İnsan və tale problemi


İki məktəb arasındakı fərq



Yüklə 144,32 Kb.
səhifə26/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

İki məktəb arasındakı fərq

Qeyd etdik ki, materialistlər (həmçinin bəzi xaçpərəstlər) qəzavü-qədəri İslama hücum etmək üçün əllərində bəhanə ediblər. Onlar deyirlər ki, qəzavü-qədərə inanmaq insanın özünü məcbur və əl-qolu bağlı hesab etməsinə səbəb olur və o özünün yaradıcılıq, cəmiyyətin daha yaxşı qurulması istiqamətindəki rolunu unudur və əlini əlinin üstünə qoyub taleyin hökmünü gözləyir.



 Biz orada qeyd etdik ki, belə bir yanlışlığın baş verməsinin səbəbi onların qəzavü qədər inancı ilə fatalizm inancı arasında fərq qoymamasıdır. Fatalizm inancına görə, insan iradə azadlığına malik deyil və danışdığı söz və gördüyü işlərin əsl səbəbkarı o özü deyil və xüsusiyyət və sifətlərinin onun taleyinə heç bir təsiri yoxdur. O, tutuquşu kimi ona deyilənləri təkrar edir və hətta ona təlqin edilən həmin sözləri belə o özü demir. Amma qəzavü-qədər inancına görə, Allahın elm və iradəsi hər şeyi öz səbəbi ilə zəruriləşdirir və Allahın elm və iradəsinin səbəblər yolundan başqa bir yolla əlaqəli olması qeyri-mümkündür. Çünki bu, Allahın təkliyi, bəsitliyi və aliliyi ilə ziddiyyət təşkil edir. Buna görə də Allahın elm və iradəsi insanın iş və əməllərinə, xoşbəxtlik və bədbəxtliyinə ancaq səbəb yolu ilə yönəlir. İnsanın əl-qolunu açıq saxlayan, onu azad, muxtar va öz taleyinə təsir imkanına malik olaraq yaradan da ilahi qəzavü-qədərdir. Məsələ belə olduğu üçün bu baxımdan teizm məktəbi ilə materializm məktəbi arasında fərq yoxdur. Əgər hər bir hadisənin, o cümlədən insanın iş və əməllərinin səbəblər sayəsində meydana çıxması fatalizmə və insanın əl-qolunun bağlı olmasına gətirib çıxarırsa, bu, hər iki məktəbə aid olan bir iraddır. Amma əgər bu, fatalizm və insanın əl-qolunun bağlanması ilə nəticələnmirsə (elə, əslində də, belədir), yenə də bu baxımdan teizm məktəbi ilə materializm məktəbi arasında fərq yoxdur. Buna görə də materialistlərin və səbəbiyyət qanunu tərəfdarı olan digər şəxslərin İslamdakı qəzavü-qədər inancına irad tutması yersizdir və bu onların lazımi qədər məlumatının olmamasından qaynaqlanır. Bu deyilənlərə indi bunu da əlavə etmək istəyirəm ki, bu iki məktəb arasında bir fərq var və bu, çox həssas, tərbiyəvi və ictimai bir təsir baxımından olduqca əhəmiyyətlidir, Həmin fərqə görə, dini dünyagörüşü baxımından qəzavü-qədərə inam insanda ümid, yaradıcılıq şövqü, həmçinin öz iş və səylərinin nəticəsini görmək inamı yaranmasına böyük təsir göstərir, Amma ondan fərqli olaraq materialist dünyagörüşündə belə bir imtiyaz yoxdur.

Bu fərq öncə qeyd etdiyimiz prinsipdən qaynaqlanır. Bu prinsipə əsasən, aləmin işinə təsir edən – ümumillikdə aləmdəki səbəbləri təşkil edən və qəzavü-qədərin təzahürü sayılan - faktorlar ancaq maddi işlərlə məhdudlaşmır. Aləmdə ona təsir edən bir sıra mənəvi işlər də var və taleyin dəyişməsinə, şübhəsiz, onlar da təsir göstərirlər, Bu görüşə əsasən, aləmin bir sıra qeyri-maddi hesab-kitabı da var. Məsələn, haqq-ədaləti himayə etməyin maddi və fiziki hesabdan əlavə, mənəvi hesabı da var. Dünya haqq- ədalət üzərində dayanır və o, haqq-ədaləti himayə edənləri himayə edir, onları mükafatlandırır:



"Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə köməklik göstərər və addımlarınızı möhkəmlədər".59

"Allah iman gətirənləri müdafiə edir. Allah heç bir nankor xaini sevmir"60

"Allah Ona yardım edənlərə yardım edər. Allah qüvvətlidir, məğlubedilməzdir"61

Dünyanın hesablarından biri də Allaha təvəkkül etmək və Ona bel bağlamaqdır. Təvəkkül insanın haqq yolu getməkdə - istər müsbət, istərsə də mənfi cəhətdən - tərəddüd etməməsi və həyatda hədəfinin düzgün və Allah bəyənən hədəf olduğu, şəxsi mənafe güdmədiyi, fəaliyyətini özünə deyil, boynuna düşən vəzifənin yerinə yetirilməsinə yönəltdiyi və işini Allaha həvalə etdiyi təqdirdə Allahın onu himayə edəcəyinə əmin olması deməkdir.

Bunlar yalnız teist dünyagörüşündə mövcud olan xüsusi hesablardır. Onlar teist dünyagörüşü baxımından kauzal amillərdən və qəzavü-qədərin təzahürlərindən hesab olunur. Buna görə də ilahi qəzavü-qədərə düzgün etiqad bəsləmək imanı olan şəxsi müsbət iş və fəaliyyətində daha əmin və işin nəticəsinə daha ümidvar edir. Çünki maddi baxımdan yaradılış qanunları arasında dini qaydalar, yəni yerinə yetirilməsi yaxşı hesab edilən və insanın əməl etməsi lazım olan qaydaların xüsusi bir hesabı yoxdur; haqq və batil, düz və səhv, ədalət və zülm eyni hesaba malikdir. Aləm bunların hər birinin tərəfdarlarına münasibətdə bitərəfdir. Amma ilahi baxımdan aləm bu işlərə münasibətdə bitərəf deyil, haqq, düzlük və ədalət tərəfdardır. İlahi təqdirə etiqad bəsləyən şəxs Allahın hikmət, rəhmət və ədalətinə də etiqad bəsləyir. Onun etiqadına görə, əgər kimsə Allahın razılığını əldə edərsə, yəni Allahin dini qanunlarına tabe olarsa, onların sayəsində amanda qalar. İlahi təqdir və idarəçiliyə bu şəkildə etiqad bəsləmək Allaha təvəkkül etmək və Ona bel bağlamaqla nəticələnir və ölüm, məhv olma və yoxsulluq qorxusunu dəf edir, insanın ən böyük zəif nöqtəsini - yoxluq və ya miskin yaşamaq təlaşını aradan qaldırır.

İslamın erkən dövrünün müsəlmanlarını dünyada misli olmayan qədər aktiv, çalışqan, şücaətli və qorxmaz edən də aləmdə bu kimi hesabların mövcud olmasına inanmaq idi. Qurani-kərim onları belə təsvir edir: 



"Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah biza yetər və O ən yaxşı himayəçidir!" - deyə cavab verdilər. Buna görə də Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük nemət və mərhəmət sahibidir"62

Buradan da Qurani-kərimin təlimlərinə əsaslanan ilahi qəzavü-qədərə etiqad bəsləməyin materialistin səbəbiyyət qanununa əsaslanan tale və qəzavü-qədərə etiqad basləməsindən tam üstün olması məlum olur.

Hər hansı bir materialistin öz məslək, yol və əqidəsinə iman və etiqadı uzaqbaşı bu ola bilər ki, öz ideyalarını gerçəkləşdirmək üçün nə qədər çalışarsa, bir o qədər uğur əldə edəcək. Amma mömin və ilahi qəzavü-qədərə etiqad bəsləyən müsəlmarın əqidasinə görə, aləm elə yaradılıb ki, əgər o öz əqidə və imanı yolunda fədakarlıq etsə, səy göstərsə, aləmin səbəb-nəticə sistemi onu himayə edəcək, dəstəkləyəcək; aləmdə onun öz məqsədi yolunda sərf etdiyinin yüz minlərlə qatı qədər ehtiyat qüvvə var və onlar bu kimi hallarda onun köməyinə gəlirlər.

Materialistin fikrincə, haqq-ədalət tərəfdarı öz fəaliyyətlərinin nəticəsinə zülm və batil işlər tərəfdarı olan şəxs qədər ümidvar olmalıdır. Çünki onun nəzərincə, aləm və ona hakim olan ümumi qaydalar baxımından bu ikisi arasında heç bir fərq yoxdur. Amma ilahi məktəb prizmasından bu iki şey arasında böyük bir fərq var.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə