Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə7/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   38
DOC-20230526-WA0029.

Praktik işlər. Praktik işlər tələbələrin müstəqil iş növlərindən biri olub nəzəri bilikləri dərinləşdirmək, zəruri bacarıq və vərdişlər formalaşdırmaq məqsədi güdür. Praktik iş yunanca “praktikos” sözündən götürülərək “fəaliyyətli” mənasını verir. Bu məşğələlər nəzəriyyə və təcrübənin əlaqələndirilməsinə, biliklərin konkretləşməsinə və möhkəmlənməsinə, tələbələrin zehni qüvvələrinin və müstəqilliyinin inkşafına kömək göstərir. Praktik məşğələlərin məzmunu çoxcəhətli olub, fənnin xarakterindən aslıdır: müşahidələr aparmaq, çalışmalar, məsələ və misal həlli, ölçmə və hesablama işləri, sxem, cədvəl, qrafik tərtibi, tətbiqi xarakterli tapşırıqlar, eksperiment qoymaq, oxu, tərcümə, təcrübəçilik və konstruktorluq işləri və s. bu qəbildəndir. Müəllim fənndən, mövzudan asılı olaraq praktik iş növlərini seçib tətbiq edir. Məsələn, coğrafiyadan bu işlərin köməyi ilə coğrafi və topoqrafik xəritələri oxumaq, müəyyən coğrafi səthin planını tərtib etmək, təbiətdə müxtəlif müşahidələr (meteoroloji, hidroloji, geomorfoloji və s.) aparmaq və s. bacarıqlar aşılanır. Praktik məşğələlərin quruluşu bir çox cəhətdən, seminar məşğələləri ilə ümumilik təşkil edir: giriş, əsas və yekun mərhələlər. Praktik məşğələlərin səmərəli təşkili üçün müəyyən şərtləri gözləmək lazımdır:
a) tələbələr praktik işə ciddi hazırlaşmalı, tətbiq ediləcək nəzəri bilikləri yaxşı mənimsəməlidirlər;
b) müəllim praktik işlərin yerinə yetirilməsi priyomları ilə tələbələri tanış etməlidir; c) işin icrası üçün lazım olan vəsait, alət və avadanlıqlar əvvəlcədən hazırlanmalı və tələbələrin hamısı təmin olunmalıdır;
ç) müəllim tələbələrin müstəqilliyini məhdudlaşdırmadan işlərin icrasına nəzarət etməli, zəruri hallarda istiqamət verməlidir;
d) görülən işlər ciddi təhlil olunub obyektiv qiymətləndirilməlidir.
Laborator məşğələlər. Laborator məşğələlər tələbələrin müstəqil iş növlərindən biri olub, onların xüsusi alət və cihazlarla təcrübə və müşahidələr aparmasını nəzərdə tutur (latınca “laboratorium” - əmək, iş deməkdir). Belə məşğələlər təlim prosesində böyük əhəmiyyətə malikdir. Onların vasitəsi ilə öyrənilən nəzəri biliklər təcrübəyə tətbiq olunaraq daha da dərinləşir, konkretləşir, tələbələr cihaz və alətlərlə işləmək və təcrübə qoymaq, nəticələr çıxarmaq bacarıqlarına yiyələnirlər. Onlarda elmə, elmi-tədqiqata maraq yaranır. Bu da gələcəkdə elmi fəaliyyətə hazırlaşan tələbə və magistrlər üçün çox vacibdir. Laborator məşğələlər müxtəlif vəzifələri yerinə yetirir: -nəzəri biliklərin müasir texniki baza əsasında tətbiqini öyrətmək;
- gələcək mütəxəssis üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırmaq;
- tələbələrdə tədqiqatçılıq maraqları və qabiliyyətini inkişaf etdirmək.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar. Frontal məşğələlər zamanı qrupdakı bütün tələbələr hər biri ayrılıqda (yaxud cüt tərkibdə) eyni təcrübəni, eyni işi yerinə yetirirlər. Belə təcrübələr mövzunun keçirilməsi ilə eyni vaxtda aparılır. Praktikumlar (səpəli məşğələlər) cihazların sayı az olduqda kiçik qrup tərkibində, həm də müəyyən mövzular və bəhs bitirdikdən sonra keçirilir. Belə məşğələlərdə daha mürəkkəb tapşırıqlar yerinə yetirilir. Məsələn, kondensatorun həcminin ölçülməsi, işıqlanma qanunlarının öyrənilməsi (fizika), üzvi və qeyri-üzvi maddələrin sintezi, istilik, torpaq və ərzaq məhsullarının tədqiqi (kimya) və s. Laborator məşğələlərin quruluşu praktik məşğələdəki mərhələlərə uyğun gəlir: giriş, işin icrası, nəzarət, yekun mərhələləri. Laborator məşğələnin səmərəli təşkili üçün müəyyən pedaqoji şərtlərə əməl edilməlidir:
a)tələbələrin məşğələlərə nəzəri hazırlığını təmin etmək;
b) onların müstəqilliyini, tətqiqatçılıq maraqlarını stimullaşdırmaq, təcrübə və eksperimentlərə yaradıcılıq, tədqiqat elementləri daxil etmək;
c) tələbələri elmi idrak metodları, eksperimentin ümumi metodikası ilə silahlandırmaq;
ç) onları təlimdənkənar elmi işlərə ‒ elmi dərnəklərə, tələbə elmi cəmiyyətinə cəlb etmək, tələbələrə öz səviyyələrinə uyğun fərdi-diferensial yanaşmanı həyata keçirtmək;
d) tələbələrin tədqiqatçılıq maraqlarını peşə-ixtisas yönümü ilə əlaqələndirmək. Təlimin nəzərdən keçirilən praktik formaları düzgün təşkil edildiyi şəraitdə nəzəri bilikləri təcrübəyə tətbiq etmək, onlardan əməli peşə fəaliyyətində müstəqil və yaradıcı şəkildə istifadə etmək bacarıqlarının formalaşmasında mühüm rol oynaya bilər



  1. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı

Tələbələrin müstəqil işi ali məktəbdə təlim prosesinin mühüm komponentini təşkil edir. Müasir həyat müstəqil və yaradıcı düşünən, dərin bilikli, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar tələb edir. Cəmiyyət üçün bu cür mütəxəssislərin formalaşmasında müstəqil işlərin rolu böyükdür. Müstəqil işi tələbələrin təlim-idrak fəaliyyətinin təşkili forması kimi səciyyələndirmək olar; bu halda tələbə qarşıya qoyulmuş didaktik vəzifəni müəllimin müdaxiləsi, bilavasitə köməyi olmadan yerinə yetirir. Təlimdə müstəqil işin mahiyyətini belə ifadə etmək olar: təlimdə müstəqil iş tələbinin qarşıya qoyulmuş təlim məqsədini dərk edərək (1), müəyyən təhriklə zehni və əməli fəallıq, səy göstərərək (2), zəruri bilikləri və səmərəli yolları seçib tətbiq etməklə (3), bilavasitə kömək olmadan öz gücü ilə yerinə yetirməsində (4), habelə özünə nəzarət və qiymətləndirmədə (5) təzahür edən təlim-idrak fəaliyyətinin təşkili formasıdır (6).
Göründüyü kimi, müstəqil iş bir çox xüsusiyyətlərə malikdir. Bu işlərə rəhbərlikdə həmin xüsusiyyətlər nəzərə alınmalı və təmin edilməlidir. Müstəqil işin icrasında tələbə nəyi və nə məqsədlə edəcəyini, necə, hansı yollarla (priyomlarla) edəcəyini bilməli, daxili təhriklə (motivasiya) fəallıq və səy göstərməli, özünə nəzarət etməli, səhvlərini tapıb düzəltməli, öz işini qiymətləndirməyi bacarmalıdır. Bu ünsürlərdən hər hansı birinin çatmaması müstəqil işin mahiyyətinə xələl gətirir və onun səmərəsinə mənfi təsir edir. Məsələn, hər hansı tapşırığın icrasında tələbədə müsbət motiv olarsa, lakin lazımi bilik və bacarıqlar çatmadığı halda o, işi müstəqil yerinə yetirə bilməz və əksinə, lazımi biliklərə malik olsa da müsbət motiv yaranmadıqda o, kənar kömək olmadan işin öhdəsindən gələ bilməz. Eləcə də tələbə işin məqsədini dərk etmədikdə, iradi səy göstərmədikdə, müstəqil iş priyomlarına yiyələnmədikdə həvəssiz işləyir, ya işə girişmir, ya da onu yarımçıq qoyur və s. Bunu nəzərə alaraq müəllim təlimdə tələbələrin müstəqil işinin bütün struktur ünsürlərinə yiyələnmələrinə, onlarda müstəqil iş bacarıqlarının formalaşmasına çalışmalıdır. Yalnız bu halda tələbə tam müstəqil fəaliyyət göstərə bilər. Təlimdə müstəqil işlərin növləri və tipləri çoxsahəli və rəngarəngdir. Pedaqoji ədəbiyyatda bu işlər müxtəlif məntiqi əsaslara görə təsnif edilir:
- müstəqil işin mənbələrinə görə: kitabla iş, əlavə mənbələr üzrə iş, məsələ həlli, çalışmalar üzrə iş, əyani materiallarla iş, əlavə cihazlarla iş, qrafik işlər və s.;
- tələbələrin əhatə dairəsinə görə: frontal, qrup, cüt və fərdi işlər;
- icra formasına görə: yazılı, şifahi, əməli, qrafik işlər;
- icra yerinə görə: auditoriyada müstəqil iş (mühazirə və məşğələlərdə tələbələrin mühakimə yürütməsi, plan və icmal tərtibi, çalışmaların icrası və s.), auditordankənar müstəqil işlər (referat, kurs işi, tədris-tədqiqat işi, elmi-tədqiqat işi, klub və dərnək işləri, kitabla iş, internetlə iş, özünütəhsil və s.);
- müstəqil işin funksional cəhətinə görə: biliklərin mənimsənilməsi, möhkəmləndirilməsi, tətbiqi və yoxlanılması məqsədi güdən işlər;
- zehni fəaliyyətin xarakterinə görə: nümunə üzrə, yenidənqurma xarakterli işlər, evristik (qismən-axtarış tipli) müstəqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər təsnifatlar da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin təkrarını, onlar üzərində əməliyyat aparmağı nəzərdə tutur); idrak-axtarıcılıq (evristik) işləri (yeni biliklərin mənimsənilməsi); yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı tətbiqi);
- fəlsəfi-qnoseoloji əsasa görə: hissi-perseptiv xarakterli müstəqil işlər (müşahidə, keçmiş təcrübə və biliklərin bərpası, yeni hallara tətbiqi); zehni xarakterli müstəqil işlər (təfəkkür əməliyyatları, zehni məsələ ‒ problem həlli, zehni-tətbiqi və zehni təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-eksperimental, layihə-konstruksiya və bədii-qrafik işlər).
Göstərilən müstəqil iş növləri və tiplərindən təlimin müxtəlif formalarında geniş istifadə edilməlidir. Müstəqil işlərin səmərəli təşkili üçün bəzi şərtləri gözləmək lazımdır:
1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim formalarında sistemli və ardıcıl şəkildə tətbiq olunmalıdır;
2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx əlaqələndirilməli, yaradıcı işlərə diqqət artırılmalıdır;
3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları) öyrədilməlidir;
4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata keçirilməli (məsləhət, nəzarət, kömək, uçot və qiymətləndirmə), müəllimlər müstəqil iş nəzəriyyə və metodikasına yiyələnməlidirlər.
Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir. Tələbə elmi işləri ali təhsildə iki başlıca fəaliyyətə ‒ tədris və elmi fəaliyyətə əsaslanır. Gələcək mütəxəssis həm dərin elmi biliklərə yiyələnməli, həm də yaradıcı fəaliyyətə hazırlanmalıdır. Buna görə də tələbələri hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb etmək lazımdır. Vaxtilə Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə müsbət təcrübə əldə edilmişdir. F.B.Köçərli, U.Hacıbəyli, R.B.Əfəndiyev və başqaları hələ tələbə ikən ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada oxuyarkən yazmağa başlamışlar. Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti iki yolla həyata keçirilir:
a) auditoriya məşğələləri ilə bağlı işlər;
b) auditoriyadankənar elmi işlər.
Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin tərkib hissəsi kimi özünü göstərir. Belə elmi axtarıcılıq işləri tələbə tədris tədqiqat işləri (TTTİ) adlanır. Buraya kurs işləri və layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə mühazirə, seminar, laborator və praktik məşğələlərlə, istehsalat və pedaqoji təcrübə ilə əlaqədar, habelə xüsusi kurs və seminarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. daxildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya qoyulan təlim məqsədindən asılı olaraq tələbələri çox müxtəlif elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Məsələn, müəyyən bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümumiləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif konsepsiyaları müqayisə etmək, qruplaşdırmaq, onlara tənqidi münasibət göstərmək və s. Kurs, buraxılış və diplom işləri, elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və təcrübi eksperimental səciyyə daşımalıdır.
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu auditoriyadankənar elmi fəaliyyətin təşkilidir. Bu cür elmi işlər tələbə elmi-tədqiqat işləri (TETİ) şəklində özünü göstərir. Hazırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət göstərir: tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi laboratoriyaları; elmi konfranslar, seminar və simpoziumlar; fənn olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi məktəbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə tədqiqat işləri və s. Elmi fəaliyyətlə məşğul olan tələbələr tələbə elmi cəmiyyətində (TEC) birləşirlər. Tələbə elmi işinə kafedranın rəhbərliyi müxtəlif istiqamətlərdə təmin olunur:
a) kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili;
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının işlənməsində tələbələrin iştirakı;
c) istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-tədqiqat xarakterli tapşırıqları yerinə yetirmələri;
ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, diplom və laborator işlərinin icrası və s. TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəxsiyyətlər kimi formalaşmasına kömək göstərir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə