Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   8   9   10   11   12   13   14   15   ...   111

 
30
Baqrat əvvəl təəccübləndi, sonra qəhqəhə çəkdi. 
- Bağışla, həkim, sən ya bizi ələ salırsan, ya nağıl danışırsan. Bu Arzo kişi 
də elə bilər ki, dünyaya təzə hatəm gəlib, müftə torpaq bağışlayır. 
- Düzü belədir, Baqrat ağa. 
Baqrat daha da təəccübləndi. 
- Eşitməmişəm, görməmişəm ki, bir adam öz torpağını başqasına peşkəş 
eləsin. Acığına gəlməsin, Arakel, mahalda tanınmış bir həkim olmasaydın, sənə 
dəli deyərdim. 
- Dünyada çox şeylər var ki, biz nə görmüşük, nə eşitmişik. Yunan filosofu 
Sokrat deyir ki, insanın bilmədiyini ayağının altına yığsan, başı göyə toxunar. 
Arakellə Baqratın arasında söhbət təzədən qızışdığı zaman, Nvard gəlib 
həkimi xəstənin yanına çağırdı. 
Arakel Nvardla bərabər getdi. 
Baqrat: 
- Arzo kişi, sən də get, - dedi, - Bjişkin sözlərini eşidəndən sonra, daha 
sövdəmiz heç baş tutmaz. 
Arzo yanında qoyduğu çəliyini götürdü. Ona dayanıb, ağır-ağır yerdən 
qalxdı. 
- Ver, Baqrat ağa, nə qədər verirsən, ver. 
- Yaxşı, sabah günorta vaxtı  gəlib taxılını apararsan. Özün də  gərək mənə 
qol kağızı verəsən ki, bir də o yerini dəbbələməyəcəksən. Başa düşdün?.. 
Ürəyində həm sevinc, həm kədər aparan qoca Arzo çəliyinə dayana-dayana 
pilləkənlərdən həyətə enəndə, onu ət iyi vurdu. Siranuşa qurban kəsilmiş boz 
erkəyin ətindən çoban Arsen qara damda kabab bişirirdi… 
…Bir neçə gün idi ki, Baqratla Nvard fərəh içində idilər. Siranuş özünü çox 
yaxşı hiss edirdi. 
Baqrat qızının sağalmasını həkimin diqqətli müalicəsində görürdü. Nvard isə 
ürəyində deyirdi: «Siranuşu təzədən mənə qaytaran kilsədə elədiyim dua, kasıba-
kusuba verdiyim nəzir, kəsdiyim qurban oldu; Allahın mənə yazığı gəldi…». 
Arakel öz evinə qayıtdığı gün Baqratla Nvarda demişdi: «Qızınızın 
sətəlcəmini sağaltdıq. Ancaq mən müşahidə etmişəm, qızınızın ikinci «xəstəliyi» 
də var ki, onu sağaltmaq məndən asılı deyil. O, sizdən asılıdır. Siranuş sevir, onu 
öz sevdiyinə verin. Yoxsa, qız fikirdən, qüssədən azara düşə bilər. Ürəyə zor 
eləmək olmaz. Sonrakı peşmançılıq fayda verməz…». 
 
 
Beşinci fəsil 
 
Malını, pulunu özü ilə aparmağa müvəffəq olmuş dövlətlilər və  bəzi 
kəndlilər istisna olunarsa, Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. 
Minlərlə insan səfalət içində idi, onların  əkməyə torpaqları, yeməyə çörəkləri, 
geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç 
bir yol və imkan tapa bilmirdilər. Yaxşı yaşamaq üçün deyil, yalnız ölməmək üçün 
hər bir əzab-əziyyətə, təhqirə dözməyə məcbur idilər. 


 
31
Dünyada həyatdan  şirin  şey yoxdur. İnsan can ağzından çıxana qədər 
yaşamaqdan ümidini üzmür. Güzəran pisləşdikcə, insanın yaşamağa, özü də çox 
yaşamağa həvəsi, arzusu artır. Elə  zənn edir ki, yaşadığı bugünkü pis, bəlalı, 
kədərli günün arxasında gözəl, ehtiyacsız günlər vardır.  İnsanda bu təbiət 
olmasaydı, yaşayış mənasız və mübarizəsiz olardı. Məhz, buna görə də Zəngəzur 
qaçqınları  fəlakətli, səfalətli bir həyat içində, haradansa, xoşbəxtlik günəşinin 
doğacağını gözləyirdilər. Hamı yandırılıb, viran edilmiş də olsa, öz kəndinə, yurd-
yuvasına qayıtmaq, yenidən yaşayış qurmaq həsrətində idi. 
Lakin daşnakların hökmranlıq etdikləri bir torpağa qayıtmaq mümkün 
deyildi… 
Deyirlər, suda boğulan əlini saman çöpünə atar. Həyat və ehtiyac başı bəlalı 
insanları  hər işə  məcbur edirdi. Kimi başqasına majgəllik edir, kimi naxır otarır, 
kimi yer suvarır, kimi cəhrə  əyirir, yun darayır, kimi əlinə haradansa maya salıb 
çərçiliklə məşğul olur, kimi də dilənçilik edirdi. 
Qaçqınlardan bəziləri gəlib  əyləndikləri kəndlərdən tərpənmir, «ölsək də 
burda öləcəyik» deyir, bəziləri də heç olmasa, bir dəfə qarın dolusu çörək tapmaq 
arzusu ilə kəndləri gəzib dolaşır, münasib iş axtarırdı. 
O gün olmazdı ki, qaçqınlardan bu və ya digər kənddə xəstəlikdən acından 
ölən olmasın. Vətənlərindən didərgin düşdükləri on ay müddətində minlərcə 
qaçqın yayda isitmənin, qarın yatalağının, qışda isə sətəlcəmin qurbanı olmuşdu. 
1919-cu il, aprel ayının axırları idi… Havalar tez-tez açılıb tutulurdu. Bəzən 
şiddətli yağan yağışlar iki-üç gün kəsilmirdi. Bəzən də günəş səhərdən axşamacan 
hər yeri qızdırdığından, torpaq buxarlanırdı. 
Yağışdan sonra günəşin şüaları altında daha da gözəlləşən, sanki cavanlaşan 
ağaclar, bağ arası çəmənlər yamyaşıl olmuşdu. Bir tərəfdən müxtəlif quşların səsi, 
ikinci tərəfdən sahillərini aşıb-daşan Bərgüşad çayının qıjıltısı  ətrafa yayılırdı. 
Kəndin yaxınlığındakı çaylaqlarda çəltik üçün yer əkən cütçülərin holavar səsi də 
bir tərəfdən yüksəlirdi. 
Baharın bu xoş çağında nə insan dörd divar arasında qalmaq istəyir, nə cücü, 
böcək, həşərat öz yuvasında gizlənirdi. Təbiət sanki hər bir canlının qanını 
damarlarında oynadır, əməyə, çalışmağa çağırırdı… 
Tövlənin qapısı açıldı. Nəbi içəridən çıxıb ağır addımlarla həyətə  gəldi. 
Alçaq divarın üstündə oturub ayaqlarını aşağı salladı. Qışda odsuz-ocaqsız, soyuq 
tövlədə buza dönmüş bədənini qızdırmaq üçün özünü günə verdi. 
Yaz günəşinin isti şüaları altında qızışıb xoşlanan Nəbi gərnəşdi. Çirkdən, 
bitdən qotur tutmuş canını xartaxartla qaşıdı. Sonra qəlyanını doldurub, çaxmaq-
qovla yandırdı. Onu sinə dolusu sümürə-sümürə, Bərgüşad çayına, kəndin altından 
uzanıb gedən çiçəkli meyvə bağlarına  xeyli tamaşa elədi. Onu fikir-xəyal götürdü. 
Doğma kəndi Şəkini, viran qalmış komasını xatırladı. Fikirləşdikcə qəhərləndi, öz-
özünə danışmağa başladı: «İndi bizim yerlərdə  də yazdır. Çöl-bayır göyərib, 
söyüdlər yarpaqlayıb, çayın, bulaqların qıraqlarında yarpız baş qaldırıb… Həmişə 
bu zaman mən də bel götürüb kərdi-külə qayırırdım, paxla əkirdim, qızıl gül 
kollarının dibini boşaldırdım, çör-çöpünü arıtlayırdım. Eh, görəsən mənim ev-
eşiyim, pal-paltarım, torpağım hansı zalimə qismət oldu? Görəsən qızıl güllərimi 
qırıb tələf eləmədilər ki?.. Paxlalığımda nə əkiblər? Biz kəndə qayıtsaq, ermənilər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə