Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   21   22   23   24   25   26   27   28   29

 

89 


«İlahi, bu adam suqqestiya - fikir təlqin etmək, təhrik etmək anlayışını da bilir», 

- deyə düşündüm.  

Fikrimi oxuyubmuş kimi: 

-Bəli,  peşəmizlə  bağlı  bu  məsələləri  də  bilməliyik,  -  dedi.  Bəlkə,  onun  özünün 

də deyilməmiş fikirləri oxumaq qabiliyyəti var.  

-Hər halda, məndən nə istədiyiniz aydın deyil mənə.  

- Yenə təkrar edirəm, təhlükə çox böyükdür. Qafarzadəni yaman  gözdən yalnız 

siz qoruya bilərsiniz. Siz və sizdən başqa heç kim. - Sonra az qala əmr tonunda əlavə 

etdi: - Bu sizin vətən, xalq və müstəqil dövlətimiz qarşısında borcunuzdur.  

Qasım salona daxil oldu: 

-Çayınız soyudu, təzələyək?  

ON YEDDİNCİ FƏSİL 

GÖZ - GÖZƏ 

 

“İnsan  azad  olandan  sonra  onun  daimi  və  ən  əzablı 



qayğısı  kimə  itaət  edəcəyi  məsələsidir.  İnsana  hökmən 

tapınmaq  üçün  avtoritet,  möcüzə  və  sirr  gərəkdir  ki, 

hərəkətlərini, davranışlarını onların iradəsiylə yönəltsin. Odur 

ki, insan və insan cəmiyyəti azad olmağa nifrət etdiyi kimi heç 

vaxt, heç nəyə nifrət etmir. İnsana azadlıq yox, çörək lazımdır. 

Nə qədər ki insan azaddır, heç bir elm onun çörək ehtiyacını 

ödəməyəcək. Axırı onunla qurtaracaq ki, öz azadlıqlarını Sizin 

ayaqlarınızın  altına  atıb  deyəcəklər:  “bizi  qul  edin,  amma, 

çörək verin, qarnımızı doydurun”.  

F. M. DOSTOYEVSKİ. «Böyük inkvizitor» fəslində 

İvan Karamazovun fikirlərindən 

 

“İblis nədir? -Cümlə xəyanətlərə bais...  

Ya hər kəsə xain olan insan nədir? - İblis!” 

 HÜSEYN CAVİD. «İblis» 


 

90 


 

3.4.6.  düymələrini  basıb  mənzilinin  qapısını  açdım.  Otaq  ala-qaranlıq  idi. 

Otaqda kiminsə olduğunu duydum. İşığı yandırdım.  

Elə  beləcə  də bilirdim.  Masasının arxasında  Əhliman  oturmuşdu.  Uzun zaman 

bir-birimizə baxdıq. İlk dəfəydi ki, göz-gözə durmuşduq.  

Gəlişinin mənasını da bilirdim. Sözə, izaha ehtiyac yoxdu. Odur ki dərhal: 

-Bunu etmə, - dedim. 

O da hər şeyi bilirdi, izahsız-flansız: 

-Mənə mane olma, - dedi.  

Bir müddət ikimiz də susduq. Sonra Əhliman soruşdu: 

- O xalçanın tarixini bilirsən?  

-Bilirəm, - dedim. - Amerikada çıxan kitabı oxumuşam.  

-Onda  bilməlisən  ki,  bu  xalça  insanlara  nə  qədər  bəlalar  gətirib.  Xaç 

yürüşlərində  səlibçilər  onu  Bağdaddan  Bizansa  gətiriblər.  Bizans  imperatriçası 

xalçanın, və deməli, hakimiyyətin oğluna keçəcəyindən təşvişə düşüb, öz oğlunun  - 

öz  doğmaca  oğlunun  ha,  əl-qolunu  bağlatdırıb,  diri-diri  əfi  ilanla  birlikdə  torbaya 

salıb və torbanı dənizə atdırıb. Bunu da bilirdin?  

-Bilirdim.  

-İstanbulun  fəthindən  sonra  xalçanı  sarayda  hakimiyyət  rəmzi  kimi 

qoruyurmuşlar və xalının üstündə ədavət düşməsin deyə, sultanlar tək bir oğullarını 

saxlayıb başqalarının elə körpəykən başlarını kəsdirirmişlər. Bunu da bilirdin?  

-Bəli.  


-  Çaldıran  döyüşündə  Sultan  Səlimin  hərəmbaşı  Xacə  Minas  sultana  xəyanət 

edib, xalını da götürüb qızılbaşların tərəfinə keçib. Bundan xəbərin var?  

-Var. 

-Şah İsmayıl onun boynunu vurdurur ki, bir dəfə xəyanət edən bir də edər.  



Səfəvilərdən  Əfşarlara,  Əfşarlardan  Qacarlara  keçən  bu  xalıya  vaxtilə  İranda 

Pənah xanın cənazəsini büküb Şuşa qalasına göndərirlər. Pənah xana bihuşdarı verib 

yuxuladıblarmış ki, vətəndə ayılsın, amma təbib onu meyit bilib yarıb. Xalının sirrini 

bilən  Xacə  Şah  Şuşanı  zəbt  edərkən  Vaqifin  başını  bu  xalçanın  üstündə  kəsmək 




 

91 


niyyətindəymiş.  Molla  Pənah  rəml  atıb  qurtulacağını  bilib,  nə  yollasa  Səfəralıya 

ismarış çatdırır ki, qorxmasınlar, Ağa Məhəmmədin işini elə bu gecəynən bitirsinlər. 

Ulduzlar bu niyyətin baş tutacağını vəd edib. Sonra nə baş verdiyini bilirsən. Qacarın 

qətlindən  sonra  İbrahim  xan  ailəsiylə  qalaya  qayıdır.  Vaqifin  də  aqibətini  bilirsən, 

İbrahim xanla ailəsinin də...  

-Bütün bunları mənə niyə danışırsan?  

-Gözlə,  deyəcəm.  Mayor  Lisaneviç  İbrahim  xanı  ailəsiylə  birlikdə  məmə 

yeyəndən pəpə deyənəcən qırır, amma xalı ona da qismət olmur, onu bir yasavul ələ 

keçirir. O yasavul bililrsən kimdi?  

- Yox, bilmirəm.  

-General  Sisyanovun  yavəri.  Bakı  qapıları  önündə  Sisyanov  öldürüləndə  o 

yavərinin də başını kəsiblər. Xalını Sisyanovun kəsilmiş başıyla bir yerdə Şahənşaha 

bəxşiş  göndərirlər.  Məşrutə  inqilabı  zamanı  xalı  yoxa  çıxır,  sonra  onu  Təbriz 

bazarında bir Bakı milyonçusu alır. XI ordu Bakıya soxulanda bir cavan çekist həmin 

o milyonçunu öz əliylə güllələyir, xalını da aparır. O çekist bilirsən kimdi?  

-Bilirəm, Qafarzadənin atası.  

-Bəli, indi dediklərimi başa düşdün?  

-Yox, başa düşmədim.  

-Əsrlər  boyu  üstünə  yüzlərlə,  minlərlə  insanın  qanı  çökmüş  bu  xalça  məhv 

edilməlidir. Sahibiylə bir yerdə. Ya sahibsiz. Bir elə fərqi yoxdur.  

-Necə yəni fərqi yoxdur? Xalça xalçadır, insan insan...  

-Mənfur  insan,  cəllad  atanın  oğlu.  Özü  də  atasının  tayıdı.  Hamıya  ancaq  pislik 

edən riyakar mərdüməzar.  

-Kimə pislik edib ki?  

-Elə, tutaq mənə.  

-Aha, deməli, ərşdən - kürşdən danışıb , tarixi, aləmi bir -birinə qatıb öz qisasını 

almaq istəyirsən ondan.  

-Kefin  istəyir  elə  düşün,  amma  mən  bu  fikirdəyəm  ki,  əsrdən  əsrə  keçən  bu 

cinayətlərin  kökü  kəsilməlidir  və  bu  cinayətlərin  rəmzi  olan  xalı  məhv  edilməlidir. 



 

92 


Və əgər xalının sahibi inad edəcəksə, onun özünü da yox etmək lazımdır, çünki o da 

cinayət ortağıdır.  

-Qanı  qanla  yumazlar.  Cinayəti  cinəyətlə  dəf  etmək  olmaz.  Kiməsə  pislik 

edirsənsə  ,o,  bu  pisliyi  heç  vaxt  bağışlamır,  fürsət  güdür  ki,  özü  də  pisliyə  pisliklə 

cavab versin. Bu yolla şər zəncirinı qırmaq olmur. 

-Bəs şərin, zülmün, haqsızlığın kökünü nəylə kəsmək olar?  

-Ancaq mərhəmətlə, bağışlamaqla, pisliyi unutmaqla. 

-Yəni  Həzrət  İsanın  əxlaqı  -  sağ  yanağına  şillə  vururlarsa,  sol  yanağını  uzat. 

Yox, Əhdi Cədidin deyil, Əhdi Ətiqin təlimi ürəyimcədi: Gözə göz, dişə diş... Mən...  

- Dayan, toxta bir, sənə müdrik bir rəvayət danışım. Qonşusundan daima pislik 

görən birisi övliyanın yanına gəlir, əhvalatı danışır, ondan məsləhət istəyir. Övliya: - 

Get, həmin qonşuna bir yaxşılıq elə, - deyir. Övliyanın sözündən çıxa bilməyən adam 

belə də edir. Bir müddət sonra qonşusunun yeni bir mərdüməzarlığıyla üzləşir. Yenə 

də  övliyanın  yanına  gəlir  və  eyni  məsləhəti  alır.  Bu  bir  neçə  dəfə  təkrar  olunur. 

Nəhayət,  bundan  canı  boğazına  yığılan  adam  övliyanın  yanına  gəlib  deyir:  -Mən 

sənin  məsləhətlərinlə  hərəkət  etdim,  amma  qonşum  yenə  bəd  əməllərindən  qalmır, 

ona yaxşılıq etməkdən təngə gəlmişəm. Övliya:  

-Qonşun  pislikdən  yorulmayıbsa,  sən  niyə  yaxşılıqdan  yorulursan?  -  cavabını 

verir. Xalqımız da deyir: yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq nər 

kişinin işidi.  

-Çürük  fəlsəfədi  xalq  müdrikliyi  olsa  da.  Çin  müdriyinin  dediyi  daha 

ağlabatandır: 

-Yamanlığa  yaxşılıqla  cavab  verəcəksənsə,  yaxşılığa  nəylə  cavab  verərsən? 

Buna nə deyirsən?  

-Onu  deyərəm  ki,  fərq  qoymamalısan.  Yaxşılığa  da,  yamanlığa  da  eyni  cür 

yaxşılıqla  qarşılıq  verməlisən.  Yoxsa  belə  çıxar  ki,  yaxşılıq  edəndə  əvəzini 

gözləyirsən,  deməli,  yaxşılığın,  bir  növ,  rüşvətdir.  Mövlana  hər  kəsi  dərgahına 

çağırır:  müsəlmanı  da,  xaçpərəsti  də,  atəşpərəsti  də,  musəvini  də.  Yüz  dəfə  tövbə 

edəni və tövbəsini dönə - dönə pozanı da.  

Həzrət İsa insanların bütün günahlarını öz üzərinə götürmək istəyirdi. 




 

93 


- İnsanlar da onu çarmıxa çəkdi.  

Onun sözlərini qulaq ardına vurdum: 

-  Budda  deyirdi  -  qoy  dünyanın  bütün  günahları  mənim  üstümdə  qalsın,  təki 

insanlığın ağrıları və dərdləri azalsın. Bizim Füzuli də «Həm ver mənə qəm çəkmək 

əzabı, həm aləmi eylə qəmdən xali» - deyir.  

Əhliman: 

-Yaxşı,  onda  söylə  mənə,  heç  bir  günahı  olmayan  körpə  nədən  şikəst  doğulur, 

niyə kar, kor, ağıldan mayıf gəlir bu dünyaya, nədi onun təqsiri?  

-Günahı əvvəlki həyatında işləyib, yəqin. 

Əhliman qəh-qəhə çəkib güldü: 

-Reinkarnasiya, canlıların bir neçə  həyat yaşaması... Hind  fəlsəfəsinin  ən səfeh 

müddəası. Bir neçə həyat sürmək və əvvəlki həyatda etdiklərinin əvəzinin bu həyatda 

qarşına çıxması. Budu sənin inandığın?  

- Bəli. Sən buna inanmırsan?  

- Əlbəttə, yox. Bircəcik insan göstər mənə ki, guya haçansa əvvəllərdə başqa bir 

həyat yaşayıb və o həyatından nə isə yadında qalıb. Madam ki, əvvəlki həyatından 

yaddaşında heç nə qalmayıb, nə önəmi var, haçansa yaşamısan ya yox.  

-  O  önəmi  var  ki,  yaşadığın  dövrün  ədalətsizliklərinin  və  özünə  qarşı  olunan 

haqsızlıqların  səbəbini  başa  düşürsən.  Karma  varlığın  ən  böyük  qanunudur.  Karma 

təbiətin  və  bəşərin  bütün  yanlışlarının  bədəlidir  və  onların  bir  daha  təkrar 

olunmamasının təminatçısıdır. Əgər «əhli - zərdə kərəm yoxdur, kərəm əhlində zər», 

əgər  «alilər  xaki-məzəllətdə,  dənilər  mötəbər»dirsə,  dünyada  zülm,  harınlıq  hökm 

sürürsə,  qolu  zorlu  məzlumun  haqqını  tapdayırsa,  güclü,  böyük  dövlət  kiçik,  zəif 

olkənin başına istədiyi oyunu açırsa, yalnız və yalnız karma sənə bunları anlamağa 

yardım edir. Hər bir insanın başqasına etdiyi pislik, hansısa ayrı həyatda olur-olsun, - 

bütün insanlığa qarşı yapılmış yamanlıqdır və bəşəriyyət bunun əvəzini ödəyir. Birisi 

günlərin birində bir pişiyi cırmaqlayır. Evə gələndə görür ki, anasının üzündə cırmaq 

yeri var. - Bu cırmaq hardandı?- deyə soruşanda anası: - Bu sənin əməlindir, - deyir.  

-Dayan, dayan, deyirsən sənin bu hindlilərdən mənimsədiyin fəlsəfəyə görə hər 

bir canlı dünyaya bir neçə dəfə gəlir?  




 

94 


-Bəli.  

-Məsələn, keçən həyatında sən - necə deyim ki, inciməyəsən - tutalım, bülbül ya 

tut  ağacı  olmusan.  Tut  ağacının  ya  bülbülün  kimə  nə  pisliyi  keçib  ki,  bu  həyatda 

bunun altını çəkirsən. Susursan, çünki cavabın yoxdu. Ya başqa bir sual. Deyək ki, 

başqa bir həyatda elə insan olmusan. Bəs atan, anan o həyatda da eyni adamlar olub 

ya başqaları? Nə cavab verəcəksən?  

-Elə  suallar  var  ki,  onlar  sirri-xudadır,  insan  beyninin  aça  bilməyəcəyi 

gizlinlərdir.  Bu  barədə  düşünmək  belə,  beynimizin  imkanı  xaricindədir, 

müdriklərdən  biri  deyib:  dünyanın  sirləri  qarşısında  sus.  Sükut  səhvlərdən  xilas 

olmaq deməkdir.  

-Aha, deməli, yenə köhnə söhbət: şəkkaka lənət. Elə kommunist ideologiyası da 

bunun üzərində qurulmuşdu. Sual vermə, soruşma, şübhələnmə, tərəddüd etmə, Sabir 

demiş:  dinmə,  danışma,  şükr  elə,  illah  da  düşünmə...  sadəcə,  beyninə  yeridilənlərə 

inan, vəssalam  - Kommunizmə, Həzrət İsanın zühuruna ya Mehdinin gəlişinə iman 

gətir.  Bütün  dinlərin  -  fərqlərini  bir  yana  qoy-  mahiyyəti  birdir  -  insana  ən  yaxşı 

halda  təsəlli  vermək.  İnsanı  Sonun  qaranlıq,  səssizlik,  boşluq  və  heçsizlik 

qorxusundan  xilas  etmək,  onu  aldadıcı  təskinatla  ovutmaq  -  yəni  bu  fani  dünyanın 

əzablarına döz, axirət dünyasında səni cənnətin feyzi gözləyir. Ya da ki, hədə - özünü 

yaxşı  apar,  yoxsa  cəhənnəmdə  yanacaqsan.  Hamısı  da  məhz  insanın  zəifliyinə 

hesablanıb. Sənin Karman da, reinkarnasiyan da bu qəbildəndir. 

Siqaret qutusunu uzatdı: 

- Çəkirsən?  

- Bilirsən, çəkən deyiləm.  

Siqaretini odladı, tüstünü ləzzətlə ciyərlərinə sümürdü.  

-Sənə bir pritça danışım, - dedi. - Nəticəsinə cavab ver. Üç qardaş olub. Biri pak, 

müqəddəs  övliya,  biri  cani,  quldur,  başkəsən,  üçüncüsü  lap  körpə  yaşında  ölür. 

Cənnətə - cəhənnəmə inansaq, o dünyada bunların aqibəti necə olacaq, səncə?  

-  Doğrudan  da  cənnət  varsa,  şübhəsiz,  müqəddəs  cənnətə  getməlidi,  cəhənnəm 

varsa, cani ora vasil olmalıdı.  

- Bəs körpə?  




 

95 


-Köppə də, yəqin, ikisinin arasında qalar, ərəfdə.  

-Onla  belə  bir  sual.  Körpə  soruşur:  niyə  mən  tifilkən  öldüm,  niyə  böyüyə 

bilmədim. Nə cavab olacaq?  

-Sənin anlayışlarınla bu körpə, yəqin, böyüyb pis adam olacaqmış, cani, quldur. 

Ona görə körpəlikdə ölməsi məsləhət bilinib. 

- Çox əcəb, bəs onda o quldur, cani soruşmazmı, indi ki, mənim alnıma canilik, 

quldurluq  yazılıbmış,  onda  mən  niyə  elə  körpəlikdəcə  ölüb  əbədi  cəhənnəm 

əzabından  qurtulmadım.  Cavabın  nədi?  Gördünmü,  dostum,  dünya  məntiqsiz 

dünyadır və insan da təsadüfən bu dünyaya atılmış misgin, zavallı, kəmfürsət, paxıl 

və kinli məxluqdur. 

- Yox, yox, elə deyil. 

Amma Əhlimanı saxlamaq olmurdu, elə hey üyüdüb tökürdü: 

-İnsan  nədir  -  İblis  belə  olmağı  bacarmayan  zəif,  gücsüz,  isdedaddan  qısır, 

imkanlardan  məhrum,  məhəbbətdən  umsuq,  iyrənc  fantaziyalarında  cinsi  əlaqəyə 

girən,  xam  xəyallarında  tək  alçaq  yox,  guya  ki,  uca  dağları  da  yaratdığına  özünü 

inandırmış boş iddialı, riyakar, dünyanın özü kimi mənasız bir varlıq - budur insan. 

Paxıl,  yalançı,  böhtançı,  kinli,  yaltaq...  Guya  azadlığa  can  atan,  amma  azadlığa 

qovuşan  kimi  öz  azadlığından  oddan  qorxan  kimi  qorxan,  hər  seçimini  özgələrin 

boynuna  qoymağa  çalışan,  daima  qulluğunda  durmağa  bir  büt,  bir  sahib,  bir 

yolgöstərən  axtaran  aciz  və  misgin  məxluq.  Dünyanın  ən  ləziz  təamlarını  həzmi  - 

rabedən keçirib nəcis kimi ifraz edən murdar... Yer üzündə özü kimi canlılara qənim 

kəsilmiş, ya onları öz keyfiyçün ovlayan, ya heyvanların, quşların, balıqların ətini də 

yeməklə  yetinməyib,  yumurtasını,  balını,  kürüsünü  da  qamarlayan  qarınqulu.  Bir 

ovuc dən, toxum səpib bir torba yox, on torba, on xaral məhsul götürməkçün torpağı 

kimyəvi gübrələrlə zəhərləyən, çirkab axıntılarıyla dənizləri kirləyən, meşələri qıran, 

qazlarla,  tüstüsüylə  havanı  korlayan  doyumsuz  acgöz.  Dünənini  unutmuş,  sabahını 

düşünməyən,  ancaq  bugünüylə  yaşayan  beyinsiz...  Sartr  düz  deyir  ki,  cəhənnəm  - 

başqalarıdır, yəni özündən başqa bütün qalan adamlardır cəhənnəm.  

-Yox,  yox,  bir  də  yox.  İnsan  əqidəsi  yolunda  edama  gedən  Nəsimidir.  «Hacı 

Murad»ı  yazan  Tolstoydur,  Mahatma  Handidir,  Alber  Şvetsardır,  Tereza  anadır. 




 

96 


Şagirdlərini  ölüm  yolunda  yalqız  buraxmayan,  onların  aqibətini  paylaşan,  onlarla 

birlikdə ölümü qəbul edən Yanuş Korçakdır. Dünyanın ən gözəl, ən incə qadınlarıdır, 

ən cəsur, ən güclü, ən iradəli kişiləridir, ən məsum uşaqlarıdır, ən müdrik qocalarıdır. 

İnsan Fizülidir, Li Bodur, Rafaeldir, Motsartdır, Çexovdur.  

-  Bunların  hamısı  sənin  olsun.  Özün  bildiyin  kimi  yaşa,  başqa  bir  həyatda 

istədiklərinə  çatmaq  ümidiylə  burdakı  ömrünü  puç  aldanışlarla  başa  vur.  Amma 

mənim bildiyimi etməyimə mane olma. Heç istəsən də mane ola bilməzsən.  

Əhliman  haçan  çıxıb  getmişdi,  duymamışdım.  Bəlkə,  heç  gəlməmişdi  də... 



Gözümə görünmüşdü.  

Amma otaqda hələ də siqaretin vanil qoxusu duyulurdu, külqabında neçə-neçə 

siqaret kötüyü qalmışdı. 

 

ON SƏKKİZİNCİ FƏSİL 



GECƏ TAMAŞASI 

 

“Filosofluq etmək - ölümə hazır olmaq deməkdir”. 



 MİŞEL MONTEN 

 

“İnsan  ölüm  xofuna  yalnız  o  zaman  qalib  gələ  bilər  ki, 

aydın  bir  həqiqəti  dərk  etsin:  nə qədər  ki,  bu dünyada  ən  azı 

bir insan yaşayır, o, özü də yaşayır”. 

 SVAMİ VİVEKANANDA, hind filosofu 

 

“Sözün əsl mənasında yalnız bir ciddi fəlsəfi problem var 

-  intihar  problemi.  Yaşamağa  dəyərmi,  dəyməzmi  -  bu 

məsələni  həll  etmək  fəlsəfənin  təməl  sualına  cavab 

verməkdir”.  

 ALBER KAMYU, fransız yazıçısı və filosofu. «Sizif mifi» 

 



 

97 


Xəbər:  Dünən  gecə  məşhur  alim  Hüsü  Zəlim  oğlu  Qafarzadənin  mənzilində 

elektrik  naqillərinin  qovuşması  nəticəsində  yanğın  törənmişdir.  Yanğında  mənzilin 

bütün  avadanlığı,  o  cümlədən  çox  bahalı  qədim  xalça  yanıb  kül  olmuşdur.  Ciddi 

xəsarət  almış  alim  hazırda  reanimasiyadadır.  Həkimlər  onun  yaşaması  uğrunda 

əlləşirlər.  

Gecə  dördün  yarısında  telefonum  səsləndi.  Gecə  zənglərindən  həmişə 

eymənmişəm. Naməlum bir səs eşitdim: 

-Tez geyinib həyətə düşün.  

Kim  idi  bu  əmri  verən,  niyə  və  hara  çağırırdı  məni,  mən  niyə  müticəsinə  bu 

göstərişə  əməl  edirdim?  Tələsik  geyinib  kecinib  həyətə  düşdüm.  Düz  qapımızın 

qarşısında qırmızı limuzin dayanmışdı. Qaranlıqda sükan arxasında əyləşmiş adamın 

sifətini  görə  bilmədim,  amma  maşın  həyətdən  çıxarkən  bədirlənmiş  Ayın  işığında 

yanağında iri çapığı sezdim.  

Nə o danışırdı, nə mən. Hara, niyə gedirdik - deyə sual da verə bilmirdim. Elə 

bil  dilim  tutulmuşdu.  Maşın  yatmış,  susmuş,  ancaq  vahiməli,  soyuq  ay  işığıyla 

kölgələnən küçələrdən keçib şəhərdən çıxdı. Yeganə həyat əlaməti kimi tin başında 

sönüb yanan işıqforların qırmızı, sarı, yaşıl işıqları göz vururdu.  

Maştağa  yoluyla  gedirdik.  Buzovnadan,  Mərdəkandan  keçdik,  Şüvəlanın  əsas 

magistralından çıxıb bağların arasıyla torpaq yollarla böyük binanın qarşıına gəldik. 

Sovet dönəminin Mədəniyyət saraylarını andıran binaydı. 

Maşından endik. Klubun - əgər bura klub idisə - içinə keçdik. Qol saatımda 4-ə 

beş dəqiqə qalırdi. Salon məşum bənövşeyi çıraqlarla işıqlandırılmışdı. Ön sıralarda 

adamlar əyləşmişdi. Arxa sıralar boşdu. Gecə saat dörddə nə tamaşaydı bu, kimdi bu 

saatda bura toplaşanlar?  

Mən  də  keçib  qabaq  sıraların  birində  oturdum.  Tamaşaçılar  hərəkətsizdi. 

Gözlərini  səhnədə  bir  nöqtəyə  zilləyib  susmuşdular.  Bir-bir  sifətlərinə  baxmağa 

başladım  və  birdən-birə  anladım  ki,  çoxusunu  tanıyıram.  Yanımdan  bir  az  aralı 

doqquz-on yaşında bir uşaq oturmuşdu, ona baxdım və ətim biz-biz oldu - bu həmin 

o  xəz  paltolu  qonşum  idi.  Tamaşaçıları  bir-bir  yadıma  salırdım:  dostum  Möhsun, 




 

98 


dayısı  Mədət  kişi,  Rübabə,  Zakir...  Elmi  şuranın  üzvləri.  Hüsü  Qafarzadə.  Aman 

Allah - atam... anam... Onlar da mənə yox, səhnəyə baxırdılar.  

Məni  dəhşət  basırdı,  bura  toplaşanlar  haçansa  -  müxtəlif  vaxtlarda  -  dünyasını 

dəyişmiş  insanlar  idi.  «Dünyasını  dəyişmək»  ifadəsinin  gizli  və  həqiqi  mənasını 

vahimə içində anlamağa başlamışdım.  

Birdən hamısı əl çalmağa başladı. Səs çıxmırdı, amma hərəkətlərindən bəlliydi 

ki,  gözlərini  səhnəyə  zilləyib  kimisə  alqışlayırlar.  Səhnənin  qırmızı  pərdəsi  aramla 

aralanırdı.  Tam  açılandan  sonra  səhnəyə  rəqs  eləyə-eləyə  Aydan  çıxdı.  Ürəyim 

düşdü, onun burda, ölülərin içində nə işi vardı?!  

Qadın  qışqırığına  ayıldım,  yatağımdan  sıçrayıb  eyvana  yanaşdım.  Səhərin 

alatoranlığında  həyətdə  Aydanın  cəsədi  sərələnmişdi.  Qışqırıb  üz-gözünü  yırtan  da 

anası idi.  

Arxaya çevrildim. Divardaki iri göz muncuğu tən ortadan çatlayıb paralanmışdı, 

yarısı divarda qalmışdı, yarısı yerə düşüb çilik-çilik olmuşdu. 

Yerə tökülmüş göz muncuğu parçalarının yanında Əhliman dayanmışdı.  

-Nədən bunu etdin? - dedim, - o qızın təqsiri nəydi?  

Əhliman: 

-Bunu sən etdin, - dedi, - sən öldürdün onu... Otağına yenə də yuxulu gəlmişdi. 

Getmək  istəyəndə  sən  də  yuxulu-yuxulu  bağırdın:amandı,  getmə.  O,  artıq  karnizin 

üstündəydi,  qışqırığa  oyandı  və  elə  o  andaca  həyətə  uçdu.  Yaxşıdı  yazıq  əziyyət 

çəkmədi, ani oldu ölümü.  

Bunları deyə  - deyə  Əhliman  mənə  yaxınlaşırdı,  onun  niyyətini bilirdim.  Açıq 

qapıdan  eyvana çıxdı.  Aşağı  baxırdı.  Arxası  mənə  tərəf  idi.  Ani  tərəddüddən sonra 

qəfil  həmləylə  var  gücümlə  onu  itələdim,  eyvanın  məhəccərindən  aşıb  aşağı  uçdu. 

Bir an sonra Ay qızının yanında onun da cəsədi sərələnmişdi.  

 

MÜƏLLİFDƏN. Tizfəhm oxucu, yəqin, anladı ki, əsərin Əhliman (Əhriman və 



Hörmüzd)  adlandırılan  iki  personajı,  əslində,  eyni  adamdı.  Belə  olan  surətdə  sual 

oluna  bilər:  müəllifin  demək  istədiyi  nədi  -  Xeyir  timsalı  Hörmüzd  Şər  timsalı 


 

99 


Əhrimanı itələyib məhv edir? Amma onda - ikisi eyni şəxsdirsə - ikisi də məhv olur 

axı...  

Elədir.  Amma  əsərin  əvvəlinə  qayıdın.  Demə,  diri-diri  torpağa  gömülən 

ölməyibmiş. Bir təsadüf, ya bəlkə, zərurət nəticəsində dirilib məzardan çıxır, dünyaya 

qayıdır,  yaşamağa  başlayır.  Bəs  onda  hansıdır  qayıdan-  Hörmüzdmü,  Əhrimanmı; 

Xeyirmi, Şərmi? Ya hər ikisimi?  

Bu sualın cavabını - yəni bu qərarı verməyi - oxucunun ixtiyarına buraxıram.  

 

 İyul, avqust, sentyabr 2014, 



 Dubrovnik - Bakı  

 

 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə