TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ON DÖRDÜNCÜ FƏSİL
Məhrəm qoyub önərmə sinəmdə qanlı dağı,
Söndürmə öz əlinlə yandırdığın çırağı.
Əvvəl elə bilirdi ki, öz “Moskviç”ini sürür, sonra birdən başa düşdü ki, yox öz
maşını, həm də “Moskviç” deyil bu maşın, çəhrayı “Volqa”dır. “Volqa”nın
sükanı arxasında idi Zaur, özü də lüt idi, – bircə mayka vardı əynində, amma
maşını geniş və izdihamlı küçəylə sürürdü. Əvvəl ona elə gəldi ki, bu küçə
Moskvadakı Leninqrad prospektidir, sonra gördü ki, yox, Bakıdakı Nərimanov
prospektiylə sürür... Tindən milislər çıxdılar, işarə elədilər ki, Zaur saxlasın
maşını. Zaur saxlamadı, saxlaya da bilməzdi, axı özgənin maşınını qaçırtmışdı –
bu bir, maşın sürmək vəsiqəsini götürməmişdi – bu da iki, lüt idi, heç trusiki də
yox idi əynində, bircə mayka vardı və maykayla birtəhər örtünmək istəyirdi – bu
üç, həm də dəm idi, – bu da dörd – kababxanada “Ekstra” arağı və çex pivəsi
içmişdi, bütün bunlarla bərabər küçənin tərs istiqamətində sürürdü, bu da beş, bu
da altı, yeddi, səkkiz, kimsə elə bil onun başının üstündə sayırdı və Zaur başa
düşürdü ki, yuxudadır, amma ona elə gəlirdi ki, bunu başa düşəndən sonra ayılıb
yuxuda yox, doğrudan doğruya, real gerçəklikdə maşın sürür, sükan
arxasındadır, əynində də tək bircə maykası var və dəhşətlə onu da duyurdu ki,
tək deyil, maşının içində kimsə başqa bir nəfər də var – haçan mindirmişdi bu
adamı, yadına gəlmir, yox, heç kəsi mindirməmişdi, amma maşının arxa
kürsüsündə kimsə vardı və Zaur çevrilib o sərnişinə baxmasa da, onu görməsə
də, nəfəsindən kim olduğunu bilirdi – Təhminə oturmuşdu arxada. Milislər iki
motosikletdə Zaurun maşınını qovurdular, amma dünya dağılsa da Zaur onların
təqibindən qaçıb qurtarmalıydı, çünki ələ keçsəydi biabırçılıq olardı, professor


oğlu özgənin maşınını qaçırdıb, həm də kimin maşınını – öz qonşusu Spartakın
maşınını?! Özü də təsəvvür edirsiz, şəhərin içində, günün günortaçağı sükan
dalında lüt ətcəbala oturub, bu da kifayət deyilmiş, maşınına yad bir arvadı da
mindirib, başqa bir kişinin arvadını – axı Təhminə Dadaşın arvadı idi. Bir az
qabaq da məhkəmədə keçmiş əri Muxtardan boşanmış, Dadaşa ərə getmişdi,
amma Dadaş da ikiləşirdi, kimsə başqa bir adam da vardı, eynilə Dadaşa
oxşayan, onun kimi potaboy, yekəqarın, burnu ziyilli və əlləri də eynilə Dadaşın
əlləri kimi gödək, barmaqları da beləcə qısa və toppuş; amma bu adam Dadaş
deyildi, onun ikiləşmiş surəti idi. Kim idi bu adam, kim idisə noyabrda pomidor
— və xiyar yeyirdi, indi də həmin adam tüfəngini Zaurun peysərinə tuşlamışdı,
gözləyirdi ki, maşın sürətini bir azca yavaşıtsın və o zaman tətiyi çəkəcəkdi bu
adam – bu ikinci Dadaş. Zaur bunu duyduğu üçün sürəti daha da artırırdı,
nəhayət, qazı axıracan basdı, ayağı möhkəm metal səddə dirəndi – sonuncu
sürətə çatmışdı, bundan tez gedə bilməzdi maşın... və əksinə sürət get-gedə
azalmağa başladı və bu zaman arxadan tüfəng atmağa başladılar. Atan milis
paltarı geymiş iki Dadaş idi, amma qəribədir, tüfənglərinin patronları qırmayla
deyil, toxumla doldurulmuşdu və Təhminə dedi ki, bu gül toxumlarıdır. Bu
zaman qarşı tərəfdən də onlara sarı motosikletlər gəlməyə başladı – hamı
burdaydı – Spartak da, atası Murtuz da, Mədinə də, Muxtar da...
Birdən Təhminə arxadan Zaurun boynunu qucaqladı, daha doğrusu, qollarını
uzun şərf kimi Zaurun- boğazına doladı, Zauru boğmağa başladı. Zaur xilas
olmaq üçün əllərin sükandan ayırdı. Təhminənin qollarını boğazından
qoparmağa çalışdı. Təhminə isə həmin andaca sükandan yapışdı və kəskin
hərəkətlə sükanı sola burdu, maşın sola döndü və hər ikisi gördülər ki, yolun sol
kənarında dibi görünməyən bir uçurum var və maşın da düz bu uçuruma tərəf
gedir...
— Nə olub, a kişi, nə qışqırırsan. — Zaur bu səsə və birdən otağı bürümüş işığa
ayıldı. Qapıda Azər Mərdanov dayanmışdı. Azərin əynində zolaq-zolaq pijama
vardı. Azər təbəssümlə:
— Nə yaman qışqırırsan. Qara basırdı səni? — dedi.
Zaur:
— Qışqırırdım? — deyə xəbər aldı.
— Bilirsən necə? O biri otaqda eşidib durdum.


Zaurun çarpayısının baş tərəfində pəncərə vardı və pəncərəyə damcı-damcı yağış
yağırdı...
Zaur:
— Bağışla, səni də yuxudan elədim, — dedi və əlini uzadıb siqaret götürdü.
Azər işığı keçirib öz otağına keçdi. Zaur siqaretini odladı...
Dünən küçələri dolaşa-dolaşa gəlib bura – köhnə universitet yoldaşı Azər
Mərdanovun mənzilinə çıxmışdı. — Xoş bir təsadüfdən Azər bu axşam
ekspedisiy-ada deyildi, Bakıdaydı. Zaurun macəralarından bixəbər idi Azər, Zaur
da heç nə danışmadı ona. Bircə onu dedi ki, müəyyən səbəblərə görə bir neçə
gün Azərgildə qalmaq istəyir, əlbəttə, əgər mümkündürsə, Azəri narahat
eləməzsə...
Azər:
— Nə narahatçılıq, canım, nə danışırsan, istəyirsən lap bir il
qal, — dedi. — Onsuz da üç gündən sonra ekspedisiyaya gedirəm.
Bəlkə də Zaur bura təsadüfən gəlib çıxmışdı. Azərin subay həyatından da
xəbərdar idi, qonaqpərvərliyindən də, amma bəlkə bura gəlməyinin əsas səbəbi
Azərin köməyilə ekspedisiyaya düzəlmək arzusuydu. Axşam bu barədə xeyli
danışdılar. Azər: “Mən bir İdrislə məsləhətləşərəm, – dedi, – görüm nə deyir”.
İdris universitetdə onların müəllimi olmuşdu, tanınmış geoloq idi. Azərin
işlədiyi ekspedisiyaya hamilik edirdi. Azər: “Yəqin ki, İdris səni yaddan
çıxartmayıb, – dedi, – mənə elə gəlir ki, düzəltmək olar bu işi. Hər halda mən
imkan düşən kimi danışaram”.
“Sadıllı” çaxırı içir, Azərin bişirdiyi qayğanağı yeyir və dünyada hər şeydən
danışırdılar. – Azərin çalışdığı ekspedisiyadan, ümumən geologiyadan,
universitet illərindən, köhnə yoldaşlarından, dünya futbol çempionatından,
qadınlardan, ailə qurmağın vacibliyindən, oğul-uşaq atası olmağın ləzzətindən,
daha nə bilim nədən və Zaur bircə kəlmə də həyatının son aylarındakı
hadisələrdən söz açmadı. Guya olmamışdı da heç bütün bu bəlalar...
* * *
Zaur Dadaşdan ərizəsini götürərək:
— Mən sizin xahişinizə əməl elədim, — dedi. — Uç gün keçdi, bu gün bazar


ertəsidir, bu gün ərizəmi direktora vermək istəyirəm.
Dadaş:
— Demək, hər halda, çıxmaq istəyirsən burdan? — dedi. — Bəs harda
işləyəcəyini necə, fikirləşibsən?
— Fikirləşmişəm, narahat olmayın. Geoloji ekspedisiyaya götürürlər məni.
Dadaş uzun zaman dinmədi, zənlə Zaura baxdı:
— Yaxşı, atangilə necə izah eləyim mən bu xəbəri?
Zaur:
— İzah eləmək lazım deyil, — dedi. — Bu axşam özüm atama dəyəcəm, hər
şeyi özüm deyərəm ona.
* * *
... Hətta futbol oynayan uşaqlar da onu görüb dayandılar və ən balacası oyundan
ayrılıb yuxarı, — ev-lərinə qaçdı ki, bu təzə xəbəri çatdırsın... Zaur tamam sakit
idi. Həyətlərindən, futbol oynayan uşaqların arasından keçdi, pilləkənlərlə
yavaş-yavaş qalxmağa başladı. Artıq xəbər yayılmışdı və qonşular müxtəlif
pəncərələrdən oğrun-oğrun baxırdılar. Zaura elə gəldi ki, hətta Murtuzovların
pəncərəsində Murtuz Balayevçin şəxsən öz daz başı da göründü.
Mis lövhə üstündə “Professor M.Zeynallı” yazılmış qapıya yanaşdı. Zəngi
basanda tamam sakit idi, amma qapının ardından tələsik addımları – anasının
addımlarını eşidəndə öz ürəyinin döyüntülərini də eşitməyə başladı.
Qapı açıldı, anasını gördü, dərhal da başa düşdü ki, bu gəlişi qəfil deyil anası
üçün: “Dadaş agah edib” – deyə ağlından keçirdi:
— Xoş gördük, ana! — dedi.
Anası da sakitcə:
— Xoş gördük, — dedi və əlavə etdi, — gəlsənə içəri, — və bircə bu cümlədən
məlum oldu ki, didərgin oğul neçə müddətdən sonra doğma ocağının başına
qayıdıb. Çünki axı daima yaşayan adamı içəri xüsusi dəvət eləməyə nə hacət?
Dəhlizə girdi və paltosunu çıxara-çıxara anasının davranışına təəccüblənirdi
— nə “ah-of” eləmişdi anası, nə qışqırmış, nə onu tənbeh etmiş, nə də bağrına


basıb sevinmişdi. Çox adi və sadə görüş idi bu, elə bil heç nə olmamışdı.
— Zaur:
— Atam necədir? — dedi.
Anası:
— İndi babatdır, — dedi. Sonra əlavə etdi. — Yaman qorxuzmuşdu bizi, təzyiqi
qalxmışdı, ürəyi də incidirdi.
Zaur atasının otağına daxil oldu. Məcid stolun arxasında oturub işləyirdi. Zauru
görüb ayağa qalxdı, əl uzatdı.
Sonra hər ikisi oturdu və Zivər xanım getdi çay dəmləməyə.
Sükutu Zaur pozdu:
Necəsən?
Məcid uzun-uzadı, durğu işarələri işlətmədən, xəstəliyindən, həkimlərin
konsiliumundan, təyin etdiyi dərmanlardan danışırdı və hər ikisi başa düşürdü ki,
bu müfəssəl söhbətin əsas məqsədi aralarındakı yabançılığı dəf etmək, keçmiş
məhrəmliyi yenidən bərpa etmək üçündür – bütün bunlar üçün isə vaxt, –
müəyyən müddət lazım idi – hər hansı danışıqlarla, kənar, əsl mətləbə daxil
olmayan söhbətlərlə doldurulmalıydı aralarındakı bu vaxt uçurumu, zaman
yarğanı.
Zivər xanım otağa qayıtdı, gözləri qıpqırmızı idi, amma üzü gülürdü. Zivər
xanımın armudu stəkanlarda gətirdiyi çaydan qurtum-qurtum içir və üçü bir
yerdə Məcidin xəstəliyindən danışırdılar. Zivər xanım arabir ötəri replikalarla
Zaura ailələrindəki son xəbərlərdən məlumat verirdi, gəlib-gedəndən danışırdı,
kim zəng eyləyib, kim soruşub, kimdən məktub gəlib, sözarası Zaurun
kooperativ mənzilinin hazır olduğunu da eşitdirdi oğluna və dedi ki, bu günlərdə
ev təhvil veriləcək. Orderlər hazırdır, bir nəfər öz gözü ilə görüb.
Atası görünür yorulmuşdu bu söhbətdən, gərginlikdən və tez-tez masası tərəfə,
açıq qalmış kitablara, kağızlara tərəf baxırdı. Zaur ayağa qalxdı, atasıyla
görüşmədən o biri otağa keçdi. Zivər xanım onun dalınca gəldi və bu an Zaur
anasının gözlərində qorxu, təlaş oxudu. Bu təlaş vəziyyətin qeyri-müəyyənliyilə,
Zaurun gəlişinin aydın olmayan məqsədilə bağlı idi. Atası da, Zivər xanım da
bilmirdi ki, Zaur necə gəlib – birsaatlığa, ikisaatlığa, xəstə atasına baş çəkməyə,


ya həmişəlik... Təhminəylə biryolluq əlaqəni kəsib evlərinə qayıdıb, ya qısa bir
müddət rüsxət alıb, bədbəxt ata-anasını yoluxmağa gəlib? Və odur ki, Zivər
xanım diqqətlə oğlunun hərəkətlərini izləyirdi – hara, hayana gedəcək, çöl
qapısına tərəfmi, öz otağına tərəfmi, ya da bəlkə bu otaqda oturacaq, yeməyə bir
şey istəyəcək... Zaur divarlara göz gəzdirdi, elə bil ilk dəfəydi görürdü bu
boyaları.
Sükut üzücü, dözülməz idi. Zivər xanımın hövsələsi çatmadı:
— Yerini dəyişmişəm, — dedi. — Çiməcəksən?
Zaur da yalnız bu suala deyil, verilməmiş, amma nəzərdə tutulmuş başqa suala
cavab olaraq:
— Hə, — dedi.
* * *
Çiləyin isti iynələrindən sonra, dabandaşının cod təmasından sonra, köpüklü
şampunların mülayim tumarlarından sonra tərtəmiz, ağappaq yatağa uzanmaq,
tanış otağın doğma otaqlarına – hər qarışı, hər çapığı, hər məftili, xətti, ləkəsi
tanış olan divarlara baxmaq nə qədər xoş idi. Divarlara haçansa Zaurun özünün
çəkdiyi fotoşəkillər vurulmuşdu, çarpayısının yanında, gecə dolabçasının
üstündə siqaret qutusu, alışqan, külqabı, yapon tranzistoru və maqnitofon
qoyulmuşdu, yerindən durmadan ancaq əlini uzadaraq musiqi dinləyə bilər,
siqaret çəkər, fikir-xəyallara dala bilərdi. Cürbəcür cihazların dəlisiydi, səsyazan
aparatlarla saatlarla əlləşməyi, fotoqrafiyayla məşğul olmağı sevərdi. Sonra –
maşın sürməyə başlayandan sonra – bu həvəsləri kölgədə qaldı, çoxundan vaz
keçdi. Əsas marağı, həvəsi maşın motoruyla əlləşmək oldu. Bu həvəsin
sayəsində idmanı da unutmuşdu tamam – qantellər, espanderlər otağın bir
küncündə atılıb qalmışdı. Amma nahaq yerə – idmanı boşlamaq olmaz – yaşı da
elə yaşdır ki, idmanla ardıcıl məşğul olmasa, bir də görürsən, Dadaş kimi göbək
bağladı.
Dadaşın adı beynindən keçən kimi, dərhal telefon səsləndi və Zaur diksindi bu
zəngdən. Amma o saatca da düşündü ki, daha hər telefon zəngindən diksinməyə,
təlaş keçirməyə səbəb yoxdur: nə Təhminəni çağıran kişi səsləri eşidəcəkdi
dəstəkdən, nə anasının Təhminəyə aid olan hədələrini, söyüşlərini, heç kim onun
“alo”suna cavab olaraq dəstəyi şırpadan asmayacaqdı daha.


Dəstəyi götürdü:
— Bəli.
— Zaur?!
— Bəli. — Mədinənin səsini tanımışdı.
— Danışa bilərsiz, ya bəlkə çıxıb avtomatdan zəng vurasız mənə.
— Yox, niyə ki, lap rahat danışa bilərəm, buyurun, — soyuq bir nəzakətlə
deyirdi bu sözləri.
— Üç gündür sizi axtarıram, tapa bilmirəm, nə işdə, nə evinizdə.
— Nədir ki, nə olub?
— Bilmirəm, Zaur, — o həyəcanlı idi, — bilmirəm telefonla bu barədə danışmaq
olarmı. Telefonunuz paralel deyil ki?
— Yox.
— Bilirsiz... Təhminənin halı yaman xarabdır.
— Niyə, nə olub ki?
— Necə nə olub? Tamam halı özündə deyil yazığın... Əlbəttə, o bilmir ki, mən
sizə zəng vurmuşam, yoxsa qoymazdı, amma siz gedəndən bəri dəli-divanə
kimidir. Qorxuram ki, lap özünə bir şey eləyər.
— Siz nə danışırsız? — Zaurun tonunda istehza var idi, halbuki qəsdən deyildi
bu istehza, öz-özündən rişxənd, kinayə kimi alınındı.
— Dünən gecənin bir aləmində oyandım — bilmirəm üç idi, dörd idi, neçəydi
— gördüm işığı yanır. Həm də musiqi eşidilir. Təəccüb qaldım. Durub keçdim
yanına, gördüm oturub divanın üstündə, əlləriylə dizlərini qucaqlayıb, musiqiyə
qulaq asır və içir... bir şüşə konyakı təkbaşına içib.
— Daha niyə nigaran qalırsız ki, — dedi Zaur, — bundan da yaxşı kef olar?
Mədinə səbirsizliklə:
— Eh, ay Zaur, — dedi, — niyə özünüzü bilməməzliyə qoyursuz? Başa
düşmürsüz ki, halı çox pisdir Təhminənin, mənə deyirdi ki, özümü öldürmək
istəyirəm.


Zaur susmuşdu.
— Niyə başa düşmürsüz axı? Sevir o sizi. Hamıdan çox sizi sevir...
Zaur:
— Bəli, “hamıdan çox”, — deyə təkrar elədi, — elə iş də bundadır ki,
“hamıdan”... “hamıdadır” elə iş...
Mədinə bu sözləri qulaqardına vurdu.
— Bilmirsiz ki, əriylə də sizdən ötrü ayrıldı?
Zaur:
— Əşi, boşlayın görək, — dedi. Təzədən bütün bunlara qayıtmaq istəmirdi,
amma tam arxayınlaşmaq üçün Təhminənin başında heç bir fəlakət olmadığını
da bilməliydi. Əlbəttə ki, Mədinə hər şeyi şişirdirdi. Ayrılıqlarının ilk günləri
Zaurun da az qala bağrı çatlayacaqdı, amma bax bir neçə gün keçdi, yavaş-yavaş
sakitləşib, toxdayıb.
Mədinə:
— Sabah axşam bizə gəlin, — dedi. — Təhminəgilə yox e, bizə, mənim
mənzilimə. Bir oturaq, ağıllı-başlı danışaq. Burada nə isə bir anlaşılmazlıq olub,
vallah, kimsə girib aranıza... Yaman yazığım gəlir qıza...
Zaur:
— Yaxşı, — dedi, — gecəniz xeyrə qalsın.
— Gecəniz xeyrə qalsın. Amma nəbadə deyəsiz mənim zəng elədiyimi.
Bəli, buyurun görək... Evə qayıtdığı ilk axşam, rahat keçirmək istədiyi ilk
axşamı da burnundan tökdülər. Axı qəti söz vermişdi özünə – bütün olan-
keçənləri biryolluq kəsib atsın, yenə təzədənmi başlamalıdır hər şey? Əlbəttə,
sabah Mədinəgilə gedib-eləyən deyil... Zaur siqaret yandırdı, ayrı şeylər
barəsində düşünmək istədi, amma nə qədər cəhd etsə də bacarmadı. Təhminə
gəlib durdu gözlərinin qarşısında. Otağı, divanı, Təhminə də əlləriylə dizlərindən
tutub oturub divanın üstündə, musiqi dinləyir, konyak içir və xısın-xısın ağlayır.
Bəlkə götürüb zəng eyləyim ona? Telefon budur bax, əlimin altındadır, dəstəyi
götürüb altıca rəqəmi yığmaq, vəssalam. Zəng vurub danışım. Ya heç
danışmayım, zəng vurum, səsini eşidim, asım. Bəs birdən telefona cavab


vermədi?.. Birdən yoxdur evdə?.. Bu gün bazar ertəsidir, işləmir, evdə olmalıdır.
Bəs birdən olmadı evdə?.. Evdə deyilsə, hardadır bu vaxt? Deməli, yenə bu
barədə – Təhminənin harada olması barədə düşünəcək, deməli, yenə də biganə
deyil buna, yenə də həyəcanlanacaq. Yaxşısı budur heç zəng vurmayım. Sabah
zəng vuraram... doğurdan da sabah zəng vurmaq olar... elə bil bu fikirdən
yüngülləşdi Zaurun ürəyi, ürəyindən asılmış daş qırılıb düşdü sanki. Sabah
hökmən zəng vurar – bu fikirdən elə sevindi ki, sanasan itirdiyi, bir də
görüşəcəyinə heç bir ümid bəsləmədiyi bir adama təsadüfən yenidən rast gəlib...
Sabah zəng eləyər – yarıciddi, yarızarafat üzrxahlıq eləyər – hər halda o şilləni
nahaq vurdu – bəli, zarafata salıb üzrxahlıq eləyər, sonra görüşməyi təklif edər.
Əgər Təhminə ayrılmaqlarını, doğrudan da, ürəyinə salıbsa, doğrudan da, iztirab
çəkirsə bu ayrılıqdan, onda mütləq razılaşacaq, görüşəcəklər... Ümumiyyətlə,
gələcəkdə də tez-tez görüşə bilərlər – amma indi daha tamam başqa cür – Zaur
daha ayıq olar, bir də tələyə düşməz. Yazıq valideynlərini də incitməsin daha
gərək... sinləri də o sinn deyil, səhhətləri də... Zaur bundan sonra gərək tam ayıq
başla davransın. Ayrılmağımızı istəmirsən, görüşmək istəyirsən, çox yaxşı, mən
də razı, amma daha gərək hər görüşümüz gizli olsun, aləmə car çəkməyək. Həm
də hər ikimiz dəqiq bilək ki, bu görüşlərin məhəbbətə-filana dəxli yoxdur,
qadınla kişinin, erkəklə dişinin cinsi görüşləridir bu, vəssalam, şüttamam... Və
belə olan surətdə Zaurun nə borcuna Təhminəyə kim zəng vurur, kim vurmur,
işdə olmayanda haradadır, harada deyil? Bir sözlə, onların münasibətləri ilk
vaxtlarda, ilk görüşlərində necəydisə elə davam eləməlidir – nə məhəbbət
gərəkdir Zaura, nə sədaqət. Yalnız elə – belə xoş görüşlər. Təhminə də buna
razıdırsa, çox əcəb, görüşərlər, razı deyilsə... Nə deyib razı olmayacaq. Mədinə
demirdi ki, ölüb əldən gedir?.. Səhər işdədir, axşamtərəfi zəng vuraram. Deməli,
sabah zəng vuracam... bu xoş fikirlə Zaur yuxuya getdi.
* * *
Səhər ertədən oyandı, əl-üzünü yudu, mətbəxə keçdi. Zivər xanım oğluna çay
tökəndə:
— Bilirsən ki, atan sənə hədiyyə alıb? — dedi. — Əhd eləmişdi ki, sən evə
qayıdan gün versin, amma deyəsən, utanır. Mənə deyir ki, sən de.
Zivər xanım balaca açarı Zaura uzadaraq:
— Get bax, — dedi. — Qarajdadır.


Yüyürə-yüyürə qaraja tərəf gedərkən Zaurun ürəyi nanə yarpağı kimi əsirdi, yox
yanılmamışdı, qarajda köhnə “Moskviç”in yerində par-par parıldayan təzə
“Volqa” dayanmışdı.
* * *
Nahar vaxtı atasıyla bir azca çaxır içdilər. Məcid bircə qurtum aldı, sağlıqsız-
filansız qədəhini Zaurun qədəhinə toxundurdu və Zaur başa düşdü ki, atası onun
evə qayıtmasının şərəfinə qaldırır bu badəni. Sonra atasının tezliklə sağalması
şərəfinə içdilər. Zivər xanımın sağlığına içdilər ki, belə dadlı-ləzzətli plov bişirib.
Hətta, kooperativ mənzilin şərəfinə də badə qaldırdılar.
Sonra atası öz otağına keçdi. Zaur da dedi ki, istəyirəm bu maşını havaya
çıxardım.
Anası təlaşla:
— Axı içibsən... — dedi.
— Əh, nə içmişəm ki, iki-üç rumka yüngül çaxır da içməkdir? Tez qayıdacam.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə