Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


§1. İstehsal amili kimi torpağın rolu. Aqrar münasibətlər və



Yüklə 6,62 Mb.
səhifə15/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

§1. İstehsal amili kimi torpağın rolu. Aqrar münasibətlər və


onların xüsusiyyətləri

İstehsalın baş verməsi üçün zəruri olan amillərdən biri də torpaqdır. İnsanların istehsal fəaliyyəti ilə məşğul olduğu vaxtdan etibarən torpaq əsas istehsal vasitəsi olub xalqları həyat nemətləri ilə təmin edib. Klassik siyasi iqtisadın banisi U.Petti təsadüfən deməmişdir ki, «əmək sərvətin atası, torpaq isə onun anasıdır». Torpaq dedikdə yalnız müəyyən bir coğrafi ərazi deyil, torpağın təkində olan nə varsa (neft, qaz, filiz, kömür və s.) hamısı, habelə meşə sahələri, su resursları, balıq sərvətləri də nəzərdə tutulur. Bunlarla yanaşı «torpaq» anlayışına bütün biosfer da aid edilir.

Müxtəlif dövrlərdə bilavasitə torpağın və ona daxil olan müxtəlif tərəflərin (anlayışların) rolu və əhəmiyyəti eyni olmamış və fərqli qiymətləndirilmişdir. Belə ki, bir çox əsrlər ərzində torpaq başlıca yaşayış mənbəyi olmuş və ilk növbədə məhsul vermə qabiliyyətinə, yəni münbitliyinə görə qiymətləndirilmişdir. Sənayeləşdirməyə qədərki dövrdə təsərrüfat əsasən torpaq üzərində təşkil edilmiş və məhsul yetişdirilmişdir. Sənaye inqilabı şəraitində və sənayeləşmə dövründə torpağın təkində olan faydalı qazıntılar daha böyük əhəmiyyət kəsb edir, hər bir dövlət bu sərvətlərə sahib olmağa çalışır ki, bu da müharibələrə və müstəmləkəçiliyə səbəb olur.

Müasir dövrdə torpağın bəşəriyyətin həyatındakı rolunu, əhəmiyyətini müəyyən etmək, qiymətləndirmək o qədər də asan iş deyildir. Belə ki, bir tərəfdən insanların təbiətdən və torpağın təbii gücündən asılılığı əhəmiyyətli dərəcədə azalmışdır. Elmi-texniki inqilab və yeni texnologiyaların meydana gəlməsi süni yolla torpağın münbitliyinin artırılmasına, yeni enerji növlərindən istifadə etməyə, sintetik materialların meydana gəlməsinə imkan yaratmışdır. Digər tərəfdən isə, bir çox təbii resurslar yox olma həddinə çatmışdır. Yer kürəsində içməli su problemi yaranmışdır, kəşf edilmiş neft ehtiyatları 40-50 ildən, daş kömür isə 100 il ərzində hasil olunub qurtara bilər. Meşələr məhv edilir, atmosferin havası sürətlə çirklənir, planetdə istiləşmə baş verir, bir çox heyvan növlərinin nəsli kəsilmək üzrədir. Təbii su tutarları çirklənir, balıq ehtiyatları azalır. Daha təhlükəli olan odur ki, insanlar onu yedizdirən yararlı torpaq sahələrini də çirkləndirir, məhsuldar torpaq sahələri yararsız hala salınır.

Beləliklə, ekosferanın ümumi vəziyyətinin pisləşməsi insanları təbiət qüvvələrindən daha çox asılı edir və bununla bağlı olaraq, geniş mənada, torpağın əhəmiyyəti getdikcə daha da artır. Həmçinin də faydalı qazıntıların, ilk növbədə də enerji daşıyıcıları olan neft və qazın əldə edilməsinin əhəmiyyəti artır. Bununla belə, ayrı-ayrı şəhərlərdə, rayonlarda və bir çox ölkələrdə avtomobillərin sayı, əhalinin sayı sürətlə artır, sənaye obyektləri, inzibati binalar mərkəzlərdə cəmləşir, yaşayış binalarının tikintisi genişlənir və belə bir şəraitdə torpağa olan tələbat və torpağın qiyməti də durmadan artır.

İnsanın hər cür əmək fəaliyyəti bu və ya digər dərəcədə torpaqla bağlıdır. Torpaq kənd təsərrüfatında və hasilat sənayesində bilavasitə istehsalın amili kimi çıxış edir və yaxud da istehsal binalarının, qurğuların, nəqliyyat və başqa kommunikasiyaların və habelə yaşayış binalarının yerləşdiyi yerdir, sahədir. Buna görə də torpaq ümumi istehsal vasitəsidir. Lakin o bilavasitə təkrar istehsal olunmur.

Torpaq mülkiyyət obyektidir və buna görə də ona sahib olmaq, iqtisadi cəhətdən reallaşdırmaq, torpağa sərəncam vermək və ondan istifadə etmək üzrə mürəkkəb münasibətlər sistemi yaranır və inkişaf edir. Torpaqla bağlı yaranan iqtisadi münasibətlər məcmu halında aqrar münasibətlər adlanır. Bu münasibətlər təsərrüfat həyatında aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla formalaşır:

  1. Torpaq əsasında təşkil olunan təsərrüfat ənənəvi olaraq kənd təsərrüfatı adlanır. Kənd təsərrüfatı mürəkkəb iqtisadi, təbii-bioloji bir sistemdir. Burada təkrar istehsal torpaqdan, sudan, bitki və heyvanat aləmindən istifadəyə əsaslanır. Buna görə də onun tənzim edilməsi və idarə olunmasında iqtisadi, təbii-bioloji qanunlardan əlaqəli şəkildə istifadə olunmalıdır. İqtisadi və bioloji proseslərin tarazlığı gözlənilməli, ona əməl olunmalıdır.

  2. Kənd təsərrüfatında bioloji proseslərin öz ahəngi (bitkilərin, heyvanların böyüməsi), öz tsikli var və il ərzində fərqli olurlar. Elm və texnikanın inkişafı bu proseslərə müəyyən təsir göstərsə də bioloji prosesləri tam dəyişə bilmir.

  3. Kənd təsərrüfatı istehsalı eyni zamanda hava-iqlim faktorundan xeyli dərəcədə asılıdır (quraqlıq, şaxta və s.).

  4. Kənd təsərrüfatı istehsalının bir xüsusiyyəti də onun mövsümi olmasıdır. Əkinçilik işi il ərzində olmur, fasilələr əmələ gəlir. Bu zaman qarşıya çıxan işsizlik problemi həll edilməli, əmək isə ödənilməlidir. Göstərilən bütün bu fərqli cəhətlər aqrar münasibətlərin formalaşmasında çox mühüm rol oynayır və nəzərə alınmalıdır.

§2. Torpaq mülkiyyəti onun iqtisadi reallaşdırma formaları



Aqrar münasibətlər özünün konkret formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyətə əsaslanır və bilavasitə torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdırılmasını nəzərdə tutur.

Torpağa sahib olmaq, ona sərəncam vermək və istifadə etmək bilavasitə torpaq üzərində mülkiyyətin formasından asılıdır və bu mülkiyyət formaları müxtəlif olduğundan yaranan münasibətlər də fərqli olacaqdır.

Belə ki, feodal torpaq mülkiyyəti əsasında formalaşacaq aqrar münasibətləri torpaq üzərində kapitalist mülkiyyətinə, yaxud torpaq üzərində dövlət mülkiyyətinə əsaslanan aqrar münasibətlərdən fərqli olacaqdır. Çünki müxtəlif mülkiyyət formaları bazasında yaradılacaq təsərrüfat formaları da başqa-başqa olacaqdır və buna görə də əməyin təşkili, torpaqdan götürülən gəlirin bölgüsü və mənimsənilməsi formalarının müxtəlifliyi ilə fərqlənəcəkdir.

Torpaq üzərində mülkiyyətin tarixən mövcud olmuş aşağıdakı formalarını göstərmək olar: icma torpaq mülkiyyəti, xüsusi torpaq mülkiyyəti (bunun da quldar, feodal və kapitalist torpaq mülkiyyəti kimi növlərini göstərmək olar), dövlət (ictimai) torpaq mülkiyyəti, bələdiyyə torpaq mülkiyyəti və s. Banklar və dini icmalar da ən böyük torpaq mülkiyyətçiləridir.

Torpaq mülkiyyətçisi onu iqtisadi cəhətdən reallaşdırıb ondan gəlir götürə bilər (iqtisadi səmərə əldə edə bilər). Torpaq mülkiyyətinin sahibi onu reallaşdırmağın müxtəlif mexanizmlərindən istifadə edə bilər. Bunu aşağıdakı yollarla reallaşdıra bilər:

  1. Sahibkar öz torpağında təsərrüfat təşkil edib, cürbə-cür məhsul götürə bilər.

  2. Torpağı icarəyə verib əvəzində icarə haqqı, renta ala bilər.

  3. Torpağından istifadəyə görə başqasından haqq ala bilər, gömrük haqqı ala bilər, vergi qoya bilər.

  4. Torpağı ömürlük başqasının istifadəsinə verib ondan müxtəlif formalarda gəlir götürə bilər.

  5. Torpağı satıb pul əldə edə bilər, girov qoyub müxtəlif məqsədlər üçün istifadə edə bilər (kredit götürə bilər).

Torpağın iqtisadi cəhətdən reallaşdırılması yalnız kənd təsərrüfatı ilə bağlı olan sahələrə deyil, sənaye və tikinti əhəmiyyətli torpaq sahələrinə də aiddir.

§3. Aqrar bölmədə istehsalın təşkili formaları.

Kəndli fermer təsərrüfatları. Aqrar-sənaye kompleksləri
Torpaq üzərində mülkiyyətin formasından asılı olaraq, ona əsaslanan cürbəcür təsərrüfat formaları yaradıla bilər. Bu formaların bir çoxu keçmişdə qalsa da onların adlarını yada salmaq artıq olmazdı. Bunlar aşağıdakılardır:

  1. İcma təsərrüfatı.

  2. Quldar təsərrüfatı – latifundiyalar.

  3. Feodal təsərrüfatı - təhkimli əməyinə əsaslanan malikanə təsərrüfatı (malikanələrdə muzdlu əməkdən istifadə oluna bilər).

  4. Kapitalist kəndli fermer təsərrüfatı.

  5. Kollektiv (kooperativ) kəndli təsərrüfatı.

  6. Ailə əməyinə əsaslanan fərdi kəndli təsərrüfatı.

  7. Dövlət mülkiyyətinə əsaslanan dövlət kəndli təsərrüfatı və s.

Bu təsərrüfatların hər birinə xas olan əmək təşkili formaları vardır və bu formalardan dünyanın ayrı-ayrı ölkələrində istifadə olunur. Bunlardan əməyin fərdi, icarə, kooperativ (kollektiv), xüsusi və dövlət təşkili formalarını göstərmək olar. Burada tətbiq olunan əmək azad adamın əməyi, qulun, təhkimli kəndlinin, muzdlu fəhlənin əməyi ola bilər.

Aqrar sahədə təşkil olunan müəssisələr öz məzmunu və xarakteri etibarilə müxtəlif olurlar. Müasir dövrdə dünyanın əksər ölkələrində torpaq üzərində təşkil olunmuş təsərrüfatlar bazar təbiətlidir, kapitalist təsərrüfatı kimi yaradılmışdır.

Kapitalizmin meydana gəlməsi ilə kapitalın fəaliyyət sferası genişlənir, o nəinki ticarəti, sənayeni və kredit-maliyyə sferalarını və habelə torpaq üzərində təsərrüfat qurmaq istəyən sahələri də əhatə edir.

Kapital kənd təsərrüfatını, hasilat sənayesini, meşə-ağac emalını, tikintini və digər sahələri öz fəaliyyət sahəsinə çevirir. Bu zaman torpaqla bağlı olan istehsal münasibətləri əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayır, əvvəllər mövcud olmuş torpaq mülkiyyəti yeni şəkil alır.

Kənd təsərrüfatı sferasında təşkil olunmuş kapitalist tipli təsərrüfatın əsas forması fermer təsərrüfatlarıdır. Kapitalizmdə fermer təsərrüfatlarının iki əsas növü mövcud olur: 1) muzdlu əməyə əsaslanan fermer təsərrüfatı; 2) ailə əməyinə əsaslanan kəndli fermer təsərrüfatı.

Torpaq üzərində kapitalist tipli təsərrüfatların yaranması və fəaliyyətində üç sinif iştirak edir: torpaq mülkiyyətçisi, torpağı icarəyə götürən sahibkar kapitalist (icarədar) və muzdlu fəhlələr.

Kapitalizm şəraitində torpaq üzərində iki növ inhisar formalaşır:

  1. Torpaq üzərində xüsusi mülkiyyət inhisarı;

  2. Təsərrüfat obyekti kimi torpaq üzərində inhisar.

Torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdırılmasında və aqrar münasibətlərin formalaşmasında hər iki inhisar növünün özünəməxsus rolları vardır.

Kapitalizm inkişaf etdikcə bilavasitə istehsalçı olan kəndlilərin əsas istehsal vasitəsi olan torpaqdan ayrılması prosesi baş verir ki, bu da muzdlu əməyin tətbiqinə və kapitalist təsərrüfat formasının yaranmasına səbəb olur. Bu cür proses hal-hazırda Azərbaycanda da baş verir, muzdlu əməyə əsaslanan kapitalist kəndli-fermer təsərrüfatları yaranır.

Müasir dövrdə aqrar bölmədə istehsalın təşkilinin ən başlıca forması Aqrar-Sənaye Kompleksinin (ASK) yaradılmasıdır. Belə komplekslərin yaranması kənd təsərrüfatı istehsalının sənaye əsasları üzərində qurulmasını nəzərdə tutur. ASK – üç sahəni özünə daxil edir:

I sahə – kənd təsərrüfatına istehsal vasitələri verən sənaye sahələri və kənd təsərrüfatına istehsal-texniki xidmət göstərən sahələr;

II sahə – kənd təsərrüfatının özü;

III sahə – kənd təsərrüfatı məhsullarını istehlakçılara çatdıran sahə (tədarük, emal, saxlama, daşınma, reallaşdırma).

Aqrar-Sənaye Kompleksində istehsalın inkişafını təmin edən infrastrukturun mühüm rolu vardır. Buraya aiddir: yol-nəqliyyat təsərrüfatı; maddi-texniki təchizat; rabitə; məhsulun saxlanılması sistemi (anbar, tara təsərrüfatı və s.); enerji, informasiya və s. sistemlər. ASK-nın inkişafında sosial infrastrukturların da lazımi səviyyədə olması tələb olunur. Müasir dövrdə müxtəlif sahələr qovuşaraq vahid təkrar istehsal orqanizmini təşkil edir.

Son məqsəd ölkənin ərzaq məhsullarına və kənd təsərrüfatı xammalına olan tələbatını ödəməkdir. Təkcə kənd təsərrüfatı bu vəzifənin öhdəsindən gələ bilməz. Bunun üçün ASK-nın bütün sahələri razılaşdırılmış, uyğun nisbətlərdə inkişaf etdirilməlidir.

Bəzi sənaye sahələri kənd təsərrüfatı profillidir və onun üçün işləyir. Bu kənd təsərrüfatı maşınları, kübrə, heyvandarlıq üçün avadanlıq istehsal edən zavodlardır. Bütövlükdə xalq təsərrüfatı sahələrinin yarıdan çoxu kəndə istehsal vasitələri verir. Bununla belə onlarla sahə kənd təsərrüfatı mənşəli xammal və materialla işləyir.

Beləliklə, ASK vahid xalq təsərrüfatı sisteminin mühüm tərkib hissəsidir və ölkə iqtisadiyyatında əvəzsiz rol oynayır.

§4.Torpaq icarəsi və icarə haqqı. İcarə haqqının tərkib ünsürləri
Torpaq mülkiyyətçisi ondan müxtəlif formalarda istifadə edib gəlir götürə bilər. Kapitalizm cəmiyyətlərində torpağı icarəyə verib gəlir götürmək forması geniş yayılmışdır. Torpağın sahibləri əsasən torpağın becərilməsilə məşğul olmur, ancaq torpağı icarəyə verirlər. Belə də ola bilər ki, torpağın sahibi torpağını özü becərsin, ancaq onun bir hissəsini icarəyə versin. Məqsəd torpaqdan gəlir əldə etməkdir.

Torpağın icarəsi – torpaqdan istifadə formasıdır ki, bu zaman torpaq mülkiyyətçisi özünün torpaq sahəsini müəyyən müddətə haqqı ödənilməklə, təsərrüfatçılıq etmək üçün, başqa bir şəxsə verir. Torpağı icarəyə götürən şəxs ondan istifadə haqqı olaraq torpaq mülkiyyətçisinə icarə haqqı verir. Torpağın icarəyə verilməsi və icarə haqqı müqavilə ilə müəyyən edilir.

Torpağın icarəyə verilməsi quldarlıq cəmiyyətində meydana gəlmişdir. Qədim Babilistan çarı Xammurapinin (b.e.ə.XVIII əsr) qanunlarında torpağın icarəyə verilməsi şərtləri ciddi şəkildə müəyyən edilmişdir: icarə qısamüddətli idi (1-2 ilə), icarə haqqı natural idi (məhsulun 1/3-i və ya 1/2-i) yaxud pul formasında ödənilirdi. Müasir inkişaf etməkdə olan ölkələrdə kəndlinin torpaqdan istifadəsinin əsas forması kimi icarədən istifadə olunur. Məsələn, İranda ailələrin 60%-i torpağı icarəyə götürür. Argentina və Panamada torpaqdan istifadənin 75%-ni icarə forması təşkil edir. İcarə haqqı pul yaxud məhsulla ödənilir, yaxud da sahibkarın torpağında işləməklə borcunu ödəməli olur.

Torpağın kapitalistcəsinə icarəyə verilməsi formasının meydana gəlməsilə icarə haqqı yeni məzmun kəsb edir. İcarə haqqı mexanizmi vasitəsilə həm torpaq icarəyə verilməzdən əvvəl ona qoyulmuş kapitalın geri qayıtmasını (amortizasiyasını) və həm də torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdırılmasının əsas forması kimi rentanı ödəməlidir. Deməli, icarə haqqı iki hissədən ibarətdir: renta və icarəyə verilmiş sahədə olan əsas kapitalın (tikililər, çoxillik bitkilər, yollar, suvarma sistemləri və s.) faizi.

Torpağın icarəyə verilmə müddəti müxtəlif ölkələrdə müxtəlifdir. İcarə müddəti uzun olduqda torpağı icarəyə götürən kapital sahibi torpağa əlavə xərc qoyub əlavə gəlir götürmək imkanı əldə edir. İcarəyə verən mülkiyyətçi isə çalışır ki, icarə müddəti qısa olsun. Bununla o, yeni müqavilə bağlayarkən icarə haqqını artırmaq imkanı əldə edir. Bu səbəbdən də torpağı icarəyə verənlə onu icarəyə götürən arasında daim mübarizə gedir.

Bəzi ölkələrdə, şəraitdən asılı olaraq, torpaq əvvəlki sahibləri olan iri feodalların əlində qalmışdır və onlar öz torpaqlarını müvəqqəti olaraq istifadə üçün başqalarına verirlər. Bu zaman torpaq sahibləri təhkimli kəndli əməyinin tətbiqini dayandırırlar.

Muzdlu əmək tətbiq etməklə torpağın icarəyə götürülməsi forması İngiltərədə, Niderlandda, Fransada və ABŞ-da geniş yayılmışdır.

Hazırda Qərb ölkələrində ümumi torpaq fondundan icarəyə verilən torpaqların azalması müşahidə olunur. Bu müxtəlif amillərlə bağlıdır:

1.Kimya sənayesində kənd təsərrüfatı xammalını əvəz edən çoxsaylı məhsullar istehsal olunur.

2.Kənd təsərrüfatı istehsalının təmərküzləşmə səviyyəsi yüksəlir, təmərküzləşmiş müəssisələrin rəqabət gücü artır və bunun nəticəsində də zəhmətkeş kəndlilərin və fermerlərin müflisləşməsi prosesi gedir.

3.Eyni bir şəxsdə torpaq mülkiyyətçisi ilə sahibkar birləşir, mülkiyyətçi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bütün bunların nəticəsində aqrar münasibətlərdə müəyyən dəyişikliklər baş verir.


§5. Renta və onun formaları. Differensial və mütləq renta



Torpaq mülkiyyəti formasından əldə olunan gəlir növü renta adlanır. Renta torpaq mülkiyyətinin iqtisadi cəhətdən reallaşdırılmasının başlıca formasıdır.

Renta (fr.rente, latınca – reddita – geriyə verilmiş) - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan və nisbətən sabit gəlir növüdür, onu torpaq mülkiyyətçisi əldə edir.

Torpaq üzərində mülkiyyətin tarixən müxtəlif formalarda olması rentanın da müxtəlif formalarda götürülməsinə səbəb olmuşdur. Rentanın feodal torpaq rentası və kapitalist torpaq rentası kimi formaları olmuşdur.

Feodal torpaq rentası üç başlıca formada ödənilmişdir:

  1. İşləyib ödəmə (biyar) – renta;

  2. Məhsul (töycü) – renta;

  3. Pul – renta.

Birinci halda təhkimli kəndli həftənin müəyyən günlərini əvəzsiz olaraq feodalın torpağında işləməlidir.

İkinci halda kəndli öz borcunu məhsul şəklində ödəyirdi.

Üçüncü halda kəndli məhsulu satıb onun pulunu torpaq sahibinə verməli idi.

Hər üç halda kəndli feodalın ona verdiyi pay torpağından istifadənin əvəzini ödəmiş olur, feodala müxtəlif formalı gəlir verirdi.

Kapitalist torpaq rentası – sahibkar kapitalistin icarəyə götürdüyü torpaqdan əldə etdiyi orta mənfəətdən artıq qalan və torpaq mülkiyyətçisinə verilən hissəsidir (K.Marsk). Torpaq mülkiyyətçisi öz torpağını sahibkarlıqla məşğul olan kapital sahibinə icarəyə verib əvəzində renta alır.

K.Marks təliminə görə renta muzdlu kənd təsərrüfatı fəhlələrinin əməyi ildə yaradılır və torpaq mülkiyyətçiləri tərəfindən mənimsənilir. Marksist yanaşma rentaya dair başqa nəzəriyyələrdən fərqlənir. Məsələn, fiziokratlar rentanı təbiətin bəxşişi hesab edirlər. Renta nəzəriyyəsi D.Rikardo tərəfindən geniş şəkildə inkişaf etdirilmişdir. O, ilk dəfə olaraq rentanı dəyər qanunu əsasında izah etməyə çalışmış və onu torpağın məhsulunun ictimai qiyməti ilə fərdi qiymətləri arasındakı fərq kimi izah etmişdir.

Kapitalist torpaq rentasının iki növü mövcuddur: differensial renta və mütləq renta. Rentanın mahiyyətini başa düşmək üçün belə bir suala cavab vermək lazımdır: necə olur ki, torpağı icarəyə götürən sahibkar-kapitalist torpağa kapital qoymaqla özü də mənfəət götürür və orta mənfəətdən artığını da renta şəklində torpaq mülkiyyətçisinə verir? Bu artıq mənfəət hansı şəraitdən asılı olaraq yaranır?

Qoyulan sualın cavabını vermək üçün sənaye və kənd təsərrüfatında əlavə (üstəlik) mənfəətin yaranma mexanizmini aydınlaşdırmaq lazımdır.

Sənayedə istehsala yeni texnika tətbiq edib məhsulun fərdi istehsal qiymətini ictimai istehsal qiymətindən aşağı salan sahibkar əlavə mənfəət götürə bilir. Əgər inhisar mövcud deyilsə, bu əlavə mənfəət müvəqqəti olacaq. Çünki eyni sahənin qalan sahibkarları da xəbər tutan kimi, yeni texnikanı tətbiq edəcək və başqaları kimi mənfəət götürəcəkdir. Əlavə mənfəət götürmək üçün yeni cəhdlər ediləcək, yeni texnika tətbiq etmək lazım gələcək.

Kənd təsərrüfatında isə vəziyyət başqadır. Əvvəla, əsas istehsal vasitəsi olan torpağın özü məhduddur. Onun təbii münbitliyi və məkanca yerləşməsi adamlardan asılı deyildir. Torpağın bir çox parametrləri, o cümlədən də onun iqlim şəraiti, məkanca yerləşdiyi yer min illərlə dəyişməz qalır. Torpaq sahələri təbii münbitliyinə görə müxtəlif olur (münbit, orta münbit, az münbit, pis torpaqlar).

İkincisi, cəmiyyətin artan tələbatını ödəmək üçün yalnız yaxşı, məhsuldar sahələri becərmək kifayət etmir. Buna görə də cəmiyyətin tələbatını ödəmək üçün orta və aşağı münbitlikdə olan, bazardan, satış məntəqələrindən uzaq məsafələrdə yerləşən torpaq sahələri də becərilməlidir.

Üçüncüsü, müxtəlif vəziyyətdə olan torpaq sahələrində məhsul vahidinin istehsalına çəkilən xərclər müxtəlif olacaqdır. Belə ki, yaxşı torpaqda istehsal olunan məhsul ucuz (məhsuldarlıq səviyyəsi yüksək olacaq), pis torpaqlarda istehsal olunan məhsul baha başa gələcəkdir (məhsuldarlıq səviyyəsi aşağı olduğuna görə). Əgər məhsullar yaxşı torpaqda istehsal olunan məhsulun qiymətilə satılsa, onda pis torpaqda istehsal olunan məhsullar ucuz satılar və nəticədə bütün sahələr becərilməz. Buna görə də sənayedən fərqli olaraq kənd təsərrüfatı məhsulları üçün ictimai qiymət (bazar qiyməti) kimi pis torpaqda (az münbit və məkanca uzaq olan torpaqlar) istehsal olunmuş məhsulun qiyməti götürüləcək və bütün məhsullar bu qiymətlə satılacaq. Nəticədə orta və yaxşı torpaq sahələrindən əlavə gəlir götürüləcəkdir. Bu əlavə gəlir pis torpaqlarda istehsal olunmuş məhsulun qiymətilə (ictimai iətehsal qiyməti) orta və yaxşı torpaqlarda istehsal olunmuş məhsulların fərdi qiymətləri arasındakı fərqdir. Götürülən bu əlavə gəlir daimi olacaqdır.

Dördüncüsü, torpaq sahələri becərilir, biri münbitdir, digəri isə pis torpaqdır, başqa birisi isə orta münbitliyə malikdir. Hər üç sahədə təsərrüfat təşkil olunur, məhsul becərilir. Təsərrüfat obyekti kimi torpaq üzərində inhisar var, kim hansı torpağı becərirsə, həmişə də onu becərməli olacaqdır, istəsə də, istəməsə də bəxtinə nə cür torpaq çıxıbsa onunla da məşğul olmalı, becərməlidir. Buna görə də torpağın münbitliyi və məkanca yerləşməsindən asılı olaraq əlavə mənfəət götürüləcəkdir və bu differensial (fərq) renta adlanır.

Differensial renta I və II olur.

I Differensial renta – torpağın təbii münbitliyindəki fərqlə və məkanca müxtəlif məsafələrdə yerləşməsilə bağlıdır. Torpağın təbii münbitliyindəki fərq müxtəlif münbitlikdə olan eyni bir torpaq sahəsinə bərabər miqdarda kapital qoyulduqda müxtəlif miqdarda məhsulun götürülməsində özünü göstərir. Belə olduqda məhsulun fərdi qiymətləri fərqli olacaqdır və eyni bazar qiymətinə satıldığı üçün əldə olunan gəlirin miqdarı da müxtəlif olacaq. Məkanca bazara yaxın olan torpağı becərən kapital sahibləri, bazardan uzaq olan torpağı becərənlərə nisbətən az nəqliyyat xərci ilə öz məhsullarını bazara çıxaracaq və əlavə gəlir götürəcəkdir.

I Differensial rentanın əmələ gəlmə mexanizmini aşağıdakı cədvəlin köməyilə aydın başa düşmək olar.


Torpaq sahələri

Sərf olunan ka kapitalın miqdarı

Eyni miqdar kapital üçün bərabər mən-fəət

Məhsul-sentnerlə

Hər sentne-

rin istehsal qiyməti

Hər sentnerdən I differensial renta

Bütün məhsulun istehsal qiyməti

I differensial rentanın ümumi məbləği













fərdi

icti-mai






fərdi

ictimai




1

100

20

6

20

30

10

120

180

60


2

100

20

5

24

30

6

120

150

30


3

100

20

4

30

30

0

120

120

0



II Differensial renta – torpağa əlavə kapital qoyulması, elmi-texniki tərəqqi nailiyyətlərindən istifadə etməsi sayəsində torpaqdan götürülən əlavə mənfəətdir. Elmin nailiyyətlərindən istifadə etməklə torpağın iqtisadi münbitliyi artırılır. Nəticədə torpağın məhsul verimi artır, əlavə olunmuş məhsulun satışından əlavə mənfəət əldə olunur ki, bu da II differensial rentanı təşkil edir. Torpaq sahəsi icarədə olduğu müddətdə II differensial rentanı icarədar kapitalist mənimsəyir. İcarə müqaviləsi təzələndikdə isə II differensial renta müqavilə üzrə torpaq mülkiyyətçisinə çatır.

Mütləq renta. Sual oluna bilər ki, əgər pis torpaq sahələri renta vermirsə, sahibi onu nə üçün icarəyə verir? Torpaq üzərində xüsusi mülkiyyət inhisarı olduğu kapitalizm cəmiyyətində ən pis torpaqların da sahibi var. Ehtiyac olduğundan ən pis torpaq sahələri də icarəyə verilir. Bu cür torpaq sahələrinin becərilməsinə daha çox əmək sərf olunur. Sənaye ilə müqayisədə kənd təsərrüfatında texnikadan istifadə səviyyəsi aşağıdır. Buna görə də pis torpaq sahələrində istehsal olunan məhsul həddindən artıq baha başa gəlir və əsasən öz dəyərinə satılır. Çünki, kənd təsərrüfatı məhsulunun bazar qiymətinə mütləq renta da daxil edilir. Nəticədə ictimai istehsal qiymətilə kənd təsərrüfatı məhsullarının bazar qiymətləri arasında fərq yaranır ki, bu fərq mütləq rentanı təşkil edir. Mütləq rentanı inhisarçı olan torpaq mülkiyyətçisi mənimsəyir.

İnhisar rentası. Xüsusi əlverişli təbii şərait subtropik bitkilər, çay, pambıq və s. becərməyə imkan verir. Bu cür məhsullar inhisar qiymətləri ilə satılır, inhisar qiymətləri isə bir qayda olaraq məhsulun fərdi dəyərindən yüksək olur ki, bu da torpaq mülkiyyətçisinə inhisar rentası almağa imkan yaradır.

Hasilat sənayesi və tikinti sahələrində renta. Enerji daşıyıcıları və digər faydalı qazıntıların yerdən çıxarılması ilə bağlı fəaliyyət göstərən hasilat sənayesində də renta kənd təsərrüfatında yarandığı qaydaya uyğun olaraq mövcud olur. Faydalı qazıntılar, neft, qaz və digər hasil olunacaq təbii sərvətlər yerin müxtəlif dərinliklərində yerləşir, onların ehtiyatları da eyni deyildir və buna görə də onların hasilatına çəkilən xərclər də eyni deyildir. Hasilat sənayesində də məhsulların bazar qiyməti ən pis şəraitdə çıxarılan məhsulun qiymətinə uyğun olaraq müəyyən edilir. Buna görə də daha əlverişli sahələrdən az məsrəflə çıxarılan faydalı qazıntıların satışından əlavə gəlir yaranacaq ki, bu differensial rentadır və torpaq mülkiyyətçisi tərəfindən mənimsənilir.

Torpaq mülkiyyətçisi tikinti aparmaq məqsədilə torpağı icarəyə götürəndən də renta alır (icarə haqqı kimi). Differensial rentanın miqdarı tikinti aparılan sahənin harada yerləşməsindən (şəhərin kənarında, yaxud mərkəzində) asılı olur. Differensial rentanın yüksək olması mənzillərin qiymətinin qalxmasının əsas səbəblərindəndir. Bu isə böyük şəhərlərdə mənzil probleminin həllini çətinləşdirir, mənzilə ehtiyacı olanların sayı getdikcə artır.


§6.Torpaq bazarı və torpağın qiyməti



Bazar iqtisadiyyatı şəraitində digər şeylər kimi torpaq da alqı-satqı obyekti olur, torpaq bazarındakı tələb və təklifdən asılı olaraq alınıb satılır. Ancaq becərilməmiş (xam torpaq), heç bir əmək sərf edilməmiş, kapital qoyulmamış torpaq sahəsinin dəyəri yoxdur. Belə olduğu halda torpağın qiyməti nə ilə və necə müəyyən olunur? Hər şeyin alqı-satqı obyekti olduğu bir şəraitdə elə şeylər var ki, onların qiyməti dəyərilə deyil istifadə edilməsindən əldə olunan gəlirə görə, faydalılığına görə müəyyən olunur. Bu cür əmtəələrin qiyməti irrasional qiymət adlanır. Torpaq da irrasional qiyməti olan əmtəədir. Torpağını satan mülkiyyətçi, ilk növbədə ona çalışır ki, torpaqdan əvvəl əldə etdiyi gəliri itirməsin. Buna görə də torpağı satıb pulunu xərcləmək olmaz. Torpaq mülkiyyətçisi torpağını satıb əldə etdiyi pulu banka qoyub faiz götürməklə əvvəlki gəlirini saxlaya bilər. Bunun üçün torpağın sahibi onu elə bir pul məbləğinə satmalıdır ki, həmin pulu banka qoyduqda onun gətirdiyi faiz torpaqdan götürdüyü rentaya bərabər olsun. Eyni zamanda torpağı alan şəxs də mövcud şəraitdə bankın faizi ilə torpağın verdiyi rentanın məbləğini müqayisə edir və torpağı almağın, yoxsa pulu banka qoyub faiz götürməyin əlverişli olduğunu müəyyənləşdirməyə çalışır. Göründüyü kimi torpağın qiyməti kapitallaşmış rentadır (faiz gətirən pul kapitaldır).

Bərabər şəraitdə torpaqdan götürülən rentanın miqdarı onun qiymətinin müəyyən edilməsində həlledici rol oynayır. Torpağın qiyməti həmçinin bankın verdiyi faizdən asılıdır. Borc faiz norması qədər yüksək olarsa torpağın qiyməti bir o qədər aşağı olar. Deməli, torpağın qiyməti rentanın kəmiyyəti ilə düz, borc faiz norması ilə tərs mütənasibdir. Onu bu formula ilə ifadə etmək olar:



burada: - torpağın qiyməti; - torpaq rentası, - faiz normasıdır.

Rentanın məbləği dəyişməz qaldığı şəraitdə borc faiz dərəcəsi azalarsa torpağın qiyməti arta bilər. Torpağın qiyməti ona olan tələb və təklifdən də asılı olaraq dəyişir. Aydındır ki, təklif olunan torpaq sahələri dəyişməzdir. Ancaq yüksək tələbat olduqda yararsız, bataqlıq, şoranlaşmış torpaq sahələri də satıla bilər. Bütövlükdə götürüldükdə satmaq üçün təklif olunan torpaq sahələri azalır, ona olan tələb isə artır. Bu isə torpağın qiymətinin müntəzəm olaraq artmasına səbəb olur.

Bazar münasibətlərinin genişləndiyi Azərbaycanda da torpağın qiyməti sürətlə artır. Bu xüsusilə Bakıda və digər böyük şəhərlərdə daha aydın müşahidə olunur. Torpağın qiymətinin artması həm hər nəfərə düşən torpaq sahəsinin və həm də yararlı torpaq sahələrinin azalması ilə bağlıdır. Bu azalma aşağıdakı səbəblərlə bağlıdır: əhalinin artması və yararlı torpaqların tikinti üçün ayrılması; torpaqların şoranlaşması və erroziyaya uğraması; sənaye obyektlərinin, hərbi bazaların, inzibati binaların yararlı torpaqlarda yerləşdirilməsi; nəqliyyat-kommunikasiya sistemlərinin genişlənməsi və s.

Azərbaycan ərazilərinin 20 %-nin erməni işğalçılari tərəfindən işğal edilməsi nəticəsində torpaqların azalması da torpaq bazarına öz təsirini göstərir və onun qiymətinin artmasına səbəb olur. Bundan əlavə daşınmaz əmlak bazarının, ipoteka sisteminin lazımi səviyyədə formalaşmaması və bu sahədə təcrübənin olmaması da torpağın alqı-satqısında, onun qiymətinin müəyyən edilməsində özbaşınalığa, hərcmərcliyə səbəb olur. Bütün bunlar isə sivil torpaq bazarının formalaşması prosesini ləngidir.

§7. Azərbaycanda aqrar islahatlar və əsas məqsədlər


XX əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində baş vermiş dəyişikliklərin nəticəsində keçmiş sovetlərə məxsus iqtisadi sistem və o cümlədən də aqrar sahə dağılmış, dərin böhran vəziyyətinə düşmüşdür. 1990-1995-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalı nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür. Belə ki, 1990-cı ilə nisbətən 1995-ci ildə taxıl istehsalı 34,8 %, pambıq 49,6 %, tütün 84,1 %, kartof 84,1 %, tərəvəz 50,5 %, üzüm 74,2 %, çay 69,4 %, ət 54,2 %, süd 14,5 %, yun istehsalı 19 % aşağı düşmüşdür. Kənd təsərrüfatında yaranmış vəziyyət emal sahəsinə də öz təsirini göstərmiş, emal müəssisələri üzrə əsas məhsul növləri istehsalında azalma olmuşdur.

Aqrar sahədə mövcud böhranın aradan qaldırılması, kənd təsərrüfatı məhsulları istehsalının stabilləşdirilməsi, istehsalçıların təsərrüfat-maliyyə fəaliyyətinin rentabelliyinin təmin edilməsi məqsədilə əsaslı iqtisadi islahatların həyata keçirilməsi, mülkiyyət münasibətlərinin dəyişdirilməsi, yeni tip təsərrüfat formalarının təşkili obyektiv zərurətə çevrilmişdir. Respublikamızda islahatların aparılmasının zəruriliyi kənddə təsərrüfatsızlıq hallarının artması, kənd əhalisinin həyat şəraitinin pisləşməsi ilə sıx bağlı olmuşdur.

Xalq təsərrüfatının bir çox sahələrinin inkişafı aqrar sahənin inkişafından asılıdır, onunla bağlıdır. Belə ki, bu sahə ölkə əhalisinin istehlak şeylərinə olan tələbatının təxminən 75 %-ni ödəyir. Respublika xalq təsərrüfatında çalışan əmək adamlarının təxminən 25-30 %-indən çoxu aqrar sahədə çalışır və milli məhsulun 35-40 %-nə qədərini yaradırlar. Yeyinti sənaye məhsullarının 60-70 %-i kənd təsərrüfatı məhsulları hesabına baş verir. Belə bir əhəmiyyətli sahədə islahatlar keçirib, onu bazar münasibətləri əsasında yenidən qurmaq başlıca bir vəzifə kimi qarşıya çıxır və bu vəzifəni yerinə yetirmək üçün islahatlar həyata keçirilir.

1991-ci ildən başlayaraq, ölkədə aqrar islahatları həyata keçirmək üçün 40-dan artıq hüquqi-normativ sənəd hazırlanmışdır. İslahatların hüquqi əsasını Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş «Torpaq məcəlləsi», «Mülkiyyət haqqında», «Torpaq vergisi haqqında», «Aqrar islahatların əsas istiqamətləri haqqında», «Kolxoz və sovxozların islahatı haqqında» qanunlar, «Sovxoz və kolxozların əmlakının bölüşdürülməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydası» və digər normativ-hüquqi sənədlər təşkil edir.

İslahatların nəticəsində 1970 kolxoz və sovxoz, bütün kənd təsərrüfatı müəssisələri və habelə yeyinti məhsulları və texniki bitkilər emal edən və kəndə xidmət göstərən müəssisələr özəlləşdirilmişdir.

İslahatların gedişində sovxozların bazasında 41 dövlət toxumçuluq və damazlıq müəssisələri yaradılmış, qalan təsərrüfatların əmlakı və torpaqları qanunvericiliyə uyğun olaraq kənd əhalisi arasında bölünmüşdür. İslahatlara qədər kolxoz və sovxozların istifadəsində 1.460 min hektar əkinə yararlı torpaq sahəsi (ölkənin bütün torpaqlarının 16,8 %-i) olmuşdur. Müharibə nəticəsində işğal altında olan ərazilərdə 300 min hektar əkin sahələri və çoxillik əkmələr qalmışdır.

İslahatların nəticəsində 1.392 min hektar torpaq sahəsinin 1.351 min hektarını (97 %-i), 3.497 min nəfəri birləşdirən 870 min ailə arasında bölüşdürülərək onların əbədi mülkiyyətinə verilmişdir.

İslahatlar aparılan təsərrüfatların 2.662 milyard (köhnə pulla) manat əmlakı olmuşdur. Həmin əmlakın 183 mlrd. manatlığı dövlətdə, 610 mlrd. manatlığı bələdiyyə mülkiyyətində saxlanmış, 1.870 mlrd. manatlığını isə təsərrüfatların üzvləri almışlar. Onlara 63 mindən artıq maşın-traktor, 4 mindən artıq heyvandarlıq binaları, 454 min başdan artıq iri buynuzlu mal-qara, 1,9 milyon başdan artıq qoyun-keçi və s. verilmişdir. Əmlak payı alanların sayı 800 min nəfərə qədər olmuşdur.

Kənd təsərrüfatı və yeyinti məhsulları emal edən, kəndə texnika və kimya xidməti göstərən bütün müəssisələr dövlətsizləşdirilib və özəlləşdirilmişdir. İslahatların nəticəsində kənddə yeni təsərrüfat forması kimi fermer təsərrüfatları yaranmışdır. Bu təsərrüfatların sayı 2000-ci ildə 3248, 2002-ci ildə 2589, 2004-cü ildə 2661 olmuşdur. Bu təsərrüfatlar əsasən xüsusi mülkiyyət bazasında yaradılmış, ailə əməyi və muzdlu əməkdən istifadə olunmaqla fəaliyyət göstərir. Aqrar islahatların nəticəsində kənddə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılmışdır və dövlət bu sahəyə xüsusi qayğı göstərir. Aqrar islahatların dərinləşdirilməsi, sahibkarlığın inkişafına kömək məqsədilə bir neçə mühüm dövlət sənədi qəbul edilmişdir. Belə ki, 22 mart 1999-cu il tarixli fərmana əsasən kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilmiş, bu vergilərə görə əvvəlki bütün borclar silinmiş, onlara neft məhsullarının pərakəndə satışında 2 il güzəştlər verilmişdir. Digər fərman və qanunla aqrar islahat nəticəsində ləğv olunmuş kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, banklara və dövlət müəssisələrinə yaranmış borcları silinmişdir. Kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam liberallaşdırılmış, yanacaq, texnika, kübrə və s. kənd təsərrüfatı üçün vacib olan məhsulların güzəştli qiymətlərlə satışı həyata keçirilir, qiymətlər artdığı şəraitdə dövlət müəyyən kompensasiya ödəyir.

Aqrar sahədə kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, nəqli, saxlanılması, emalı və satışı ilə məşğul olan təsərrüfat, müəssisə və bölmələrin bir vahiddə, yəni Aqrar-Sənaye Kompleksləri halında formalaşdırılması da aqrar islahatların məqsədlərindəndir. Bu sahədə islahatlar, o cümlədən də özəlləşdirmə müxtəlif təsərrüfat formalarının yaradılmasına gətirib çıxarmışdır. Bu təsərrüfatlara, xüsusi sahibkarlığın payı bəlli təsərrüfatlar, Aqroservis, səhmdar cəmiyyətləri, assosiasiyalar, müştərək müəssisələr və s. aiddir. Çoxukladlı təsərrüfatçılıq şəraitində aqrar-sənaye istehsalının səmərəliyini yüksəltmək üçün kənd təsərrüfatı məhsullarının istehsalından hazır məhsulun istehlakçıya çatdırılmasınadək bütün vəsilələr arasında texniki, texnoloji və təşkilati-iqtisadi əlaqələrin dövlət tərəfindən tənzimlənməsi olduqca vacibdir. Bu zaman aqrar bölmədə kiçik və orta sahibkarlığın inkişafına üstünlük verilməli və burada inhisarçılığa yol verilməməlidir.

Kənddə aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik şəkildə inkişaf etdirilməsinə möhkəm zəmin yaratmış və ilbəil yüksək nəticələr əldə edilmişdir. Əgər 1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı orta hesabla ildə 12 % aşağı düşürdüsə, artıq 1996-2004-cü illərdən başlayaraq (1997-ci il istisna olmaqla) ümumi məhsul istehsalı orta hesabla 7 faiz artmış və 2003-cü ilə nisbətən 2004-cü ildə bu artım 4,6 faizə bərabər olmuşdur. 2004-cü ildə ölkədə 2158,2 min ton taxıl, 930,4 min ton kartof, 1076,2 min ton tərəvəz məhsulu istehsal edilmişdir. Bu dövr ərzində kənd təsərrüfatı istehsalının quruluşu xeyli yaxşılaşdırılmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası aqrar bölmənin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bununla yanaşı, aqrar sahəyə dövlət tərəfindən verilən bütün imtiyazlar, kreditlər, investisiya şirkətinin, «Aqrolizinq»in yaradılması, texnikanın alınması, kəndlilərə kübrə və yanacaq almaq üçün 80 milyon manat həcmində vəsaitin ayrılması onun inkişafına böyük təkan vermişdir. Təkcə 2006-cı ildə 500-ə yaxın kənd təsərrüfatı müəssisəsi tikilmişdir ki, bu da yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Görülən bütün tədbirlər nəticəsində 2006-cı ildə kənd təsərrüfatının ümumi məhsulu 11 milyon manat və ya 5 faiz artaraq 109 milyon manata çatmışdır.

Bütün bunlar onu göstərir ki, aqrar bölmənin bazar münasibətləri əsasında, sosial yönümdə inkişaf etdirilməsi ölkəmizin müstəqil inkişafında çox böyük rol oynayacaq, əhalinin ərzağa olan tələbatının əsasən yerli məhsullar hesabına ödənilməsini təmin edəcəkdir.
BÖLMƏ 3. MAKROİQTİSADİYYAT

XI Fəsil

MAKROİQTİSADİYYAT (MİLLİ İQTİSADİYYAT)

ONUN GÖSTƏRİCİLƏRİ



1. Makroiqtisadiyyat – milli iqtisadiyyat vahid bir tam kimi. Mezoiqtisadiyyat.

2. Makroiqtisadiyyatın əsas cəhətləri.

3. Milli iqtisadiyyatda gəlirlər və xərclərin dövriyyəsi.

4. Makroiqtisadi göstəricilər sistemi. Ümumi Daxili Məhsul (ÜDM) və onun hesablanma üsulları (metodları). Qiymət indeksinin gəlir göstəricilərinə təsiri.

5. Milli gəlir (MG) və onun bölgüsü. Sərəncamda qalan gəlir.
§1.Makroiqtisadiyyat – milli iqtisadiyyat vahid bir tam kimi.

Mezoiqtisadiyyat
Makroiqtisadiyyat (yun. Makro - böyük) milli təsərrüfatı vahid bir tam halında birləşdirən münasibətlər sistemidir. Makroiqtisadiyyat bütövlükdə götürülən milli təsərrüfatın özüdür.

Müasir milli təsərrüfatı üç səviyyədə öyrənirlər, bu onun təşkilinin üç səviyyəsi ilə bağlıdır: 1. Aşağı səviyyə (mikroiqtisadiyyat); 2. Orta səviyyə (mezoiqtisadiyyat); 3. Yuxarı səviyyə (makroiqtisadiyyat). Bu səviyyələrin hər birinin öz xarakterik cəhətləri vardır və onlar aşağıdakı iqtisadi əlamətlərinə görə fərqlənirlər.

1. Əmək bölgüsü və əmək kooperasiyasının dərəcəsinə görə;

2. Mülkiyyətin tipinə (formasına) görə;

3. Təsərrüfatın təşkilinin formasına görə;

4. İdaəretmə növünə görə.

Əvvəlki mövzularda təsərrüfatın aşağı pilləsi, yəni firma,bazar və ev təsərrüfatı səviyyəsində olan mikroiqtisadiyyat haqqında danışılmışdır. Maddi və mənəvi nemətlərin mikroiqtisadi səviyyədə istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesini öyrəndik. Biz öyrəndik ki, mikroiqtisadiyyat tək əmək bölgüsü, sadə əmək kooperasiyası, xüsusi mülkiyyət və azad bazar münasibətləri əsasında fəaliyyət göstərir.

Lakin məhsuldar qüvvələrin inkişafı nəticəsində təsərrüfatın təşkilinin yeni pilləsi formalaşır. Bu orta pillə olan mezoiqtisadiyyatdır. Mezo – yunanca – mesos – aralıq, orta mənasını verir.

Mezoiqtisadiyyat istehsalın təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində formalaşır. İri həcmli birliklər, kombinatlar, komplekslər yaranır. Hətta texnoloji cəhətdən əlaqəsi olmayan konqlomeratlar yaranır. Məsələn, avtomobil zavodları birliyi (eyni texnologiyaya əsaslanan müəssisələrin birliyi), toxuculuq kombinatı, kimya kombinatı (burada xammalı eyni mənbədən alan, yaxud birinin məhsulu digəri üçün xammal olan müəssisələrin birliyi) və yaxud maliyyə cəhətdən müdafiə olunmaq üçün müxtəlif sahənin müəssisələrinin birliyi olan konqlomerat (bank, gəmiqayırma, mehmanxana kimi müəssisələr birliyi). İnhisar birlikləri formaları da mezoiqtisadiyyata aiddir.

Payçılıq əsasında yaradılan səhmdar cəmiyyətlər də iştirakçıların böyük həcmdə kapitalı əsasında fəaliyyət göstərir. Müxtəlif inhisar birliklərinin qovuşması əsasında maliyyə kapitalı yaranır və bu kapitalın çoxsaylı filialları fəaliyyət göstərir və ana cəmiyyət qız və nəvə cəmiyyətləri üzərində nəzarəti həyata keçirir. Hazırda dünya iqtisadiyyatında əsas gücə malik olan TMK-da ana cəmiyyətlərə tabedir. İri səhmdar kapital bir neçə səhmdar cəmiyyətin nəzarət paketinə sahib olmaqla onlara rəhbərliyi öz əlinə alır (bu holdinq nəzarəti adlanır).

Maliyyə kapitalı nəinki maddi istehsal sahələrini, bank kapitalını, habelə qeyri-bank maliyyə-kredit təşkilatlarını (müxtəlif fondları, sığorta cəmiyyətlərini və s.) özlərinə tabe edir.

ETİ dərinləşməsi ilə istehsalın və kapitalın daha da mərkəzləşməsi nəticəsində (XX əsrin II yarısında) mürəkkəb strukturlu maliyyə-sənaye qrupları yaranır. Bu mezoiqtisadi sistemdə yeni bir struktur halqası idi. Bu cür qruplara sənaye müəssisələri, maliyyə-kredit idarələri, ticarət təşkilatları, elmi-tədqiqat institutları, konstruktor büroları və s. daxil olur.

XX əsrin II yarısından etibarən ən iri istehsal birliklərində istehsalın diversifikasiyası (lat. müxtəlif və etmək) baş verir, yəni kompaniyaların buraxdığı məhsulların növlərinin sayı artır. Nəticədə istehsal birliyi çoxsahəli mürəkkəb kompleksə çevrilir. Məsələn, ən iri kimya kompaniyaları minlərlə adda məhsul buraxır. Bütün bunlar mezoiqtisadi səviyyə üçün xarakterik olan əmək bölgüsü və əmək kooperasiyası sayəsində mümkün olur.

Mezoiqtisadi səviyyədə inteqrasiya başqa tip mülkiyyət əsasında baş verir. Burada istehsal vasitələri və istehsalın nəticələri payçılıq qaydasında mənimsəməyə əsaslanır.

Mezoiqtisadi sistem bazar münasibətləri dairəsini daraldır. Maliyyə istehsal qrupuna daxil olan müəssisə, təşkilatlar öz aralarında qeyri-bazar əlaqələrinə girirlər. Nəticədə bazar məkanı daralır. Məsələn, trestə və kombinata daxil olan zavod müstəqil bazar əlaqəsini itirir, çünki o iqtisadi cəhətdən müstəqil deyildir. Bir çox hallarda iri korporasiyalar bazarla bilavasitə əlaqə saxlayır və öz məhsullarının satışın başqa, kiçik firmalara həvalə edir və bu françayzinq xidməti adlanır.

Françayzinq – baş korporasiya kiçik müəssisələrə lisenziya satmaqla və əmtəə və xidmətlərin istehsalı və satışına icazə verir. Məsələn, 1800 amerika korporasiyası öz əmtəələrini 0,5 mln. kiçik müəssisələr vasitəsilə satmışdır (1985-ci ildə).

Bütün bu deyilənlər mezoiqtisadiyyatın bazarı inhisarlaşdırmağa meylli olduğunu göstərir. Kartel, sindikat, konsern və trest kimi inhisar birliyi formaları da mezoiqtisadi sistemə daxildir..

Nəhayət, mezoiqtisadiyyat iqtisadiyyatı idaər etməyin yeni formalarını yaradır. İri istehsal birliklərində planlı özünüidarə sistemi mövcuddır. Onlar istehsalı da, satışı da planlı həyata keçirirlər. Maliyyə sənaye qruplarına (MSQ) daxil olan çoxsaylı sahələr arasında uyğun proporsiyaların saxlanılması tələbi planlı idarəetməni zəruri edir və bu səviyyədə iqtisadiyyat yüksək dərəcədə planlı idarə olunur.

Göründüyü kimi, mikroiqtisadiyyat və mezoiqtisadiyyatlar öz səviyyələrinə görə fərqlənirlər. Bunu aşağıdakı cədvəldən də aydın görmək olar1.


Fərqlərin meyarları

Təsərrüfatın səviyyəsi





Mikroiqtisadi müəssisələr

Mezoiqtisadi sistem


Əmək bölgüsü kooperasiyasının növü

Tək əmək bölgüsü və sadə kooperasiya, fabrika

Xüsusi əmək bölgüsü, sahələrarası kompleks, iqtisadi inteqrasiya (MSQ)


Mülkiyyət tipi

Xüsusi mənimsəmə

Ümumi pay bölgüsü əsasında mənimsəmə


Təsərrüfatın təşkili növü

Kiçik müəssisələr arasında azad bazar əlaqələri

Mezosistem daxilində qeyri-bazar və kvazibazar əlaqələri

Təsərrüfat fəaliy-yətinin tənzimlənməsi forması

Bazarın tənzimləyici təsiri (qiymət sistemi)

Mezosistemdə planlı özü-nüidarə


Mezoiqtisadi sistem mikroiqtisadiyyatı makroiqtisadiyyatla birləşdirən aralıq bir halqadır. Mikroiqtisadiyyat da, mezoiqtisadiyyat da hər ikisi makroiqtisadi sistemə, yəni vahid milli iqtisadiyyata daxildirlər. Onlar milli iqtisadiyyatın tərkibinə daxil olan müxtəlif səviyyələrdir və yalnız makroiqtisadi səviyyəyə aid olan münasibətlərlə birlikdə vahid milli iqtisadi sistemin bütövlüyünü təşkil edirlər.
§2. Makroiqtisadiyyatın əsas cəhətləri
İqtisadiyyatın müxtəlif səviyyələrdə öyrənilməsi heç də hamı tərəfindən qəbul edilmir. Məsələn, İngilis klassik siyasi iqtisad iqtisadiyyatı bütövlükdə öyrənməmişlər, fərdi və ictimai kapitalı ayrı-ayrılıqda tədqiq etməmişlər. Onlar milli miqyasda fəaliyyət göstərən dövlətin və digər institutların fəaliyyətini lazımı səviyyədə tədqiq etməmişlər.

Yalnız fiziokratiya məktəbinin banisi F.Kene ilk dəfə olaraq ictimai istehsalı tam şəkildə öyrənməyə cəhd göstərmişdir. O illik məhsulun üç sinif arasında neçə dövr etdiyini «İqtisadi cədvəl» izah etməyə çalışmışdır.

İctimai kapitalın cəmiyyət miqyasında təkrar istehsalına dair mükəmməl nəzəriyyəni K.Marks yaratmışdır. O bütövlükdə cəmiyyət miqyasında ictimai məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesini özünün «Kapital» əsərində geniş şərh etmişdir.

XIX əsrin sonuncu rübündə iqtisadi nəzəriyyədə meydana gəlmiş neoklassik istiqamət milli təsərrüfatı kiçik iqtisadi formalara ayırıb tədqiq edir, ağacın arxasında meşəni görmək istəmir.

XIX əsrin sonu və XX əsrin əvvəllərində mezoiqtisadiyyatın yaranması və dövlətin iqtisadi proseslərin tənzimlənməsinə fəal müdaxilə etməsi iqtisadiyyatın bütövlükdə cəmiyyət miqyasında öyrənilməsinin zəruri olduğunu göstərdi. Görkəmli ingilis iqtisadiçısı C.Keyns sübut etdi ki, dövlətin iştirakı olmadan sabit iqtisadi artıma nail olmaq və işsizliyi aradan qaldırmaq olmaz. Bununla da Keyns bütövlükdə götürülən xalq təsərrüfatının nəzəri cəhətdən öyrənilməsini önə çəkdi və mikroünsürlərə xalq təsərrüfatının tərkib hissəsi kimi baxmağı lazım bildi.

Beləliklə, indiyə kimi iqtisadi nəzəriyyədə iki nisbi müstəqil hissə: mikro- iqtisadiyyat və makroiqtisadiyyat qalır və öyrənilir. Ancaq bu cür bölgünün tərəfdarları və əleyhdarları vardır. Lakin fakt budur ki, mikroiqtisadiyyat və makroiqtisadiyyat müstəqil bölmələr kimi tədris olunur. Bu da faktdır ki, vahid olan iqtisadiyyatın müxtəlif səviyyələri arasında fərqli cəhətlərlə yanaşı ümumi prinsiplər də vardır və onlar nəzərdən qaçırılmamalıdır.

Makroiqtisadiyyatın özünə məxsus spesifik cəhətləri vardır. Makroiqtisadiyyat elə münasibətlər sistemidir ki, bütün ayrı-ayrı təsərrüfatları vahid tam halında birləşdirir. Onun ayrı-ayrı səviyyələri arasında möhkəm tellərlə bağlı iqtisadi əlaqələr vardır.

Makroiqtisadiyyat birdən-birə yaranmamışdır. Hətta uzun dövr ərzində bir ölkənin ayrı-ayrı regionları arasında iqtisadi əlaqələr olmamışdır. Orta əsrlərin sonu yeni dövrün başlanğıcında millət meydana gəlir bu dövrdən makroiqtisadiyyat yaranmağa başlayır. Avropada daxili bazarın, kapitalist istehsalının milli dövlətin yaranması ilə millət , onun milli təsərrüfatı da formalaşmışdır.

XX əsrin ikinci yarısından etibarən makroiqtisadiyyatın hərtərəfli inkişafı üçün, Qərb ölkələrində şərait yaranır. Mikro və mezoiqtisadiyyatlar vahid xalq təsərrüfatı halında möhkəm tellərlə bağlanırlar.

Vahid xalq təsərrüfatı aşağıdakı əlamətləri ilə fərqlənir:

1. Milli iqtisadiyyatın (xalq təsərrüfatının) bütövlüyü milli əmək bölgüsünə əsaslanır. Milli əmək bölgüsü (ümumi) bütün iri istehsal sferalarını, sahələri və iqtisadi regionları bir biri ilə bağlayır, qarşılıqlı asılılıq halında fəaliyyət göstərmələrini təmin edir. Ümumi əmək bölgüsü əsasında sahələr arasında möhkəm qarşılıqlı əlaqələrin yaranması iqtisadiyyatın makrosistemini yaradır və bu cür sistem xalq təsərrüfatı kompleksi adlanır. Bu, maddi və qeyri-maddi istehsal sahələrini vahid bir orqanizm halında birləşdirir.

2.Makroiqtisadi sistemdə əsas birləşdirici mülkiyyət forması ümumi-birgə mülkiyyətdir. Bu ümumi xalqa məxsus olan dövlət mülkiyyətidir.

3. Makroiqtisadiyyatın mühüm tərkib hissəsi olan milli bazar bütün yerli bazarları vahid bir məkanda birləşdirir və milli pul vahidi tətbiq olunur.

Ancaq, bəzi ictimai nemətlər var ki, onlar bölünmür hamıya məxsusdur. Bunlar xalq təsərrüfatının qeyri-bazar bölməsini yaradır bütün vətəndaşlara pulsuz xidmət göstərir. Bunlara aiddir: müavinətlər, təhsil, tibbi xidmət s. bu sahələr dövlət tərəfindən tənzimlənir.

4. Milli iqtisadiyyat yeni tip dövlət idarəetmə sisteminin olmasını tələb edir. Ümummilli mülkiyyətin subyekti olan dövlət iqtisadi qeyri-iqtisadi forma metodlardan istifadə etməklə xalq təsərrüfatnı cəmiyyət səviyyəsində tənzimləyir. Dövlət öz əlində olan maliyyə, kredit, büdcə digər vasitələrdən istifadə edərək həyata keçirdiyi iqtisadi siyasətlə mikro mezoiqtisadi subyektlərlə əlaqələr qurur ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir.

Makroiqtisadi səviyyədə milli iqtisadiyyatın ictimailəşdirmə səviyyəsi yüksəlir onun sosial istiqaməti güclənir.


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə