Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   12   13   14   15   16   17   18   19   ...   111

 
38
alışmırlar. Kəndli-kündlüdürlər də… Başları dağca olsa, dibləri qılcadır. İkisini də 
iti qovan kimi qovub, sənciyəzi özümə kəniz götürəcəyəm. Həyalı-ismətli gəlinsən. 
Hə, nə deyirsən, bizdə qalarsanmı? 
Növrəstə: 
- Yox, xanım, - dedi, - mən həmişəlik sizdə qulluqçu ola bilmərəm. Bu gün, 
sabah sahibim gələcək, yığışıb başqa kəndə gedəcəyik. Atam Baxış  bəyin 
sözündən keçmədi, mənə bu günlük işləməyə icazə verdi. Qurtaran kimi 
gedəcəyəm. Atam naxoşdur. Gərək onun da pal-paltarını yuyam. 
Aftab xanım üz-gözünü turşutdu: 
- Yaxşı, yaxşı, işini gör, gedərsən, səni burda zornan mıxa bağlayıb, 
saxlayan yoxdur. Yaxşı deyiblər, buğda çörəyinin buynuzu var, kasıb-kusubun 
qarnını deşir. Bilirəm atanın naxoşluğu aclıqdandır. Qarnı tox adama güllə də kar 
eləməz.  İşlə, ona da, qardaşına da bir parça çörək apar. Yazıqlar, axı, Allahın 
horrasını, qındısını da tapa bilmirsiniz. Aftab xanım ondan aralanıb paltar yuyan 
kənizin yanına getdi. 
Həyatı  qəm-qüssə içində keçən Növrəstə  gələcəyinin daha fəlakətli 
olacağından qorxurdu. Onun ürəyində şübhə yaranmışdı ki, atası çox yaşamayacaq, 
əmisi, əri Bakıdan tez qayıtmayacaqlar, qardaşı ilə bərabər qalacaq çöllərdə. 
Şahmərdan gedəndə, ona bir söz deyib, mane olmamışdısa da, indi ürəyində 
dalınca deyinirdi: «Qoy bir kağızı, sorağı gəlsin, yerini bilim, yazacağam ki, «nə 
üçün məni bu yad kənddə qoyub getdin? Burda nə  əzablar çəkdiyimi, goru 
gözümlə gördüyümü bilmirsənmi? Bakıdan mənə pulmu, paltarmı göndərəcəksən? 
Heç biri mənə lazım deyil. Özün tez qayıt gəl. Bibi oğlu, burda qaçqınların qız-
gəlinlərinə rahatlıq yoxdur. Aşağımollulu Bəşir kəndlimiz Cəvahiri zorla götürüb 
qaçdı. Məqsud dayının qızı Şamama, evində qaldığı kişi namusuna əl atdığı üçün 
özünü Həkəridə boğdu. Qonşuluğumuzda yaşayan Zeynəb xalanın qızı Məhluqəni 
qaçırmaq üçün bir neçə  dəfə, gecə vaxtı evlərinə basqın eləyiblər… Daha nə 
yazım, hər  şeyi özün başa düşürsən… Bibi oğlu, başını orda islat, burda 
qırxdır…». 
…Aftab xanım tumanının  ətəyini  əlində  dəstələyib, yavaş-yavaş pilləkənlə 
ikinci mərtəbəyə qalxmağa başladı. Köklüyündən ürəyi acıdı, bir az nəfəsini 
dərmək üçün dayandı. 
Bayaqdan bəri eyvanda durub həyətdə işləyənlərə tamaşa eləyən Baxış bəy, 
enib anasının qolundan tutdu, gülə-gülə dedi: 
- Deyəsən çıxa bilmirsən, ay Aftab xanım! Axı, bu boyda bədənlə niyə aşağı 
enirsən. Bilmirəm,  Əhmədalı  bəy səni neyləyirdi… Boyun gödək, qolun mənim 
ortamdan yoğun, maşAllah, özünü çəkib apara bilmirsən… 
Aftab xanım eyvana çıxıb, əlini ürəyinin üstə qoydu, töyşüyə-töyşüyə dedi: 
- Ey, ay Baxış, yaşın qırxa da çatsa şit zarafatından  əl çəkməyəcəksən. 
Neyləyim aşağı enməyim, gözüm üstlərində olmayanda, kənizlər işə can 
yandırmırlar. Analığın Dünya xanım da xəstəlikdən yorğan-döşəkdən çıxmır, 
arvadın Şölə xanım iki uşağı ilə məşğuldur. Evin hər bir qarğaşası tökülüb mənim 
üstümə. 
- Sərfinazlığı, hökmranlığı onlardan çox sən eləyirsən, ay ana. De görüm, 
təzə kənizin işi səni yarıdırmı? 


 
39
- Qaçqın qızı deyirsən? 
- Bəli, Növrəstəni. 
- Təmiz iş görür, can yandırır. Amma, bir az baş-ayaq atır. Deyir, işi tez 
qurtarıb getmək istəyirəm. Bəs atası ilə danışmadın ki, qızı  həmişəlik bizim 
kənizimiz olsun? Axı, mən sırtılmış Nubarla Həlimənin noxtasını tez başlarına 
dolamaq istəyirəm. 
- Danışmışam, Nəbi razı olmur. 
- Niyə? Qaçqın kişi varlanıb, yallanıb? 
- Nə bilim. Sən işini gördür, sonra atasını da, özünü də yola gətirərik. Lap 
zorla da olsa, Növrəstəni sənin kənizin eləyəcəyəm. Ancaq sən ona çörəkdən, 
yavanlıqdan-zaddan çox ver, şirnikdir… 
Oğlunun sözü haradan gətirdiyini başa düşən Aftab xanım: 
- Mənə yol öyrətmə, - dedi, - nə verərəm, nə qədər verərəm özüm bilərəm. 
Özün də ki, eyvanda durub az bax, bala, gözünün qarası gedər. Atana oxşama. 
Cavan vaxtında onun əlindən evdə bir aydan artıq kəniz saxlaya bilməzdim. Hə, 
Əhmədalı bəy məni çürütdüyü kimi, sən də Şöləni çürütmə, gözünü yığ. 
Aftab xanım evə getdi. Baxış bu həyətdə  iş görən qulluqçulara baxa-baxa 
ürəyində dedi: «Avam anam elə bilir ki, sümük azarını tərgitmək asandır…». 
Baxış bəyin biri doğma, ikisi anadan ögey üç qardaşı var idi. O, hamısından 
yaşca böyük idi. Qardaşlar ayrılmamışdılar. Lakin, onlardan ikisi kənddə 
yaşamırdı. Zeynal bəy Gəncədə general-qubernatorun yanında katib vəzifəsində 
işləyirdi. Müsavat ordusunda zabit olan Hilal bəy Qarabağda idi. Bakıda gimnaziya 
qurtarmış Ağa bəy kənddə yaşayırdı. Qardaşların hamısından savadlı, tərbiyəli və 
düşüncəli olan Ağa bəy, ev, təsərrüfat işinə qarışmazdı. Qardaşı Baxış  bəy kimi 
hökmranlıq eləmək arzusunda da deyildi. Kəndlilərlə heç bir işi olmadığı kimi, 
onların arasında da az-az görünürdü. O çox sakit bir həyat sürür, vaxtını kitab 
oxumaqla, bağlarda, zəmilərdə, Bərgüşad çayının sahilində gəzməklə keçirirdi. 
Kəndlilər ona, heç kəsi incitmədiyinə, heç bir adamın arvadına, qızına əyri 
gözlə baxmadığına görə hörmət edir, xatirini istəyir, özünə  də «quzu bəy» 
deyirdilər. 
Əhmədalı  bəy öləndən sonra ev, təsərrüfat işlərini Baxış  bəy öz əlinə 
almışdı. O, beli xəncərli, əli qamçılı, at üstə gəzən, hökm verən mülkədar bəy idi. 
Nökər-nayib, çoban, mehtər onun göstərişi ilə oturub durardı. 
Adını yaza bilməyən bu adam, böyük təsərrüfatı bacarıqla idarə edirdi. 
Özünü elə göstərmişdi ki, hamı ondan zağ-zağ əsirdi. Onun qorxusundan evdən bir 
şey  əskik olmazdı, mal-qaradan biri tələf edilməzdi. Bir kəndli onun icazəsi 
olmadan taxılını öz xırmanından evinə apara bilməzdi. Baxış  bəy, döyülüb 
hazırlanmış taxıla baxandan, necə deyərlər, onun duru yerindən, onda bir faiz 
bəhrəsini götürəndən sonra, kəndli öz malına sahib ola bilərdi. Alınan bəhrəni, öz 
atında, ulağında aparıb bəyin evinə vermək də kəndlilərin borcu idi. 
Baxış  bəy siyasət aləmindən uzaq bir adam idi. Onun fikri-zikri mal-
dövlətini artırmaq, qızılının sayını çoxaltmaq, beləliklə, Qubatlı, Kürdüstan və 
Qarabağ bəylərindən daha qüvvətli, adlı-sanlı olmaq idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə