TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   19   20   21   22   23   24   25   26   27
Anar - Təhminə və Zaur @kitabchi

ON SƏKKİZİNCİ FƏSİL
Yandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,


Dərdməndi-firqətim, dərmani-didar istərəm.
Heç bir vaxt təsəvvür edə bilməzdi ki, evlər, küçələr adamı bu qədər ağrıda bilər.
Evlər, küçələr, maşınlar...
Bağın yanına buruldu, o bağın ki, iyun günü yaşıl “Moskviç”in içində
Təhminəni gözləyirdi. Həmin o yerdə, həmin o rəngli “Moskviç” dayanmışdı –
və elə bir parçalandı Zaurun ürəyi və hər şeyi birdən-birə xatırladı Zaur –
burada, bax bu yerdə Təhminəni gözləməsini də, səbirsizliklə barmaqlarıyla
sükanı döyəclədiyini də, o gün çəkdiyi siqaretin dadını da, hətta Təhminənin
səsini də. Ağ düyməli qırmızı paltar geymiş Təhminə qəfilcən onu arxadan
səsləmişdi. Əlində də çanta vardı, çantada da “Kamyu” konyakı, Zaurçün xüsusi
gətirmişdi bu konyakı... Qapılarının qarşısındakı səki – haçansa Spartakın
çəhrayı “Volqa”sı dayanmış səki – “Volqa”nın təkərini deşmişdi o gecə – səki də
eyni cür ağrıtdı Zauru. Telefon budkası da – elə həmin o gecə Təhminəyə bu
budkadan zəng vurmuşdu, telefon cavab vermirdi, sonra isə bildi ki, telefon
doğrudan da xarab olubmuş, çünki pulunu vaxtında verməyiblərmiş... Bu da
trolleybus dayanacağı. Təhminə işə gedəndə həmişə bu dayanacaqda minərdi
trolleybusa, Zaur da ötürərdi onu. Təhminə trolleybusun pəncərəsindən əl edərdi
Zaura və Zaurun çox xoşladığı bir hərəkətlə saçlarını alnından atardı,
gülümsünərdi.
Spartak Təhminənin ölüm xəbərini verəndən sonra bir müddət də liftin içində
dayanmışdı, amma daha heç nə deməmişdi. Çünki söz qalmamışdı daha,
qurtarmışdı bütün sözləri Spartakın da, Zaurun da. Nəhayət, Spartak liftin
düyməsini basmışdı, liftin qapısı bağlanmışdı, lift aşağı enməyə başlamışdı. Zaur
isə mənzillərinə qayıtmışdı, dəhlizdəki çamadanları, nədənsə, yataq otağına
aparmışdı, yataq otağındakı çamadanları dəhlizə gətirmişdi. Bir neçə dəfə
otaqdan-otağa keçmişdi, nə isə götürmüş, nə isə qoymuşdu, sonra arvadına və
anasına bir kəlmə demədən evlərindən bayıra çıxmışdı, liftlə deyil, pilləkənlə
səkkizinci mərtəbədən aşağı düşmüşdü, küçənin tinində siqaret, dükandan kibrit
almışdı və piyada Təhminəgilin evlərinə tərəf addımlamışdı... hələ onda ağrını
belə şiddətlə duymurdu, yaranın göynəyi vaxt keçdikcə artırdı və bu küçəyə, bu
evə çatanda dözülməz olmuşdu. Zaur bu dözülməzliyin içindən keçib
pilləkənlərlə – ona bu qədər tanış olan pilləkənlərlə, axırıncı dəfə əsəbi düşüb
getdiyi pilləkənlərlə – qalxmağa başladı. Və ancaq bu zaman birdən-birə qəti
dərk elədi ki, Təhminə yoxdur və bir də heç vaxt olmayacaq. Bir də heç vaxt
görməyəcək Təhminəni... Nədənsə, Spartak da başından çıxmırdı və bu anlar


fikirləşirdi ki, bax indicə hansı yollasa bir sirr açılacaq və məlum olacaq ki,
Təhminəylə Spartakın arasında heç vaxt heç bir şey olmayıb və Zaurun bütün
şübhələri boş və əbəs imiş. Bu həqiqət o qədər aydın təsdiq olunacaq ki, Zaurun
ağrısı, peşmançılığı birəyüz artacaq. Özünü günahkar biləcək, Təhminənin isə
heç bir günahı olmadığından Zaurun lap bağrı çatlayacaq, daha artıq iztirab
çəkəcək: intihar etmək istəyəcək, hətta günahını yumaq üçün... hardansa yadına
düşdü ki, bir dəfə Təhminə onu Spartak gilin bağına aparmışdı və orada demişdi
ki, bura gəlmələrinin bir səbəbi də var, Zaur bu səbəbi ya çox sonralar biləcək,
ya da heç bir vaxt bilməyəcəkdi. Bəlkə də bu səbəbi bax indicə, bir neçə andan
sonra biləcəkdi Zaur və bu səbəb hər şeyi birdən-birə gün işığı kimi
işıqlandıracaq, izah edəcəkdi və hər şey aydın olandan sonra Zaurun nəticə
verməyən sonrakı peşmançılığı onun bütün həyatının sağalmaz dərdi-yarası
olacaqdı...
Pilləkənin ikinci mərtəbəsində adamlar vardı, onlar tövşüyə-tövşüyə taxtaların
içinə qablanmış iri şkafı qaldırırdılar, xəz yaxalıqlı qara palto geymiş kişi –
yəqin ki, şkafın sahibi idi – hamballara göstəriş verirdi:
— Sola çevirin, beləsinə keçməyəcək deyirəm sizə, soldan götürün,
soldan. — Sonra Zauru gördü və ona müraciət elədi. — Keçmək
istəyirsiz? — Hamballara: — Yol verin, yoldaş keçsin, — dedi.
Zaur adamların arasından, şkafın yanından keçdi və xəz paltolu adam yenidən
göstərişlər verməyə başladı:
— İndi bir az aşağıdan götürün, aha, bu tərəfini qaldır, ay qoçaq!
Zaur üçüncü mərtəbəyə qalxdı. Təhminənin qapıları taybatay açıq idi, qapının
üstündə isə yenicə vurulmuş lövhəcik görünürdü: “Əməkdar mühəndis-
rasionalizator Q.Kərimov”.
Qapıda vız başlı, ala-bəzək xələtli bir qadın dayanmışdı – güman ki, əməkdar
rasionalizatorun arv-adı idi. Şkafı da görünür təzə ev sahiblərinin mənzillərinə
qaldırırdılar. Xəz yaxalıqlı palto geymiş adam yəqin elə mühəndis-rasionalizator
Q.Kərimov idi ki, vardı... Zaur qeyri-ixtiyari açıq qapıdan içəri baxdı – və elə bil
ürəyi həmin bu qapının arasında qaldı. Təhminənin boşalmış otağında ancaq bir
neçə stul və stol vardı – Təhminənin deyil, Kərimovların stol və stulları. Nə
qədimi divar saatı, nə Təhminənin fotoları, nə balaca əncir ağacı – alpinistlərin
hədiyyəsi qalmışdı. Bircə oboylar həmin oboylar idi... Zaur çevrildi, qarşıdakı
qapının ağzında dayandı və zəngi basdı.


Uşaq səsi gəldi qapının ardından, sonra hirsli qadın qışqırığı:
— Əşi, bir dayan görək də kimdir! — Uşağa qışqırırdı Mədinə. Qapı açıldı.
Mədinə:
— Zaur, — dedi, çənəsi əsdi. Bir də təkrar elədi — Zaur, — və ağladı...
Zaurun gözyaşı yox idi. Hiss edirdi ki, ağlaya bilmir, amma haradansa, içinin
dərinliklərindən boğazına qəhər qalxırdı, boğazında tıxanıb qalırdı.
Qorşoqda oturmuş beşyaşlı toppuş uşaq, anasının ağlamasını görüb bir müddət
matdım-matdım baxdı, sonra özü də bərkdən bəyirməyə başladı...
Qarşı qapıdakı xələtli arvad təəccüblə onlara baxdı, sonra içəri keçdi və qapısını
da örtdü. Mədinənin — otağının yarıaçıq qapısından balaca televizorun ekranı
görünürdü və bu da Zaurun yarasına duz basırdı elə bil. Zaur fikirləşdi ki, bir
aydan artıq Təhminəgildə qalıb, Mədinəylə qonşuluqda yaşayıb, amma bir dəfə
də Mədinənin evində olmayıb.
Mədinə paltarının ətəyiylə gözlərini silərək:
— Gəl içəri, — dedi.
Zaur içəri girdi. Uşaq hələ də ağlayırdı. Mədinə qorşoqla birlikdə onu götürüb
harasa apardı və sakit elədi. Zaur kiçik və köhnə televizorun sönük ekranına,
otağın kasıb avadanlığına baxırdı – hiss olunurdu ki, bu otağın sahibi sıxıntı və
ehtiyac içində dolanır... Uşaq, nəhayət, sakitləşdi və Mədinə yaş əllərini silə-silə
otağa gəldi. Zaurun qabağında oturdu.
Zaur siqaret yandırdı. Mədinə:
— Haçan gəlibsən? — dedi. Zaur “sən” deyirdi, elə bil dərd onları
yaxınlaşdırmış, bir-birinə doğma, məhrəm etmişdi.
Zaur:
— Bu gün, — dedi, — yarım saat bundan qabaq.
Uşaq:
— Mama, bəs biz haçan gedəcəyik? — dedi.
— Gedərik, gedərik, bala, görürsən əmi bizə qonaq gəlib, — sonra Zaura
müraciətlə əlavə etdi, — səhərdən day zəhləmi töküb. Yapışıb yaxamdan ki,


kinoya gedək... heç mənim kinoya getməyə həvəsim var?
Uşaq ağlamsınıb:
— Bəs haçan gedəcəyik? — dedi.
— Gedərik, gedərik, get orda topla oyna, mən də gəlirəm indi.
Oğlan könülsüz otaqdan çıxdı və Mədinə:
— Belə işlər, Zaurik, — dedi. — Təhminə getdi əlimizdən... — və yenidən
ağladı...
Zaur bilmirdi nə desin, neyləsin, Mədinəni ovutmalıydımı, ya onun özünü
ovudan gərəkdir indi?
Nə isə demək xətrinə:
— Mənə Spartak xəbər verdi, — dedi.
Bəlkə indi Spartakın adını çəkən zaman Mədinə birdən bir sirr açacaq və bu sirri
bütün diri qalmış insanlardan yalnız tək bir Mədinə bilir. Və o zaman hər şey
aydınlaşacaq, Zaur da belə bir səhv etdiyinə görə min qat artıq peşmançılıq
çəkəcəkdi. Amma onu da bilirdi Zaur ki, Mədinə heç bir sirr-filan açmayacaq,
çünki heç bir elə sirr-filan bilmir və əslində də, yoxdur yerli-dibli belə bir sirr...
heç bir səhv də yoxdur, heç bir şey də yoxdur, hər şey necə vardısa eləcədir,
bircə Təhminə yoxdur.
— Seroz, qaraciyərində, iyirmi günün içində tələf olub getdi. — Mədinə eynilə
Spartakın sözlərini təkrar etdi. Sonra isə hər şeyi danışdı Zaura, bütün ağır
təfərrüatlarıyla, fiziki ağrılar barəsində, şişlər barəsində.
— Heç ölmək istəmirdi yazıq. Xəstəlikdən qabaq tez-tez deyirdi ki, ölmək
istəyirəm, sözdür də deyirdi, amma elə ki, doğrudan xəstələndi, ağrılar,
əziyyətlər başlandı, xəstəxanaya düşdü və xəstəxanada da bildi ki, doğurdan da
ölür, onda qaragün elə yalvarırdı ki, qurtarın məni, ölmək istəmirəm. Amma
axıracan kişi qızı kimi mərd-mərdanə apardı özünü...
Uşaq yenidən otağa gəldi:
— Ana, bəs haçan gedəcəyik axı kinoya?
— Bu saat, bu saat, mənim göyçək balam, indicə gedəcəyik... Axır saatına qədər


Muxtar gəlirdi yanına... Manaf da gəlirdi, necə yaxşı adam imiş Manaf, Zaur,
heç bilməmişik vallah, bütün dəfn xərcini özü çəkdi, üç, yeddi də verdi, bu
yaxında qırxıdır, amma day qırxını verə bilməyəcək, dəyişdilər də mənzili... Bir
injener köçüb bura arvadıyla, bir çətən də külfəti var.
— Mama, gedək də...
— Bu saat, bu saat, oğlum, qoy bir az əmiylə danışım, gedərik.
Zaur qalxdı və indi ayaq üstə danışırdılar.
— Görsən tanımazdın, Zaurik, elə arıqlamışdı ki, yazıq... Ağrılar yaman əziyyət
verirdi, amma heç zarafatından da qalmırdı... Nə yaxşı oldu, deyirdi, heç kəs
mənim qocalığımı, çirkinliyimi görməyəcək... — Bir cavan göyçək oğlan
müalicə edirdi onu. Ölümündən bir gün qabaq mənə dedi ki, heyif, belə göyçək
oğlan məni ölü görəcək. Zarafat elədi ki, çılpaq görən olub məni, amma ölü
görən olmayıb hələ, birinci bu cavan oğlan görəcək.
Zaur siqaretini söndürdü və yenisini yandırdı.
Mədinə:
— Zaur, otursana, — dedi, sonra dəhlizə tərəf boylanıb əlavə etdi, — deyəsən,
başı qarışıb orda, əl çəkdi bizdən. — Doğrudan da, uşağın daha səsi gəlmirdi.
— Dayan, bu saat sənə çay gətirim, — dedi.
— İstəmirəm çay. Yenə danış ondan. — Zaur da Mədinəyə “sən” dedi. Mədinə
indi onunçün ən doğma, ən yaxın adam idi.
— Eh, ay Zaur, nə danışasan... Elə bil heç yox imiş, heç nə də qalmadı
bədbəxtdən. Amma bilirsən necə gözəl insan idi... Necə qızıl kimi ürəyi vardı?..
Səni də yaman çox istəyirdi, Zaurik, indi istəməsin... Həqiqətdə istəyirdi... Sən
gedəndən sonra bilirsən nələr çəkdi yazıq?
Zaur:
— Bilirəm, — dedi. — Bu barədə danışma.
— Başa düşürəm, sənə də ağırdır, əlbəttə. Amma sən hələ cavansan, bütün
ömrün də qabaqdadır. Hər şey unudulub gedəcək, ay Zaur, bu etibarsız dünyanın
işi belədir.


Zaur:
— Bəli, — dedi, — elədir...
Mədinə fikrə getdi, sonra elə bil öz-özüylə danışırmış kimi:
— Amma yazığı nahaq incidirdilər, — dedi.
— Kim?
Mədinə bir az tutuldu, sonra:
— Bilmirəm, — dedi, — yəqin sizinkilərdən idi kimsə. Acığın gəlməsin. Sən
arvadınla səfərə gedəndən sonra kimsə ona gündə zəng vururdu. Hə, qarnıboş,
deyirdi, nə oldu, hıçqırığın içində qaldı? Kələyin baş tutmadı? Zaurun arvadı
hamilədir, uşaqları olacaq.
Mədinə Zaurun sifətinə baxdı, sərmərdi və tələsik:
— Yox, anan deyildi, — dedi. — Ananın səsini tanıyırdı Təhminə, kimsə başqa
adam idi.
Zaur: “Alya? – deyə düşündü. – Axı Alya onda bilmirdi ki, bizim uşağımız
olacaq. Bu yalan hardan gəlibmiş ağlına?”.
— Doğrudan, yəni bir şey var? — Bu sualı Mədinə artıq sırf qadın marağıyla
verirdi.
Zaur qızardı və bir an ona elə gəldi ki, Təhminəymiş onun əsl arvadı, indi
Firəngizdən olan uşağı Təhminəyə xəyanətdir.
— Xəstəxanada da tez-tez səni yadına salırdı... Lap ağır gününəcən...
— Nə deyirdi?
Mədinə gülümsündü:
— Deyirdi ki, Zaur məni satdı onlara.
— Kimə onlara?
Mədinə çiynini çəkdi:
— Nə bilim, elə beləcə deyirdi onlara...


Uşaq yenə otağa qayıtdı:
— Mama, haçan gedəcəyik bəs?
— Bu saat, bu saat, mənim göyçək balam.
Dəhlizə çıxdılar.
Mədinə:
— Spartak sağ olsun, — dedi, — o qədər köməyi dəyirdi ki, dərman lazım
olurdu, yerin dibindən tapırdı, hansı həkim lazım olurdu, öz maşınında gətirib
aparırdı.
Zaur:
— Ayın neçəsində keçindi? — deyə soruşdu.
— 14-də.
“Hansı ölkədəydik bu gün görəsən”, – deyə düşündü Zaur, yadına sala bilmədi.
Qapıda:
— Çox sağ ol, Mədinə, — dedi.
— Niyə sağ ol deyirsən axı?
— Mama, yaxşı, daha gedək də, əmi də gedir.
— Bu saat gedirik, — birdən Mədinənin yadına nə isə düşdü, — tamam
yadımdan çıxmışdı, sənə kağız qoyub axı.
— Kağız? — Zaurun ürəyi şiddətlə döyünməyə başladı: bəlkə bu idi sirrin açarı,
bu kağız hər şeyi izah edəcək, hər şeyi aydınlaşdıracaqdı bəlkə? Mədinə otağa
keçdi və bir azdan iki kiçik kağız parçasıyla qayıtdı. Kağızların biri qəbz idi,
Zaur görən kimi xatırladı — Moskvada küçəni səhv keçdikləri üçün serjant
Trofimov onları cərimə etmiş, qəbz vermişdi. Mədinə ikinci kağızı uzadaraq:
— Ölümündən iki gün qabaq ətirlərinin sirrini yazıb bura. Xahiş elədi ki, sənə
verim. “Qoy Zaurun arvadı bu ətirlərdən vursun”, dedi, “onda Zaur məni
xatırlayacaq hər dəfə”.
Zaur karandaşla yazılmış kağız parçasını cibinə qoydu. Mədinəylə görüşdü və
yavaş-yavaş pilləkənlərlə düşməyə başladı. İndi də pilləkənlərlə üçüncü


mərtəbəyə piano qaldırırdılar və əməkdar mühəndis yenə göstərişlər verirdi.
“Ehtiyatlı olun, bu pianinodur axı, belə kobud yerə vurmayın da, ehmalca qoyun.
– Zaura baxdı: – Keçmək istəyirsiniz? – dedi. – Yol verin, cavan oğlan keçsin...”
Zaur bir də çevrilib Təhminənin qapısına baxdı, qapı yarıaçıq idi. Pilləkənləri
düşməyə başladı, bilirdi ki, ömründə bir daha heç vaxt bu pilləkənlərlə qalxmalı
olmayacaq.
Amma bilmirdi ki...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə