TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   19   20   21   22   23   24   25   26   27
Anar - Təhminə və Zaur @kitabchi

Araz üstə, buz üstə,
Kabab yanar köz üstə.
Qoy məni öldürsünlər,
Bir alagöz qız üstə...
Mahnı qurtardı. Dəstək asıldı...
ON YEDDİNCİ FƏSİL
Vəfa hər kimsədən kim istədim ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Mənə göstərdi gördün, tirə bəxtim kövkəbin yüz gəz,
Məni – bədbəxt ona hərgah kim, baxdım qara gördüm.
İstanbul duman içində... Yuxu kimi birdən-birə açıldı duman içindən İstanbulun
minarələri, qülləli, qübbəli məscidləri... səhərin bu erkən çağı duman Bosforun
üstünə alıb çəhrayı üfüqəcən sərilirdi.
Bu gecəni yatmamışdı Zaur. İndi də gəminin göyərtəsində dayanıb ilk dəfə
gördüyü şəhərin səhər oyanışını seyr edirdi. Dəniz elə bil ağır-tunc dalğalarıyla
özü öz səthini hamarlayır, ütüləyirdi, şəhər, limandakı gəmilərin siluetləri,
binaların konturları görünməz sarı-çəhrayı projektorun şüalarıyla işıqlandırılmış
dekorları xatırladırdı – projektorun özü – günəş də ağır-ağır üfüq xəttinin
dalından yüksəklərə dartılır, dığırlanırdı.


Günəşin şüaları onların gəmilərinin göyərtəsindəki gecə çıraqlarını da
işıqlandırırdı və gecənin qaranlığında belə parlaq işıldayan bu çıraqlar, indi gün
işığında sanki solub-soluxmuşdular. Gəmiləri yavaş-yavaş İstanbul limanının
körpüsünə yan alırdı və biraylıq səyahətlərinin son dayanacağı idi bu şəhər.
* * *
Gəmidə Firəngizin ürəyi bulandı, qusdu, sonra gecə kayutda – gəmiləri artıq
İstanbuldan ayrılıb Odessaya yollanırdı – Firəngiz dedi ki, deyəsən, hamilədir.
Odessaya düşən kimi Zaur təyyarəyə bilet aldı. Murtuzgilə və atasıgilə teleqram
vurdu ki, qarşılasınlar. Təyyarə Simferopolda yerə enib qalxdı və Bakıya
yollandı.
* * *
Təyyarədən düşüb qarşılayanlarla görüşən təkin Zaur başa düşdü ki, nə isə bir iş
var burda. Amma məsələ nədə idi, bunu başa düşə bilmirdi... Onları
qarşılayanlar – Zivər xanım, Firəngizin atası və anası, Spartak, Spartakın bir
dostu – Zaur onu üzdən tanısa da, adını unutmuşdu – gülümsünə-gülümsünə
Zaurgilə əl edirdilər, amma Zaur uzaqdan belə gördü ki, anası Murtuzovgildən
— aralı — dayanıb. Murtuzovlarla öpüşüb, görüşüb (onlar daha yaxın
dayanmışdılar) anasının yanına gələndə Zaur anasının gözlərindən nə isə oxudu
– inciklik, narazılıq vardı bu baxışlarda. Zivər xanım Zaurla soyuq görüşdü,
gəliniylə ondan da soyuq görüşdü.
— Atan gələ bilmədi, — dedi və əlavə etdi: — Mən sənin maşınınla gəlmişəm,
onda da gedəcəm. Özün sür, yaxşı? — Zaur başını tərpətdi. — Baqajı al, gəl
maşına.
Zivər xanım keçib Zaurun “Volqa”sında qabaq yerdə əyləşdi.
Zaur bildi ki, onun maşınını bura Spartakın dostu sürüb gətirib və bu da təsadüfi
deyil. Zivər xanım Murtuzovların maşınında, Murtuzovlarla bir yerdə gəlmək
istəməyib və ümumiyyətlə, bu bir ayda iki ailənin arasında nə isə olub.
Alya xanım Firəngizi səyahətləri haqqında sorğu-suala tutmuşdu. Murtuz ətrafı
şəstlə seyr edirdi. Spartakla dostu isə, nə isə, qeyri-adi bir tərzdə gah Zaura, gah
Firaya, gah da Zivər xanıma baxırdılar.
Alya xanımla Firəngiz qırağa çəkilib pıçıldaşmağa başladılar. Firəngizin


pörtməsindən Zaur başa düşdü ki, hamilə olduğunu deyir anasına. Alya xanımın
məmnun təbəssümündən bu xəbərin ona nə qədər ləzzət etdiyi də aydın olurdu...
Yüklərini gətirdilər, Spartakla dostu kömək elədilər Zaura, beş iri çamadanı
maşınlarda yerbəyer elədilər.
Alya xanım:
— Fira bizim maşında gedər, — dedi və Murtuzovların hamısı Spartakın çəhrayı
“Volqa”sına tərəf getdi. Spartakın dostu da onlarla mindi maşına.
Zaur öz maşınının sükanı dalına keçdi. Bir müddət motoru qızdırdı, sonra
çəhrayı “Volqa”nın ardınca sürdü... həmin o yola çıxdılar. Həmin o yola ki, bir
neçə ay bundan qabaq bu yolla Zaur çəhrayı “Volqa”nı qovurdu... Amma Zaur
həyatın qəribə dolanbacları haqqında düşünməyə macal tapmadı, Zivər xanım
açıldı, nə açıldı...
Hər şey məhz Zaurun düşündüyü kimiydi, Zivər xanım deyirdi ki, adamları
tanımaq olmurmuş, neçə ilin qonşusudurlar, həmişə də Murtuzovları abırlı adam
bilib, amma sən demə Alya şeytana papış tikənlərdən imiş. Özü də, əri də
özlərindən elə müştəbehdirlər ki, elə bil alçaq dağları bunlar yaradıblar.
Qızlarının da tayı-bərabəri yoxmuş onların gözündə, göydən qızıl zənbildə
düşübmüş, bilməmişik... Hələ bütün bunlar dərdin yarısıymış, sən bir görəydin
ki, o julik Spartakı necə tərifləyib göyün yeddi qatına qaldırır Alya xanım.
“Spartak belə, Spartak elə”, dilindən düşmür arvadın Spartak. Arvadın
həyasızlığına bax ki, düz Zivər xanımın gözünün içinə şappadan deyib ki, sən
nahaq Spartakla Zauru tən tutursan. Spartak hara, Zaur hara. Spartak müstəqil
kişidir, bir evin dayağıdır, Zaur isə heç öz ailəsini əməlli-başlı saxlaya bilməz
özbaşına qalsa... Day mən də bu yerdə partladım, nə partladım. Nə olub, dedim,
bəlkəm Zaur qapıva gəlib, səndən kömək-zad istəyib, — ölüb-eləyib. — Zaurun
atası-anası ki, sizlərə möhtac olsun... Zaurun, deyirəm, maşallah, dalında dağ
kimi dədəsi var... İndi gör bu ləçər qızı mənə nə cavab verir, – dədəsi, deyir,
həmişə olmayacaq ki. – Bəs sənin ərin necə, dedim, qurdla qiyamətə qalacaq?
Hamımızın axırı bu qara torpaqdadır da, sən nə baxırsan ki, Zaurun atası
xəstədir, heç kim bilmir ki, əcəl onu haçan və harada yaxalayacaq, görürsən
bığıburma cavan yıxılıb ölür birdən, amma yaşlı, xəstə adam lap qoca yaşına
kimi yaşayır. Bir də deyirəm, həkimlər deyib ki, professor yüz yaşı da sapsağlam
başa vuracaq. Özüm qəsdən həmişə Alyayla danışanda atana professor deyirəm,
qoy o polkovnik ərini çox gözümüzə soxmasın.


Zaur bütün bu ehtiraslara tamam biganəliklə yanaşırdı. Bilirdi ki, bütün ömrü bu
dedi-qoduların içində keçəsidir indən belə. Bilirdi, qabaqcadan bilirdi ki, hər şey
məhz elə belə də olmalıdır, odur ki, indi nə təəccüblənir, nə hirslənirdi. Əlbəttə,
doğma şəhərə qayıdışlarının ilk dəqiqələrindən kefinə soğan doğramaq –
anasının xasiyyətinə, təbiətinə uyğun idi. Amma bu qayıdışın, bu dönüşün özü
belə sevincli, belə fərəhli idimi Zaurçun?
Maraqlandığı üçün yox, nəzakət naminə soruşdu:
— Axı bütün bu qalmaqal nədən başlayıb?
— Əşi, heç nə... Evinizin açarını Alyaya vermişdiniz. Nə deyirəm, öz işinizdir,
yəqin elə məsləhət bilibsiz — ev sizin, ixtiyar sizin. Mən axmaq da fikir elədim
ki, bəlkə bir kömək lazımdır, yır-yığış eləmək lazımdır evdə, yəqin toz basıb
da... Zəng elədim belə kamal-ədəblə dedim — ki, Alya xanım, bəlkə onlar
gələnə gedək bir evi yığışdıraq, künc-bucağı silək-süpürək, səliqəyə salaq?! Y-
adımdadır axı elə siz getməmişdən də ev tör-töküntü idi... Di, partlamadı Alya
xanım... Sən demə, şəstinə dəyibmiş xanımın: nə demək istəyirsən, deyir, tör-
töküntü niyə olur. Firanın evi?.. Nədir, baxmır, deyirsən, evə?.. Nədir, deyir, neçə
il onu naz-nemət içində böyütmüşük ki, sizin qulluqçunuz olsun? — Zivər xanım
Alyanın zəhərli tonunu yamsılamağa çalışır, öz replikalarını isə həlim, yumşaq
tonla tələffüz edirdi — yox, bacım, deyirəm, belə sözləri niyə gətirirsən dilinə,
qulluqçu, qaravaş-zad nədir, intəhası, cavandır da, hər şeyi get-gedə öyrənəcək.
Hələlik biz, deyirəm, onlardan böyüyük, təcrübəliyik, gərək qollarından tutaq,
kömək eyləyək, gedək bir yır-yığış eyləyək, nə olacaq, xançalımızın qaşı düşməz
ki. Bəlkəm mənim də bir köməyim dəydi. Yox, deyir, heç bir kömək-zad lazım
deyil, — mən, deyir, bacılarımla gedib hər şeyi öz qaydasına salaram onlar
gələnə... Bacılarını da tanıyırsan da... Biri o atmaralıdır — Tahirə, əri yazığı bir
qoz qabığına soxub ki, yazıq cınqırını çıxarda bilmir... O biri də Sürəyya — onu
da tanıyıram nə yuvanın quşudur. Birinci ərini basdırıb, ili çıxan kimi bu Nemətə
calayıb özünü — yanında da iki balası, neçə yaş cavandır özündən əri...
Qızlarından da ki, olmaz.
— Yaxşı, ay ana, — deyə Zaur Zivər xanımın sözünü kəsdi, — bütün bu
həngamə nədən başlayıb axı?.. Evi yır-yığış eləməkdən?
— İş yır-yığışda deyil e... İntəhası, tanıdım bu adamları... Bu üç bacının
xasiyyətiymiş — ərlərinin başında turp əkmək. Tahirəsi də elədir, Sürəyyası da...
Alyanın özü elə deyil? Sən də Murtuzun qozqırablığına, bazburutuna-filana


baxma, arvadından it kimi qorxur, nə buyursa arvad ləbbeyk deyir, bəs necə...
Səni də eləcə tryapka eləmək istəyirlər ki, onların hər nazıyla oynayasan, ata-
anadan keçəsən, naxələf çıxasan, onların istədiyi budur, bə nə?
— Yaxşı, ay ana, boşla görək.
Düz demirəm?.. Alya qaçırtdı da dilindən. Sən demə, Alya xanım belə hesab
eləyir ki, bizim ailəyə böyük minnət qoyub – əziz-xələf qızını sənə verib. Sən
guya heç layiq də deyilsənmiş belə dünya gözəlinə ər olmağa.
— İndi nədir, danışmırsız bir-birinizlə?
— Qulaq as... Demək, bir neçə gün keçir, sizdən də bir xəbər yox, yaman
nigaranam, Alyaya zəng vururam, görüm bəlkə onlar teleqramdan-zaddan bir
şey alıblar. Zəng eləyirəm, ədəblə belə hal-əhval tuturam. Özün necəsən, ərin
necədir... Di, düşmədi mənim üstümə. Nə yemisən turşulu aş, day dişinin
dibindən çıxanı dedi mənə.
— Niyə axı?
— Qulaq as, danışıram da — ... Sitarəni tanıyırsan da, qonşumuzu. Gəlib bir
dəfə bizə, deyir, eşitmişəm Zaurun, maşallah, əntiqə evi var, özü də aləm
obstavit eləmisiz. Gələndə onlar, deyir, bir mənə də papaq elə, mən də gedim
baxım... Mənim də ürəyim təmiz, nə bilim ki, camaat qan çıxmayan yerdən qan
çıxardır, açarlar, deyirəm, Alyadadır. Ev sahibləri ona, deyirəm, etibar ediblər
açarlarını, ona denən, deyirəm, aparsın səni Zaurgilə elə indi, daha gəlməklərini
neyləyirsən gözləyib?.. Day bilmirəm mənim sözümü Sitarə nə cürə çevirib
deyib Alyaya, od vurub Alyanın təpəsinə. Düşmədi mənim üstümə, nə deyir
bütün şəhərə car çəkirsən ki, ay açar elə gəldi, ev elə getdi. Göndərirəm, deyir,
Spartaknan o andıra qalmış açarlarını, o eviniz də ki var, deyir, nə belə mataq şey
imiş... Firoçka, deyir, istəsəydi min pay bundan yaxşı evlərə köçə bilərdi. Elçilər,
deyir, qapımızın dabanını çıxartmışdılar.
— Hansı elçilər?
— Əşi, yalandır deyir də, gözünün içinəcən... Kim idi ona elçi düşən? Yəni mən
bilmirəm, camaatın gözü kor, qulağı kardır bəyəm?.. Allahına şükür eləsin ki,
qızının bəxti belə açılıb... Eybi yox, mən də bir-iki kəlmə şirin söz dedim ona.
Qiyamətəcən yadından çıxmaz. Məni o deyil, e, özümdən çıxardan, o əri
heyvərədir. Guya ki, belə ağır kişidir, ağsaqqaldır öz aləmində, amma arvad
işlərinə qarışmaqdan utanıb xəcalət çəkmir. Götürüb telefonu bu da, deməli,


mənim üstümə xoruzlanır.
— Mənim atam da ki, Alya xanımın cavabını verib, hə?
— Xeyr, bircə o çatmırdı... Sənin atan əsl kişidir, arvadnan ağızbaağız verən
qurumsaqlardan deyil. Amma Murtuzla danışdı, özü də əməlli-başlı danışdı.
— Görürəm burda vaxtınızı şən keçiribsiz.
— Elə bilirsən bu hayfı qoyacam mən onda? Məni yaxşı tanımırsan. Bircə bax
sən sarıdan...
Zaur bu söhbətin gizli mənasını yaxşı başa düşürdü, anasının gözlərindəki
nigarançılığın, qorxunun, təlaşın səbəbi də aydın idi ona. Anası ondan arxayın
deyildi, qorxurdu ki, birdən Alyayla qızı Zaurun saqqızını oğurlayıb, öz
tərəflərinə çəkərlər, bu ölüm-dirim mübarizəsində Zaur əks cəbhəni seçmiş olar...
Zaur düşünürdü ki, anası gətirdiyi hədiyyələrdən xəbərdar olanda, biləndə ki,
Zivər xanımla Alya xanıma eyni çəkmə, Məcidlə Murtuza eyni cür köynək
alıblar, amma üstəlik, Spartaka iki qəşəng qalstuk da gətiriblər və bu qalstukları
şəxsən Zaur özü seçib, gör onda nə mərəkə olacaq. “Bizim pulumuza — səfərə
çıxan öz oğlumuz qudalarımıza da elə bizə gətirdiyindən gətirir, hələ üstəlik
Spartakı da yaddan çıxartmır, heç belə müsibət olar?..”
Şəhərin içinə girmişdilər və Zaur gördü ki, çəhrayı “Volqa” sağa buruldu.
Deməli, Firəngizin valideynləri öz evlərinin qabağında düşəcəklər. Bəlkə
Firəngiz də onlara gedir – ata evinə...
Bəlkə, ümumiyyətlə, Alya xanım Firəngizi Zaurdan boşatmaq fikrinə düşüb?..
Çünki yəqin ki, o biri maşında da Alya xanım eyni hadisələri, eyni hiddətlə,
amma tamam başqa şərhlə bəyan edir... Bəlkə o biri maşında söhbət nisbətən
sakit gedirdi, axı hər halda, Spartakın dostu da – tamam yad bir adam da var idi
orda... Amma ehtiraslar elə qızışmışdı, elə püskürürdülər ki, yəqin orada da
doğmaya, yada məhəl qoyan yox idi... Bayaq təyyarədən düşəndə uzaqdan
Murtuzovlar hər ikisinə – Zaura da, Firaya da eyni cür gülümsəyirdilər, amma
yaxına gələndə məlum oldu ki, bu təbəssümlər yalnız qızlarına aid imiş. Zaurla
ağızucu görüşdülər. Deməli, bəlkə, doğrudan da, elə Alyanın niyyəti onların
nikahlarını pozmaqdır? “Bəs uşaq necə olacaq, görəsən?” – deyə düşündü Zaur
və özü də başa düşdü ki, “boş fikirdir”, əlbəttə, heç kəs onları boşatmaq istəmir...
Evlərinə çatanda Zaur:


— Yaxşı, axır kimdə qaldı açarlar? — deyə soruşdu. Zivər xanım qürurla:
— Kimdə olacaq, əlbəttə, məndədir, — dedi.
Zaur çamadanları maşından çıxaran müddətdə Spartakın çəhrayı “Volqa”sı da
gəlib çatdı və Fira da maşının içindəydi. Zaur, doğrudan, sevindi arvadının
gəlməsinə... Spartak Zaura kömək elədi, şeyləri 8-ci mərtəbəyə qaldırdılar. Zivər
xanım qapını açdı, dördü də mənzilə girdi... Zivər xanım amiranə bir tərzdə
Spartaka göstəriş verdi:
— Çamadanları bax o küncə qoy. — O özünü evin sahibi hiss edirdi, istəyirdi ki,
başqaları da bunu dərk etsin birdəfəlik.
Spartak:
— Yaxşı, mən gedim, — dedi. Spartak nə isə tamam başqalaşmışdı elə bil, yavaş
danışırdı, həmişəki kimi səs-küylü deyildi və elə bil, hətta gözlərinə də kədər
çökmüşdü...
Zaur onu qapıyacan ötürdü, liftin düyməsini basdı, lift səkkizinci mərtəbəyə
qalxmağa başladı. Spartak ona nə isə demək istəyirdi və Zaur yəqin bilirdi ki, nə
demək istəyir Spartak. Şübhəsiz, iki ailənin bu qarşılıqlı ədavət və nifrət toruna
Spartak da düşmüşdü və bəlkə indi özü də istəmədən Zaura Alya xanımın, ya
Murtuzun hansısa sözünü, hədəsini, — ya təklifini, ya nə bilim, xəbərdarlığını
çatdırmalıydı. Məcbur idi buna, ürəyində istəməsə də... istəməməyinə isə açıq-
aşkar görünürdü ki, istəmirdi, yoxsa bu qədər kədərli ifadə çökməzdi sifətinə,
yazıq biçarə... Lift, axır ki, gəlib çıxdı, qapısı açıldı. Spartak, nəhayət, iradəsini
toplayıb boğuq səslə:
— Bilirsən, Zaur... — dedi. — Sənə demək istəyirdim... Təhminə... ölüb...
Liftin içinə girdi və əlavə etdi:
— Seroz... Qaraciyəri... İyirmi günün içində yandı getdi yazıq.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə