19
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/1
Müsahibimiz Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda məhkəmə və
hüquq islahatalarına dəstək" layihəsinin Azərbaycan
üzrə koordinatoru Dr. Tomas Meltserdir.
AZƏRBAYCANIN BU SAHƏDƏKİ MÜSBƏT
TƏCRÜBƏSİ NÜMUNƏDİR
‐ Cənab Meltser, çox sağ olun ki, jurnalımıza
müsahibə verməyə razılıq verdiniz. Artıq iki ildən
çoxdur ki, Siz Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin – GİZ‐in "Cənubi Qafqazda məhkəmə və
hüquq islahatalarına dəstək" layihəsinin Azərbaycan
üzrə koordinatorusunuz. Ümumiyyətlə, bu layihənin
səmərəliliyini necə qiymətləndirir və onun
bəhərlərini görə bilirsinizmi?
‐ Həqiqətən də, artıq 2 ildən artıqdır ki, mən Bakıdayam. Halbuki, mənim sələflərim bizim layihəyə
15 il bundan qabaq başlamışdılar. İşimizin, layihəmizin səmərəliliyi sifarişçimiz olan Almaniya
İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən mütəmadi olaraq qiymətləndirilir. Əgər biz
səriştəsiz olsaydıq və Layihəni uğursuz icra etsəydik, yəqin ki, onun üstündən çoxdan xətt çəkilmişdi.
Təcrübəmə əsasən, deyə bilərəm ki, GİZ Azərbaycanda müsbət nüfuza sahibdir. Buradakı insanlar
istənilən Alman şirkəti və ya təşkilatından "Alman keyfiyyəti" gözləyirlər. Və mən düşünürəm ki,
Azərbaycandakı bir sıra təkmil qanunvericiliyin, məcəllələrin ortaya çıxmasında yerli ekspertlərlə
bərabər, alman mütəxəssislərinin də payı olmuşdur. Bunu həm mülki, həm mülki prosessual,
həmçinin inzibati prosessual və şəhərsalma məcəllələri haqqında söyləyə bilərik. Azərbaycan
Almaniyanın bu sahədə uzun illərin sınağından çıxmış təcrübəsindən yararlanır. Almaniyanın
hazırkı Mülki Məcəlləsinin yaşı 100 ildən artıqdır. Lakin biz öz qanunvericiliyimizi xaricə sadəcə
olaraq ixrac etmirik. Biz, azərbaycanlı həmkarlarımızla Almaniyanın təcrübəsini yerli
komponentlərlə uzlaşdırırıq. Ona görədir ki, 2 il bundan əvvəl qüvvəyə minmiş yeni İnzibati
Prosessual Məcəllənin qəbulu 6 ildən çox çəkdi. Niyə də olmasın?! Mükəmməl qanunvericiliyi
ortaya çıxartmaq yüksək keyfiyyətli avtomobili ərsəyə gətirməkdən azmı əhəmiyyətlidir?!
‐ Bu gün biz gündəlik həyatımızda aparılan məhkəmə‐hüquq islahatlarının nəticələrini
tədricən görməyə başlamışıq. Sizcə, isahatlar çox qabağa getməyibmi?! Və bugünkü insanının
təfəkkürünün, ictimai şüurun inkişaf səviyyəsi aparılan islahatlarla sinxrondurmu?
‐ 2 il bundan öncə Bakıya gəlişimin ilk həftəsində bir yerli sahibkarla söhbətim oldu. O, mənim
buradakı işim və qalacağım müddəti soruşdu. Mən isə cavabında iki il dedim. O, gülərək mənə dedi
ki, nəsə etmək üçün sən burada ən azı 100 il yaşamalısan. Məhkəmə‐hüquq islahatlarının təkamülü
üçün 2 il həqiqətən az müddətdir. Bununla belə, mən müsbət nəticələr və əsaslı dəyişikliklərin
şahidiyəm. Təbii ki, hər yerdə deyil, bir sıra yerlərdə. Ədalət mühakiməsi sisteminin daha da
təkmilləşdirilməsi Cənubi Qafqazın ümumi təmayülüdür. GİZ‐in "Məhkəmə və hüquq islahatlarına
dəstək" layihəsinin qayəsi məhz budur və bu işi hər üç ölkədə ayrı‐ayrı qruplar həyata keçirirlər.
Buna görə də bizim müqayisə aparmaq imkanlarımız mövcuddur. Və mən əminəm ki, Azərbaycan
ədalət mühakiməsi sisteminin inkişaf etdirilməsi işində belə, özünə layiq nüfuzlu yeri tutacaqdır.
Sizə sadə bir misal çəkim. Ötən payız Astana şəhərində beş Mərkəzi Asiya ölkələrinin iştirakı ilə
beynəlxalq konfrans keçirilirdi. Həmin ölkələr özlərinin yeni inzibati prosessual
qanunvericiliklərinin təqdimatını keçirməyi nəzərdə tutmuşdular. Onlar tədbirə Cənubi Qafqazdan
nə Gürcüstanı, nə də ki, Ermənistanı dəvət etmişdilər. Dəvət olunmuş ölkə təckə Azərbaycan idi.
Azərbaycandan dəvət edilənlər arasında inzibati məhkəmələr haqqında məruzəçi qismində bir
azərbaycanlı hakim və bir də ki, mən var idim.
20
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/01
Azərbaycanın bu sahədəki müsbət təcrübəsi nümunədir və həqiqətən böyük uğurdur.
Bununla belə, Azərbaycanda öz ailəsi ilə yaşayan və çoxsaylı əlaqələri və yerli dostları olan şəxs
kimi deməliyəm ki, burada əhali arasında ədalət mühakiməsinə inam lazımi səviyyədə deyildir.
Bunun səbəbləri mənə bəllidir. Lakin mən dəqiq şəkildə bilirəm ki, burada etimada layiq olan
hakimlərin sayı insanların etimad göstərmədiklərindən daha çoxdur. Mən hər zaman öz dostlarıma
deyirəm ki, onlara şans verin. Bizim azərbaycanlı hakimlərlə çoxsaylı tədris səfərlərimiz olmuşdur.
Onlar orada nəinki peşə bacarıqlarını, həmçinin
almaniyalı həmkarlarının cəmiyyətdəki nüfuzları
barədə bir sıra məqamları əxz edə bilirdilər.
Təhsilinə, müstəqilliyinə, fəaliyyətinin şəffaflığına
görə almaniyalı hakimlər mötəbər və etimad
göstərilən şəxslərdirlər. Kim belə olmaq istəməz ki?!
Azərbaycanda həmçinin mənim gördüyüm digər
ciddi problem mövcuddur. Orta statistik Azərbaycan
insanının öz hüquqları və məhkəmə‐hüquq sitemi
haqqında məlumatlılıq səviyyəsi çox aşağıdır. Bu
insanları özünəinam vəziyyətinə gətirmək üçün çoxsaylı hüquqi maarifləndirmə işləri aparmaq
lazımdır. Özünəinam şəxsdə fərdi hüquqlar haqqında müəyyən səviyyədə məlumatlılığın olmasını
tələb edir. Əhali arasında bu cür məlumatlılığın artırılması istiqmətində GİZ bir sıra QHT‐lərin
fəaliyyətini dəstəkləyir. Bununla bağlı, biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə
"Qadın hüquqlarına dair bələdçi"nin çapında, həmçinin Azərbaycan Hüquq İslahatları Mərkəzinin
məktəblilərin hüquqi marrifləndirilməsi üzrə pilot layihəsinə dəstək vermişik.
‐ Cənab Meltser, bu sualım Sizə bir az ümumi görsənə bilər. Lakin heç kimə sirr deyildir ki,
GİZ‐in layihələri Almaniyanın vergi ödəyiciləri tərəfindən maliyyələşdirilir. Bu mənada,
Almaniyanın bu tipli layihələrdən umacağı nədir?
‐ Bu günlərdə mən mülki hüquq üzrə ixtisaslaşmış 12 nəfər azərbaycanlı hakimdən ibarət heyəti
bir həftəlik tədris səfəri çərçivəsində Berlin şəhərində müşayiət edəcəyəm. Hər gün səhərlər biz
müxtəlif məhkəmələrdə prosesləri müşahidə edəcək və günortadan sonra müşahidələrimizi
müzakirə edəcəyik. Bu səfərin məqsədi Azərbaycanda mühakimə prosesinin səmərəliliyinin
artırılmasına dəstək vermək və təlimə cəlb olunanları məhkəmə prosesinin tərəfləri ilə bərabər,
işin mahiyyəti və hüquqi aspektlərinin araşdırılması üzrə almaniyalı hakimin prosesdəki rolu
barədə tanış etməkdir. Bu, açıq məhkəmə prosesi olmaqla Azərbaycanda formalaşmış mühakimə
praktikasından fərqlənir. Belə proseslərdən sonra hakimin qərarı heç kim üçün gözlənilməz olmur,
çünki tərəflər artıq əvvəlcədən hakimin əsas arqumentləri barəsində məlumatlı olurlar, hətta ona
reaksiya da vermək imkanına sahib olurlar.
Deməli, beləliklə, GİZ hakimlərin səfər, qalma, sığorta xərclərinə, habelə ekspert və tərcüməçilərə
təxminən 20000 avro pul xərcləyəcəkdir. Bir məsələni qeyd etmək yadımdan çıxmışdı. Səfər
çərçivəsində GİZ hakimlərə hec bir xərclik verməyəcəkdir. Bu, sadəcə misallardan biridir. Bəli,
bizim fəaliyyətimiz Azərbaycanda çox da ucuza başa gəlmir. Və bu cür yüksək vergilərdən əziyyət
çəkən qardaşım və dostlarım məndən soruşurlar: "Axı sən nəyə görə bizim pullarımızı
Azərbaycanda xərcləyirsən?" Mən isə cavabında onlara "ona görə ki, biz varlı ölkədə yaşayırıq və
digər ölkələrdə yaşayan sadə insanların yaşayış şəraitinin yaxşılaşmasına töhfə verməliyik"
deyirəm. Mənim qəti əmin olduğum bir şey var ki, o da insanların hüquqlarının, habelə onların
ədalətli, şəffaf, müstəqil məhkəmələrə çıxışının təmin edilməsinin qida, su, mənzil və səhiyyə
ehtiyaclarının təmin edilməsi ilə eyni əhəmiyyətə malik olmasıdır. Və biz bu dəstəyi dövlətin
özünün vətəndaşlarının hüquqi təhlükəsizliyini təmin etməyə imkanı çataçağı vaxtadək göstəririk.
Sonda az əhəmiyyətli olmayan bir məqamı vurğulamalıyam. Azərbaycan Almaniyanın əhəmiyyətli
ticari partnyorlarındandır və Alman şirkətləri sərmayə qoyacaqları yerlərdə hüquqi təhülkəsizliyə
xüsusi diqqət yetirirlər.