205
– Saqqalımın bu vədəsində dinimi, yolumu, ərkanımı dəyişən deyiləm.
– Bir də deyirəm, qayıt yola.
– Yox. Sünnü doğulmuşam, sünnü kimi də öləcəm.
– Onda öl! Cəllad, işini gör!
Cəllad işini görəndə hamı üzünü döndərdi, ağlayanlar, sıtqayanlar oldu.
Elə həmin gün günahlarını bağışlamaq üçün Bakı əhli min tümən pul toplayıb verdi, həm
də şiəliyi qəbul elədi.
İsmayılın qəlbində bir arzu vardı. Şəhəri ərinin yerinə idarə eləyən, mühasirədə mərdi-
mərdanə dayanan gəlini uzaqdan da olsa görmək istəyirdi. Amma onun yerini xəbər verən yox
idi. Şirvanşah sarayının əndərun hissəsindən də xəbər gəlmişdi ki, orada da yoxdur.
“Onda yəqin ki, Qız qalasındadır”.
Bu qəribə biçimli qalanı o görmək istəyirdi. Sərkərdələri ilə bərabər qalaya getdi. Divarın
içindəki daş pillələrlə yuxarıya qalxırdılar. Hər mərtəbədə qurulu evlər, yüklər, qab-qacaq, silah,
pal-paltar vardı. O qalanın lap üstünə çatanda bir dəstə göyərçin uçdu. O dönüb dənizə baxdı.
Qalanın dəyirmi gövdəsindən ayrılan divar dənizə tərəf uzanmışdı və onun dibində dənizin
ləpələri oynayırdı. Orada, divarın lap kənarında bir cəngavər dayanmışdı. Əlindəki qılıncın yarısı
qırılmışdı.
Dəbilqənin altından çıxan qara saçları isə çiyinlərinə tökülmüşdü. İsmayıl döşünə çatan
divara yaxınlaşıb dedi:
– Ey cəngavər, pəhləvan ürəkli qadın, yaxına gəl. Sən amandasan. Heç kimin kipriklərini
qaldırıb sənə baxmağa belə haqqı yoxdur. Bu qədər igidliyin qarşısında nə istəyin varsa, ona
yetirəcəyəm.
Onun sifətində qəribə bir kədər və nifrət vardı. Dinmədi.
– And içirəm bir Allaha, babam peyğəmbərin ruhuna və on iki imama. Sən azadsan. Qazi
bəyin yanına səni göndərərəm, nə istəyin varsa...
– Mənim bir istəyim var, cavan oğlan. O istək də bax budur. O bu sözləri deyərək, əllərini
yuxarı qaldırıb sanki qanad açdı. İsmayıla elə gəldi ki, Ərcivandan onunla başlayan, sür’ətlə
keçən zaman dayandı. Ürəklər də döyüntüdən qaldı. Gözlər də bir nöqtəyə həddən artıq çox
baxdı, külək kəsdi, qalanın məhvərinə dəyib göyə qalxaraq parçalanan iri dalğalar mirvari kimi
xırdalandı, yumrulandı və bir daha qayaların üstünə, sulara tökülmədi. Hamısı öz yerində donub
qaldı. Bu dayanmış zaman içində hərəkətdə olan təkcə zirehli geyimdə olan bu cəngavər gəlin
oldu. Əlindəki zamanın sındırdığı qılıncla bərabər aşağıya, donub qalmış, mirvariləşmiş
dalğalara tərəf qartal uçuşu ilə, xanım hərəkəti, xanım gözəlliyi ilə ehmallıca uçdu, uçdu, sulara
çatdı. Onun düşdüyü yerdən yüzlərlə qızıl balığın ağzından çıxan qabarcıqlar qalxandan sonra
əvvəlki dalğalar yenə başladı, göydə donub qalmış mirvari damlaları ucuz bir şey kimi səpələndi.
Onun bu mərdanə hərəkəti İsmayıldan ötrü zamanı dayandırıb saxladı. İgidliyini,
cəngavərliyini yadigar qoyub getdi. Təkcə adını özü ilə apardı. Onun adını İsmayıl tarixçilərə
qızıl suyu ilə yazdırardı. Amma heç kəs onun adını demədi. “Qadının adı yad kişilərin dilində
çəkilsə, qəbahət olar, binamusluq olar. Deməyin mənim adımı”. Hamıya belə göstəriş vermişdi.
Bir də ki, o ərinin zirehini geyirdi, dəbilqəsini başına qoyurdu, onun adından danışırdı.
“Necə də anama oxşadı. Onun kimi düşmən əlinə keçməmək, abır-ismətini qoruyub
saxlamaqdan ötəri belə yol seçdi. Əhsən, bərəkallah belə yurd qızına, qadınına”.
İsmayıl oturub başını əlləri arasına qoyub xeyli fikrə getdi.
ŞƏRUR SƏFƏRİ
Qızılbaşlar Cəbanidə Şirvan qoşununu darmadağın etsə də, Bakı qalasını alsa da, nə
Şamaxının üstündəki Gülüstan qalası, nə də Ağsu çayı vadisindəki Buğurd qalası təslim
olmamışdı. Bakıdan qoşun yenidən Şamaxıya qayıtdı və Xınıslı kəndində düşərgə salıb Qız
qalası və Pirdirəyi dağları arasındakı dərəni kəsdi, bir də Qız qalası dağı üstündən Gülüstanı
mühasirəyə aldı.
206
Günlər ötür, həftələr keçir, amma Gülüstan qalasının təslim olacağı gün görünmürdü.
Onun divarlarının yanına qalxmaq belə mümkün deyildi. Oradakıları yalnız və yalnız aclıq
hesabına təslim eləmək olardı, o da hələlik mümkün deyildi. Hər səhər, hər günorta, hər axşam
qala bürcünə qalxan carçı gur səslə qızılbaşları söyür, bürclərdən qala müdafiəçilərinin
süfrələrindən artıq qalan yeməkləri aşağı tökürdülər.
İsmayıl da ümidini üzmüşdü. Bir gün o vəziri - “Azərbaycanın açarı” Zəkəriyyə Keçəçini
və Lələ bəyi götürüb ova çıxdı. Kəklikotu ətri bürümüş qayalıqlarda kəklik ovlamaq həvəsinə
düşmüşdü. Onlar hündür qayanın üstünə qalxdılar. Yaxında haradasa kəklik oxuyurdu. Amma
İsmayıl onu vurmaq üçün tələsmədi. Göstəriş verdi, süfrə saldılar. Hər üçü süfrə başında oturdu.
İndi Zəkəriyyə Keçəçi də, Lələ də gördü ki, onun fikri özgədir. Ova yox, onlarla məsləhətə gəlib.
Çörək kəsdi, dürmək eləmək istədi, amma dayanıb birdən-birə Keçəçinin sifətinə baxdı.
– Sənə “Azərbaycanın açarı” ləqəbini vermişəm. Göstər öz ləqəbinə layiq olduğunu,
Azərbaycan bağlı kiliddi. Onu necə açım?
Keçəçi sağ əlini saqqalında gəzdirib dedi:
– Mənim fikrim hazırdı.
– Buyur görüm.
– Əlvənd Mirzə ən yaxın dostunu, həmkarını itirdi. Ona Murad kömək durmayacaq.
Şirvanı fəth eləmisən.
– Hanı fəth eləmişəm. Bu Gülüstan bizə cəhənnəm zəbanəsi verir. Paslanıb qalmışıq
burada.
– Düzdür. İndi bizə Gülüstan qalası lazımdırmı? Şirvanşahmı olmaq istəyir böyük
mürşüdümüz? Əlvəndin üstünə yeriməliyik. Vaxtı, fürsəti düşmənə veririk. Əlvənd çürük
qozdur. Onu dişimizə salsaq, dişimiz yox, o sınacaq.
Lələ bəy dedi:
– Mürşüdüm, bura gəlməmişdən qabaq xəbər gəldi, Əlvənd Naxçıvanda qoşun toplayır.
– Bəs niyə mənə demədin?
– Ovdan qabaq mübarək fikrini yayındırmaq istəmədim.
– Sərkərdəsi kimdi?
– Məhəmməd Qorçu bəy.
– Yengəsi Gülüm olanın gözünə külüm olar. – İsmayıl güldü. Amma Zəkəriyyə Keçəçi
gülmədi.
– Qorçu bəy igid sərkərdədi. Onun gücünü gözümüzdən qaçırmayaq gərək.
Onlar xeyli məsləhətləşəndən sonra geri qayıtdılar. Axşamı yatdılar, səhər açılan kimi
İsmayıl sərkərdələrini yanına çağırdı. Sərkərdələr gəlib bir-bir oturdular. İsmayıl bir-bir onlara
baxdı. Nazik tül pərdənin arxasından o çox yaxşı görürdü. Onu isə görmürdülər. İki qalibiyyət
onları daha da qürurlu eləmişdi. Hamısı da yanıb qaralmışdı. Daha da yaşlaşmış,
müdrikləşmişdilər. Hamısı sevincli, gülərüz idi, təkcə Dədə bəydən başqa.
– Dədə bəy çox fikirlidir, görünür elatın fikrini çəkir.
– Yox, şahım, mürşidim. Heyfimizi aldıq, dostum Şeyx Heydərin intiqamını aldıq. Amma
əlimdən bir xəta çıxıb.
– O nə xətadır?
– Murad bəyi tanıyırdınız? Şəmasə müsibətindən qabaq bizə xəbər çatdıran Murad bəyi
deyirəm. Tanımayıb nizəni kürəyinə sancdım!
– Əbih Sultanı gətirən?
– Bəli.
– Allah rəhmət eləsin, goru nurla dolsun. Xəta, bəli, böyük xətadı.
Bir an fikrə getdilər.
– Hər il ona ehsan verəcəm, heç kimi yox idi.
– Yaxşı, bu boyda qələbə qurbansız olmazdı, ruhu şad olsun. Mən sizi buraya bir məqsəd
üçün çağırmışam. Gecə babam cənabi Əmir yuxuma girmişdi.
Onlar hamısı salavat çevirdi.
– Mübarək olsun, mübarək olsun.
207
– Həzrət Mürtəza Əli, yaranmışların ən gözəli dedi ki, ya zamanın sahibi, niyə oturub bu
Gülüstan qalasının yanında qalmısan. Təbriz taxtı səni gözləyir. İndi mən sizdən soruşuram: bizə
hara lazımdı? Gülüstan, ya Azərbaycan?
– Azərbaycan, – deyə hamı bir ağızdan dilləndi.
Şamaxıdan çıxanda Qızılbaş qoşunu tək bir əsir aparırdı. – Əbih Sultanı. Zamanın sahibi
əsir düşən şirvanlıları pulla alıb azad eləmişdi. Bu qədim adət idi. Döyüşdə əsir düşənləri kənar
adamlar da savab qazanmaq üçün alıb buraxırdılar. Amma bu dəfə İsmayıl heç kimə bu icazəni
verməmiş, hamını özü azad etmişdi. Pullar isə qızılbaş qoşunlarına çatmışdı. Azad edilən
qulların xeyir-duasından əlavə camaat arasında hörmət qazanmaq üçün bu böyük xeyirxahlıq
sayılırdı. Əbih Sultanı isə hələ də aparırdılar. Vaxtında yemək-içməyini verir, amma əllərindən,
ayaqlarından kündələri açmırdılar.
Qoşun Naxçıvana çatmışdı. Şəhərə daxil olmadılar. Əlvənd Mirzənin ordugahının
günbatan tərəfdə, Şərur düzündə, Arpa çayın kənarında salındığı xəbərini alan kimi sür’ətlə
buraya yola düşdülər. Bütün yol boyu qoşundan qabaq Qara Piri bəyin atlıları gedir, onların
qaldırdığı toz qızılbaşlara nişangah olurdu. Ona görə də İsmayıl Qara Piri bəyə “Tozqoparan”
ləqəbi vermişdi.
Qızılqanadın yəhərində oturan İsmayıl qəribə fikirlərə dalmışdı. “Elə bilirdim bəs
Şirvanşahı bassam, atamın intiqamını alsam, məndən xoşbəxt adam yoxdur. İndi elə bil heç nə
etməmişəm. İstəyirəm Təbrizi tutam, taxtı ələ keçirəm. Bundan sonra nə olacaq? Acgözlük
eləmirəm görəsən? Yox, bu acgözlük deyil, tayfaları birləşdirmək, möhkəm ölkə yaratmaq üçün
hələ nə qədər işlər görmək lazım gələcək”.
Onlar dərədən qalxdılar. Dikin üstünə çıxanda başı qarlı, nəhəng, bir az da qozbel görünən
Ağrı dağı onun gözləri qarşısında dayandı. Göyçə gölünün yanından enəndə görməmişdi,
qayıdanda Ağrı dağı dumanda olmuşdu. İndi onu apaydın görürdü. Zirvədən yuxarıda bir dilim
ay, başı üstündə günəş vardı.
– Lələ, bu əlamətlərə fikir verirsənmi? Günəş mənim başımın üstündə dayanıb, ay isə
Əlvənd Mirzədən də o tərəfdə.
– Bəli. Bu gözəl əlamətdi. Əlvənd Mirzə də heç özünə yaxşı yer seçməyib. O görünən Ağrı
dağıdı, bu yerə Şərurdan başqa Şəril də deyirlər. Yəqin ki, Şər el deməkdi. Quzeydəki dağlar
Əyircə yaylaqlarıdı. Ağrı, şər, əyricə...
– Hələ Arpa çayını demirsən. Arpanın aşan-daşan, qan-qan deyən vaxtları keçib. Qızılbaş
qoşunu Əlvəndi süpürüb Araza tökəcək.
Qabaqda bir-birinə söykənən səkkiz dairədən ibarət türbə, türbənin qarşısındakı iki uca
minarə göründü. Türbənin kaşı naxışları uzaqdan oxunurdu. Orada “Allah” yazılmışdı.
Minarələrin birinin üstündə isə leyləklər yuva qurmuşdu. O quşlar qoşunu da görüb uçub
getmədilər. Biri dimdiyini şaqqıldadırdı.
– Bu hansı kənddir?
– Qarabağlar. Görünür bu türbədə yatan kimdisə onun ruhunu əziz tutub kənd əhli həmişə
qara geyinib, qara bağlayıb. Kəndin də adı belə qalıb.
Uzaqdan toz qalxdı. Atlılar çapa-çapa gəlirdilər.
– Tozqoparan gəlir.
Doğrudan da gələn Qara Piri bəyin özü idi.
– Şahım, mürşüdüm, gürcü bəyləri öz qoşunları ilə Çuxur Səəddə dayanıb, sənin mübarək
qədəmlərini Şərur torpağına basmağını gözləyirlər.
İsmayıl Şirvandan tərpənəndə Axalsxa knyazı Gorquram bəyə (Kvarkvareyə), Axalkala
knyazı İsgəndər bəyə (Aleksandr bəyə), bir də Mirzə bəyə məktub göndərib yazmışdı ki, əgər
Əlvəndlə vuruşmada mənim tərəfimdə olsanız, onda padşah keçəndən sonra sizi vergilərdən azad
edəcəyəm.
O, hələ Ərzincandan qayıdanda o knyazlara öz gücünü göstərmişdi, amma köməyə
gələcəklərinə ümidi yox idi. Budur gəliblər. Demək bu knyazlar Əlvənd Mirzədən çox onun
uğuruna inanırlar.
– Qüvvələri nə qədərdir?
208
– Hər biri üç min atlı ilə gəlib.
– Lələ bəy, eşidirsənmi?
Lələ bəy bütün məsələlərə ehtiyatla yanaşırdı. Bu doqquz min atlı döyüşdə böyük bir
qüvvəyə çevriləcəkdir. Amma bilmək olmaz. Hazırda hakimiyyət Əlvənd Mirzənin əlindədir.
Əgər o, bu knyazlara məktub göndərib İsmayıl kimi təklif etsə, vergiləri almayacağını desə,
onlar öz fikirlərindən dönməzlərmi? Bəlkə də artıq Əlvənd Mirzə öz işini görüb, bu bir hiylədir.
Doqquz min atlı yeddi mindən az qızılbaş müridinə qarışandan sonra onları qılıncdan
keçirməzmi. Alınan mə’lumata görə Əlvənd Mirzənin yaxşı silahlanmış otuz minə yaxın qoşunu
vardı. Ona qalib gəlmək bir o qədər də asan iş deyildi. Lələ bəy o qoşunun içərisinə əvvəldən öz
adamlarını göndərmişdi. Silahlı müridlər qoşun arasında İsmayılın Allah tərəfindən
göndərilməsindən, onun mö’cüzələrindən danışır, çoxlarının ürəyinə qorxu salırdılar.
Əlvənd Mirzə isə Əli bəy Cəyirlinin məsləhətlərinə qulaq asıb Məhəmməd Qorçu bəydən
şübhələnmişdi. Onun İsmayıl tərəfinə keçməsindən qorxurdu. Ona görə də bu igid sərkərdəyə əl-
qol açmağa imkan vermirdi. Qoşunla bərabər buraya yüzlərlə dəvə gətirmişdilər. Bütün
Şərurdakı dəvələri də toplamış, qoşunun gündoğan tərəfindən bu dəvələri düzdürüb onları
zəncirlə bir-birinə bənd etdirmişdi. Qoşunun günbatan tərəfində Arpa çayının hündür sahili,
arxasında isə Araz çayı dayanmışdı.
Döyüşdən əvvəl Qorçu bəy Əlvənd Mirzəyə yalvarırdı:
– Mənə inan hökmdar. Qəfəsə salınan qoşundan qalibiyyət gözləmə. Düşmən yuxarıdan
gəlir, biz isə aşağıdayıq. İzin ver qoşunu öz bildiyim kimi düzüm.
– Öz bildiyini evində, hərəmxananda eləyərsən. Burada mən deyən olacaq. Yeddi min
Ərdəbil səfili nədir ki, ondan qorxasan. Elə buradaca işlərini bitirərik.
– Onlar da ağılsız adamlar deyillər. Süvarilərin tərpənməyinə yer qalmayıb. Dəvələri
götürək.
– Dəvələri götürsəm, sənin satqın süvarilərin hərəsi bir tərəfə qaçacaqlar.
Qorçu bəy onun sözündən çıxa bilmədi, döyüşün də taleyini bu sıxlıq, qoşunun qəfəsə
salınması həll etdi.
Tozqoparan Piri bəy Qacar dağ seli kimi igidlərini yerindən tərpənməyən qoşuna
çatdıranda Əlvənd Mirzənin qəfəsə salınmış ordusu can verən əjdaha kimi çabalamağa başladı.
Qılınclar qalxanlara dəyəndə dəvələr anqırır, yanlarındakı adamlara, atlara ağız atırdı. Qorxuya
düşən qoşun özünü dəvələrin arasına vurub zəncirləri yarıb keçmək istədi. Bir piyada zəncirə
dolaşdı. Ürkən dəvələr dartıb onu zəncir arasında əzdilər. Bir sözlə, qoşuna bir çaxnaşma düşdü
ki, onun qabağını heç nə ilə almaq mümkün olmadı. Əlvənd Mirzə otuz minlik qoşununu pərən-
pərən düşən görüb Əli bəy Cəyirli ilə bərabər atlarına minib aradan çıxdılar.
Təbrizin Nəsriyyə məscidinin hündür minarəsində əzançı işini qurtarıb yerini carçıya
verdi. Carçı aşağıdakı meydana yığılanlara üzünü tutub uca səslə deyirdi:
– Səfəvilərin ən qəddar düşməni, zamanın sahibi, cənnətməkan Şah İsmayıl Xətainin
qardaşlarının qatili, atasının ölümünə fitva verən, ölkəni qurd kimi parçalayan, dağıdan Əbih
Sultan indi e’dam olunacaq. Bu e’damı ölkənin əhalisi çoxdan gözləyir. Onun dağ çəkmədiyi
sinə qalmayıb. Şah İsmayıl Xətai həzrətləri buyurub ki, cəzası bu müqəddəs, yüksək minarədən
günahkar torpağa atılmaqdır. Ona bundan yaxşı cəza tapmaq mümkün deyil.
Carçı səsini kəsdi. İki mürid əl-ayağı bağlı Əbih Sultanı minarənin eyvanına çıxartdılar.
Onu soyuq tər basmışdı və görürdü ki, bu daha onun sonudur. Buradan onu heç bir qüvvə xilas
eləyə bilməz. “Namərd dünya, məni belə namərdliklə öldürürsən, nə olar, bu heyif yerdə
qalmaz”. Bu sözlər onun sayıqlamaları idi. Bilirdi ki, ölkədə bir nəfər də onun tərəfdarı
qalmayıb. Hamı ona nifrət eləyir. Odur, buradan düşəcəyi yerə adamlar daş diyirləyib gətirib.
“Mən də çox daş düzmüşəm. İntiqamımı sağlığımda almışam...”
Müridlərdən biri onun çiynindən, o birisi ayaqlarından tutub yellədilər, minarədən aşağı
atdılar. Ömrünün son anlarını o bağırdı, bədəni daşlara dəyib yastılanandan sonra birdəfəlik səsi
kəsildi.
Səhərisi gün Şah İsmayıl Xətai taxta çıxacaq. Artıq zərbxanalarda onun adı ilə pullar
kəsilir, məscidlərdə ona xütbələr oxunurdu.
Dostları ilə paylaş: |