Mühazirə mətni (30+30 saat) GİRİŞ



Yüklə 0,95 Mb.
səhifə7/11
tarix14.05.2018
ölçüsü0,95 Mb.
#44090
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

13. SİSTEM TƏHLİLİ METODLARI
Modellər sistemini qurarkən, ilk növbədə, obyekt və onun fəaliyyət göstərdiyi ətraf mühit barədə lazımi informasiya toplamaq tələb olunur. Bunun üçün bir sıra təhlil metodları mövcuddur ki, bunlar da modelin səviyyəsi və modelləşdirilən sahə ilə müəyyən edilir.

Yaradılan modelin səviyyəsi. Model ya problemin həlli məqsədi ilə, ya da həmin problemin həlli üçün şərtlərin formalaşdırılması üçün yaradıla bilər. Lakin hər halda model müxtəlif (operativ, cari və perspektiv) idarəetmə səviyyələrində qərar qəbulunun informasiya təminatının yaxşılaşdırılmasına xidmət etməlidir.

Funksional sahənin sərhədləri. Yaradılan model ya yalnız bir funksional sahəyə, məsələn, mühasibat uçotu və maliyyəyə aid ola bilər, ya da bir-neçə funksional sahədən keçən prosesləri təsvir edə bilər. Modelləşdirmənin sərhədləri və aidi təşkilati səviyyə müəyyən edildikdən sonra daha vacib momentlərin aşkarlanma­sına başanılır. Modeldə əks etdirmək üçün vacib faktların aşkalanması və ya sistem təhlili metodlarına: müsahibəgötürmə, anketləşdirmə, sənədlərin icmalı, müşahidə və beyin hücumu aiddir.

Müsahibəgötürmə. Bu metodun aşağıdakı elementləri vardır: müsahibə planı, müsahibə aparılması və yazıyaalma.

Müsahibə planı. Bu plan mövcud informasiya sisteminin təhlili və gələcək sistemə qarşı qoyulan tələblərin təsviri üçün lazımdır. Plan aşağıdakı momentləri əks etdirir:

  1. Müsahibəgötürmənin məqsədi;

  2. Müsahibənin predmeti – nəticədə alınacaq informasiya gələcək modelə münasib olmalıdır;

  3. Şirkət müştərilərinin müsahibəyə cəlb edilməsi. Ola bilsin ki, modelləşdiri­ləcək bölmə ilə əlaqə qurmaqda onların müəyyən çətinlikləri olsun.

  4. Müsahibənin aparılacağı yerin və sualların tipinin müəyyən edilməsi.

Müsahibə aparılması. Müsahibənin quruluşu dəqiq olmalıdır. Müsahibə götürən dinləməyi yaxşı bacarmalıdır.

Müsahibənin yazıya alınması. Müsahibə götürülərkən əsas momentləri qeyd etmək lazımdır. Yazıyaalma zamanı müəssisə sisteminin aşağıdakı 3 əsas atributu önə çəkilməlidir:

  1. biznes-proses - müəssisənin fəaliyyəti kimi qavranılan girişin çıxışa çevrilməsi prosesi;

  2. verilənlər – təşkilatdakı biznes-proseslərin vəziyyətini və gedişini əks etdirir.

  3. informasiyanın hərəkəti – biznes-proseslər bir-biri ilə əlaqəlidir, onlar ayrılıqda mövcud ola bilmirlər, buna görə də bir biznes-prosesdən digərinə keçid məntiqi ardıcıllıqla izlənməlidir.

Müsahibəgötürmə metodunun aşağıdakı nöqsanları vardır:

  1. müsahibə verən, ola bilsin ki, müəssisənin yenidən qurulmasında maraqlı deyil. Bu halda alınan informasiya düzgün olmaya bilər.

  2. anlayışlar tez-tez qarışıq salınır. Müsahibə nəticəsində sonda nə lazımdırsa, o alınmalıdır. Halbuki bəzən nəticəni necə almaq önə çıxır.

Anketləşdirmə tədqiq edilən təşkilat barədə konkret növ informasiya almaq üçün istifadə edilir ki, bu da sistem təhlilində məhdud hallarda tətbiq edilir. Çünki, əvvəla, sualı elə qurmaq lazımdır ki, bütün rəyi soruşulanlar onu birmənalı başa düşsünlər; ikincisi, keyfiyyətli anket tərtib etmək üçün analitik sistemi yaxşı tanımalıdır. Buna görə də anketləşdirmənin müşahidənin sonunda aparılması məqsədəuyğundur; üçüncüsü, çoxsaylı anketləri, xüsusən də cavabsız qoyulan suallar olduqda, işləmək çətindir.

Bununla belə, şirkətin daha çox müştərisinin rəyini öyrənmək zəruri olduqda anketləşdirmə daha münasibdir. Standart suallar qoymaqla və daha çoxsaylı anket paylamaqla daha keyfiyyətli anketləşdirmə aparmaq mümkündür.



Sənədlərin icmalı. Müəssisənin fəaliyyəti barədə olan informasiyanın əksər hissəsi sənədləşdirilir. Buna görə də tədqiqatın növbəti mərhələsi sənədlərin öyrənilməsindən ibarətdir. Müəssisənin işi haqqında ümumi mənzərə yaradan sənədləri nəzərdən keçirmək daha məqsəduyğundur. Lakin bu metod da əhəmiyyətli nöqsanlara malikdir. Belə ki, müəssisədəki sənədlər o qədər çoxdur ki, onların arasından lazım olanları tapıb seçmək olduqca çətindir.


14. SİSTEM TƏHLİLİ PROSEDURLARININ XIRDALAŞDIRILMASI VƏ GİRDƏLƏŞDİRİLMƏSİ
İnsana xas olan analitik düşüncə tərzini anlayıb, praktiki işdə istifadə etməyi qədim mütəfəkkirlər yüksək qiymətləndirmişlər. Məsələn, R.Dekart yazırdı ki, “öyrəndiyiniz məsələni hissələrə bölün ki, həll etmək asan olsun”. Lakin tamı tərkib hissələrinə necə gəldi, bölmək olarmı? Əlbəttə yox! Bəs tamın hissələrə bölünməsi və hissələrin tam halında birləşdirilməsi necə aparılmalıdır? Elmi məntiqə görə, tamı elə hissələrə və elə ardıcıllıqla bölmək lazımdır ki, həmin hissələri əks istiqamətdə həmin ardıcıllıqla birləşdirib, həmin tamı yenidən bərpa etmək mümkün olsun. Çünki yalnız bundan sonra tamın quruluşu barədə fikir söyləmək mümkün olur.

Tamın hissələrə bölünməsi təhlil məsələsidirsə, hissələrin də tam halında birləşdirilməsi sintez məsələsidir. Lakin bir çox filosoflar və təbiətşünaslar sintezin yalnız “hissələrin birləşdirilməsi” kimi başa düşülməsi ilə razılaşmırlar. R. Akoff göstərir ki, tam hissələrinə bölündükdə həm tam ölür, həm də hissələr. R.Akoff təhlil və sintez əvəzinə “reduksiya” və “ekspansiya” terminlərini işlətməyi məsləhət görür.

Hələ ki, elmdə analitik metod üstün mövqeyə malikdir. Halbuki, bu metod yalnız o zaman yüksək nəticələr verir ki, tamı bir-birindən asılı olmayan hissələrə bölmək mümkün olsun. Çünki yalnız bu halda hər bir hissənin ümumi səmərədəki xüsusi çəkisi aydın təsəvvür edilə bilir. Lakin bu halda da ayrı-ayrı hissələrin fəaliyyətlərini ayrılıqda yaxşılaşdırmaq ümumi sistemin fəaliyyətinin yaxşılaşmasına gətirib çıxar­mır. Məsələn, dünyanın ən yaxşı karbüratorunu, mühərrikini, faralarını, təkərlərini və s. yığmaqla dünyanın nəinki ən yaxşı avtomobilini yaratmaq, hətta ümumiyyətlə, maşın yığmaq mümkün deyil. Çünki müxtəlif markalardan olan maşınların detalları bir-birinə uyğun gəlmir. Bu isə o deməkdir ki, “qeyri-additiv” sistemlərdə əsas diqqət elementlərin tək-tək yaxşılaşdırılmasına deyil, onların qarşılıqlı fəaliyyətinin yaxşılaş­dırıl­masına yönəldilməlidir. Digər tərəfdən, analitik metodun son məqsədi baxılan hadisələrdəki səbəb-nəticə əlaqələrini müəyyən etməkdən ibarətdir. Lakin bir şey o zaman dərk edilmiş hesab edilir ki, onu törədən səbəb tam aydın olsun. Bu isə həmişə mümkün olan iş deyil. Çünki səbəb-nəticə münasibətlərində “ətraf mühit” anlayışı yoxdur. Halbuki bu qətiyyən yol verilməz haldır. Belə ki, nəticə səbəbin yalnız və birbaşa törəməsi deyil, şəraitin məhsuludur. Yəni səbəb yalnız ətraf mühitlə birgə işlədikdə səbəb ola bilir. Bu isə sintetik yanaşma metodudur.

Bütün bunlarla yanaşı, həm analitik, həm də sintetik yanaşmada elə bir moment gəlir ki, tamı hissələrinə bölmək və hissələri tam halında birləşdirmək ehtiyacı yara­nır. Bölmə əməli dekompozisiya (xırdalaşdırma), yığma isə aqreqatlaşdırma (girdələş­dir­mə) adlanır və hər iki əməl alqoritmləşdiriləndir. Lakin kifayət qədər mürəkkəb sistemlər adətən zəif strukturlaşdırılmış, pis formallaşdırılmış olur. Buna görə də dekompozisiya yalnız ekspert tərəfindən aparılır. Həm də eyni bir obyekti müxtəlif ekspertlər müxtəlif cür dekompozisiya edirlər. Bu onunla bağlıdır ki, hər bir ekspert dekompozisiyanı seçdiyi konkret modelə əsasən aparır. Bir obyektin isə çoxsaylı modelləri olduğundan, ekspertlər təbii olaraq müxtəlif dekompozisiya variantları təklif edirlər.



Problemin ləğvi üçün müxtəlif mütəxəssislər müxtəlif mərhələlər təklif edirlər. Məsələn, S.L. Optnerə görə, problemi aradan qaldırmaq üçün aşağıdakı mərhələlər olmalıdır:

  1. simptomların qeydə alınması;

  2. problemin aktuallığının təyini;

  3. məqsədlərin təyini;

  4. sistemin quruluşu və qüsurlarının təyini;

  5. imkanların təyini;

  6. alternativlərin tapılması;

  7. alternativlərin qiymətləndirilməsi;

  8. qərar çıxarılması;

  9. qərarın bəyənilməsi;

  10. qərarın işə buraxılması;

  11. qərarın icrası prosesinin idarə edilməsi;

  12. qərarın reallaşdırılmasının qiymətləndirilməsi və reallaşdırmanın nəticələri.

S. Yanq aşağıdakı mərhələləri göstərir:

  1. Təşkilatın məqsədinin təyini;

  2. Problemin aşkar edilməsi;

  3. Diaqnoz;

  4. Həll axtarışı;

  5. Alternativlərin qiymətləndirilməsi və seçilməsi;

  6. Qərarların uzlaşdırılması;

  7. Qərarın təsdiqi;

  8. Qərarın icraya hazırlanması;

  9. Qərarın tətbiqinin idarə edilməsi;

  10. Səmərəliliyin yoxlanması.

N.P.Fedorenko aşağıdakıları təklif edir:

  1. Problemin formalaşdırılması;

  2. Məqsədlərin təyini;

  3. İnformasiyanın yığılması;

  4. Maksimal sayda alternativlərin hazırlanması;

  5. Alternativlərin seçilib götürülməsi;

  6. Modellərin tənliklər, proqramlar və ya ssnearilər şəklində tərtibi;

  7. Xərclərin qiymətləndirilməsi;

  8. Qərarın parametrik tədqiqi yolu ilə dayanıqlılığının yoxlanması.

S.P. Nikonorov [88] bu mərhələləri göstərir:

  1. Problemin aşkarlanması;

  2. Problemin aktuallığının qiymətləndirilməsi;

  3. Problemin məhdudiyyət şərtlərinin təhlili;

  4. Kriterilərin təyini;

  5. Mövcud sistemin təhlili;

  6. İmkanların (alternativlərin) axtarılması;

  7. Alternativlərin seçilməsi;

  8. Bəyənilmənin təmin edilməsi;

  9. Qərar qəbulu (formal məsuliyyətin qəbulu);

  10. Qərarın reallaşdırılması;

  11. Qərarın nəticələrinin təyini.

Y.İ. Çernyak isə aşağıdakı mərhələləri təklif edir:

  1. Problemin təhlili;

  2. Sistemin müəyyənləşdirilməsi;

  3. Sistemin quruluşunun təhlili;

  4. Ümumi məqsəd və kriterilərin formalaşdırılması;

  5. Məqsədlərin xırdalaşdırılması, resurslara tələbin aşkarlanması, məqsədlərin girdələşdirilməsi;

  6. Resursların aşkarlanması, məqsədlərin girdələşdirilməsi;

  7. Gələcək şəraitin proqnozlaşdırılması və təhlil edilməsi;

  8. Məqsəd və vasitələrin qiymətləndirilməsi;

  9. Variantların seçilib götürülməsi;

  10. Mövcud sistemin diaqnozlaşdırılması;

  11. İnkişafın kompleks proqramının hazırlanması;

  12. Məqsədlərə çatmaq üçün təşkilatın layihələşdirilməsi.

Göründüyü kimi, problemə yanaşma və onun həlli birmənalı dərk edilən məsələ deyildir. Çünki bu, birbaşa məqsədlə bağlı olan məsələdir. Məqsəd isə Zamandan fərqli olaraq zəruri olanlardan zəruri quruluş yaradandır. Çünki Zaman yalnız mümkün olanlardan yalnız mümkün quruluş yarada bilir.

Beləliklə, xırdalaşdırma və girdələşdirmə məqsədin mahiyyətindən doğur və birinci ikincinin xatirinə həyata keçirilir. Bu isə o deməkdir ki, məqsədin baş elementi girdələşdirmədir. Çünki sistemin daxili və xarici tamlığının göstəricisi olan bütövlük (emercentlik) yalnız girdələşdirmə nəticəsində yaranır.



15. EMERCENTLİK—SİSTEMİN DAXİLİ TAMLIĞININ TƏZAHÜRÜ KİMİ
Sistemin xarici tamlığı “qara qutu” ilə təsvir edilirsə, daxili tamlığı da “struktur”la əks etdirilir. Sistemin daxili tamlığı özünü onda göstərir ki, elementlərinin heç birinə xas olmayan yeni xassə nümayiş etdirə bilir. M.Arbib bunun izahı üçün belə bir misal gətirir: fərz edək ki, girişinə verilən istənilən tam ədədin üstünə 1 əlavə edib çıxışa verən ixtiyari rəqəm avtomatı vardır. Bu avtomatdan ikisini ardıcıl və dairəvi qoşsaq, birinin çıxışında tək, digərinin çıxışında isə cüt ədədlər ardıcıllığı alınacaqdır.
16. EMERCENTLİK—GİRDƏLƏŞDİRMƏNİN NƏTİCƏSİ KİMİ.
Sistemin hissələrinə xas olmayan yeni xassə nümayiş etdirməsi elmdə emercentlik termini ilə ifadə edilir ki, bu da inciliscə, qəflətən, gözlənilmədən baş verən hadisə və ya təsadüf mənasına gəlir. Lakin burada heç bir gözlənilməzlik və ya mistika yoxdur. Yeni xassə elementlərarası əlaqə və münasibətlərin hesabına yaranır. Deməli, emercentlik girdələşdirmənin törəməsidir. Bu, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununun təzahür formasından başqa bir şey deyildir. Sistemin ümumi xassəsi onu təşkil edənlərin xassələri cəmindən nə qədər fərqli olursa, sistemin təşkili bir o qədər yüksək olur. A.Eddinqton yazır ki, hər hansı bir obyekti öyrənib düşünmək olmaz ki, bu cür obyektlərin hamısını öyrənmisiniz. Çünki, “iki—bir və bir” olsa da, həmin “və”nin nədən ibarət olduğunu, yəni bunların əlaqə və münasibətinin xarakterini təyin etmək ayrıca problemdir.

U.R.Eşbi göstərmişdir ki, sistemin hissələrinin davranışındakı uzlaşma dərəcəsi nə qədər güclü olursa, bütövlükdə sistemin davranışında seçmə imkanı bir o qədər çox olur. Bu mənada, emercentlik sistemyaradan amil kimi çıxış edir.



17. GİRDƏLƏŞDİRMƏNİN NÖVLƏRİ

Ən ümumi halda, girdələşdirmə verilmiş elementlər çoxluğundakı münasibət­lərin təyini kimi dərk edilir. Lakin həm elementlər, həm də elementlərarası münasibətlər son dərəcə müxtəlif olduğundan, girdələşdirmənin olduqca çoxsaylı variantları mümkündür.

Real həyatda xalis fiziki, kimyəvi, iqtisadi və s. problem yoxdur. Bu terminlər yalnız problemin sınma prizmasını əks etdirir. İstənilən problem necə mürəkkəb olur-olsun, ona düzgün yanaşdıqda daha mürəkkəb olduğu aydın olur. Çünki düzgün yanaşma problemə keyfiyyətcə fərqli nöqteyi-nəzərlər çoxluğunun mövcudluğunu nəzərdə tutur.

18. SİSTEM TƏHLİLİNİN FORMALAŞDIRILA

BİLMƏYƏN MƏRHƏLƏLƏRİ HAQQINDA.
Tam formallaşdırma imkansızlığı ilə əlaqədar olan mürəkkəbliyin aradan qaldı­rıl­ması qeyri-formal bilik və metodların müntəzəm tətbiqini tələb edir.

Sistem təhlili, mahiyyətcə, tətbiqi dialektikadır.

Ənənəvi elm üçün formal məsələnin qoyuluşu işin başlanğıc mərhələsidir. Tətbiqi dialektika üçün isə bu çox ağır və üzücü aralıq mərhələdir. Çünki sistem mürəkkəb olduqca onun təhlili daha çoxsaylı tsikllər tələb edir. Odur ki, problemin formalaşdırılması sistem təhlilinin ilk addımı olmaqla, bir sıra problemlərin çoxluğu şəklində meydana çıxır. Bu isə əslində, problematikanın təyininindən ibarətdir.

Problematikanın formalaşdırılması üçün, ilk növbədə, problem sahibi olan sistemin daxil olduğu sistemi və ona daxil olan altsistemləri təyin etmək lazım gəlir. Daha doğrusu, problematikanın formalaşdırılması, əslində, “maraqlı tərəflərin” siyahısının tərtibi kimi meydana çıxır ki, bu siyahıya da aşağıdakılar daxildir:



  1. Müştəri, yəni, problemi formalaşdırıb, sistem təhlili üçün sifariş verən.

  2. Qərar verən, yəni, problemin həlli üçün sərəncam vermək hüququ olan.

  3. İştirakçılar, yəni, problemi həll edənlər və həll nəticələrinə məruz qalanlar. Birincilər fəal, ikincilər isə qeyri-fəal iştirakçı hesab edilir.

  4. Sistem təhlilçisi, yəni, problemin həlli ilə əlaqədar mümkün ola biləcək təhlükəni minimumlaşdıran heyət.

Lakin “maraqlı tərəflərin siyahısı”nın bitkin olması üçün həm də problemin nəzərdə tutulan şəkildə həllinə mane olmağa çalışan “maraqlı olmayanların siyahısı” məlum olmalıdır.

Digər tərəfdən, “maraqlı tərəflər”in hər biri də konkret maraqla çıxış edirlər. Belə ki, hər bir tərəf bu problemin həlli ilə əslində öz probleminin nə dərəcədə aradan qalxacağı barədə düşünür. Odur ki, maraqlı tərəflərin hər biri qoyulmuş problemin öz xeyrinə həllinə can atır.

Beləliklə, əslində, problematika—“Maraqlı tərəfləri problemin məhz bu cür həllinə vadar eləyən şərait nədən ibarətdir?”-sualına cavabdır. Problematikanı forma­laş­dıran sistem təhlilçisi məhz bu suallara cavab verməlidir ki, konkret maraqlı tərəf nədə maraqlıdır, nəyi, necə və niyə dəyişdirmək istəyir? Lakin bu zaman təhlilçi tamamilə neytral olmalıdır və onun rəyi soruşulanda “sizinlə razıyam (və ya razı deyiləm)” əvəzinə “sizi dinləyirəm” deməlidir.
19. MƏQSƏDLƏRİN AŞKARLANMASI
İstənilən problem “problem sahibi”nin müəyyən məqsədi ilə bağlıdır. Yəni məqsəd problemi həll etməkdən, onu aradan qaldırmaqdan ibarətdir. Bu mənada, məqsəd problemin antipodu kimi çıxış edir. Problem—imtina ediləsi “nağd” mövcudluqdur. Buna görə də onu təsvir və təyin etmək çətin deyil. Məqsəd isə arzu edilən “nisyə” vəziyyətdir ki, bunu da çoxsaylı mümkün variantlardan seçmək lazımdır.

Təcrübə göstərir ki, ilkin təyin edilən elə bir məqsəd yoxdur ki, işin gedişində dəyişikliyə uğramasın. Hətta məqsədin ilk variantından imtina edilən hallar da məlumdur. Çox hallarda bu onunla bağlı olur ki, vasitə məqsəd kimi qavranılır. Odur ki, maraqlı tərəflər ilk növbədə məqsədin formalaşdırılması üzərində düşünməyə məcburdurlar.

Məqsədin formalaşdırılmasında qiymətləndiricinin seçdiyi dəyərlər mühüm rol oynayır. Maraqlı tərəflərin fikir ayrılığı da məhz həmin dəyərlərin prioriteti ilə bağlıdır. Elmi ədəbiyyatda məqsədin formalaşdırılmasında iki bir-birinə əks qütbdə yerləşən yanaşmadan istifadə üzərində ciddi mübahisə vardır. Bunlardan biri “İnsan—təbiətin yiyəsidir”, ikincisi isə “İnsan—təbiətin hissəsidir” kimi səslənir.

Birinci yanaşmada Təbiət tükənməz resurslar mənbəyidirsə, ikinci yanaşmada təbii resurslar tükənəndir. Birincidə İnsan təbiətə hökm edən, ikincidə təbiətlə harmonik fəaliyyətdədir. Birinci halda təbiət ya neytral, ya da düşməndir. İkinci halda isə təbiət dostdur.

İnsan təbiətin yiyəsidirsə, ətraf mühit idarə ediləndir, cəmiyyətin inkişafı infor­ma­siya-texnoloji aspektlidir, münasibətlər bazar münasibətləridir, burada risk və uduş, həmçinin fərdi özünütəminat var. Bu mövqedən ölçülüb-biçilmiş vasitələr, informasiya, yaddaş, təhsil kimi dəyərlər ön plana çəkilirsə, İnsan təbiətin hissəsi kimi götürüldükdə, ətraf mühit kövrək tarazlıqdadır, cəmiyyətin inkişafı sosial-mədəni yönümlüdür, münasibətlər ictimai maraqları ifadə edir, təminatlı təhlükəsizlik, kollektiv təşkilolunma var. Burada ölçülüb-biçilmiş məqsədlər, bilik, dərk etmək və mədəniyyət kimi dəyərlər irəli çəkilir. Lakin bu mövqelər bir-birindən tamamilə fərqlənsələr də onların yalnız birinə əsaslanıb, digərini qəti surətdə rədd etmək yolverilməzdir.
Məqsəd bölünəndir. Deməli, lokal və qlobal məqsədlər vardır. Lakin qlobal məqsəd də yeganə olmaya bilir. Vacibi odur ki, əhəmiyyətli olan nəzərdən qaçırılmasın. Təhlükəli momentlərdən biri də məqsədlərin qarışıq salınmasıdır. Çünki səhv salınan məqsəd yeni, əlavə problem yaradır.

Eynşteyndən soruşanda ki, “XX əsrin sonunda əsas problem nə olacaq?” cavab verib ki, “vasitələr təkmilləşəcək, məqsədlər qarışıq salınacaq”. Deyəsən, Eynşteyn səhv etməmişdir.

Məqsəd zamanda dəyişəndir. Yəni məqsəd də köhnələndir. Lakin daha yüksək səviyyəli məqsədlər daha uzunömürlü olur.
20. KRİTERİLƏRİN FORMALAŞDIRILMASI
Geniş anlamda kriteri dedikdə, alternativləri müqayisə etməyin ixtiyari üsulu nəzərdə tutulur. Odur ki, kriteri həm də məqsədin modeli kimi çıxış edir. Əslində isə kriteri keyfiyyət məqsədinin kəmiyyət modelidir. Buna baxmayaraq işin gedişində kriteri məqsədi əvəz etməyə başlayır. Əsas təhlükə də məhz buradadır. Çünki məqsəd adi nominal şkalada, kriteri isə daha güclü çeşidləyici şkalada qeyd ediləndir. Kriteri məqsədin oxşarı, approksimasiyası, modeli olub, məqsəddə özünə yer alan dəyərlərin əksetdiricisidir. Lakin məqsəddə iştirak edən dəyərlər yalnız texnokratik və humanistik kimi bir-birini inkar edən alternativ dəyərlər olmayıb, həmçinin çox hallarda eyni zamanda birlikdə istifadə edilən fəlsəfi, psixoloji, idraki, mənəvi, iqtisadi, siyasi, əxlaqi, estetik dəyərlərdir.

Bütün cəhətlərinə görə kriteri formalaşdırmaq elmdən çox sənətdir. Lakin bu heç də o demək deyil ki, bu sənətdirsə, bunun elmə dəxli yoxdur. Çünki elm sənətsiz, sənət də elmsiz nə mövcud ola bilər, nə də inkişaf edər.



21. REAL MƏSƏLƏLƏRİN ÇOXKRİTERİLİLİYİNİN SƏBƏBLƏRİ.
Real məsələlərin çox kriterililiyi təkcə məqsədlərin çoxsaylı olması ilə bağlı deyil, həm də bir məqsədin bir kriteri ilə ifadə edilə bilməsi çətinliyi ilə əlaqədardır.

Çoxkriterilik məqsədi mümkün qədər tam əhatə etmək üçündür. Çünki hər bir kriteri məqsədin yalnız bir və ya bir neçə aspektini təsvir edə bilir. Bununla belə, çalışmaq lazımdır ki, kriterilərin sayı mümkün qədər az olsun. Buna isə o halda nail olmaq mümkündür ki, kriterilər bir-biri ilə bağlı olmasın. Bu, obyektə müxtəlif yönlərdən yanaşmağın zəruriliyini və üstünlüyünü təsdiq edir.

Problemli situasiyanı təsvir edən model qarşılıqlı əlaqəli fəaliyyət göstərən üç sistemin—yaranmış situasiyanı problem kimi qəbul edən problem sahibinin, problemi aradan qaldıranın və ətraf mühitin məcmusudur.

Problemli situasiyanın iştirakçısı olan bu üç sistemin hər birinin özünəməxsus məqsədi vardır. Belə ki, problem sahibinin məqsədi problemi həll etməkdən ibarətdirsə, problemi aradan qaldıranın məqsədi problemi mümkün qədər ucuz həll etməkdir. Ətraf mühitin məqsədi isə təbiət qanunlarına zidd hərəkətlərə yol verilmə­məsinin təmin edilməsindən ibarətdir.

Beləliklə, bir tərəfdən səmərəlilik kriterisi, digər tərəfdən də müəyyən məhdu­diyyətlərin mövcudluğu aşkara çıxır. Məqsəd kriterisi ilə məhdudiyyət şərti arasında həm oxşarlıq, həm də fərq vardır. Kriterilər əvəzediləbiləndir, məhdudiyyətlər isə yox. Lakin azca sıxan ayaqqabı ilə çox yol getmək mümkündür.

Əsas məsələ isə ideya axtarışıdır. Çünki ideya yoxdursa, nə təhlilə, nə də seçməyə ehtiyac yoxdur. Məqsədə çatmaq üçün mümkün olan üsullar barədə ideyalar toplanması isə əməlli-başlı yaradıcılıq işidir.

Seçmənin uğurlu olması üçün mümkün qədər çox alternativ toplamaq lazımdır. Lakin bu zaman nəzərə almaq lazımdır ki, yaradıcılıq işinə mane olan və ona kömək edən amillər vardır. Bu zaman daxili (psixoloji) və xarici amilləri fərqləndirirlər.

Alternativlərin sayı həddən artıq olduqda seçmə üçün daha geniş imkan olsa da, həddən çox vaxt və vəsait sərfi ilə bağlı olur. Bu halda alternativləri ixtisar etmək, “yaxşı”ları saxlamaq lazım gəlir. Yaxşı alternativ odur ki, dayanıqlıdır, etibarlıdır, çox məqsəd üçün yararlıdır, adaptivdir və s.

Alternativlərin toplanmasının ən geniş yayılmış metodlarından biri “beyin hücumu”dur. C.K. Cons göstərir ki, 6 nəfər yarım saata 150 ideya verə bilir. “Beyin hücumu”nun qaydası belədir ki, müxtəlif ixtisaslı müəyyən sayda ekspertlər seçilir. Problem elan edilir. Hər kəs problem barədə fikir söyləyir. Biri digərinin fikrini dəqiqləşdirmək ixtiyarına malikdir. Heç bir fikir tənqid edilib, boğulmur. Fikirlər kartoçkalara qeyd edilir və sonra toplanıb başqa ekspertlər qrupuna verilir ki, burada da ideyalar çeşidlənir, təhlil edilir.

Bu metodun üstünlüyü ondadır ki, burada alınan ideyaların sayı və keyfiyyəti həmin ekspertlər təklikdə işləyərkən hazırladıqlarından dəfələrlə yüksək olur.

“Beyin hücumu” zamanı müəyyən saylı “mənasız və qeyri-mümkün” ideyalar da söylənə bilir. Lakin bunları seçib atmaq çətin deyildir. Çünki nüfuzlu tənqid nüfuzlu yaradıcılıqdan asan işdir.

Müharibə zamanı mina və torpedolardan qorunmaq problemini həll etmək üçün “beyin hücumu” təşkil edilmiş, təkliflərdən biri belə olmuşdur ki, mina və ya torpedo aşkar edilən kimi gəminin bütün heyəti borta düzülüb ona tərəf üfürsün. Bu ideya nə qədər “mənasız” görünsə də, sonrakı təhlil problemin həlli üçün güclü su nasosların­dan istifadə edilməsinin məqsədəuyğun olduğunu göstərmişdir.

Alternativlərin toplanmasında istifadə edilən metodlardan biri də “Sinektika”dır. Sinektika assosiativ düşüncəyə əsaslanır və qoyulmuş məsələyə analoqlar axtarışıdır. “Beyin hücumu”ndan fərqli olaraq Sinektikada əsas məqsəd çoxsaylı alternativlər hazırlamaq deyil, azsaylı alternativlərlə problemi həll etməkdir.

Sinektikanın mahiyyəti ondan ibarətdir ki, ixtisasını və peşəsini bir neçə dəfə dəyişmiş, çevik düşünən, psixoloji cəhətdən uyuşan, mehriban və ətalətli olmayan 5-7 nəfərdən ibarət ekspert qrupu yaradılır. Ekspertlər birgə işləyərək problemə analoqlar axtarırlar. Burada analoq yalnız birbaşa, dolayı və şərti oxşarlıq prinsipinə söykənmir, həm də tamamilə gözlənilməz məqamları əhatə edir. Məsələn, elə fərz etmək olar ki, yol yalnız təkərin altında olan məkandır. Yaxud, dənizə tökülən çaylara dənizin dağlara uzanmış dilləri kimi baxmaq olar. Biz məhz bu yolla Pambıq­təmizləmə zavoduna təyyarə kimi baxmağı təklif etmiş və “mənfəətin nisbi azalması” qanununu aşkar etmişik.

Sinektika geniş fantaziya və sozalmayan yaradıcılıq ehtirasları tələb edir. Burada qrup üzvlərinin üstünlüyünü və nöqsanlarını müzakirə etmək qəti qadağandır. Hər bir ekspert qrupda işini heç bir izahat vermədən dayandırmaq ixtiyarına malikdir. Qrupa rəhbərlik edən Durna qatarındakı aparıcı kimi, zaman-zaman dəyişilir və s.

Bir sıra problemlərin həlli gələcəkdə baş verəcək hadisələrin gedişini müəyyən etməyə xidmət etdiyindən, ssenari hazırlamaq lazım gəlir. Ssenari “əgər belə olarsa, nə baş verər?” sualı üzərində qurulan məntiqi modeldir. Ssenari formalaşdırıla bilməyən prosedurlar sistemi olub, əsil yaradıcılıq işi, ciddi elmi işdir. Bununla belə, ssenari hazırlanmasının da özünəməxsus evristikası vardır. Buna görə də “aşağı” və “yuxarı” ssenarilər yaratmaq yolu ilə əslində proqnoz prospekti hazırlamaq məqsə­dəuyğun sayılır. Ssenari hazırlanmasının vacib mərhələləri bunlardır:



  • hadisələrin gedişinə təsir edən amillərin siyahısının tərtibi üçün həmin amillərə birbaşa və ya dolayı nəzarət edən müşahidəçilərin ayrılması;

  • səriştəsizlik, səhlənkarlıq və intizamsızlıq, bürokratizm və süründürməçilik kimi amillərlə mübarizə aspektlərinin aydınlaşdırılması;

  • mövcud resursların uçotu və i.a.

F.Tsivikki alternativlərin toplanması üçün sadə və səmərəli bir üsul olan morfo­loji təhlil təklif etmişdir. Bu, layihələşdiriləcək sistemin bütün sərbəst dəyişənlərini ayırıb, onların bütün mümkün qiymətlərini sadalamaqla, mümkün alternativ variantlarını hazırlamağı nəzərdə tutur.

Morfoloji təhlilin mahiyyətini televiziya rabitəsi sistemi misalında izah edək:



Sərbəst dəyişən

Dəyişənin qiyməti

1. Təsvirin rəngi

1. Ağ-qara

2. Birrəngli (məsələn, qırmızı-ağ rəngin bütün çalarları)

3. İki rəngli

4. Üç rəngli

...

8. Yeddi rəngli



2. Təsvirin ölçüsü

1. Səthi təsvir

2. Həcmi təsvir



3. Parlaqlıq dərəcələri

1. Kəsilməz

2. Diskret (rəqəmli)



4. Səs müşayiəti

1. Səssiz

2. Monaural səs

3. Stereofonik səs


5. Qoxunun ötürülməsi

1. Qoxunun ötürülməməsi

2. Verilişin qoxu ilə ötürülməsi



6. Əks-əlaqə

1. Əks-əlaqəsiz verilişlər

2. Əks-əlaqəli verilişlər



Bu cədvəldən aydın olur ki, televiziya rabitəsinin 384 (8*2*2*3*2*2=384) mümkün variantı vardır. Halbuki müasir televiziya bu alternativlərdən yalnız birinə: 1.4-2.1-3.1-4.2-5.1-6.1 variantına uyğundur. Bəs qalan variantlar öz tətbiqini niyə tapmamışdır?

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə