Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə33/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

Milli iqtisadiyyatın ən başlıca mövcudluq şərti onun müstəqil olmasıdır. İqtisadiyyatın müstəqil olması isə o zaman mümkündür ki, onun: 1) özünün yetkin milli bazarı və bu bazarın tələblərinə cavab verən strukturu qərarlaşsın; 2) öz dayaqları üzərində inkişa edə bilsin və özünün təkrar istehsal etmək qabilyyətinə malik olsun; 3) müstəqil, möhkəm valyutası, maliyyə-kredit, bank sistemi fəaliyyət göstərsin; 4) formalaşmış infrastrukturları olsun; 5) sahmanlı, çevik təsərrüfat mexanizmi və dövlət idarəçilik ənənələri olsun.

Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial isiqamətli, ölkənin iş qabiliyyətli əhalisini işlə təmin etmək imkanında olmalıdır.

Müstəqil milli iqtisadiyyat ümumdünya təsərrüfatının nisbi müstəqil tərkib hissəsi olub beynəlxalq əmək bölgüsü sitemində fəaliyyət göstərir, əsasən öz potensialına arxalansa da beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə edir, özünün formalaşmış daxili bazarı ilə yanaşı xarici bazara çıxmaq imkanına malik olur və buna görə də onun hərtərəfli xarici iqtisadi əlaqələr sistemi olmalıdır.

Müstəqil milli iqtisadiyyat azad iqtisadiyyatdır, o başqasının himayəsindən, ələ baxımlıqdan qurtarıb öz imkanları hesabına yaşamağa qadir olur və buna görə də dövlətin, milləttin və hər bir fərdin iqtisadi cəhətdən azad yaşaya bilməsi üçün maddi imkanlar yaradır. Deməli, müstəqil milli iqtisadiyyat iqtisadi cəhətdən güclü olur. Yəni mövcud təbii, iqtisadi, intelektual potensialı hərəkətə gətirib ölkənin öz-özünü təmin etmək və idarə olunmaq qabiliyyətinə malik olur. Müstəqil milli iqtisadiyyat azad yaşamaq qabiliyyətinə malik olduğuna görə ölkənin iqtisadi azadlığını da təmin edir. Və iqtisadiyyat demokratizm prinsipləri əsasında inkişaf edir. Bazar təbiətli müstəqil milli iqtisadiyyatın fəaliyyəti kənar qüvvələrin təsiri ilə məhdudlaşdırılmır (burada iqtisadiyyata dövlətin müdaxiləsi nəzərdə tutulmur). Burada mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, azad rəqabət və sərbəst qiymətlər mövcuddur. Bu cür azadlıq mütləq mənada başa düşülməməlidir.

Müstəqil milli iqtisadiyyat özü-özünü təkrar istehsal etmək qabiliyyətində olur, istehsal-bölgü-mübadilə-istehlak xətti üzrə bütün proses sona qədər davam edir və bütün aparıcı sahələr üzrə son məhsul istehsalı təmin edilmiş olur. Təkrar istehsalın dolğun və hərtərəfli həyata keçrilməsi müstəqil təsərrüfat, siyasi və mədəni inkişafın bir tam kimi götürülməsinin nəticəsində mümkün olur və iqtisadi sistemin özünün bütövlüyü təmin edilir.

Müstəqil milli iqtisadiyyat inkişaf etmiş məhsuldar qüvvələrə, maddi-texniki əsasa, formalaşmış əmək bölgüsü sisteminə malik olur və onun strukturu müstəqil mövcud olmağın şərtlərinə uyğun olur. Buna görə də əmək bölgüsünün həlqələri arasında səmərəli istehsal əlaqələri formalaşır, inteqrasiya prosesi güclənir ki, nəticədə milli iqtisadiyyatın tamlığı təmin olunur. Bu cəhətdən müstəqil ölkənin məhsuldar qüvvələrinin tamlığı, istehsal amillərinin və hər bir müəssisənin (firmanın) ölkə iqtisadiyyatına inteqrasiya olunma dərəcəsi və milli mənafelərin reallaşmasında oynadığı rolları mənasında mühüm əhəmiyyət kəsb edir.

Müstəqil milli iqtisadiyyat çərçivəsində mövcud olan mənbələr və dövlət tənzimi hesabına istehsalın ehtiyacları üçün tələb olunan zəruri resurslar və işçi qüvvəsi təminatı mexanizmi sabit olur ki, bu da dinamik inkişafı üçün şərait yaradır.

Milli iqtisadiyyat milli mənafelərin daşıyıcısıdır və ancaq öz tamlığında bu statusa malik ola, öz funksiyasını yerinə yetirə bilər. Bu o zaman mümkün olur ki, milli iqtisadiyyat müstəqil və daxili bütövlüyə malik olur. Bu o deməkdir ki, müstəqil milli iqtisadiyyat tam formalaşmış milli iqtisadiyyatdır. Müstəqil milli iqtisadiyyat özünə xas olan sosial-iqtisadi münasibətlər sisteminə malikdir.

Ancaq bu münasibətlər sisiteminin məzmunu və xarakteri, onun hansı mülkiyyət və təsərrüfat formaları əsasında fomalaşmasından asılıdır. Buna görə də bütün müstəqil milli iqtisadiyyatlar eyni xarekterli olmurlar, onlar bazar təbiətli də ola bilərlər, qeyri-bazar təbiətli də. Məsələn, Çin Respublikasının müstəqil milli iqtisdiyyatı bazar təbiətli deyildir. Müstəqil milli iqtisadiyyatlı ölkələrdə hakim mülkiyyət formasından asılı olaraq istehsal, bölgü, mübadilə, istehlak münasibətləri qərarlaşır və təsərrüfat mexanizmi fəaliyyət göstərir, sahmanlı idarəetmə sistemi olur.

Müstəqil milli iqtisadiyyatın göstəricilər sistemi vardır ki, onların vasitəsi ilə hər bir ölkənin inkişaf səviyyəssi, iqtisadi qüdrəti və nəyə qadir olduğunu müəyyən etmək mümkün olur. Bu göstərijilər sisteminə ümumi milli məhsul (ÜMM), ümumi daxili məhsul (ÜDM), xalis milli məhsul (XMM), və milli gəlir (MG) daxildir.bu göstəricilərin hər birinin öz məzmunu, mənası vardır, ancaq bir-birilə qarşılıqlı surətdə bağlıdırlar. (Bu göstəricilər haqqında 11 mövzuya bax)

§ 2. Müstəqil milli iqtisadiyyatın formalaşmasının

əsas şərtləri və istiqamətləri

Yuxarıda göstərdiyimiz kimi öz təbii yolu ilə yaranıb inkişaf edən ölkələrdə milli iqtisadiyyatlar əsrlər ərzində tədriclə formalaşır. Ancaq uzun tarixi bir dövr ərzində başqa dövlətlərin asılılığında olub özünün müstəqilliyinə nail olan ölkələrdə isə milli iqtisadiyyatlar, özlərinə məxsus xüsusiyyətləri ilə, müəyyən amillərin təsiri altında, spesifik bir şəraitdə formalaşırlar.

Müstəqil milli iqtisadiyyat milli dövlətçiliyin, formalaşmış milli şüurun, milli bazarın və real iqtisadi azadlığın olduğu bir şəraitdə formalaşa bilər. Bunun üçün həlledici şərt dövlətin, millətin (xalqın) siyasi və iqtisadi suverenliyinin olmasıdır. Lakin siyasi müstəqilliyin əldə olunması olsa-olsa müstəqil milli iqtisadiyyatın formalaşdırılması üçün imkan yaradır. Ancaq belə imkandan birdən birə istifadə etmək qeyri-mümkündür. Asılı olan ölkə siyasi müstəqillik əldə edən kimi özünə məxsus arzu etdiyi xüsusi bir iqtisadi sistemə daxil olmur və buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılması, yerinə yetirilməsi zəruri olan, strateji məqsəd, vəzifə kimi qarşıya qoyulur.

Strateji bir vəzifə kimi müstəqil milli iqtisadiyyatın formalaşdırılması üçün müəyyən tarixi bir dövr lazımdır. Belə bir dövr «keçid dövrü» adlanır və müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi keçid dövrü çərçivəsində başlayır və başa çatır. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılması üçün xüsusi keçid dövrünün olması obyektiv zərurətdir, başlıca şərtdir.

Müstəqil milli iqtisadiyatı formalaşdırmağın mühüm şərtlərindən biri ilk andan milli istiqamətin əsas kimi götürülməsidir və bu əsas rəhbər tutulmaqla iqtisadiyyat yeni prinsiplərə əsaslanmaqla elə formalaşdırılmalıdır ki, müstəqilliyi təmin olunsun. Mühüm olan şərtlərdən biri də milli iqtisadiyyatın hansı sosial-iqtisadi münasibətlər əsasında formalaşdırılacağının əvvəlcədən müəyyən edilməsidir. Əgər milli iqtisadiyyatı bazar münasibətləri, bazar iqtisadiyyatı əsasları üzərində qurmaq nəzərdə tutulmuşsa, onda müstəqil milli iqtisadiyyatın formalaşması prosesini hələ yetkin olmayan bazarın kortəbii fəaliyyət göstərən mexanizminin öhdəsinə buraxmaq olmaz. Burada dövlətin güclü tənzimləyici mexanizmi işə salınmalıdır və bu çox mühüm əhəmiyyəti olan şərtlərdən biridir. Müstəqil milli iqtisadiyyatın formalaşdırılması ümumxalq işi olmalı, bütün təbəqələr bu prosesdə öz imkanları çərçivəsində iştirak etməlidirlər. Bunun üçün də siyasi sabitlik, milli birlik, milli həmrəylik və sülh lazımdır.

Göstərilən bu və ya digər şərtlər daxilində müstəqil milli iqtisadiyyatı formalaşdırmağın əsas istiqamətlərini müəyyən edib həmin istiqamətlərdə konkret addımlar atmaq olar.

Azərbaycanın mustəqil milli iqtisadiyyatının real modelinin necə olacağı haqqında qəti fikir soyləmək cətindir. Ancaq Azərbaycanın kecid dovru iqtisadiyyatının təhlili gostərir ki, xalis bazar iqtisadiyyatı modeli və onun istənilən variantı milli iqtisadiyyatımız ucun uyğun gəlmir. Muasir iqtisadi sistemlər yalnız bazarın oz mexanizmi ilə avtomatik idarə oluna bilməz və dovlət tənzimi mexanizmindən istifadə edilir. Milli iqtisadiyyatın tənzimləyici mexanizmi onun ozunun xarakterindən, strukturundan asılı olaraq formalaşır. Əgər iqtisadiyyat bazar təbiətlidirsə onda bazar mexanizmi, dovlət tənzimi mexanizmi və inhisar mexanizmi fəaliyyət gostərəcək. Ancaq ola bilər ki, plan da daxil olmaqla murəkkəb strukturlu idarətmə mexanizmi formalaşsın. Müasir iqtisadi sistemlərdə xalis bazar mexanizmi deyil, murəkkəb strukturlu tənzimləyici mexanizm fəaliyyət gostərir. Kecid dövru şəraitində muxtəlif mexanizmləri əlaqələndirməklə tənzim etmək və Azərbaycan iqtisadiyyatını əsas məqsədə doğru istiqamətləndirmək lazımdır. Əsas məqsəd isə mustəqil milli iqtisadiyyatı formalaşdırmaqdır.

Azərbaycan ücün elə bir inkişaf modeli secilməlidir ki, onun fəallaşdırılması nəticəsində mustəqil milli iqtisadiyyatın formalaşdırılması, iqtisadiyyatın təhlukəsiz və effektli fəaliyyət göstərməsi, gəlirlərin ədalətli bölgüsü, bütövlükdə cəmiyyətin və onun hər bir üzvünün tələbatının daha dolğun oöıənilməsini təmin etmək mümkün olsun. Bu elə bir model olmalıdır ki, xarici iqtisadi əlaqələrdən, inteqrasiya proseslərindən maksimum bəhrələnmək mümkün olsun. Azərbaycan ücün məqbul sayılan belə bir model «Tənzim olunan, sosial istiqamətli bazar iqtisadiyyatı modeli» ola bilər. Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması prosesi bu modelin tələblərinin reallaşdırılması istiqamətində getməlidir.

Müstəqil milli iqtisadiyyatin formalaşdırılması istiqamətində atılan ilk addım köhnə iqtisadi sistemin dağıdılması və yeni iqtisadi sistemin formalaşdırılmasına təminat verən hüquqi bazasının yaradılmasıdır. Resublikamızda bu istiqamətdə lazımınca işlər görülmüş, coxsaylı qanunlar, qanunverici aktlar, normativ sənədlər qəbul edilmişdir. Lakin onların bir coxunun işlək mexanizmi yoxdur və belə bir mexanizmin yaradılması təxirəsalınmaz vəzifə olaraq qarşıda durur.

Hər bir iqtisadi sistemin o cümlədən, milli iqtisadiyyatın formalaşdırılmasının əsas şərtlərindən biri onun mülkiyyət bazasının yaradılmasıdır. Bunun üçün mülkiyyət üzərində dövlət inhisarının ləğv edilməsi yolu ilə mülkiyyət coxnövlüyünə nail omaq lazımdır. Bu sahədə lazımı işlər görmək müstəqil milli iqtisadiyyatın formalaşdırılması istiqamətində atılan əsas addımlardan biridir. Bu proses mülkiyyətin dövlətsizləşdirilib özəlləşdirilməsi yolu ilə aparılır (bu haqda əvvəlki fəsillərdə ətraflı danışılmışdır). Ancaq onu bilmək lazımdır ki, dövləti mülkiyyətdən məhrum etmək özlüyündə məqsəd deyildir, başlıcası budur ki, dövlətin əlindən alınmış mülkiyyət kimin əlinə kecir. Əgər özəlləşdirmə zamanı əsas sahələr xarici sahibkarların mülkiyyətinə kecirsə, bu hec zaman milli mənafelərimizi ifadə edə bilməz. Digər tərəfdən də müstəqil milli iqtisadiyyatı formalaşdıran bir dövləti mülkiyyətdən tamamilə məhrum etmək olmaz. Əvvəla, bu onunla izah olunur ki, milli iqtisadiyyatın formalaşdırılmasında mülkiyyətin bütün formalarından istifadə etmək lazımdır. Digər tərəfdən də, müstəqil milli iqtisadiyyatın formalaşdırıldığı bir şəraitdə mülkiyyətin dövlət forması iqtisadiyyatın tənzimlənməsi, proporsiyaların təmin olunmasında mühum funksiyanı oz üzərinə götürür. Ücüncüsü də, dövlət mülkiyyəti iqtisadi prosesləri sosial yönümlü edir yəni, ictimai istehsalın bütün sahə və özəklərində ümumi milli mənafelərin təzahür etməsinə şərait yaradır. Dördüncüsü də, dövlət mulkiyyəti milli iqtisadiyyatın tarazlı inkişafını təmin etməklə baza sahələrinin və infrastrukturların inkişafına şərait yaradır. Deməli, müstəqil milli iqtisadiyyatın strukturunda (məzmununda) dövlət mülkiyyəti özunəməxsus yer tutmalıdır və bu mülkiyyətin formalaşdırlması istiqamətində lazımı işlər gorulməlidir.

Uzun illər İttifaqın tərkibində fəaliyyət göstərmiş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özünün ərazisində olub mərkəzə tabe olan müəssisələrin, əmlakın mülkiyyətçisi olur. Ancaq milli respublika ücün bu müəssisələrin huquqi cəhətdən mülkiyyətcisi olmaq hələ kifayət deyildir. Bu müəssisələrin xammal, material, ehtiyat hissələri, avadanlıqlar və s. ilə bağlı problemlərinin həll edilməsi ancaq köhnə əlaqələrin yeni əsasda bərpası ilə mümkündur. Eyni zamanda respblikada istehsal olunan əksər məhsul novlərinin satış bazarı da ancaq kecmiş ittifaq respublikaları ola bilər. Bu o deməkdir ki, asılılıqdan xilas olmuş milli iqtisadiyyat əvvəl içərisində yaşadığı iqtisadiyyatla mövcud olmuş köhnə iqtisadi əlaqələri tamamilə kəsməməli, əksinə, saxlamalı və yeni əsaslarla inkişaf etdirməlidir. Bu müstəqil iqtisadiyyatın formalaşmasının istiqamətlərindən biri olmalıdır.

Beləliklə, Respublikanın mülkiyyətinə kecən müəssisələrin ittifaq xarakterli sahə təkrar istehsal əlaqələrindən tədriclə azad edilməsi və eyni zamanda onların respublikadaxili bazar münasibətlərinə cəlb edilməsi və bu müəssisələrin əlaqədə olduğu kecmiş müəssisələrlə yeni münasibətlərin qurulması müstəqil milli iqtisadiyyatın formalaşması istiqamətlərindən biri olmaqla mühüm əhəmiyyət kəsb edir. Bununla belə əlaqələr elə qurulmalıdır ki, yenidən asılılıq üçün təhlükə yaranmasın.

Müstəqillik əldə etmiş dövlət özünün iqtisadi təhlükəsizliyinin təmin olunması qayğısına qalmalıdır. Əks təqdirdə nəinki xarici bazarlarını itirər, hətta daxili bazarı da xaricilərin əlinə kecər. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında başlıca istiqamətlərdən biri kimi iqtisadi təhlükəsizliyin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bunun ücün elə tədbirlər sistemi hazırlanıb həyata kecirilməlidir ki, milli sahibkarlığın inkişafına şərait yaransın, milli iqtisadiyyat rəqabət qabiliyyətli olsun, xarici rəqabətdən qorxmasın. Buna nail olmaq üçün isə dunya standartlarına uyğun gələn yüksək keyfiyyətli məhsullar istehsal etməyə qadir olan istehsal strukturları formalaşdırmaq lazımdır. Müstəqil milli iqtisadiyyatın özünə məxsus pul, maliyyə, kredit, bank sistemi olmalıdır. Buna görə də bu istiqamətdə əsaslı islahatların aparılması, yeni pul munasibətləri sisteminin formalaşdırılması iqtisadi müstəqillik üçün əsas şərt və bu yolda mühüm istiqamətdir.

Müstəqil milli valyutanın olması, onun dönərliyinin təmin edilməsi istiqamətində atılan hər bir addım ölkənin müstəqil dünya ölkələri ilə sabit iqtisadi əlaqələr qurub inteqrasiya proseslərinə qoşulması və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə etməklə müstəqil milli iqtisadiyyatını formalaşdırmaq istiqamətində həyata kecirilən ən vacib tədbirlərdəndir. Hər bir müstəqil olkə öz gücünə nə qədər arxalansa da öz milli iqtisadiyyatını formalaşdırarkən digər ölkələrin iqtisadi imkanlarından da istifadə etməyi bacarmalıdır. Bu ona bir tərəfdən öz iqtisadi potensialının bir hissəsini reallaşdırmağa imkan yaradırsa, digər tərəfdən də xarici kapitalın, xarici bazarın gücündən istifadə etməklə müstəqil milli iqtisadiyyatın formalaşması üçün maddi imkan yaradır.

Müstəqil milli iqtisadiyyat müəyyən prinsiplərə əsaslanmaqla formalaşdırılmalıdır. Artıq yuxarıda verilmiş şərhlərə əsasən aşağıdakı prinsiplərin rəhbər tutulması qənaətinə gəlmək olar.

Birincisi, əsasən ozünün daxili imkanlarına, potensial gücünə arxalanmaq prinsipi. Belə bir prinsipə arxalanmaqla milli iqtisadiyyatın sabit və təhlukəsiz inkişafını təmin etmək olar. Lakin bu xarici ölkələrin iqtisadi imkanlarından istifadə etməyi inkar etmir və belə imkanlardan istifadə olunmalıdır.

İkincisi, milli dəyərlərə, ənənələrə arxalanmaq və onları yaşatmaq prinsipi. Yalnız Azərbaycan xalqına məxsus olub onu oz məhsulları ilə hər yerdə tanıtmağa qadir olan butun istehsal sahələri, sənət nümunələri, iri və xırdalığından asılı olmayaraq, qorunub saxlanılmalı və inkişaf etdirilməlidir.

Ucüncüsü, tarixlik prinsipi. Bu prinsip mustəqil milli iqtisadiyyatın formalaşdırılması prosesində konkret tarixi şəraitin nəzərə alınmasını nəzərdə tutur. Məsələn, Azərbaycan dövləti müharibə vəziyyətində olduğunu, torpaqlarının 20%-dən coxunun işğal altında tapdalandığını hec zaman unutmamalı və ölkənin müdafiəsi ilə bağlı sahələrin inkişaf etdirilməsinə xususi fikir verilməlidir.

Dördüncüsü, Azərbaycan İslam Dünyasına məxsus bir ölkə olduğu üçün öz iqtisadiyyatını formalaşdırma prosesində İslam iqtisadi dəyərlərindən də bəhrələnməyi bir prinsip olaraq əsas tutmalıdır.

Beşincisi, optimallıq prinsipi. Bu prinsip müxtəlif iqtisadi sistemlərdən, bazar modellərindən milli mənafelərimizə ən uyğun gələnini secməyi və formalaşdırmaği nəzərdə tutur.

Altıncısı, müasirlik prinsipi. Bu prinsip müstəqil iqtisadiyyatımızı formalaşdırma prosesində dar milli çərçivədə qalmamağı, dünya ölkələrinin təcrübəsindən, köməyindən, elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə olunmasını nəzərdə tutur.

Müstəqil milli iqtisadiyyatın formalaşdırılması bir sıra qanunauyğunluqlara əməl olunmasını tələb edir:

1. Müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında ləngliyə yol vermək olmaz, proses tədriclə getsə də sürətli olmalıdır;

2. Köhnə iqtisadi sistemdə milli mənafelərimizə uyğun gələn nə varsa, qorunub saxlanılmalı və istifadə olunmalıdır;

3. İqtisadiyyatın təkrar istehsal strukturuna daxil olan bütün sahələrinin eyni vaxtda formalaşdırılması;

4. Bütün sahələrdə bazar münasibətləri sisteminə eyni vaxtda keçilməsi və milli bazarın formalaşdırılması;

5. Müstəqil iqtisadiyyatın Azərbaycan xalqının milli mənafelərinin reallaşdırılmasını təmin edən bir şəkildə formalaşdırılması;

6. Yeni məzmunlu milli iqtisadiyyatın formalaşdırılması prosesində Azərbaycan xalqının və dovlətin fəal iştirakının təmin olması.

Adı cəkilən prinsiplər və qanunauyğunluqlara əməl etməklə müstəqilliyimizin möhkəm bünövrəsi olan iqtisadiyyatı formalaşdırmaq kimi çətin bir vəzifəni yerinə yetirmək olar.
§3. Milli bazar və milli valyuta
Müstəqil milli iqtisadiyyatın zəruri, mövcud şərtlərindən biri vahid milli bazarın olmasıdır. Milli iqtisadiyyatın strukturunda milli bazarın özünəməxsus yeri və rolu vardır. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşması ilə yanaşı onun etibarlı dayağı olan milli bazar da formalaşdırılmalıdır.

Milli bazar milli iqtisadiyyata əsaslanan mürəkkəb strukturlu, bazar subyektlərinin iqtisadi mənafelərinin reallaşmasına xidmət edən iqtisadi mexanizmə və idarəetmə quruluşuna malik munasibətlər sistemidir. Milli bazarın təməlini ilk növbədə ölkənin özündə, məhsulların və xidmətlərin kütləvi istehsalı təşkil edir, o milli iqtisadiyyata söykənir. Milli bazar istehsalci və istehlakcılardan ibarət olan bazar subyektlərinin səmərəli fəaliyyəti ücün şərait yaratmaqla yanaşı olkənin dünya iqtisadi məkanına cıxmasını da təmin etməlidir.

Milli bazarın yaranması ilk novbədə daxili bazarların yaranması ilə bağlıdır və o, ardıcıl mərhələlərdən kecməklə formalaşır. Birinci mərhələdə, məhəlli bazarlar yaranır, ikinci mərhələdə, məhəlli bazarların əsasında yerli bazarlar yaranır, üçüncü mərhələdə, isə region bazarları formalaşır, dördüncü mərhələdə, region bazarlar ölkənin iqtisadi rayonlarını bir-biri ilə bağlayır və vahid milli bazarın yaranması prosesi başa catır. Milli bazarın formalaşması prosesində onun subyekt və obyektləri genişlənir.

Milli bazar milli iqtisadiyyatın təzahürüdür və bu mənada milli iqtisadiyyat və milli bazar elə bir ərazi, istehsal və mübadilə vahidliyidir ki, orada istehsal-tədavül əlaqələri müəyyən iqtisadi, sosial, siyasi və mənəvi birliyə malik olmalıdır. Buna görə də müstəqil vahid milli bazarın formalaşması aşağıdakı zəruri şərtlər daxilində mümkün olur:

1. Real müstəqil milli dövlətin olması;

2. İctimai əmək bölgüsünün formalaşmış ölkədaxili strukturunun olması;

3. Milli iqtisadiyyatın formalaşmış bazar strukturunun olması;

4. Butun regionların inkişaf etmiş iqtisadiyyatlarının olması;

5. İnkişaf etmiş əmtəə-pul munasibətlərinin mövcud olması və s.

Müstəqil milli bazarın formalaşdırılmasının özu:

a) müxtəlif mülkiyyət formaları əsasında milli sahibkarlığın inkişafı üçün şəraitin yaradılmasını;

b) milli bazarın özünün daxili strukturunu təşkil edən çoxsaylı bazar növlərinin yaradılmasını;

c) bazar infrastrukturlarının təşkil edilməsini;

c) milli bazarı tənzimləyən mexanizmlərin fəaliyyəti üçün şəraitin yaradılmasını və idarəetmə sisteminin qurulmasını tələb edir.

Milli bazarlar əhatə etdiyi ərazi, həcmi, təşkili formaları, strukturu və qarşıya qoyulmuş məqsədlər baxımından fərqlənirlər. Onlar muxtəlif modelli və istiqamətli olur. Müstəqil milli bazar əsasən milli valyutaya, özünün qiymət sisteminə, daxili qayda-qanunlara, hüquqi bazaya əsaslanmaqla fəaliyyət gostərir və tənzimlənir.

Özünün kecid dövrunu yaşayan ölkələr, o cümlədən də Azərbaycan üçün müstəqil, vahid milli bazarın formalaşdırılması, vaxt baxımından, kecid dövründə həyata kecirilməlidir. Onun formalaşması prosesi kortəbii getməməlidir və bilavasitə dövlətin iştirakı və nəzarəti altında həyata kecirilməlidir.

Müstəqil milli bazar qapalı ola bilməz və o, dünya bazarının nisbi müstəqil tərkib hissəsi kimi fəaliyyət göstərir. Lakin milli bazar nə qədər güclu, rəqabət qabiliyyətli olsa belə, o, xarici mudaxilədən qorunmalıdır. Milli bazarın təhlükəsizliyinin təmin olunması bilavasitə dövlətin işidir.

Milli bazarın əsas dayaqlarından biri mohkəm məzənnəyə malik milli valyutanın olmasıdır. Uzun bir tarixi dovr ərzində Azərbaycanın milli valyutası olmayıb. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra manat milli valyuta statusu qazanmış və fəaliyyət gostərir. Milli pul nişanı milli valyuta hesab olunur, dövlət tərəfindən dövriyyəyə buraxılır və məcburi kursu muəyyən edilir. Ancaq milli pul vahidi beynəlxalq hesablaşma, iqtisadi munasibətlərin iştirakçısı kimi çıxış etdikdə valyutaya çevrilir. Valyuta rolunu yalnız pul vahidləri deyil, həmçinin beynəlxalq ödəmə vasitəsi kimi pul əvəzinə qəbul edilən çek, xəzinə bonları, pay sənədləri, istiqrazlar və s. qiymətli kağızlar oynayır. Dövlətin iqtisadi gücü onun milli valyutasının gücü ilə ölçülür. Azərbaycan Respublikasının milli valyutası tədavuldə olan, həmçinin tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanları ilə dəyişdirilə bilən Milli Bankın bank biletləri (banknotları) şəklində olan manatlar və sikkələrdir.

Milli valyutanın beynəlxalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə dəyişdirilməsi ölkənin valyuta qanunvericiliyi ilə tənzim edilir. «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası qanununa görə milli valyuta ilə hesablaşmalara heç bir məhdudiyyət qoyulmadan aparılır. Bir ölkənin milli valyutası valyuta bazarında başqa ölkənin valyutasına dəyişdirilir, yaxud alınıb-satılır. Rezidentlər Azərbaycan Respublikasının Milli Bankının müəyyən etdiyi qaydada və məqsədlərə uyğun olaraq Respublikanın daxili valyuta bazarında xarici valyutanı satmaq və almaq huququna malikdirlər.

Elə ölkələr vardır ki, onların valyutaları tam dönərlik qabiliyyətinə malikdir və buna görə də həmin ölkələrin valyutalarına hec bir məhdudiyyət qoyulmur, sərbəst surətdə çevrilir və onlar sərbəst valyuta adlanır. Bu cür valyutaları icazə olmadan da hər hansı bir ölkənin valyutası ilə dəyişdirmək olar. Bu, valyutanın konvertləşdirilməsi adlanır. Dünyanın 60-dan cox ölkəsinin valyutası sərbəst valyuta adlanır və onlar tam dönərlik qabiliyyətinə malikdir. Milli valyutanın dönərlik qabiliyyəti onun arxasında duran real məhsullar və qızılla təmin olunur.

Əgər bir olkənin milli valyutasına məhdudiyyət qoyulursa, o, qismən dönərli valyuta adlanır və yalnız bəzi olkələrin valyutası ilə dəyişdirilə bilər. Defisit xarici valyuta xərclənməsinin qarşısını almaq ücün dəyərli şeylərin ölkəyə gətirlməsi və ölkədən çıxarılmasında məhdudiyyətlər, qadağalar qoyulur və valyuta tənzimlənməsi tədbirləri həyata keçirilir ki, bu cür ölkələrin valyutaları qapalı yaxud qeyri-dönərli valyuta adlanır və yalnız bir ölkə çərcivəsində tətbiq edilir. Yalnız bir ölkənin öz daxilindəki əməliyyataların həyata keçirilməsində iştirak edən, dönərli olub-olmamasından asılı olmayaraq, milli valyuta yerli valyuta adlanır.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə