Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

­  35 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın

inkişafının  əsasını  təşkil  edən  ən  vacib  amillərdəndir.  Buna  görə  də  mülkiyyət  Konstitusiyanın

13‐cü  maddəsi  ilə  toxunulmaz  elan  olunaraq  dövlət  tərəfindən  qorunur.  Mülkiyyət  hüququ  isə

cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq

üçün  zəruri  şərtdir.  Dövlət  mülkiyyət  hüququnun  səmərəli  həyata  keçirilməsinə  qanunsuz

müdaxilələrdən  çəkinməli  və  onların  qarşısını  almalıdır  (Konstitusiya  Məhkəməsi  Plenumunun

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107‐2.1 və 107‐5.1‐ci maddələrinin şərh edilməsinə

dair” 16 dekabr 2011‐ci il tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət

hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinin

ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə

tam  qanuni  olmalıdır.  Konvensiya  baxımından  qanunçuluğun  tələbi  –  dövlətdaxili  hüquq

normalarının  qanunun  aliliyi  prinsipi  ilə  uzlaşması  deməkdir  (“Kushoglu  Bolqarıstana  qarşı”  iş

üzrə 10 may 2007‐ci il tarixli Qərar). Konstitusiyanın 60‐cı maddəsinin I və II hissələrinə əsasən,

hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə

prosesində  ağlabatan  müddətdə  baxılsın.  İnzibati  ədliyyənin  əsas  məqsədlərindən  biri  dövlət

idarəçiliyi  sahəsində  insanın  subyektiv  hüquqlarının  müdafiəsidir.  İnzibati  sahədə  subyektiv

hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını,

müəyyən  sosial  təzminatlardan  istifadə  etmək  imkanını,  müəyyən  hərəkətləri  etmək  və

digərlərindən  müəyyən  hərəkətlərin  edilməsini  tələb  etmək  səlahiyyətlərini,    hüquqlarının

müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir.

Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun

87.2‐ci  və  Azərbaycan  Respublikası  İnzibati  Prosessual  Məcəlləsinin  2.1‐ci  maddələrinin  şərh

edilməsinə dair” 4 aprel 2012‐ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati

hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi

və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata

keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır.

Azərbaycan Respublikasında inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl

olunmasını  təmin  etmək  və  qanunun  aliliyinə  nail  olmaq  məqsədilə  “İnzibati  icraat  haqqında”

Qanun qəbul edilmişdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi

ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və

prosedur qaydalarını müəyyən edir.

“İnzibati icraat haqqında” Qanunun 24‐cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat

zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv

araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından

və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması

inzibati  orqanın  xidməti  vəzifəsindən  irəli  gəlir.  Araşdırmanın  üsulu  və  həcmi  inzibati  orqan

tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla

bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə

sübutlar toplamağa borcludur. Həmin Qanunun 15‐ci maddəsinə görə, qanunla məcburi şərt kimi

nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  yalnız  formal  tələblərə  əməl  olunmasını  təmin  etmək

məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin

qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər

tərəfindən  formal  tələblərə  əməl  olunmaması  və  ya  lazımi  qaydada  əməl  olunmaması  inzibati

orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. “İnzibati

icraat  haqqında”  Qanunun  23.1‐ci  maddəsində  göstərilir  ki,  inzibati  orqan  ərizə,  şikayət  və  ya

vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində

və  onların  aradan  qaldırılmasında  maraqlı  şəxsə  yardım  etməyə,  inzibati  icraatda  iştirak  edən

şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur

.



­  36 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Qanunun  32.2‐ci  maddəsinə  müvafiq  olaraq  isə  ərizəçi  qanun  və  digər  normativ  hüquqi

aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi

halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.

 “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan

hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın

qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün

vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik

olduğu hüquq və vəzifələri ona izah etməlidir.

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi

(bundan sonra – Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən

edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir.

Mülki  Məcəllənin  139‐cu  maddəsinə  əsasən,  mülkiyyət  hüququ  və  daşınmaz  əmlaka  digər

hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət

qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz

əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Daşınar  əmlaka  hüquqlar  yalnız  qanunvericilikdə  nəzərdə  tutulan  hallarda  dövlət  qeydiyyatına

alınmalıdır.  Daşınmaz  əmlaka  hüquqların  dövlət  qeydiyyatı  müvafiq  icra  hakimiyyəti  orqanı

tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın

dövlət reyestrində həyata keçirilir.

Həmin  Məcəllənin  238.1‐ci  maddəsinə  görə,  torpaq  daşınmaz  əmlak  kimi  mülkiyyət

hüququnun  obyektidir.  Torpaq  sahəsinin  ərazi  sərhədləri  daşınmaz  əmlakın  dövlət  reyestrinin

ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

Daşınmaz əmlaka, o cümlədən torpağa  mülkiyyət hüququ və onunla bağlı digər hüquqların

dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət

reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən

edilmişdir.

Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı

mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz

əmlaka  aid  olan  məlumatların  vahid  dövlət  reyestrində  qeydiyyatı  həm  dövlət,  həm  də

mülkiyyətçilərin  mənafelərinin  qorunması  baxımından  vacibdir.  Daşınmaz  əmlakın  dövlət

qeydiyyatı  nəticəsində  şəxsin  qanuni  əsaslarla  əldə  etdiyi  müvafiq  daşınmaz  əmlaka  mülkiyyət

hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı

əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi

qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə

hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət

orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi

şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız

olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

  “Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  Qanunun  2.1  və  2.2‐ci  maddələrinə  əsasən,

daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı  Mülki Məcəlləyə uyğun

olaraq  daşınmaz  əmlaka  hüquqların  əmələ  gəlməsinin,  məhdudlaşdırılmasının  (yüklülüyünün)

başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq

edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz

əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139‐1

və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8‐ci maddələrində müəyyən olunmuşdur.

Qanunun  həmin  maddəsinə  əsasən,  daşınmaz  əmlak  üzərində  hüquqların  əmələ  gəlməsinin,

başqasına  keçməsinin,  məhdudlaşdırılmasının  (yüklülüyünün)  və  xitam  verilməsinin  dövlət

qeydiyyatı üçün qanunla müəyyən  edilmiş   qaydada   icra   hakimiyyəti   və   bələdiyyə   orqanları



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə