Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə39/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   40

Sərmayədar – işə, istehsala sərmayə qoyan və ona sahib olan şəxs.

Sey qanunu – təklif nəzəriyyəsinin müəllifi, fransız iqtisadçısı Jan Batist Seyə görə, satıcı əmtəəsini satdıqdan sonra dərhal alıcıya çevrildiyinə görə təklif avtomatik olaraq tələbi yaradır. Buna görə də, təkliflə tələb arasında daim tarazlıq yaranır. İqtisadi həyat isə bunu təsdiq etmir.

Sindikat – inhisar birliyi forması; S. yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri iştirakçıların öz mülkiyyətində qalır, istehsal olunan məhsul sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi kontor tərəfindən reallaşdırılır.

Sikkə – müxtəlif metaldan-qızıldan, gümüşdən, misdən və mis ərintilərdən, müasir dövrdə-mis, nikel və alüminiumun müxtəlif ərintilərindən hazırlanan pul nişanı; tədavül və tədiyə (ödəmə) vasitəsidir.

Sikkə gəliri – dövlətin sikkə kəsilməsindən götürdüyü gəlir; natamam dəyərli sikkənin nominal dəyərilə tərkibindəki metalın bazar dəyəri arasındakı fərqdən (sikkənin kəsilməsi xərcləri çıxılmaqla) ibarətdir.

Senyoraj – dövlətin pul emissiyasından əldə etdiyi gəlir.

Sintez – təhlil prosesində hasil olunmuş ayrı-ayrı ünsürlər arasındakı əlaqəni müəyyən etmə və onlardan ümumi nəticə çıxarma üsulu.

Son istehlakçı – məhsulun (əmtəənin) texniki-iqtisadi parametrlərinə və istehlak xassələrinə görə onun üçün nəzərdə tutulmuş və həmin məhsulu (əmtəəni) istifadə edəcək istehlakçı.

Son hədd xərcləri – məhsul vahidinə əlavə istehsal xərclərinin artması; ümumi xərclərin dəyişməsinin məhsulun həcminin dəyişməsinə bərabər olması.

Sosial təminat – qocalara və əmək qabiliyyətini itirənlərə, habelə ana və uşaqlara maddi təminat və xidmət göstərilməsi üzrə iqtisadi-sosial tədbirlər sistemi.

Staqnasiya – iqtisadiyyatda, istehsalda, ticarətdə geriləməkdən əvvəlki və ya onu müşayiət edən durğunluq.

Staqflyasiya – staqnasiya və inflyasiyanın birləşməsi; iqtisadi böhranla inflyasiyanın birləşdiyi vəziyyət.

Standart – dövlətin səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş nümunə, etalon, model, əsas.

Standartlaşdırma – məmulatın tipi, markası, parametrləri, ölçüləri və keyfiyyəti, eləcə də ölçü miqdarı, sınaq metodları, qablaşdırma qaydası, saxlanması və istehsal texnologiyası üzrə vahid normaların müəyyən edilməsi.

Status – müəssisənin, sahibkarın qanunvericiliyə uyğun təsbit edilən təşkilati-hüquqi formaları, nizamnamələri, hüquq və vəzifələri, məsuliyyət və səlahiyyətləri ilə səciyyələnən və müəyyən olunan hüquqi vəziyyəti.

Struktur (quruluş) – sistemi təşkil edən və bir-birilə qarşılıqlı əlaqədə olan bölmələrin (həlqələrin, vəsilələrin) məcmusu.

Strateji əmtəələr – ölkənin milli təhlükəsizliyinə zərəri aradan qaldırmaq məqsədilə ixracatı qadağan edilən, məhdudlaşdırılan, yaxud ciddi nəzarətə alınan əmtəələr.

Struktur işsizlik – işsizliyin bir forması. İstehsal texnologiyasında və istehsalın strukturunda dəyişiklik olanda baş verir, yeni texnika tətbiq edildikdə ya işçinin əvvəlki peşəsi yeni texnologiyanın tələblərinə cavab vermir və yaxud sahibkarların iş qüvvəsini almağa tələbi azalır.

Statistika – 1) cəmiyyətin və xalq təsərrüfatının inkişafındakı kəmiyyət dəyişikliklərindən bəhs edən elm; 2) hər cür kütləvi hadisələrin miqdarca hesaba alınması.

Sığorta – məqsədli pul vəsaitləri fondu; bu fond təbii fəlakətlər, təsərrüfatda təsadüfi xoşagəlməz hadisələr zamanı, yaxud vətəndaşların həyatında müəyyən hadisələr olduqda fondun iştirakçılarına maddi yardım göstərmək məqsədilə yaradılır.

Sığorta edən – sığorta edilənə və ya müqavilədə göstərilən şərtə uyğun başqa şəxsə, sığortaçıya dəyən zərər, yaxud da sığorta məbləğini ödəməyi öz öhdəsinə götürən təşkilat, cəmiyyət.

Subsidiya – dövlətin büdcəsi hesabına yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə, yaxud başqa dövlətlərə, əsasən, pul formasında göstərilən yardım.

Subvensiya – 1) dövlət tərəfindən yerli dövlət təşkilatlarına və ya xalq təsərrüfatının müəyyən bir sahəsinə, müəssisəyə edilən maddi pul, yardım forması.

SDV – Sərbəst dönərli valyuta.

- Ş -

Şəxsi gəlir – vətəndaşların əldə etdikləri gəlir. Ş.g. əmək haqqından, şəxsi təsərrüfatdan, qiymətli kağızlardan, şəxsi xidmətdən və s. mənbələrdən yaranır.

Şəxsi istehlak – əhali istehlakının tərkib hissəsi; şəxsi istehlak mənbəyi ailə büdcəsi, şəxsi və ev təsərrüfatında natural məhsul istehsalı, habelə ictimai istehlak fondunun bir hissəsi.

Şəxsi yaradılmış təsərrüfat – xüsusi mülkiyyətin bir növü; şəxsi, yaxud ailə əməyinə əsaslanan həyətyanı, yaxud ayrıca götürülmüş torpaq sahəsində bağ-bostan təsərrüfatı.

Şəxsi gəlir vergisi – ayrı-ayrı şəxslərin gəlirlərinə qoyulan vergi.

Şirkət – müəssisənin təşkilati forması, burada kapital iştirakçıların birgə əmanətləri əsasında yaradılır. O, tam şirkət, qarışıq şirkət, məhdud məsuliyyətli şirkət növlərinə ayrılır.

Şerman qanunu – inhisarçılığa qarşı 1890-cı ildə ABŞ-da qəbul edilmiş qanun.

- T -

Tarif – müəssisələrə, təşkilatlara və əhaliyə göstərilən xidmətlərə görə olan ödəniş norması; xalq təsərrüfatı sahələrində müxtəlif xidmətlərin haqqını müəyyən etməyə imkan verən qiymətlər sistemi.

Tarif dərəcəsi – yerinə yetirilən işin mürəkkəbliyini və işçinin ixtisas dərəcəsini səciyyələndirən göstərici. Tarif cədvəlinin əsas ünsürlərindən biri.

Tarif sistemi – tarif-ixtisas məlumat kitablarını, tarif şəbəkələrini, tarif qiymətlərini və əmək haqqı üçün region əmsallarını özündə birləşdirir.

Tarif əmsalı – tarif cədvəlini səciyyələndirir. Bu və ya digər dərəcədən olan tarif maaş dərəcəsinin vahid kimi götürülən birinci dərəcənin tarif maaş dərəcəsinə nisbətindən ibarətdir.

Tarif maaş dərəcəsi – bir saat, yaxud gün ərzində işçinin müvafiq dərəcəli əməyinin ödənilməsi həcmi.

Tarif sistemi – normativlərin məcmusu; bu sistemə daxildir: tarif maaş dərəcəsi, tarif cədvəli, tarif-ixtisas sorğu kitabçası.

Tam məşğulluq – 1) əmtəə və xidmət istehsalı üçün mövcud olan iqtisadi resurslardan tam istifadə etmə; 2) friksion və struktur işsizlik olsa da, tsiklik işsizliyin olmaması ilə səciyyələnir.

Tarazlaşmış bazar – əmtəələrin ümumi həcmi, strukturu, çeşidi və keyfiyyəti üzrə tələb və təklif arasında uyğunluq saxlanılmış bazar.

Tarazlıq qiyməti – azad rəqabətin olduğu bazarda tələb və təklifin uyğun gəldiyi anda yaranan qiymət.

Terminal (latınca terminalis – son mərhələ, son istiqamət) – nəqliyyat yolunun başlanğıc və ya son mərhələsi mənasında işlədilir.

Texniki tərəqqi – texnikanın, texnologiyanın inkişafı və təkmilləşdirilməsi, elmi-texniki tərəqqinin son nailiyyətlərinin istehsala tətbiqi prosesi.

Texniki nəzarət – məhsulun keyfiyyət göstəricilərinin müəyyən olunmuş tələbata (standartlara, texniki şərtlərə) uyğunluğunun yoxlanılması.

Texniki təhlükəsizlik – müəyyən istehsalda əmək şəraitinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən təşkilati, texniki sanitariya-gigiyenik, tədris-maarif və hüquqi tədbirlər sistemi.

Texnoloji intizam – istehsal prosesində məhsul hazırlanması, texnologiyanın tələblərinə ciddi və dəqiq əməl olunması.

Texnoloji proses – sənayedə, tikintidə, kənd təsərrüfatında və digər sahələrdə xammal, material, yarımfabrikat, yaxud məmulat alınmasının, emalının və ya yenidən emalının üsul və vasitələrinin məcmusu.

Texnologiya – elm sahəsi olub, təbiət məhsullarının alınması və onların emal edilərkən istehlak şeylərinə, istehsal vasitələrinə çevrilməsi üsulu və proseslərini öyrədnir. Texnologiya elmi məharət, ustalıq, bacarıq, becərmə və hazırlanma metodlarının məcmusudur.

Təbii ehtiyatlar – insanların maddi və mənəvi tələbatını ödəmək məqsədilə cəmiyyət tərəfindən istifadə edilməsi mümkün olan təbiətin bir hissəsi.

Tədavül – əmtəə və xidmətlərin pulun vasitəsilə mübadiləsi (ə-p-ə).

Tədavül vaxtı – müəssisənin istehsal fondlarının dövranı zamanı onların tədavül sferasında olduğu vaxtdır.

Tədavül xərcləri – əmtəənin tədavül prosesindəki hərəkəti ilə bağlı çəkilən xərclər. T.x. iki növə ayrılır: xalis və əlavə. Xalis tədavül xərcləri əmtəələrin pula və pulun əmtəəyə çevrilməsi ilə bağlı çəkilən bütün xərcləri əhatə edir. Əlavə t.x. istehsalın tədavüldə davamı ilə bağlı xərclərdir (məhsulun istehsaldan ticarət yerinə çatdırılması xərcləri).

Təbiətdən istifadə – iqtisadi və sosial məqsədlər üçün cəmiyyət tərəfindən təbii resurslardan istifadə edilməsi, onun mühafizəsi və yenidən bərpa edilməsi üzrə tədbirlərin həyata keçirilməsi.

Tədiyə balansı (ölkənin tədiyə balansı) – başqa ölkədən daxil olan pulun ümumi məbləği ilə digər ölkələrə pul tədiyələrinin (ödəmələrinin) məbləği arasındakı nisbət.

Tədiyə qabiliyyəti – dövlətin, hüquqi və fiziki şəxslərin ödəmələr üzrə öhdəliklərini yerinə yetirmək qabiliyyəti (ödəmək üçün kifayət qədər pulun olması).

Tədiyə intizamı – müəyyən olunmuş miqdarda pul tədiyələrinin müəssisə, təşkilat, idarə və vətəndaşlar tərəfindən vaxtlı-vaxtında ödənilməsi.

Təklif – bazarda olan və oraya göndərilə bilən əmtəə və xidmətlərin məcmusu;

Təklif qiyməti – rəqabətli bazarda satıcının təklif etdiyi qiymət.

Təklifin qiymət elastikliyi – təklif olunan əmtəənin həcminin dəyişməsi faizinin onun qiymətinin dəyişməsi faizinə nisbəti; əmtəə təklifinin həcminin onun qiymətinin dəyişməsinə reaksiyası.

Təklif qanunu – müəyyən bərabər şəraitdə qiymətin dəyişməsi ilə təklifin dəyişməsi nisbəti arasındakı asılılığın ifadəsi; bu, düz asılılıqdır: qiymət qalxanda təklif artır və əksinə.

Tələb – müəyyən bərabər şəraitdə alıcının ala biləcəyi əmtəə və xidmətlərin məcmusudur; alıcının ala bilmək qabiliyyətidir, almaq üçün alıcıda olan pulun miqdarıdır.

Tələb qanunu – müəyyən bərabər şəraitdə qiymətin dəyişməsilə tələbin dəyişməsi nisbəti arasındakı asılılığın ifadəsi; burada tərs asılılıqdır, qiymətin qalxması ilə tələb azalır və əksinə qiymətin düşməsi ilə tələb artır (eyni miqdar pula daha çox əmtəə almaq olur).

Tələbin tənzimlənməsi – məcmu tələbi artırmaq və ya azaltmaq məqsədilə pul-kredit və fiskal siyasətdən istifadə edilməsi. Tələbə məqsədyönlü təsir etmə.

Tələb amili – iqtisadi artımdan asılı olaraq tələbin ümumi səviyyəsinin yüksəlməsinin iqtisadiyyatın potensial məhsuldarlığını artırmağa imkan verməsi.

Tələb qiyməti – alıcının bazarda təklif etdiyi qiymət, bu qiymətin aşağı həddi alıcının xərcləmək istədiyi pulun miqdarı ilə müəyyən olunur.

Tələbin elastikliyi – təsir altında olduğu amillərdə (əhalinin pul gəlirləri, qiymət və tariflərin səviyyələri, onların arasındakı nisbətlər, ailələrin sayı və tərkibi və s.) hər hansı dəyişiklik nəticəsində əhali tələbinin dəyişmə qabiliyyəti.

Tələbat – fərdin şəxsi və mədəni səviyyəsinə müvafiq olaraq özünəməxsus ehtiyacı; orqanizmin, şəxsiyyətin, sosial qrupların və bütövlükdə cəmiyyətin həyat fəaliyyətini saxlamaq üçün zəruri olan hər hansı bir şeyə ehtiyacdır, fəallığın daxili oyadıcısıdır; tələbat ödənilməsi zəruri olan ehtiyac.

Tənzim edilən bazar – əsasən obyektiv iqtisadi və hüquqi qanunların təsiri altında fəaliyyət göstərən bazar. Bu cür bazar – bazar iqtisadiyyatının müasir mərhələsində mövcud olur.

Təsərrüfatçılıq subyektləri – əmtəənin istehsalı, satışı və yaxud alınması ilə məşğul olan hüquqi və fiziki şəxs.

Təsbit edilmiş valyuta kursu – sərbəst şəkildə yüksəldilməsinə, yaxud azaldılmasına icazə verilməyən valyuta kursu.

Təkrar istehsal – istehsal prosesinin fasiləsiz olaraq yenidən başlanması, daim təkrarlanması.

Tədavül vasitəsi – pulun funksiyalarından biri; alqı-satqı əməliyyatlarında vasitəçi rolunu oynayan dəyər forması.

Təsərrüfat mexanizmi – iqtisadi prosesləri, təsərrüfat fəaliyyətini idarə etmək üçün tətbiq olunan təsərrüfatçılıq formalarının, metodların, hüquqi normaların və təşkilati strukturların məcmusu.

Ticarət – əmtəə tədavülü, istehlak üçün hazır olan əmtəələrin istehsal dairəsindən istehlak dairəsinə hərəkətini təmin edən xalq təsərrüfatı sahəsi.

Ticarət güzəştləri – əmtəənin pərakəndə satış qiymətinin bir hissəsi; tədavül xərclərini ödəmək və pərakəndə ticarət müəssisəsi və təşkilatlarının mənfəətinin yaradılması üçün nəzərdə tutulur.

Torpaq – istehsalın amillərindən biri; üzərində əmək prosesi gedən yer, faydalı qazıntıların mənbəyi, kənd təsərrüfatı məhsulları istehsalında başlıca və əsas istehsal vasitəsi kimi istifadə edilən və xüsusi təbii xassələrə malik olan bir nemət.

Torpaq rentası – torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdırılmasının başlıca iqtisadi forması. Torpaq mülkiyyətçisinin əldə etdiyi gəlir.

“Torpaqtutumlu” əmtəə – istehsalı nisbətən böyük miqdarda təbii resurs (torpaq) tələb edən əmtəə.

Transaksiya xərcləri – istehsala və dövriyyəyə əsas xərclərdən əlavə əməliyyat xərcləri, vasitəli, qoşma xərclər.

Transfert ödəmələr – dövlət büdcəsindən vəsaitlərin yenidən bölgüsü qaydasında əhaliyə və sahibkarlara verilən pul vəsaitləri; pulun bir bankdan başqa banka və ya bir ölkədən başqa ölkəyə köçürülməsi.

Tranzit – sərnişin və yükün aralıq məntəqədən ötüb keçməklə bir məntəqədən digərinə daşınması.

Transmilli korporasiya (TMK) – beynəlxalq konsern; istehsalda, əmtəələrin satışında aparıcı vəziyyətinə görə dünya bazarında fəaliyyət göstərən ən iri kampaniya.

Tsiklik işsizlik – işsizliyin bir forması; iqtisadi böhranlar baş verdikdə istehsalın azalması ilə yaranan işsizlik forması.

Trest – inhisarın bir forması; burada istehsal vasitələri üzərində mövcud sahibkarlar qrupunun birgə mülkiyyəti yaranır. Buraya daxil olan sahibkarlar istehsal vasitələri üzərində mülkiyyəti, habelə texnologiya, patentlər və deməli, istehsal olunan məhsullar öz hüquqlarını birliyə verir; inhisar birliyi forması kimi buraya daxil olan müəssisələr özlərinin istehsal, kommersiya və hüquqi müstəqilliklərini itirirlər.

TRASEKA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi.

- U -

Uzunmüddətli proqnozlar – iqtisadi, sosial və texniki sahələrdə perspektiv inkişaf proseslərinin vəziyyətinin və qiymətləndirilməsinin tədqiqi ilə bağlı hadisənin necə inkişaf edəcəyini irəlicədən görmə.

Ucuz pul siyasəti – tədavüldə pul kütləsinin artırılması siyasəti.

Unifikasiya – müxtəlif növ məhsulların, hissələrin, qovşaqların və digər konstruksiya elemetlərinin, tətbiq edilən materialların, texnoloji proseslərin səmərəli şəkildə eyni hala salınmasının təmin edilməsi.

Uçot – ictimai istehsalın idarə edilməsi funksiyası, real təsərrüfat prosesləri, onların nəticələri, istifadə olunmuş ehtiyatlar və s. haqqındakı məlumatların alınması, qeyddən keçirilməsi, yığılması və işlənilməsindən ibarətdir.

Urbanizasiya – maddi və mənəvi mədəniyyətin, kəndin inkişafı zərərinə olaraq, böyük şəhərlərdə toplanması.

Uçot faizi – tədiyə vaxtı çatmamış borc öhdəliklərinin satın alınmasından ötrü avans verilmiş pul üçün banklar tərəfindən tutulan haqq (faizlə).

- Ü -

Ümumi dövriyyə – istehsalın həcm göstəricilərindən biri, müəssisənin müəyyən aralıq vaxtda (il ərzində) bütün istehsal sexlərinin istehsal etdiyi bütün məhsul növlərinin və sənaye xarakterli işlərinin ümumi həcmi.

Ümumi daxili məhsul (ÜDM) – ərazi xüsusiyyətlərinə görə hesblanır. Bu, mənsubiyyətindən asılı olmayaraq, ölkə ərazisində yerləşmiş müəssisələrin, maddi və xidmət sferalarının illik ümumi dəyəri.

Ümumi milli məhsul (ÜMM) – ölkə vətəndaşlarının ölkədə və xaricdə bir il ərzində istehsal etdikləri əmtəə və xidmətlərin ümumi bazar dəyəri.

Ümumi daxili investisiya – daxili mənbələr hesabına yeni istehsal olunmuş istehsal vasitələrinin məsrəfi; maşın, avadanlıq, alətlər və binalar, habelə əmtəə-material ehtiyatlarını artırmaq üçün sərf olunan məsrəflər.

Ümumi ictimai məhsul – bütün maddi istehsal sahələrinin iqtisadi inkişafının ümumiləşdirici göstəricisi (klassik yanaşma).

Ümumi gəlir – firmanın bütün sahələrdəki fəaliyyətinin nəticəsində əldə etdiyi gəlirlərin məcmusu.

Ümumi tələbat – cəmiyyətin və onun üzvlərinin bütün tələbatlarının məcmusu.

Ümumi iqtisadi qanunlar – cəmiyyətin inkişafının bütün mərhələlərində fəaliyyət göstərən iqtisadi qanunlar. Məsələn, iqtisadi münasibətlərin məhsuldar qüvvələrin inkişaf səviyyəsinə və xarakterinə uyğunluğu qanunu, tələbatın artması qanunu, əmək məhsuldarlığının yüksəlməsi qanunu və s.

Ümumi məhsul – müəssisənin kənara vermək üçün, yaxud gələcəkdə öz istehsalında istifadə üçün istehsal etdiyi məhsulun həcmini səciyyələndirən göstərici.

Ümumi xərclər – firmanın sabit və dəyişən xərclərinin cəmi.

Üzən valyuta kursu – çevik, dəyişən valyuta kursu.

- V -

Valyuta – ölkələrin pul vahidi (Azərbaycan manatı, ABŞ dolları); xarici dövlətlərin pul nişanları, tədavül və tədiyənin kredit vasitələri – xarici pul vahidlərində (veksel, çek və s.) ifadə olunur və beynəlxalq hesablaşmalarda istifadə edilir.

Valyuta kursu – bir ölkənin pul vahidinin qiymətinin başqa ölkənin pul vahidində ifadə olunması. Bunun əsasında bir ölkənin valyutası başqa ölkənin valyutasına dəyişdirilir.

Valyuta bazarı – müxtəlif ölkələrin valyutalarının (istər sərbəst dönərli, istərsə də qismən dönərli olan) satıcıları və alıcıları arasında iqtisadi münasibətləri reallaşdıran mexanizm, bazar.

Valyuta böhranı – pul-kredit sisteminin böhranı. Valyuta münasibətlərinin tənzimində ciddi çətinliklərin yaranması.

Valyuta blokadası – bir ölkə və yaxud ölkələr qrupu tərəfindən digər ölkəyə münasibətində beynəlxalq hesablaşmaların normal gedişini pozmaq və onun iqtisadiyyatının əsaslarını sarsıtmaq məqsədilə həyata keçirilən valyuta tədbirləri sistemi.

Valyuta tənzimlənməsi – valyuta kursunun dövlət tərəfindən müəyyən səviyyədə saxlanılması. Dövlət valyuta kursuna iki yolla təsir edə bilir: 1) borc faiz dərəcəsini dəyişməklə; 2) valyuta intervensiyası (valyuta bazarında xarici valyuta və qızılın alqı-satqısı) vasitəsilə.

Valyuta riski – xarici ticarət, kredit və valyuta əməliyyatlarının aparıldığı vaxt xarici valyutanın milli valyutaya nisbəti məzənnəsinin dəyişilməsi ilə əlaqədar zərər çəkməsi qorxusu.

Valyutasız mübadilə – valyutanın iştirakı olmadan həyata keçirilən beynəlxalq mübadilə.

Valyuta dəhlizi – dövlət tərəfindən valyuta kursunun dəyişməsinə icazə verilən hədd.

Valyuta opsionu – təcili birja sazişlərinin şərtlərindən biri. Bu şərtə görə, tərəflərdən birinə müəyyən hüquqlarından istifadə, yaxud imtina etmək səlahiyyəti verilir.

Valyuta pariteti – müxtəlif ölkələrin valyutaları arasında alıcılıq qabiliyyəti hesabilə müəyyənləşdirilmiş nisbət. Müasir şəraitdə özünün nizamnaməsinə görə ölkələr arasında valyuta hesablaşma münasibətləri Beynəlxalq Valyuta Fondu tərəfindən nizama salınır (bax: valyuta məzənnəsi).

Valyuta birjası – xarici valyutaların alqı-satqısını təşkil edən, eyni zamanda tələb və təklifi nəzərə alaraq onların valyuta məzənnəsini müəyyən edən təşkilat.

Valyuta ehtiyatı – ölkənin Mərkəzi Bankında və valyuta maliyyə orqanlarında olan qızıl və xarici valyutaların mərkəzləşdirilmiş ehtiyatı.

Valyutanın konversiya edilmə qabiliyyəti – valyutanın müstəqil surətdə digər valyutalara dəyişdirilə bilmə qabiliyyəti.

Valyuta məzənnəsi – bir ölkənin pul vahidinin digər ölkənin pul vahidilə ifadə edilməsi. Müxtəlif ölkələrin valyutalarının dəyişdirilməsi nisbətləri.

Valyuta siyasəti – valyuta münasibətləri sahəsində Mərkəzi Bankın və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən normativ və monetar tədbirlərin məcmusu.

Valyuta alverçiliyi – müxtəlif bazarlarda valyuta kursları fərqindən istifadə edərək valyuta alqı-satqısı yolu ilə gəlir əldə etmək.

Vaxta qənaət qanunu – cəmiyyətin inkişafının bütün mərhələlərində fəaliyyət göstərən ümumi iqtisadi qanunlarından biri. Vaxta qənaət dedikdə, makro və mikro iqtisadiyyat səviyyəsində canlı və maddiləşmiş əməyə qənaət başa düşülür. Hər hansı məhsulun istehsalına nə qədər az vaxt sərf edilərsə, əmək məhsuldarlığı o qədər yüksəlmiş olar.

Vaxt norması – məhsul (iş) vahidi istehsalına sərf olunan iş vaxtının elmi əsaslandırılmış, nizama salınmış həcmi; adam – saatla (dəqiqə ilə, günlə) müəyyən edilir.

Vaxtamuzd əmək haqqı – işçiyə saat, gün, il ərzindəki fəaliyyətinə görə hesablanan haqqdır; bu formada işçinin əmək haqqının həcmi işlənmiş vaxtın kəmiyyətindən, ixtisasından, əməyinin keyfiyyətindən asılı olur.

Vaxt – materiyanın əsas formalarından biri olub, insan cəmiyyətinin həyatında və elmdə hadisələrin ardıcıllığını, onların arasında keçən müddəti və proseslərin başvermə sürətini təyin edir.

Veksel – borc ödənişi üçün, müəyyən olunmuş formada, tərtib edilmiş öhdəlik sənədi. Veksellər adi və köçürmə formada mövcuddur.

Vauçer – qiymətli kağızların bir növü: inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçən ölkələrdə dövlət mülkiyyətinin özəlləşdirmə çeki. V. dövlət əmlakını əhali arasında müftə bölüşdürmə qaydası ilə xüsusi əllərə verilərkən vətəndaşların həmin əmlakdan bərabər pay almasına şəhadət edir.

Vençur biznesi – texniki və texnoloji yeniliklərin, elmi nailiyyətlərin hələ tətbiq olunmamış nəticələrinin əməli istifadəsinə yönələn biznes növü. V. b. risk tələb edən biznes növüdür.

Vergi – dövlət tərəfindən müəssisələrdən, firmalardan, təşkilatlardan, vətəndaşlardan və s. tutulan məcburi ödəmələr. Verginin məbləği qanunla müəyyən edilir.

Vergi sistemi – ölkədə tutulan vergilərin, vergiqoymanın forma və metodları, vergilərin yığılması və istifadəsi, habelə vergi orqanlarının məcmusudur.

Vergitutma bazası – vergitutma obyektlərinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi.

Vergitutma obyekti – qanunla müəyyən edilmiş vergiyə cəlb edilən bütün obyektlər.

Vergi dərəcəsi – vergiqoyma norması, dərəcəsi. Vergi dərəcələri proporsional, proqressiv, sabit və s. olur.

- Y -
Yarımfabrikat – əmək məhsulu; bir, yaxud bir neçə emal mərhələsi keçdikdən sonra hazır məhsula çevrilir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə