Qarının borcu
Yaz gəlmişdi, Qış getmişdi,
Gün çıxmışdı, ot bitmişdi.
Qarı Nənə sevinmişdi,
Oğlaqları Yaza çıxmış;
Yaz hələlik təzə gəlmiş,
Qış hələlik təzə çıxmış.
Qarı Nənə qarlı qışın
Qar kürkünü tullamışdı.
Arxasınca, dönməz deyə
Bir söyüşdə yollamışdı:
-Yaza cıxdı oğlaqlarım,
Qış gözünə barmaqlarım...
Sən deməynən o qart qışın
Bir hiyləsi varmış hələ;
Bir fəsadı, bir tufanı,
Bir fitnəsi varmış hələ.
Qəlbi təmiz gözəl Yazdan
Tək üçcə gün o borc almış.
Bu üç gündə çovğun salmış,
Görünməmiş tufan salmış, -
Şaxta salmış, boran salmış!
O sevimli oğlaqları
Çöldə tutub öldürmüşdü.
O, qarıya ibrət üçün
Öz zərbini bildirmişdi.
Çox yaxşı ki, Keçi hələ
Çıxmayıbmış o gün çölə.
Qarı nənə ağladıqca,
Deyirmiş ki, heç çəkmə qəm;
Qış üç oğlaq apardısa,
Mən beş oğlaq verəcəyəm!..
Yaz yolunda şəhid olmuş,
Üç çəpişin beş bacısı
Oynayaraq çıxdı çölə.
Qarı Nənə gülə-gülə
Dedi: “Get, get, ey qarlı qış,
Atdım sənin dalınca daş.
Üç oğlağım bil, beş olar,
Bir az keçər on beş olar.
Sən nə etdin söylə mənə?
Ancaq pislik qaldı sənə.
Yaza çıxar oğlaqlarım,
Qış gözünə barmaqlarım!”
Cavad Ə. Qarının borcu : şeir // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2005. –
S. 199-200.