VəTƏN İŞiqdir


BAĞIŞLAYIN BİZİ YURD YERLƏRİ



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   ...   7   8   9   10   11   12   13   14   15

BAĞIŞLAYIN BİZİ YURD YERLƏRİ 

 

              Bu  toyun  ortasında, çal-çağırın içində  dəli bir hönkürtüylə, boz bayatı deyib ağlamaq 



keçir könlümdən. Boylu-buxunlu, geyimli-kecimli cavanların, lüt-üryan müğənni qızın köntöy 

səsi ilə bağıra-bağıra dediyi “Qarabağ da bizimdir” – sözlərinə atılıb düşmələrinə baxa-baxa için-

için ağlayıram. Qəlbə axan göz yaşı sifətə axan göz yaşından daha acı, daha göynərtili imiş. 

İllərdən bəri doğma nəfəsə, doğma hənirə həsrət yurd yerlərinin adı müğənninin şit dodaqlarında 

çeynəndikcə ürəyim tıncıxırdı. Toydan yarımçıq çıxdım, amma bu səs qulaqlarımda gur-gur 

guruldayırdı: 

 

“Qubadlı da bizimdir, 

Zəngilan da bizimdir, 

Ağdam da bizimdir...” 

 

 Bağışlayın bizi yurd yerləri. Bu boyda dərdi oxuyuruq, oynayırıq, bağışlayın. 



 

“Qarabağ bizimdir” deyirik amma 

İllərdir o yurda dönə bilmirik. 

Gəl indi bu dərdə odlanıb yanma, 

Vallah, elə yannıq sönə bilmirik. 

 

Qəlbində Qarabağ atəşi olan, 

Qardaşlar, bacılar gəlin birləşək. 

Dildə deyilənlər olmasın yalan, 

Bu odda bir yanaq, birlikdə bişək. 

 

Tonqaltək çatılsın ürəklərimiz, 

Məşəli nur saçsın yollarımıza. 

Bir güclə vuruşsun biləklərimiz

Bir yerdə qayıdaq yurdlarımıza. 

 

 



 

                                                       




ŞƏHİDLƏR  XİYABANI 

 

 Hər dəfə yanından ötəndə, adını çəkəndə düşünürəm ki, necə dözürsən bu dağdan ağır 



dərdə. Nələrə  şahidsən, nələrə  şəriksən,  Şəhidlər Xiyabanı. Tumurcuq balaların, qönçə 

cavanların narahat ruhlarına, yaralı canlarına həmdəm olmaq asandırmı? 

 İllərdir “nakam balam, körpə quzum” deyib inləyən, fəryad qoparan anaların ah-

naləsindən sinən dağlanmadımı? 

Soyuq məzar daşlarını yanan sinəsinə  sıxan, qarayaylıqlı, qara bəxtli gəlinlərin ürək 

dağlayan, qəlb yandıran qəmli baxışlarından od tutub yanmadınmı? 

-- Ana, atamı da aparaq,-- deyə inadla analarının ətəyindən dartan, qəbirləri qucaqlayan 

körpələrin sızıltısından bağrın yarılmadımı? 

Xəlvətcə, dörd yanına boylana-boylana gələn, qoynundan bircə  qərənfil çıxarıb qəbir 

üstünə qoyan və bu gülü göz yaşları ilə sulayan nakam gözəllərin naləsindən köksün 

parçalanmadımı? 

Arxa, kömək saydıqları  oğul itkisindən ömrün qürub çağında qəddi  əyilmiş, beli 

bükülmüş ataların dərdi çiyinlərini əymirmi? 

Bütün dərdlərdən ağır sənin dərdindir, bütün ağrılardan acı  sənin ağrındır,  Şəhidlər 

Xiyabanı. Ən böyük qəhrəman elə sən özünsən, Şəhidlər Xiyabanı. 

 

                                                                  




ANA ADI 

 

            Diri-diri  dərisi soyulan, ancaq iradəsindən dönməyən Nəsimilər, bir dəli nərəsiylə 



xanları, bəyləri tir-tir əsdirən Koroğlular, öz ağlı, kamalı ilə dünya fatehliyi iddiasında olan 

hökmdara qalib gələn Nüşabələr hardadır, doğma yurdum? Ey odlar yurdumun bu günkü tarixini 

yazan od övladları, üzümü sizə tuturam. Əsrlərdən bəri qəhrəmanlıq, saflıq, qeyrət, dəyanət 

mücəssəməsi olan xalqımızın tarixinə xələl gəlməyə yol verməyin! Bir xain əlinə əsaə verməyin 

ki, haqqımızda biri beş eləyib ləkəli səhifələr yazsın. Xalqıma şir ürəkli, pəhləvan biləkli oğullar, 

ismətli, kişi qeyrətli qızlar verən, analar! Körpələrinizə ana südü ilə bərabər, Azərbaycan sözünü 

damla-damla içirin, hopdurun qanına Azərbaycan dilinin şirinliyini. Öz laylalarınızda Koroğlu 

hünərini, Babək dəyanətini, Həcər qeyrətini aşılayın balalarınıza. Əgər yurdumuzun övladları öz 

köklərinə bağlı olsalar, ellərini sevsələr, dilini bilsələr və  əzizləsələr, onda basılmaz olar 

Azərbaycanım! Sevdiyin bir şeyi heç kəs səndən ala bilməz, sevmədiyin şeyi özün də verərsən.               

Mən üç körpə oğul anası kimi and içirəm! Balalarımın sinəsində Azərbaycan adlı elə bir ocaq 

qalayacağam ki, odu-atəşi ilə tariximizin gələcək səhifələrini işıqlandırsın! Axı, yurdumun 

gələcəyi indiki körpələrimizdən asılıdır. 

 

                                                                




O GECƏ 

 

              Dünyanın axırıydı o gecə. Yerlə göy qovuşmuşdu elə bil. Evlərdən kişilər getmişdi. 



Bakımın küçələrində tunc qanadlı, polad sinəli şahinlərim alınmaz qalaya çevrilmişdi. Qadınlar 

eyvanlardan, pəncərələrdən qaranlıq, dəhşətli gecəyə boylanırdı. Səhərəcən qayıtmadı kişilər, 

səhərəcən dincəlmədi, sızıldadı qadınlar. Güllə səslərindən, tank gurultusundan yatmadı şəhər o 

gecə. Dərddən beli əyildi, rəngi bozardı, külə döndü Bakımın o gecə. Güllə  səsləri diddi, 

parçaladı ərlərini, oğullarını gözləyən qadınların sinəsini. 

              Dəhşətli,  əzablı faciələr doğulurdu o gecə. O gecəni yaşayanların saçları  ağardı bircə 

anda. Nalə, fəryad göyləri dəlib, diddi o gecə. “Ana”, “ana” deyən dodaqların harayı gecəni 

dəhşətli qaranlığında əriyirdi, çatmırdı analara. Hardasa bir ana yatağına qor dolmuşdu, hardasa 

bir ana əli qoynunda, boynu çiynində, ürəyi səksəkədə küçə qapısında bitmişdi sərv kimi. İlk 

günlərə açılanda, şahinlərim vurulanda, hardasa, hardasa bütün analar diksindi, ürəkləri alışdı o 

gecə. Görəsən bu qanı kim yuyacaq, dağlanmış sinələrə kim məlhəm qoyacaq, günahsız 

körpələri kim ovudacaq, ilahi? 

 

                                                               




Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə