Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


IV FƏSİL. Müasir beynəxalq və regional inteqrasiyanın nəzəriyyə konsepsiyaları



Yüklə 0,78 Mb.
səhifə6/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   2   3   4   5   6   7   8   9   ...   20
Drs vsaiti.MP.

IV FƏSİL. Müasir beynəxalq və regional inteqrasiyanın nəzəriyyə konsepsiyaları



  1. Konstruktivist”, Federalizm, Funksionalizm” inteqrasiya nə­zəriyyələri, “Dövlətlərarası”, “Beş pilləli inkişaf”, “İns­ti­tu­sionalizm” konsepsiyaları

  2. Bazar”, “Dirijizm”, “Neofunksionalzim” inteqrasiya nə­zəri yanaşmaları

  3. Struktur” və “Marksist” inetqrasiya nəzəriyyələri


1) İnteqrasiya prosesləri intensiv şəkil aldığı vaxtdan eti­barən müəyyən dövrlərdə müxtəlif templərlə davam etmişdir. Bə­zən da­ha sürətlə, bəzən isə mərhələlər üzrə izlənməsi, problemin təhlili, ən müxtəlif nəzəri konseptual şərhlərin meydana çıxmasına səbəb olmuşdur. Bir mərhələdə təklif edilən, optimal hesab edilən kon­sepsiya növbəti mərhələ üçün məqbul olmamış, yeni yanaş­ma­lara təkan vermişdir. Nəticədə bu gün bütöv bir beynəlxalq in­teqrasiya nəzəriyyələri kompleksinin formalaşmasından danışmaq olar. Bu nəzəriyyələr problemə politoloji yanaşmalar kimi səciyyələndirilir. Belə ki, inteqrasiyanın erkən iqtisadi amillərlə şərtlənən mərhələsi ilə müqayisədə növbəti, daha yüksək – siyasi inteqrasiya mər­hə­lə­si­nə qədəm qoyması zərurəti tamamilə yeni, ziddiyyətli məsələləri aş­kara çıxartdı. İnteqrasiyanın politoloji konsepsiyalarında iqtisadi amillərə də mühüm əhəmiyyət verildiyi üçün onları siyasi və iq­ti­sa­di yanaşma da adlandırmaq olar. Mövcud mövqelərin müx­tə­lif­liyi hətta inteqrasiya termininə verilən fərqli şərhlər səviyyəsində də müşahidə olunur. Anlayışın lüğətdə izahına görə inteqrasiya el­mi-texniki tərəqqinin sürətləndiyi dövrdə dövlətlərin və xalqların qarşılıqlı asılılığını artırır. Əksər şərhlərdə prosesin təməlində, hər şeydən əvvəl, iqtisadi amillərin durması vurğulanır: Beynəlxalq inteqrasiya prosesləri – ümumdünya əmək bölgüsü prosesi olub, mikro və makro səviyyələrdə ardıcıl şəkildə bir-birinə “açıl­ma­sı­nın” nəticəsi olub, onların pillə-pillə bütöv bir məkanda bir araya gəl­məsi, zaman keçdikcə yeni, daha səmərəli iqtisadi orqanizmdə struk­­tur­laşmasını ifadə edir. İnteqrasiyanı “neqativ” və “pozitiv” məz­­munlu proseslər kimi təhlil edən “dirijizm” (Yan Tinbergen) nəzəriyyəsi də mövcuddur. Y.Tinbergenə görə neqativ inteqrasiya yal­nız vahid iqtisadi məkan yaratmağa mane olan bütün ma­neə­lə­rin aradan qaldırılmasını nəzərdə tutursa, pozitiv in­teqrasiya siyasi-iq­tisadi proseslərin tənzimlənməsinin vahid qu­rumlarının yara­dıl­ma­sına istiqamətlənmişdir.
Konstruktivist” inteqrasiya nəzəriyyəsi dövlətlərarası əmək­daş­lığın sosial aspektini ən vacib amil kimi önə çəkir. Dövlətlərin so­sial maraqları elə sahədir ki, burada cəmiyyətdə ictimai fikir ayrılığı, demək olar ki, minimum səviyyədədir. Avropa Birliyi məhz vahid sosial dövlət quruluşu kimi göstərilir. İdeya ba­xımından “kommunikasion” yanaşma ilə yaxınlıq təşkil edən bu nəzəriyyə inteqrasiyanı qlobal proses kimi qəbul edir. Regional in­teqrasiyanı onun tərkib hissəsi kimi qəbul edir.
İnteqrasiya proseslərinin praktik təhlili baxımından Avropa Birliyi modelinin nəzəri ümumiləşdirilməsi olan “mərhələli beş­pil­ləli inkişaf konsepsiyası” çox geniş yayılmışdır. Beşpilləli sxemə gö­rə (azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi ma­liyyə ittifaqı, siyasi inteqrasiya) hər növbəti pillə əv­vəl­ki kimi obyektiv məntiqi davamı ərsəyə gətirir. İnteqrasiyanın is­ti­qa­məti-iqtisadi birlikdən siyasi ittifaqa doğru yönəlmişdir.
Lakin XX əsrin sonu ilə XXI əsrin əvvəllərində beynəlxalq təc­rübə, gerçək inteqrasiya proseslərinin öz daxili ziddiyyətlərinə gö­rə bu qədər ardıcıl və rəvan getmədiyini aşkara çıxartdı. XX əsrin 90-cı illərində Şimali Amerikada, Latın Amerikasında, Afrika, Av­rasiya-Sakit okean bölgəsində yaradılan çoxsaylı regional bloklar, va­hid sosial-iqtisadi məkan və dövlət maraqlarının müxtəlifliyini tam qabarıqlığı ilə üzə çıxardı. Regionlaşma, beşpilləli sxem müəlliflərinin düşündüyü kimi, qlobal inteqrasiyanın pilləsi deyil, ona simmetrik olan mürəkkəb bir inkişaf meyilli olduğunu gös­tər­di. Regional inteqrasiyanın prinsiplərinin Avropadakı mədeldən əhəmiyyətli dərəcədə fərqləndiyi məlum oldu.
Dövlətlərarası yanaşma” konsepsiyası inteqrasiya pro­ses­lə­rin­də dövlətin rolunun alternativsiz olduğunu israr etməklə, neo­funk­sio­nalizm təliminə tənqidi təhlilini verən konsepsiyadır. Həmin cə­rə­yanın əsas rəqibi kimi “dövlətlərarası yanaşma nəzəriyyəsi milli döv­lətin öz suverenliyinə aid olan heç bir məsələdə səlahiy­yət­lə­rinin heç bir quruma verilmədiyini mütləq prinsip kimi vurğulayır. Dövlətin inteqrasiya proseslərində rolu alternativsizdir. Birincisi ona görə ki, formal, suveren inteqrasiya həmişə qeyri-formal inteq­ra­siyadan daha önəmli, əhəmiyyətlidir. İkincisi, yalnız suveren for­mal inteqrasiya sonrakı qeyri-formal qurumların təşəkkülü üçün bü­tün şəraiti yarada bilər”. Dövlət qərar qəbulunun bütün sə­viy­yə­lərdə həlledici subyektidir və bunu milli maraqlar çərçivəsində hə­ya­ta keçirir. “Dövlətlərarası yanaşma” konsepsiyasının müəllifi S.Hoffman və bu konsepsiyanı dərin­ləşdirən digər alimlər: R.Han­sen, E.Moravçik, A.Milvord belə ümumi bir müddəadan çıxış edirlər ki, inteqrasiyanın həlledici iştirakçıları milli elitalar olduğu üçün onlar milli dövləti hər vəchlə möhkəmləndirməyə çalışırlar. Əgər dövlət müəyyən səlahiyyətləri ötürsə də, bu yalnız milli in­ki­şaf­da uğurlar əldə etmək məqsədini daşıyır. İnteqrasiya nə­zə­riy­yə­lə­rinin hamısında milli dövlət və onun yeni reallıqda funksiyaları möv­zusu qırmızı xətt kimi keçir. Hətta, demək olar ki, suveren döv­lətin roluna verilən şərhlər bu nəzəriyyələrin təşəkkülü və əsas fərq­lərini şərtləndirmişdir. Bu baxımdan “dövlətlərarası nə­zə­riy­yə­si” problemi daha konkret müstəviyə keçirməklə reallığa yaxın mən­zərəni əks etdirir. A.Milvord gəldiyi qənayətə görə, milli döv­lət qərarları vakuum mühitdə qəbul etmir və inteqrasiya onu ümu­mi sistemdə rəqabətə davamlılığını təmin etməsi, resurslarını sə­fər­bər etməsi üçün faydalıdır.
Dövlətüstü qurumlar olsa da, inteqrasiya siyasətində əsas prio­ri­tet­lər seçimi yalnız milli dövlət səviyyəsində edilir və buna görə də bu gün dövlətin öz mövqelərini itirməsindən danışmaq tezdir. İn­teq­rasiyanın inkişafını dövlətlərarası səviyyələrdə qəbul edilən qə­rar­lar, razılaşmalar müəyyən edir.
Yeni institusionalizm” konsepsiyası qarşılıqlı əməkdaşlıq mü­na­sibətlərində əsas rolunu siyasi, iqtisadi, hüquqi, mədəni və başqa sa­hələrdə fəallığın mərkəzi olan institutların üzərinə düşür. Onun mü­əllifləri K.Telen və S.Steynmoya görə institutlar nəinki inteq­ra­si­yanın vasitəsidirlər, həmçinin inteqrasiya missiyasının aktorları kimi əvəzsiz rola malikdirlər.
İnstitisionalizm nəzəriyyəsi” geniş yayılmış çoxşaxəli isti­qa­mət­lər doğurmuşdur. “Yeni institusionalizm”, ”rasional institu­si­o­na­lizm”, “tarixi, sosioloji, hüquqi institusionalizm” və s. kimi cə­rə­yan­lar bu nəzəriyyəni əhəmiyyətli müddəalara söykəndiyinə, real mo­dellərin təhlilinə yönəldiyinə dəlalət edir və kifayət qədər geniş el­mi paradiqma olmağa iddialıdır. Ümumi prinsip kimi bu ya­naş­ma­da institutların (birliklər, fondlar, qurumlar, mərkəzlər və s.), döv­lətin ümumi maraqlarına və strategiya seçiminə dəstək ol­ma­sı, proseslərin daha intensiv getməsinə, xalqların bir-birini ta­nımasına yardım etməsi ideyasını göstərilir.
Üstqurum institutları çevik şəkildə qarşılıqlı inteqrasiya pro­ses­lərinin məsafə, dəyər, müddət və vaxt itkisi baxımından op­ti­mal meyarlarını müəyyənləşdirməklə dövlətə yardımçı olur­lar. İnstitusionalistlər inteqrasiyada dövlətin prioritet rolu­nu qə­bul edirlər.
Dünyada gedən inteqrasiya proseslərinin təhlilində son dövr­də yaranan yanaşma kimi “çoxsəviyyəli idarəetmə kon­sep­si­yası”nı qeyd etmək olar. ÇİK-in yaradıcıları və müəl­lifləri ki­mi K.Blank, Q.Maks, L.Houq kimi alimlər tanınmışdır. ÇİK müa­sir dünyanın inteqrasiya proseslərini nə dövlətin, nə də bey­nəlxalq münasibətlərin eyni olmayan tam fərqli prosesi ki­mi nəzərdən keçirir. İnteqrasiya prosesləri nəhəng sosial-siyasi, iqtisadi sistemlərin təşəkkülünə gətirib çıxarır və belə sistemdə ayrılıqda heç bir subyekt nə müstəqil qərar qəbul edə, nə də bu miq­yasda lazımi səlahiyyətlərə malik ola bilmir. Çünki söhbət ye­ni reallıqdan, dinamik və fövqəlmürəkkəb mahiyyətli yeni sosial qlobal təmizləmədən gedir. Çoxçaxəli idarəetmə sə­viy­yə­ləri, aktorların iyerarxiyası və siyasi qüvvələr nisbəti şə­ra­i­tin­də hər subyekt bir neçə müvafiq səviyyələrdə qərar qəbul edi­r, müxtəlif iştirakçı və səviyyələrdən əlavə di­na­mik dəyişən siyasət istiqamətləri, tənzimləmə sxemləri mövcuddur. Çox­sə­viy­yəli idarəetmədə inteqrasiyanın strukturu fövqəladə di­na­miz­mə, üfüqi və şaquli müstəvilərdə simmetrik tənzimləmə me­xanizmlərinə malikdir.
Bu inteqrasiya modelində dövlətin roluna münasibət aydın­dır. İstər fövqəlmilli, istərsə də submilli iştirakçıların fəa­liyyət sistemini dövlət özü müəyyənləşdirir. İnteqrasiya müxtəlif sə­viyyələrdə müstəqil siyasi faktorların qarşılıqlı siyasi məzmunu pro­sesidir. Bu nəzəriyyə tərəfdarlarının fikrinə görə çox­sə­viy­yəli idarəetmə modeli dünyada yenicə təşəkkül tapmaqdadır. Ötən əsrin 80–90-cı illərindən inkişaf etmiş inteqrasiya blok­la­rında intitutsionallaşma mərhələsində yaradılmışdır. Məsələn, D.Ruqqiyə görə Çoxsəviyyəli inteqrasiya modelinin predmetini “postmodern beynəlxalq siyasi reallıq formaları”nın öyrə­nilməsi təşkil edir. AB-nin əsas xüsusiyyəti məhz çox­səviyyəli siyasi hakimiyyət formalarının çoxçalarlılığı, dinamizmi, qeyri-müəyyənliyidir.
Sadalanan inteqrasiya nəzəriyyələrini əhəmiyyətli edən, onların müasir dövrün taleyüklü problemlərinə, dövlətlərin təhlükəsiz dünyada mövcudluğunun və səmərəli iqtisadi inkişafının təmin edilməsi məsələlərini diqqət mərkəzinə gətirməsidir. Müasir dövr­də milli dövlətin rolu, funksiyaları və gələcək taleyi prob­lem­lə­rini cid­di təhlil etməsidir. Həm də, bütün qeyd olunan nə­zə­riy­yə­lər inteqrasiyanı müsbət proses kimi qəbul edir. Gətirilən mi­sal­lar­da bütövlükdə inteqrasiya nəzəriyyəsinin əsas məsələsi aşkar gö­rü­nür. Bu nəzəriyyələrin təhlil etdiyi proseslərin mahiyyəti və məq­sə­di nədən ibarətdir? Başqa sözlə, inteqrasiya prosesdir, yoxsa ar­tıq nə­ti­cədir? Onun hərəkətverici qüvvəsi nədir: tarixən mövcud olan ob­yektiv ideya, subyektiv iqtisadi fayda, yoxsa siyasi ma­raq­lar?
Bu məsələlərə münasibətdə bütün nəzəriyyələri birləşdirən əsas cəhət odur ki, təhlil predmetini suveren dövlətlərin dinc şəraitdə, iqtisadi-texnoloji baxımdan ümumi təməllər üzərində qarşılıqlı vəhdəti təmin edən birlik sisteminin qurulmasını dərk etməsi təşkil edir. Bunun hansı real modellərdə həyata keçirilməsinə isə müx­tə­lif yanaşmalar var. Əksər nəzəriyyələr dünyada mövcud olan kon­kret inteqrasiya modellərinin tədqiqi üzərində qurulur. Bu gün üçün ən inkişaf etmiş inteqrasiya modeli isə Avropa Birliyidir
Nəzəriyyələrin icmalının yekunu kimi nə demək olar? Dünyada və Avropada inteqrasiya prosesləri nə qədər mərhələlər qət edirsə, o qədər yeni konsepsiyalar, nəzəriyyə meydana gəlir və o qədər də çox fıkir müxtəlifliyi yaranır. Həm də get-gedə inteqrasiya ən müxtəlif elmlərin təhlil predmetinə çevrilməkdədir. Nəticədə ma­raq­lı bir “nəzəriyyələrin inteqrasiyası” paradoksu, problemi də ya­ra­nır. Çünki hər bir yanaşma ayrıca bir aspekt üzərində diqqət cəmlədiyi üçün onlarm heç biri inteqrasiyanın bütöv mənzərəsini yarada bilmir.
Belə olduqda bu gün heç bir konsepsiya bitkin inteqrasiya nə­zə­riy­yəsi hesab edilə bilməz. Çünki inteqrasiya fasiləsiz, dünya bir­li­yi­nin bütün sahələrinə nüfuz edən bir prosesdir. Hər mərhələdə in­teq­rasiyanın: prioritetlər, resurslar, istiqamətlər, mexanizmlər, prin­siplər, vasitələr və s. dinamikası baş verir. Məsələn, keçən əs­rin ortalarından əsas prioritet dövlətlərin dinc yanaşması idisə, son dövr­də qloballaşma proseslərinin intensivliyi ilə yaranan asim­met­rik inkişaf meyilli regionlaşma, regional inteqrasiyanı önə çı­xar­mış­dır. Milli dövlətlər qlobal rəqabətdə davamlı mövqe tutmaq üçün regional iqtisadiyyatın potensialını artıran “tərəqqi, rifah zo­na­ları”, qurumlar yaradırlar.
İnteqrasiyanın bütün sahələrdə reallığa çevrilməsi üçün onun el­mi əsaslandırılmış strategiyası olmalıdır. Bu baxımdan inteq­ra­si­yanın yalnız mütləq müsbət xarakterli proses olduğunu qeyd edən nəzəriyyələr çoxluq təşkil edir. Əks mövqelərə çox az rast gəlinir. Mə­sələ prosesin lehinə və ya əleyhinə olan mövqelərdə dur­maq­dan deyil, Avropada gerçəkliyə çevrilən real modelin uğurları ilə ya­naşı, onun üzləşdiyi problemlərə də dərindən bələd olmaqdan gedir. Başqa sözlə, inteqrasiyanın uğuru bizim bu prosesə hansı bil­gilərlə getməyimizdən də çox asılıdır.
2) Bazar iqtisadiyyatlı ölkələrin inteqrasiyasının in­ki­şa­fı­nın praktiki zəruriliyinin dərk edilməsi və nəzəri cəh­ətdən əsas­lan­dırılmasına hələ XX əsrin 50–60-cı illərində bir sıra Qərb öl­­kələrinin iqtisadçıları tərəfindən cəhd olun­­muş­dur. Ən­ə­nəvi məktəbin nümayəndələri adlandırdığımız bir qrup iqtisadçılar (J.Rueff, R.Şuman,V.Halşteyn, M.Paniç, E.Benua, J.Monne, P.Robson və b.) bu məsələnin təh­lilində, ancaq gömrük ittifaqı da­xilində iqtisadi şərtlərə (ticarət maneələrinin aradan gö­tü­rül­mə­sini, müəyyən koor­di­na­si­ya­edici reqlamentlərin tətbiqi və sai­rə) baxmağı əsas gö­tü­rürlər.Amerika alimi Cekob Vaynerin (iq­tisadi in­teq­rasiya, xü­susilə də gömrük birliyi nə­zə­riy­yəsinin for­­ma­laşmasını onun adı ilə bağlayırlar) analizinin əsa­sında öl­kə­­lə­rin hər birinə məx­sus gömrük tarifinin möv­cud­lu­ğu şə­rai­tin­də və onlar arasında gömrük birliyi haqqında sa­zi­şin (hansı ki, bu sa­ziş qarşılıqlı ticarətdə tarifləri aradan qal­dı­rır) im­za­lan­ma­sı şə­raitində ölkələr arasında ticarətin mü­qa­yi­sə­si durur. Bu­ra­da in­teqrasiya nəticəsində bazarların ge­niş­lən­mə­si mümkün olur ki, bu da əmtəə axınının artmasına səbəb olur. Bu nə­zə­riy­yə çər­çi­vəsində iki yeni anlayış – “ticarət prin­sip­lə­ri­nin işlənib ha­zır­lan­ması, əmtəə axınlarının yaradılması” və “ti­ca­rətin di­ver­si­fi­ka­siyası, əmtəə axınlarının diversifikasiyası” an­layışları müəy­yən­­ləş­di­ril­mişdir. Bu nəzəriyyəyə görə inteq­ra­siya prosesi nə­ticəsində inteqrasiya qrupuna daxil olan öl­kə­lər arasında yeni əm­təə axınları yaradılır ki, bu da öz növ­bə­sin­də ölkə daxilində ana­loji məhsulların bahalı istehsalını ixtisar et­məyə imkan ve­rir. Təd­ricən inteqrasiya qrupu daxilində is­teh­sal olunan məh­sul­lar üçüncü qrup ölkələrdən idxal olunan məh­sul­ları əvəz et­mə­yə baslayır. Beləliklə, inteqrasiva daxilində be­lə “xalis əm­təə axın­­larının yaradılması istehsal hecminin art­ma­sına, əha­li­nin hə­yat sə­viyvəsinin yüksəlməsinə, inteq­ra­si­ya­ya daxil olan öl­kə­nin isə ixtisaslaşma səviyyəsinin yük­səl­mə­si­nə səbəb olur. Lakin bu nəzəriyyə müəyyən nöqsanlara ma­lik­dir. Əslində bu stan­dart şəraitin olmasını nəzərdə tutur. Təc­rü­bə­də isə real şə­rait əksər hallarda tamamilə fərqləndiyindən in­teq­rasiyada iş­ti­rak edən dövlətlərdən heç də hamısı eyni də­rə­cədə səmərə gö­tü­rə bil­mir­lər. Ticarət siyasətinin bir modeli ki­mi gömrük bir­li­yi­nə bey­nəl­xalq iqtisadiyyatda birmənalı müs­bət hadisə kimi bax­maq ol­maz. Azad ticarət siyasətindən sonra ikin­ci elə bir al­ter­nativ ti­carət siyasəti yoxdur ki, onun bey­nəl­xalq rifaha təsiri bir­­mə­na­lı surətdə müsbət olsun. İngilis iq­ti­sad­çısı C.Mid tə­rə­fin­dən 1955-ci ildə irəli sürülmüş ideya da ele bu fikrə əsas­la­nır. Oun nəzəriyyəsinə görə, məcmu rifahın bir­mənalı surətdə yüksəlməsinə aparan azad ticarətdən başqa, bu cür birmənalı su­rətdə məcmu rifahın artımını təmin edə bi­lə­cək heç bir ti­ca­rət siyasəti variantı mövcud deyildir. İn­teq­ra­si­ya ticarət si­ya­sə­ti­nin ən yaxşı variantı olmasa da, in­teq­ra­si­ya­nın çoxsaylı təd­qi­qatları göstərir ki, əksər hallarda inkişaf nəti­cəsində mey­dana gə­lən müsbət effektlər mənfi effektləri üs­tə­lə­yir.
Digər məktəbin nümayəndələri (L.Keohan, P.Robson, M.Dyu­­vatripon və başqaları) inteqrasiya prosesində hakim möv­­qe tutan amil kimi qeyri-iqtisadi xarakterli amillər üstün­lü­yünü siyasi amillərə üstünlük verilməsini əsas götürmüşlər. Bu kon­sepsiyaya görə inteqrasiya qrupu iştirakçı dövlətlərə daha inam­lı müdafiə qabiliyyəti yaratmağa imkan verir ki, bu “elit qrup­lara” daxil olmaq milli qürur hesab olunur. Digər yanaş­ma­­ya görə isə, inteqrasiya sistemlərinin yaradılması, ümumi məq­­sədlərin müəyyənləşdirilməsinə və onlara nail olmağa im­kan verir (məsələn, işsizliyin aradan qaldırılması, istehsalın həc­minin artırılması, sosial sabitliyin təmin olunması və sairə). Qeyd olunur ki, inteqrasiya olunmuş sistemlər daxilində döv­lə­tin rolunun artırılması, onların köməkliyi ilə ümumi bazarların varadılmasına, optimal qərarların qəbul edilməsinə köməklik göstərir ki, bu da əmtəə istehsalının səmərəliliyinin artmasına gətirib çıxarır. Beləliklə, inteqrasiya olunmuş dövlətlərin azad ti­carət siyasəti yeritməsindən həmin dövlətlərin gömrük bir­lik­ləri siyasətini yürütməsi daha məqsədəuyğundur. Bu kon­sep­si­yanı tənqid edənlər göstərirlər ki, iştirakçı dövlətlər öz öl­kə­lərinin mənafelərinə daha çox üstünlük vermələrindən, öz öl­kə­lə­rində səmərəliliyin daha yüksək olmasına çalışmalarından, be­lə birliklərdə müəyyən narazılıqlarsız ötüşmək mümkün ol­ma­yacaqdır. Ümumiyyətlə, regional iqtisadi inteqrasiyaya həsr edil­miş müxtəlif konsepsiyalar mövcuddur ki, bunların da təs­ni­fatını şərti olaraq aşağıdakı kimi vermək olar:
Bazar konsepsiyasının tərəfdarları iqtisadiyyatın tən­zim­lən­mə­sində bazarın ən səmərəli vasitə olması fikrini əsas gö­tü­rür­lər. Buna görə də, inteqrasiyanı bir neçə ölkənin ərazisi çər­çi­və­sində vahid bazar məkanının yaradılması kimi başa düşürlər. Bu vəziyyətin yaranması üçün də xarici ticarət və valyuta sfera­la­rında dövlət müdaxiləsi olmamalıdır. İnteqrasiya blokuna da­xil olan ölkələr arasında bazar subyektlərinin fəaliyyəti üzə­rin­dən bütün məhdudiyyətlər götürülməli və nəinki hazır məhsul və xidmətlərin, eləcə də istehsal amillərinin blokdaxili sərbəst hə­rəkəti təmin olunmalıdır. Beynəlxalq ticarətin neoklassik nə­zə­riyyəsinin prinsiplərini rəhbər tutmaqla bazar kon­sep­si­ya­sının tərəfdarları regional inteqrasiyanı istehsal amillərinin sər­bəst hərəkətini təmin edən ən əlverişli vasitə kimi qəbul edir­di­lər. Buna görə də həmin istiqamətdə aparılan nəzəri təd­qi­qat­lar­da əsas mövqe gömrük ittifaqı konsepsiyasına məxsusdur ki, bu­nu da C.Vayner hazırlamışdır.
Bazar institusional konsepsiyası inteqrasiya prosesində ba­za­­rın öncül rolunu inkar etməməklə yanaşı, həmin prosesin sə­mə­­rəli gedişi üçün fövqəl hökumət komitə və komissiyaların ya­­ra­dıl­masını nəzərdə tutur. Blokdaxili ölkələr öz milli müstə-qil­­liklərini saxlamaqla yanaşı, iqtisadiyyatın əlaqələndirilmiş pro­­por­siyalarına uyğun idarəetmə sferasında bəzi səla­hiy­yət­lə­ri­ni hə­min qurumlara həvalə edirlər. Başqa sözlə, inteqrasiya pro­sesi nəinki milli bazarların birləşdirilməsinə gətirib çıxarır, o həm də təsərrüfat siyasətinin müxtəlif cəhətlərinin dövlətüstü orqanlar tərəfindən əlaqələndirilməsinə də səbəb olur. Bazar institutsional konsepsiyası bazar mexanizmindən fərqli olaraq bir sıra problemlərin həllini də nəzərdə tutur. Bunlara – iqti­sa­diy­­yat­da durğunluğa yol verməmək, iqtisadiyyatda məşğulluğa nail olmaq, geri qalmış rayonları inkişaf etdirmək, milli və bey­nəlxalq korporasiyaların fəaliyyətini tənzimləmək və sairə.
Dirijist konsepsiyanın tərəfdarları kimi tanınan tədqiqatçıları (R.Kuper, A.Marşall, Q.Murdal, Y.Tinberqen) neoliberal cə­rə­ya­nın əsası kimi istifadə olunan beynəlxalq ticarətin neoklassik nə­zəriyyəsinə kəskin tənqidi münasibət birləşdirir. Onların fik­rincə, birləşmiş, inteqrasiva olunmuş bazarda mal və istehsal amil­lərinin sərbəst hərəkəti inteqrasya prosesinin əsas hərə­kət­ve­rici qüvvəsi kimi qəbul edilə bilməz. Bu konsepsiyanın gör­kəmli nümäyəndələrindən olan Q.Murdal dünya bazarının in­kişaf etməkdə olan ölkələrə mənfi təsirini önə çəkərək siyasi amil­lərin inkarına əsaslanan “xalis” iqtisadi nəzəriyyənin əley­hi­nə çıxış etmişdir: “...Milli siyasi mənafelər is­teh­sal amil­lə­ri­nin real surətdə yerləşməsinə təsir göstərə bilməz. Ba­zar me­xa­niz­minin tam sərbəst fəaliyyəti şəraitində bu hal re­gio­nun in­ki­şaf etmiş ölkəsinin surətli tərəqqisinə və di­gər­lərinin iqtisadi-sosial vəziyyətinin pisləşməsinə gətirib çı­xa­ra­caq­dır”. Başqa sözlə, azad rəqabətə əsaslanan birləşmiş bazar öz-özlüyündə re­surs­ların səmərəli yerləşdirilməsi və taraz­laş­dı­rıl­mış inkişafı üçün kifayət deyildir. Bu fikrini davam etdirərək Q.Murdal be­lə bir nəticəyə gəlir: “...Real məzmunlu bev­nəl­xalq inteqrasiya üçün dünya bazarında azad rəqabətin for­ma­laş­ması deyil, şans­la­rın bərabərliyi zəruridir ki, bu da dövlətin ba­zar proseslərinə aktiv müdaxiləsi olmadan qeyri-mümkündür. Dirijist kon-sepsiyanın digər nümayəndəsi Y.Tinberqen azad rə­qabətli bazar mexanizmini həm sosial, həm də iqtisadi nöq­teyi-nə­zər­dən optimal inkişafa nail olmasının müm­kün­süz­lü­yü­nü qeyd edərək “pozitiv” və “neqativ” inteqrasiya terminlərini iq­tisadi lek­sikona daxil etmişdir. Onun fikrincə yalnız məh­du­diy­yət­lə­rin ləğvinə və bazar mexanizminin sərbəst fəaliyyətinə əsas­la­nan inteqrasiya neqativ inteqrasiyadır. Tinberqene görə tam iq­tisadi inteqrasiya yalnız bloka daxil olan ölkələrin föv­qəl­milli səviyyədə iqtisadi siyasət ünsürlərinin mərkəz­ləş­di­ril­məsi sa­yə­sin­də mümkündür. Göstərilən istiqamət inteq­ra­si­yanın subyekti kimi dövlətin özünü ön plana çəkməklə, onun ob­yektini son dərəcə daraldır. İnteqrasiya prosesi hüquqi nor­ma­tivlərə uyğun olaraq dövlətlərarası əməkdaşlıq formalarını, mak­rosəviyyəni əhatə edir. Müasir dövrdə inkişaf etmiş öl­kə­lə­rin inteqrasiya qruplaşmalarının təcrübəsi göstərir ki, dirijist kon­sepsiyanın mövqeləri getdikcə zəifləməkdədir. Lakin, bu heç də o demək deyil ki, regional iqtisadi proseslər tam bazar me­xanizmi əsa­sın­da gedir və dövlət müdaxiləsi həyata keçi­ril­mir. Rəqabət şəraitinin sağlam əsaslarla formalaşmasında döv­lə­tin adekvat müdaxilə üsul və metodlarının seçilməsindədir.
3) Struktur konsepsiyanın əsası Y.V.Şişkov tərəfindən for­malaşdırılmışdır. Bu konsepsiya öz mahiyyəti etibarı ilə dirijist ya­naşmanın təməl prinsipinə əsaslanır. Bu yanaşmada başlıca diq­qət inteqrasiya prosesində inhisarların yeri və roluna, eləcə də onların fəaliyyəti nəticəsində meydana çıxan struktur prob­lem­lərə yönəldirilir.
Marksist konsepsiyası haqqında isə yalnız retrospektiv səp­kidə danışmaq mümkündür. Marksist konsepsiya inteqrasiya prosesinin mərkəzləşdirilmiş direktiv idarəedilməsinə əsaslanır və bu prosesdə bazar mexanizminin rolunu təmamilə inkar edir. Marksist iqtisadçılar inteqrasiyanın əsas prinsiplərindən biri kimi proletar beynəlmiləlçiliyini önə çəkirdilər. Marksist iqtisadçılardan olan Y.S.Şiryayev inteqrasiyanın 3 mərhələsini – region ölkələrinin əməkdaşlığının ilkin iqtisadi və təşkilati struk­turlarının yaradılması, struktur inteqrasiyası, yəni qar­şı­lıq­lı iqtisadi tamamlanmanın planauyğun surətdə ge­niş­lən­di­ril­mə­si və inkişafı və funksional inteqrasiya, başqa sözlə, re­gion­da­xi­li vahid xalq təsərrüfatı kompleksinin formalaşmasını – fərq­lən­­dirir. Marksist konsepsiya iqtisadi inteqrasiyanın region öl­kə­lə­ri­nin milli müstəqilliklərinin itirilməsi və vahid mərkəzdən asılılığana gətirib çıxarır. Buna misal kimi keçmiş Sovet So­sia­list Respublikaları İttifaqını göstərmək olar.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə