GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”



Yüklə 1,16 Mb.
səhifə7/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zariyat surəsi, 52-53)

İncil

İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Onlar fikirləşirdilər ki, O, ağlını itirib. Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdi: “Onda Baal-Zevul var. O, cinləri cinlər başçısının qüdrəti ilə qovur. (Mark, 3: 21-22)



Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirdilər: “Onu cin tutmuşdur”. (Matta, 11: 18)

Peyğəmbərlər öz nəfslərinin istədiklərini danışmırlar



Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi. (Nəcm surəsi, 2-5)

İncil

Mən özbaşına bir iş görə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim hökmüm ədalətlidir. Çünki məqsədim öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. (Yəhya, 5: 30)

Hər şeydən əvvəl bunu bilməlisiniz ki, müqəddəs yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən izah etmək olmaz. Çünki heç vaxt peyğəmbərlik insan iradəsindən qaynaqlanmamışdır. (2 Peter, 1: 20-21)

O, qulu Davudun nəslindən bizə qüdrətli xilaskar yetirdi. Qədimdən bəri öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi. (Luka, 1: 69-70)

Tövrat

Onda Rəbb mənə dedi: “...Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O, əmr etdiyim hər şeyi sizə söyləyəcək. (Qanunun təkrarı, 18: 17-18)

Cənnət və Cəhənnəmə iman

Allah'ın endirdiyi haqq dini insanlara təbliğ edən peyğəmbərlər insanları Cənnətdəki nemətlərlə müjdələmiş, Cəhənnəm əzabı ilə xəbərdar etmişlər. Dünya həyatında Allah'ın əmrlərinə itaət edənlər, Onun razılığını qazanmaq üçün çalışanlar axirətdə Cənnətlə mükafatlandırılacaqlar. Allah'ın dininə çağırıldıqları və doğru yolu gördükləri halda inkar edənləri isə Cəhənnəmdə sonsuz və dəhşətli bir əzab gözləyir.

Quranda inananları nemətlərlə dolu, sonsuzluq, xoşbəxtlik və sağlamlıq yurdu olan Cənnətin, inkarçıları isə bənzəri olmayan əzab və çətinliklərlə dolu olan əbədi Cəhənnəm həyatının gözlədiyi belə xəbər verilmişdir:

İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah'ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah'dan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xə­­bərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)”– deyəcəklər. Lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi. (Zumər surəsi, 71)

Həyatı boyu Allah'ın əmrlərinə itaət edən, Rəbbimizin razılığını qazanmaq üçün cəhd göstərən imanlı insanlar Allah'ın izni ilə Cənnətdə ən ehtişamlı evlər, ən gözəl paltarlar, ən gözəl ləl-cavahiratlar, ən dadlı yeməklər, ən ləzzətli içkilərlə mükafatlandırılacaqlar, sevdikləri insanlarla və dostları ilə birlikdə rahat və sonsuz həyat yaşayacaqlar. Özlərini yaradan və saysız nemət verən Allah'a qarşı üsyan və nankorluq edənlər isə Cəhənnəm cəzasına məhkum olacaqlar. Quranda Cəhənnəmdəki əzabın dünyada bənzəri olmayan çox böyük, əzablı və şiddətli bir əzab olduğu bildirilmişdir. Cəhənnəmdəki yüngülləşdirilməyən və daimi olan fiziki və mənəvi əzab, dar, qaranlıq, tüstülü mühitlər, iyrənc yemək və içkilər, əzablı iniltilər, yandırıcı və qovurucu istilik, zəncirlər, dəmir qamçılar, qaynar su və digər cəzalar ayələrdə ətraflı şəkildə təsvir edilmişdir. Quranda Cəhənnəmdəkilərin günahlarını etiraf etmələri, xor və alçaq qılınmaları, peşmanlıqları, dünyaya geri qayıtmaq istəkləri, yox olmağı istəmələri də bildirilmişdir. Cəhənnəmdə olanlar kömək üçün yalvaracaqlar, ancaq onlara kömək edilməyəcək, əzablarının yüngülləşdirilməsini istəyəcəklər, ancaq bu istəklərinə məhəl qoyulmayacaq.

Yaxşılarla pislərin Allah qatında bir olmadığı və hər kəsin etdikləri ilə əvəz görəcəyi Tövrat və İncildə də bildirilmişdir. Yaxşılarla pislərin ayrılmaları İncildə belə izah edilmişdir:

Yenə səmavi səltənət dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşıları qablara yığdılar, pisləri isə kənara atdılar. Bu, dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları soba alovuna atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. (Matta, 13: 47-50)

İncildə doğruların sonsuz həyata (Matta, 25: 46), pislərin İblislə birgə sonsuz atəşə (Matta, 25: 41), sonsuz cəzaya (Matta, 25: 46) göndəriləcəkləri bildirilmişdir. “Cəhənnəm cəzasından necə qaçacaqsınız?” (Matta, 23: 33) və “Öldürdükdən sonra Cəhənnəmə atan ixtiyar Sahibindən qorxun” (Luka, 12: 5) kimi izahlarla Cəhənnəm əzabı xatırladılmışdır. Cəhənnəmdəkilərin çəkdikləri əzab, çarəsizlik və peşmançılıq İncildə belə təsvir edilmişdir:

Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni Cəhənnəmdə məhv edə bilən Allah'dan qorxun. (Matta, 10: 28)

Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar, at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin Cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin Cəhənnəmə düşməsindən yaxşıdır. (Matta, 5: 29-30)

Tövratda isə yaxşılıq edənlərin yaxşılıqla əvəz görəcəyi, pislik edənlərin də bu pisliklər qarşılığında cəzalandırılacaqları ifadə edilir:

Saleh insanlara söyləyin ki, onlara yaxşılıq ediləcək, çünki onlar xeyirxahlıqlarının bəhrəsini görəcək. Pis insanların vay halına! Çünki onlara pislik olunacaq, elədikləri əməlləri qarşılarına çıxacaq. (Yeşaya, 3: 10-11)

...Dinsizlər lərzəyə gəldi: “Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?” Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, haram yolla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan, qatillərin qurduğu qəsdə fikir verməyən, pisliyə qarşı yaxşılıqla cavab verən yüksəkliklərdə yaşayacaq, təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. (Yeşaya, 33: 14-16)

...Çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. Ağıllı insanlar göy qübbəsinin parıltısı kimi, saleh olanlar ulduzlar kimi əbədi və daim parlayacaq. (Daniel, 12: 2-3)



Necə ki, quraqlıq və istilik qarı əridib udur, ölülər diyarı da günahkarları elə götürüb aparacaq. (Əyyub, 24: 19)

Ölülər diyarı həddindən artıq ağzını açıb və doymaq bilmir... Hamı yerə səriləcək, hər kəs diz üstə çökdürüləcək, təkəbbürlü baxışlar alçaldılacaq. (Yeşaya, 5: 14-15)



Pislər yıxılıb məhv olar, salehin evi dağılmaz. (Süleymanın məsəlləri, 12: 7)

Yenidən dirilişə iman

Allah bütün insanları ölümlərindən sonra yenidən dirildəcək və dünya həyatındakı əməlləri ilə hesaba çəkəcək. Bu həqiqət bütün peyğəmbərlər tərəfindən insanlara bildirilmişdir. Rəbbimizin endirdiyi haqq dini təbliğ edən peyğəmbərlər insanları yenidən diriləcəkləri günlə xəbərdar etmişlər və onlara o gün üçün ciddi hazırlıq görmələrinin lazım olduğunu xəbər vermişlər. Səmimi olaraq iman gətirən hər insan Allah`ın ölümdən sonra onu dirildəcəyini bilərək hərəkət edir. Bəzi insanlar isə ölümdən sonra yenidən dirilişi inkar edirlər. Axirət günündə yenidən diriləcəklərindən şübhə edənlərin və ya bu həqiqəti yalan hesab edənlərin vəziyyəti Quranda belə bildirilmişdir:

O, Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 78-79)

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Bunun səbəbi Allah'ın haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 5-6)

Əlbəttə, hər şeyə qadir olan Allah üçün bütün insanların dirildilməsi çox asandır. İnsanı heç bir şey deyil ikən yoxdan yaradan, ölü kimi görünən quru torpağı dilədiyi şəkildə canlandıran Allah'dır. Zamanı gələndə insanları da yenidən dirildəcək. İncilin müxtəlif yerlərində ölümdən sonra diriliş olmadığını söyləyənlərə hz. İsanın (əs) təbliği haqqında məlumat verilmişdir. Bunlardan birində belə deyilir:

Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib qəbirlərindən çıxacaq, yaxşılıq edənlər dirilib həyat əldə edəcək, pislik edənlər isə dirilib mühakimə olunacaq. (Yuhanna, 5: 28-29)



Onda onlar sənə əvəzini verə bilmədiyinə görə, sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək. (Luka, 14: 14)

Lakin bir nəfər belə deyə bilər: “Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?” Necə də məntiqsiz sualdır!.. (1 Korinflilərə, 15: 35-36)



Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz. (1 Korinflilərə, 15: 42)

Tövratda yenidən dirilişin təsvir edildiyi hissələrdən bir qismi belədir:

Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. (Daniel, 12: 2)

Ey xalqım: “Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm. Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz”… -Rəbb belə bəyan edir. (Yezekel, 37: 13-14)



...Sənin ölülərin yaşayacaq, bədənləri diriləcək. Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun... Rəbb torpaqdakı ölüləri dirildəcək. (Yeşaya, 26: 19)

Sən isə öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan. (Daniel, 12: 13)

Hesab gününə iman

Axirətə və hesab gününə iman İslamiyyətin əsaslarından biridir. Bütün insanlar dünya həyatında keçirdikləri hər anın hesabını vermək üçün yenidən dirildiləcəklər. Axirət günündə hər insan tək başına hesab verəcək, heç kim başqasının günahını yüklənə bilməyəcək və ya ona kömək edə bilməyəcək. O gündə iman gətirənlər və yaxşılıq edənlər üçün asan hesab olacaq. İnkar edib pis işlər görənlər üçün isə, şübhəsiz, hesab günü çox çətin bir gün olacaq.

Allah Quranda hesab gününün necə olduğunu ətraflı bildirmişdir. Heç bir şeyin gizli qalmayacağı hesab günündə zərrə qədər belə olsa, bütün insanların yaxşılıq və pislikləri həssas tərəzilərdə çəkiləcək. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)

O gün inkarçıların eşitmə və görmə duyğuları, dəriləri onların əleyhinə şahidlik edəcək:

Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. (Fussilət surəsi, 20)

İnsanlar dünyada gördükləri işlərə görə Allah qatında hesab verərkən, peyğəmbərlər və şahidlər də olacaqlar. Sonsuz ədalət sahibi olan Allah hər insan haqqında hökm verəcək:

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. (Zumər surəsi, 69-70)

Axirət günü veriləcək hesab haqqında İncildə belə deyilir:

Allah'ın qarşısında gizli qalan məxluq yoxdur. Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesab verəcəyik. (İbranilərə, 4: 13)

Allah hər kəsə əməlinə görə əvəzini verəcək: səbirlə, yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlıq edənlərə isə qəzəb və hiddət göndərəcək. (Romalılara, 2: 6-8)



Mən sizə deyirəm: insanlar söyləyəcəkləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. (Matta, 12: 36)

...Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; ta ki bütün dillər sussun və bütün dünya Allah'ın hökmünə məruz qalsın. (Romalılar, 3: 19)

Əlbəttə ki, Rəbb Allah yolunda cəhd edənləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününədək cəza altında necə saxlamağı bilir. O, ələlxüsus cismani murdar ehtirasına təslim olaraq, ağalığa xor baxanları belə saxlayır. (2 Peter, 2: 9-10)



Tövratda da hesab gününün varlığı və Allah'ın insanları əməllərindən hesaba çəkəcəyi bildirilir. Bu izahlardan biri belədir:

Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, sən nə cür etdinsə, sənə də belə ediləcək, əməllərinin əvəzi öz başına gələcək! (Avdiya, 1: 15)

… Bu insanların günü çatdı, nəhayət, cəza vaxtı gəldi. (Yezekel, 21: 29)

… Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi cəza günü gəldi. İndi siz çaşbaş qalmışsınız. (Mikeya, 7: 4)

Sən ey murdar və pis olan… günün çatdı, nəhayət, cəza vaxtın gəldi. Xudavənd Rəbb belə deyir: “… Artıq bu, belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt”. (Yezekel, 21: 25-26)

Qiyamət günü

O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə soruşur. Gözlər bərələ qalacağı, Ay tutulacağı və Günəşlə Ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, (o gün) pənah aparılacaq yer tapılmayacaq. (Qiyamət surəsi, 6-11)

Ulduzlar sönəcəyi zaman; göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman. (Mürsəlat surəsi, 8-11)

Həmin saat hökmən gələcək!.. (Taha surəsi, 15)

Səndən o saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. (Qopacağı) vaxtı yalnız O aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə də ağır gəlir. O, sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allah'a aiddir. Lakin insanların çoxu bilmir”. (Əraf surəsi, 187)

O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da didilmiş yun kimi olacaqdır. Dost dostunun halını xəbər almayacaq. (Məaric surəsi, 8-10)

Göy yarılıb dağ edilmiş yağ kimi qıpqırmızı olacaqdır. (Rəhman surəsi, 37)

İncil

Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş qaralacaq, Ay işıq saçmayacaq, ulduzlar göydən töküləcək... (Mark, 13: 24-25)

O günü və saatı heç kim bilmir... Ehtiyatlı olun, oyaq olun, dua edin. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. (Mark, 13: 32-33)

Özünüzə fikir verin! Qoy ürəkləriniz acgözlük və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy o gün bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün bir tələ kimi yer üzündə yaşayanların hamısının üstünə gələcək. (Luka, 21: 34-35)

...O gün göylər böyük gurultu ilə qopub töküləcək. Hər şey yanaraq məhv olacaq. Yer üzü və onun üstündəki hər şey yanıb yox olacaq... O gün göylər də od tutub yanacaq. (2 Peter, 3: 10-12)



Tövrat

Rəbbin günü yaxındır!  Günəş və ay qaralır, ulduzlar işıqlarını gizlədir... Göy və yer sarsılacaq… (Yoel, 3: 14-16)

Qarşılarında yer sarsılır, göylər lərzəyə gəlir, günəş və ay qaralır, ulduzlar işıqlarını gizlədir... Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim tab gətirə bilər?  (Yoel, 2: 10-11)

...Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! Buna görə hamının əlləri yanına düşəcək, hər kəs qorxub ürəyini yeyəcək. Hər kəsi dəhşət bürüyəcək, dərd və iztirab içində boğulacaq, doğan qadın kimi ağrı çəkəcək, çaşqın-çaşqın bir-birinə baxacaq, üzləri qızaracaq. Budur, Rəbbin amansız, qəzəbli və qeyzlə dolu günü yaxınlaşır ki, yeri səhraya döndərsin, oradakı günahkarları məhv etsin. Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. (Yeşaya, 13: 6-10)

Rəbbin möhtəşəm günü yaxınlaşır, yaxınlaşır, tez gələcək... O gün qəzəb günüdür: hər tərəfi əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür!.. Rəbb deyir: “İnsanlara elə bəla göndərəcəyəm ki, kor kimi hara gedəcəklərini bilməyəcəklər, çünki Mən Rəbbə qarşı günah ediblər... Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək”. (Sefanya, 1: 14-18)

İnsanın imtahanı

...Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün... göyləri və yeri altı gündə yaradan Odur...” (Hud surəsi, 7) ayəsində buyurulduğu kimi, dünyanın yaradılış məqsədlərindən biri də insanların sınanmasıdır. Əslində, hər insan ömrü boyu imtahan olunur və ölümü ilə birlikdə sona çatan bu imtahandan sonra ya gözəlliklə mükafatlandırılacaq, ya da əzabla cəzalandırılacaq.

İnsanın qarşısına çıxan çətinliklərin, müsibətlərin hər biri imtahan vəsiləsidir. Çətinliklər qarşısında Allah'a güvənərək səbir edənlər Allah'ın istədiyi şəkildə davranmış olurlar. İnsanlar mal-mülk, övladlar, gözəllik, sağlamlıq kimi Allah'ın nemətləri ilə də sınanırlar. Belə vəziyyətdə insan öz eqoist istəklərini reallaşdırmaq üçün deyil, Allah’ın məmnuniyyətini qazanmaq üçün çalışmalıdır.

İnsanın inandığını və iman gətirdiyini dilə gətirməsinin kifayət etmədiyi və mütləq sınanacağı bir Quran ayəsində belə bildirilir:



İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)

Bununla belə, Quranda çətinliklər qarşısında səbir göstərənlər müjdələnirlər. Bu həqiqətə bir ayədə belə diqqət çəkilir:



Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

İncildə sınanmağın sevindirici hal olduğu və insanın kamil imanı qazanmasına səbəb olduğu belə ifadə edilir:

Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi səbir yetişdirir. Səbir də öz əməlini başa çatdırsın ki, siz yetkin və kamil insanlar olasınız, heç bir çatışmazlığınız olmasın. (Yaqub, 1: 2-4)

Siz hər insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O, sizi gücünüz çatmayan şeylə sınağa çəkməz. O, sizə sınaqla yanaşı, bu vəziyyətdən çıxış yolu da göstərəcək ki, tab gətirə biləsiniz. (1 Korinflilər, 10: 13)

Sınağa səbir edən insan necə də xoşbəxtdir! Çünki sınaqdan keçdikdə Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. (Yaqub: 1, 12)

Buna görə, hal-hazırda yaşadığınız müxtəlif sınaqlara görə kədərlənməyin, sevinin... (1 Peter, 1: 6)

Allah'ın insanları dünyada müxtəlif sınaqlardan keçirdiyi Tövratın bir neçə yerində belə bildirilir:

Əgər aranızdan... yuxu görən bir şəxs çıxıb sizə bir əlamət, ya da möcüzə olacağını söyləyərsə, sonra: “Tanımadığınız yad ilahların ardınca gedək və onlara sitayiş edək”, -deyərsə, bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də, ...yuxu görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allah'ınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allah'ınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi? (Qanunun təkrarı, 13: 1-3)

Mən Rəbb, ürəyi yoxlayıram, insanın fikrini sınayıram ki, hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verim”. (Yeremya, 17: 10)

Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. (Yaradılış, 22: 1)

Hər iş ancaq Allah'ın diləməsi ilə həyata keçir



İnsanın planlaşdırdığı işlər ancaq Allah dilədiyi zaman reallaşır. İman gətirənlər Rəbbimiz diləmədikcə heç nəyə qadir olmadıqlarını bilirlər. Rəftarlarında və söhbətlərində bu həqiqətin şüurunda olduqları açıq görünür. Allah iman gətirənlərə heç bir mövzu haqqında qəti danışmamağı, bunu ancaq Allah dilədikdə edə biləcəklərini söyləməyi bildirmişdir. Ayədə belə buyurulur:

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”, – de. (Kəhf surəsi, 23-24)

İnsanın gələcəklə bağlı düşüncələrində bu həqiqəti unutmaması İncildə də bildirilir:

İndi isə siz: “Biz bu gün, yaxud sabah filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq”, - deyirsiniz, əslində, sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? O qısa bir müddətə görünüb, sonra yox olan buxardır. Bunun əvəzinə: “Əgər Rəbb istəyərsə, sağ qalıb bu və ya digər işi görərik”, - deməlisiniz. (Yaqub, 4: 13-15)



İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə Allah'ın izni olmadan yerə düşməz. (Matta, 10: 29)

Tövratda da belə bildirilir:



İnsanın qəlbində çox arzusu var, amma Rəbbin niyyəti həyata keçər.  (Süleymanın məsəlləri, 19: 21)

V HİSSƏ

İLAHİ DİNLƏRDƏ ORTAQ İBADƏTLƏR, ORTAQ ƏXLAQİ DƏYƏRLƏR

İnsanı yaradan Allah onun ehtiyaclarını və dünyada necə rahat olacağını ən yaxşı biləndir. Bu səbəbdən, insan Rəbbimizin bildirdiyi yolla getməlidir. Belə ki, Allah hər dövrdə elçiləri və kitabları vasitəsilə insanlara yol göstərmiş, razı olacağı düşüncə, davranış, əxlaq və həyat formasını insanlara xəbər vermişdir. Allah'ın öyrətdiyi həyat tərzini və əxlaq modelini tətbiq edənlər həm dünyada, həm də axirətdə xoşbəxt, dinc və gözəl həyata qovuşmağı ümid edən insanlardır.

Müxtəlif dövrlərdə, müxtəlif ərazilərdə yaşayan və müxtəlif İlahi dinlərə mənsub olan insanlar fərqlərə baxmayaraq, eyni əxlaqi dəyərlərə sahibdirlər. Oğurluq etməmək, adam öldürməmək, zina etməmək, yalan danışmamaq, ədalətli olmaq, hər cür haqsızlıqdan çəkinmək, insanlara qarşı nəzakətli və hörmətli üslubdan istifadə etmək kimi dəyərlər bütün inananlar üçün əsaslıdır. Bu, inananların baş verən hadisələrə oxşar reaksiya vermələrinə və oxşar hərəkət etmələrinə səbəb olur.

Bu ortaq əxlaq anlayışı yəhudilik, xristianlıq və İslamiyyətə də aid edilir. Nankorluq, özündən razılıq, azğınlıq, yalançılıq, eqoistlik, acgözlük, hiyləgərlik, qısqanclıq, davakarlıq, itaətsizlik, hörmətsizlik, vəfasızlıq, xəsislik, təcavüzkarlıq, zalımlıq, səbirsizlik, riyakarlıq kimi çirkin xüsusiyyətlər İslam əxlaqına qətiyyən uyğun olmadığı kimi, yəhudilik və xristianlıqda da qadağan edilmişdir. İnsanlar ədalətli, vicdanlı, şəfqətli, xeyirxah, təvazökar, dürüst, fədakar, itaətkar, vəfalı olmaq və s. kimi gözəl xüsusiyyətlərə çağırılmışlar.

Bu İlahi hökmlərə riayət edən səmimi dindarlar seçilmiş və şərəfli insanlardır. Allah'a qəlbən bağlıdırlar. Dərin imana, üstün əxlaqi xüsusiyyətlərə sahibdirlər. Etdiklərinin əvəzində heç nə tələb etmirlər, yalnız Allah'ın razılığını qazanmağa çalışırlar. Həmişə doğrunun, yaxşının, haqqın, gözəl əxlaqın tərəfdarı olurlar. Hər cür pislik və əxlaqsızlıqdan çəkinirlər.

Lakin yer üzündəki bir çox təlim İlahi dinlərin öyrətdiyi əxlaq anlayışına tamamilə zidd olan anlayışları müdafiə edir. Məsələn, son iki əsrdir ki, dünyada hökm sürən darvinist və materialist fəlsəfə insanları yalnız öz mənfəətlərini düşünən və bunda heç bir qayda tanımayan fərdlərə çevirir. Bu batil fəlsəfə həyatı sanki bir arena kimi göstərir, insan həvəslərinin təmin edilməsi üçün hər yoldan istifadə etməyi nəzərdə tutur. Digər tərəfdən, darvinizm və materializm insanın ruha sahib olduğunu və Allah'ın vəhyini inkar etdiyi üçün insanın təbiətinə dair heç bir mütləq meyar qəbul etmir və İlahi dinlər tərəfindən ortaya qoyulan bütün əxlaqi dəyərləri inkar edir. Bu azğın məntiqin bəşəriyyətə nə qədər böyük fəsad gətirdiyinin nümunələri isə hələ də göz qabağındadır. Qarşıdurmalar və gərginliklər, bir parça torpaq və mövqe üçün mərhəmətsizcə bir-birinə hücum edən insanlar, məzlumların və ehtiyac içində olanların hər gün daha da əzilməsi, ədalətsizliyin yayılması, əxlaqsızlığın artması, degenerasiyanın sürətlənməsi bu fəsadların yalnız bir neçəsidir.

Bu vəziyyət qarşısında İlahi dinlərin mənsubları materializmin aldadaraq öz təsiri altına saldığı insanların qurtulması üçün birləşməlidirlər. Allah'ın varlığına, birliyinə, bizi Onun yaratdığına və bizə doğru yolu göstərmək üçün kitab və peyğəmbərlər göndərdiyinə inanmaq çox əhəmiyyətlidir. Bu həqiqətlərə inanan insanlar (yəhudi, xristian və ya müsəlmanlar) inkar edən insanlardan bir-birlərinə daha yaxındırlar.

Aşağıda üç İlahi din arasındakı ortaq əxlaqi dəyərlərdən başlıqlar altında bəhs ediləcək. Bunların hər biri bu dinlərin mənsublarının niyə birləşmələrinin lazım olduğunun dəlillərindəndir. Unudulmamalıdır ki, yer üzündə bu dəyərlərlə təsvir edilən gözəl əxlaqın hakim olması hər üç dinin inananlarının əl-ələ verməsi ilə mümkündür.

Təvazökarlıq

Təvazökarlıq inananların ortaq xüsusiyyətidir. Allah ayələrində təkəbbürlü insanları sevmədiyini bildirmişdir.

İnananlar onlara saysız nemətləri verənin Allah olduğunu, hər şeyin yeganə sahibinin O olduğunu bilirlər. Ona görə də təkəbbürlənmirlər. Allah'ın qarşısında nə qədər aciz olduqlarını bilirlər. Ağılın, məlumatın, gözəlliyin, var-dövlətin, etibarın və s. özlərindən qaynaqlanmadığını, onların Allah'ın bir lütfü olduğunu bilirlər.

Allah Quranda inananların təvazökar davranışını belə ifadə etmişdir:



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə