51
HƏSƏNBƏY AĞAYEV
Odlar yurdu, № 3, fevral 1989.
Həsənbəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Azərbaycanın qədim elm və
mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində anadan olmuşdur. Orta
təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra Hacı Zeynalabdin Tağıyevin
vəsaiti ilə Moskva Universitetinin tibb fakultəsinə daxil olmuş və 1901-ci ildə
həmin ali məktəbi bitirmişdir. Vətənə qayıdan Həsənbəy Ağayev həm həkim kimi
fəaliyyət göstərmiş, həm də ―Molla Nəsrəddin‖ jurnalında açıq və gizli imzalarla
məqalələr yazmışdır.
H.Ağayevin həmin dövrdə Bakıda və Gəncədə çıxan dövrü mətbuatda
çoxlu məqaləsi dərc olunmuşdur. İlk müsəlman – demokrat təşkilatı ―Hümmət‖in
üzvü H.Ağayev bu təşkilatın göstərişi ilə müəllifi məlum olmayan ―Mülk- sinif –
firqə‖ adlı kitabı rus dilindən tərcümə edib, 1906-cı ildə Tiflisdəki ―Qeyrət‖
mətbəəsində çap etdirmişdir. Bu kitab Azərbaycan dilində inqilabi hərəkatla bağlı
ilk əsərlərdən biridir. Elə buna görə də çar höküməti tərəfindən təqibə məruz qalan
tərcüməçi 1906 – 1907-ci illərdə İrana mühacirət etmiş və bir müddət orada
yaşamalı olmuşdur. H.Ağayev 1907-ci ildə keçirilən Qafqaz müsəlman müəllimləri
qurultayı mərkəzi komitəsinin sədri idi.
H.Ağayev bacarıqlı həkim kimi dəyərli tövsiyələr, məqalələr yazmış,
―Tənbəkiyə adət‖ kitabını rus dilindən tərcümə edib, azərbaycanlı oxucuların
sərəncamına vermişdir. O, 1911 – 1912-ci illərdə Gəncədə rus dilində çıxan ―Yujnı
Qafqaz‖ adlı qəzetin redaktoru, Gəncədə müsəlmanlar arasında maarifi yayan
cəmiyyətin sədri idi. H.Ağayevin Gəncədə qadın xeyriyyə cəmiyyəti təşkil etmək
təşəbbüsü ruhanilərin, Gəncə və Bakı mürtəcelərinin kəskin etirazına səbəb
olmuşdur.
Gəncə şəhərində ilk tibb cəmiyyəti 1914-cü ilin axırlarında yaranmışdır.
Şəhərin adı hələ 1804-cü ildən çar höküməti tərəfindən dəyişdirilib Yelizavetpol
adlandırıldığından, cəmiyyət ―Yelizavetpol tibb cəmiyyəti‖ kimi məşhur idi. Çox
təəssük ki, Azərbaycan tibb tarixinə aid kitablarda bu cəmiyyət haqqında indiyədək
heç bir məlumat verilməmişdir. Tiflisdə çap olunmuş illik ―Qafqaz kalendarı‖ nda
(1916-cı il üçün, səh.831) həmin cəmiyyət barədə məlumatlar vardır. Bu
cəmiyyətin baniləri görkəmli ictimai xadim Xudadatbəy Rəfibəyov və Həsənbəy
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
52
Ağayev idi.
1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Həmin ilin mart
ayında Nəsibbəy Yusifbəylinin rəhbərliyi altında yaradılmış ―Türk ədəmi –
mərkəziyyət partiyası‖ Gəncədə fəaliyyətə başladı. Partiyanın banilərindən biri də
Həsənbəy Ağayev idi. Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və onun
tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı.
1917-ci ilin aprel ayında Bakıda çağırılan Qafqaz müsəlmanlarının
qurultatında Azərbaycana muxtariyyət verilməsini qəti tələb edənlərdən biri də
Həsənbəy Ağayev idi. O, həmin ilin mayında Moskvada keçirilən Rusiya
müsəlmanları qurultayının iştirakçısı olmuşdur. Bu qurultaydan sonra iyun ayında
Ə.M.Rəsulzadənin rəhbərlik etdiyi ―Müsəlman demokratik ―Müsavat‖ partiyası ilə
Nəsibbəy Yusifbəylinin başçılıq etdiyi ―Türk ədəmi – mərkəziyyət partiyası‖
birləşdi. Həmin il sentyabrın 26-dan 31-dək Bakıda davam edən birləşmiş
partiyanın qurultayında Həsənbəy Ağayev Mərkəzi Komitənin üzvü seçilmişdir.
Bu qurultaydan sonra ―Azərbaycana muxtariyyət‖ şüarı altında geniş xalq hərəkatı
başlanmışdır.
Həsənbəy Ağayev 1917-ci ilin dekabrında təşkil edilmiş Zaqafqaziya
seyminin üzvü idi. O, 1918-ci ilin mayın 26-da yaranmış Azərbaycan milli şurası
sədrinin müavini seçilmişdir.
Azərbaycan Demokratik Respublikası elan olunandan sonra, 1918-ci ilin
sentyabr ayında H.Ağayev Azərbaycan Dəmir Yolu idarəsinin baş həkimi
vəzifəsində işləmişdir. O, 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış
Azərbaycan parlamenti sədrinin müavini seçilmişdir. Parlamentin sədri Əlimərdan
bəy Topçubaşov Bakıda olmadığı üçün Həsənbəy Ağayev onun vəzifəsini 1920-ci
il fevralın 2-dək icra etmişdir. Bu vəzifədən azad olunan H.Ağayevə bütün
parlament üzvlərinin imzası ilə təşəkkürnamə də verilmişdir.
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Həsənbəy Ağayev
Tiflisə getmişdir. O, həmin il iyulun 19-da düz bir ay əvvəl Fətəlixan Xoyskiyə
qəsd edən muzdlu qatilin gülləsi ilə öldürülmüşdür. O da Xoyski kimi
M.F.Axundovun məzarı yanında dəfn edilmişdir.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları