TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ON ÜÇÜNCÜ FƏSİL
Ah idi həmnəfəsim ah ki, ol həm axır,
Çıxdı ikrah qılıb külbeyi-ehzanımdan.
Heç vaxt bu pilləkənləri belə ağır bir hisslə, belə ağır-ağır qalxmamışdı. Qapının
ağzında da xeyli yubandı, cibindən çıxardığı açar heç cür yuvasına düşmürdü.
Axır ki, qapını açdı, mənzilə girdi. Təhminə evdəydi. Zaur keçib əllərini yudu,
bir xeyli də orda yubandı. Sonra otağa keçib kürsüdə əyləşdi. Təhminə də
qarşıdakı kürsüdə oturmuşdu, siqaret çəkirdi.
— Nahar eləmirsən? — deyə soruşdu.
Zaur:
— Yox, yemişəm, — dedi, o da siqaret çıxarıb odladı... Hər ikisi dinib
danışmadan siqaret çəkirdi, heç biri söhbəti açmaq istəmirdi və hər ikisi bilirdi
ki, gec-tez mütləq söz açılmalıdır.
Nəhayət, Zaur qərara gəldi:
— Dünən Dadaşlaydın? — deyə xəbər aldı.
Təhminə başıyla təsdiq elədi:
— Elçi göndərmişdilər yanıma Dadaşı, — dedi. — Sənin valideynlərin...
Sövdələşməkçün. Deməli, mən səni onlara qaytarıram, əvəzində onlar məni rahat


buraxırlar, daha qulağımı dəng eləmirlər.
Zaur:
— Əcəbdir, — dedi. — Mən demək elə-belə cansız bir əşyayam, dəyiş-düyüş
edirsiz.
— Bu sənin özündən asılıdır, — Zaura elə gəldi ki, bu sözlərlə Təhminə yenə də
onun zəif damarını tutmaq istəyir. Axı çox gözəl bilirdi ki, Zaurun söyər yeri
məhz budur — onun müstəqilliyinin, sərbəstliyinin şübhə altına alınması: indi
beyni içki dumanı içində olarkən Təhminənin niyyəti ona daha dəqiq və aydın
görünürdü.
Təhminə:
— Hər halda, — dedi, — mən səni zorla tutub saxlamaq fikrində deyiləm, haçan
kefin istəsə, özün öz ayağınla çıxıb getməyə də ixtiyarın var.
— Ehtiras bitib-tükəndi? — Zaur kinayəylə Dadaşın sözlərini təkrar elədi.
Təhminə əsəbi bir tərzdə:
— Ehtirasın bura nə dəxli var? — dedi. — Dünya tək bir ehtiras üzərində
qurulmayıb ki.
“Dadaşın fikirləridir büsbütün”.
— Bircə şey mənə aydın deyil, — dedi Zaur. — Niyə sən bizim ikimizə aid olan
məsələləri Dadaşla müzakirə eləmisən? Dadaş sənin nəyindir — əmindir,
atandır, nəyindir, hə?
Təhminə kədərlə:
— Mənim nə atam var, — dedi, — nə də anam. O sənsən, maşallah, atan da var,
anan da.
Zaur əllərilə saçlarını qarışdırdı, sonra üzünü, gözlərini ovuşdurmağa başladı.
— Axı niyə məhz Dadaşla danışırsan bizim işlərimiz haqqında?
— Dedim də sənə, bu anavın təşəbbüsüdür. Tək Dadaş olsaydı, dərd yarıydı.
Haradansa Muxtara da tanış tapıblar. O da dünən axşam bu məsələyçün
axtarırmış məni.


Bu xəbər gözlənilməz olmadı Zaurçün. Bayaq Muxtar deyəndə ki, səninlə sözüm
var, Zaurun ürəyinə dammışdı. Axı ayrı nə sözü ola bilərdi ki, Muxtarın Zaurla?
— Hətta Mədinəyə də zəng vurubmuş.
— Mədinəyə?
Təhminə:
— Bəli, — dedi, sonra rişxəndlə əlavə etdi, — amma Mədinəyə zəng eləməyi
yaxşı olub. Mədinə onun cavabını yaxşı verib. Büküb abrını ətəyinə... Mədinəni
tanımır hələ anan... dilinə bələd deyil, Mədinə doqquz qoyar ona söyüş
söyməkdə.
— Mədinənin nə həddi var ki, mənim anama söyüş söysün? — Zaur hiss edirdi
ki, bütün əsəbləri gərilib, hirsindən əsirdi və hiss edirdi ki, gərginlik Təhminəyə
də yoluxur. Ya bəlkə əksinə Təhminənin hirsi, hiddəti, əsəb gərginliyi Zaura təsir
edirdi.
Təhminə:
— Bəs sənin ananın nə həddi var ki, Mədinəni aradüzəldən yengə adlandırır?
Həyasızlığa bax sən Allah... Nə var, nə var Mədinənin əri yoxdur. Əri yoxdursa,
ona ağzından gələni demək olar? Nə olub, Mədinənin nəyi əskikdir ondan, öz
əlinin zəhmətiylə dolanır, balasını saxlayır... Heç mən bilmirdim, demə sənin
anan da cavanlıqda elə Mədinə kimi makinaçı işləyirmiş, intəhası, ananın bəxti
gətirdi, mötəbər adama ərə getdi, amma Mədinəninki gətirməyib də.
— Sus, kəs səsini, — dedi Zaur, — anam barəsində artıq-əskik danışma, — o az
qala qışqırırdı.
— Bəs nə haqla anan Mədinəni təhqir edir, kim verib bu haqqı ona? — Təhminə
də qışqırdı və əsəbdən əsim-əsim əsirdi... — aradüzəldən yengə.
Zaur:
— Düz deyib anam, sənin Mədinən elə aradüzəldən yengədir ki, var.
Heç bir vaxt Təhminəni bu sifətdə görməmişdi: elə bil üzü əyildi Təhminənin.
— Deməli, belə... Aradüzəldən... mən də, deməli, onun kadrıyam da.
— Mən belə söz demədim.


— Nə olsun demədim? Fikrində ki, tutubsan. Həmişə fikrində bunu tutubsan.
Əlaqəmizin ilk günündə mənim haqqımda belə düşünübsən, Fahişə hesab
eləyibsən məni. Elə ona görə də mənə yaxınlaşmaq fikrinə düşübsən də.
Fikirləşibsən ki, nə var, yüngül, ayağısürüşkənin birisidir də... Sonralar ən
xoşbəxt günlərimizdə də bu fikir içini gəmirib, həmişə, həmişə şübhələnibsən
məndən. Xəyanət, etibarsızlıq gözləyibsən məndən. Ürəyinin dibində məni
əxlaqsız qadın hesab eləyibsən həmişə. Elə indi də bu fikir səni rahat qoymur.
Ona görə ki, sən südəmər uşaqsan, kişi deyilsən hələ.
Zaur içindəki bütün zəhəri dilindən tökərək:
— Əlbəttə, kişi Dadaşdır, Spartakdır, qəssab Fazildir, — dedi, — sənin
aləmində...
Təhminə ağappaq ağardı və:
— Dur, çıx get burdan, — dedi. — Yüyür get anavın yanına, “Moskviç”inin
yanına.
Zaur özü də bilmədi ki, necə oldu, birdən-birə şillə çəkdi Təhminəyə. Təhminə
əlləriylə üzünü örtüb yerindən sıçradı, qaçıb otaqdan çıxdı. Zaur da ayağa durdu,
dəhlizə çıxdı. Yavaş-yavaş çöl qapısına tərəf addımladı, sonra otağa qayıtdı,
cibindən qapının açarını çıxardıb, dolabçanın üstünə qoydu. Yenidən dəhlizə
çıxanda qeyri-ixtiyari mətbəxə tərəf baxdı: Təhminə mətbəx masasının arxasında
hərəkətsiz oturmuşdu, əlləriylə sifətini örtmüşdü.
Zaur qapını çırpıb çıxdı...
* * *
Unutmaq olmaz axı, unutmaq olmaz axı, unutmaq olmaz axı ki, bu ancaq
oyundur... Yeniyetməlik çağlarında, qadınlar dünyasına qədəm qoyduğu ilk
aylardan, illərdən bunu dərk eləmişdi, bilmişdi, özü-özünə tövsiyə vermişdi axı.
Ciddi, ya qeyri-ciddi, qısa, ya uzunmüddətli, təsadüfi, keçəri, yaxud əsaslı,
davamlı əlaqələrinin heç birində Zaur bu dərsi, bu qanunu unutmurdu... bəs necə
oldu ki, o kişi çağında bu vacib həyat təcrübəsini unutdu birdən-birə? Niyə
imkan verdi ki, cilovsuz bir duyğu varlığına hakim kəsilsin, idarəsini buxovlasın,
ona bu qədər ağrı və acı gətirsin. Unutmamalıydı, bütün bunların yalnız oyun,
əyləncə, ötəri xoş münasibətlər olduğunu unutmamalıydı bir an da. Unutdu və
indi budur – cəzasını çəkir... necə oldu ki, bu cür aldandı, necə oldu ki, oyunun


qanunlarını pozdu və bu oyunu məhəbbət bilən kimi də oyun amansızlaşdı,
əyləncə yox, işgəncəyə çevrildi... Elə bilirdin ki, möcüzə baş verib? Sevgi-filan...
ancaq kitablarda və kinolarda olur bu, ya da həyatda olursa, yalnız 17-18, ən
uzağı 19 yaşında, vəssalam. Sən isə 24 yaşında bu cür aldandın... Öz yaşının acı,
amma vacib dərslərini necə unutdun ki, belə tələyə düşdün, ay biçarə?
Beynində qaynayıb pırtlaşan fikirlərlə şəhərin küçələrini dolaşa-dolaşa adamsız
qaranlıq dalanlara gəlib çıxdı. Burda şəhər evləri qurtarırdı, çöllük başlanırdı...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə