P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil



Yüklə 43,24 Kb.
səhifə3/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

İbtidai məktəblər. Təsilin əsasən rus dilində verildiyi Azərbaycandakı ibtidai məktəblərin nisbətən inkişafı, şəhər özünüidarə orqanları və maarifçilik cəmiyyətlərinin yaranması birinci rus inqilabı dövrünə təsadüf edir.

Proletariatın təzyiqli tələbləri nəticəsində rus dili təlimli ibtidai məktəblər nəinki şəhər özünüidarə orqanları, maarifçilik təşkilatları, həm də sahibkarlıq hesabına açılırdı. XIX əsrin 90-cı illərinin sonlarından Bakı fəhlələrinin təkidi ilə rus dili təlimli ibtidai məktəblərin əsas hissəsi şəhərlərdə, xüsusən Bakıda yerləşirdi. XIX əsrin 90-cı illərinin sonlarından Bakı fəhlələrinin təkidi ilə rus dili təlimli bir sıra ibtidai məktəblərin təsis edilməsinə neft sənayeçiləri qurultayının şurası başladı. Nəticədə 1897-ci ildə əvvəlcə Balaxanı və Bibiheybətdə 2 məktəb, sonra isə Bakının mədən rayonlarında, o cümlədən Romanıda (1900-cü il), Zabratda (1904-cü il) Sabunçuda (1900-cu il) belə məktəblər fəaliyyətə başladı.

Rus dili təlimli məktəblər həm də xüsusi adamlar tərəfindən də açılırdı. Bununla belə Azərbaycanda ibtidai məktəbşəbəkəsi son dərəcə ləng inkişaf edir və məktəb yaşlı uşaqların çoxu məktəbdən kənarda qalırdı. Məsələn, Bakı və Yelizavetapol quberniyalarında 1902-ci ildə müxtəlif tipli 230 ibtidai məktəbdə 14958 nəfər təhsil alırdı ki, onlardan cəmi 3643 nəfəri, yaxud 24,3% azərbaycanlı idi. 1908-ci ildə Azərbaycanda ibtidai məktəblərin sayı 236-ya çatdı ki, burada 20618 şagird vardı və onlardan cəmi 5456 (26,4%) nəfəri azərbaycanlılar idi.

1905-1907-ci illərdə baş verən birinci rus inqilabı geniş fəhlə və kəndli kütləsinin, müəllim və şagirdlərin siyasi fəallığını xeyli artırdı. Bu inqilab bütövlükdə xalqın, ilk növbədə zəhmətkeşlərin fəallğının yüksəlməsinə, yeni həyat, maarif və yeni məktəb, demokratiya uğrunda mübarizənin güclənməsinə, siyasi şüurun yüksəlməsinə və pedaqoji fikrin formalaşmasına kömək edirdi.

Bütün bunların nəticəsi idi ki, keçən əsrin ilk əvvəllərində Azərbaycanda getdikcə ictimai-siyasi oyanma, elm və mədəniyyətə canatma, milli bərabərlik, məktəb şəbəkələrinin genişlənməsi dövrü başladı.

1905-ci ilin martında Azərbaycan müəllimlərinin demokratik qanadı Bakı xalq müsəlman müəllimləri adından çar hökumətinə hər iki cinsdən olan müsəlman (azərbaycanlı) uşaqları üçün təlimin ana dilində, ümumi və pulsuz olması və ibtidai məktəblərdə tədris olunan fənlər siyahısına ana dili və rus dilinin, riyaziyyatın, dövlət və diyarın coğrafiyasının, xalq və dövlət tarixinin, tədiətçünaslığın, dövlət qanunları haqqında əsas anlayışların, elementar gigiyenanın daxil edilməsinə icazə verilməsi haqqında petitsiya göndərdilər. Müsəlman müəllimləri xüsusi məktəblərin açılmasını, pedaqoji məsələlərin müzakirə olunması üçün iclas və qurultaylar çağırılmasını, müsəlman müəllimlərin digər millətlərdən olan müəllimlərlə hüquqlarının bərabərləşdirilməsini, müəllim kadrlarının hazırlanması üçün xüsusi seminariyaların açılmasını, müəllimlərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasını da nəzərdə tuturdular.

İctimai-pedaqoji hərəkat nəticəsində 1906-cı ildə ilk pedaqoji jurnallar Ə.Cəfərzadə və M.Əfəndizadənin redaktorluğu ilə “Dəbistan” (“İbtidai məktəb”) və məhşur pedaqoq M.Mahmudbəyovun redaktorluğu ilə “Rəhbər” nəşr olunmağa başladı. 1911-ci ildən 1920-ci ilə qədər elmi-pedaqoji və əbədi-bədii səpkili “Məktəb” jurnalı nəşr olunurdu. Bu jurnalın ilk nömrəsinin səhifələrində N.Nərimanovun “Əziz uşaqlar” adlı müraciəti dərc olunmuşdu. “Məktəb” jurnalı uşaqlarda və onların tərbiyə olunmasında, elmə, maarifə yiyələnməsində, dünya görüşlərinin genişlənməsində və dərinləşməsində, müsbət mənəvi keyfiyyətlərinin formalaşmasında böyük rol oynamışdı. Jurnalın nəşri Qafur Rəşad, redaktorları isə Qafur Rəşad və Ə.Əfəndizadə idi. Onun səhifələrində H.B.Zərdabinin, M.Ə.Sabirin, S.S.Axundovun, Ü.Hacıbəyovun, A.Şaiqin, A.Səhhətin, C.Cabbarlının və b. məqalələri dərc olunurdu. Jurnalda həm də rus klassiklərindən tərcümələr və uşaq ədəbiyyatı seriyası nəşr olunurdu.

Birinci rus inqilabi illərində digər qəzet və jurnallar, o cümlədən “Molla Nəsrəddin” jurnalı çap olunurdu. Bu jurnalın səhifələrində demokratik-pedaqoji fikrin formalaşmasında, ümumtəhsil ideyaların yayılmasında, aktual tərbiyəvi fikirlərin formalaşmasında pedaqoji istiqamətli məqalələr öz əksini tapmışdı.

Bakıda “Nəşri maarif” (1906-1917-ci illər). “Nicat” (1906-1917-ci illər) “Səadət” (1907-1917-ci illər) kimi xeyriyyəçilik cəmiyyətləri aktiv fəaliyyətə başlamışdılar. Bu cəmiyyətlərin məqsədi, əsasən, əhali arasında savadın yayılması, fəaliyyətdə olan məktəblərə maddi kömək göstərilməsi, yeni məktəblərin, kitabxanaların, oxu zallarının açılmasına qayğı göstərmək, müəllim kadrları hazırlığına şərait yaratmaqdan ibarət idi. “Nəşri-maarif” cəmiyyəti kasıb ailə, yetim uşaqların tərbiyəsini və onların saxlanılmasını öz üzərinə götürmüşdü.

Analoji cəmiyyət Şamaxı, Nuxa, Lənkəran və başqa yerlərlə də yaradılırdı. Bu xeyriyyəçilik cəmiyyətlərinin fəaliyyəti nəticəsində yeni tədris ocaqları nəinki Bakı şəhərində, həm də Gəncə, Nuxa, Ağdam, Göyçay və digərşəhərlərdə də açılmağa başladı.

Xalq təhsili sahəsində demokratik ziyalıların tələblərinin həyata keçirilməsində “Nəşri-maarif” ilə “Nicat” cəmiyyəti və onun rəhbərləri H.Zərdabi və N.Nərimanov böyük rol oynadılar. Qabaqcıl müəllimlərin təşəbbüsü ilə H.Zərdabi və N.Nərimanov başda olmaqla 1906-cı ilin yayında Bakıda azərbay-canlı-müəllimlərin birinci qurultayı açıldı ki, ora Zaqafqaziyanın digər quberniya-larından da nümayəndələr dəvət olunmuşdu. Qurultay Azərbaycan ibtidai məktəbləri üçün ana dili üzrə tədris planı və proqram, ana dilində dərsliklərin tərtib olunması və nəşr edilməsi haqqında qərar qəbul etdi, müəllimlərə ana dilinin tədrisində səsləndirmə metodundan cəsarətlə istifadə etmək, məktəblərə Azərbaycanlı qızların cəlb edilməsi ilə bağlı işin genişləndirilməsinin yollarını göstərdi.

Qabaqcıl ziyalılar vəziyyətdən çıxış yolunu yalnız əhali arasında maarifin yayılması, ana dilində məktəblərin açılması, yeni tədris proqramlarının, dərsliklərin və dərs vəsaitlərinin, qəzet və jurnalların nəşr olunmasında görürdü.

O zamanlar qabaqcılziyalıların fəaliyyəti nəticəsində Azərbaycandan xeyli sayda dərsliklər hazırlanıb nəşr edilmişdir. XIX əsrin sonlarında N.Nərimanovun “Azərbaycan dilinin qrammatikası”, “Ruslar üçün Azərbaycan dilinin müstəqil öyrənilməsi” (1899-cu il), hesabdan bir sıra dərsliklər, XX əsrin əvvəllərində daha yeni dərsliklər, o cümlədən M.Mahmudbəyovun “Türk əlifbası və ilkin oxu”, “İkinci il” və s. nəşr edilmişdir. Q.S.Eyvazovun “Təlim metodları və tərbiyə öyrənmə”, Ş.Q.Məmmədəminin “Təlim və tərbiyə nümunələri”, H.Zərdabinin “Türk nəğmələri nümunəsi”, Ü.Hacıbəyovun “Hesabdan məsələlər” və b. nəşr olunmuşdur.

Qadın tədris müəssisələri şəbəkələri genişlənirdi. 1907-ci ildə Qazax qəzasının Salahlı kəndində Mədinə xanım Vəkilovanın təşəbbüsü ilə qızlar üçün məktəb açıldı.

Həsənbəy Zərdabinin qızı Qəribsoltan Zəyəmdə, Adilə Məmmədzadə Ağdamda, Xədicə xanım Ağayeva və Xuraman xanım Abdullayeva Gəncədə, Həmidə xanım Məmmədquluzadə Qarabağda qız məktəbləri açır və qadın təhsilinin inkişafı uğrunda fəal mübarizə aparırdılar.

İnqilabi yüksəliş illərində, həm də müsəlman ruhanilərin, dini məktəblərin mövqeyi zəifləyir, rus dilində ibtidai məktəb şəbəkəsi kütləvi hal alırdı. 1914-1915 ci tədris ilində onların ümumi sayı 943-ə çatmışdı. Bu məktəblərdə 61,2 min şagird təhsil alırdı ki, bunların da 35,5 % - i azərbaycanlılar, o cümlədən 3% - ə yaxını isə qızlar idi. Bununla belə, azərbaycanlı qız-şagirdlərin ibtidai məktəblərdə ümumi sayı 1,7 min nəfərdən artıq deyildi.

Azərbaycanlı şagirdlərin sayının artmasına dörd illik rus-Azərbaycanməktəbləri də xeyli kömək etdi. 1912-ci ildə təkcə Bakıda 2546 şagirdi olan 12 rus-Azərbaycan məktəbivar idi ki, onlardan üçü qız məktəbləri idi. Belə tipli məktəblər Gəncə, Şəki, Şuşa, Naxçıvan, Şamaxı şəhərlərində də fəaliyyət göstərir və 1914-cü ildə onların sayı 25-ə çatmışdı.

XIX əsrin 8-ci illərindən xalq məktəbləri direktorluğunun tabeliyində olan bu tədris məktəblərində aparılan ruslaşdırma siyasəti ana dilinin tədrisini sıxışdırıb aradan çıxarmağa xidmət edirdi. Birinci rus inqilabının təsiri altında, 1905-1906-cı tədris ilində, rus-Azərbaycanməktəblərində tədris birinci sinifdə ana dilində başlayır, ikinci yarım ildən isə tədricən rus dilində davam etdirildi. Sonrakı siniflərdə tədris, əsasən, rus dilində aparılırdı. İbtidai məktəblərdə əsas fənlər ilahiyyatdan, ana dili və rus dilindən başqa, hesab, təbii tarix, rus tarixi və coğrafiyasının elementar kursu idi.

Azərbaycanlılar arasında maarifin inkişafında rus-Azərbaycan məktəbləri son dərəcə müsbət rol oynayaraq, gənclərdə müasir elmə həvəs oyatdı. Bu məktəblərin məzunları sonra orta məktəblərə, texniki və özəl məktəblərə qəbul oluna bilirdilər.

Artıq XX əsrin əvvələrində rus-Azərbaycanməktəbləri məzunlarını kontorlarda, firmalarda, mətbəə və nəşriyyatlarda görmək olardı. Onlara həm də müsəlman qəzet və jurnalların əməkdaşları, artistlər, gəmi sahibləri, texniklərvə hətta ali məktəb tələbələri arasında da rast gəlinirdi.

Təhsilin yayılmasında Rus-Azərbaycanməktəblərinin müsbət rolundan danışmaqla, bu tədris müəssisələrinin fəaliyyətindəki çatışmazlıqları da göstərmək lazımdır. Bu məktəblərə, əsasən, imkan daxilində kiçik tacirlərin uşaqları qəbul edilirdi. Heç də təsadüfi deyil ki, Bakı-Dağıstan xalq məktəbləri direktorluğunun inspektoru, məşhur maarifçi-pedaqoq S.Qənizadə yazırdı ki, “yaxşı dərsliklərin və ana dili üzrə sinifdənxaric oxu üçün kitab və jurnalların olmaması, müəllim və şagirdlərin tədris proqramını yerinə yetirməkdən məhrum edir, bu məktəblərin şagirdləri nəinki rus dilində, həm də öz doğma dilində sinifdənxaric oxu ilə məşğul olmurdular”.

Mədən fəhlələri balalarının təhsil aldığı məktəblər fəhlə qəsəbələri mərkəzindən 2-3 verst kənarda yerləşirdi. Məktəblər pis təmir olunmuşdu, siniflərdə uşaqların sayı həddən artıq çox idi (hər sinifdə 60 nəfərə yaxın). Bu məktəblərdə təhsil işinin səviyyəsi də son dərəcədəaşağı idi. Beləməktəblərdən birinin hesabatında deyilirdi: “Uşaqlar mədənlərdə, əsasən darmənzillərdə, çətin həyat şəraitində ehtiyacsan boğulanfəhlələr içərisində yaşayırlar” (Bibi-Heybət məktəbinin 1908-ci ilə aid hesabatından); Başqa bir mənbədə isə oxuyuruq “Mədən və zavod fəhlələri balalarının həyatı o qədər çətindir ki, həyat onları o qədər sıxır və zəiflədir ki, onlar hamıya, hətta məktəbə də eyni hisslərlə yanaşır, inamsızlıqla baxırlar”. (Qaraşəhər məktəbinin 1907-ci ilə aid hesabatından); “Mədən uşaqlarının təəssüratı kütləşib. Yalnız güclü tərpənişdə onların diqqəti qıcıqlana bilir” (Bayıl məktəbinin 1907-ci ilə aid hesabatından).

1872-ci il “Əsasnamə”sinə uyğun olaraq Azərbaycanda ibtidai məktəb-lərlə yanaşı yüksək tipli ibtidai məktəblər-şəhər məktəbləri fəaliyyət də göstərirdi. Lakin onların şəbəkələri çox ləng inkişaf edirdi. 1902-ci ildə cəmi 10 şəhər məktəbi fəaliyyət göstərirdi ki, onlardan da ikisi Bakı və Şuşada, digərləri isə Gəncə, Şamaxı, Zaqatala, Naxçıxan və Ordubadda idi. XX əsrin ilk onilliyində Lənkəran, Quba və Sabunçuda da şəhər məktəbləri təsis olundu.

1912-ci ildə şəhər məktəbləriali ibtidai məktəblərə çevrildi. 1914-1915-ci tədris ilində onların sayı 18-ə çatdırıldı orada 4,7 min tələbə təhsil alırdı. Bu məktəblərə üçillik ibtidai şəhər və kənd məktəbləri, “Rus-Azərbaycan” məktəb-lərini qurtaranlar qəbul edilirdi. Ali ibtidai məktəblərdə ədəbiyyat, cəbr, həndəsə, və fizika tədris olunurdu. Azərbaycanlılar arasında şəhər məktəblərinə xüsusi maraq var idi. Valideynlərin çoxu öz uşaqlarının bu məktəblərdə təhsil almasını istəyirdilər, çünki orta məktəblər onlar üçün əlçatmaz idi. Ali ibtidai məktəblərdə verilən təhsil isə onların orta peşəməktəblərində və ibtidai məktəblərdə müəllimlik etməyə, mühasibat kurslarına daxil olmağa, müəssisə yaxud xüsusi firmaların kontorlarında yüksək vəzifə tutmağa imkan verirdi.




Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə