TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
  1   2   3   4   5   6   7   8   9   ...   27
Anar - Təhminə və Zaur @kitabchi



Anar
TƏHMİNƏ VƏ ZAUR VƏ YA . BEŞMƏRTƏBƏLİ
EVİN ALTINCI MƏRTƏBƏSİ. Roman
eKitabxana
– Android & İOS mobil tətbiqi 
BİRİNCİ FƏSİL
Bu vüsala yuxu əhvali demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə
1
.
...amma qəfilcən sükut çökdü. Yuxunun seyrək toranlığı içində Zaur, hətta bir
qədər təəccübləndi də. Axı necə oldu ki, böyük otelin bütün hay-küyü, yad,
özgədilli danışıqların hənirtisi, hardansa, çox uzaqlardan eşidilən musiqi sədaları
(saksofon, royal, zərb alətləri çalırdılar), liftin hərəkəti – bütün başqa səslər –
qəfilcən qeyb oldu və bütün bu tanış səslərlə birlikdə okeanın da uğultusu
Telegram 《》 pdf_kitablar 


kəsildi...
Gecəyarıdan keçmişdi. Vaxt cədvəli, adamların yatıb-durma məqamları bütün
dünyada təqribən eyni cürdür və bu cədvəlin hökmü insanların, insanların icad
etdikləri maşınların, mexanizmlərin, alətlərin səsləriylə bərabər təbiətin
möhtəşəm xilqəti – okeanın da səsini qısmışdı elə bil.
Yuxunun yapışqantək çiriş horrasından (buraların havası kimiydi bu horra)
çapalayıb ayıqlığa çıxmağa cəhd edərkən Zaur düşünürdü: yəqin Firəngiz otağın
pəncərəsini örtüb, vəssalam: səskeçirməz pəncərələr dışarıdakı bütün səsləri,
küyləri, danışıq-hənirtiləri eşidilməzləşdirib, Zaurun yarıyuxulu-yarıoyaq
şüurundan kənar edib.
Elədir ki, var, qu desən qulaq tutulan cingiltili sükutdan sonra otaq həm də
qaranlığa qərq oldu: Firəngiz pəncərəni bağlayıb işığı da keçirtdi. Zaur örtülü
göz qapaqları arasından qaranlığın müxtəlif mərhələlərini duyurdu – əvvəlcə
otaq alaqaranlıq oldu – vannanın açıq qapısından kvadrat şəklində işıq şüləyi
düşürdü döşəməyə. Qapı bağlanandan sonra otağa güclə sezilən ətir kimi – gecə
çırağının zəif şöləsi yayıldı. Firəngiz bu çırağı da söndürdü və o zaman ətraf
qaranlıq içində həll oldu.
Zaur ağır-ağır göz qapaqlarını qaldırdı, otağın qatran kimi qatı qaranlığında bir
an gerçəklik hissini itirdi – bilmədi haradır bura, haradadır özü? Ancaq bir an.
Bir an sonra gözləri zil qaranlıqda heç nəyi seçib ayırmasa da artıq harada
olduğunu dəqiq dərk edirdi – bilirdi ki, bu otaq otelin nömrəsidir, indi gecədir və
uzun məsafələrdən, uçuşdan, hərəkətdən, müxtəlif yad lövhələrdən calaq
olunmuş gecə-gündüz bitib, ömrünü yeni bir gecə-gündüzə təhvil verib. Bu
təhvil-təslim dəqiqələri Zaurun gözünün çimirini almaq üçün qısaca mürgü
döydüyü anlara düşüb. İndi isə gecə yarıdan ötüb – təqvimin başqa tarixidir.
Amma nə tarix, nə təqvim? Moskvadan Afrikaya onbirsaatlıq uçuş ərzində –
onlar Avropanın, Aralıq dənizinin, Saxaranın üstündən keçmişdilər – bütün vaxt-
zaman anlayışları qırışıq düşmüş və Zaurgilin ömrünə üç saat əlavə olunmuşdu.
Bakıyla Moskva arasındakı birsaatlıq fərqi də bunun üstünə gəlsən –
ömürlərindən dördsaatlıq hədiyyə almışdılar. Doğrudur, bu hədiyyəni qaytarmaq
lazım gələcəkdi – üç saatını burdan Moskvaya uçanda, bir saatını da Moskvadan
Bakıya qayıdanda...
Yer kürəmiz zaman zolaqlarına bölünüb, Qərbdən Şərqə getdikcə hər zolaqda bir
saat irəli düşürsən. Moskvada saat on bir olanda, Bakıda on ikidir... Daima üzü


Qərbə doğru gedəsən, elə bir sürətlə ki, bir saat içində bir vaxt zolağından o
birinə keçəsən – hamısında da, məsələn, saat on bir olsun? Vaxtı bu sayaq
aldatmaq mümkündürmü?
Adamın ağlına nə qəribə fikirlər gəlir. Fantastika! Halbuki ən böyük fantastika
elə real gerçəklikdir, bax, elə məsələn, onların bugünkü günü: zarafat gəlməsin
sənə, dünyanın o biri başına gəlib çıxıblar. Afrikada, Dakar şəhərindədirlər. 17
mərtəbəli “Enqor” otelindədirlər və bu otel Atlantik okeanın əlli metrliyindədir...
Bu son üç günün təəssüratı, məsafə ölçüləri, məkan dəyişikliyi də ağlasığmaz bir
gerçəklik idi... Əlbəttə, hər bir şey şüurla dəqiq izah olunurdu, amma hər halda
beyinə sığışdırmaq zor idi ki, cəmisi on beş saat bundan qabaq Moskvadaydılar.
Moskvada qar yağırdı, onları Sverdlov meydanından Şeremetyevo aeroportuna
aparan avtobusun pəncərələri buz bağlamışdı. On bir saatlıq uçuşdan sonra isə
təyyarə Dakarda yerə endi və onlar trapa çıxanda sifətlərini sanki odlu bir nəfəs
qarsıdı – Afrikanın nəfəsi. Bu qəribə bir nəfəs idi, Afrika torpağında hər şeyə
çökmüşdü, — elə bil havada da, yemək-içməkdə də duyulurdu... Bu həm ətir,
qoxu, iy idi, həm dad-tam... Müəyyən bitkilərlə – manioka, araxis – onlardan
alınan yağlarlamı bağlıydı – bu qoxu, tam, ya okeanın törəmələrilə – balıqlarla,
yosunlarlamı? Kim bilir... Amma bu ağlasığmaz dəhşətli isti – adamın sanki
bədənini əridib paltarına yapışdıran bu isti də Afrika idi, şirintəhər iy – dad da
Afrika idi, aeroportda ilkin gördükləri adamlar da – göyümtülə çalan zil qara
bənizli zəncilər də...
Adamı çaşdıran təbiət mənzərələriydi. Bəzən, illah da axşamçağı, ala-toranlıqda
adamsız sahələr – ağaclar, otlar, yol Abşeron peyzajlarını andırırdı. Uzaqdan
ləpələrin uğultusu və cırcıramaların səsi gəlirdi, fikirlərə dalıb yolla gedirdin və
birdən diksinirdin: belə tanış “Abşeron yoluyla” uzun Afrika paltarı geymiş
qıvrımsaç zənci qadınları addımlayırdılar. Qıvırcıq saçları qısa-qısa hörülüb,
başlarında iri əmmaməyə bənzər bir sarıq. Bu qədər tanış mənzərənin, belə tanış
səslərin fonunda tamam başqa bir xalqın, başqa irqin, başqa dünyanın adamlarını
görmək zehni sarsıdırdı...
Otelin qabağında okean sahili də qəribə təsir bağışlayırdı: bütün çimərlik boyu
bir-birindən müəyyən məsafələrdə dirəklər basdırılmışdı. Uzaqdan qəbiristanlığa
oxşayırdı bura. Eyni boylu-biçimli əsgər məzarlarına... Kimləri basdırıblar bu
çimərlikdə – dənizdə batanlarımı? Yox, bu dirəklər sərhəd dirəkləriydi –
çimərliyin ayrı-ayrı sahələri “Enqor” otelinin ayrı-ayrı nömrələrinə mənsub idi:
bu nömrələrin sakinlərinə... Sahil qarış-qarış parçalanmış, bölünmüş,


paylanmışdı, okean isə sərhədsiz, azad idi...
Üç gün qaldılar Dakarda, Atlantik okeanında çimdilər, şəhəri dolaşdılar, – uca,
ağappaq binaları, qamışla samandan quraşdırılmış komaları gördülər, Kermel
bazarını və əsirlərdən bəri qolu bağlı qulların zindanı olan Qore adasını
gəzdilər...
Sabah isə geri, vətənə qayıtmalıdırlar.
Zaur: “Vallah, sağ olsun anam, – deyə düşünürdü, – axı bu səyahətə çıxmağımızı
o təkid elədi. “Sonra oğul-uşaq basacaq sizi, macalınız olmayacaq belə-belə
səyahətlərə, nə qədər cavansız, əliz-qoluz bağlı deyil, gedin gəzin də”... Ancaq
düz deyirdi, – belə səyahət insana ömründə olsa-olsa bircə kərəm düşür... Ancaq
onu çox dilə tutdu.
Zaur etiraz eləmirdi, amma doğrusu, çox elə meyli də yox idi. Axır vaxtlar hər
şeyə necə yanaşırdısa, bu səy-ahətə də eyni münasibət bəsləyirdi – tam bir
biganəlik, laqeydlik... “Nə olar, gedərik-gedərik, getmərik-getmərik”... Bir yana
baxanda, səyahətlər, xoş günlər, həyatın bütün başqa naz-nemətləri – məgər Zaur
bütün bunların xətrinə dəyişməmişdimi ömrünü? Amma indi bu barədə
düşünmək istəmirdi, ümumən heç bir şey düşünmək istəmirdi.
Qaranlıqda pıçıltıyla arvadını çağırdı:
— Yatıbsan? — Cavab çıxmadı. Bilirdi ki, cavab çıxmayacaq. Firəngizin nə
zaman yatdığını sakit, dinc nəfəs almasından bilirdi. “Firəngiz heç zaman
xoruldamır”. Bu, nikahlarının ilk ayında Zaurun elədiyi ən böyük və xoş
kəşflərdən idi. Doğrudan da, Firəngizin xoruldaya biləcəyini təsəvvür eləmək də
mümkün deyildi. Zaur fikrində həmişə Firəngizi çox bahalı şüşədən cilalanmış
şəffaf güldana bənzədirdi. Ağıla sığışdırmaq olmurdu ki, belə bir güldan
xoruldaya bilər, qışqıra bilər və bir də Zaurda belə bir təsəvvür vardı ki, qəfilcən
bu güldana naqolay toxunmaq, onu salıb sındırmaq olar... Özündən altı yaş kiçik
olan bu qıza, onun arvadı olmuş Firəngizə münasibətində dolaşıq bir duyğu
kələfi vardı — həm nəvaziş, həm qayğı, həm də qalın bir pərdə... Firəngiz çox
utancaq idi, kimsə onun haqqında danışanda qıpqırmızı qızarar, yanaqlarını
puçur-puçur həya təri basardı. Bu, bəzən Zauru əsəbiləşdirərdi, nədənsə dərhal
Firəngizin ailəsi — atası Murtuz, anası Alya, qardaşı Spartak gəlib dururdu
gözlərinin qarşısında: o zaman Zaura elə gəlirdi ki, Murtuzun kobudluğu,
“mənəm-mənəmliyi”, Alyanın özündən müştəbehliyi, Spartakın cüvəllağılığı
kimi Firəngizin isməti, məsumluğu da yapma bir naxışdır,, aləmə nümayiş


etdiriləsi zahiri bir dəyərdir. Amma Firəngizi təklikdə, ailəsindən ayrı-ayrılıqda
qavrayanda, onun, doğrudan da, çox təvazökar, utancaq olduğuna inanırdı,
saflığına və uşaq təmizliyinə, sadəliyinə həsəd aparırdı: düşünürdü, nə yazıq ki,
mən özüm daha heç bir vaxt belə saf və sadədil, dinc və arxayın ola
bilməyəcəyəm...
Bəlkə də Zaurun nicatı məhz bundaydı – özüyçün deyil, başqaları üçün, Firəngiz
üçün, gələcək övladları üçün yaşatmaqda... Və elə bir həyat qurmaqda ki,
zahirən belə həyat hamıya – o cümlədən Firəngizə və gələcək övladlarına
bəxtiyar bir yaşayış kimi görünsün... Və bəlkə o zaman – Firəngizin, gələcək
övladlarının gözlərində bu xoşbəxtliyi, arxayınlığı, qayğısızlığı görərkən Zaur
özü də səadətin yoluxucu təsirini duyacaq, öz içində ailə sevincinin əks-sədasını
eşidəcəkdi.
Zaur gələcək güzəranlarını, mənzillərinin quruluşunu, avadanlığını xəyalında
canlandırmağa çalışdı, amma hiss elədi ki darıxır, ürəyi qısılır. Ayrı bir şey
haqqında düşünmək istədi, fikri bir məsələdən başqasına qaçdı, bilmədi nə
barədə düşünsün və ümumiyyətlə, bir şey haqqında düşünmək vacibdirmi...
Bəlkə də yox, amma onda da bilmirdi ki, qəfil ayıldığı bu gecə saatlarını – yata
və dura bilmədiyi bu qeyri-müəyyən vaxt boşluğunu nəylə doldursun... Görəsən,
aşağıda, otelin qarşısındakı eyvanda neçə dənə gün çətiri var? Azı iyirmi-otuz
dənə... Nə rəngdədirlər onlar? Qırmızı, sarı, yaşıl, göy, çəhrayı, sarı... yuxu
doğrudan da onu çəkib apardı...
Bu iyi yuxuda duydu və yuxuda da dərk elədi ki, yuxudadır, ayılmayıb. Amma
yuxuda da tanıdı bu iyi. Bu iy yer üzündə tək bircə idi, təkrarsız idi. Afrikanın
iyi kimi. Amma bu, Afrikanın iyi deyildi.
Zaur hələ də yuxu içində idi, yuxu içində fikir eləyirdi: hardan gəlib çıxdı bu
qoxu bura, Dakara, otelin 17-ci mərtəbəsinə? Yuxuda fikirləri elə bil qıc olub
tutulmuşdu, silkinib yuxudan çıxa, ayıla bilmirdi və buna görə daha da
eymənirdi. Bu iyin nə iy olduğunu, bu qoxunun kimin qoxusu olduğunu bilirdi
axı... hələ də yuxudaydı, amma bu qoxudan başqa – Təhminənin qoxusundan
başqa – müxtəlif fransız ətirlərinin qarışığından yaranan bu təkrarsız qoxudan
başqa – heç bir şey duymurdu. Bu ətir qarışığının sirrini bircə Təhminə bilirdi və
həmin sirri hamıdan gizli saxlayırdı. “Hər hansı bir ətri, ən nadir tapılan ətirləri
belə almaq olar, – deyərdi Təhminə. – Deməli, bu ətirləri hər hansı bir qadın
vura bilər. Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, həmin
ətirləri bir-birilə qarışdırmaq lazımdır, hərəsindən bir azacıq qarışdırmaq


lazımdır. Nə qədər? Bu, sirdir və bu sirri bircə mən bilməliyəm”.
Röyasız yuxu içində – sönmüş ekran qarşısında dayanmış kimi – Zaur intizarla
gözləyirdi. Budur bax, bu saat ekran işıqlanacaq, yuxu rənglərə boyanacaq,
səslərlə dolacaq və Təhminə canlanacaqdır – onunçün nə var ki, məsafələri qət
etsin, qitələri, okeanları aşsın, sərhədləri keçsin. Əgər dünyanın o başında güclə
duyulan, zərif və zəif qoxusu Zauru haqlamışdısa, sifətinin, səsinin, nəfəsinin,
gülüşünün bura gəlib çıxması çətinmi iş idi? Yuxunun dolaşıq, qarmaqarışıq
məntiqinə dayanaraq düşünürdü: hansı reyslə uçub gəlib bura, axı Moskvadan
bura təyyarə həftədə bir uçur. Yuxuda belə bunu unutmamışdı və yuxuda
düşünürdü ki, axı bu yuxudur, gərək oyanam, gərək cəhd eləyəm oyanmaqçün,
gərək əlimi uzadıb gecə çırağını yandıram. Əlini uzadırdı, gecə çırağını
yandırırdı, amma çıraq yanmırdı və Zaur başa düşürdü ki, hələ də yuxudadır,
yuxuda uzadıb əlini çırağa, əslində isə heç uzatmayıb da, yuxuda yandırıb çırağı,
əslində heç yandırmayıb da, yuxuda ayılıb yuxudan, əslində heç ayılmayıb da...
Ayılmayıbsa, deməli, indicə görəcək onu... Və o gündən bəri birinci dəfə görəcək
Təhminəni. Neçə ay keçmişdi o gündən? Yox, arada bir dəfə görmüşdü
Təhminəni. Yuxuda yox, real həyatda da yox, – televizorda görmüşdü... Bircə
dəfə, vəssalam. İndi isə... buyur, Qərbi Afrikada, müstəqil Seneqal
respublikasının paytaxtı Dakar şəhərində gəlib duracaqdı gözləri qarşısında... Nə
tez də sənədlərini toplayıb təhvil verib: tibbi arayış, anket, üç imzalı
xasiyyətnamə, viza... hamısı da belə təcili, tez... Bütün bunları toplayıb düzəldib,
bütün bunlardan keçib. Hər şeyin çəmini, yolunu tapıb ki, tez-tələsik uçub bura
gəlsin. Burada, dünyanın o başında Zauru yaxalasın və hər şeyi geriyə döndərsin.
Bütün olub-keçənlər, ötüb-itənlər yenidən qayıtsın, dirçəlsin, yenidən başlansın.
Amma axı başlamamalıydı hər şey təzədən. Olan olmuş, keçən keçmişdi,
biryolluq, həmişəlik, dönüb-qayıtmaz bir mütləqliklə. Bəs onda... Axı bu,
yuxudur, – deyə düşünürdü... – Yuxunun nəyindən qorxursan, yuxunun nə
təhlükəsi var? – deyə düşünürdü. – Ayılıb oyanacam, hər şey keçib gedəcək, –
deyə düşünürdü və onu da düşünürdü ki, yuxudamı, oyaqlıqdamı, bu dünyada
Təhminənin nəvazişlərindən qorxulu heç nə yoxdur onunçün. Təhminənin
nəvazişləri, sığalları, beyni dumanlandıran oxşamaları, çılğın pıçıltıları,
deyilməmiş gileyləri... Bir də qapqara, uzun, sıx kirpikləri – o kirpikləri elə
qaldırırdı, elə bil qədim bir kitabın ağır səhifəsini açır və o kirpiklər Təhminənin
sifətinin tən yarısına kölgə salırdı... Bir dəfə Zaur içmişdi, dedi ki, sən
kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...


... Yuxuda, iradəsi zəifləyib möhkəm şüur, məntiq buxovları boşalanda Zaur
onun, Təhminənin alaqaranlıq istəklərinə tabe olacaqdı. Axı bu istəklər həm də
onun özünün, Zaurun istəkləri idi. Bir gün Zaur iradəsini toplayıb bütün hiss-
həyəcanlarını ürəyindən birdəfəlik qoparıb ata bilmişdi. Ancaq yuxunun öz
qanunları var, daha doğrusu, yuxu bütün qanunlardan azaddır. Zaur isə indi heç
bir azadlığa hazır deyildi, istəmirdi heç bir azadlıq-filan. Yalnız bircə şey
istəyirdi – yuxudan ayılmaq. Ən çətini göz qapaqlarını qaldırmaq, gözünü açmaq
idi... Bir cəhd elədi, güc-bəlayla göz qapaqlarını açdı, amma bu da yuxu idi –
yuxuda cəhd eləmişdi, yuxuda açmışdı gözlərini. Bunu anlayıb bir də cəhd elədi
və bu səfər, doğrudan da, oyandı... Bir an, ayılandan sonra düz bircə an ona elə
gəldi ki, bu otaqda – Afrikanın iyi hopmuş bu otel nömrəsində başqa bir qoxu,
Təhminənin rayihəsi də qalır hələ. İndicə canını qurtardığı yuxu girdabının
cazibəsi qəlbini limhalim doldurmuşdu, amma Zaur bilirdi ki, xilas olmalıdır bu
hisslərdən; rahat, dinc yaşamaqçün bütün bunları biryolluq özündən iraq
eləməlidir və bu gecəni də sakit başa vurmaq istəyirsə, indicə durub
geyinməlidir, nömrədən çıxıb aşağı düşməlidir, fikirlərini yayındırıb,
düşüncələrin yönünü dəyişib, sonra qayıtmalıdır otağına. Yalnız bundan sonra
sakit uzanıb yata bilərdi.
Qaranlıqda ayaqqabılarını axtararkən Firəngiz səsə oyandı. Bir şey demədi,
amma nəfəsinin dəyişməsindən Zaur arvadının ayıldığını bildi.
Zaur:
— Nədənsə yata bilmirəm, — dedi, — çıxıb bir az okeanın qırağında gəzmək
istəyirəm.
Firəngizdən səs çıxmadı. Nə hə, nə yox. Zaur düşünürdü ki, eyni tərzdə
“istəyirəm gedib özümü dənizə atam” – deyə də bilərdim və yenə də Firəngiz
etirazını bildirməzdi... Bəzən Zaura elə gəlirdi ki, Firəngiz laldır. Bəzən tanış-
bilişlər deyəndə ki, hələ heç bir vaxt Firəngizin səsini eşitməyiblər, Zaur fikrə
gedirdi: o özü haçan eşidib arvadının səsini? Nə isə yadına sala bilmir. Ancaq
ayrı-ayrı sözlər... – hə, yox. – Gedək – hə, qalaq – yox. Yataq – hə, duraq – yox...
ya da əksinə... hə, yox, vəssalam...
Zaur çəkmələrini, şalvar-köynəyini geyinib nömrədən çıxdı... Düyməni basdı,
lift gəldi. Lifti idarə edən oğlan – otelin xidmət paltarını geymiş balaca zənci
Zauru görüb gülümsündü, fransızca nə isə dedi. Zaur da başını yelləyə-yelləyə
gülümsündü, amma oğlanın nə istədiyini başa düşmədi: bəlkə pul istəyirdi oğlan,


yaxud xoş gecələr arzulayırdı, ya saatı soruşurdu, ya liftin yavaş getməsindən
şikayətlənirdi? Kim bilir?
Gecənin bu vaxtında okeanın sahili bomboş idi. Əslində okeana da, dənizə də
baxanda onların ucu-bucağı görünmür, amma birbaş təəssürata beynin məlumatı
əlavə olunanda, okeanın hüdudsuzluğu adama daha müdhiş, daha əfsanəvi
görünürdü.
Sahilə yaxın yerlərdə, ləpədöyəndə otelin çimərlik çıraqlarının şölələrilə
işıqlanmış okeanın uzaqları get-gedə qatı və qorxunc bir qaranlığa qarışırdı,
haradasa zülmətin qovuşduğu üfüqlərdə itib gedirdi, amma o intəhasız
ucqarlarda, getdikcə uzaqlaşan üfüqün o tayında okeanın başqa sahili də var idi –
Amerika sahili...
Zaur:
“İnşallah, bir vaxt Amerikaya da səyahət eləmək lazımdır. Firəngizlə bir yerdə”
– deyə düşündü və birdən-birə bütün bunların puçluğunu, heçliyini dərk elədi.
Nə qədər mənasız idi bütün bu şeylər. Amerikaya səyahət etmək istəyi, bura,
Afrikaya gəlmələri, burada, bu yad okeanın yabançı sahilində dinclik, aram
axtarması, hər şeyi unutmaq niyyəti... Axı heç bir təyyarə, heç bir gəmi, heç bir
nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra
bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq
üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir,
onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın
o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə
azalacaq, nə artacaq...
Zaur əyildi, barmaqlarıyla soyumuş, narın sahil qumlarına, yaladığı irili-xırdalı,
hamar daşlara toxundu və qəsdən, bilərəkdən bu duyğunu yenidən oyatmağa
çalışdı – bu duyğu xatirəsi barmaqlarının ucundan əllərinə keçdi, əllərindən
qollarına, çiyinlərinə, köksünə, bədəninin bütün hüceyrələrinə. Bir gizilti kimi
gəzdi bütün varlığında bu duyğunun xatirəsi... xoşbəxtlik xatirəsi... Sonralar
yalanı üzə çıxsa da, yaşadığı an əsl bəxtiyarlıq kimi duyulan o uzaq anların
xatirəsi. O xoşbəxt anların ki, Zaur onları da sahildə, narın qumlarla,
balıqqulaqlarıyla, yosunlarla, dalğaların uğultusu, mehin nəvazişləriylə, sərt, sal
qayalarla, ulduzlu göylə birgə yaşamışdı... Qumuyla, mehiylə, səsləriylə,
göyünün ulduzlarıyla bura oxşayan başqa bir sahildə... Okeanın yox, dənizin
sahilində... Buralardan çox-çox uzaq bir dənizin...



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə