TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ


Ey Füzuli, şam-ğəm əncamına yoxdur ümid



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

Ey Füzuli, şam-ğəm əncamına yoxdur ümid
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
Bəlkə bu sözlər də Təhminənin bütün başqa sözləri kimi saxtakarlıq, riya, yalan
idi... Kim bilir... Zaur ekranda Təhminənin gözlərinin lap dibinə, dərinliyinə
baxmaq istəyirdi, bəlkə həqiqət orada, ən gizli, ən uzaq bir dərinlikdə gizlənib,
amma bu dəm yox oldu Təhminə. Ekran boşaldı və Təhminədən ağ-mavi bir
boşluq qaldı, sonra o da qaraldı, tündləşdi, işıldayan bir nöqtəyə çevrildi, sonra o
nöqtə də qeyb oldu.
Hardansa Zaurun başına qəribə bir fikir gəldi: durub düşsün, maşınına minsin,
getsin telestudiy-anın qabağına, qarşılasın Təhminəni. Necə də sevinərdi
Təhminə, bəlkə də bu yalançı sevinc idi, amma hər halda yalanmı, doğrumu bu
sevinc, bu gözlənilməz, qəfil sevinc Təhminənin bütün varlığını çıraq kimi
işıqlandırardı və bu çırağın şöləsində, istisində Zaur özü də qızınardı, yalan da
olsa, doğru da – bu işıq, bu isti, bu sevinc... Bax bu saatca maşına minib getmək,
telestudiyanın qabağına çatmaq və – xoş gördük, Təhminə, – demək.
Bundan asan nə var dünyada? Amma Zaur bilirdi ki, bundan mümkünsüz bir iş
də yoxdur dünyada onunçün. Bu asan iş dünyada ən müşkül iş idi.
Durub televizoru keçirdi...


ON ALTINCI FƏSİL
Əgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,
Və gör şərhi-qəmi-pünhanım etsəm qəmküsarım yox.
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Zivər xanım:
— Gözlərinin qadasını alım, Zaur, — dedi. — Olan-olub, keçən-keçib, barış
Spartakla... Day qohum olubsuz da — Murtuzgilin qapılarının ağzına
çatmışdılar. Zaurun qucağında iri bir tort vardı: Zivər xanım gecə hazırlamışdı
onu. Professorun əlində də iri gül dəstəsi vardı.
Zaur anasına cavab vermədi və Zivər xanım sözünə davam etdi:
— Mənə Alya danışıb, deyir, guya haradasa dalaşıbsız Spartakla.
Zaur:
— Niyə dalaşmışıq, — dedi. — Vur-tut bircə dəfə yumruq ilişdirmişəm
çənəsindən, vəssalam.
— Yaxşı, indi keçmiş olsun bütün bunlar gərək...
Qapını açdılar Alya xanım:
— Xoş gəlmisiniz, xoş gəlmisiniz, — dedi.
Dəhlizə keçdilər. Zaur tortu asılqanın yanındakı kətilin üstünə qoydu, atasıyla bir
yerdə otağa keçdilər. Zivər xanım isə qadınların yanına, mətbəxə keçdi. Otaqda,
üstü bəzənmiş masanın yanında, oynayırdı. Stolun başına Murtuzun polkovnik
pencəyi asılmışdı, pencəyin yaxası orden-medallarla dolu idi. Nemət nərd kimi
qalxdılar, əl verdilər. Murtuz Zaurun kürəyindən burub:
— Hə, qoçaq, — dedi.


Cabbar:
— Buyurun, əyləşin, professor, — dedi.
Murtuz Cabbara baxıb:
— Bu saat bunun dərsini verim, — dedi. Nemət isə Zaurdan təzə işi barəsində
soruşurdu.
Masanın üstündə quş südündən başqa hər şey vardı. Lap o kababxana müdiri
Nadirin sözü olmasın, — ilin bu vaxtında təzə xiyar, pomidor. Qədim alman
servizlərinin içində növbənöv salatlar vardı, rəngbərəng içkilər zəhmli ağır
büllur qrafinlərə süzülmüşdü.
— Buyurun görək, — Alya xanım hamını masanın başına dəvət elədi... Stolun
başında Murtuzla Məcid əyləşdilər, onlardan sol əldə Zivər xanım, Cabbar və
Nemət... Sağdan Zaur oturdu və onun yanındakı stulu boş saxladılar. — Bir
azdan Alya Firəngizi otağa gətirdi. Firəngiz qıpqırmızı qızarmışdı və dümağ
paltarı yanağının çəhrayı, saçlarının, göz-qaşının zil qara rənglərini daha da
parlaq göstərirdi. Saçları yoğun hörüklər şəklində hörülmüşdür. Gözlərini
qaldırmadan hamıyla salamlaşdı... Zaur ayağa durdu, Firəngizi yanındakı boş
stola otuzdurdu... Sürəyya, Tahirə və Alya stolun aşağı başında əyləşdilər.
Onların yanında üç qız, bir nəfər oğlan uşağı da var idi — Sürəyyanin qızları və
Tahirənin oğlu. Alyanın Sürəyyanın və Tahirənin anaları Bikə xala gəldi otağa.
Zaurla Firəngizi öpdü, dedi ki, ömründə ən şad günüdür bu gün, sonra üzr istəyib
mətbəxə getdi, plovu o bişirirdi.
Murtuz:
— Bəs Spartak hanı? — deyə soruşdu və Alya cavab verdi ki, indi
gələr... — Zaurla Firəngizin sağlığına, valideynlərin sağlığına, qohumlarının
sağlığına içirdilər. Zaur Spartakın otağa daxil olduğuna diqqət verdi. Spartakın
baxışlarında bir nigarançılıq sezdi... Amma Zaur Spartaka baxıb gülümsündü və
Spartakın gözlərindəki nigarançılıq həmişəki sitizə ifadəylə əvəz olundu, gəlib
saymazyana Zaura əl uzatdı, görüşdülər...
Murtuz artıq bir balaca dəm idi, növbəti sağlığı demək üçün ayağa qalxmışdı.
Murtuzovlar ailəsinin sağlığına Məcidin qaldırdığı badə istisna olunsa, bütün
sağlıqları Murtuz özü deyirdi.
— Bu gün, bu gözəl nemətlər düzülmüş stolun başında ən yaxın qohumlarımız


yığışıb və çox xoş, gözəl bir münasibətə görə yığışmışıq, — dedi Murtuz
Balayeviç. — Adə, Spartak, bokalıva içki tök görək. Amma bax, içib
keflənməyəsən ha, sən haramzadanı yaxşı tanıyıram mən. Vurmağa başlayanda
açarıvı itirirsən.
Spartak:
— Ay papa, — dedi, — bu sözləri özüvə de də.
Hamı gülüşdü və Alya xanım məzəmmətlə Murtuza baxdı:
— Düz deyir də, — dedi, — sən də özünü saxla bir balaca, ürəyin yadından
çıxıb?
Murtuzun kefi ala buludda idi, odur ki, arvadıyla oğlunun məzəmmətinə başqa
vaxt hirsləndiyi təkin hirslənmədi, heç eyninə də almadı bu sözləri:
— Mənim hər şey yadımdadır, — dedi. Sonra kefli adamın “mənalı” inadıyla bir
də təkrar etdi: — hər şey yadımdadır mənim... Qulaq asın, görün nə deyirəm...
Bizim cavanların sağlığına içdik, onların gələcək təmiz, gözəl ailələrinin
sağlığına içdik. Amma mən demək istəyirəm ki, — üzünü Zaura tutdu, — ailə
qurana qədər, evlənənə qədər nə olubsa, kişi gərək evinin qapısından eşikdə
qoysun hər şeyi. Nə olub, olub, madam ki, evlənibsən, zəhmət çək, day şuluqluq
eləmə, ailə gərək möhkəm, sağlam olsun.
Hamı özünü bir qədər naqolay hiss elədi, polkovnikin eyhamları lap düzünəqulu
idi, amma bu sözləri təkzib etməklə, ya onlara bir şey əlavə etməklə məsələni
daha da ağartmaq olmazdı... Gərgin bir sükut çökdü. Yalnız professor arabir
öskürür, boğazını arıtlayırdı.
Bütün bu sözlərə, bütün bu vaqiələrə tam bir biganəlik hissi – bu hiss axır bir
neçə gün idi ki, Zaurun bütün varlığına hakim kəsilmiş yeganə duyğu idi – Zauru
qoruyurdu. Hər cür mənfi emosiyalardan, hər növ qanqaraltısından mühafizə
edirdi. İndi Murtuzun danışdıqlarını da sifətinin ehtiram dolu ifadəsiylə və
daxilində səslənən rişxəndli gülüşlərlə qavrayırdı. Murtuzun söhbətləri bu
ziyafətin lap əvvəlindən, yox əslində bundan da qabaq, elçilik məsələsi
bağlayandan bəri polkovnikin fikirlərində dolaşırdı və indi erməni konyakının
təsiriylə ürəyinin içindəkilər dilinin ucundan tökülürdü.
İçdikcə Murtuzun fikirləri bu səmtə daha da müəyyənləşirdi və görünür, düyünü
indi biryolluq açmaq istəyirdi...


— Cavanlıqda hansımızın başına belə-belə şeylər gəlməyib axı, hə? — O,
Məcidə göz vurdu, professor lap özünü itirdi, — yox, bir söz demirəm, bu da
lazımdır, cavan oğlançün bu vacibdir də, hətta... Necə deyərlər, həyatın gərək bir
kef-damağını görəsən, hərif olmayasan, inkişaf üçün də lazımdır bu, lap elə
sağlamlıq, səhhət cəhətincə də... Təbabət də təsdiq edir bunu... Amma... burada
bir şey var... nə iş? Gərək ailə qarşısında, cəmiyyət qarşısında borcunu da heç
vaxt yaddan çıxarmayasa...
Murtuz sözlərinin dalını pıçıltıyla, tək bir Məcidə danışırdı, amma Zaur hər
kəlməni bircə-bircə eşidirdi:
— Yadımdadır, mənim bir Zoykam vardı (Alyanın qulaqlarından iraq), arvad
deyildi, vallah, od parçasıydı köpəyin qızı... Cavan sütül uşaqdım o vaxt, az qala
ilişmişdim, bu Murtuz ölsün. Y-amanca tov-lamışdı məni, vallah, indi heç özüm
də inana bilmirəm ki, necə olmuşdu, almaq istəyirdim hətta onu... Amma indiki
cavanlar, maşallah, bizlərdən çox-çox ayıqdırlar... Kefini-damağını da çəkirlər,
amma day bizim kimi tələyə düşsünlər, gözləri tutulsun, xeyr, əstəğfürullah,
hərif-zad deyillər... Bax elə götür bizim bu Spartakı, mənim oğlumdur, amma
belə-belə işlərdə səni də, məni də, yüz nəfər yaşlı, təcrübəli kişini də cibinə
qoyar. Dünyanın hər üzünə bələddir, arvad məsələsində də tükü tükdən seçir,
zalım oğlu.
Sonra nədənsə Murtuzun fikri Spartakla Zaurun münasibətləri məsələsinə ilişib
qaldı, uzun-uzadı sorğu-suala başladı ki, axı nə olub aranızda, bir deyin görək.
Spartak da Zaur da bir ağızdan:
— Əşi, heç nə, heç bir şey olmayıb, — deyirdilər.
Murtuz da əl çəkmirdi, axırı:
— Yaxşı, indi ki, deyirsiniz heç bir şey olmayıb, onda durun öpüşün, — dedi.
Zaur başa düşdü ki, bundan da keçməlidir. Keçmişlə birdəfəlik vidalaşdığını,
keçmişdə qalanları birdəfəlik ömründən qoparıb atdığını öz-özünə isbat
etməkçün bu sınaqdan da keçməlidir. Salfet götürüb plovun yağına batmış
dodaqlarını sildi, Spartak — da ona baxıb yağlı dodaqlarını sildi, öpüşdülər. O
gün yolda olduğu kimi indi də Spartakdan odekolon ətri gəlirdi.
Çay gətirdilər, cürbəcür tortlar, pirojnalar, meyvələr gəldi süfrəyə, Murtuz indi
də cəbhə xatirələrini danışırdı və birdən Zaur öz sifətinə zillənmiş zənli, kədərli


baxışları duydu. Nemətin baxışları idi, bu həsrət dolu baxışlar... Onların gözləri
toqquşdu və Zaur bildi ki, bütün burada iştirak edənlərdən yalnız tək bir Nemət
hər şeyi və o cümlədən Zaurun halını həqiqi mənasında, olduğu kimi başa düşür.
Hər şeyi, hər şeyi başa düşür. Zaurun halını da, Zaurun qərarını da, bu qərara
gəlməyə onu vadar edən səbəbləri də və gələcəkdə onu, Zauru gözləyən
nəticələri də.
* * *
— Sağ olun, sağ olun...
— Sən Allah, gəlin də, xüsusi dəvət gözləməyin.
— Uzaqda oluruq da, pilləkənin o biri başında, ha, ha, ha...
— Day demə...
— Bıy, yağış yağır ki...
— Zaur aparar sizi maşınla.
— Spartak da apara bilər.
— Yox, Spartak çox içib.
— Əşi nə içmişəm, boşlayın görək. Bu saat qonaqları Zaurla ikimiz evlərinə
aparacağıq. Görək kimin maşını tez gedər.
— Zaur, oğlum, sabah bir bizə dəy.
— Baş üstə, Alya xanım.
— Professor, nərddə sizə borcum qaldı ha.
— Yaxşı, salamat qalın, day girin içəri, yağışda islanarsız, hələlik.
— Nə yaman qaranlıqdır, bir kibrit çəksənə.
— Bu saat maşını çıxarım.
— Mən də çıxardıram, bircə dəqiqə gözləyin.
— Zaur, tez qayıt ha.
— Spartak, yubanma ha.


* * *
Diksinib oyandı, tez qol saatına baxdı, düz səhər saat altı idi. Mat qaldı Zaur,
bəlkə yuxuda eşidib bu səsi, amma telefon ikinci dəfə zəng çaldı. Əlini uzadıb
çarpayısının yanındakı dəstəyi qaldırdı, yuxulu səslə:
— Alo, — dedi.
Telefon susmuşdu. Zaur dəstəyi yerinə qoymaq istəyirdi ki, musiqi səsi eşitdi.
Əvvəlcə uzaqdan gəlirdi — bu səs, sonra elə bil xəttin o başındakı telefon
dəstəyini səsə yaxınlaşdırdılar və Zaur “Küçələrə su səpmişəm” mahnısını eşitdi.
Dinlədikcə yavaş-yavaş yuxudan ayılırdı, bu qəribə erkən konsertə
təəccüblənirdi. Birdən-birə başa düşdü:
— Alo, kimdir? — dedi, amma mahnı bitdi və dəstəyi asdılar...
Və o zaman Zaur hər şeyi başa düşdü. Bildi ki, kimdir zəng eləyən, bildi ki,
səhər saat altıdır, zəng vuran belə ertədən durmayıb, yox, yatmayıb bu gecəni,
musiqiylə, konyakla, həsrətlə, onun – Zaurun həsrətiylə dopdolu bu gecəni
yatmayıb, gözünü də qırpmayıb.
İndi Zaur özü yığdı nömrəni, gümanın tam doğruluğuna inanmaq üçün. Dəstəyi
dərhal qaldırdı, amma susmuşdu — Təhminə, Zaur da danışmırdı. Telefonda
başqa bir mahnı səsləndi: “Ay bəri bax, bəri bax...”

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə