Özü olur. Həmçinin səni bir şeyə qadir edəndə həmin şey Onun qüdrəti altında olur və Onun qüdrəti altından çıxmır".

Əlqərəz, hədisin məzmunu belədir ki, hər bir təsir onu həyata keçirənə istinad edilməklə yanaşı, Allaha da istinad edilir. Əgər həmin təsiri öz adi və təbii amilinə aid etsək, öz zatı ilə bərqərar olmayan amilə istinad etmiş oluruq. Amma onu Allaha istinad edəndə, onu Öz zatı ilə bərqərar olan amilə istinad etmiş oluruq. Allah varlıqlara həm təsir xasiyyəti, həm də təsir etmək imkanı verir. Amma Allahın bu bəxşişi və sahib etməsi bir insanın başqa bir insanı bir şeyin sahibi etməsindən və ona bir şey verməsindən fərqlidir, İnsan birini bir şeyin sahibi edəndə və ya birinə bir şey verəndə həmin şey onun öz mülkiyyətindən çıxır. Həmin şey onun mülkiyyətindən çıxmayınca başqasının mülkü olmur. Amma Allahın birini bir şeyin sahibi etməsi va ya ona bir şey bağışlaması Allahın Öz mülkiyyətinin qalması ilə ziddiyyət təşkil etmir, əksinə, o, Allahın mülkiyyət məqam və təzahürünün nümunələrindəndir. Allah bütün əşyalara təsir verir, kimlərisə onların sahibi edir, amma bununla yanaşı, Özü müstəqil şəkildə bütün təsirlərin sahibi olur.

Bu və buna yaxın məzmuna dəlalət edən çoxsaylı hədislər var. Amma bizim onların hamısına bu traktatda toxunub izah etmək imkanımız yoxdur.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə