Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə35/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   40

Büdcə maliyyələşdirilməsi – geri qaytarılmamaq şərtilə dövlət büdcəsindən müəssisə, təşkilat və idarələrə onların xərclərinin müəyyən hissəsini və yaxud tam ödənilməsini təmin etmək üçün verilən pul vəsaiti.

Böhran – iqtisadi tsiklin ilk fazası. Böhran fazasında istehsalda və investisiya qoyuluşlarında kəskin enmə baş verir, işsizlik artır, tələblə təklifin nisbəti pozulur, müəssisələrin fəaliyyəti zəifləyir və dayanması baş verir. Ən kəskin böhran 1929-1933-cü illərdə sənayesi inkişaf etmiş ölkələrdə baş vermişdir.
- C -
Cari hesab – idarənin, təşkilatın, müəssisənin saxlanması və müxtəlif tədiyyələr üzrə nağdsız hesablaşmalar aparmaq üçün bankdakı hesabı. Tədiyyə balansının xarici ticarət, xidmətlər, qeyri-kommersiya transfertləri üzrə ödəmələrin hesabı.

Cari valyuta siyasəti – valyuta siyasətinin tərkib hissəsi; valyuta məzənnəsinin, valyuta üzrə mümkün ola bilən əməliyyatların, valyuta və qızıl bazarı fəaliyyətinin gündəlik operativ tənzimlənməsinə yönəldilən tədbirlərin məcmusu.

Cari proqnozlar – proqnozlaşdırmanın bir növü olub, tələbin cari dövr üçün (bir il, kvartal) tərtib edilən proqnozları əhatə edir.

Cərimə – mövcud qanunları, müqavilələri və ya məlum qaydaları pozan fiziki və hüquqi şəxslərə tətbiq edilən maddi tədbir – alınan pul; mülki hüquq qanunvericiliyinə görə Dəbbə pulu növüdür.

- Ç -
Çeşid – məhsulun növ, tip, sort, ölçü, marka və s. üzrə tərkibi. Məhsulun çeşidinin düzgün müəyyənləşdirilməsi, əhalinin tələbatlarının daha yaxşı ödənilməsi, istehlakçıların tələblərinə cavab verməyən məhsulların buraxılmasına yol verilməməsi məqsədini güdür.

Çeşid siyasəti – çeşidin inkişafı, təkmilləşdirilməsi və yeniləşdirilməsi sahəsində iqtisadi siyasət.

Çek – fiziki və ya hüquqi şəxsin bankda olan cari hesabından sənədi təqdim edənə, orada göstərilən məbləğdə pul ödənilmək haqqında banka əmr verən sənəddir.

Çoxtərəfli hesablaşma – xarici ticarət, kredit, investisiya, qeyri-ticarət ödənişləri üzrə qarşılıqlı hesablaşma sistemi; üç və daha çox ölkəni əhatə edir.



- D -
Daxili bazar – milli iqtisadiyyatın tərkib ünsürü olub, ona xidmət edən bazar. Daxili bazar mürəkkəb struktura malik olub, əhalinin tələbatlarının ödənilməsinə xidmət edir. Daxili bazar dövlət tərəfindən himayə olunmalıdır.

Dəmyə əkinçilik – rütubətli iqlim şəraitində suvarılma olmadan aparılan əkinçilik

Daxili ticarət – ölkənin daxili tələbatlarının ödənilməsinə xidmət edən iqtisadiyyat sahəsidir.

Daxili xərc – firmanın məhsulun istehsalına bilavasitə özünün çəkdiyi xərc. Bu, firmanın daxili resursları hesabına təmin edilir.

Daimi xərc – firmanın istehsal edib-etməməsindən asılı olmayaraq çəkdiyi xərc. Məsələn, amortizasiya ayırmaları, icarəyə götürdüyü bina üçün icarə haqqı, götürdüyü kredit üçün faiz və s.

Dəyişən xərclər – firmanın almalı olduğu istehsal vasitələrinin qiymətlərinin artıb-azalmasından və istehsalın həcminin dəyişməsindən asılı olaraq xərclər artıb-azalır, yəni dəyişir.

Debitor borc – göndərilmiş məhsullar və xidmətlər üçün hüquqi və fiziki şəxslərin müəssisə və təşkilatlara verəcəyi borcların məbləği.

Devalvasiya – valyuta kursunun rəsmi aşağı salınması; ölkənin pul sisteminin sabitləşdirilməsi məqsədilə qanunvericilik qaydasında milli pul vahidinin, qızılın məzmununun aşağı salınması və ya kağız pulun rəsmi kursunun qızıla və digər ölkələrin valyutasına nəzərən endirilməsi.

Devizlər – beynəlxalq hesablaşmalarda qızılı əvəz edən. Buna qızıl deviz də deyilir.

Diversifikasiya – firmanın bir-birilə əlaqəsi olmayan bir çox məhsulların çeşidlərini və istehsal həcmini eyni vaxtda inkişaf etdirməsi.

Denominasiya – kağız pul vahidinin müəyyən edilmiş nisbətdə iri pul vahidlərinə dəyişdirilməsi. Azərbaycanda milli pul 5000 : 1 nisbətində dəyişdirildi.

Demoqrafiya – yer kürəsi əhalisinin təbii artımını, tərkibini (mill, yaş, cins), yerləşməsini və s. öyrənən elm sahəsi.

Demoqrafik siyasət – dövlətin fəaliyyət sahəsi; əhalinin tərkibi, yerləşməsi və dinamikasının tənzimlənməsinə yönəldilmiş siyasət. Demoqrafik siyasət dövlətin sosial siyasətinin tərkib hissəsidir.

Dempinq siyasəti – bazara sahib olmaq üsulu; rəqabət mübarizəsi formalarından biri olub, xarici bazarlarda əmtəələrin istehsal xərclərindən ucuz qiymətə satmaqla, bazarı ələ keçirmək siyasəti.

Depozit – müəyyən məqsədlə saxlamaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və qiymətli kağız. Bank depozit sahibinə faiz ödəyir.

Depozitor – 1) depozit sahibi; 2) məlum vaxtda müəssisə və təşkilatlara borcu olan, lakin bu və ya digər səbəbdən hələlik onu ödəməyən fiziki və yaxud hüquqi şəxs.

Depressiya – istehsal tsiklin fazalarından biri. İqtisadiyyatda durğunluq, işgüzar fəallığın və istehsalın azalması, işsizlik, əmtəə və xidmətlərə tələbin azalması ilə səciyyələnir.

Deflyasiya – tədavülə lazım olan kağız pulun miqdarını qızılın miqdarına daha çox uyğunlaşdırmaq üçün tədavüldən artıq pul kütləsinin çıxarılması. İnflyasiyanın sürətinin aşağı salınması üsullarından biri.

Defisit – 1) zərər, ziyan; 2) əskik, kəsik, çatışmazlıq.

Dəyər qanunu – əmtəə istehsalının qanunu. Əmtəələrin istehsalı və mübadiləsində bu qanunun tələbi nəzərə alınmalıdır.

Dəyər – əmtəə istehsalçılarının əmtəədə maddiləşmiş ictimai zəruri əməyi (K.Marks); əmtəənin istehsalına çəkilən bütün xərclərin məcmusu. Dəyərin yaranmasında bütün istehsal amilləri iştirak edir (Jan Batist Sey).

Dəyər göstəriciləri – iqtisadi hadisələri dəyər (pul) ifadəsində səciyyələndirən və qiymətlərin köməyilə müəyyən edilən göstəricilər.

Dividend – qazanc payı; səhmdar cəmiyyəti üzvlərinin qoymuş olduqları kapitala görə aldıqları mənfəət, səhmin gətirdiyi gəlir.

Diskont – buraxılan qiymətli kağızın bazar qiymətilə nominal dəyəri arasındakı fərq.

Dotasiya – öz gəlirləri ilə öz məsrəflərini ödəyə bilməyən müəssisə və təşkilatlara dövlət büdcəsindən geri alınmamaq şərtilə verilən təxsisatlar (ayırmalar).

Doy-Cons indeksi – işgüzar fəaliyyəti əks etdirən göstərici; 30 ən iri Amerika Kompaniyasının səhmlərinin kurslarının dinamikası əsasında hesablanır; dinamika Nyu-York fond birjasının qiymətlərinə görə müəyyən olunur və konyunkturu əks etdirən ən yaxşı barometrlərdən sayılır.

Dövlət müəssisəsi – dövlət mülkiyyəti əsasında yaradılan və dövlətə məxsus olan müəssisə.

Dövriyyə fondları (kapitalı) – müəssisənin istehsal prosesinə hissə-hissə daxil olan, öz dəyərini istehsal edilən məhsulun üzərinə bütövlükdə keçirən, yalnız bir istehsal dövründə iştirak edən vəsaitləri.

Dövlətsizləşdirmə – dövlətə məxsus mülkiyyətin müəyyən hissəsinin dövlət idarəçiliyindən çıxarılması.

Dövlət maliyyəsi – dövlətə məxsus olan mərkəzləşdirilmiş pul vəsaiti fondları.

Dövlət büdcəsi – dövlətin əsas maliyyə planı; pul mədaxil-məxaric balansı.

Dövlət mülkiyyəti – dövlətə məxsus olan mülkiyyət (torpaq, kapital və s. üzərində).

Dövlət sektoru – iqtisadiyyatın dövlətə məxsus olan sahələri.

Dövlətin daxili borcu – dövlətin öz vətəndaşlarına, firmalara və müəssisələrə borcu.

Dünya bazarı – bütün ölkələrin öz əmtəə və xidmətlərini reallaşdırdığı (alıb-satdığı) bazar.

Dünya bazarı qiyməti – dünya ticarətinin əsas mərkəzlərinin sərbəst konversiya edilmiş valyuta ilə müəyyən etdikləri qiymətdir; dünya bazarında əmtəə və xidmətlərin alınıb-satıldığı qiymətdir.

- E -
Ekologiya – təbiətlə cəmiyyətin qarşılıqlı təsirinin ümumi qanunauyğunluqları haqqında elm; cəmiyyətin ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan məqsədyönlü istifadəsinə yönəldilmiş xüsusi fəaliyyət sahəsi.

Ekyu – Avropa İqtisadi Birliyi tərəfindən təsis edilmiş Avropa pul hesablaşma vahidi. Avropa İqtisadi Birliyinin 10 ölkəsinin valyutası əsasında qiymətləndirilir. Bu məqsədlə 2800 ton qızıl depozitə qoyulmuşdur (maddi şəkildə deyil, yazılı şəkildə). 1991-ci il məzənnəsinə görə 1 Ekyu 1,193 ABŞ dollarına bərabərdir (1 Ekyu-1,193 dollar).

Eksperiment – bəşəriyyətin ictimai-iqtisadi təcrübəsi olub, dərketmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı. Elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar eksperimentin sferası genişlənir.

Ekspert qiyməti – bilavasitə ölçüyə gəlməyən proseslərin, hadisələrin kəmiyyətcə və ya sıraca qiymətləndirilməsi; mütəxəssislərin rəyinə əsaslanır.

Ekstensiv inkişaf yolu – istehsal məkanını genişləndirmək, əlavə istehsal amilləri (istehsal vasitələri, iş qüvvəsi, torpaq) cəlb etmək yolu ilə iqtisadi artıma nail olmaqdır.

Elm – ictimai şüur formalarından biri, səhih biliklər sistemi; insanın əməli və nəzəri fəaliyyətinin özünəməxsus sahəsi olub, təbiətin, cəmiyyətin və təfəkkürün inkişaf qanunları haqqında biliklər sistemi.

Elmi-texniki inqilab (ETİ) – təbiətin daha dərin xassələrinin və qanunauyğunluqlarının dərk edilməsi və mənimsənilməsi əsasında məhsuldar qüvvələrin kökündən dəyişməsi, elm, texnika və istehsalın qarşılıqlı təsirinin güclənməsi, elmin bilavasitə məhsuldar qüvvəyə intensiv surətdə çevrilməsi prosesi.

Elmi-texniki tərəqqi (ETT) – bu fasiləsiz proses olub, cəmiyyətin inkişafının bütün mərhələlərində elm və texnikada baş verən mütərəqqi dəyişiklikləri özündə ifadə edir.

Elmi-texniki potensial – elm və texnikanın inkişafa təsiri imkanlarını xarakterizə edən bütün göstəricilərin məcmusu.

Elastik əmsalı – tələbin (təklifin) həcminin dəyişmə faizinin əmtəənin qiymətinin dəyişmə faizinə nisbəti.

Embarqo – hər hansı dövlət tərəfindən başqa ölkələrə məhsul göndərilməsi və ya xarici ölkədən gətirilməsinə qadağan qoyulmasıdır.

Emissiya – qiymətli kağızların, bank biletləri və kağız pulların kəsilib buraxılması və tədavüldən çıxarılması əməliyyatı; əməliyyat Mərkəzi Bank tərəfindən həyata keçirilir.

Emitent – dövriyyəyə kağız pul, qiymətli kağızlar, ödəniş-hesablaşma sənədləri buraxan dövlət, müəssisə, idarə və təşkilat.

Emiqrasiya – bir dövlətin vətəndaşlarının müxtəlif səbəbdən digər ölkəyə köçməsi. Bu adamlar emiqrant (mühacir) adlanır.

Ehtiyac – ödənilməsi zəruri olan tələbat.

Erqonomika – istehsal prosesində insanın funksional imkanlarını öyrənən (insanın əmək məhsuldarlığı, iş qabiliyyətini yüksəltmək üçün optimal şəraitin yaradılması imkanlarını və qanunauyğunluqlarını aşkara çıxaran) elm, fənn; istehsalın səmərələşdirilməsi məqsədilə konkret istehsal fəaliyyəti şəraitində insanla maşının qarşılıqlı təsirini öyrənən elm.

Era – Yerin və onun üzvü aləminin təbii inkişafının uzun mərhələsini göstərən vaxt.
- Ə -
Əlavə dəyər vergisi (ƏDV) – dolayı vergi növü olub, əmtəə və xidmətlərin reallaşdırılması zamanı onların dəyərinə edilmiş əlavə; ölkəyə gətirilən və vergi tutulan bütün məhsullardan dövlət büdcəsinə, dəyər ifadəsində, ödənilən məbləğdir.

Əlavə vergi – müəyyən əmtəələr və xidmətlərə görə qiymət üzərinə əlavə edilmiş məbləğ.

Əmək – insanın məqsədəuyğun məhsuldar fəaliyyəti; insanın fiziki və əqli qabiliyyətlərinin sərfi prosesi. Bu fəaliyyətin nəticəsi müxtəlif məzmunlu məhsuldur.

Əmək bölgüsü – əmək fəaliyyətinin differensiyasiyalaşması və ixtisaslaşması; müxtəlif əmək fəaliyyəti növlərinin meydana gəlməsi; əməyin müxtəlif məhsul və xidmətlərin istehsalı üzrə növlərə ayrılması və onların mübadiləsi.

Əyri – bəzi iqtisadi qanunauyğunluqların qrafik əyrisi.

Əmək dəyər nəzəriyyəsi – dəyərin əməklə yaradıldığı və əməklə ölçüldüyünü irəli sürən nəzəriyyə. Bu nəzəriyyə klassik burjua siyasi iqtisadçıları tərəfindən yaradılmış və K.Marks tərəfindən inkişaf etdirilmişdir.

Əmək məhsuldarlığının artması qanunu – ümumi iqtisadi qanun. Canlı və maddiləşmiş əməyə qənaəti özündə əks etdirir, əmək sərfinin səmərəliliyi dərəcəsini ifadə edir.

Əmək tutumlu əmtəə – istehsalına daha çox əmək sərfi tələb edən əmtəələr (başqa əmtəələrə nisbətən).

Əmək resursları – əhalinin işləmək qabiliyyəti olan hissəsi.

Əmək haqqı – işçinin müəyyən vaxt ərzində sərf etdiyi əməyin miqdarına və istehsal etdiyi məhsula görə aldığı payın pul ifadəsidir. Əmək haqqı iş qüvvəsi dəyərinin çevrilmiş formasıdır.

Əmək haqqı və qiymətin inflyasiya spiralı – əmək haqqı dərəcəsinin yüksəlməsi qiymətin artmasına səbəb olur, qiymətin artması isə öz növbəsində əmək haqqının yüksəlməsinə təsir göstərir.

Əməyin elmi təşkili (ƏET) – elmin və qabaqcıl təcrübənin əsasında əməyin təşkilinin səmərəliləşdirilməsi.

Əməyin intensivliyi – əməyin sərfinin tezliyi (gərginliyi) dərəcəsi. İstehsal prosesində işçinin vahid vaxt ərzində sərf etdiyi enerjinin miqdarı ilə ölçülür.

Əmək intizamı – müəssisə və təşkilatlarda, istehsal birliklərində müəyyən edilmiş qaydalara ciddi əməl olunması.

Əməyin keyfiyyəti – əməyin mürəkkəblik, intensivlik (gərginlik) və ağırlıq dərəcəsini özündə əks etdirir. Əməyin ictimai faydalılıq dərəcəsinin, onun səmərəliliyinin, yararlılığının, peşə qabiliyyətinin əks etdirməsi.

Əmək kooperasiyası – əməyin təşkili forması. Əmək kooperasiyası istehsal prosesində ayrı-ayrı işçilərin, əmək kollektivlərinin və s. əlaqələndirilmiş birgə əmək fəaliyyəti.

Əmanət bankı – əhalinin pul yığımlarını və sərbəst pul ehtiyatlarını özündə cəmləşdirən və həmçinin əhaliyə kredit verən və kredit hesablaşma əməliyyatlarını yerinə yetirən kredit bankıdır.

Əmtəə – mübadilə edilmək, bazarda satılmaq üçün istehsal olunan məhsul. Məhsulun iqtisadi forması.

Əmtəənin dəyəri – əmtəə istehsalçılarının əmtəədə maddiləşmiş ictimai əməyi; ə.d. istehsal xərclər və onun faydalılığı ilə müəyyən olunur (subyektiv yanaşma).

Əmtəə təklifi – müəyyən dövrdə realizə olunmaq üçün bazara çıxarılan əmtəələrin (xidmətlərin) miqdarı.

Əmtəənin istehlak dəyəri – insanın bu və ya digər tələbatını ödəmək qabiliyyəti, onun faydalılığı.

Əmtəəlik məhsul – məlum vaxt müddətində müəssisənin fəaliyyətini xarakterizə edən iqtisadi göstərici. Mövcud keyfiyyət standartlarına və norma sənədlərinə uyğun gələn, satılmaq üçün istehsal edilmiş məhsullar.

Əmtəənin rəqabət qabiliyyəti – bazarda öz keyfiyyəti və qiymətilə eyni adlı digər əmtəələrdən fərqli olan, alıcını özünə cəlb etmək və satıla bilmək qabiliyyəti.

Ənənəvi iqtisadiyyat – uzun bir tarixi dövr ərzində mövcud olub nəsldən-nəslə keçən, adət-ənənələrə və eyni texnologiyaya əsaslanaraq mövcud olan iqtisadiyyat. Burada istehsal və istehlak üsulları ciddi qorunub saxlanılır.

Əsas fondlar (kapital) – istehsal prosesində bütövlükdə iştirak edən, öz dəyərini istehsal olunan məhsulun üzərinə hissə-hissə keçirən, bir neçə istehsal dövründə iştirak edən və özünün natural formasını saxlayan əmək vasitələridir. Əsas fondlara binalar, maşınlar, qurğular və s. daxildir.

Əsas fondların fiziki aşınması (köhnəlməsi) - əmək vasitələrinin maddi köhnəlməsi (dağılması, yeyilməsi): onlardan istifadə prosesində, yaxud onların boş dayanması üzündən, təbiət qüvvələrinin təsiri və ya fövqəladə vəziyyət (yanğın, daşqın və s.) nəticəsində bu vasitələrin öz istehlak dəyərini və ümumiyyətlə dəyərini itrməsi.

Əsas fondların mənəvi aşınması (köhnəlməsi) – hər hansı bir maşın, avadanlıq və qurğunun işləməyə yararlı olduğu halda vaxtından əvvəl istehsaldan çıxarılmasıdır. Bu, iki səbəbdən olur: 1) elmi-texniki tərəqqinin nəticəsində əvvəlkindən daha ucuz qurğu istehsal edildikdə, 2) əvvəlkindən daha məhsuldar, ucuz məhsul istehsalına səbəb olan maşın istehsala tətbiq edildikdə. Məsələn, kompüter əl yazı makinasını prosesdən sıxışdırıb çıxarır.

Əsaslı vəsait qoyuluşu – istehsal və qeyri-istehsal sahələrində əsas fondların təkrar istehsalı üçün nəzərdə tutulan maliyyə vəsaitləri.

Əhalinin pul gəlirləri – əhalinin əldə etdiyi və topladığı pulun ümumi məbləği, əhalinin real gəlirlərinin əsası.

Əhalinin real gəlirləri – əhalinin pul gəlirlərinin yaşayış vasitələrində ifadəsi. Adam başına real istifadə edilən və yığılan maddi nemətlərin və xidmətlərin həcmi əsasında müəyyən olunur.

Əhalinin sosial təminatı – təhsilin, səhiyyənin, sağlamlıq ocaqlarının, idman qurğularının və başqa sahələrin vəziyyəti və səviyyəsini əks etdirən təminat.

Əhalinin sosial müdafiəsi – az təminatlı əhalinin yaşayışının təmin edilməsinə yönəldilmiş dövlət tədbirləri.

Əhalinin orta sıxlığı – ölkə (bölgə, rayon) əhalisinin ümumi sayının onun (ölkənin)ümumi sahəsinə nisbəti.

Əhalinin həyat səviyyəsi – əhalinin hər nəfərinə düşən ərzağın, qeyri-ərzaq məhsullarının, maddi nemətlərin və xidmətin kəmiyyət və keyfiyyətini əks etdirən səviyyə.

Ətraf mühitin mühafizəsi – ölkədə torpağın, yerin təkinin, su ehtiyatlarının, bitki və heyvanlar aləminin mühafizəsi, onlardan elmi cəhətdən əsaslandırılmış tərzdə səmərəli istifadə edilməsi üçün havanın və suyun təmiz saxlanması, təbii sərvətlərin artırılması, insanı əhatə edən mühitin yaxşılaşdırılması üçün lazımi tədbirlər kompleksinin işlənib hazırlanması və həyata keçirilməsi.
- F -
Faiz – borc kapitalının hərəkəti zamanı gətirdiyi gəlir. Bankın verdiyi kreditə görə aldığı haqq. Bankın fiziki və hüquqi şəxslərdən cəlb etdiyi əmanətlərə (depozitlərə) görə ödədiyi haqq. Faizin həcmi kreditin miqdarından, verilmə müddətindən, illik ödəmə normasından (dərəcəsindən) asılıdır.

Faiz norması – illik faiz məbləğinin borc verilən pul kapitala olan nisbəti.

Faiz dərəcəsi – faizin səviyyəsi, onun son həddi, bankın, o cümlədən əmanət bankının müxtəlif növ əməliyyatları üzrə müəyyən edilir. Borc vasitəsinə olan tələb və təklifdən asılı olaraq faiz dərəcəsi vaxtaşırı dəyişə bilər.

Faydalılıq həddinin azalması qanunu – hər hansı bir məhsulun və ya xidmətin istehlakı zamanı hər bir sonuncu nüsxənin faydasının həddi getdikcə azalır. Məsələn, birinci stəkan suyun faydası daha çoxdur, suyun içilməsi davam etdikcə hər sonra içilən stəkan suyun faydası getdikcə azalır və faydasız olur.

Fermer – aqrar sahədə torpaq üzərində müəssisə yaradıb sahibkarlıqla məşğul olan şəxs, sahibkar.

Fermer təsərrüfatları – torpaqdan istifadə əsasında aqrar sahədə fəaliyyət göstərən xüsusi müəssisə forması. Onun iki növü mövcuddur: muzdlu əməyə əsaslanan və şəxsi əməyə əsaslanan fermer təsərrüfatı.

Fərdi istehsal – vahid məmulat (məhsul) nümunəsi, nüsxəsi buraxılışı ilə xarakterizə edilən istehsal növü (tipi). Bu zaman əsasən məhsulun (məmulatın) eksperiment nümunəsi yaradılır. Əgər o, təcrübədən, sınaqdan müvəffəqiyyətlə çıxarsa, onun seriyalı, yaxud kütləvi istehsal edilməsinə başlanır.

Fərdi tələb – ayrıca bir alıcının ala bilmək imkanı, alıcılıq qabiliyyəti.

Fiskal siyasət – dövlət məsrəfləri və vergiləri sahəsində siyasət, iqtisadiyyatın sabitləşdirilməsinə, xüsusən də dövlət bölməsində nizamlayıcı tədbirlərin həyata keçirilməsində yönəldilən iqtisadi siyasət.

Firma – bazar iqtisadiyyatının əsas iqtisadi agenti. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisənin müəyyən təşkilati forması; istehlakçıların tələbini ödəyən əmtəə və xidmətləri istehsal edib bazara çıxaran iqtisadi subyekt.

Firmanın gəlirləri – firmanın əsas istehsal (xidmət) fəaliyyətindən və digər fəaliyyət növlərindən əldə etdiyi gəlirlərin məcmusu.

Firmanın xərcləri – məhsulun (xidmətin) istehsalı və reallaşdırılması ilə əlaqədar çəkdiyi bütün məsrəflərin məcmusu.

Firmanın nişanı – əmtəənin firmaya məxsus olduğu əlamətini göstərən işarə, şəkil və yaxud fərqləndirici rəng.

Fiziki tələbat – tələbatın bir növü; insanın fiziki qabiliyyətinin təkrar istehsalında orqanizmin fizioloji xüsusiyyətləri ilə əlaqədar yaranan tələbat. Bu növ tələbata yeməyə, içməyə, yuxuya, mənzilə, paltara, şəxsi gigiyenaya və s. olan tələbatlar daxildir.

Fiktiv kapital – qiymətli kağızlar şəklində olan kapital; bu, sahibinə dividend və yaxud faiz şəklində müntəzəm gəlir gətirmək hüququ verir.

Filips əyrisi – inflyasiyanın orta səviyyəsi ilə işsizliyin və əmək haqqının səviyyəsi arasında qarşılıqlı əlaqəni əks etdirən əyri.

Fond birjası – qiymətli kağızların alqı-satqısı üzrə təşkil edilmiş və müntəzəm fəaliyyət göstərən bazar; qiymətli kağızların (səhmlərin, istiqrazların və s.) alqı-satqısını həyata keçirən bazar növü.

Fondverimi – firmanın (müəssisənin), sahənin istehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsini səciyyələndirən ümumiləşdirici göstəricidir. Fondverimi əsas göstəricisi istehsal fondların 1 yaxud 1000 manatlıq dəyərinə düşən məhsul istehsalının miqdarıdır.

Fondtutumu – fondveriminə əks olan göstərici, məhsulun bir manatına düşən əsas istehsal fondlarının dəyərini səciyyələndirir.

Fövqəladə vergilər – dövlət büdcəsinə daxil edilən məcburi ödənclər; ölkədə xüsusi vəziyyət yarandıqda müəyyən edilir.

Friksion işsizlik – işsizliyin bir forması; öz qabiliyyətinə uyğun, daha yaxşı iş axtarmaq məqsədilə könüllü işdən çıxan, yeni iş yeri tapana qədər işçinin işsiz qalması.
- G -
Gen mühəndisliyi – molekulyar genetikanın genetik proseslərdə iştirak edə bilən, süni DNT molekulları yaradılması ilə bağlı olan sahəsi.

Geniş təkrar istehsal – artan miqyasda təkrar istehsal prosesi.

Gəlir – müəyyən fəaliyyətin nəticəsində dəyər və natura formasında əldə olunan gəlir (qazanc). Gəlirin əmək haqqı, mənfəət, faiz və renta kimi əsas formaları vardır.

Gəlirin funksional bölgüsü – milli gəlirin istehsal amillərinin sahibləri arasında əmək haqqına, mənfəətə, faiz və rentaya bölünməsi.

Gəlir vergisi – verginin bir növü; vətəndaşların və yaxud hüquqi şəxslərin bütün gəlirlərindən dövlət tərəfindən tutulan vergi.

Gizli iqtisadiyyat – rəsmi qeydiyyatdan keçməyən, vergidən yayınan, statistikada nəzərə alınmayan, gizlində fəaliyyət göstərən iqtisadiyyat.

Gizli sövdələşmə – firmaların istehsalın həcmi, xammal mənbələri, satış bazarları və qiymətlərin səviyyəsi haqqında razılaşma. Bu cür sövdələşmə inhisarçılıqla nəticələnir.

Girov – borc öhdəliyini yerinə yetirəcəyinə təminatvermə növlərindən biri. Girov kimi xammal, material, mülk, torpaq, veksel və s. qoyula bilər.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə