Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   2   3   4   5   6   7   8   9   ...   110

10 
 
Yusifin  «Baba  bostanı».  Həmin  adamların  adını  kağıza  yazıb  qol  çəkdirirlər, 
savadsızlar isə barmaq basırlar. 
Oradan da komissiya üzvlərini aparır məscidə, orucluğa görə adamlar 
müqabilədə imiş, Quran oxuyurlarmış. Müqabilə qurtaranda, komissiya üzvləri 
başlayır  sorğu-suala,  yüzdən  çox  ağzı  oruclu  adam  qəsəm  edib  Qurana  əl 
basaraq şəhadət verirlər ki, o yerin adı Yetim Hacı Yusifin «Baba bostanı»dır, 
ulu babalarından qalma yurdudur, nə satıb, nə də bir kəsə bağışlayıb. 
Komissiya deyilənləri qeyd edir, savadlılara qol çəkdirir, qalanları isə 
barmaqlarını basır. 
Qarabəy  sabahı  gün  komissiyanı  aparır  Sabunçuya,  sonra  da  ətraf 
kəndlərə  və  bu  qayda  ilə  arayış  yazdırıb  imza  atdırır  və  komissiya  ilə  bərabər 
dönür Peterburqa, Voronsov-Daşkov işi uduzur. Qarabəy Peterburqdan Bakıya 
«Baba  bostanı»nın  sahibinə  qaytarılması  barədə  qərarla  qayıdır  və  qanunsuz 
çəkilmiş hasarı Voronsov-Daşkovun  öz  işlər rəisinə də sökdürtdürür. 
Bu  hadisədən  sonra  Qarabəyin  hörməti,  nüfuzu  birə  min  artır,  hər 
yerdə  deyirlər  ki,  Qarabəy  Qafqaz  sərdarına  qalib  gəlib,  zarafat  deyil, 
Fitilbörkdə də hörməti var. 
İki  ildən  sonra  Yetim  Hacı  Yusifin  «Baba  bostanı»  yerində  qazılan 
quyu  elə  gurultulu  fontan  vurur  ki,  səsi  Bakıda  eşidilir,  sədası  Tiflisə  və 
Peterburqa çatır. 
Yaşı  doxsanı  aşmış  və  bu  əhvalatdan  xəbərdar,  qocaman  bir 
mühəndisdən  xəbər  aldım  ki,  bəs  «Ayını  ağladan»  ləqəbi  hardan  çıxıb;  cavab 
verdi ki, bir dəfə  mığmığ  görür ki, ayı özünü  günə verir,  uçub ona  yaxınlaşır. 
Ayı ona acıqlanır: Rədd ol burdan, başımı ağrıtma. Mığmığ deyir: Ağladaram 
səni ha, yalvararsan mənə. Rədd ol! - deyə ayı ona təpinir - sən nə zibilsən ki, 
məni  ağlada  biləsən?  Mığmığ  qəzəblənir,  soxulur  ayının  burnuna.  Ayı  ha 
asqırır,  ha  fınxırır  ki,  mığmığı  burnundan  çıxarsın,  mümkün  olmur,  əksinə, 
mığmığ  daha  da  yuxarılara  dırmaşır...  Ayı  elə   əziyyət çəkir ki, bağırtısı 
meşəni,  dağı-daşı  başına  alır,  başını  daşdan-daşa,    qayadan-qayaya  döyür. 
Mığmığ isə başlayır ayının beynini gəmirməyə. 
Heyvanlar  tamaşaya  gəlir.  Tülkü  əhvalatdan  agah  olanda  ayıya  deyir 
ki, işin şuluqdur, yalvar mığmığa, başqa çarə  yoxdur. Yalvar, diz çök! Yoxsa 
ölərsən... 
Ayı diz çökür, başlayır mığmığa  yalvarıb-yaxarmağa. Mığmığ bayıra 
çıxıb qürurla öyünür: Ayı mənə yalvardı, ayını ağlatdım, ayı mənə yalvardı. 
Şəhər  böyüyür,  idarələr  artır.  Bakı  dövlət  palatası  qurulur.  Duma 
nəzdində  «Şəhər  qərardad  idarəsi»  -  «uprava»  yaradılır.  Həsənbəy  Zərdabi 
bələdiyyə  seçkiləri  barədə  1878-ci  ildə  «Əkinçi»    qəzetində  camaata  belə  bir 
məsləhət  verir:  «Siz  allah,  intixab  edən  zaman,  intixab  elədiyiniz  adamların 
uzun  saqqalına,  böyük  qurşağına,  dəmir  sandığının  doluluğuna  baxmayın. 
Şəhər  divanxanalarında  danışıq  və  yazı-pozu  rus  dilində  olacaq.  Ona  binaən 


11 
 
gərək rus dili bilən, doğru adamlar intixab edəsiniz ki, xaçpərəstlər intixab edən 
calislərin (onlar üçdən iki hissə intixab edəcəklər) arasında  bizim adımızı dəxi 
ziyadə  batırmasınlar.  Güman  etməyin  ki,  bu  məsləhəti  biz  özümüzdən  ötrü 
deyirik.  Xeyr,  biz  buğda  yeyib  cənnətdan  çıxmışıq.  Bizi  intixab        edilənlərin    
siyahısına    yazmayıblar.    Ona binaən ki... 
 
«Nə bə şütür səvarəm,  
Nə çü xər, bəziri barəm,  
Nə xudavəndi-rəiyyət,  
Nə qulam şəhriyarəm.» 
 
Gündən-günə  böyüyən  şəhərdə  ufunətdən  nəfəs  almaq  olmurdu. 
Evlərdə  saxlanan  mal-qara,  qoşqu  atlarının  çoxalması,  bir  yandan  havanı 
korlayır,  digər  tərəfdən  isə  yoluxucu  xəstəliklərin  yayılmasına  səbəb  olurdu. 
Bunları nəzərə alıb 1878-ci ildə ümumi kanalizasiyanı çəkməyə başlayırlar. 
Şəhərdə polis şöbələrinin sayı artırılır.  
Biri  baş  dəllal,  doqquzu  adi  dəllal  olmaqla  Bakı  pul  birjası  qurulur. 
Dəllallar xaçpərəst, özləri də rus rəiyyəti olmalı idi. Şəhər ünvanlar stolu təşkil 
edilir.  Bələdiyyə  idarəsi  küçə  fanarlarının  sayını  artırmaq  və  keyfiyyətini 
yaxşılaşdırmaq barədə qərar çıxardır; bu boyda şəhərin küçələrində vur-tut 86 
fanar varmış, onların da 72-si əyri-üyrü dirək, 14-ü köhnə çuqun sütun üstündə 
dururmuş.  Çuqun  sütunları  zavod  sahibi  Kokorev  Bakı  qubernatoruna  bəxşiş 
vermişdi.  Fanarların  hamısı  ağ  nöyütlə  yanırdı.  Bələdiyyə  idarəsinin  təzə 
qərarına  görə  fanarların  sayı  698-ə  çatdırılır:  35  qəndil,  162  çuqun  sütun,  241 
dirək, 232 çuqun və 28 divar kronşteyni olmalı idi. 
Dərə-təpəlikdən  ibarət  olan  şəhər  küçələrini  tarazlamağa,  səki  və 
küçələri  düzəltməyə  icazə  verilir.  Məhəllələrdə  süpürgəçilər  qoyulur.  1886-cı 
ildə Hacı Zeynalabdin Tağıyev öz xərci ilə şəhərdə yanğın deposu düzəltdirir. 
Yarmarka  meydanında  axşam  bazarı  salınır.  1886-1887-ci  illərdə 
telefon  stansiyası  tikilir.  «Həftə  bazarı»  1884-cü  ilə  qədər  keçmiş  müsəlman 
qəbiristanı  ətrafında  yerləşirdi,  onun  yerində  «Qızıllı»  kilsəsini  tikməyə 
hazırlıq  görüldüyündən,  həftə  bazarını  Bolşoy  Morskoyla  (Kirov  prospekti) 
Telefonnı  (28  Aprel)  küçəsinin  kəsişdiyi  Səfərəlinin  torpağı  deyilən  yerə 
köçürürlər.  Malağan  bağı  (9  Yanvar)  ilə  Birja  (26  Bakı  komissarı)  meydanı 
arasında da bir həftə bazarı vardı; konka, fayton və arabaların hərəkətinə mane 
olduğundan,  bir  də  bu  tərəflərin  mənzərəsini  korladığına  görə  başqa  yerə 
köçürdürlər.  Küçələrə  daş  döşəməyə  başlayırlar.  Biləcəri  kəndi  yaxınlığındakı 
daş karxanasından qənbər, Krasnovodskdan porfrit daşı gətirtdirirlər. 
Şəhərdə  çoxlu  bank  yaradılır:  «İctimai  bank»,  «Volqa-Kama  bankı», 
«Rus-Asiya  bankı»,  «Tiflis  zadəgan  torpağı  bankı»,  «Tiflis  ticarət  bankı», 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə