Dos. İ.K.MUSAYEV
İQTİSADİYYATDA SİSTEM TƏHLİLİ
mühazirə mətni
(30+30 saat)
GİRİŞ
İnsanın həyat fəaliyyətinin təmin edilməsi məsələsi onun iqtisadi fəaliyyətdə iştirakı və bu fəaliyyətin səbəb-nəticə əlaqələrinin, daha doğrusu, əsas məzmununun açıqlanması şəklində həll edilir. Lakin iqtisadiyyat sahəsindəki istənilən tədqiqat işi əvvəlcədən düşünülmüş mahiyyət daşıdığından, həmin elmin konsepsiyası1 ilə sıx bağlı olur.
İqtisad elmi digər əsas elm sahələrindən gec meydana çıxdığından, təbii olaraq onların metodiki və konseptual nailiyyətlərindən faydalanmışdır.
Təbiət maddəsini maddi nemətə çevirməklə bağlı olan fəaliyyətin bütün cəhətlərini özündə birləşdirən iqtisadiyyatın əsas örnək götürəcəyi elm sahəsi olan təbiətşünaslıqda, daha doğrusu, təbiəti tədqiq edən elmlərdə (o cümlədən, təbiət elmlərindən biri olan kibernetikada) dərketmə təcrübəsi ilk növbədə, elmi dəqiqliyi, ardıcıllığı və praktiki olaraq təkrarlanması imkanı ilə seçilir. Bu mənada, təbiətşünaslıq iqtisad elmi üçün çox faydalı metodiki instrumentariya verə bilən mənbə sayılır.
Digər tərəfdən, təbiətşünaslığın da iqtisad elmi kontekstində nəzərdən keçirilməsi xeyli maraq doğurur və bu, hər şeydən əvvəl, iqtisadi sistemdə onun rolu və təbii resursların tədqiqi üçün elmi metod formalaşdırılması ilə bağlıdır.
Bəllidir ki, təbiət qanunlarının ümumiləşdirilməsinin müxtəlif üsullarını özündə birləşdirən təbiətşünaslıq konsepsiyası daim inkişafdadır. Bu inkişaf bir tərəfdən insan və təbiətin daha sıx qarşılıqlı fəaliyyəti, digər tərəfdən də təbiəti tədqiq etmək üçün tətbiq edilən instrumentariyanın təkmilləşdirilməsi ilə əlaqədardır.
Təbiətşünaslıq konsepsiyası inkişaf etdikcə, iqtisadi proseslərin səbəb-nəticə əlaqələrinin insanla təbiətin qarşılıqlı fəaliyyəti üsulları ilə qarşılıqlı təsiri daha dərindən başa düşülür. Odur ki, iqtisadiyyatın, onda gedən iqtisadi proseslərin daha dərindən başa düşülməsi üçün təbiətşünaslığın tarixinə diqqət yetirmək lazım gəlir.
Digər tərəfdən, iqtisadiyyatın öyrənilməsi də müasir təbiətşünaslıq panoramına ilkin baxış keçirilməsini tələb edir, çünki insanın həyat fəaliyyətinin ayrılmaz hissəsi olan təbiət hadisələrinin, o cümlədən, iqtisadi hadisələrin dərk edilməsi üçün baş verən iqtisadi proseslərin tədqiqi müasir elmi metodların tətbiqinə keçilməz ehtiyac duyur. Bununla yanaşı, iqtisadiyyatın ekstensiv və intensiv inkişafına analoji olaraq müasir təbiətşünaslığın inkişafında təbiəti dərketmə üsullarının dəyişməsinin ekstensiv və intensiv xarakterini fərqləndirmək imkanı da yaranmışdır. Belə ki, təbiətşünaslığın ekstensiv inkişafı təbiəti tədqiq etməyin mövcud üsullarının təkmilləşdirilməsi ilə təmin edilirsə, intensiv inkişaf da keyfiyyətcə yeni üsulların meydana çıxması ilə reallaşdırılır.
Təbiətin təşkili sferasına müxtəlif baxış üsullarının tətbiqi təbiətin təsviri üçün müxtəlif konsepsiyaların meydana gəlməsinə səbəb olmuşdur. Odur ki, iqtisadiyyata baxışın da müxtəlif konsepsiyalara malik ola bilməsi imkanı mövcuddur. Belə ki, təbiətin təsvirinin korpuskulyar və konseptual konsepsiyaları öz əksini uyğun olaraq mikro və makro iqtisadiyyatda tapırsa, təbiətdə mövcud olan qayda və qaydasızlıq da iqtisadiyyatda tarazlığın dövlət tərəfindən tənzimlənməsi və kortəbii yaranması kimi variantlarda təzahür edir.
Təbiət, texniki, sosial və humanitar elm sahələrində dərketmənin müəyyən ümumi prinsiplərə, qayda və fəaliyyət üsullarına söykənməsi faktı bir tərəfdən, bu elm sahələrinin qarşılıqlı fəaliyyətini və vəhdət təşkil etdiyini, digər tərəfdən isə, bizi əhatə edən real dünyanın – təbiət və cəmiyyətin dərketmə üçün ümumi və vahid mənbə olduğunu göstərir.
1. İqtisadiyyatın sistemli xarakteristikası Sistem dedikdə, ən ümumi mənada, müxtəlif tipli dəyişənlər arasında baş verən qarşılıqlı münasibətlər nəticəsində müəyyən hadisənin meydana çıxdığı obyekt nəzərdə tutulur. Lakin bu anlam birdən-birə meydana çıxmamış, dünyanın sistemli olduğunu insan dərk edənə qədər uzun inkişaf yolu keçmişdir. Sistemlik bir keyfiyyət olaraq hər şeyə xasdır. Bununla belə, sistemliyin səviyyəsi müxtəlif ola biləndir. Belə ki, mövcud fəaliyyətdə problem yaranırsa, bu o deməkdir ki, sistemlik lazımi səviyyədə deyildir. Odur ki, yaranan problemi həll etmək üçün sistemlik səviyyəsini yüksəltmək lazım gəlir. Bu baxımdan, sistemlik ”vəziyyət” olmaqdan çox ”proses”dir. İnsanın bütün şüurlu fəaliyyəti məqsədyönlüdür, tərkiblidir, qarşılıqlı əlaqəli olan hissələrdən ibarətdir, yəni, həm sistemlidir, həm də alqoritmikdir. Deməli, elmi fəaliyyət həm sistemli, həm də alqoritmikdir. Doğrudur, real fəaliyyətin alqoritmi heç də həmişə dərk edilən deyil, lakin, vacibi odur ki, alqoritmin nəticəsi qaneedici olmadıqda onun təkmilləşdirilməsi həmişə mümkündür. Bəşəri təcrübə göstərir ki, sistemli təsəvvürlərin praktiki rolu daim artmaqdadır. Bu, özünü əməyin səmərəliliyinin, ilk növbədə isə, əmək məhsuldarlığının daimi olaraq artmasında göstərir. Bəlli olduğu kimi, əməyin səmərəliliyinin yüksəldilməsinin tarixən ilk üsulu mexanikləşdirmədir. Belə ki, İnsan yarandığı ilk gündən müxtəlif alət və mexanizmlərlə silahlanmaqdadır. Lakin mexanikləşdirmə insanın reaksiya imkanları ilə yuxarıdan məhdudlandığından, yerini avtomatlaşdırmaya verməyə məcburdur. Bu isə kibernetika kimi ciddi nəzəri təməl üzərində meydana çıxır. Odur ki, hal-hazırda insan kollektivləri kimi mürəkkəb sistemlərə rəhbərlik prosesində yaranan problemlərin həllində kibernetikləşdirmə misilsiz əhəmiyyətə malikdir. Müasir elmi təsəvvürlərə görə, Dünya məkanda və zamanda sonsuzdur. İnsan ömrü isə müxtəlif məhdudiyyətlər əhatəsində mövcuddur. Bu ziddiyyətə baxmayaraq, A.Eynşteynin fikrincə, ən maraqlı cəhət təbiətin dərkedilənliyidir. Lakin insanın dünyanı dərk etmək arzusunun hüdudsuzluğu ilə imkanlarının məhdudluğu, təbiətin sonsuzluğu ilə insan resurslarının sonluluğu arasındakı ziddiyyət dərketmə prosesində həm də bir sıra problemlər törətmişdir. Bunun çox ciddi məntiqi nəticələrindən biri olaraq, elm, o sıradan da iqtisad elmi daim inkişafdadır.
Dostları ilə paylaş: |