Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə99/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   101

200
Qaraman igidləri ikinci cərgədə, Məhəmməd bəy Ustaclının tərəkəmələri ilə yanaşıydı. Bir sözlə
bütün yeddi tayfa ilk dəfə burada birləşib eyni məqsəd ilə qanlarını tökməyə hazır idi. 
Xadim bəy Xulafanın Talış və Biyəpiş atlıları təpənin arxasında pusquda dayanmışdı. 
Döyüşdən qabaq söz aşıqların idi. Qopuzlarını, sazlarını sinələrinə sıxan aşıqlar qoşunun 
qabağında gəzişib oxuyurdular. Onlardan birinin səsi daha gur, zənguləli idi. O varsaq igidləri 
qarşısında varsağı oxuyurdu. 
Qaibdən dəlil göründün
Dədəm xoş gəldin, xoş gəldin! 
Bizi sevib sevindirdin. 
Dədəm, xoş gəldin, xoş gəldin! 
İki can idik, birləşdik, 
Məhəbbət qapısın aşdıq, 
Şükür, didara irişdik, 
Dədəm, xoş gəldin, xoş gəldin! 
Üstümüzə yol uğratdın, 
Gövhər aldın, gövhər satdın. 
Ərliyini isbat etdin, 
Dədəm xoş gəldin, xoş gəldin! 
Aşıqlar da qazilər, müridlər kimi geyinmişdi, onlara da aşıq yox, elə qazi deyirdilər. Çünki 
onların oxuyub qoşunu cuşa gətirməyi elə müridlik, qazilik idi. Bundan sonra onlar qobuzlarını
çiyinlərinə keçirib at belinə süvar olacaq, qılınclarını siyirəcəkdilər. 
Cavan  bir  aşıq  onu  əvəz  elədi.  Bunun  səsi  əvvəlkindən  də  zil  idi.  O,  bütün  Qızılbaş
qoşununun eşidəcəyi bir səslə zamanın sahibinin təzə şe’rini oxumağa başladı: 
Allah, allah, deyin, qazilər,  
Qazilər, deyin, şah mənəm.  
Qarşu gəlin, səcdə qılın,  
Qazilər, deyin, şah mənəm. 
Qoşun  “Qazilər,  deyin,  şah  mənəm”  sözlərinin  mə’nasını  yaxşı  başa  düşürdü.  Bu  döyüş
İsmayılı şah da eləyə bilərdi, qul da. Şah olmaq üçün bu döyüşdə yeddi tayfanın birləşən igidləri 
qalib  gəlməliydi.  Şeyx  İsmayıl  da  dünən  yazdığı  şe’ri  bu  gün  döyüşdən  qabaq  aşıqlara 
oxutdururdu. 
Uçmaqda tuti quşuyam,  
Ağır ləşgər ər başıyam, 
Mən sufilər yoldaşıyam. 
Qazilər, deyin, şah mənəm. 
Oynağa gedən atların belində oturan igidlər bir ağızdan qışqırdı: 
– Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm, şah Xətaim! – Bu nidanı iki dəfə
təkrar edən güclü səsdən sonra aşığın xoş avazı yenidən eşidildi: 
Nə yerdə əksən bitərəm, 
Handa çağırsan yetərəm, 
 
Sufilər əlin tutaram, 
Qazilər, deyin, şah mənəm. 
Mənsur ilə darda idim,  


201
Xəlil ilə narda idim,  
Musa ilə Turda idim,  
Qazilər, deyin, şah mənəm. 
Diri-diri  dərisi  soyulan  həllac  Mənsurla  dara  düşən,  İbrahim  Xəlil  peyğəmbərlə  oddan 
keçən,  tövratı  yazan  Musayla  bərabər  Allah  təala  ilə  danışmaq  üçün  Turi-Sə’na  dağına  qalxan 
zamanın  sahibinin  bu  sözlərindən  sonra  hər  bir  qazi,  hər  bir  mürid  təkbaşına  Fərrux  Yasar 
qoşununa  qalib  gələcəyinə  əmin  idi.  Yenə  də  nidalar  ucaldı  və  bu  nidalar  Nağaraxanada 
eşidiləndə  zurnaçılar  da,  nağara  çalanlar  da  əllərini  bir  anlıq  saxladılar.  Aşıq  şe’rin  arxasını
oxudu: 
Qırmızı tağlı ağ atlı,  
Ağır ləşkər nisbətli,  
Yusif peyğəmbər sifətli,  
Qazilər, deyin, şah mənəm. 
Xətaiyəm, ağ atlıyam, Sözü şəkərdən dadlıyam. Mürtəza Əli zatlıyam, Qazilər, deyin, şah 
mənəm. 
– Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm, şah Xətaim! 
Döyüşün başlanmağına bir xeyli qalmış Səfər gördü ki, Cəbani kəndinin yanından bir dəstə 
atlı yuxarı qalxır. O, toz arasındakı adamları saydı. Beş nəfər idi. Tez xəbər verdi və on atlı ilə
onlar  bu  beş  atlını  yolun  düzə  qalxdığı  yerdə  gözlədilər.  Bu  beş  nəfər  qoşunun  arxasından 
göndərilən düşmən qatilləri də ola bilərdi, düşmən casusları da. 
Oxlar  kamana  qoyuldu,  qılınclar  qından  siyrildi.  Amma  Səfər  qabaqdakı  atlının  qoç 
buynuzuna oxşayan, çallaşmış bığlarını görəndə sevincindən bərkdən qışqırdı. 
– Murad bəy, sən sağsan? 
Murad  Səfəri  qızılbaş  libasında  görəndə  əvvəl  tanımadı,  sonra  göy  gözlərini,  seyrək 
dişlərini görüb onun Səfər olduğunu yəqinləşdirib tullanıb atdan düşdü. 
– Mənəm, Səfər, mənəm. 
Sən hara, bura hara! Quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar. 
–  Ay  zalım,  mənim  qanadım,  dırnağım  səninkindən  boşdu,  niyə?  Onlar  qucaqlaşdılar. 
Oxlar kirişdən götürüldü, qılınclar qına girdi. 
– Köməyə gəlmisən? 
– Əgər buna kömək demək mümkündüsə. Ayrı bir işim də var. Məni Lələnin yanına apara 
bilərsənmi? 
– İndi dava başlayacaq, Lələnin başı qarışıqdı. 
– Mən onu döyüşdən qabaq görməliyəm. – Murad onun qulağına pıçıldadı: 
– Əbih Sultanı gətirmişəm. 
Səfər başını döndərib qarnı üstündə yəhərə bağlanmış adamı gördü. 
– Onda məni gözlə, – deyə atına mindi, çapıb üzüyuxarı getdi. Bir azdan Lələ bəyin özü 
gəldi.  Muradla  görüşdü,  atın  üstünə  sarınmış  Əbih  Sultanın  başını  qaldırdı.  Tozdan  onun  sir-
sifətini tanıya bilmədi. 
– Elə bildin qaçacaqsan. Yox. Zamanın sahibinin heç kimdə heyfi qalmayacaq. 
– Mənim alnıma da belə yazılıbmış, – deyəsən zəif səs eşidildi və o öskürdü. 
Lələ  Əbih  Sultanın  gətirilməyindən  də  istifadə  eləmək  fikrinə  düşdü.  Onları  İsmayılın 
çadırının  yanına  gətirdi,  özü  çadıra  girib  əhvalatı  danışdı,  məsləhətləşəndən  sonra  çıxdı, 
keşikçilərə nəsə dedi, Səfəri də, Muradı da yanına çağırıb Əbih Sultanı əli-qolu bağlı saxlamağı
onlara tapşırdı. 
–  Allah  bu  döyüşün  taleyini  bizə  tapşırıb.  İşdi  tanrı  bizdən  üz  döndərsə,  onu  haqqına 
yetirməyi  sənə  tapşırıram,  –  deyə  Murada  baxdı.  Özü  isə  atına  süvar  olub  qoşunun  qabağına 
çapdı. Aşığa dayanmağı tapşırıb, özü atını dikdirə sürdü. 


202
– Ya qazilər, Allah bizim tərəfimizdədir. O, özü elə indicə Şeyx Heydər ocağının Fərrux 
Yasar kimi qəddar bir düşmənini, Sultanəlinin, İbrahimin qatili Əbih Sultanı əli bağlı, qolu bağlı
Zamanın sahibinin hüzuruna göndərir. Döyüşdən sonra atasının qatili də hüzura gətiriləcək. İki 
qatı düşmən bir zamanda e’dam olunacaq. 
Bu xəbər də qoşunun heyrətini, inamını bir pillə daha artırdı. 
Zamanın sahibi xəbər göndərdi ki, aşıqların heç biri döyüşə girməsin. Onların hər biri neçə 
müridin əvəzidir. Onları təhlükəsiz yerə göndərsinlər. 
Onlar  oxuyanda  İsmayılın  yadına  Səkinə  düşmüşdü.  Onun  cürə  sazı,  çaldığı  “Misri”, 
“Dübeyti”, “Ruhanı” düşmüşdü və o elə kövrəlmişdi, elə kövrəlmişdi ki, dindirən olsa bəlkə də
ağlaya bilərdi. Onu qəhərləndirən, kövrəldən təkcə aşıqların oxumağı deyildi. Səkinənin Borçalı
ellərinə gedən bağlı, kilidli yolları açmaq onu kövrəldirdi. Birinci kilid burada qırılacaqdı. Lap 
Tiflis  yanındakı  Borçalı  çökəyinə  qədər  yollar  açılsa  o  bundan  da  betər  kövrələrdi.  Yollar 
açılacaqdı,  Səkinə  xala  isə  artıq  yoxdur.  Onun  sazı  da,  çalğısı  da  yoxa  çıxıb.  Təkcə  İsmayılın 
qəlbində aşığa, sözə-saza məhəbbət qalmışdı. 
O çadırın qarşısından qızılı təpədə açılan lalələrə bənzəyən qızılbaş qoşununu görürdü. Bir 
azdan onların özləri başlarındakı çalma kimi qıpqırmızı olacaqlar. Lap elə onun özünə də qılınc 
endirə  bilərlər.  Amma  o  yolları  açmaq  üçün  oğullar  özlərini  qurban  verməlidir.  Buna  görə
kövrəlmişdi. 
Günəş  Qobustan  tərəfdəki  dağların  üstündə  doğub  bir  nizə,  kəmənd  boyu  qalxanda 
Şirvanşah qoşunu qızılbaş qoşununa hücuma keçdi. Onlar döyüş meydanını elə seçmişdilər ki, 
Şirvanşah  qoşununun  cinahlarına  yer  qalmamışdı.  Cəbani  düzü  geniş  olsa  da,  onun 
Nağaraxanaya  tərəf  uzanan  hissəsi  darısqal  idi.  İlk  hücumda  Dədə  bəyin  səfləri  geri  çəkildi. 
Amma  bu  qorxub  qaçmağa  oxşamırdı.  Mütəşəkkil  surətdə  geriləyirdi.  Bunu  görən  Şirvanşah 
Fərrux Yasar yeni-yeni dəstələri irəli göndərirdi. Elə bu da onun qoşununun aqibətini həll elədi. 
Piri bəy Qacarla Əbdi bəyin dəstələri onları araya aldılar. Şirvanşah qoşununun yarıdan çoxu bu 
məngənəyə  düşdü.  Qılınclar  paralayır,  əmudlar  qalxanlara  dəyib  parçalayır,  təpərlər  atların 
başını iki yerə ayırırdı. 
Fərrux  Yasar  səhvə  yol  verdiyini  görüb  qalan  qüvvələrini,  əsas  qoşunu  xilas  etmək 
istəyəndə Məhəmməd bəy Ustaclı ilə Bayram bəy Qaramanlının igidləri onlara aman vermədən 
şil-küt eləməyə başladılar. – Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm, şah Xətaim! – 
nidalarına nə’rələr, iniltilər, bağırtılar qarışmışdı. Günortadan keçəndə Cəbani düzündən Cəbani 
kəndinin günbatan tərəfinə enən çökəklikdəki bulağın suyu qana dönmüşdü. 
Cəbani düzündən aşağıya ilk süvarilər, atlarını itirən, silahlarını atan atlas şalvarlı fərraşlar 
qaçanda  hiss  olundu  ki,  artıq  Şirvanşahın  qoşunu  özündən  çox-çox  az  olan  qızılbaşların 
qabağında dözməyib məğlub olub öz evində basılıb, indi qaçhaqaç başlayıb. Qoca hökmdar bunu 
görəndə tüpürdü, ürəyində söydü. Amma qaçanları geri qaytarmaq mümkün olan iş deyildi. 
Gün əyiləndə əli-ayağı bağlı Əbih Sultan da başa düşürdü artıq bu dəfə ölümdən yaxasını
qurtara bilməyəcək. Qızılbaş qoşunlarının sevinc nidaları daha güclü eşidilirdi. Başının üstündə
dayanan Səfərə yalvarırdı: 
 
– İnsafın olsun, heç olmasa qoy namazımı qılım. Heç vaxt namazımı qəzaya qoymamışam. 
– Onun son ümidi namaza çatırdı. Onu namaz qılmağa qoysaydılar, bəlkə də özünə çıxış yolu 
tapardı. Amma buna imkan vermirdilər. 
–  Sənin  namazın  da  dinimizə,  məzhəbimizə  böhtandı,  Əbih  Sultan!  Dinsiz  kimi  ölməyin 
məsləhətdi. 
Murad  burada  oturub  qala  bilməmişdi.  Atına  minib  özünü  döyüşün  qızğın  yerinə  vurub 
qılınc çalırdı. Birdən o geri qatlandı, sulanmış gözlərini çevirib Dədə bəyi gördü. 
– Mənim nə günahım vardı, Dədə bəy? – deyə bildi. 
Dədə  bəy  onu  indicə  tanıdı.  Başında  qızılbaş  çalması  görməyib  nizəsini  endirmişdi.  O, 
peşman-peşman nizəsini onun fəqərə sütunundan çıxardı. Murad atdan yıxılıb arxası üstə düşdü, 
gözləri  açıq  qaldı.  Artıq  peşmançılığa  heç  bir  yer  qalmamışdı.  Onun  gözlərini  qapamağa  da 
imkan yox idi. Vuruşanların atlarının dırnaqları onun ruhdan xilas olmuş bədənini didib-tökürdü. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə