The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
12 
 
Xülasə. İndi İmranbəy, eksperimentlər ustası, həkimi, loğmanı gəlmişdi və axşam 
məni görüşə çağırırdı. O, qulağıma elə bir söz demişdi ki, ağlım az qala çaşmışdı, 
keçmiş sinif yoldaşımın dəli olduğuna şəkk-şübhəm qalmamışdı. Amma həm də 
maraqlı bir söz söyləmişdi və həmin maraq məni istər-istəməz «Azneft»in tuşuna, 
bulvara aparıb çıxarmalıydı.  
Bakının ortasında, 21-ci əsrin təzə-təzə tüğyan elədiyi bir zamanda hominidin 
hansısa bir zirzəmidə gizlənməsi ağlabatan deyildi, amma İmranbəy bunu elə 
inamla dedi ki, onun sözlərinin doğruluğuna şübhə eləmək düz olmazdı. Hər halda, 
keçmiş sinif yoldaşımıydı, kəndçimiydi. Ona görə də İmranbəyə inandım. 
Danışığındakı dəlilik əlamətlərini isə qulaqardına vurdum. Bəlkə ona görə ki, 
macəralar sorağındaydım, ona ac idim və mənəvi mədəmi doldurmaq 
fikrindəydim, axtarışdaydım.  
O, qulağıma qısaca bu sözləri demişdi: «Mən bəşəriyyətin atasını gizlətmişəm. 
İnanmırsansa, axşam bulvara gəl, Azneftin tuşuna. Azıxantropu - Azıxadamı gör!» 
Bəşəriyyətin atasını ha, anasını yox. Hamı ana sorağındadı, bu da ata axtarır. 
Əlbəttə, mən ona inanmaya bilərdim, uşaqlıqda sinif yoldaşım olmuş, indisə 
məcnun qiyafəsində gəzən bir insandan hər şey gözələmək olardı. Bəlkə mən özüm 
də bir qədər dəliləşmişdim, İmranbəylə bir kəndin bulağından su içməyim, bir 
kəndin torpağında gəzməyim, havasını udmağım da bu məsələdə az rol oynamırdı.  
Azıxadam İmranbəyin ağlına hardan girmişdi? Bəlkə hələ də uşaqlıq xatirəsilə 
yaşayır?  
Azıx mağarası kəndimizin yaxınlağındaydı. Bizi ora buraxmırdılar. Mağaranın 
ərazisi dəmir torla çəpərlənmişdi. Amma o çəpərin bəzi yerləri bizim ayağımızın 
altında əzilib getmiş, yola çevrilmişdi. Biz tez-tez quzularımızı ora otarmağa 
aparırdıq. Çəpərlənmiş ərazidə ot çox olduğundan quzuları ora buraxırdıq. Ata-
analarımız sovet sədrinin şikayətlərini qulaqardına vururdular. Onlar hardan 
biləydilər ki, «bəşəriyyətin atasının olduğu yeri» bu qədər urvatsız eləmək olmaz.  
Hərdən gözdən oğurlanıb, mağaraya girirdik, oranı ələk-vələk edirdik, amma 
suxurlardan, daş parçalarından və sür-sümükdən başqa heç nə tapmırdıq. 
Mağaradan rütubət iyi gəlirdi. Evdə bizi qorxuzurdular ki, mağaraya girməyək, 
orda şər ruhlar var və o şər ruhlar uçan ilanların qəlbindədir, uçan ilanlar da 
mağaradadır. Amma bilirdik ki, «uçan ilanlar» deyəndə yarasaları nəzərdə tuturlar. 
Biz yarasalarla dostlaşmışdıq, hətta onları tutub çölə də çıxardır, qanadlarını rezin 
kimi dartıb uzadandan sonra göyə buraxırdıq, amma onlar dövrə vurmamış geri 
qayıdır və mağarada öz fəxri yerlərini tuturdular. Gizlənpaç oynayanda yarasaların 
qıpqırmızı gözlərini gözlərimizdə hiss edirdik. Onlar xırda, məsum gözlərilə bizə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
13 
 
baxırdılar, yəqin ki, bizi yaxşı görürdülər, amma bizi ələ verməmək üçün səslərini 
çıxarmırdılar. 
 
Biz mağaranın bəri başında oynayırdıq. O biri başa heç kim getmirdi. Ora bizim 
üçün qorxulu və sirliydi. 
Turist dəstəsi gələndə əsl kef olurdu. Onlar bizə şirni və saqqız bağışlayırdılar. 
Hamımız Azığın tarixini əzbər bilirdik. İlk insanın Azıxda olmasıyla fəxr edirdik
hərdən isə onun özünü axtarırdıq, çoxumuzun qəlbində böyük kəşflər yer eləmişdi, 
şübhəsiz, bu daha çox Azıxantropla bağlıydı. Amma heç kim bu bədheybət
dombaalın məxluqu özünün ulu babası kimi qəbul eləmirdi. Kəsəsi, Azıxantrop 
bir-birimizi ələ salmaq alətiydi. 
İndi İmranbəy gəlmişdi, uşaqlıq xatirələrini də özüylə gətirmişdi. Ürəyimin 
dərinliyində onun gəlişinə sevinirdim də. Amma bu səfil vəziyyətinə acıyırdım, 
hərdən isə acıqlanırdım. 
İş yerində rahat otura bilmirdim, tez-tez durub otaqda gəzişir, arakəsmələrdən 
həmkarlarıma baxırdım. Onlar yerlərində tez-tez qurcalanır, burunlarını silir, 
saçlarını darayırdılar, mənim kimi darıxırdılar. Onlara bir müddət baxandan və 
hərəkətlərindən bezəndən sonra iri pəncərənin yanına gəldim və çölə baxdım. 
Pəncərədən çölə adi cansıxıcı və tutqun bir mənzərə açılırdı. Ora-bura qaçışan 
adamların arasında İmranbəyə oxşarlarını axtardım, amma eləsi gözə dəymirdi. 
«Eh, İmranbəy, gör nə günə qalmısan? O boyda axundun nəvəsi, Amerika kimi bir 
ölkənin alimi...» Bu sualları özüm-özümə verirdim, özüm də elə özümdən 
şübhələnirdim. Bəlkə, İmranbəy Amerikaya-zada getməyibmiş, hardasa gizlənib, 
dünyanın axar-baxarına fikir verirmiş, gələcəyinə göz dikən ata-anasının xətrinə 
dəymək, ümidlərini boşa çıxarmaq istəmirmiş? Hə, suallar konkret, cavablar isə 
mücərrəd... Amma nə olur-olsun, mən onu tanımışdım, ən azı «qırışmal» sözünə 
görə. İmranbəy demiş, ekzellənt... 
Nəhayət, iş qurtardı. Müdir gedən kimi, mən də aradan çıxdım, qaranlığın 
düşməsini gözləmədən bulvara gəldim və «Azneft»də dalğalanan üçrəngli bayrağa 
tərəf irəlilədim. O vaxt hələ dünyanın ən böyük bayrağı yoxuydu, «Bayraq 
meydanı» da tikilməmişdi.  
Payıza doğru gedirdik, havanın heyva qoxuyan vaxtıydı. Həyətimizdəki sapsarı 
heyvalar yadıma düşürdü. Sahil sularındakı çirkabla bu qoxu tərs-mütənasib idi. 
Moskvadan gəlmiş uşaqlıq dostumun balaca qızı demiş, sahil suları «kaka»larla 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
14 
 
doluydu... Amma heyva qoxusu vardı, hərdən burnumun pərlərini qıdıqlayırdı. Sən 
demə, heyva iyi lap uzaqdan -İmranbəyin komasından gəlirmiş... 
Küçədə qəribə aura vardı. Kövrək ovqatla romantik ab-hava bir-birinə qarışmışdı. 
İmranbəy sınıq-salxaq qiyafəsiylə və bu romantikliyə uyğun halda, sanki rəqs edə-
edə qarşımda dayanmışdı. Mənə elə gəldi ki, o, illərdir, burada dayanır, burada 
yaşayır və məni gözləyir. Özü də niyə? Çox vacib bir xəbəri demək üçün. Azıx 
adamı görmək zarafatdır?! Ay hay! Siz bir onu görəydiniz. Elə bil, bütün 
bəşəriyyəti ona vermişdilər, çünki bəşəriyyətin atasını o tapmışdı və dədə malı 
kimi ona yiyələnməliydi... Kafirə min şükür... 
Bulvarda qaçışan cocuqların səsi qağayıların çığırtısını üstələyirdi.  
Külək qürur mənbəyimiz olan üçrəngli bayrağımızı yellədirdi, bayraq, sanki bu 
auraya çəpik çalırdı: şap... şappp... şappp...  
İmranbəy də məni görən kimi «şapp» elədi: həm əliylə, həm də ağzıyla...  
 
* * * 
 
- Pulun varsa, bir maşın tut gedək, yoxsa düş dalıma, piyada yürüyək, məni 
metroya buraxmırlar, avtobusda da dəli kimi baxırlar, - İmranbəy təmtəraqlı 
qarşılanma «mərasimindən» sonra astaca qulağıma pıçıldadı və uşaq kimi sevindi, 
- mənə dəli kimi baxırlar, - hırıldadı, - dəli kimi! 
- Maşınla gedək, - dedim və sarı bir taksi tutub Qaraçuxur istiqamətinə yollandıq.  
İmranbəy yolboyu bir kəlmə də danışmadı. Yalnız tıxaca düşəndə və maşınlar 
siqnallayanda qulaqlarını tutub dodağının altında nəsə deyirdi, söyürdü, yəqin yol 
qayırana da, maşın icad edənə də... 
Qaraçuxurun çıxacağında taksidən düşdük və neft quyularına tərəf irəlilədik. Düzü, 
əvvəlcə qorxdum, çünki biz yaşayış olan yerlərin əksinə gedirdik. Qaranlıqda isə 
dəlidən hər şey gözləmək olardı, amma geri qayıtmağa da ayıb eləyirdim. 
Yerimirdim, sanki sürünürdüm. İmranbəy mənim tərəddüdlərimi başa düşdü və 
gülərək: 
- Deyəsən, qorxursan, ay özündən deyən Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının 
nəvəsi!? 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə