Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə37/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   40
- K -

Kalkulyasiya – xərc növləri üzrə məhsul vahidinin maya dəyərinin hesablanması.

Kapital – geniş mənada mənfəət gətirmək qabiliyyətində olan hər şey; dar mənada istehsal amillərindən biri – istehsal etmək üçün lazım olan və əməklə yaradılan bütün resurslar. Maliyyə kapitalı, insan kapitalı ifadələri də işlədilir.

Kartel – inhisar birliyi forması; iqtisadiyyatın müəyyən sahəsindəki eyni müəssisələr arasında istehsalın həcmi, satış bazarı, qiymətlər və digər kommersiya şərtləri barədə inhisarçı razılaşma.

Kapital qoyuluşu – iqtisadiyyatın hər hansı bir sahəsinə əsaslı qoyuluş.

Kapitalın hərəkət balansı – tədiyyə balansının tərkib hissəsi; ölkəyə kapitalın gətirilməsi və ölkədən çıxarılması əməliyyatlarının hesabı.

Kapitaltutumlu əmtəə - nisbətən daha çox miqdarda kapital tətbiq etməklə istehsal olunan məhsul.

Kateqoriya – iqtisadi nəzəriyyədə müxtəlif hadisələri və kəmiyyət göstəricilərini ifadə edən anlayışlar. Məsələn, pul, əmtəə, tələb, təklif, rəqabət, mənfəət və s.

Kapital ixracı – 1) mənfəət əldə etmək məqsədilə vətəndaşların, şirkətlərin və dövlətin başqa ölkələrdə yerləşdirdiyi kapital; 2) ölkənin vətəndaşlarının və firmalarının başqa ölkələrdən real aktiv və qiymətli kağızlar əldə etmək üçün sərf etdikləri məbləğ.

Kadastr – obyektin (torpaq, bina və s.) gəlirliliyini və qiymətləndirilməsi haqqında informasiya olan sənəd (reyestr).

Kağız pullar – tədavül vasitəsi kimi istifadə olunan kağız pul nişanları. Banknotları (əskinasları) və xəzinə biletlərini ifadə edir.

Keynsçilik – istehsal amillərinin tam istifadə olunmadığı şəraitdə tarazlıq vəziyyətini təhlil edən makroiqtisadi nəzəri istiqamət. C.M.Keynsin adı ilə bağlı olan bu istiqamət iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyini əsaslandırmışdır.

Klirinq – ölkələr, kompaniyalar, firmalar, müəssisələr arasında qarşılıqlı ödəmə yolu ilə aparılan nağdsız hesablaşma; qarşılıqlı ödəmələr məhsulla həyata keçirilir.

Komanda iqtisadiyyatı – maddi resursların dövlətin mülkiyyətində olduğu şəraitdə mərkəzləşdirilmiş planlaşdırma ilə istehsalın təşkili, idarəedilməsini və istiqamətləndirilməsini təşkil edən üsul.

Kommersiya – 1) ticarət; 2) mənfəət əldə etmək məqsədi ilə ticarət fəaliyyəti ilə məşğul olmaq.

Kommersiya krediti – istehsalçı müəssisənin digər alıcı müəssisəyə əmtəəni möhlətlə satması; kommersiya kreditinin əsas aləti vekseldir.

Kommersiya riski – prosesin inkişafı və bazarın vəziyyətinə dair kifayət qədər dəqiq və dəyanətli məlumatların olmadığı qeyri-müəyyənlik şəraitində gəlirlərin azalması, yaxud itirilməsi ilə bilavasitə bağlı olan qərarlar qəbul edilməsi.

Kombinələşmə – sənayedə istehsalın təmərküzləşmə forması; kombinələşmədə bir istehsalın məhsulları digərləri üçün xammal, yarımfabrikat, yaxud yardımçı material olur; kombinələşmə bir müəssisədə müxtəlif istehsalların birləşməsinə əsaslanır.

Kompaniya – bir neçə müstəqil mülkiyyətçinin kapitallarını birləşdirən sahibkarların müəssisəsi, firması, şirkəti, birlik.

Konqlomerat – inhisar birliyi növü; texnoloji cəhətdən bir-birilə əlaqəsi olmayan müxtəlif sahələrin müəssisələrinin birliyi;konqlomerat bir-biri ilə funksional əlaqəsi olmayan müəssisələrin iri kompaniyalar tərəfindən udulması yolu ilə yaradılmışdır.

Konsern – formal olaraq müstəqil, lakin üzərlərində maliyyə nəzarəti qoyma yolu ilə bir sıra müəssisələri birləşdirən inhisar birliyi.

Konsorsium – müəyyən maliyyə tədbirlərinin həyata keçirilməsi üçün bir neçə iri bank, şirkət və s. firmaların müvəqqəti birləşməsi.

Konsessiya – ölkə daxilində sənaye müəssisələri təşkil etmək, hasilatla məşğul olmaq üçün dövlət tərəfindən ayrı-ayrı şəxslərə, şirkətlərə və ya başqa dövlətə verilən hüquq, imtiyaz;

Konsentrat – faydalı qazıntıların saflaşdırılması nəticəsində əldə edilən yarımfabrikat qarışığı.

Kompensasiya – əvəzini vermək, qarşılığın ödənilməsi; müvazinətləşdirmə.

Konversiya edilməyən valyuta – digər xarici ölkələrin valyutalarına müstəqil və qeyri-məhdud miqdarda dəyişdirilə bilməyən valyuta.

Konyunktura – bazarda yaranmış tələb və təklifin səviyyəsi, bazarın fəallığı, qiymətlərlə, satış həcmləri ilə səciyyələnən iqtisadi situasiya.

Kooperativ – vətəndaşların mülkiyyət payı əsasında yaratdıqları könüllü təşkilat;

Kooperasiyalaşma – müəyyən məhsulu birgə hazırlayan və özünün təsərrüfat müstəqilliyini saxlayan müəssisələr arasında uzunmüddətli istehsal əlaqələri sistemi.

Korporasiya – hüquqi və fiziki şəxslərin təsərrüfat müəssisələri yaratmaq məqsədilə qanunla öhdəlik götürmüş könüllü təşkilat (səhmdar müəssisə).

Kombinat – xammalı eyni mənbədən alan sənaye müəssisələrin birliyi.

Korrupsiya – ölkədə məmurların və ictimai xadimlərin dövlət səviyyəsində bir-birinə rüşvət verməsi.

Kupon – dividend və ya faiz şəklində sahibinə müəyyən gəlir gətirən qiymətli kağızın (səhm və ya istiqraz) faiz talonu.

Krona – Çexiya, İsveç, Norveçin və s. ölkələrin pul vahidi.

Kror – Cənub-Şərqi Asiyanın bir sıra dövlətlərində iri pul vahidi (10 milyon rupiyə bərabərdir). Kruzeyro – Braziliyanın pul vahidi (100 sentavoya bərabərdir ).

Kupyura – üzərində nominal dəyəri göstərilmiş əskinas, səhm, istiqraz və digər qiymətli kağızlar.

Kredit – borc kapitalının hərəkət forması; banklar tərəfindən fiziki və hüquqi şəxslərə geri qaytarılmaqla, faizi ödənilməklə, müəyyən müddətə və təminatla verilən borcdur.

Kredit bazarı – borc kapitalı bazarı; borc verənlə borc alan arasında münasibətlərin məcmusu. Kredit bazarı borcvermənin bütün formalarını – kommersiya, bank, istehlak, dövlət, beynəlxalq kreditlərini əhatə edir.

Kredit siyasəti – makroiqtisadi sabitliyi, pul tədavülünü sabit saxlamaq, inflyasiyaya yol verməmək siyasəti.


- Q -

Qanun – təbiət və cəmiyyətdə hadisə və prosesləri tənzimləyən ali qaydalardır; qanun hadisə və proseslərdə ən mühüm, sabit, təkrarlanan, səbəb-nəticə əlaqələrinin ifadəsidir. Qanunlar obyektivdir, insanların arzusundan, istəyindən asılı olmayaraq fəaliyyət göstərir. İnsanların yaratdığı qanunlar isə hüquqi qüvvəyə malikdir, onları dəyişdirmək, yenisi ilə əvəz etmək olar. Hüquqi qanunlar da alidir, mövcud dövlətin bütün vətəndaşları onlara tabe olmalı, onlara əməl etməlidir. İqtisadi qanunlar da obyektiv olub iqtisadi prosesləri tənzimləyir (tələb qanunu, təklif qanunu, rəqabət qanunu və s.).

Qapalı valyuta, (konvertləşməyən valyuta) – yalnız bir ölkə ərazisində istifadə edilən valyuta. Əksər inkişaf etməkdə olan ölkələrin valyutaları konversiya olunmayan valyutadır.

Qarant (zəmanət) – bu və ya digər öhdəliyin yerinə yetirilməsinə təminat (zəmanət) vermək. Öhdəlik yerinə yetirilmədikdə qarant məsuliyyət daşıyır.

Qapalı iqtisadiyyat – öz daxili imkanları hesabına fəaliyyət göstərən, ixrac və idxal əməliyyatları ilə məşğul olmayan ölkənin iqtisadiyyatı.

Qapalı tipli korporasiya – açıq hərracda səhmlər satmayan korporasiya.

Qarışıq iqtisadi sistem – müxtəlif mülkiyyət formaları və təsərrüfat formalarının eyni vaxtda mövcud olduğu iqtisadiyyat. Qarışıq iqtisadi sistem müxtəlif mexanizmlərdən istifadə olunmaqla tənzimlənir.

Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) – sosialist dövlətlərinin çoxtərəfli əməkdaşlığının beynəlxalq iqtisadi təşkilatı. 1949-cu ildə yaradılmışdır.

Qeyri-elastik təklif – elastik əmsalının təklif vahidindən az olması; qiymətin dəyişmə faizinin təklifin həcminin dəyişmə faizindən çox olması.

Qeyri-elastik tələb – elastik əmsalının tələb vahidindən az olması; qiymətin dəyişmə faizinin tələbin həcminin dəyişmə faizindən çox olması.

Qeyri-istehsal fondları – qeyri-istehsal sahəsinin müəssisə və təşkilatlarının sərəncamında olan, istehsal prosesində bilavasitə iştirak etməyən və onun davam etdirilməsinə dolayı yolla köməklik göstərən mənzil fondları, mədəni-məişət ocaqları, binalar, qurğular və s. daxildir.

Qeyri-məhsuldar əmək – bilavasitə məhsulun və dəyərin yaranmasında iştirak etməyən əmək.

Qeyri-məhsuldar xərclər – istehsalın təşkili, material resurslarının uçota alınması və saxlanması proseslərində, eləcə də istehlakçılarla olan müqavilə şərtlərinin pozulması və s. səbəblərdən yaranan məsrəflər (pul ifadəsi ilə).

Qənaət – istehsal zamanı vəsaitdən və vaxtdan səmərəli istifadə edildikdən sonra sərəncamda qalan vəsait və vaxt. Qənaət edilmiş vaxt cəmiyyət üçün əsl sərvətdir.

Qənaət rejimi – istehsal zamanı mövcud resurslardan və vaxtdan səmərəli istifadə etməklə az məsrəflə və az vaxtda daha çox nəticə əldə etmək. Əmək məhsuldarlığını yüksəltməklə canlı və keçmiş əməyə qənaət olunur.

Qənaət edilmiş vəsait – gələcəkdə istifadəsi nəzərdə tutulan toplanmış maddi və pul vəsaitləri.

Qızıl – parlaq metal; əmtəə istehsalı şəraitində ümumi dəyər forması, pul rolu oynayan əmtəə; hazırda qızıl pul rolunda çıxış etmir, adi metal olaraq istehsalda istifadə olunur.

Qızıl ehtiyatı – külçələr və sikkələr halında qızıl ehtiyatı fondu olub, mərkəzi emissiya bankına məxsusdur; beynəlxalq hesablaşmalar aparılmasını həyata keçirərkən ehtiyat fondu kimi fəaliyyət göstərir.

Qızıl pariteti – paritet müxtəlif ölkələrin valyutaları arasındakı nisbəti əks etdirir; ölkənin pul vahidi tərkibində xalis qızılın çəkisidir, bu ölkənin qanunvericiliyi ilə rəsmiləşdirilir. Dövlət Bankı tərəfindən xarici valyutanın təyin edilməsində baza kimi istifadə edilir.

Qızıl təminatı – ölkənin Mərkəzi Bankında qızıl ehtiyatı olub, bank emissiyasını ödəmək üçün istifadə olunur.

Qızılın hərəkəti – qızılın ölkəyə axıb gəlməsi, yaxud xaricə axıb getməsi.

Qızıl standartı – kağız pulların təsbit olunmuş qiymətlər əsasında qızıla sərbəst dəyişdirilməsinə və qızılın xaricə sərbəst aparılmasına icazə verən pul sistemi.

Qız cəmiyyəti – inhisarların hakim olduğu inkişaf etmiş ölkələrdə nəhəng inhisar birliyi olan ana korporasiyanın (cəmiyyətin) filialları.

Qiymət - əmtəə və xidmət vahidi üçün ödənilən pulun miqdarı.

Qiymət indeksi – qiymətin dəyişməsinin və bunun bilavasitə əsas amillərin təsiri nəticəsində baş verməsini müəyyən etmək məqsədilə hesablanan xüsusi göstərici. Bundan məhsulun nominal həcmi ilə onun real həcminə nisbətini, inflyasiyanın sürətini hesablamaqda istifadə olunur.

Qiymətin liberallaşdırılması – bazarda daha çox əmtəə daxil olması şəraitində qiymətin bazarda sərbəst formalaşması. Bu prosesdə dövlət qiyməti müəyyən etməkdən kənarda dayanır, qiymətin qoyulmasına müdaxilə etmir.

Qiymət miqyası – müəyyən ölkədə pul vahidi kimi müəyyən edilmiş metalın (qızılın və yaxud gümüşün) çəki miqdarı. Q.m. xalis texniki funksiyanı yerinə yetirir: onun köməyilə müəyyən adda pul vahidi bütün əmtəələrin ölçülməsinə və istifadə olunmasına xidmət edir. Azərbaycanda Q.m. manatdır.

Qiymətin tarazlığı – rəqabətli bazarda tələb və təklifin həcminin bərabərliyi şəraitindəki qiymət; əmtəə və xidmətlərin nə artıqlığı, nə də çatışmazlığı şəraitində olan qiymət.

Qiymətin səviyyəsi – ölkədə istehsal olunan əmtəə və xidmətlərin qiymətlərinin illik orta səviyyəsi.

Qiymət nəzəriyyələri – qiymətin mahiyyəti, məzmunu, dəyişməsi və rolunu öyrənən elmi istiqamət.

Qiymətli kağız – sahibinin müəyyən mülk və ya pul məbləğini ala bilməsi hüququnu təsdiq edən qiymətli kağız, pul və ya əmtəə sənədi formasında olan borc öhdəliyi.

Qloballaşma (iqtisadiyyatda) – milli iqtisadiyyatların bir-birindən daha çox qarşılıqlı asılılığa düşməsi, vahid dünya iqtisadiyyatının yaranması prosesi.

Qlobus – Yerin çox kiçildilmiş kürəformasında modeli.

- L -


Laq – vaxt etibarı ilə bir hadisənin onunla bağlı digər hadisəyə nisbətən geri qalmasını, yaxud onu ötüb keçməsini əks etdirən göstərici.

Laffer əyrisi – vergi daxil olmalarının vergi dərəcəsindən asılılığını əks etdirir. Vergi dərəcəsinin optimal həddi olduğunu və bu həddin aşılmasının vergi daxil olmalarının azalması ilə nəticələnəcəyini göstərir.

Lisenziya – ayrı-ayrı şəxslərin və təşkilatların patentlə mühafizə olunan ixtiralardan, texniki biliklərdən, təcrübədən, istehsal sirrindən, ticarət markasından, bəzi texnologiyaların tətbiqindən istifadə etmələrinə verilən icazə.

Lisenziya ticarəti – “nou-xau” patent və ixtiralara olan lisenziya sövdələşmələri də daxil edilməklə texnologiyalarda beynəlxalq ticarət forması. Patentlər və onlarla əlaqədar olan “nou-xau”-ların kompleks şəkildə verilməsini nəzərdə tutan lisenziya sazişləri.

Lizinq – istehlakçıların sifarişi ilə satın alınmış əmlakın (maşın, avadanlıq, dəzgah və s.) onlara orta və uzun müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növü.

Likvidlik – hər hansı bir məhsulun pula çevrilmək qabiliyyəti, tək və ya bir qrup fiziki şəxsin, firmanın və ya hər hansı başqa təşkilatın, müəssisənin öz maliyyə təəhhüdlərini (öhdəliklərini) ödəmək qabiliyyətini əks etdirən göstərici; tezliklə pula çevrilə bilən.

Likvidik xüsusiyyət – hər hansı bir təşkilatın, idarənin, fiziki və hüquqi şəxsin öz borcunu ödəyə bilmək qabiliyyəti.

Limit – son norma. Ayrı-ayrı sahələrdə ehtiyat göstəricisi.

Limit qiymətlər – qiymətin son həddi; müəyyən məhsul növünün qiymət səviyyəsinin yuxarı həddi.

Lokal bazar – bir neçə yaşayış məntəqələrini birləşdirən hər hansı bir bazar (yerli bazar).

Lombard - əhalidən daşınan əmlakı və qiymətli əşyaları girov qəbul etməklə borc verən müəssisə; xidmət növü.

Lorents əyrisi – ölkənin məcmu pul gəlirlərinin aztəminatlı və yüksək gəlirli ailələr arasında bölgüsünün qrafiki təsviri. L.Ə. gəlirlərin bölgüsündə qeyri-bərabərliyin olduğunu aydın göstərir.

- M-

Makroiqtisadiyyat – elmi təlim; m.i. iqtisad elminin bütövlükdə iqtisadiyyatın xalq təsərrüfatı səviyyəsində ümumi qanunauyğunluqlarını öyrənən bölməsi; makroiqtisadiyyat iqtisadi agentlərin məcmu davranışları haqqında elm.

Makroiqtisadi tarazlıq – makroiqtisadi səviyyədə tələblə təklif arasında ümumi tarazlıq.

Maddi istehsal – maddi nemətlər yaradılan istehsal sahələri. Buraya əsasən sənaye, kənd təsərrüfatı, tikinti, istehsala xidmət edən rabitə, ictimai iaşə daxildir.

Maddi tələbat – ödənilməsi zəruri olan maddi (çörəyə, mənzilə, paltara və s.) ehtiyaclar.

Maya dəyəri – məhsulun istehsalı və satışı ilə əlaqədar xərclərin məcmusu.

Makler – birjalarda sövdələrin bağlanması üzrə vasitəçilik edən şəxs. Müştərilərin tapşırığı ilə və onların hesabına iş görən.

Marja – depozitlərin, qiymətli kağızların alış və satış qiymətləri arasındakı fərq.

Marjinalizm – XIX əsrin 70-80-ci illərində təşəkkül tapmış iqtisadi nəzəriyyə. Bu nəzəriyyəyə görə, hər bir məhsulun mübadilə dəyəri onun istifadə olunan son vahidinin dəyərliyi ilə müəyyən olunur.

Manufaktura – əl əməyinə və əmək bölgüsünə (sadə əmək bölgüsü) əsaslanan, muzdlu əmək tətbiqi ilə işləyən kapitalist – sahibkar müəssisəsi; M. XVI-XVIII əsrlərdə Qərbi Avropada yaranmış və sonra maşınlı istehsalla əvəz olunmuşdur.

Maliyyə kapitalı – inhisarçı sənaye kapitalı ilə inhisarçı bank kapitalının qovuşmasından yaranan inhisarçı kapital; pul kapitalı.

Maliyyə bazarı – qiymətli kağızlar, kredit və valyuta bazarlarını əhatə edən bazar.

Maliyyə – pul fondlarının yaranması, bölgüsü və istifadəsi üzrə münasibətlər sistemi.

Maliyyə sistemi – dövlətin maliyyə fəaliyyətini və maliyyə münasibətlərini tənzimləyən qanunlar, qaydalar və normaların məcmusu (pul sistemi, maliyyə idarələri sistemi).

Maliyyə iqtisadi stabilləşmə – yüksək inflyasiyanın aradan qaldırılmasına yönələn kompleks iqtisadi siyasət tədbirləri. Bunlara büdcə kəsirinin aradan qaldırılması, faiz dərəcələrinin artırılması, əhali gəlirlərinin məhdudlaşdırılması və s. daxildir.

Marketinq – tələbat amilləri məsələlərinin ətraflı öyrənilməsi və onların aktiv qeydiyyatı ilə məşğul olması; ehtiyacların və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönəldilmiş fəaliyyətin növü. Bazarın hərtərəfli öyrənilməsi; bazar iqtisadiyyatı şəraitində idarəetmə üsulu kimi qiymətləndirilir.

Marketinqin məqsədi – şəxsi və ictimai tələbatı ödəyə bilən miqdarda satış həcminə nail olmaqla, istehsalın yüksək səmərəliliyinin və gəlirliyinin təmin edilməsi.

Marketoloq – marketinq üzrə mütəxəssis.

Material tutumluğu – hər hansı bir məhsulun istehsalına material resurslarının sərfini təyin edən, ictimai istehsalın iqtisadi səmərəlilik göstəricilərinin ən mühümlərindən biri.

Menecment – idarəetmə elmi və fəaliyyəti; istehsalın gəlirliliyini və səmərəliliyini yüksəltmək məqsədilə idarəetmədə tətbiq olunan prinsip, üsul, forma və vasitələrin məcmusu.

Menecer – sahibkar tərəfindən təyin edilmiş və istehsalın idarə edilməsini təşkil edən yüksək ixtisaslı mütəxəssis.

Meliorasiya – qurutma, suvarma və s. yolu ilə torpaqların münbitliyini yaxşılaşdırma.

Merkantilizm – ilkin kapitalizm dövründə (XVI-XVIII əsrlər) yaranmış iqtisadi nəzəriyyə və iqtisadi siyasət. M. qızıl və gümüşü əsas sərvət hesab edir, bu sərvəti artırmaqla ölkəni varlı etmək ideyasını əsaslandırmağa çalışırdılar.

Metod – təbiətdə, cəmiyyətdə və təfəkkürdə baş verən proseslərin və qanunauyğunluqların öyrənilməsinə yanaşmağın qayda və üsulları sistemi.

Meqapolis – şəhər aqlomerasiyalarının və ya iri şəhərlərin birləşməsi nəticəsində yaranan nəhəng şəhər sistemi.

Metropoliya – müstəmləkəsi olan ölkə.

Metodologiya – a) hər hansı bir elm sahəsində tətbiq edilən tədqiqat üsullarının məcmusu;

b) elmi dərketmənin prinsipləri, formaları, üsulları və formaları haqqında təlim.

Mənfəət – müəssisənin ümumi gəlirdən istehsal məsrəfləri çıxıldıqdan sonra yerdə qalan hissə. Mənfəət istehsalın səmərəliliyini yüksəltməkdə hərəkətverici qüvvədir.

Məcmu təklif – müxtəlif qiymət səviyyəsində təklif oluna bilən əmtəə və xidmətlərin ümumi miqdarı, kəmiyyəti.

Məcmu tələb – müxtəlif qiymət səviyyəsində alına biləcək əmtəə və xidmətlərin ümumi həcmi.

Məcburi ehtiyat – qanunla müəyyən edilən ehtiyat.

Məsrəf və nəticələrin təhlili – məsrəf və nəticələr arasında qarşılıqlı asılılığı tədqiq etmək üçün istifadə olunan metod.

Məşğulluq – əhalinin əmək fəaliyyətində iştirakı. Məşğulluq səviyyəsi əmək qabiliyyətli əhalinin miqdarı ilə iş yerlərinin nisbətindən asılıdır.

Məhsuldar qüvvələr – istehsal vasitələri və onları hərəkətə gətirərək maddi nemətlər istehsal etməyi bacaran insanlar. Elm də məhsuldar qüvvədir. Başlıca məhsuldar qüvvə insanın özüdür.

Məqsədli bazar – firmanın marketinq fəaliyyəti üçün seçilmiş bir və ya bir neçə bazar sistemi.

Minimum əmək haqqı – ən aşağı əmək haqqıdır, qanunla sahibkar ondan aşağı əmək haqqı verməməlidir. Bu əmək haqqı işçinin zəruri tələbatını ödəməli və iş qüvvəsinin təkrar istehsalını təmin etməlidir.

Milli iqtisadi təhlükəsizlik – ən əlverişsiz şəraitdə belə milli maraqların qorunması, ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə yönəldilmiş fəaliyyət.

Milli gəlir – müəyyən dövrdə, məsələn, bir ildə yaradılmış ümumi məhsul dəyərindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldıqdan sonra yerdə qalan hissə (birgə götürülmüş mənfəət, əmək haqqı, renta və faiz).

Milliləşdirmə – qanunvericilik yolu ilə əmlakın xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi.

Miqrasiya - əhalinin müxtəlif səbəblər üzündən bir yerdən (kənddən, ölkədən) başqa yerə köçməsi.

Mikroiqtisadi təlim – ev təsərrüfatı, firma, sahələr kimi bir-birindən ayrılmış iqtisadi vahidləri, ayrı-ayrı bazaları, konkret qiymətləri və konkret əmtəə və xidmətləri tədqiq edən iqtisad elminin bir bölməsi.

Mikroiqtisadiyyat – iqtisadiyyatın ev təsərrüfatları, firmalar, müəssisələr, bazarlar və bazar subyektləri səviyyəsindəki durumu (mövcudluq halı).

Milli sərvət – xalqın öz tarixi ərzində yaratdığı sərvət; xalq təsərrüfatında bütün istehsal və qeyri-istehsal fondlarının, ehtiyatların, şəxsi və ictimai əmlakın məcmusu.

Milli məhsul – ölkədə bir il ərzində yaranan məcmu məhsulu ifadə edir. Onun Ümumi milli məhsul (ÜMM) və Ümumi daxili məhsul (ÜDM) kimi növləri var.

Müəssisə – vahid xalq təsərrüfatında ilkin özək; hüquqi və fiziki şəxs sifətində müstəqil təsərrüfat vahidi; o öz əmlakından və istehsal vasitələrindən istifadə edərək hər hansı bir məhsul istehsal edir, onu reallaşdırır və yaxud xidmət sahəsində fəaliyyət göstərir.

Mülkiyyət – mühüm iqtisadi kateqoriya olub, dövlətin, fiziki və hüquqi şəxslərin istehsal vasitələri və istehsalın nəticələrinin mənimsənilməsi üzrə münasibətlərini ifadə edir; o, həm də hüquqi kateqoriyadır, mülkiyyətçi əmlaka sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququna malikdir. Ona fəlsəfi və tarixi kateqoriya kimi də baxılır.

Müasir iqtisadi təfəkkür – elmin ən yeni nailiyyətlərini və ictimai istehsalın indiki inkişaf mərhələsinin keyfiyyət xüsusiyyətlərini əks etdirən iqtisadi görüşlər (fikirlər).

Müştərək müəssisə – xarici ölkələrlə milli sənaye və digər sahələrdə olan əməkdaşlığın yeni, mütərəqqi və mürəkkəb forması. O, tərəfdaşların şərikli mülkiyyətinə və onun istifadəsinin nəticələrinin mənimsənilməsində birgə fəaliyyətə əsaslanır.

Mütərəqqi (proqressiv) vergi – vergi ödəyənin gəliri artdıqca orta normanın artması və həmin gəlir azaldıqca azalan vergi.

Multiplikator – bir dəyişənin artımının digər dəyişənin nə qədər artdığını əks etdirən əmsal. M. iqtisadiyyatın müxtəlif bölmələrində baş verən dəyişikliklərin zəncirvari nəticələrinin kəmiyyətcə ölçülməsi üçün tətbiq olunur.

Müqayisəli üstünlük – bir istehsalçının digər istehsalçı ilə müqayisədə daha az məsrəflə işləmək imkanında olması, nəticədə birinci daha yüksək qazanc əldə edir. Müqayisəli üstünlük müxtəlif ölkələr üçün səciyyəvidir və beynəlxalq ticarətdə öz əksini tapır.

Müqayisəli xərclər – xərclərin müqayisəsi yolu ilə daha ucuz başa gələn məhsulun istehsalına üstünlük vermək. Ölkədə baha başa gələn məhsulu ucuz istehsal edən ölkədən almaq.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə