Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə38/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   40

Monetarizm – iqtisadiyyatda dəyişikliklərin pul kütləsinin həcminin artıb-azalmasından asılı olduğunu iddia edən nəzəriyyə.

Monopsoniya – inhisarçı (bir) alıcının olduğu bazar; o digər alıcı olmadığına görə kənd təsərrüfatı məhsullarını aşağı qiymətlə ala bilir.

Monokultura – müəyyən bir ölkənin yalnız bir bitki növü yetişdirmək üzrə ixtisaslaşması.

Mövsümi enib-qalxma – mövsümün dəyişməsi ilə iqtisadi fəallıq səviyyəsinin, o cümlədən, qiymətlərin bir il ərzində artıb-azalması.

- N -



Nağdsız hesablaşmalar – nağd pulun iştirakı olmadan müəyyən məbləği tədiyyəçinin (ödəyicinin) hesabından satıcının hesabına keçirməklə, yaxud qarşılıqlı tələbləri hesablamaqla həyata keçirilən hesablaşmalar.

Natural göstəricilər – hadisələrin kəmiyyətini onlara xas olan natural formada səciyyələndirən göstəricilər; hadisələrin fiziki vəziyyətini əks etdirən vahidlərlə ölçülür. Məsələn, natural ifadədə neft çıxarılması kütlə, yaxud həcm vahidlərində, əhalinin hər nəfərinə görə şəkər istehlakı-kiloqramla, ümumi taxıl yığımı-tonla və ya sentnerlə, minik maşınlarının buraxılışı-ədədlə ölçülür və s.

Natural təsərrüfat – mübadilə və satış üçün məhsul istehsal edən təsərrüfatdan fərqli olaraq öz ehtiyaclarını özü istehsal etdiyi məhsullar hesabına təmin edən qapalı təsərrüfat, yalnız öz daxili ehtiyaclarını öz istehsalı hesabına ödəyən təsərrüfat.

Nağd hesablaşmalara görə güzəştlər – ödənişləri tezliklə ödəyən alıcılara qiymətdə edilən güzəştlər.

Natamam rəqabət – xalis rəqabətin və xalis inhisarın fəaliyyət göstərdiyi bazarlardan başqa, bütün bazarlar: inhisar rəqabəti, oliqopoliya, oliqopsoniya və s.

Nominal – 1) qiymətli kağızların (səhm, istiqraz və kağız pul) üzərində göstərilən nominal dəyər; 2) faktiki dəyərə uyğun gəlməyən, rəsmi elan edilmiş dəyər.

Nominal dəyər – qiymətli kağızların, banknotların, sikkələrin üzərində göstərilən dəyər; malın, pulun üstündə yazılan qiymət.

Nominal əmək haqqı – muzdlu işçilərin aldığı pul vəsaitlərinin məbləği, real əmək haqqından fərqli olaraq nominal əmək haqqında qiymətlərin dinamikası nəzərə alınmır.

Nominal gəlir – müəyyən dövr ərzində hər bir fərdin və ya sosial qrupun əldə etdiyi müəyyən miqdar pul gəliri.

“Nou-xau” – əmtəələrin istehsalının və reallaşdırılmasının təşkili üçün zəruri olan elmi-texniki və iqtisadi biliklər, istehsal və təsərrüfat təcrübəsi, xüsusi vərdişlər məcmusu. Elmi-texniki, ticarət-maliyyə “nou-xau”ları bir-birindən fərqləndirilir.

Normativ – hər bir vahid üçün sərf edilən vəsait və ya materialın miqdarı.

Normal mənfəət – sahibkar gəlirinin hissəsi; sahibkarlıq qabiliyyətini saxlamaq və onu əldə etmək üçün firma ödənişləri verməli, minimum gəlir o qədər olmalıdır ki, sahibkarlıq qabiliyyətini mükafatlandırmaq, firmanın sahibkarlıq fəaliyyətini stimullaşdırmaq mümkün ola bilsin.

Nulifikasiya – 1) ləğvetmə, hər hansı bir qanunun etibarsız olmasını etiraf etmək; 2) pul həddindən çox qiymətdən düşdükdə dövlət qanun verməklə əvvəlki pul nişanını ləğv edir.

Nümunə bazar – yeni məhsul nümunələri satışının keçirildiyi yer. Bu bazarda yeni növ məmulatın külli miqdarda istehsalının kommersiya baxımından yararlı olub-olmaması yoxlanılır.

- O -

Oliqopoliya – müəyyən məhsulların istehsalında və bazarında bir neçə iri firmanın hakim mövqedə olması.

Oliqopolik bazar – bir-birinin qiymətqoyma siyasətinə və marketinq strategiyasına həssas olan azsaylı satıcıların çoxlu sayda alıcılarla ticarət etdiyi bazar.

OPEK – neft ixrac edən ölkələrin 1960-cı ildə yaratdığı təşkilat; bura daxil olan dövlətlər təşkilatı neft hasilatı və ixracı sahəsində eyni siyasət yeritmək və ona qiymət qoymaq məqsədilə yaratmışlar.

Opsion – müəyyən vaxtlarda qiymətli kağızların şərtləndirilmiş qiymətlərlə əldə edilməsi və satılması hüququ; iki tərəf arasındakı imtiyazlı sazişdir. Bir tərəf digər tərəfə öz maliyyə vəsaitini (səhmi, istiqrazı, xarici valyutanı və s.) satmaq və ya almaq hüququ verir. Alqı-satqı üzrə saziş bağlayan tərəflər müəyyən öhdəliklər götürürlər.

Operativ uçot – istehsalın ayrı-ayrı sahələrində təsərrüfat əməliyyatlarının, hadisə və proseslərin cari qaydada əks etdirilməsi üsulu. Buna bəzən operativ-texniki uçot da deyilir. Bu uçotun əsas məqsədi, istehsala nəzarətin həyata keçirilməsi və onun operativ idarə edilməsini təmin etməkdir.

Optimal variant – müxtəlif, çoxsaylı variantlardan ən səmərəlisi, əlverişlisi.

Optimal istehsal miqdarı – optimal istehsal nöqtəsinə uyğun olan istehsalın kəmiyyəti.

Orta xərclər – firmanın ümumi xərclər həcminin onun məhsulunun xərclər həcminə bölünməsi; dəyişən və daimi xərclərin bölünmə məbləğinə bərabər olması.

Orta dəyişən xərclər – firmanın dəyişən xərclərinin ümumi həcminin onun məhsulunun həcminə bölünməsi (istehsal olunmuş məhsulun miqdarına).

Orta daimi xərclər – firmanın daimi xərclərinin ümumi həcminin onun məhsulunun həcminə bölünməsi (istehsal olunmuş məhsulun miqdarına).

Ouken qanunu – Amerika iqtisadçısı A.Ouken tərəfindən təklif edilmişdir. Bu qanuna görə işsizliyin artması ilə real istehsalın azalması arasında asılılıq vardır. Onun hesablamasına görə asılılıq daimidir və 3 əmsalına bərabərdir, yəni işsizliyin 1faiz artması istehsalın 3 faiz azalmasına səbəb olur.

- Ö -

Ödəmə fondu – ictimai məhsulun istehsalı prosesində istehlak olunmuş istehsal vasitələrinin ödənilməsi məqsədilə yaradılmış fond.

Ödəmə qabiliyyəti – ticarət, kredit və ya digər təsərrüfat əməliyyatları yerinə yetirilərkən meydana çıxan, ödəniş öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirə bilmək qabiliyyəti.

Ödəniş (tədiyyə) balansı – hər hansı bir müəssisə və təşkilatın digər təşkilatla müəyyən vaxt müddətində bağladığı sazişə uyğun xidmət göstərməsini, pul vəsaitlərinin hərəkətini və birtərəfli ödənişləri özündə əks etdirən sistemləşdirilmiş qeydiyyat hesabı.

Ödənilməyən tələb – bazarda lazımi əmtəələrin olmaması, yaxud onların keyfiyyətinin və çeşidinin alıcıların arzu və istəklərinə uyğun gəlməməsi üzündən həqiqi (gerçək) tələbin realizə olunmayan hissəsi.

Ödənişli xidmət – istehlakçıya haqqı ödənilməklə göstərilən xidmət.

Özünümaliyyələşdirmə – təsərrüfatçılıq forması; öz gəlirləri ilə öz xərclərini ödəyə bilmək.

Özününküləşdirmə – fiziki və ya hüquqi şəxsin hər hansı bir əşyanı, əmlakı, müəssisəni özünün mülkiyyəti etməsi, mənimsəməsi.

Özəlləşdirmə – dövlətdə və yaxud ictimai mülkiyyətdə olan müəssisə və əmlaklarının ayrı-ayrı vətəndaşlara, xüsusi firmalara, o cümlədən, xarici firmalara pulla satılması, yaxud pulsuz xüsusi (özəl) mülkiyyətə verilməsi.

Öz xərcini ödəmə – istehsal olunan məhsulun satışı və ya göstərilən xidmət hesabına qazanılan gəlirlə öz xərclərini tam ödəmək üzrə təsərrüfatçılıq prinsipi.

Öhdəlik zəmanəti – hüquqi və ya fiziki şəxsin öz üzərinə götürdüyü öhdəliyə əməl edəcəyinə əminliyi təsdiqləyən sənəd.

Ölkə daxilində kapital yığımı – milli gəlirin bir hissəsinin ehtiyat kapital kimi yığılması; gəlirin hesabına əsas istehsal fondlarının artırılması.

- P -

Paritet – tərəflərin bərabərhüquqlu olması; Paritet müxtəlif ölkələrin valyutaları arasında qızıl hesabı ilə xidmət.

Pay iştirakçıları – pay qoymaq əsasında müəssisə yaradılması; P.i. iştirak payına uyğun olaraq iştirakçı mənfəətdən pay alır.

Pay fondu – kooperativ təşkilatı üzvlərinin üzvülük payından yaradılan fond.

Paraflama – tərəflərin müqavilədə göstərilən şərtlərə razılıq əlamətini bildirən müxtəsər imza. Bu müqavilənin səhifələrinə adı, atasının adı, familiyası qoyulmaqla təsdiq edilir.

Patent – 1) ixtiraçının ixtira hüququnu təsdiq edən şəhadətnamə; 2) hər hansı bir fəaliyyətin həyata keçirilməsinə dövlət tərəfindən icazə verilməsini təsdiq edən sənəd.

Patent-lisenziya fəaliyyəti – firmanın, müəssisənin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatının, elm-istehsal birliyinin informasiya fəaliyyətinin struktur hissəsi; patent müdafiəsi, yaxud lisenziya sazişləri predmeti ola bilən elmi-texniki nəticələrin aşkar edilməsindən ibarətdir.

Patent hüququ – ayrıca hüquq sahəsi; onun formaları, patent verməklə ixtiraların hüquqi mühafizə sistemini müəyyənləşdirir.

Partnyorluq – qanunlara ziddiyyət təşkil etməyən (sərbəst) müqavilə əsasında iki və ya daha çox adamın şərikli işləmək üçün birləşməsi.

Penya – dəbbə pulu forması (cəza) ; borclu tərəf öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə müəyyən məbləğ əlavə ödəyir.

Pərakəndə satış ticarəti – ticarətin təşkili forması; bu ticarət yolu ilə əmtəələr geniş istehlakçılara satılır (çoxsaylı mağazalarda, köşklərdə, yeməkxanalarda və s.).

Pərakəndə satış qiyməti – bazar qiymətinin bir forması; qiymətlər sistemində axırıncı (sonuncu) qiymət; əhaliyə və digər son istehlakçılara satılan əmtəələrin və xidmətlərin qiyməti.

Pərakəndə satış əmtəə dövriyyəsi – əmtəə tədavülü prosesində xalq istehlakı mallarının və xidmətlərin əhaliyə və digər son istehlakçılara satışının pul ifadəsilə ümumi miqdarı.

Potensial rəqib – artıq yüksək iqtisadi mənfəət götürən firmaların fəaliyyət göstərdiyi sahələrə yeni firmaların daxil olmaq imkanı.

Praktika (təcrübə) – insanın məqsədyönlü fəaliyyət göstərdiyi sahə; əldə olunmuş elmi nəticələrin meyarı.

Prefisit – gəlirlərin xərcləri üstələməsi.

Preyskurant – əmtəə və xidmətlərin qiymətlərini əks etdirən məlumat sənədi.

Preferensiya – bir dövlətin digər dövlətlə ticarət əlaqəsi zamanı ona verdiyi üstünlüklər, etdiyi güzəştlər.

Prioritet (latınca prior-birinci, böyük) – müəyyən zaman kəsiyində üstünlük verilən, əhəmiyyətli hesab edilən sahələr (iqtisadiyyatın prioritet sahələri, inkişafın prioritet istiqamətləri).

Proteksionizm – gömrük vasitələrindən, valyuta, yaxud kredit siyasətindən istifadə edərək dövlətin öz milli əmtəə istehsalçılarını xarici rəqabətdən qoruması.

Proqnozlaşdırma – hər hansı bir hadisənin, yaxud hadisələr sisteminin inkişafı istiqamətlərinə yönəldilmiş elmi tədqiqat. Hadisələrin gələcəkdə ola biləcəyi nəticələri haqqında məlumat əldə etmək və alternativ məlumatlar hazırlamaq.

Proqress – irəliyə hərəkət, nailiyyət deməkdir. İnkişafın tipi, istiqaməti; onun üçün aşağıdan yüksəyə, az mükəmməllikdən tam mükəmməlliyə doğru irəliləyiş səciyyəvidir.

Proporsiyalar – ölkənin rayonları, xalq təsərrüfatı sahələri, ictimai istehsalın bölmələri, hissələri və elementləri arasındakı nisbətlər.

Pul – dəyərin ən inkişaf etmiş forması; ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi əmtəə; pul müasir bazar iqtisadiyyatı sistemində ən güclü tənzimləyici alət.

Pulun dəyəri – pul vahidinə (manata) – dəyişilən əmtəə və xidmətin miqdarı; pul vahidinin alıcılıq qabiliyyəti.

Pul tədavülü – əməyin ödənilməsi, əmtəənin realizəsi, xidmətə görə hesablaşma və digər tədiyyələrin başa çatması prosesində pulun fasiləsiz hərəkəti.

Pul tədavülü qanunu – dövriyyə üçün lazım olan pulun miqdarını müəyyən edən qanun.

Pul formaları – tam dəyərli (qızıl, gümüş) və pul əvəzləyiciləri (metal sikkələr və kağız pullar), kredit pulları(veksellər, çeklər), qeyri-nağd hesab pulları (banklarda hesablar, plastik kartlar).

Pul kütləsi – nağd və nağdsız pulların cəmi.

Pul islahatı – dövlət tərəfindən pul sisteminin tam və ya qismən dəyişdirilməsi üçün görülən tədbirlər kompleksi.

Pul bazarı – sərbəst pul vəsaitlərinin səfərbərliyə alınması, kredit təşkilatları tərəfindən pulun borca verilməsi; valyutaların və qiymətli kağızların alqı-satqısı əməliyyatlarının həyata keçirildiyi bazar.

Pul-kredit böhranı – kredit-pul sisteminin sarsıntısı; kommersiya və bank kreditinin kəskin azalması.

Pul kütləsi – müəyyən vaxtda dövriyyədə olan bütün pulların ümumi miqdarı. Buraya banklarda, əhalidə, eyni zamanda göndərişlərdə (yollarda) olan pulların ümumi məbləği də daxildir.

Pul sistemi – ölkədə ənənəvi olaraq formalaşan, yaxud milli qanunçuluqla qorunan pul dövriyyəsinin təşkili forması.

Pul kapitalı – investisiya üçün sərəncamda olan pul; faiz formasında gəlir gətirən kapital.

Pulun qiymətdən düşməsi – əmtəəyə nəzərən pulun alıcılıq qabiliyyətinin və yaxud onun valyutaya nəzərən məzənnəsinin aşağı düşməsi.

- R -

Rantye – istehsalla məşğul olmayan, ancaq pulun və qiymətli kağızların gətirdiyi gəlir hesabına yaşayan şəxs, qrup.

Rabitə – xidmət göstərməklə məşğul olan infrastruktur sahəsi; informasiya qəbul edən və ötürən təsərrüfat növü.

Rayonlaşdırma – ölkə ərazisinin təbii-inzibati, iqtisadi və s. xüsusiyyətləri əsasında rayonlara bölünməsi.

Real əmək haqqı – pulla alınan əmək haqqının yaşayış vasitələrində və xidmətlərində ifadəsi. Pulun real tələbatı ödəyə bilmək qabiliyyəti.

Real ÜMM – baza ilinin qiymətləri ilə hesablanan məhsul.

Real faiz norması – inflyasiya nəzərə alınmaqla hesablanan faiz norması.

Real gəlir – müəyyən müddət ərzində ayrı-ayrı şəxslər və ya qrupların özlərinin nominal gəlirləri ilə ala biləcəyi əmtəə və xidmətlərin miqdarı; qiymətin dəyişməsinə əlavə edilmiş nominal gəlir; əhalinin alıcılıq qabiliyyətini əks etdirir və yaşayış vasitələrində ifadə olunur.

Restraksiya – 1) mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərin azaldılması; 2) inhisarların süni yolla qıtlıq yaradıb (istehsalı və satışı məhdudlaşdırmaqla) qiymətləri artırmaqla yüksək mənfəət əldə etməyə xidmət edən məhdudlaşdırma tədbirləri.

Restraktiv fiskal siyasət – əmtəə və xidmətlərə dövlət xərclərinin, o cümlədən, idxal xərclərinin azaldılması, eyni zamanda vergilərin və gömrük rüsumlarının artırılması hesabına məcmu tələbin azaldılması siyasəti.

Renta – torpaq mülkiyyətindən istifadəyə görə mülkiyyətçinin əldə etdiyi gəlir.

Reklam – əmtəə və xidmətlərə alıcı cəlb etmək, onların satışını sürətləndirmək məqsədilə onların keyfiyyəti, istehlak xarakteristikası, qiymətləri haqqında alıcılara məlumat çatdırmaq vasitəsi; rəqabətdə istifadə olunan güclü alət.

Revalvasiya – milli valyuta kursunun başqa ölkələrin valyutalarına nisbətən rəsmi yüksəldilməsi, tədavüldə olan pulun miqdarını dəyişmədən əmtəə dövriyyəsinin artırılması.

Renovasiya – mənəvi və fiziki aşınmış (köhnəlmiş) istehsal fondlarının yenisi ilə əvəz olunması prosesi.

Realizə etmək – əmtəənin satılması, qiymətli kağızların, əmlakın pula çevrilməsi, istiqrazın, səhmlərin yayılması və s.

Realizə olunmuş məhsul – müxtəlif vasitələrlə satılmış məhsul.

Reeksport – xarici ölkələrdən gətirilən əmtəənin emal edilmədən başqa bir ölkəyə ixrac edilməsi. Reinvestisiya etmək – investisiya hesabına alınan gəlirin (məs. dividendin) təkrar investisiya edilməsi.

Reket – şantaj və hədə-qorxu ilə başqasından pul qoparan şəxs və ya şəxslər.

Region – müəyyən əmtəələrə görə və müəyyən məqsədlər üçün ölkənin ayrı-ayrı rayonlarının və vilayətlərinin birliyi. Regiona dövlətin bir neçə inzibati-ərazi vahidi daxil ola bilər.

Regional bazar – müəyyən ərazi ilə məhdudlaşan bazar; region əlamətinə görə ölkələr qrupunu əhatə edən bazar. Məsələn, Ümumi bazar (Qərbi Avropa ölkələri qrupu) və s.

Regional qiymətlər – ayrı-ayrı region bazarlarında əmtəələrin qiymətləri.

Rentabellik – müəssisənin müəyyən vaxt (il, rüb) ərzində istehsal fəaliyyətinin mənfəətliyini (ziyanlığını) xarakterizə edən göstərici.

Rentabellik norması – istehsal fondlarından istifadənin səmərəliliyini ifadə edir və mənfəətin istehsal fondlarının orta illik dəyər+inə nisbəti kimi çıxış edir.

Resurs – insanın həyat nemətləri istehsal etmək üçün istifadə etdiyi və istifadə edə biləcəyi maddi, əmək, maliyyə və təbii nemətlərin məcmu.

Resurslar bazarı – resursların alınıb-satıldığı bazar.

Resursların məşğulluğu – resursların istehsala və xidmət proseslərinə cəlb olunmaları səviyyəsi; bu, tam və natamam ola bilər.

Resursların bölgüsünün səmərəliliyi – cəmiyyətin daha çox ehtiyac duyduğu məhsulları istehsal etməyi təmin etmək üçün resursların bölgüsünü ilk növbədə həmin məhsulları istehsal edən firma və sahələr arasında bölgüsünə üstünlük vermək; rəqabətli bazarda hər bir məmulatın son xərclərinin bazar qiymətlərinə bərabər olması.

Reklamasiya – məhsulda aşkar olunan və müvafiq aktla rəsmiləşdirilən qüsurlarla, komplektsizliklə əlaqədar olaraq həmin məhsulun istehsalçısına qarşı irəli sürülən iddia.

Rəqabət – təsərrüfat fəaliyyəti ilə məşğul olan iqtisadi subyektlər arasında məhsulların və xidmətlərin daha əlverişli istehsal sahələrində və satış bazarlarında üstünlük uğrunda mübarizə forması.

Rikardo bərabərliyi – bu bərabərliyə görə vergilərin tam yığılmaması səbəbindən yaranmış büdcə kəsiri xüsusi investisiyaları azaltmır. Çünki xüsusi yığımları artırır, yəni xüsusi və dövlət yığımlarının cəmi dəyişməz kəmiyyətdir.

Riyazi statistika – tətbiqi riyaziyyatın statistiki məlumatların işlənməsi, onun təhlili metodları və qaydaları ilə məşğul olan bölməsi.

Royaltı – təbii ehtiyatların çıxarılması və hasilatı ilə məşğul olma hüququna görə ödəniş (vergi).

- S -
Saldo – müəyyən aralıq vaxtda pul daxil olmaları ilə xərcləri arasındakı fərq; ölkənin ixracının dəyəri ilə idxalının dəyəri arasındakı fərq (ticarət balansının saldosu).

Sabit məhsuldarlıq – istehsal amillərinin artmasının istehsal miqdarının eyni dərəcədə artmasına səbəb olduğu hal.

Sadə təkrar istehsal – istehsalın əvvəlki həcmdə təkrar olunması. Bu halda əldə olunmuş izafi məhsul (mənfəət) bütövlükdə istehlak tələbatının ödənilməsinə sərf olunur.

Sahədaxili rəqabət – mövcud olmaq, üstəlik mənfəət əldə etmək uğrunda eyni istehsal sahəsinin sahibkarları arasında gedən mübarizə forması.

Sanasiya – müflisləşmək təhlükəsi olan müəssisənin vəziyyətinin yaxşılaşdırılmasına, müflisləşmənin qarşısının alınmasına yönəldilmiş tədbirlər sistemi.

Sahibkar – mülkiyyəti, əmlakı, kapitalı (pulu) olub işgüzar fəaliyyətlə məşğul olan şəxs. S. qanunla icazə verilən bütün sahələrdə fəaliyyət göstərib istədiyi qədər mənfəət götürmək hüququna malikdir.

Sahibkarlıq – gəlir (qazanc) əldə etmək naminə risk edərək bütün əmlakın cavabdehliyini və məsuliyyətini öz üzərinə götürən şəxsin (sahibkarın) işgüzar iqtisadi fəaliyyəti.

Sahibkarlıq qabiliyyəti – məhsul istehsalı zamanı insanın resurslardan ağıllı və səmərəli istifadə etmək, cəsarətlə qərar qəbul etmək, istehsalı artırmaq və ağıllı risk etmək bacarığı.

Sahibkarlıq fəaliyyətinə təminat – ölkədə sahibkarlıq fəaliyyətinə şərait yaradılması. Dövlətin sahibkarlıq qabiliyyəti və imkanı olan subyektlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa təminat verməsi, hüquqlarının müdafiə olunması.

Sahibkarlıq subyektləri – sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərd, qrup, firma (müəssisə), şirkət, dövlət.

Sabit qiymətlər – uzun müddət bazar qiymətlərinin tələb və təklifin uyğun olması sayəsində sabit qalması.

Sanksiya (iqtisadi) – müqavilə, maliyyə-büdcə, vergi, kredit və plan intizamını pozanlara qarşı qanunda, normativ aktlarda və bağlanmış müqavilələrdə nəzərdə tutulmuş maddi təsir tədbirləri.

Satınalma qiymətləri – dövlət təşkilatları və müəssisələrin kənd təsərrüfatı müəssisələrindən və əhalidən satın aldıqları kənd təsərrüfatı məhsullarının qiyməti.

Saxlama xərcləri – tədavül xərclərinin əmtəələrin saxlanması ilə əlaqədar olan hissəsi. Bu xərclər əlavə tədavül xərclərinə aid edilir. Saxlama xərcləri məhsuldar xarakter daşıyır.

Sahələrarası rəqabət – müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar arasında eyni miqdarda kapital qoymaqla daha çox mənfəət əldə etmək uğrunda gedən mübarizə forması. S.r. kapitalı ən gəlirli sahəyə qoymaq uğrunda rəqabətdir.

Saxlama (əmanət) – iqtisadi proses olub, əhalinin gəlirinin cari istehlak məqsədi üçün istifadə edilməyən və yığılan hissəsi.

Sertifikat – 1) məhsulun keyfiyyətini təsdiq edən sənəd; 2) sahibinin müəyyən sahədə bilik və bacarığını təsdiqləyən sənəd; 3) istiqraz növü; 4) sahibinin müəyyən məbləğ pul vəsaiti ödədiyini təsdiqləyən sənəd.

Səhm – səhmdar cəmiyyətin nizamnamə fonduna pul verdiyini təsdiqləyən və öz sahibinə səhmdar cəmiyyətinin mənfəətinin bir hissəsini dividend şəklində almaq və onun idarə olunmasında iştirak etmək (imtiyazlı səhmdən başqa) hüququ verən qiymətli kağız.

Səhm məzənnəsi – qiymətli kağızlar bazarında səhmin alınıb-satıldığı qiymət.

Səhmdar cəmiyyəti – təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılmış müəssisə (korporasiya), cəmiyyət.

.Səhmlərin nəzarət paketi (nəzarət səhm paketi) – cəmiyyətin bütün səhmlərinin 50+1 faizinə sahib olan şəxsin əlində olur. Bu paketin sahibi cəmiyyətin fəaliyyətinə nəzarət hüququna malikdir.

Səhm kapitalı – səhmdar cəmiyyətin bütün kapitalı.

Səhmin gəlirliyi – səhmin illik dividendinin bazar qiymətinin faizlə ifadəsi.

Sənayeləşdirmə – ölkədə maşınlı iri sənayenin yaradılması və ölkə iqtisadiyyatını sənaye əsasları üzərinə keçirib inkişaf etdirilməsi prosesi.

Sənaye robotları – əl ilə yerinə yetirilən əməliyyatlarda olan iş dəqiqliyinin, işin fasiləsizliyinin, əmək məhsuldarlığının və hazırlanan məhsulların keyfiyyətinin (iqtisadi səmərəliliyinin) yüksəldilməsində insanların vərdiş və bacarıq qabiliyyətini əvəz etməyə imkan verən əmək vasitələri, avtomat maşın.

Sərbəst seçmə – mülkiyyətçinin öz pul və maddi resurslarından istədiyi kimi istifadə etmək hüququ, fəhlənin öz qabiliyyətinə uyğun istədiyi əmək növünü sərbəst seçmək və alıcının öz gəlirini onun üçün ən yaxşı və lazım olan əmtəə və xidmətlərə xərcləmək hüququ.

Sərbəst üzən valyuta – nəzarət olunmayan valyuta kursu; xarici valyutaya tələb və təklifin təsiri altında onun kursunun qalxıb-enə bilməsi.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə