Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   20   21   22   23   24   25   26   27   ...   111

 
57
 
 
 
 
 
Mənim toyuğum çil-çil idi, 
 
 
 
 
Toyuq deyil, bir fil idi. 
 
 
 
 
Evin yıxılsın, toyuq tutan
 
 
 
 
Oğlun ölsün, toyuq tutan… 
 
Həmişə qaş-qabağından zəhər tökülən  Əli Sadiqi şaqa çəkib güldü. 
Yaxındakı  kəndlilər də pristava baxıb güldülər. Valeh: «Mənə pul ver, a bığı 
burma!» - deyə Əli Sadiqinin qabağında çöməltmə oturub əlini açdı. 
Kim isə: «Ə, aşıq Valeh, o, pristav ağadır, ondan pul istəməzlər…» - deyə, 
özü ona pul verdi və qolundan tutub kənara çəkdi. 
Valeh pristava gözünü bərəltdi. 
Əli Sadiqi yenə bərkdən gülərək: 
- Bu balaca bazarda hər cür meymuna rast gəlmək olar!.. – deyə aralanıb 
getdi. 
Valeh pristavla strajnikin dalınca yazıq-yazıq baxdı, sonra ucadan qəhqəhə 
çəkdi. Əlini havada tovlaya-tovlaya oxudu: 
 
 
 
 
 
Bax fələyin gərdişi dövranına, 
 
 
 
 
Gahi xəzan, gahi gülüstanına… 
 
Daha heç kəs Valehə fikir vermədi. O, ağacını çobansayağı boynunun ardına 
qoyub, fıştırıq çala-çala uzaqlaşdı. 
Pristavla strajnik gedəndən sonra, meydanda yenə müxtəlif səslər ucaldı, 
sözlər eşidildi. Bazar təzədən qızışdı… 
…Bazarda bir-birindən xeyli aralı iki dükan vardı. Birində yun, digərində 
gəbə satılırdı. Dükançılar mallarına müştəri tapmadıqlarından şikayətlənirdilər. 
Hacı Atakişi onun dükanına söhbətə gəlmiş Məşədi Nuruya deyirdi: 
- Görürsən sən Allah, Məşədi Nuru, bir zalım oğlu müştəri dükana sarı 
gəlmir. Belə də alver olar?! Neyləyim, Tiflisin, Məskoyun yolu açıq olaydı, mən 
də bu malları oralarda xırıd eləyəydim, görəydin… Yox, Məşədi,  bazar kasatdır, 
maya batacaq… 
Yun satan Məşədi Nuru ürəyində deyirdi: «Ağlama, Hacı Atakişi. Səni mən 
yaxşı tanıyıram. Qaçqın olsan da, dərinin arası  qızıldır. Ancaq özünü tülkülüyə 
vurursan… Gəbən, fərşin satılmır satılmasın, nə vecinədir, yüz il ağa kimi 
dolanmağa tanqahın var. Vay mənim halıma ki, var-yoxumu vermişəm yuna, onu 
da alan yoxdur…». 
Hacı Atakişi Bərgüşad çayına gələndən sonra torpaq sahibi olmaq, mal-qara
sürü saxlamaq fikrindən  əl çəkmişdi. Ona görə  də qoyununu, malını satıb, pula, 
qızıla vermişdi.  Əvvəlcə dövləti ilə fəxr eləyən, şöhrətini hər yerə yayan bu ada, 
indi qürbətə düşəndən sonra, özünü hamının gözündə yazıq və yoxsul göstərmək 
istəyirdi. 
Əli Sadiqi kənarda göründü. O, tək idi. Fərmanı atları  gətirməyə 
göndərmişdi. 


 
58
- Pristav mənim dükanıma sarı gəlir, - deyə Məşədi Nuru qalxdı. – Hacı, sən 
də ehtiyatlı ol!.. 
- Nə ehtiyat? – deyə Hacı sakit cavab verdi. – Pristav Əli bəy yaxşı adamdır. 
- A kişi,  Əli bəyi dəyişdiriblər, indi pristav başqasıdır. Bunu heç mən də 
yaxşı tanımıram. Xocahan bazarına gəldiyi bu gündür. Birdən bizi axtarıb elər, 
kandrabat malın varsa, gizlət. Deyirlər bu çox tərs adamdır. 
- Mən kandrabatçı deyiləm. Hər nəyim var göz qabağındadır. Heç kəsdən də 
qorxum yoxdur. Bəlkə sənin kandrabat malın var?.. 
Məşədi Nuru cavab vermədən öz dükanına getdi. 
Əli Sadiqi onun dükanının qabağından keçib getmək istəyəndə, topsaqqal, 
qırmızı yanaq, dolu, gödək boy Məşədi Nuru gülə-gülə dedi: 
- Ağa pristav, salaməleyküm! Ağa pristav, qulluğunda olaq… Sən xoş 
gəlmisən! 
Əli Sadiqi dayanıb razılıq  əlaməti olaraq, başını  tərpətdi və yaxına gəlib, 
dükana diqqətlə baxmağa başladı. 
Məşədi Nuru əllərini döşünə qoyub, baş əydi: 
- Ağa pristav, dübarə salaməleyküm! Buyur içəri, sənə  nə lazımdır? Nə 
qədər yun istəyirsən, peşkəşdir! Bəlkə, xanımın yorğan-döşək saldıracaq. Canına 
and olsun, buna yun demək olmaz, ipəkdir, ipək! Ağa, nə qədər çəkim? 
- Yundan başqa, daha nə satırsan? 
- Ağa, daha sağlığın. Elə  mənimki yundur, başqa  şey lazım olsa, de, tapıb 
düzəldərik… 
- Mənə gəbə lazımdır. 
- Gəbə. Odur e, qonşu dükanda. Zəhmət çək, get bax, ürəyin istəyəni götür. 
Məşədi Nuru başını piştaxtanın üstündən uzadıb Hacı Atakişiyə ucadan 
dedi: 
- Ay Hacı, pristav ağaya gəbə göstər. Mən ölüm, kişiyə xas mal ver! 
Pristav, həddindən artıq dil töküb naqqallıq eləyən Məşədi Nurunun üzünə 
tərs-tərs baxıb aralandı. 
Hacı Atakişi dükanına yaxınlaşmaqda olan Əli Sadiqiyə kənardan baş əyib: 
- Ağa pristav, buyur! – dedi. – Bu gəbələrin hamısı  sənə peşkəşdir. Sənə 
layiq irili-xırdalı, hər cür gəbəm var. 
Əli Sadiqi onunla üz-üzə durdu. Bir-birlərinə azacıq baxdılar. 
Pristav: 
- Ha… ha… ha… Hacı Atakişi, deyəsən məni tanıya bilmirsən? – dedi. – 
Bura bax, işə bax, səni harda görürəm… 
Hacı Atakişi: 
- Hə, hə, indicə, vallah indicə səni tanıdım, - dedi, - Əli Sadiqi!.. Mənim əziz 
dostum, köhnə dostum! Bura bax! Libasını  dəyişmisən…  İçəri buyur, içəri gəl, 
qadan alım. – Hacı  Əli Sadiqini dükana buraxdı,  əlini bərk-bərk sıxdı, oturmaq 
üçün yer göstərdi. Hər ikisi oturdu. – Hə, bizim təzə pristavımız sən imişsən?! Çox 
əcəb, çox pakizə. Elə bu mənim ürəyimcədir. Gözün üstümdə olar. Sən ki, məni 
əvvəldən tanıyırsan… Hacı Atakişi gör indi nə günə qalıb, ay Əli Sadiqi… 
- Belə, bəli. Səni yaxşı başa düşürəm. Kefin-zadın necədir, Hacı? Ondan 
danış. Deyir, qar yağıb ayaq üşütməyə… 


 
59
- Qaçqının kefi necə olar? Gördün də, ermənilər başımıza nə oyun açdılar? 
Qoy indi deyim barı: Allah o osmanlılara da lənət eləsin. Camaatı soydular, tüfəng 
aldırtdırıb, erməninin üstünə  qızışdırdılar. Dedilər ki, bu mahalın ağası biz 
olacayıq. Hər yerdə Osmanlı bayrağı sancılacaq. Amma, biqeyrətlərin sözləri yalan 
çıxdı. Elə sən pir olmuş da bizə çox vədə verdin… 
Əli Sadiqi tez onun sözünü kəsdi: 
-  İndi bu danışığın yeri deyil, Hacı. Biz yenə Osmanlı ilə dostuq, çünki 
Qafqazdan çıxıb getsə  də, yenə bizim müsavat hökumətinin dayağıdır, 
müsəlmandır… 
- Elə Osmanlı musurmanın dayağıdır, Osmanlı musurman hökumətidir 
dediniz, bir şey çıxmadı. Andronik külümüzü göyə sovurdu. 
- Yaxşı, Hacı, yaxşı! Başqa söhbət eləyək. Sən öz mal-dövlətini gətirə 
bildin, ya yox? 
- Nə deyim, vallah… Mənim canım torpaqlarımda idi ki, qaldı gavura. Mal, 
qoyun, at, eşşək orda-burda tələf oldu. İndi bir babat güzəranlıq eləyirəm. Görürsən 
də, mən hara, fərş alveri hara. Neyləyək, deyir zəmanə  sənə saz olmasa, sən 
zəmanəyə saz ol… 
- Amma özün bu neçə ildə heç dəyişilməmisən, Hacı, MaşAllah, qıvraqsan, 
hələ bir az da cavanlaşmısan… 
Hacı Atakişi köksünü ötürdü: 
- Yox, Əli Sadiqi, elə demə, ürəyim çəkilib, quru bədənim qalıb… cah-
cəlalım dağıldı, arvadlar öldü. Onların hamısı bir yana, Fərmanın dərdi bir yana. 
Məni oğul dərdi əyib əldən salıb… 
Əli Sadiqi Fərmanın başına gələn  əhvalatı bilirdi. Onu birinci dəfə Padar 
kəndində görəndə  Fərman atasından gileylənib demişdi: «Atam məni həyətdə 
yaralı qoyub, pullarını, qızıllarını götürüb getdi. Onu harda görsəm, oradaca 
öldürəcəyəm». 
Əli Sadiqi Fərmanın sağ olduğunu qəsdən demədi. Fikirləşdi ki, özləri 
görüşsələr daha maraqlı olar… 
- Demək, oğlunun öldü-qaldısından xəbərin yoxdur. Hə? 
- Onun adını çəkib, ürəyimi qana döndərmə, Əli Sadiqi. Dur gedək evə. Mən 
Xocahanda oluram. Söhbət eləyək, ürəyimi boşaldım… 
- Mən evə getməyəcəyəm, Hacı. Bu saat strajnik atımı  gətirəcək, yola 
düşəcəyəm… 
Hacı Atakişi gəbənin birini büküb dedi: 
- Gedəndə atının tərkinə bağlarsan. 
Əli Sadiqi cibindən pul çıxarıb, soruşdu: 
- Qiyməti neçədir? 
Hacı Atakişi gülümsədi: 
- Sənə nə satacağam? Eyib deyil? Biz ki, dostuq, duz-çörək yemişik… Apar, 
halal xoşun olsun. 
- Xeyr, Hacı, başın üçün, onda aparmaram. 
- Evinə gətirərəm. Harda olursan? 
- Yaxşı, Hacı. Evimi də görərsən… - O, pulu cibinə qoydu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə