Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   2   3   4   5   6   7   8   9   ...   29

 

yoxdur.  Elə  hər  fəslin  əvvəlində  gətirdiyi  epiqraflarla  mövzunun  qədimliyini,  min 



illərdi  ən  müxtəlif  ziya  sahiblərini  düşündürməsini,  onların  əsərlərində  əks 

olunmasını  göstərir.  İnsan  xisləti,  yaman  göz,  kin,  paxıllıq,  həsəd  məsələləri  İbn 

Sinadan, Konfutsidən üzü bəri bir çox alimlərin, filosofların, realist, yaxud romantik 

yazıçıların,  şairlərin  müraciət  etdiyi,  çözməyə  çalışdığı  məsələlərdi.  Çünki  bütün 

bunlar insanla birgə yaranıb, əgər ilk insanların Adəm və Həvva olduğuna inansaq, 

hələ əcdadlarımızın nəfs ucbatından Cənnətdən qovulmaları əsas göstəricidi. Yaxud 

Adəmlə  Həvvanın  ilk  övladları  Qabillə  Habilin  ədavəti,  paxıllığın,  kinin  qalib 

gəlməsi  və  Qabilin  öz  doğma  qardaşını  öldürməsi...  Bu  rəvayətlərin  tarixini  bilən 

yoxdu. Ancaq bu gün də müasir, çağdaş zamanda analoji hadisələr, oxşar situasiyalar 

nə qədər desən, var. Ona görə bütün bunları araşdırmaqdan, təhlil etməkdən nə sənət, 

nə də elm yorulur. Bu əsərdə də yazıçı insanın özü qədər qədim bir mövzuya yenidən 

baxır,  öz  baxışı  ilə, həm  də  bu  gündən, müasir  gözlə baxır.  Bəşəriyyət  yaranandan 

indiyə kimi xeyirlə şərin mübarizəsi elmin də, ədəbiyyatın da öyrəndiyi, təhlil etdiyi 

məsələdir.  Bütün  həyat,  dünya,  münasibətlər  bunun  üzərində  qurulub.  Avestada 

verilən Əhriman Hörmüzd davası axıracan da bitməyəcək, yəqin. Bax, elə Anarın da 

demək  istədiyi  budur.  Amma  burada  özünəməxsusluq,  orijinallıq  ondadır  ki,  Anar 

məsələyə fərqli yanaşır. Xeyiri də, Şəri də bir insanda birləşdirir, yenə də BİR, TƏK 

qəhrəmanının içindəki təbəddülatları, təzadları, onun xarakterində, əməllərində bəzən 

içindəki xeyirin, bəzən də şərin elementlərini göstərir. Dediyim kimi, həm də bunları 

müasir, çağdaş oxucunun zövqünü, istədiklərini nəzərə alaraq edir. Əsərin mövzusu 

nə qədər çoxşaxəli, dərin olsa da, yazıçı hadisələri "sürətlə", dinamik şəkildə çatdırır, 

oxucunu  uzun təhkiyələr, artıq təsvirlərlə yormur, qısa, amma  eyni  zamanda hədəfə 

dəqiq vuran fikirlərlə, ifadələrlə mahiyyəti, mənanı izah edir. Amma povestin müasir 

zamanda yazılan və bu günün, XXI əsrin nəsri hesab olunacaq bir çox əsərlərdən əsas 

fərqi də var. Məsələ burasındadır ki, müasirlik arxasınca qaçan, dinamik, sürətli nəsr 

yaratmağa çalışan, bədii əsərin informasiya yükünü artırmaq və bununla da oxucunu 

cəlb etməyi, maraqlandırmağı düşünən bir çox yazıçılar bu məsələləri önə çəkməklə, 

əsas  saymaqla  nəsr  əsərini  bəzən  bədii  şəkildə  deyil,  ensiklopedik  məlumat,  yaxud 

sadəcə tezis formasında yazırlar. Bir sözlə, əsər ruhsuz, cansız görünür, bu səbəbdən 



 

də  yadda  qalmır,  kitab  bağlanan  kimi  unudulur.  "Göz  muncuğu"nda  isə,  yazıçı 



müasirliyi, dinamikanı, informasiya ötürücülüyünü qarşısına məqsəd qoysa da, əsas 

şərt  bədiilikdi.  Anar  hər  bir  informasiyanı  bədii  mətndə  əridə  bilir,  məlumatın 

ağırlığını öz üzərinə götürüb oxucuya yalnız, necə deyərlər, qaymağı, ləzzətli yerini 

təqdim  edir.  Bu  əsərdə  Anarın  klassik  mövzunu,  köhnə  mətləbləri  yeni  formada, 

özünəməxsus, fərqli şəkildə yazmasını tam qətiyyətlə demək olar.  

Mənə  görə  əsərin  əsas  uğuru  onun  oxunaqlı  olmasıdı.  Povesti  birnəfəsə 

oxuyursan və elə ilk cümlədən əsər səni öz sehrinə salır, buraxmır. "Ağrı... dəhşətli, 

dözülməz ağrı... "  -  bu ilk cümlədən maraq bürüyür adamı. Nə ağrı, nədi səbəb bu 

ağrıya, nə baş verib? Və oxuduqca hər şey aydın olur... Əsərin qəhrəmanı Əhlimanı 

diri-diri dəfn ediblər. Daha doğrusu, bu adam qəbirdə qəfildən dirilib. Yazıçı qəbrin, 

ordakı adamın hallarının təsvirinə Yunis İmrənin misralarıyla başlayır və cümlədən-

cümləyə  oxucunu  da  həmin  auraya  salır.  Səmimi  etiraf  edim  ki,  bu  fəsli  oxuyanda 

nəfəsim  kəsilirdi  az  qala.  Bədii  effekt  budur…  Anar  qısa  və  uzun  cümlələrlə, 

rabitəsiz fikirlərlə qəbirdə dirilmiş əli-qolu bağlı insanın dəhşətini, ağrısını, təlaşını, 

qorxularını son dərəcə dəqiq, canlı ifadə edir. Oxuduqca, soyuq, nəm, üstübağlı bir 

məkanda hiss edirsən özünü, və qəhrəmanın halını daha yaxşı anlayırsan. Yazıçının 

da  əsas  istəyi  budur,  deyəsən:  Əhlimanı  oxucusu  ilə  doğmalaşdırmaq,  bəlkə  də 

eyniləşdirmək. Axı, doğrudan da, Əhlimanın daxilindəki xeyir və şər toxumları hər 

birimizin  içində  var,  zamanla  cücərir,  bəzən  də  biri  digərini  vurub  keçir.  Amma 

xeyirin,  yaxud  da  şərin  cücərməsi,  boy  atması  üçün  münbit  şəraiti  yaradan  nədir? 

Bax, bu sualın cavabını yazıçı müxtəlif fəsillərdə verir. Burda uşaqlıq kompleksləri 

də var, yeniyetməlik kəsirləri də rol oynayır, mühitin amansızlığı, sərt qaydaları da 

özünü  göstərir,  zamanın  acımasızlığı  da...  Ancaq  bunlar  haqda  bir  az  sonra  söz 

açacam.  Hələlik  isə  elə  ilk  fəslin  məni  heyrətləndirən,  düşündürən  məqamlarını, 

yazıçının uğurlu priyomlarını vurğulamaq istərdim. Ən əvvəl onu deyim ki, bu fəslin 

gah  qəhrəmanın,  gah  da  yazıçının  dilindən  verilməsi  son  dərəcə  maraqlıdı.  Adama 

elə gəlir ki, qəhrəman düşünür, danışır, amma arada ya yuxuya gedir, ya huş aparır 

onu,  və  mətn  yazıçının  təhkiyəsinə  keçir.  Bu  fəsildə  Əhliman  dünyaya  yenidən 

gəlir... Ona görə yazıçının ana bətni ilə qəbri müqayisə etməsi, bir-birinə bənzətməsi 



 

çox  təsirlidi.  Amma  birinci  dünyaya  gəlişindən  fərqli  olaraq,  bu  dəfə  Əhlimanın 



yaddaşı var. Ömrünün müxtəlif anları, məqamları yaddaşında oyanır, bir-birini əvəz 

edir,  gözünün  önündən  keçir.  Eynilə  ana  bətnində  olduğu  kimi  darlıq  içindədi  - 

çabalayır,  vurnuxur,  azad  olmaq  istəyir,  suya  qərq  olur,  dünyaya  gəlir  və  üşüyür... 

Məhz bu üşümə əsər boyu simvola çevrilib. Əhlimanın bir çox kompleksləri, ağrıları 

məhz  soyuqla,  üşümə  ilə  bağlıdı.  Amma  hələ  indi,  qəbirin  içində  də  onun  əsas 

mübarizəsi  davam  edir.  İçindəki  mübarizə.  Xeyirlə  Şərin  davası.  Ona  görə 

qəhrəmanın  dilindən  verilən  xatirələr,  rabitəsiz  fikirlər  də  bəzən  xeyirin,  bəzən  də 

şərin  yaddaşının  məhsuludu.  Məsələn,  Əhlimanın  Allahı  yada  salması,  ona 

yalvarması, evinin önündə çay içən bir qocanı xatırlaması, Ay qızını gözünün önünə 

gətirməsi,  şeirlərdən  misralar  pıçıldaması  -  bunlar  hamısı  xeyirin,  yəni  Hörmüzdün 

xatirələridir.  Amma  kürəyini  zolaq-zolaq  edən  qırmancları,  başına  əndərilən 

sopsoyuq  suyu,  xalatını  geyinmiş  Zakiri,  çılpaq  qadın  belində  küpə  izlərini 

düşünməsi  isə  məhz  şərin,  yəni  Əhrimanın  yada  saldıqlarıdı.  Bu  qırıq-qırıq 

xatirələrin  bəzilərini  yazıçı  sonrakı  fəsillərdə  geniş  təsvir  edir  və  onları  oxuduqca 

niyə  məhz  bunların  qəbirdə  yada  düşməsini  anlayırsan.  Əsərin  əvvəlindən 

qəhrəmanın  necə  "ölməsinə"  də  kiçik  bir  eyham  var  və  bunun  özü  də  oxucunu 

maraqlandıran detaldı. Necə ölüb bu adam? Kim idi onu hündürlükdən itələyən? Bu 

sualların  cavabı  üçün  səbrsizliklə  növbəti  fəsillərə  keçirsən.  Amma  bundan  öncə 

yazıçının bir tapıntısını da vurğulayım. Əsərin əvvəlində kip qapalı qəbrin qaranlığını 

belə təsvir edir müəllif:  

"Zil-zülmət  qaranlıq...  Bu,  qapalı  gözlərin  içində  çəhrayı,  sarı,  yaşıl  dairələr 

oynaşan qaranlıq deyildi, açıq gözlərin qaranlığı idi!". 

Fəslin sonunda isə qəhrəman deyir: "Gözlərimi qapayıram. Gözlərim qarşısında 

sarı, çəhrayı, yaşıl dairələr...". 

Artıq  qəbrin  açılmasını,  Əhlimanın  gözünə  işıq  düşməsini  bundan  gözəl 

yazmaq,  təsvir  etmək  olmazdı...  Yazıçının  özü  dediyi  kimi,  qəhrəman  zil-zülmət 

qaranlıqdan  qurtulmuşdu.  Qəbrini  açmışdılar.  Amma  niyə?  Hansısa  qəbri  açıb 

"ölü"nü narahat  etmək  kimə  lazım  idi  axı?  Yazıçı qəbrin  açılması  fəslinin sonunda 

kiçik bir müəllif arayışı, qeydi verməklə oxucusunu uzun təfərrüatçılıqdan xilas edir. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə