Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə32/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

Bütün bunlardan aydın olur ki, eyni vaxtda həm köhnə sistemdən qalmış formalar, münasibətlər mövcuddur, həm də yeni qurulmaqda olan sosial-iqtisadi sisitemin məzmunu təşkil edən yeni formalar, münasibətlər meydana gəlir, tədricən genişlənib özünə möhkəm yer tutur. Bütün bunlar o deməkdir ki, Azərbaycanın hazırki iqtisadiyyatı keçid dövrünə uyğun olan bir iqtisadiyatıdır. Azərbaycanın keçid dövrü iqtisadiyyatı çoxukladlı bir iqtisadiyyatıdır və əvvəlki paraqrafda adlarını çəkdiyimiz ukladların hamısı Respublikamızda mövcuddur və fəaliyyət göstərir.

Keçid dövrü iqtisadiyyatının çoxukladlı iqtisadiyyat kimi formalaşması keçid dövrünün başlıca qanunauyğunluqlarından biridir. Çoxukladlıq mülkiyyətin müxtəlif formalarda olması və onun çoxnövlülüyü ilə bağlıdır. Keçid dövründə müxtəlif mülkiyyətlərin olmasının özü də obyektivdir və aşağıdakı səbəblərlə bağlıdır:

  1. Sovetlər dövründə mövcud olmuş dövlət, kooperativ və şəxsi mülkiyyət formaları birdən birə aradan çıxmadı, dəyişilmiş formalarda olsada, keçid dövründə də qalmaqda davam edir və müəyyən təsərrüfat formasının əsası kimi mövcudur;

  2. Dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində yeni mülkiyyət formaları – səhmdar mülkiyyət, xüsusi mülkiyyət, kooperativ mülkiyyət və s. Meydana gəlir ki, onların da əsasında yeni təsərrüfat formaları yaranır;

  3. Xarici investorların Respublikaya kapital gətirmələri və yerli sahibkarlarla birgə müəssisələr yaratmaları nəticəsində qarışıq mülkiyyət forması yaranır və onun da əsasında yeni bir təsərrüfat forması meydana gəlib fəaliyyət göstərir.

Bütün bu mülkiyyət formaları və təsərrüfatların daşıyıcıları bazar subyektləri kimi fəaliyyət göstərir. Bununla belə bazar iqtisadiyyatına keçmək üçün onun möhkəm iqtisadi əsası olan xüsusi mülkiyyət formasını qərarlaşdırmaq lazımdır. Bunun əsas yolu isə dövlət mülkiyyətini dövlətsizləşdirmək və özəlləşdirməkdən ibarətdir.

Özəlləşdirmə – dövlət mülkiyyətinin xüsusi mülkiyyətə vermək (çevirmək) prosesidir və buna görə də iqtisadiyyatda xüsusi bölmənin qabaqcıl mövqe tutmasına aparan yoldur. Özəlləşdirmə bütün mülkiyyət formalarının bərabər hüquqlu və toxunulmazlığını təmin etməlidir. Özəlləşdirmədə yerli fiziki və hüquqi şəxslərlə yanaşı başqa ölkələrin sahibkarları, şirkətləri də iştirak ede bilər.

Azərbaycanda özəlləşdirmənin hüquqi bazası yaradılmış, həyata keçirilməsinin dövlət proqramı işlənib və həyata keçirilməkdədir. «Özəlləşdirmə haqqında» qanunla yanaşı, 1995-ci il sentyabrın 29-da «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» qəbul edilmiş və reallaşdırılmağa başlanılmışdır. Dövlət Əmlak Komitəsinin 1999-cu ilin yanvar ayının əvvəlinə olan məlumatına görə Azərbaycanda özəlləşdirmənin həyata keçirilməsi nəticəsində 20620 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. Bunlardan 9434-ü məişət xidməti, 2047 ticarət və ictimai iaşə, 433 yanacaq- doldurma məntəqəsi, 567 çörək ticarəti və çörəkbişirmə obyekti, 595 sənaye, 291 tikinti müəssisəsi və avadanlığı, 5749 nəqliyyat vasitəsi, 87 tikintisi dondurulmuş və tikintisi başa çatdırılmamış obyekt, 107 aptek, 255 icarəyə verilmiş obyekt, 1106 icarəyə verilmiş qeyri-yaşayış öbyekti özəl bölməyə keçmişdir. 1997-ci ilin mart-avqust aylarında hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verilmişdir.

1997-ci ildə 870 orta və iri dövlət müəssisəsinin səhmdar cəmiyyətə çevrilməsi haqqında qərar qəbul edilmişdir. 1999-cu il yanvar ayının əvvəllərinədək 954 səhmdar cəmiyyətin səhmləri pullu hərraca çıxarılmışdır. 1999-cu il yanvar ayının 1-nə olan məlumata görə çek hərracları, pullu həraclar və qapalı abunə yazılışı nəticəsində Respublikada 60721 səhmdar cəmiyyət yaranıb.

1998-ci ilin sonuna olan məlumata görə özəlləşdirmədən 299 mlrd. 980 mln. manata yaxın vəsait daxil olub. Ölkədə özəlləşdirmənin həyata keçiriləməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına şərait yaratmışdır və nəticədə 1997-ci ilin sonuna ümumi daxili məhsulda özəl bölmənin payı 46%-ə o cümlədən, aqrar bölmədə 85%-ə çatmışdır.

Respublikada torpaq islahatının nəticəsində kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaranmışdır ki, bu təsərrüfatlar özəl bölmənin aparıcı sahələrindən biri hesab olunur. Qeyd etmək lazımdır ki, özəlləşdirməni həyata keçirən dövlət özünü heç zaman mülkiyyətindən tamamilə məhrum etməyəcək, bir çox aparıcı sahələr dövlətin əlində qalacaq və iqtisadiyyatın dövlət bölməsini təşkil edəcək, o bazar subyekti kimi fəaliyyət göstərəcəkdir.

Keçid dövrü iqtisadiyyatı müxtəlif təsərrüfat formalarının sıx əlaqədə olduğu qarışıq bir iqtisadiyyat kimi fəaliyyət göstərir. Dövlət təsərrüfatı, xüsusi təsərrüfatlar, kopperativlər, xırda əmtəə təsərrüfatları və s. Bazar əlaqələrinə girməklə bazarın formalaşmasında bərabər hüquqlu subyektlər kimi iştirak edirlər və onların münasibətləri bazar qanunları və dövlətin tənzmlənmə mexanizmilə idarə olunur. Lakin iqtisadiyyatın özü sistem halında hələ formalaşmadığı üçün onun tənzimləmə mexanizmi də lazımi səviyyədə qurulmamışdır.

Beləliklə, keçid dövrü iqtisadiyyatı çoxukladlı olmaqla yanaşı, məhsuldar qüvvələri dağılmış, strukturu pozulmuş, çoxsaylı təsərrüfat formaları arasında bazar əlaqələrinin hələ formalaşmadığı, yetkin olmayan iqtisadi münasibətləri həm köhnə və həm də yeni idarəetmə mexanizminin ünsürlərini özündə birləşdirən mürəkkəb və ziddiyyətli bir iqtisadiyyatdır. Keçid dövrü iqtisadiyyatı ziddiyyətlərlə dolu olan bir iqtisadiyyatdır.

Azərbaycan keçid dövrünü müvəffəqiyyətlə başa vurmaq, bazar iqtisadiyyatı kimi yeni bir iqtisadi sistemə keçmək üçün zəruri şərtlərə, şərait və amillərə malik olmalıdır.

Azad sahibkarlığın mövcud olması üçün iki başlıca şərt olmalıdır:

  1. İstehsal vasitələri və pul sərvəti üzərində xüsusi mülkiyyətin olması;

  2. İstehsal vasitələrindən məhrum edilmiş və muzdla işləməyə razı olan çoxsaylı adamların olması. «İlkin kapital yığımı» adını almış, bu amillərdən ikincisi yəni, çoxsaylı işçi qüvvəsi respublikada vardır. İstehsal vasitələri və pul kapitalının ayrı-ayrı əllərdə toplanaraq ilkin yığım rolunda çıxış etməsi keçid dövrünün çətin problemlərindən biridir. Azərbaycanda iş adamları, mülkiyyət sahələri qanuni və qeyri-qanuni yollardan istifadə etməklə ilkin kapital əldə edə bilmişlər.

Qanuni yollar – səhmdar cəmiyyətləri yaratmaq, daxili və xarici ticarət vasitəsilə, birca əməliyyatları və valyuta alverçiliyi, sığorta və xeyriyyə cəmiyyətlərinə pul cəlb etmək, dövlətin istiqraz sistemi, dövlətin vergi sistemi, dövlətin kreditləri, xarici borclar və s. Qeyri-qanuni yollar – geniş yayılmış rüşvət, xeyriyyəçilk adı ilə pul toplayıb onu mənimsəmək (Vahidbank və b.), qaçaqmalçılıq və qarətçilik yolları ilə, qanunla icazə verilməyən biznes fəaliyyəti ilə, müharibədən istifadə edib, işğal olunmuş əraziləri qarət etmək, ictimai mülkiyyətin oğurlanması və müxtəlif yollarla mənimsənilməsi, keçmiş Sovet dövründə qeyri-qanuni yollarla yığılmış sərvət və s.

Bazar münasibətlərinə keçməyin real olduğunu görən ayrı-ayrı şəxslər, bəzi qruplar, vəzifəli şəxslər pul əldə etməyin bütün üsul və vasitələrindən istifadə etməyə çalışırlar. Təki pul olsun! Ancaq təkcə pulun olması bazar qaydalarına keçmək üçün kifayət deyildir. Bunun üçün istehsal vasitələri də adamların əlində toplanmalıdır. Bu proses tarixən məlum olan bir çox üsul və vasitələrlə həyata keçirilmişdir. Azərbaycanda bu proses aşağıdakı üsullardan istifadə olunmaqla həyata keçirilmişdir:

  • Dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə;

  • Mülkiyyətin bir hissəsinin satılması yolu ilə;

  • Xüsusi xidməti olan şəxslərə dövlət bəxşişi formasında;

  • Səhmlərin satılması, səhmdar cəmiyyətlərin yaradılması vasitəsilə;

  • Əmlakın uzunmüddətli icarəyə verilməsi ilə;

  • Mülkiyyət paylarının satılması yolu ilə;

  • Rəqabət yolu ilə və s.

Qeyri-qanuni yollarla da istehsal vasitələri və pul sərvətini ayrı-ayrı əllərdə toplanması Azərbaycan əhalisiin əksər çoxluğunun bu vasitələrdən məhrum olmasına səbəb olur, təbəqələşmə güclənir. Hər iki qrup amillərin mövcudluğu bazar iqtisadiyyatı sisteminə keçməsinə, sahibkarlığın inkişafı üçün şəraitin yaradılmasına xidmət edir.

Sahibkarlığın inkişafı – bazar iqtisadiyatının zəruri tələbidir və bunun üçün lazımi şərait lazımdır. Belə bir şərait keçid dövrü ərzində, Azərbaycan dövlətinin bilavasitə köməkliyi sayəsində yarana bilər. Sahibkarlığa yol açmaq özəl bölmənin inkişafına şərait yaratmaq deməkdir. Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən asılı olmayaraq «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan respublikasının qanunu və digər qanunvericilik aktlarla tənzimlənir. Fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və xarici hüquqi şəxslər respublikamızda sahibkarlıqla məşğul ola bilər.

Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün təkcə hüquqi bazanın olması kifayət deyildir, bunun üçün makroiqtisadi sabitlik, xarici iqtisadi əlaqələrin liberallaşdırılması, dövlətin fəal yardımı lazımdır. Keçid dövründə sahibkarlıq fəaliyyətini təşkil etmək üçün vacib olan dövlət strukturları yaradılmışdır. Bunlardan Dövlət Antiinhisar siyasəti və sahibkarlığa kömək komitəsini, Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta sahibkarlığın inkişafı agentliyi, Xarici İnvestisiya Mərkəzi və b. göstərmək olar. Bu qurumların bəzilərinin müstəqil fəaliyyəti ləğv edilsə də, onlar xeyli iş görə bilmişlər. Sahibkarların sayının artması və xüsusi bölmənin genişlənməsi ilə onun öz qurumları, idarəetmə strukturları da yaranıb genişlənir. Belə bir şəraitdə iqtisadiyyatın dövlət bölməsi ilə özəl bölməsi arasında sağlam rəqabət üçün şərait yaradılmalıdır. Sahibkarlığın fəaliyyət strukturunun düzgün formalaşdırılması da mühüm vəzifələrdən biridir.

Sahibkarlıq fəaliyyəti üçün digər şərtlərlə yanaşı bazar da lazımdır, həm də ilk növbədə daxili bazar. İstehsal vasitələrinin və iş qüvəsinin bazarı ilə yanaşı istehlak şeylərinin bazarı, kapital bazarı və qiymətli kağızlar bazarı da olmalıdır. Onlardan biri çatışmasa sahibkarlararası bazar münasibətləri tam formalaşmaz.

Bazar hamının - dövlətin də, xüsusi sahibkarların da, xırda əmtəə istehsalçılarının da malını «xırıd» etməyə qadir olan iqtisad «dəyirman»dır və onun yaradılmasında hamı iştirak etməlidir. Əslində mülkiyyət sahibləri istehsalçı, sahibkarlar kimi bir-biri üçün bazar rolu oynayırlar və buna görə daxili bazarı birgə formalaşdırmalıdırlar. Hər bir sahibkar özü bazar ola biləcək sahələrin inkişafına kömək etməli, öz kapitallarını dünya təcrübəsində mövcud olan formalarda birləşdirməlidirlər. Və öz kapitallarını daxili bazarın yaranmasına xidmət göstərən sahələrin inkişafına yönəltməlidirlər.

Keçid dövründə milli istehsal bazasında yaranıb, yenicə ayaq tutan sahibkarlığın dayağı, arxası olan milli bazar xarici müdaxilədən qorunmalı, dövlət tərəfindən himayə olunmalıdır. Hər hansı bir məhsulun milli miqyasda istehsalı olmadıqda, ya zəif olduqda, daxili bazarın tələbini ödəmədikdə xaricdə istehsal olunan əmtəələr daxili bazara yol tapır, ayrı-ayrı əmtəələrin ticarətində inhisar yaranır, bazarın milli istehsalla əlaqəsi zəifləyir. Milli pul vahidi xarici əmtəə satıcılarının əlində toplanır. Xarici valyutaya dəyişdirilir və onun köməkliyi ilə xarici əmtəələr yenidən daxili bazara gətirilir. Nəticədə daxili bazar xarici istehsalçılara xidmət edir ki, bu da milli sahibkarlığın inkşafına mane olur. Respublikada yaranan belə bir vəziyyət nəzərə alınmalı və milli sahibkarlığın inkşafına şərait yaradılmalıdır.

Əhalinin geniş təbəqəsini sahibkarlığa cəlb etməyin əsas yolu özəlləşdirmədir. O, kiçik və orta sahibkarlığın formalaşmasının maddi əsasının yaranmasına bilavasitə xidmət edir. Sahibkarlığın kiçik və orta təbəqəsinin meydana gəlməsi bazar münasibətlərinə keçilməsi prosesini sürətləndirir və onun əsas dayağı olur. Keçid dövrü iqtisadiyyatının formalaşması dövlətin iştirakı olmadan qeyri-mümkündür.

Azərbaycan dövlətinin iqtisadi rolu. Bu rol onun keçid dövrü şəraitində həyata keçirdiyi funksiyaların miqyası ilə müəyyən olunur. Keçid dövrü şətaitində Azərbaycan dövləti ikili rol oynamağa və iki əsas istiqamətdə fəaliyyət göstərməyə məcburdur. Bir tərəfdən, o, köhnə iqtisadi sistemin dağılması prosesinin az ziyanla başa çatması naminə onu öz nəzarəti altına almalıdır. Digər tərəfdən isə milli mənafelərmizə cavab verən yeni iqtisadi sistemin yaradılması prosesində fəal iştirak etməlidir. Buna görə də Azərbaycan dövləti yerinə yetirəcəyi vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirməlidir:

1. Köhnə iqtisadi sistemin dağıdılması, ləğv edilməsi ilə bağlı funksiyalar;

2. Keçid dövrü iqtisadiyyatının formalaşdırılması ilə bağlı funksiyalar;

3. Yeni iqtisadi sistemin formalaşdırılması ilə bağlı funksiyalar;

4. Respublikanın iqtisadi müstəqilliyinin təmin edilməsi ilə bağlı funksiyalar.

Bu funksiyalardan 1-ci və 2-ci funksiyalar keçid dövrü çərçivəsi ilə bağlıdır və keçici xarakter daşıyır. Digər iqtisadi funksiyalar sonrakı dövrdə də qalacaq və yeni şəraitə uyğun olan yeni funksiyalar da meydana çıxacaqdır. Respublikamız malik olduğu potensialı öz xalqının mənafelərinə uyğun istifadə edə bilmək üçün lazım olan təsərrüfat forması, iqtisadiyyat və idarəetmə mexanizmi yaratmalıdır. Bu elə bir iqtisadiyyat olmalıdır ki, öz daxili qanunauyğunluqları ilə inkşaf edə bilsin, fasiləsiz təkrar olunsun, xalqın tələbatını dolğun ödəməklə yanaşı milli inkşafı təmin etməyə qadir olsun. Belə bir iqtisadiyyat tənzim olunan, sosial-bazar iqtisadiyyatı ola bilər. İqtisadiyyatın bu istiqamətdə formalaşmasında dövlət, onun orqanları yaxından iştirak etməli, güclü islahatlar keçirilməlidir.

İslahatlar keçirmək keçid dövrü dövlətinin əsas funksiyalarından biridir. İslahatlar keçirməklə dövlət özünün mülkiyyət üzərindəki inhisarını ləğv edir.Və bununla da müxtəlif mülkiyyət formalarının, əsasın da müxtəlif təsərrüfat formalarının və xüsusi sahibkarlığın meydana gəlib fəaliyyət göstərməsinə bilavasitə kömək etmiş olur. Dövlətin islahat tədbirləri maliyyə-kedit, pul tədavülü, bank, büdcə, vergi, sığorta və gömrük kimi sahələri də əhatə edir. Torpaq islahatı keçirməklə dövlət aqrar bölməni bazara istiqamətləndirmiş, fermer təsərrüfatlarının meydana gəlməsinə şərait yaratmışdır. İslahatlar iqtisadiyyatın dövlət bölməsinin bazar istiqamətində formalaşmasını təmin etməlidir.

Sosial sahədə islahatlar keçirməklə, dövlət əhalisinin sosial müdafiəsi sistemini bazarın tələblərinə uyğun şəkildə formalaşdırmalıdır. Bu zaman əhalinin məşğulluğunun təmin edilməsi birinci dərəcəli vəzifə kimi ön planda durmalıdır.

Keçid dövrü iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi onun mühüm funksiyasıdır. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi haqqında XV mövzuda ətraflı danışılmışdır. Burada qısa şəkildə onu qeyd etmək lazımdır ki, Azərbaycanın keçid vəziyyətdə olan iqtisadiyyatını bazarın kortəbii qüvvələrinin ixtiyarına buraxmaq olmaz. Əvvəla, bazar iqtisadiyyatı hələ formalaşmayıb və formalaşması üçün dövlət bu prosesə özünün maliyyə-kredit, vergi, büdcə, qiymət, antiinhisar və s. siyasəti ilə təsir göstərməlidir. Digər tərəfdən isə dövlət özünün struktur və investisiya siyasəti, elmi-texniki siyasəti, aqrar siyasəti və xarici iqtisadi siyasəti vasitəsilə milli iqtisadiyyatın bazar strukturunun formalaşması və milli bazarın yaranmasına bilavasitə kömək etməlidir.

Azərbaycanın iqtisadiyyatının keçid vəziyyətində olması, kapital çatışmamazlığı dövləti xarici dövlətlərə, şirkətlərə, beynəlxalq maliyyə təşkilatlarına üz tutmağa, onlardan yardım almağa, borc götürməyə və xarici ticarəti liberallaşdırmağa vadar edir. Belə şəraitdə iqtisadi asılılıq təhlükəsi yaranır ki, buradan da dövlətin milli iqtisadiyyatı, daxili bazarı xarici təcavüzdən, təxribatdan qorumaqla bağlı funksiyası meydana çıxır. Dövlət xarijc müştəriləri qorxutmamaq şərti ilə elə siyasət yeritməlidir ki, həm xarici kapitalın, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə olunsun, həm də yerli sahibkarların fəaliyyəti üçün əlverişli şərait yaradılsın, onlara stimul olsun. Bunun üçün dövlət güzəştli kreditdən, vergidən azad etmək yaxud güzəşt vermək, təşkilati və hüquqi vasitələrdən istifadə edir.

Dövlət cəmiyyət miqyasında sabitliyin təminatçısı olduğuna görə özünün sabitləşdiricilik funksiyasını həyata keçirir. Azərbaycan dövləti özünün bu funksiyası ilə büdcənin kəsirini azaltmağa, pul tədavülünü qaydaya salmağa, qiymətləri tələb-təklif əsasında formalaşdırmağa, inflyasiyanın tempini azaltmağa və əhalinin məşğulluğuna nail olmağa çalışır. Bu istiqamətlərin hər birinə aid olan dövlət tədbirləri həyata keçirilir. Bununla belə bazar iqtisadiyyatı formalaşdıqca dövlət özünün bir çox tənzimləyici tədbirlərindən əl çəkməklə özəl bölmənin sərbəst fəaliyyətinə şərait yaratmalıdır, yəni iqtisadi proseslərə dövlətin birbaşa müdaxiləsi azalmalıdır.

Özünün funksiyalarını həyata keçirərkən dövlət müəyyən qanunlara, qanunvericilik aktlarına əsaslanmalıdır, ancaq köhnə sistemin qanunları yeni şəraitdə yaramır və buna görə də keçid dövrü dövləti qanunvericilik funksiyası da yerinə yetirməlidir. Dövlət özünün qanunvericilik funksiyası vasitəsilə cəmiyyətin normal fəaliyyətini təmin edə bilən qanunların özünü və onların reallaşdırılması mexanizmini hazırlayır. Dövlət qanunlar vasitəsilə bazarda «oyun qaydalarını» müəyyən edir, istehsalçı və istehlakçıların hüquqlarını müəyyən edir. Azərbaycanın Milli Məclisi bazar iqtisadiyyatına şərait yaradan bir çox qanunlar qəbul etmişdir. Bununla yanaşı Azərbaycan Prezidentinin iqtisadi məsələlərə dair bir çox fərmanları, NK-nin sərəncam və qərarları keçid dövrü münasibətlərinin tənzimlənməsində hüquqi əsas rolunu onayır. Dövlət öz funksiyasını ardıcıl yerinə yetirməlidir ki, keçid dövrü iqtisadiyatının yaranması və inkşaf etməsində və habelə milli iqtisadiyyatımızın formalaşmasında özünə xas rolunu oynaya bilsin.

XIX Fəsil.

MÜSTƏQİL MİLLİ İQTİSADİYYAT VƏ MİLLİ BAZAR:

MƏZMUNU VƏ FORMALAŞDIRILMASI
1. Milli iqtisadiyyat: məzmunu və xarakterik cəhətləri

2. Müstəqil milli iqtisadiyyatın formalaşdırılmasının əsas

şərtləri və istiqamətləri

3. Milli bazar və milli valyuta

4. Müstəqil milli iqtisadiyyatın formalaşması və sabit

inkişafının təmin edilməsində dövlətin rolu
§1 Milli iqtisadiyyatın məzmunu və xarakterik cəhətləri
Bu mövzunun öyrənilməsi dövlət suverenliyi əldə etmiş və özünün keçid dövrünü yaşayan Azərbaycan xalqının müstəqil iqtisadiyyatını yaratmaq arzusu, istəyi ilə bağlıdır. Hər bir xalq içərisində yaşayıb işlədiyi milli iqtisadiyyatın məzmununu, mahiyyətini, xarakterik cəhətlərini, inkşafının qanunauyğunluqlarını dərindən bilməlidir ki, onun formalaşması prosesində fəal iştirak edə bilsin. Bunun üçün ilk növbədə milli iqtisadiyyat haqqında aydın təsəvvürə malik olmaq lazımdır.

Milli iqtisadiyyat müəyyən bir xalqa, millətə məxsus olub onun mənafelərini ifadə edən, hüdudları dövlət sərhədləri ilə məhdudlaşan, özünün maddi-texniki əsası, münasibətlər sistemi, təsərrüfat mexanizmi və idarəetmə strukturları olan sosial-iqtisadi orqanizmdir. Lakin o, öz mahiyyətinə görə sırf milli ola bilməz və başqa ölkələrdə artıq mövcud olan iqtisadi sistemlərdən birinin modelinə uyğun olmaqla yanaşı, özünün spesifikliyi və milli dəyərləri ilə fərqlənir.

Ayrı-ayrı ölkələrin milli iqtisadiyyat modelləri bir-biri ilə eyni olmur və onların meydana gəldikləri tarixi şərait, inkşaf səviyyələri, strukturları, qanunauyğunluqları, xarakterləri fərqli olur. Ancaq bütün bunları nəzərə almaqla, hər bir ölkənin, yaxud ölkələr qrupunun iqtisadi inkşaf modelini müəyyən etmək mümkün olur. Bunu bilmək vacibdir ki, milli iqtisadiyyat bazar təbiətli də ola bilər, qeyri-bazar təbiətli də. Milli iqtisadiyyatların tipi müxtəlif olur və öz xarakterlərinə görə aşağıdakı kimi fərqləndirilir:

1. Müstəqil milli iqtisadiyyat;

2. Yarıasılı milli iqtisadiyyat;

3. Tam asılı milli iqtisadiyyat;

4. Müstəmləkə və yarımmüstəmləkə xarpakterli iqtisadiyyat;

5.Nisbi müstəqilliyi olub hakim iqtisadi sistemdə fəaliyyət göstərən milli iqtisadiyyat.

Çox qısa şəkildə onların məzmununu belə şərh etmək olar:

Müstəqil milli iqtisadiyyat - tam suveren dövləti və azad iqtisaliyyatı olan ölkəyə məxsusdur və bütövlükdə öz xalqının mənafelərini ifadə edir.

Yarıasılı milli iqtisadiyyat - yarım müstəmləkə xarakterlidir və iqtisadi cəhətdən asılı olan ölkəyə məxsusdur və qismən öz xalqının mənafeyini ifadə edə bilir.

Tam asılı milli iqtisadiyyat - müstəmləkə xarakterlidir və həm dövlət müstəqilliyi həm də iqtisadi müstəqilliyi olmayan ölkələrə məxsusdur və demək olar ki, öz xalqına çox cüzi xidmət edir.

Müstəmləkə və yarımmüstəmləkə xarakterli iqtisadiyyatlar - müəyyən cəhətlərinə görə fərqlənsələr də, onların hər ikisi də asılılığında olduqları dövlətin mənafelərinə uyğun formalaşdırılır, kənardan idarə olunur və bu zaman, demək olar ki, milli mənafelər nəzərə alınmır.

Nisbi müstəqilliyi olub hakim iqtisadi sistemdə fəaliyyət göstərən iqtisadiyyat - siyasi və iqtisadi cəhətdən formal müstəqilliyi olub iqtisadiyyatı ittifaq (federasiya) əmək bölgüsü sisteminə bağlı olan ölkəyə məxsusdur. Buna misal olaraq keçmiş Sovetlər Birliyinə daxil olan müttəfiq respublikaların iqtisadiyyatını və federasiya subyektlərinin iqtisadiyyatını göstərmək olar (məs: Tatarıstanın iqtisadiyyatı). Bu qəbildən olan iqtisadiyyatı asılı iqtisadiyyat kimi səjiyyələndirmək olar. Keçmiş İttifaqın tərkibində olmuş Azərbaycanın o dövrdəki iqtisadiyyatını da asılı iqtisadiyyat kimi səciyyələndirmək lazımdır.

Asılı vəziyyətdə olan ölkələrin iqtisadiyyatları hakim iqtisadi sistemin tərkibində fəaliyyət göstərdiklərinə görə onların milli iqtisadiyyat statusu formal xarakter daşıyır, içərisində olduğu iqtisadi sistemin abhavasına uyğun qurulub fəaliyyət göstərir.

Milli iqtisadiyyat birdən-birə meydana gəlmir. O, öz zəmini üzərində, milli ərazilərdə, təbii-coğrafi şəraitdə, tarixi ənənələrə, milli-mənəvi dəyərlərə əsaslanmaqla əsrlər ərzində meydana gəlir, inkşaf edir, zəruri olan pillələri keçir və tədriclə formalaşaraq müstəqil yaşamaq qabiliyyəti əldə edir. Buna görə də o, müstəqil milli iqtisadiyyat adlandırılır. Bundan sonrakı şərhimizdə əsas diqqəti müstəqil milli iqtisadiyyatla bağlı problemlərin izahına yönəltməyi lazım bildik. Bu Respublikamızın müstəqil milli iqtisadiyyatının formalaşması problemləri ilə bağlıdır.

Müstəqil iqtisadiyyatı olmaq hər bir xalqın arzusudur və «müstəqil milli iqtisadiyyat» anlayışı da asılılıqdan xilas olub müstəqil yaşamaq istəyinin ifadəsi kimi meydana gəlmişdir. Ancaq müstəqil milli iqtisadiyyatın formalaşdırılması müəyyən şərtlər daxilində mümkün ola blər. Bunun ən başlıca və ilkin şərti dövlət müstəqilliyinin olmasıdır. Lakin, bu o zaman müsbət amil kimi çıxış edir ki, suveren dövlət həm daxili və həm də xarici sahədə müstəqil iqtisadi siyasət yeridə bilsin. Bununla belə, dövlət öz suverenliyini o zaman qoruyub saxlaya bilər ki, onun müstəqil iqtisadiyyatı olsun. Yalnız müstəqil milli iqtisadiyyat suveren dövlətin iqtisadi bazisi ola bilər. Elə buna görədir ki, müstəqil milli iqtisadiyyatın formalaşdırılması strateci vəzifə kimi ön plana çəkilir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə