Mühazirə mətni (30+30 saat) GİRİŞ



Yüklə 0,95 Mb.
səhifə3/11
tarix14.05.2018
ölçüsü0,95 Mb.
#44090
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Kibernetik baxımdan, maddi obyektlərin təbii xassələri, təbiət hadisələrinin xarakteri, insan münasibətlərinin bu və ya digər cəhət­ləri deyil, həmin hadisələrdə, şeylərdə və münasibətlərdə fəaliyyət göstərən idarəetmə mexanizmləri ön plana çəkilir. Sistemi müxtəlif təbiətli elementlər arasında xüsusi növ əlaqələr və qarşılıqlı ası­lı­lıqlar məcmusu kimi təqdim edən kibernetika, tama­milə müxtəlif xarakterli hadisə və proseslərə “sistem” kimi yanaş­maqla, onların (hər biri özünəməxsus konkret daxili quruluşa malik olsa da) hamı­sının prinsip etibarı ilə eyni olan qanunların təsiri altında nizama salındığı, idarə edildiyi ideyasını irəli sürür.

Viner Kibernetikası sistem modellərini tipikləşdirmiş, sis­tem­də əks-əlaqələrin xüsusi əhəmiyyətini aşkarlamış, sistemlərin idarə edil­məsi və sintezində optimallıq prinsipini ön plana çəkmiş, informa­siyanın materiyanın ən ümumi xassəsi olduğunu aydınlaş­dır­mış və onun kəmiyyətcə ifadə edilməsi mümkünlüyünü göstərmiş, ümu­miyyətlə model­ləşdirmə metodologiyasını və xüsusilə də EHM köməyi ilə riyazi ekspe­riment qoymaq ideyasını inkişaf etdirmişdir. Bütün bunlar ictimai şüurda, cəmiyyətin praktiki və mədəni həyatında inqi­la­bi­ləşdirici rol oynamışdır.

Lakin bütün bunlarla yanaşı Viner Kibernetikasına müəyyən tex­ni­sizm xasdır. Burada informasiya proseslərinin keyfiyyət tərəfləri kəmiyyət tərəflərinə qurban verilir. Optimallıq prinsipi yalnız tama­milə formallaş­dırılmış məsələlərdə reallaşdırılır. İntel­lektin modelləşdirilməsi zamanı düşüncənin yalnız məntiqi kom­ponenti nəzərə alınır və s.

Bütün bunlar göstərir ki, kibernetika ideyalarını digər sahələrə tətbiq edərkən həm diqqətli olmaq lazımdır, həm də əlavə instrumen­tariya ilə birgə işləmək faydalıdır. Biz bu metodoloji xəbərdar­lığı göz önündə saxlamağın tərəfdarıyıq.


Tərəfdarı olduğumuz elmi məntiq göstərir ki, ixtiyari problemin həlli konseptual qoyuluşda “mümkün hallar ansamblı” modelindən keçməlidir. Bu o deməkdir ki, istənilən tədqiqat işi üçün ilk metodoloji şərt bütövlük, yəni tamın hissələrinə xas olmayan yeni xassə nümayiş etdir­məsi və onun (bütövlüyün) 1-lə işarə edilməsidir. Çünki bu anlamda bütövlük həm də özü boyda”lıq kimi ifadə ediləndir.

Bu qoyuluşun üstün cəhəti ondadır ki, alınacaq həll nəticəsi hər cür qeyri-müəyyənlikdən qorunur. Çünki, həllin hökmən təyin edilmiş oblastda olduğu bəri başdan təmin edilir.

Bu metodoloji təməli qəbul etdikdən sonra tədqiqat obyektinin, daha doğrusu, iqtisadiyyatın yığcam ümumnəzəri xarakteristikasını verməyə ehtiyac vardır.

İqtisadiyyat, cəmiyyətin altsistemi olmaqla, təbii resursları cəmiyyətin istehlakı üçün maddi nemətlərə çevirən böyük, mürəkkəb, dinamik, idarə edilə bilən, cəmiyyət tərəfindən müəyyən bir məqsədə doğru yönəldilmiş, fiziki, ehtimallı, dövri (tsiklik), qeyri-xətti, etibarlı, açıq, özü-özünü tənzim­ləyən, öyrədən, təşkil edən, təkmil­ləş­­dirən bir sistemdir.


Göründüyü kimi, iqtisadiyyat, özünün bütün cəhətləri, daxili təbi­əti və fəaliyyət şəraiti etibarı ilə həm də olduqca dərin kibernetik məzmun kəsb edən bir sistemdir. Lakin iqtisadiyyat heç də yalnız sırf kibernetik məzmun daşıyıcısı deyildir. Odur ki, iqtisadi prosesləri bir çox elm sahələri prizmasından tədqiq etmək imkanı mövcuddur.

Mürəkkəblik iqtisadi hadisə və ya proseslərin spesifik xüsusiy­yət­lərindən biri olmaqla, həm də kibernetikanın əsas götürdüyü əla­mət­­lərdəndir. Kibernetik mövqedən, mürəkkəblik dedikdə, adətən ida­rə­­edici subyektlə idarəetmə obyekti arasında iki tərəfli (düz və əks) informasiya əlaqəsinin mövcudluğu nəzərdə tutulur.

Mürəkkəblik həm də inteqrasiyanın1 törəməsidir. Bu cəhəti nəzə­rə alaraq, bütövlükdə iqtisadiyyata, o cümlədən, onun ixtiyari quruluş vahidinə “inteq­rasiya edilmiş iqtisadi sistem” (İEİS) kimi yanaşmağı məqsədə­uyğun hesab edirik.

İnteqrasiya müəyyən bir ali məqsəd ətrafında birləşmə zəru­rə­tini və onun konkret formasını əks etdirir. Bu baxımdan, inteqrasiya ən ümumi və ən zəruri mövcudolma forması və ya üsulu kimi anla­şı­lır. Bu isə o deməkdir ki, varlığın elə bir nümunəsi yoxdur ki, o, inteqrasiyanın məhsulu və ya nəticəsi olmasın. Deməli, istənilən tədqiqat obyekti, o cümlədən, iqtisadiyyat, ilk nöbədə, inteqrasiya mahiyyətlidir.

İnteqrasiyanın məzmununu ali məqsədin xarakteri təyin edir. Odur ki, inteqrasiyanın zorakı və könüllü kimi iki növünü fərqləndi­rir­lər. Zorakı inteqrasiya fərdi məqsədlər­dən vahid məqsəd hasil edil­məsi zamanı baş verir. Belə ki, bu halda yad hissələr zorakı yolla bir-biri ilə birləşdirilir və daxili ziddiyyət­lərlə dolu olan bir bütöv yaradılır. Könüllü inteqrasiyada isə fərdi məqsədlər ali məqsə­din təbii tərkib hissələri kimi çıxış edir. Yəni burada hissələr tamın öz tərkib elementləri olduqlarından heç bir zorakılığa ehtiyac qalmır. Bununla belə, real inteqrasiyaların heç biri sırf könüllü və ya zorakı deyildir. Hər bir zorakı inteqrasiyada müəyyən könüllülük elementləri, hər bir könüllü inteqrasiyada isə bu və ya digər dərəcədə zorkılıq çalarları həmişə mövcud olur.

İnteqrasiya mürəkkəbliyin meydana çıxması üsulu olmaqla, ele­ment­lərin xüsusi növ düyünü və bütövlüyə tamamla­nandır.

Deməli, iqtisadiyyat özü boyda açıq sistemdir.

İnteqrasiya mahiyyətcə daha çox quruluşa xas olan cəhətdir. Yəni bu mənada, ”1+1 həmişə 2-dən böyükdür”. Bu böyüklük sistemin bütöv­ləş­məsi ilə bağlı meydana çıxan yeni xassəni ifadə edir.

Beləliklə, bizim anlamımızda, BAZAR – baş inteqrasiya düyünüdür.

Lakin “inteqrasiya edilmiş iqtisadi sistem”” (İEİS) dedikdə, həm də elə isteh­sal-təsərrüfat obyektləri nəzərdə tutulur ki, onların icra etdik­ləri qlobal funksiya öz forma və məzmununa görə bir-birinə bənzəməyən, real­laş­dırılma mənbələri və üsulları etibarı ilə fərq­li olan çoxşa­xəli, çoxparametrli və çoxgedişli müxtəlif lokal fun­k­si­yalar iyerar­xiyasın­dan təşkil edilmiş olsun. Bu isə o deməkdir ki, “inteq­rasiya edilmiş iqtisadi sistem” anlayışı sistemo­logiyada istifadə edilən bu qəbildən olan bütün anlayışları əhatə etməklə yanaşı, həm də tədqiqatın istiqa­mətini müşahidə edilən iqti­sadi obyektin quruluşu və fəaliyyət mexa­nizm­lərinin hərəkət­ve­rici qüvvələ­ri­nin araşdırıl­ma­­sı­na doğru yönəl­dir. Çünki inteqra­siya müx­təlif təmər­küzləşmə, ixtisas­laşma, koope­ra­si­yalaşma və kom­bi­nə­ləşmə səviy­yə­lərinə malik olan bir neçə mürək­kəb aqreqatın” elə birləş­di­ril­məsini ifadə edir ki, bütöv­lük­də siste­min fəaliyyətini ağırlaş­dıran bir sıra əməliy­yat­­ların lüzum­suz təkra­rı­nı ləğv etsin. Digər tərəfdən isə, inteqrasiya” yeni xassə törədicisi olduğundan, inteqrasiya edilmiş iqtisadi sistem” ilk növbədə emercent xassəli sistemdir.

Bütün bu deyilənlərlə yanaşı, bizim fikrimizcə, İEİS-in ən vacib cəhəti onun davra­nı­­şının son nəticələrində təşkiledi­cilə­rin rolunun və mənafe­lə­rinin daim diqqət mərkəzində saxlan­masıdır. Yəni, İEİS-in tərkib ele­ment­ləri müəyyən fəaliyyət sər­bəst­liyinə ma­lik­dirlər. Halbuki, elmi ədəbiyyatda təşkiledicilərin hüquqları və mənafeləri diqqətdən yayınmışdır.

İEİS bir tərəfdən, məqsədəuyğun insan fəaliyyətinin nəticəsi olub, sonu məlumdursa, digər tərəfdən də, ehtimallıdır, təsadüfi amil­lər əha­tə­sindədir; o, həm tsiklik xarakterlidir, həm də qeyri-xət­ti inki­şaf­lıdır; bir tərəfdən davamlı, dayanıqlı, etibarlı­dırsa, digər tərəf­dən də açıqdır. Onun açıqlığı isə öz inkişafı yolunda ”zəncir­vari reaksiyalara” bənzər, getdikcə mürəkkəbləşən istehsal-təsərrüfat şaxələri törətməsi ilə izah edilir. Bu şaxələr artdıqca sistemin ətalət qüvvəsi və inkişaf sürəti artır, idarə olunması isə həm mürək­kəb­ləşir, həm də məzmunca dolğunlaşır (analitikləşir). Bu sonuncu isə, bir yandan daxili və xarici əlaqə və asılılıqların sıxlaşması1 ilə xarakterizə olu­nursa, başqa mövqedən də həcmi və miqdarı qarşısı­alın­maz bir sürətlə artan iqtisadi informasiyanın tez və yüksək key­fiy­yətlə işlənməsi zərurəti ilə müəyyən edilir.

Ən ümumi halda, İEİS-in baş (əsas) məqsədi minimal məsrəflə maksimal iqtisadi nəticə əldə etməkdən ibarətdir.

İEİS, Gödelin ”xarici tamamlama” prinsipinə əsasən, daha geniş miqyasda ictimai-siyasi quruluşa malik ictimai-iqtisadi sistemdir. Odur ki, sırf iqtisadi cəhətdən özünü doğrultmayan bir sıra iqtisadi vahidlərin çox vacib sosial əhəmiyyəti oldu­ğundan, onların fəaliyyətinə xitam verilməsi ümumdövlət və ümum­milli maraqlar baxımından arzu­olunmaz hal sayılır.

Çoxsaylı və cürbəcür düz və əks-əlaqələrin mövcudluğu, həmçinin gələcək haqqında informasiya kasadlığı şəraitində İEİS-in idarə edil­məsi olduqca mürəkkəbləşir və onun sonrakı davranışını kifa­yət qədər yüksək dəqiqliklə proqnozlaşdırmaq son dərəcə çətinləşir.

İstehsalın texnikasında və texnologiyasında yeni, iri elmi kəşf­­lərlə əlaqədar olaraq dərin prinsipial dəyişikliklər əmələ gəlir ki, bu da müəyyən müddət ərzində İEİS-in vəziyyətinin qeyri-müəyyənlik ele­ment­ləri ilə zəngin­ləş­mə­sinə səbəb olur.

İEİS daxilində gedən proseslər getdikcə mexanikləşdirilir və avtomatlaşdırılır. Lakin istehsalın və idarəetmənin mexanik­ləş­di­rilməsi və avtomatlaşdırılması səviyyəsi o dərəcədə yüksələ bilməz ki, ümumiyyətlə, İnsanın iştirakına ehtiyac qalmasın. ”İnsan-maşın” sistemi deyilən bu sistemdə insan hələlik hakim rol oynayır və onun elmi-texniki tərəqqisində həmişə əsas hərə­kət­verici qüvvə olaraq qalacaqdır. Buna görə də insan fəaliyyətinin maddi və mənəvi stimul­laşdırılması, onun yaradıcılıq qabiliy­yətinin hərtərəfli inkişaf etdirilməsi İEİS-in inkişafının, təkamülünün və səmərə­li fəaliy­yətinin çox mühüm şərtidir.

İEİS-in maraqlı xüsusiyyətlərindən biri - onun komponentləri­nin və istehsal üsullarının olduqca geniş diapazonda qarşılıqlı əvəz oluna bilməsidir. Qarşılıqlı əvəzetmə isə istehsal və istehlak komponentlərinin geniş rəqabət qabiliyyəti üçün şərait yaradır. Bu, səmərəli istehsal variantının seçilməsinə, maddi və əmək resurs­larına qənaət edilməsinə imkan yaradır ki, bunun da nəticəsində İEİS-in fəaliyyətinin yüksək səviyyədə etibarlılığı təmin olunur.

İnkişafın və fəaliyyətin natural və dəyər aspektlərinin üzvi surətdə birləşdirilməsi İEİS-in səciyyəvi xüsusiyyətidir. Bu sis­te­­min maddi-əşya komponentlərinin (onların istehsal texnologi­yası, bölüş­dürülməsi və isteh­lakı ilə müəyyən olunan) hərəkəti, bunların dəyər­lərinin hərəkəti ilə ayrılmaz surətdə bağlıdır.

Nəhayət, İEİS-in ümumi xarakteristikası barədə fikri yekun­laş­­dı­­rarkən, qeyd etmək lazımdır ki, bu sistemin fövqəladə dərəcədə mürəkkəb funksiya icra etməsi ilə əlaqədar olaraq, bu funksiyanı real­laşdıran istər maddi, istərsə də informasiya sxemləri çoxnövlü və çoxpilləli iyerarxiya sinifləri təşkil edirlər və bunların hər biri özünəməxsus ”inteqrasiya mərkəzinə” malikdir. Özü də bu ”mər­kəz­lər” İEİS-in idarəetmə aspektində ayırdığımız müxtəlif q­ü­t­b­lə­­rində yerləşirlər. Lakin bunların fəaliyyəti vahid mərkəzdən koor­di­nasiya edilir.

Burada xüsusi olaraq qeyd edək ki, bizim anlamımızda, İEİS-dəki bu koordinasiya, heç də elmi ədəbiyyatda göstərildiyi kimi, sərt sistem tələbləri ilə deyil, məhz təşkiledicilərin mənafelərini uzlaşdır­maq məq­sədi güdən fəal məşvərət formasında həyata keçirilir.

Göstərək ki, sözügedən ”mərkəzlər” yalnız konkret İEİS çərçi­və­sində mövcud olur və nisbi xarakter daşıyırlar. Belə ki, tədqi­qatın miqyası (eninə və dərininə) dəyişdikdə həm bütövlükdə İEİS, həm də lokal ”mərkəzlər” mahiyyət dəyişikliyinə uğrayırlar. Bu isə o demək­dir ki, istənilən miqyaslı iqtisadi obyektə İEİS kimi baxmaq olar. Halbuki, indiyə qədər ”inteqrasiya” termini adə­tən son dərəcə böyük olan iqtisadi vahidlər üçün işlədil­mişdir.

İEİS daxilindəki lokal ”mərkəzlər” müxtəlif ixtisaslaşma səviyyə­sinə malik ola biləndirlər. Odur ki, əsas problem səviyyə­lər arasında maksimal uyarlıq yaradılmasından ibarətdir.



2. İEİS-in fəaliyyətinin qiymətləndirilməsinə məqsədli-sistemli yanaşma
İEİS elə sistemlər sinfinə aiddir ki, onun idarə edilməsinin təkmil­ləş­diril­məsi və bu məqsəd üçün intensiv üsul və vasitələrdən istifadə edilməsi hökmən sistemli təhlil tələb edir. Tədqiqat obyek­ti­nin təhlili və sintezi isə bu metodun iki zəruri mərhələ­sidir. Bu baxımdan, istənilən iqtisadi idarəetmə obyekti ətraf mühit­lə çoxcə­hətli fəal qarşılıqlı münasibətdə mövcud olur. Odur ki, belə bir mürəkkəblikdən yalnız ”sistem” qurmaqla baş çıxarmaq olar. Çünki, ”sistem – mürəkkəbliklə mübarizə vasitəsi, mürəkkəbdə sadəlik tapmaq üsuludur”.

Belə bir metodoloji tələbatı nəzərdən qaçırmaq olmaz ki, tədqiqatçı öyrəndiyi obyektin təbiətindən asılı olmayaraq, bütün hal­lar­da yalnız öz qarşısına qoyduğu məsələni həll etmək üçün ”sistem” qurur.

Obyektə İEİS mövqeyindən baxmaq, ilk növbədə, onun informasiya konturlarını müəyyən etmək deməkdir. Bundan sonra sistemin girişi və çıxışı müəyyənləşdi­rilir ki, İEİS-in funksiyasını və real­laş­dırma sxemlərini anlamaq mümkün olsun.

Funksiya – sistemin çıxış vəziyyətləri çoxluğudur. Funksiya dedikdə, sistemin mümkün olan bütün davranış xət­ləri başa düşülür. Sxem isə – sistemin davranışının reallaşdırıl­ması mexa­niz­midir. Bu mənada, sxem – giriş kəmiyyətlərini çıxış kəmiyyət­lərinə, sərbəst dəyişənləri asılı dəyişənlərə çevirən mexa­nizmdir. Sxem sistemin funksiyası necə və hansı vasitələrlə reallaş­dırılır? – sualına cavab verir.

Obyektə bu cür yanaşma zamanı yalnız 2 növ məsələ həll edilir:

- Təhlil məsələsi – məlum reallaşdırma sxemi əsasında sistemin funksiyasının müəyyən edilməsi;

- Sintez məsələsi – məlum funksiyaya görə həmin funksiyanı daha yaxşı (optimal) reallaşdıran sxemin tapılması.

İEİS, kibernetik sistem olmaqla, ilk növbədə, iki hissənin inteqrasi­yası­dır. Bunlardan biri idarəedici, digəri idarə olunandır. Bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən idarəedici və idarəedilən sis­tem­lərin hər biri də özlüyündə ayrıca inteqrasiya edilmiş sistemdir.

Bu baxımda, aid olduğu idarəetmə qütbündən asılı olmayaraq, bütün hallarda idarəedilən sistem - maddi dəyiş­di­ri­ci, idarəedici sistem isə –informasiya dəyişdiricisi kimi qəbul edi­lir.

İEİS daxilən 2 hissəyə bölündüyündən, onun qlobal funksiyası da uyğun olaraq idarəedilən və idarəedici sistemlərin funksiya­larına bölünür. Yəni, bütövlükdə İEİS 2 hissənin inteqra­si­yası olduğu kimi, onun qlobal funksiyası da müvafiq hissələrin funksiyalarının inteq­ra­­si­­yası kimi mövcud olur. Daha doğrusu, İEİS-in qlobal funksi­yası «istehsal funksiyası» ilə «idarəetmə funksi­yası»nın inteqrasi­yasıdır1. Hər iki funksiya tərkibcə mürəkkəb, reallaş­dırılma sxem­ləri baxı­mın­dan, çoxgedişli və çoxparametr­lidir.

İEİS-in idarəetmə funksiyası 3 komponentin inteqrasiyasıdır:


  1. Uçotun bütün növlərini əhatə edən retrospektiv funksiya;

  2. Cair, operativ idarə­etmə və nəzarət kimi lokal funksiyaları özündə bir­ləş­dirən izləyici funksiya;

  3. Planlaşdırma və proqnozlaşdırma məsələlərini əhatə edən perspektiv funksiya;

Retrospektiv funksiya mühasibat, statistika və operativ-texniki uçotu, perspektiv funksiya isə – vaxt amili nəzərə alındıqda – pers­pek­­tiv, cari və operativ planlaşdırmanı, - planlaşdırılan əməliy­yat­ların xarakteri baxımın­dan isə – texniki-iqtisadi və operativ-isteh­sal plan­laş­dırmasını əhatə edir. Bu funksiyalar, demək olar ki, bütün eyni təyinatlı iqtisadi obyektlərdə eyni məzmunludur. İzləyici funksiya isə, İEİS-in konkret predmet oblastına daha çox bağlı oldu­ğun­dan, xüsusi funksiyalar sırasına aid edilir.

İstehsal və idarəedici funksiyaların hər birinin özünəməxsus vaxt tsikli mövcud olur. İstehsal funksiyasının vaxt tsikli mövcud texnoloji prosesə lazım olan vaxtdan ibarətdirsə, idarəedici funk­si­yanın vaxt tsikli də onun reallaşdırılması üçün lazım olan informa­siyanın alınmasına, işlənməsinə və uyğun qərar hazırlanma­sına sərf olunan vaxtla ölçülür. Bu o deməkdir ki, istehsal və idarəedici funksiyalar müxtəlif tərkibli və müxtəlif mürəkkəblik səviyyəsi ilə xarakterizə olunan əməliyyatlar hesabına reallaşdırılırlar. Deməli, hər bir funksiya iki və daha çox lokal funksiyanın (bunlar isə iki və daha çox əməliyyatın) ”inteqrasiya mərkəzi” olmaqla, müxtəlif ”inteq­rasiya səviyyəsi” ilə xarakterizə olunurlar.

İEİS-in qlobal funksiyasını reallaşdıran qlobal sxem ən ümumi halda maddi və informasiya sxemləri olmaqla 2 iri sinfə bölünür. Mad­di reallaşdırma sxemləri istehsalın və idarəetmənin bütün maddi şərtlə­rini əhatə edir.

Aydındır ki, həm hər bir istehsal funksiyası üçün, həm də hər bir idarəedici funksiya üçün xüsusi, konkret maddi reallaşdırma sxe­mi mövcud olur. Maddi reallaşdırma sxemləri reallaşdırdığı funk­si­yanın xarakterindən asılı olaraq, müxtəlif maddi-material kombina­siyaları şəklində təzahür edir. Lakin İEİS-in elə bir funksiyası yox­dur ki, onu yalnız maddi reallaşdırma sxemi hesabına reallaşdırmaq mümkün olsun. Odur ki, bütün funksiyalar həm də maddi və informasiya sxemlərinin inteqrasiyası şəklində mövcud olurlar. Özü də informa­si­ya sxemi maddi sxemin bir hissəsini əvəz etmək missiyası daşı­yır. Bu o deməkdir ki, iqtisadiyyatda maddi məs­rəf­lərə qənaət etmək üçün informasiya məsrəflərini artırmaq, yəni, yeni informasiya texnologiyasına keçmək lazımdır. Çünki, özü maddi və informasiya sxemlərinin konkret kombina­siya­sının nəticəsi olan hər bir idarəedici funksiya əhatə etdiyi istehsal funksiyasının real­laş­dırılmasında informasiya sxemi kimi iştirak edir. Hər bir isteh­sal funksiyası isə reallaş­dı­rıldıqca, özünü əhatə edən idarə­edici funksiyanın reallaşdırıl­masında maddi sxem kimi zərurətə çevrilir. Bu fikri iqtisadi dilə çevirdikdə belə bir məna hasil olur ki, yeni istehsal-təsərrüfat və idarəetmə məsələlərinin qoyulub həll edilməsi və alınmış nəticələrin praktiki tətbiqi əlavə iqtisadi səmərə verir və bu səmərə həm də idarə aparatının təkmilləşdiril­mə­sində işti­rak edir.

İEİS-in idarəedici orqanı ”ali rəhbər­lik” və ”informasiya sis­temi” kimi 2 fazanın vəhdətidir. Aydındır ki, hər fazanın özünəməx­sus funksiyası və reallaşdırma sxemi möv­cud­dur. ”İnformasiya sis­temi” faktiki informasiya yığıcısı, normativ-plan infor­ma­siya bloku və informasiya emaledici kimi 3 blokdan ibarət olmaqla, ilkin (daxili və xarici) informasiyanın alınması, qeyd edilməsi, saxlanması, işlənməsi və nəticə informasiyanın qərar qəbulu üçün göndərilməsi kimi, hər biri özlüyündə kifayət qədər mürəkkəb olan lokal funksiyalar iyerarxiyasından təşkil olunan bir funksiya icra edir.

”İnformasiya sistemi”, özü İEİS-in idarəedici hissəsinin aşağı fazasını təşkil edərək ”istehsal funksiyası” icra etsə də, daxilən idarəedici və idarəedilən olmaqla iki qütbə bölünür. Burada da idarə edilən hissə ”istehsal funksiyası” icra edir. Lakin bu istehsal funksiyaları maddi xammal üzərində deyil, ilkin informasiya üzərin­də emal işini həyata keçirir.

İEİS-in idarəedici hissəsinin yüksək fazası olan ”ali rəhbər­liyin” əsas işi qərar qəbulu olsa da, praktiki olaraq çoxistiqamətli funksiya­lar çoxluğu icra edir və bu da ”idarəedici-idarəedilən” hissə­lər sistemidir.

Beləliklə, çox böyük metodoloji əhəmiyyəti olan nəticə alınır: İEİS daxilində aid olduğu qütbdən, iyerarxiya pilləkanında tutduğu möv­qe­dən, sistemin fəaliyyətində oynadığı roldan və bu rolun məsuliy­yətlilik dərəcəsindən asılı olmayaraq, bütün funksiyalar, bu funksiya­ları icra edən bütün alt sistemlər müəyyən funksional sərbəstliyə malik olan müxtəlif səviyyəli ”inteqrasiya mərkəzləri”­dir. Bu isə o deməkdir ki, İEİS, nəinki təkcə istehsal funksiyaları­nın icrası baxımından, habelə, idarəedici funksiyalar baxımından da interqasiya sistemidir.

Deyilənlərdən aydın olur ki, İEİS-in ən aşağı ”idarəedilən” hissəsi maddi xammalın tədarükü, qablaşdı­rıl­ması, saxlanması, emalı və göndə­ril­məsi (reallaşdırıl­ması) mərhə­lə­lərindən ibarət bir texnoloji prosesi əhatə edirsə, ”idarəedici” hissəsi də sözügedən maddi dəyişdirmə prosesini təsvir edən infor­masiyanın tədarükü, qeyd edilməsi, saxlanması, işlənməsi və ötürülməsi prosesini özündə ehtiva edir. Yəni hər iki hissə anoloji fəaliyyət daşıyıcılarıdır. Deməli, İEİS bütün cəhətlərdən vahid metodoloji qəlibə sığandır. Bu, son dərəcə vacib cəhətdir.

İnformasiya, ən ümumi mənada, bu və ya digər hadisə, yaxud faktlar haqqındakı elə yeni məlumatlardır ki, biliyi genişləndirir, mate­ri­ya­nın, enerjinin və informasiyanın özünün məqsədəuyğun emalı prose­sini dəyişdirməyə və yaxşılaşdırmağa imkan verir. Lakin tədqiqatın obyektivliyi baxımın­dan informasiyanın təkcə kəmiyyət xarak­teristikası kifayət deyildir. Ona görə də iqtisadi infor­ma­siyaya qiymət verərkən həmçinin, onun dəqiqliyi, ranqı, isti­fa­də edilmək üçün yararlılıq səviyyəsi, əlverişliliyi, faydalılığı, qiymət­liliyi, məqamlılığı (vaxtlı-vaxtında olması) kimi xassə­lə­ri­ni də nəzərə almaq lazımdır.

Lakin bütün hallarda informasiya işlənərkən onun keyfiyyət xarak­teristikaları rol oynamır. Deməli, İEİS-in idarə edilməsi prosesinə ”İnformasiya nəzəriyyəsi” mövqeyindən də baxmaq olar. Bu halda fərz edilir ki, idarəetmə prosesinin əsas momenti mövcud mümkün vəziyyətlər1 çoxlu­ğun­dan müəyyən bir vəziyyətin seçil­məsi aktıdır. Çünki, seçmə olmayan yerdə idarəetmə yoxdur və ola da bilməz. İnformasiya nəzəriyyəsinə görə isə seçmə qeyri-müəyyənliklə (entropiya ilə) məhdudlanır və uyğun olaraq müəyyən miq­darda infor­masiya alınması ilə nəticələnir. Entropiya bir tərəfdən qeyri-müəyyənlik ölçüsüdürsə, digər tərəfdən də müxtəliflik ölçüsü kimi çıxış edir. Odur ki, informasiya ilə müxtəliflik arasında mühüm əlaqənin olduğu aşkara çıxır. K.Şennon məhz bu cəhəti nəzərdə tutaraq göstərir ki, informasiya seçmənin qeyri-müəyyənliyini ləğv edir. N.Vinerə görə, entropiya – sistemdəki xaos, intizam­sızlıq ölçüsüdürsə, informasiyanın miqdarı da intizamlılıq, sahman­lı­lıq ölçüsüdür. Deməli, entropiya informasiya çatışmazlığını ifadə edir. Məhz bu mənada L.Brillyüen informasiyanın miqda­rına neqen­tropiya (neqativ entropiya və ya mənfi entropiya) adı vermişdir.

Beləliklə, idarəetmə, ilk növbədə, İEİS-dəki entropiyanı (qeyri-müəyyən­liyi, müxtəlifliyi, tərəddüdü) azaltmaq missiyası daşıyır.

İEİS-in qlobal funksiyası (davranışı) müəyyən məqsədə, məsələn, müəyyən miqdar məhsul istehsal etməyə yönəldilir. Bu məqsədəçatma sürətini (funksiyanın səmərəliliyini) ölçmək üçün müəyyən bir krite­ridən, məsələn, istehsalın, mənfəətin (yaxud rentabelliyin) maksimumu və ya məsrəflərin minimumu göstərici­sindən istifadə edilir.

İEİS qarşısındakı məqsədə çatmaq üçün zəruri daxili quruluşa və intizama, başqa sözlə, lazımi maddi və informasiya sxemlərinə malikdir.

İEİS-in idarə edilməsi problemi son yekunda optimallaş­dırma problemi kimi meydana çıxdığından, aydındır ki, ”idarəedici sis­tem”in qlobal funksiyası ”idarəedilən sistem”in fəaliyyətini elə xətlə aparmaqdan ibarət olmalıdır ki, səmərəlilik kriterisinin ekstremal qiyməti təmin olunsun. Bu o deməkdir ki, ”idarəedici sistem”in əgər bircə vəzifəsi varsa, o da qlobal istehsal funksi­ya­sının məqsədəuyğun keyfiyyətdə və mümkün qədər sürətlə reallaşdırıl­masına çalışmaqdan və buna minimal məsrəflər hesabına nail olmaqdan ibarətdir. Bunun üçün, ”idarəedici sistem” hər şeydən əvvəl, ”idarə edilən sistem”in giriş və çıxışını izləməlidir.

”İdarəedici sistem” mövcud və mümkünlüyü ehtimal olunan xarici və daxili təsirlər əhtəsində İEİS-in qlobal funksiyasını reallaş­dır­maq üçün müəyyən miqdarda qeyri-müəyyənlik elementlərini müəyyən­ləş­dir­məlidir.

Aydındır ki, ”idarəedici sistem” İEİS qarşısındakı məqsədə müvafiq qlobal funksiyanı ”idarəedilən sistem”in davranış funksiya­sında maksimal sürətlə və tamamilə reallaşdırmaq (əritmək) üçün hazır­ladığı hər bir qərarı ciddi surətdə əsaslandırmalı (bunun üçün isə daha çox amilin təsirini nəzərə almalı) və bunun vasitəsilə İEİS-in fəaliyyət nəticələrinə xarici pozucu təsirlərin gücünü minimum­laşdırmalıdır.

İdarəedici və pozucu təsirlər arasındakı fərqin artması onu göstərir ki, idarəedici funksiya istehsal funksiyası tərəfindən daha səmərəli, daha qənaətlə və daha intensiv şəkildə istehlak edilir. Çünki qərardakı informasi­yanın miqdarı çox olduqca, davranışdakı qeyri-müəyyənlik, müxtəliflik, tərəddüd, sən­də­ləmə imkanı bir o qədər az olur. Buradan belə bir nəticə çıxır ki, İEİS-in normal vəziyyətdən kənara çıxan hər cür səndələmələrinin (davranış entropiyasının) müəyyən bir minimumu vardır və ”idarəedici sistem” məhz bu mini­muma nail olmağa çalışır. Hər bir səndələmənin müəyyən itki ilə bağlı olduğunu nəzərə alsaq, bunun, itkilərin minimumlaşdırıl­ması məsə­ləsi olduğu aydınlaşar. Yəni, idarəedici sistem, ilk növbədə, itkilə­rin minimumuna cəhdetmə vasitə­si­dir.

Beləliklə, İEİS-in qlobal məqsədi bir tərəfdən, yalnız o halda reallaşa bilər ki, qlobal idarəedici funksiya özünətay istehsal funk­si­yası tərəfindən informasiya sxemi şəklində daha tam istehlak edi­lə bilsin, çünki bu halda həm istehsal funksiyası­nın keyfiyyəti yük­səlir, həm də onun reallaşdırıl­masında iştirak edən maddi sxemin xüsusi çəkisi öz yarımcütü olan informasiya sxeminin xüsusi çəki­si­nin artması hesabına azalır. Digər tərəf­dən isə, bu məqsəd, idarə­edi­ci funksiyanın reallaşdırılmasında maddi sxem kimi iştirak edən istehsal funksiya­sı­nın xüsusi çəkisinin azaldılmasını tələb edir. Lakin maddi sxemin xüsusi çəkisinin azalması birinci halda mütləq, ikinci halda nisbi xarakter daşıyır. Yəni, idarəedici funksiyanın mad­di əsasının azaldıl­ması inzibati-idarə aparatının mexaniki su­rət­də sadələş­diril­məsi və ixtisarı şəklində deyil, onun buraxıcı­lıq qabiliy­yətinin artırılması formasında həyata keçirilməlidir ki, inten­siv idarəetmənin məğzi də məhz budur.

Bir tərəfdən, müəyyən sabit xarici təsirlər şəraitində daxili təsirlər altında formalaş­dı­rılan qərarın qeyri-müəyyənliyi artırsa (və ya informasiya yükü azalırsa), ”idarəedilən sistem” həmin qərarı tam istehlak edə bilmir. Başqa sözlə, qərar yaranmış vəziyyəti tam dolğun əks etdirə bilmədiyindən, davranışa əsaslı təsir baş tutmur. Digər tərəf­dən isə, xarici aləmdəki dəyişikliklər qərarda öz əksini daha az tapdıqca, obyekti idarə etmək çətin­ləşir. Buna görə də İEİS-in fəaliy­yətindəki səndələmələri (müxtəliflikləri) minimumlaş­dır­maq üçün ”idarəedici sistem” obyektin davranışını bu və ya digər səmtə sövq edən müxtəlif stimulların minimumunu seçməyə qabil olma­lıdır. Bu isə əks-əlaqə kanalları ilə daşınan informasiyanın həc­min­dən, tamlığından, gerçəkliyindən, istifadə üçün yararlılıq dərə­cə­sindən, qiymətliliyin­dən, idarəedici orqanın manevretmə qabiliyyə­tin­dən və ən nəhayət, informasiyanın intensiv işlənməsinin inteq­ra­siya səviyyəsindən asılı­dır.

Əgər idarəedicinin gücü bu minimumu seçməyə çatmırsa, idarə­edi­ci funksiya istehsal funksiyasında tamamilə ”ərisə” də obyektin dav­ra­nı­şın­dakı səndələmələri minimumlaşdıra bilməyəcəkdir. Buna görə də idarəedicinin manevretmə qabiliyyəti, yəni, nəzərə ala bilə­cəyi müxtəlif vəziyyətlərin miqdarı obyektin vəziyyət müxtəliflik­lərindən az olmama­lıdır. Bunu U.R.Eşbi ”müxtəlifliyin zəruriliyi qanunu” adlandırmış­dır. Bu qanunun əhəmiyyəti ondan ibarətdir ki, idarəedici orqanın buraxıcılıq qabiliyyəti məlum olduqda, idarə­edici təsirlərin (qərarların) miqdarı­nın mütləq yuxarı həddini gös­tərə bilir. Bu o deməkdir ki, vaxt vahidi ərzində çıxarılan qərar­la­rın miqdarı idarəedicinin buraxıcılıq qabiliyyəti ilə yuxarıdan məhdudlanır. Odur ki, ölkə iqtisadiyyatının fəaliyyə­tin­də nəzərəçarpacaq müsbət dəyişikliklərə nail olunmasında Hökumətin manevretmə qabiliyyə­tinin artırılması mühüm rol oynayır.

Lakin idarəedicinin manevretmə qabiliyyəti ilə yuxarıdan məhdud­la­nan qərarların sayı hələ heç də o demək deyildir ki, manevretmə qabiliyyə­tini artırmaqla problemi həll etmək mümkündür. İş burasın­dadır ki, hazırlanan qərarların ümumi təsir gücü bir sıra hallarda gözlənildi­yin­dən xeyli aşağı olur1. Çünki obyektə göstərilən idarə­edici təsirlərin nüfuzetmə dərinliyi və ya ”əriyib həllolma” dərəcəsi bir tərəfdən təsirin öz gücü ilə müəyyən olunursa, digər tərəfdən də obyektin həmin təsiri ”həzm” etməyə hazırlıq dərəcəsi ilə bağlıdır. Odur ki, təsirin səmərəliliyi, yəni əsas məqsədə uyğunluq dərəcəsi ob­yek­tin həmin təsiri mənimsəmə (əritmə və ya həzmetmə) qabiliyyətindən asılıdır. Beləliklə, qərarın gücü və obyektin qərarı mənimsəmə qabi­liyyəti arasındakı qarşılıqlı asılılıq obyektə göstəriləcək təsirin həddini təyin edir.

Deməli, İEİS-də istehsal funksiyasının reallaşdırılması dərə­cə­si bir tərəfdən, idarəedici funksiyanın ”ərimə” qabiliyyəti ilə, digər tərəfdən də, istehsal prosesini təşkil edən hər bir lokal funk­siyanın ”həzmetmə” qabiliyyəti ilə və bu lokal funksiyaların hər birinin və bütövlükdə qlobal istehsal funksiyasının reallaşdırıl­ması imkanları ilə uyğunlaşdırılmalıdır. İEİS-in intensiv idarə edil­məsi problemi­nin mahiyyəti əslində elə bundan ibarətdir.

Göstərək ki, həm idarəedici təsirlərin gücünün, həm də obyektin ”həzmetmə” qabiliyyətinin məhdudluğu sözügedən amillərin ölçüyəgələn­li­yi­ni sübut edir. Bu isə idarəedicinin idarəedilənə mütənasib olma­sını irəli sürür. Çünki bu mütənasiblik pozulduqda İEİS-in möv­cud­luq şərti olan 2 qütbdən biri tam qüvvə ilə işləmir və fəaliyyətin son nəticələrinə mənfi təsirlər yaranır. Belə ki, əgər qərarın ”əri­mə” qabiliyyəti, istehsal funksiyasının ”həzm­etmə” qabiliyyətindən yüksəkdirsə, bu o deməkdir ki, idarəetmə obyekti idarəedicinin imka­nın­dan tam istifadə edə bilmir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün ya idarəedicinin manevretmə qabiliyyətini obyektin mənimsəmə qabiliy­yəti həddinə qədər azaltmaq və bu yolla da idarə­edi­cinin istifadəsiz qalan resurslarından imtina etmək, ya da obyektin ”həzmetmə” qabiliy­yətini qərarın ”ərimə” qabiliyyətinə çatdırıb, əlavə səmərə əldə etməklə, ümumi nəticədə idarəedicinin resurs sərfi məna­sında xüsusi çəkisinin azaldılmasına nail olmaq lazımdır.

Əgər bu uyğunsuzluq əks istiqamətdədirsə, yəni idarəedicinin bura­xı­cılıq (manevretmə) qabiliyyəti istehsalın tələbatından geri qalır­sa, istehsalın səmərə­liliyi olduqca aşağı səviyyədə olur. Çünki uyğun­suzluğun bu variantı daha böyük itki­lərlə xarakterizə olunur. İEİS-in intensiv idarə edilməsi proble­mi­nin mayasında duran başlıca moment­lərdən biri məhz budur.

Hal-hazırda real surətdə fəaliyyətdə olan istehsal-təsərrüfat vahid­lərinin, demək olar, hamısında ”idarə­edici sistem”ə nisbətən ”idarəedilən sistem” müəyyən dərə­cədə istifadəsiz qalan potensiala malikdir. Bu potensial­dan (istehsal­daxili imkanlardan) istifadənin 2 variantı mümkündür: ya obyektin miqyasını daraldıb, idarəedicinin imkanlarına uyğunlaşdır­maq, ya da idarəedi­cinin manevretmə qabiliyyətini obyektin tələba­tına çatdır­maq olar. Şübhə yoxdur ki, ikinci daha məqsədəuyğun variantdır.

Beləliklə, idarəedici sistem qəbul etdiyi qərarlar arasında mən­tiqi uyğunluq və tamamlama əlaqələrini artırmaq və möhkəmlətməklə, onlardakı qeyri-müəyyənliyi minimumlaşdırıb, özünün mövcud manevr­etmə qabiliy­yətindən maksimum istifadə etməklə, obyektin davranışı­na məqsədyönlü təsirini artırmalıdır. Bunun üçün köhnə idarəetmə metodlarını yaxşı mənada əvəz edən yeni intensiv idarəetmə metod­larının tətbiqinə, daha dəqiq desək, yeni informasiya texnologiyası­na geniş yer vermək lazımdır. Başqa sözlə, ”informasiya sistemi”nin inteqrasiya səviyyəsi yüksəldilməli, onun ”üzvi quruluşunda” dərin key­fiyyət dəyişiklikləri edilməlidir.

İndi fərz edək ki, İEİS başdan-başa ”insan-maşın” sisteminə çevrilmişdir. Görək, bu zəmində ”müxtəlifliyin zəruriliyi” və ”ida­rə­­edi­cinin idarəolunana mütənasibliyi” qanunlarının birgə təsiri altın­da fəa­liy­yət göstərən ”idarəedici” və ”idarə edilən” qütblərin dialek­tikası nə göstərəcəkdir?

Hər şeydən əvvəl, idarəedici elə qərarlar ardıcıllığı seçməli­dir ki, bunların hər biri özündən əvvəlki qərarı təsdiq etməklə, onun davamı və tamamlayıcısı olsun və özündən sonra məhz hansı qərarın gələcəyini müəyyən ehtimalla göstərə bilsin. Belə olduqda hər bir növ­bəti qərarda qeyri-müəyyənlik (buna uyğun informasiyanın miqdarı) özün­dən əvvəl­kinə nisbətən az olacaqdır. Deməli, müəyyən müddətdə İEİS-in fəaliy­yətini səndələmələrin minimumuna gətirmək və bu vəziy­yətdə saxlamaq üçün elə bir minimum informasiya kütləsi var ki, bu, idarəedicinin manevretmə qabiliyyətini maksimum səviyyəyə qaldır­mağa imkan verir. Bu halda, idarəedicidə davranışa dair informasiya bolluğu yaranacaq, yəni İEİS özünü tamamilə ”dərk” edəcək və nəticədə yeni, daha yüksək səviyyəyə keçid üçün stimul yaranacaqdır. Lakin İEİS yeni səviyyəyə keçmək üçün özünü yenidən təşkil etdikdə, onun fəaliyyə­tin­dəki entropiya artacaqdır. Yeni­dən təşkil İEİS-in idarəedilən his­səsinin potensialını da artıracaq­dır. Bu isə, idarəedicinin manevr­etmə qabiliyyətini artırmaq üçün sti­mul olacaqdır. Artırılmış manevretmə qabiliyyəti davranışdakı səndə­lə­mələri minimuma endi­rərkən yenidən informasiya bolluğu yaranacaq və İEİS-in davamlı tərəq­qisi baş verəcəkdir.

Lakin bütün hallarda həm manevretmə qabiliyyəti, həm də ”həzm­etmə” potensialı nisbi xarakter daşıyır və yuxarıdan məhduddur. Bu isə daimi olaraq ”idarəedicinin idarə olunana mütənasib” olmasını tələb edir. Yəni, bu iki ünsür arasında optimal dinamik mövqe fərqi saxlanmalıdır. Bu fərqin istənilən istiqamətdə dəyişilməsi, istər şaquli təmərküz­ləş­mə formasında süni surətdə artırılması, istərsə də, idarə aparatı­nın lüzumsuz xırdalanması şəklində azaldılması İEİS-in optimal idarə olunmasına və səmərəliliyi səviyyəsinə mənfi təsir göstərir.

Deməli, İEİS-in optimal idarə edilməsi üçün qərarın informasiya yükünün minimumu davranışın səndələmə imkanının maksimumuna bəra­bər olmalıdır. Başqa sözlə, idarəedicinin manevretmə qabiliyyəti obyektin davranışındakı səndələ­mə imkanlarından mövqe fərqinin optimallığı çərçivəsində geniş olmalıdır. Çünki, apardığımız sis­temli təhlildən aydın olur ki, əvvəla, istənilən idarəedici orqan idarəetmə obyektini öz manevretmə qabiliyyəti çərçivəsində, başqa sözlə, öz imkanı daxilində ”tam idarə edir”. İkincisi də, idarəedici funksiya bir informasiya sxemi şəklində özünətay istehsal funksi­yasında (onun ”həzmetmə” qabiliyyətindən asılı olmayaraq) ”tamamilə əriyirsə”, onda həmin idarəedici orqan obyektin həqiqi potensialını aşkara çıxara bilməz. Buna görə də İEİS-in fəaliyyət keyfiy­yətinin yüksəldilməsinin mənbəyi idarəedicinin manevretmə qabiliyyətinin artırılmasın­dadır.

İdarəedicinin manevretmə qabiliyyətinin yuxarıdan məhdud olması idarəetmə obyektinin miqyasına hədd qoyur ki, bu da İEİS-in iyererxik quruluşlu olmasını şərtləndirir. İyerarxik idarəetmə quruluşunun fərqlən­dirici cəhəti sistemin ardıcıl olaraq hissələrə bölünməsi və hissələr arasında tabeçilik münaibətləri yaradılma­sından ibarətdir.

Makro və mikro yanaşmalarda nəzərdə tutulan elementar kiber­netik sistemlərin ciddi mahiyyət və quruluş fərqlərinin olması gös­tə­rir ki, idarəetmə prinsipi ümumi olsa da, müxtəlif iyerarxiya pil­lə­lərində duran sistemlərin quruluşu eyni olmaya da bilər. Bu, bir də onunla bağlıdır ki, iyerarxiyanın müxtəlif pillələrində duran idarə­edicilər həm icra etdikləri funksiyaların xarakteri, həm də həmin funksiyala­rın reallaşdırılmasında iştirak edən maddi və infor­masiya sxemləri­nin mənbəyi cəhətdən fərqlidirlər. Həll etdiyi məsə­lələrin xarakteri etibarı ilə ayrı-ayrı pillələr arasındakı ”mə­sa­fələr” də müxtəlif­dir. Yəni, həll edilən məsələlərin oxşarlığı çox olduqca, idarəetmə pillələri arasındakı mövqe fərqi nisbətən az olur və əksinə. Lakin ”müxtəlifliyin zəruriliyi” və ”idarəedicinin idarə olunana mütənasibliyi” qanunlarından çıxan nəticəyə görə, oxşarlıq müəyyən həddi keçdikdə mövqe fərqi sıfra bərabər olur ki, bu da həmin pillələrdən birinin ləğv edilməsini labüd edir. İyerarxiya pillələri arasındakı məsafələrin dəyişilməsi obyektiv proses olub, texniki-tərəqqinin bilavasitə təsiri altında baş verir. Odur ki, üfqi əlaqə­lərə malik obyektlərin eyni müstəvidə yerləşdiyini söyləmək heç də doğru deyildir.

İyerarxiya pillələri üzrə aşağıdan yuxarı informasiyanın hərə­kəti prosesində informasiya aqreqasiyaya (girdələşdirməyə) uğrayır, yuxarı­dan aşağı hərəkət zamanı isə dezaqreqasiya (xırdalaşdırma) baş verir. Buna görə də informasiyanın şaquli xərəkəti baxımından, İEİS-in quruluşu piramidaya bənzədilir. Lakin İEİS-in quru­luş piramidası adi həndəsi fiqurdan daha mürəkkəb olan sosial-iqti­sadi fiqurdur. Yəni, İEİS-in quruluş piramidası əslində, piramidalar iyerarxiyasıdır. Çün­ki hər bir lokal inteqrasiya mərkəzi də pirami­da­şəkilli qurulu­şa malikdir. Həm də hər bir növbəti pillədəki pira­mi­daların oturacaq­ları aşağı mərtə­bə­dəki piramidaların təpə nöqtə­lərinin əmə­lə gətirdiyi şəbəkədən yaranır. Buna görə də, hər bir lokal idarəedici öz məsələsini sərbəst surətdə, təkcə, nisbətən ümumi məsələləri isə öz səviyyəsindəki idarə­edi­ci­lərlə birgə, fəal məş­vərət formasında həll edir.

Quruluş iyerarxiyasının təhlili göstərir ki, hər bir ”iqtisadi piramida” yalnız o halda mövcud olur ki, onun təpə nöqtəsinin möv­cudluq forması oturacağın bütövlüyünü qorumağın zəruri şərti olsun. Əslində isə, idarəedici və idarəedilənin ən ümdə vəzifəsi ilk növ­bədə bir-birinin bütövlüyünü qorumaqdan ibarətdir.

Quruluş piramidasının təpə nöqtəsi informasiyanın həm qəbul­edi­cisi, həm də şüalandı­rı­cı­sıdır. Həmin informasiyanın əsas və əhəmiy­yətli hissəsi priamidanın daxilində, xüsusilə, oturacağında gedən prosesləri təsvir edir. Göstərək ki, piramida daxilində və pira­midalar arasındakı informasiya mübadiləsi adətən səliqəli və müntəzəm xarak­terli olub, şaquli və üfqi kanallar vasitəsilə həyata keçirilir. Hər iki informasiya kanalı iki istiqamətlidir. Düz əlaqə­lərdə qərarlar, əks-əlaqələrdə isə qərarların icra gedişini təsvir edən informasiya daşı­nır. Piramidadaxili və piramidalar­arası əla­qə­lər bir-birinin qarşı­lıq­lı mövcudluq şərtidir.

İEİS-in iyerarxik əlaqələr şəbəkəsi onu məsləhətçi, funksional, operativ və təchizat xidmətləri sistemi kimi təsəvvür etməyə imkan verir. Əslində, İEİS-in qlobal funksiyasının formalaşması və real­laş­ması sözügedən xidmətlərin birgə fəaliyyətinin məntiqi nəticəsi kimi meydana çıxır. Buradan aydın olur ki, istənilən funksiya yalnız o halda reallaşa bilir ki, onu reallaşdıran ünsürlər həmin funk­siyaya qəti bənzəməyən funksiyalar icra etsinlər. Bu zaman sözügedən xidmətlər arasında körpü və ya kooperasiya əlaqələri yaranmazsa, hətta ən sadə funk­siyanın da reallaşması mümkün olmaz.

Beləliklə, İEİS, mahiyyətcə, daxili və xarici əlaqələrin univer­sal şəbəkəsindən ibarətdir. Bu isə onun son dərəcə yüksək etibar­lı­lıq səviy­yəsi nümayiş etdirməsini şərtləndirir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə