Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə36/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   40

Gömrük – ölkənin iqtisadi sərhədlərinin mühafizəsi sistemi.

Gömrük rüsumu – xarici ölkələrdə istehsal olunan məhsullar milli sərhədlərdən keçirilərək dövlət tərəfindən alınan pul vəsaiti (vergi).

Gömrük tarifi – ölkədən çıxarılan və ölkəyə gətirilən malların sistemləşdirilmiş qruplar üzrə tətbiq edilən vergi norması.

Gömrük ittifaqı – iki və ya daha çox dövlətin gömrük siyasətinin identifikasiyası əsasında vahid gömrük qanunvericiliyinin işlənib hazırlanması və üçüncü ölkələrə qarşı eyni gömrük siyasətinin tətbiqi.

“Görünməyən əl” – bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətini stimullaşdıran bazar mexanizmi; yüksək mənfəət əldə etməyə təhrik edən “qüvvə”.

Görünməyən inflyasiya – müəyyən dövrdə gözlənilmədən yüksək olan inflyasiya səviyyəsi; qiymətlərin gözlənilmədən qalxması.

Göstəricilər sistemi – ölkənin, regionun, müəssisənin, ailənin vəziyyətini və onun dəyişməsini, iqtisadi inkişafı, artımı, yüksəlişi və enməni əks etdirən rəqəmlər, meyyarlar, səviyyələr, ölçmə vasitələri. Göstəricilər iqtisadi sistemin və iqtisadi obyektin vəziyyətini səciyyələndirir.

Gözlənilən gəlir – hər hansı bir iqtisadi fəaliyyətin nəticəsində əldə olunacaq proqnozlaşdırılmış gəlir.



- H -
Hazır məhsul – müəyyən müəssisədə və müəyyən dövrdə istehsalı tam başa çatmaqla kənara və ya öz müəssisəsinin qeyri-sənaye təsərrüfatlarına, təşkilatlarına buraxılan hazır məmulat və yarım fabrikatlar. Hazır məhsul müəyyən edilmiş standartlara uyğun olmalıdır.

Hasilat sənayesi – öz əmək predmetlərini təbiətdə tapan, emal sənayesi üçün xammal çıxaran, meşə tədarükü, balıq və dəniz heyvanları ovu ilə məşğul olan, dəniz məhsulları hasil edən müəssisələrin məcmusu.

Hesab pulları – milli pul vahidlərinin adı – dollar, funt-sterlinq, lirə, marka, manat və s. Əmtəə və xidmətlərin, borc öhdəlikləri həcminin, qiymətli kağızların məzənnəsinin və s. ümumən qəbul olunmuş ideal ifadə forması kimi çıxış edirlər.

Hesablaşma hesabı – müəssisənin, birliyin, təşkilatın müvəqqəti sərbəst pul vəsaitlərinin saxlanması və nağdsız hesablaşmalar aparılması üçün banklarda olan hesabı.

Hesablayıcı elektron maşınlar (HEM) – əsas elementləri elektron cihazlardan ibarət olan hesablayıcı maşınların vəzifəsi informasiyanın işlənməsi prosesini və hesablamaları avtomatlaşdırmaqdan ibarətdir.

Hesablama texnikası – riyazi hesablamaların və informasiyaların işlənməsinin avtomatlaşdırılması vasitələrini birləşdirən texnika.

Həqiqi tələb – əhalinin real olaraq bazardan ala biləcəyi əmtəə və xidmətlərin məcmusu; əhalinin istehlak şeyləri və xidmətlər almaq üçün bazara çıxardığı pulun miqdarı.

Həqiqi tələbat – istehsalın əldə edilmiş səviyyəsi çərçivəsində formalaşmış və ödənilməsi mümkün olan ehtiyaclardır.

Həyat tərzi – insanın həyat və fəaliyyətinin qərarlaşmış mövcudluq forması. Həyat tərzi istehsalın inkişaf səviyyəsindən, adət-ənənələrdən, dini etiqadlardan və s. amillərdən asılı olaraq formalaşır.

Həyat səviyyəsi – istehsalın inkişaf səviyyəsindən və hakim sosial-iqtisadi sistemdən irəli gəlməklə adamların maddi, sosial, mədəni və intellektual tələbinin ödənilməsi dərəcəsi. O, təkcə maddi və mədəni nemətlərin və xidmətlərin faktiki istehlakı miqdarından deyil, eyni zamanda həmin nemətlərə və xidmətlərə olan tələbatın inkişaf səviyyəsindən də asılıdır.

Himayəçilik siyasəti – milli iqtisadiyyatın, milli sahibkarlığın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasəti.

Hərrac – əvvəlcədən müəyyən edilmiş vaxtda və yerdə müəyyən miqdarda əmtəənin və yaxud əşyanın açıq surətdə satılması forması. Əmtəənin alıcısı o şəxs hesab edilir ki, hərrac satışı prosesində əmtəəni ən yüksək qiymətə alsın.

Hiperinflyasiya – əmtəələrin qiymətlərinin və dövriyyədə olan pul kütləsinin son dərəcə yüksək sürətlə artması. Bu pul vahidinin dəyərinin kəskin surətdə aşağı düşməsinə və təsərrüfat əlaqələrinin pozulmasına səbəb olur.

Hüquqi şəxs – qanunvericiliyə uyğun olaraq vətəndaşlıq subyekti (o cümlədən, təsərrüfatçılıq hüququ və vəzifələri) kimi çıxış edən təşkilat, müəssisə və ya idarə; hüquqi şəxsin öz balansı, möhürü və banklarda hesablaşma hesabı olur.

- X -
Xalq təsərrüfatı – müəyyən ərazi çərçivəsində istehsal və qeyri-istehsal sahələrinin bir-birinə ictimai əmək bölgüsü ilə bağlı olan tarixən təşəkkül tapmış sistemi.

Xalq təsərrüfat sahəsi – keyfiyyətcə oxşar müəssisələrin, birliklərin və digər təsərrüfat vahidlərinin məcmusu; ictimai əmək bölgüsü sistemində yerinə yetirilən vəzifələrin, istehsal edilən məhsulun, yaxud göstərilən xidmətlərin geniş təkrar istehsal prosesindəki rolların ümumiliyi ilə xarakterizə olunur.

Xalq istehlakı malları – dəyəri və istehlak dəyəri olan məcmu məhsulların bilavasitə insan tələbatını ödəyən hissəsi – şəxsi istehlak şeyləri; əhalinin maddi nemətlərə olan şəxsi tələbatını ödəyə bilən istehlak dəyərlərinin məcmusu.

Xalq istehlakı malları bazarı – ölkənin milli bazarının bir hissəsi; satış obyekti xalq istehlakı mallarıdır.

Xammal – ilkin əmək süzgəcindən keçmiş əmək cismləri (predmetləri); bunlar təbii və üzvi mənşəli olub, əmək prosesində istifadə olunurlar.

Xalis milli məhsul (XMM) – ümumi milli məhsulun dəyər tərkibindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri və vergilər çıxıldıqdan sonra yerdə qalan XMM-dir. XMM – ölkənin iqtisadiyyatının inkişaf səviyyəsinin göstəricilərindən biridir.

Xarici borc – dövlətin xarici kreditorlara (beynəlxalq maliyyə qurumlarına, xarici dövlətlərə) müəyyən müddətdə qaytarmalı borcu, yəni ölkənin xarici borclarının və onlara görə ödənilməmiş faizin ümumi həcmi.

Xarici istiqraz – beynəlxalq kredit forması.

Xarici valyuta bazarı – bir ölkənin valyutası ilə başqa ölkənin valyutasını almaq üçün istifadə olunan bazar.

Xarici ticarət – malların gətirilməsi (idxalat) və göndərilməsi (ixracat) ilə səciyyələnən ölkələrarası ticarət.

Xarici ticarət dövriyyəsi – xarici ticarətin inkişafının ümumiləşdirici göstəricisi; ixracatın və idxalatın ümumi həcmi.

Xarici ticarət siyasəti – xarici ticarətin genişləndirilməsi, onun əmtəə və coğrafi strukturunun təkmilləşdirilməsi üçün dövlət tərəfindən müəyyən olunmuş və həyata keçirilən tədbirlərin məcmusu.

Xarici ticarət saldosu – dəyər ifadəsində ixracatla idxal arasındakı fərq. İdxalat ixracatdan çox olduqda saldo mənfi olur.Əksinə, ixrac idxaldan çox olduqda saldo müsbət olur.

Xarici ticarət defisiti – dövlətin nəzərdə (planda) tutduğu ixracın kəsirli qalması.

Xalis inhisar – konkret əmtəə bazarında yalnız bir satıcının fəaliyyət göstərməsi; bu bazarda rəqabət olmur.

Xalis rəqabət bazarı – heç bir ayrıca alıcının və satıcının cari qiymətlərin səviyyəsinə təsir göstərmədiyi şəraitdə oxşar əmtəələrlə alqı-satqı sövdası aparan satıcılar və alıcılar arasındakı rəqabət mübarizəsi meydanı. Belə bazarların satıcıları marketinq strateqiyasının hazırlanmasına çox vaxt sərf etmir. Belə bazara kənar müdaxilə olmur.

Xalis tədavül xərcləri – tədavül xərclərinin bir növü; əmtəələrin realizə edilməsi prosesində dəyər formalarının dəyişməsi (əmtəənin pula və pulun əmtəəyə çevrilməsi) ilə əlaqədar xərclər. Xalis tədavül xərcləri əmtəəyə heç bir əlavə gəlir gətirməməsi ilə fərqlənir. Bu məsrəflər qeyri-məhsuldar xərclərdir.

Xalis mənfəət – müəssisənin ümumi mənfəətindən bütün ödəmələr çıxdıqdan sonra yerdə qalan hissə. Xalis mənfəət müəssisənin sərəncamında qalan və sərbəst şəkildə istifadə olunan məbləğdir.

Xəzinə – dövlətin ümumi maliyyə ehtiyatı; dövlətin maliyyə resurslarının məcmusu.

Xəzinə bileti – dövlət tərəfindən buraxılan, təminatı heç bir qiymətli metal ehtiyatı ilə təmin edilməyən kağız pul.

Xidmət sferası – iqtisadiyyatın mühüm sahələrindən biri; əhaliyə xidmət göstərməklə məşğul olan sahələrin, müəssisələrin və təşkilatların məcmusu.

Xidmət bazarı – xalq istehlakı malları bazarının tərkib hissəsi; satış obyekti əhaliyə göstərilən pullu xidmətlərdir. Buraya məişət xidmətləri müəssisələrinin xidmətləri, mənzil-kommunal təsərrüfatı müəssisələrinin xidmətləri, sərnişin nəqliyyatının, mədəniyyət və istirahət idarələrinin və s. xidmətləri aiddir.

Xidmətedici proseslər – istehsal proseslərinin normal, fasiləsiz və ahəngdar gedişində xidmət göstərən bütün proseslərin məcmusu.

Xüsusi mülkiyyət – mənimsəmənin xüsusi forması; iqtisadi münasibətlərin ifadəsi, hüquqi mənada isə xüsusi şəxslərin və firmaların kapital və başqa aktivləri satmaq və vəsiyyət etmək, istifadə etmək, nəzarət etmək, sahib olmaq hüququ.

Xoldinq (holdinq) – elə işgüzarlıq fəaliyyətidir ki, müxtəlif kampaniyaların səhm nəzarət paketləri başqa bir kampaniya (holdinq kampaniyası) tərəfindən alınır və nəticədə onların fəaliyyətinə nəzarət edilir və dividend formasında gəlir qazanılır. Holdinqə görə həmin müəssisələr “qız” cəmiyyəti adlandırılır. Holdinq iri məbləğdə investisiya tələb edir, odur ki, bir neçə fiziki, yaxud hüquqi şəxslərin birgə səyi nəticəsində təşkil edilir.
- İ -
İqtisadiyyat – cəmiyyəti həyat nemətləri ilə təmin edən aparıcı sahə; insanların həyat fəaliyyətinin mühüm sferası; aparıcı elm sahəsi.

İqtisadi artım – istifadə olunan istehsal amillərini artırmaqla, yaxud texnika və texnologiyanı təkmilləşdirməklə adambaşına düşən ümumi milli məhsulu artırmaq, istehsal olunmuş əmtəə və xidmətlərin kəmiyyətinin istehlak olunmuş əmtəə və xidmətlərin kəmiyyətindən çox olması.

İqtisadi artımın ekstensiv tipi – istehsal amilləri hesabına istehsal məkanının genişləndirilməsi ilə məhsulun artımına nail olmaq. Məsələn, əkin sahəsini genişləndirməklə taxıl istehsalını artırmaq.

İqtisadi artımın intensiv tipi – istehsal məkanını genişləndirmədən, keyfiyyət amilləri hesabına iqtisadi artıma nail olmaq. İqtisadi artım elmi-texnikanın ən yeni nailiyyətlərindən, yeni texnologiyalardan, qabaqcıl idarəetmə metodlarından istifadə etmək və işçilərin ixtisaslarını artırmaqla əmək məhsuldarlığının yüksəldilməsilə mümkün olur.

İqtisadi birlik – beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi işində ümumi məqsədə nail olmaq üçün birləşən ölkələr qrupu. Məsələn, Avropa İqtisadi Birliyi (AİB).

İqtisadi blokada – bir ölkənin bir və ya bir neçə ölkə tərəfindən, əmtəələrin və xidmətlərin alqı-satqısından məhrum edilməsi, sərhədlərinin bağlanması və həmin ölkənin iqtisadi cəhətdən təklənməsi.

İqtisadi vasitələr və stimullar – iqtisadiyyatı idarəetmə mexanizminin tərkib hissələri. Qiymət, vergi, əmək haqqı, kredit, faiz və s. iqtisadi vasitə və stimullara aiddir.

İqtisadi qanun – iqtisadi hadisə və proseslərdə mühüm, daim təkrar olunan, sabit, möhkəm, mahiyyətli səbəb və nəticə əlaqələrin ifadəsi.

İqtisadi model – real vəziyyətin, iqtisadi proseslərin, hadisələrin sadələşdirilməsi, abstrakt ümumiləşdirilməsi; iqtisadi model, iqtisadi inkişaf yolu.

İqtisadi siyasət – elmi müddəa və ideyaların, məqsəd və vəzifələrin, siyasi vasitə və əməli tədbirlərin məcmusu. Hər bir dövlət ölkənin iqtisadi problemlərinin həllinə yönəldilmiş iqtisadi siyasət xəttini işləyib hazırlayır və həyata keçirir.

İqtsadi nəzəriyyə – iqtisadi hadisə və proseslərin təhlilindən qanunauyğunluqlar çıxartmaq; əsas iqtisadi ideyalar sistemi. İqtisadi gerçəklik, ümumi inkişaf qanunauyğunluqları, kateqoriyaları və mühüm əlaqələri haqqında bütöv təsəvvür yaradan elmi bilik forması; iqtisadi elmlərinin metodoloji əsası.

İqtisadi eksperiment – xalq təsərrüfatı sahələrində istehsal prosesinin və əməyin təşkilinin yeni, həm də səmərəli forma, metod və üsullarını tapmaq məqsədilə aparılan axtarışların və sınaqların mütərəqqi forması.

İqtisadi münasibətlər – maddi nemətlər istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanlar arasında yaranan münasibətlər.

İqtisadi taktika – cari situasiya nəzərə alınmaqla nisbətən qısamüddətli dövr üçün müəyyən olunan iqtisadi davranış, iqtisadi fəaliyyət xətti.

İmmiqrasiya – başqa dövlət vətəndaşının müxtəlif səbəblər üzündən bir ölkəyə köçüb getməsi. Bu adamlar immiqrant adlanır.

İqtisadi inkişaf səviyyəsi – müəyyən dövr (vaxt) ərzində ölkənin (bir qrup ölkənin, iqtisadi rayonun və s.) xalq təsərrüfatının maddi istehsal sahələrinin vəziyyəti. Bu adambaşına düşən ümumi milli məhsul, ümumi daxili məhsul, milli gəlir və habelə ictimai istehsalın strukturu əhalinin məşğuliyyətinin kəmiyyət və keyfiyyət, təbii resurslardan istifadə edilməsi, ictimai istehsalın təşkili, iqtisadi səmərəliliyi və s. ilə müəyyən edilir.

İqtisadi inteqrasiya – müxtəlif ölkələrin milli təsərrüfatlarının əməkdaşlıq etməsi yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınmasıdır.

İqtisadi sistem – cəmiyyətdə baş verən hakim iqtisadi münasibətlər və təşkilat formaları əsasında təşəkkül tapmış sistem. Xalqların və cəmiyyətlərin iqtisadi həyatının təşkili forması. Müxtəlif komponentlərin məcmusu.

İqtisadi kibernetika – kibernetikanın nəzəri, metod və üsullarının iqtisadi sistemlərə tətbiq edilməsilə məşğul olan elm sahəsi.

İqtisadi potensial – ölkənin təbii ehtiyatları, istehsal vasitələri, əmək resursları, elmi-texniki imkanları, bütün yığılmış milli sərvəti; milli iqtisadiyyatda əmtəə və xidmətlər istehsalının həcmi, strukturu, texniki səviyyəsi və keyfiyyəti.

İqtisadi proqnoz – iqtisadiyyatın və onun ayrı-ayrı bölmələrinin gələcək inkişaf istiqamətləri haqqında elmi tədqiqatlar sistemi.

İqtisadi resurslar – iqtisadiyyatın fəaliyyətdə olması imkanları: maddi, iş qüvvəsi və maliyyə vasitələrinin məcmusu. Təbii resurslar da bu tərkibə daxildir.

İqtisadi islahatlar – dövlətin ölkə iqtisadiyyatında həyata keçirdiyi qismən və köklü dəyişikliklər sistemi.

İqtisadi stimullaşdırma – adamların əmək fəaliyyətinə cəlb edilməsi, onları arzuolunan istiqamətlərə yönəldilməsi, vəsaitlərin sərfinə həvəsləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin məcmusu.

İqtisadi tsikl – iqtisadiyyatda dövrü olaraq enmə və qalxmalarla səciyyəvi olan proses. İqtisadi tsiklin: böhran, durğunluq, canlanma və yüksəliş fazaları vardır.

İqtisadi təbəqələşmə – ölkə əhalisinin öz iqtisadi imkanlarına görə fərqli qruplara bölünməsi. İqtisadi təbəqələşmənin səbəbləri: mülkiyyətdə qeyri-bərabərliyin, ölkədə korrupsiyanın olması və gəlirlərin qeyri-bərabər bölgüsüdür.

İqtisadi tələbat – cəmiyyətin ödənilməsi zəruri olan iqtisadi ehtiyacları. İqtisadi tələbat iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsi və xarici iqtisadi əlaqələrin genişləndirilməsilə ödənilir.

İqtisadi coğrafiya – ictimai istehsalın ərazi üzrə yerləşdirilməsi qanunauyğunluqlarını, onun inkişafı şəraiti və xüsusiyyətlərini, müxtəlif ölkə və regionlarda yerləşdirilməsini öyrənməklə məşğul olan və coğrafiya elmləri kompleksinə daxil olan ictimai elm sahəsi.

İmtiyazlı səhm – gəliri möhkəm faiz şəklində təsbit edilmiş, satın alınması ilk növbədə nəzərdə tutulmuş səhm. İmtiyazlı səhmlərin sahibləri, bir qayda olaraq, səhmdar cəmiyyətinin fəaliyyətində bilavasitə iştirak etmirlər.

İndeks – hər hansı bir iqtisadi hadisənin ardıcıl dəyişməsini faizlə ifadə edən rəqəm.

İqtisadi idarəetmə metodları – cəmiyyətin zəruri nəticələrə nail olması məqsədilə işçilərin, sahibkarların, əmək kollektivlərinin iqtisadi münasibətlərinə və mənafelərinə (maraqlarına) təsir etmə üsulları.

İnduksiya – 1) elmi-tədqiqat metodu, bu metodla, xüsusi faktlar əsasında ümumi müddəalar, prinsiplər çıxarılır; 2) xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu.

İnvestisiya – kapitalın hərəkət forması; ölkə daxilində və xaricində müəyyən müəssisələrin tikilməsinə və yenidən qurulmasına uzun müddətli kapital qoyuluşu.

İnvestisiya siyasəti – daha yüksək gəlir əldə etmək məqsədi ilə əsaslı vəsait qoyuluşunun başlıca istiqamətlərini və xalq təsərrüfatının həlledici sahələrində onların cəmləşdirilməsi üzrə tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu.

İnvestisiya bankı – xalq təsərrüfatının müxtəlif sahələrinin maliyyələşdirilməsi və uzunmüddətli kreditləşməsi ilə məşğul olan bank.

İnvestor – hər hansı bir sahəyə vəsait qoyan.

İnjinirinq – dünya ölkəri arasında kommersiya əsasında elmi-texniki mübadilənin bir forması, işgüzar xidmət forması. Məsələn, mühəndis məsləhət xidməti, məhsul istehsalı və satışı prosesinin hazırlanması və təmin edilməsi, sənaye, kənd təsərrüfatı, infrastruktur üzrə kompleks xidmətlər və başqaları buraya daxildir.

İnhisar – 1) bu və ya digər məhsulun istehsalı və satışının əhəmiyyətli hissəsini öz əlində toplayan və bazarda hökmranlıq edən iri müəssisələr, firmalar və yaxud birliklərin olduğu bazar situasiyası; 2) bu və ya digər fəaliyyətin həyata keçirilməsində müəssisələrə, yaxud fiziki şəxslərə dövlətin verdiyi müstəsna hüquq.

İnhisarçılıq – təsərrüfat subyektlərinin daha yüksək gəlir əldə etmək məqsədilə azad rəqabətə yol verməməsinə, onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyət.

İnhisar qiyməti – inhisarın müəyyən etdiyi qiymət növü; istehsal xərcləri üstə gəl orta mənfəətdən yüksək olan qiymət; inhisarlar məqsədlərindən asılı olaraq, həm aşağı, həm də yüksək inhisar qiyməti qoya bilərlər.

İnhisarçı rəqabət bazarı – rəqabətə və inhisara əsaslanan qiymətlərin eyni vaxtda mövcud olduğu bazar.

İnhisar mənfəəti – bir qayda olaraq inhisarçıların öz əmtəələrini adi bazar qiyməti ilə deyil, inhisar qiyməti ilə reallaşdırırlar, bu isə bazar qiymətindən xeyli yüksək olur; qiyməti artırmaq və azaltmaqla əldə edilən mənfəət inhisar mənfəətini təşkil edir.

İnflyasiya – tədavül kanallarının həddən artıq pul kütləsi ilə dolması, pul kütləsi ilə əmtəə təklifi arasında tarazlığın pozulması nəticəsində pulun qiymətdən düşməsi və qiymətlərin surətlə qalxmasıdır.

İnfrastruktur – istehsal və qeyri-istehsal sahələrinə xidmət edən müəssisə və sahələrin məcmusu.

İntellektual mülkiyyət – əqlin, biliyin məhsulları olan mülkiyyət; əqli mülkiyyətin sahibi onu reallaşdırıb gəlir götürmək hüququna malikdir. Əqli mülkiyyətə aiddir: elmi-texniki sahədə ixtiralar, elmi ideyalar, bədii, rəsm əsərləri, kompütür proqramları və s.

İpoteka – uzun müddətli borc almaq məqsədi ilə daşınmaz əmlakın (torpağın, tikililərin və s.) girov qoyulması. Bu yolla verilən vəsait ipoteka krediti adlanır.

İnstitusionalizm – bütövlükdə iqtisadi fəaliyyətin effektliyinin təmin olunmasında institutların (dövlətin, təşkilatların, idarələrin) mühüm rol oynadığını əsaslandıran iqtisadi nəzəriyyə. Bu nəzəriyyə XX əsrin 20-30-cu illərində meydana gəlmişdir.

İmic – firma və onun istehsal etdiyi əmtəələr haqqında yaradılan təsəvvür.

İstehlak büdcəsi – ailənin gəlir və xərclərinin balansı. Bu, ailənin müxtəlif qruplarının həyat səviyyəsini səciyyələndirir.

İstehlak dəyəri – şeyin faydalılığı, insanın hər-hansı bir tələbatını ödəmək qabiliyyəti.

İstehsal (maddi) – cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri maddi nemətlərin yaradılması prosesi. İ. insanların təbiətə münasibətidir. İstehsal adamların həyat fəaliyyətinin təbii şəraiti olmaqla yanaşı, onların digər fəaliyyət növlərinin də maddi əsasıdır.

İstehsal vasitələri bazarı – bazarın tərkib hissəsi, istehsal vasitələrinin alqı-satqısını reallaşdıran mexanizm.

İstehsal amilləri – istehsalda istifadə olunan iqtisadi resurslar, torpaq, kapital (istehsal vasitələri), əmək, sahibkarlıq qabiliyyəti, səmərəli idarəetmə.

İstehsal vasitələri – əmək vasitələri və əmək cisimlərinin (predmetlərinin) məcmusu.

İstehsal vaxtı – istehsal vasitələrinin istehsal dairəsində olduğu vaxt.

İstehsal fondlarının dövranı – istehsal fondlarının hərəkəti prosesində onun ardıcıl surətdə bir formadan başqa formaya çevrilməsi və yenidən əvvəlki formaya qayıtması.

İstehsal fondlarının dövriyyəsi – ayrıca bir əməliyyat kimi deyil, dövri surətdə təkrar olunan dövran, dövranların cəmi.

İstehsal istehlakı – istehlakın bir növü; istehsalın tələbatını ödəmək üçün istehsal vasitələrinin istehlakı. Bilavasitə istehsal prosesində həyata keçirilir. Xammalın, maşının, avadanlığın, yanacağın və s. istehsal prosesində istehlakı.

İstehsal xərcləri – məhsulun istehsalı və reallaşdırılmasına sərf olunan məsrəflərin cəminin pulla ifadəsi.

İstehsal potensialı – ölkənin, sahənin, müəssisənin iqtisadi gücünün dəyərcə və maddi əşyaca səciyyələndirilməsi; istehsal aparatının maksimum həcmdə məhsul istehsal etmək qabiliyyətini ifadə edir.

İxtisaslaşma – fərdlərin, firmaların, regionların, yaxud ölkənin resurslarından istifadə etməklə bir (bəzən bir neçə) növ məhsulu istehsal etmələri və xidmətlərin görülməsi.

İxrac – hökumətin, firmaların, ayrı-ayrı şəxslərin ölkədə istehsal edilən və başqa ölkələrə satılması məqsədilə əmtəə və xidmətlərin dünya bazarına çıxarılması.

İcarə – əsas fondların bir qisminin (hissəsinin), müəyyən ödənclə, müvəqqəti istifadəyə verilməsi.

İcarə intizamı – hər bir işçinin, kollektivin, sahibkarın daha yüksək idarə etmə səviyyəsində qəbul edilmiş qərar, sərəncam və göstərişlərə dəqiq əməl edilməsi; sahibkarların bağladıqları müqavilələri və öhdəlikləri vaxtında icra etməsi.

İctimai iaşə – əhalini tam qidalı yeməklərlə təmin etmək məqsədində olan xalq təsərrüfatı sahəsi.

İş vaxtı – qanuna müvafiq müəyyən edilmiş vaxt; işçinin işdə olduğu vaxt.

İş qüvvəsi – insanın fiziki və mənəvi qabiliyyətinin məcmusu.

İşə görə əmək haqqı – əməyin ödənilməsi forması; bu formada işçi istehsal etdiyi məhsulun, yaxud yerinə yetirdiyi işlərin kəmiyyət və keyfiyyətinə uyğun olaraq haqq alır.

İşsizlik səviyyəsi – işsizlərin sayının qeydə alınmış iş qabilyyətli fəhlə və qulluqçuların ümumi sayına nisbətinin göstəricisi.

İşsizliyin təbii səviyyəsi – tam məşğulluq zamanı olan işsizlik səviyyəsi.

İşsizlik – iş axtaran, işlə məşğul olmayan əhalinin mütləq miqdarı və ya onun ümumi əmək qabiliyyətlilərə faizlə nisbəti.

İzafi dəyər – əlavə, üstəlik dəyər; K.Marks təliminə görə, izafi dəyər istehsal prosesində fəhlənin əməyilə öz iş qüvvəsinin dəyərindən artıq yaratdığı və sahibkar tərəfindən havayı mənimsənilən dəyərdir.

İzafi məhsul – bilavasitə istehsalda və xidmət prosesində yaranan milli gəlirin bir hissəsi; cəmiyyətin ehtiyaclarının ödənilməsinin maddi əsası.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə