_____________________________________________
9
Dövlət Neft Şirkəti Azərbaycan dövlətinin və hökumətinin
rəhbərliyi altında daim onun dəstəyini alaraq çox böyük işlər
görmüşlər və bizi bu nəticəyə gətirmişlər.
“Əsrin müqaviləsi”nin beş illiyini qeyd edərək deyirik ki, biz
böyük sınaqlardan çıxmışıq. Tərəfdaşlarımızın və böyük neft
şirkətlərinin mənsub olduqları ölkələrin, dövlətlərin etimadını
doğrultmuşuq. Azad, müstəqil dövlət kimi dünyaya nümayiş
etdirmişik ki, Azərbaycan xalqı, ölkəmizin neftçiləri, alimləri
daha böyük nailiyyətlər əldə etməyə qadirdirlər. Təbiidir ki,
bunların hamısı bizdə, şəxsən məndə böyük iftixar hissi doğurur.
Bu gün “Əsrin müqaviləsi”nin beş illiyini qeyd edərkən bu
müqavilənin imzalanmasında xidmətlər göstərmiş və bizə
dəstəklər vermiş dövlətlərin, təşkilatların, şirkətlərin hamısını
minnətdarlıqla xatırlayırıq. Biz bu gün Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkətinə, Azərbaycan Dövlət Neft Şirkətinə və
bunların ətrafında müqavilənin icrası ilə məşğul olan
mütəxəssislərə, alimlərə, mühəndislərə, texniklərə, fəhlələrə, bu
sahədə çalışanların hamısına təşəkkürümüzü bildiririk.
Müqavilənin imzalanması və həyata keçirilməsində, qeyd
etdiyim kimi, biz bir çox maneələrlə, çətinliklərlə rastlaşırdıq.
Ancaq müqaviləni imzalamış şirkətlər, onların mənsub olduqları
dövlətlər və biz inamla irəliləyirdik. Ona görə də mən
müqaviləni imzalamış şirkətlərin mənsub olduqları dövlətlərə,
onların hökumətlərinə təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Müqavilənin hazırlanması və xüsusən həyata keçirilməsi
dövründə, о cümlədən Bakı-Supsa neft kəmərinin yaranması
üçün qərarların qəbul olunması zamanı Amerika Birləşmiş
Ştatları hökumətinin, xüsusən prezident cənab Bill Klintonun
rolunu mən bu gün xüsusi qeyd edirəm.
İndi, müqavilənin gözəl nəticələrini bayram edərkən ötən
illərdə “Əsrin müqaviləsi”ndən sonra 18 müqavilənin
imzalandığını
_____________________________________________
10
dünyaya nümayiş etdirərək sübut etdik ki, Azərbaycan müasir
səviyyədə, bazar iqtisadiyyatı prinsipləri əsasında, xarici
sərmayədən istifadə etməklə çox işlər görə bilər və bundan sonra
da görəcəkdir.
Bu gün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
prezidenti cənab Vudvord öz çıxışında müqavilənin həyata
keçirilməsi üçün altı il müddətində Azərbaycanda ictimai-siyasi
sabitliyin təmin olunması və burada bizim gördüyümüz işlər
haqqında dedi və bu işləri yüksək qiymətləndirdi. Dövlət və
hökumət başçılarından, şirkətlərdən, ayrı-ayrı təşkilatlardan və
bir çox neft şirkətlərindən aldığımız təbrik məktublarında da
məhz Azərbaycanda xarici sərmayədən istifadə olunması üçün
yaxşı şərait yaradılması xüsusi qeyd edilir. Bəli, əgər biz
ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etməsəydik,
Azərbaycanı dağıdan, parçalayan qüvvələri aradan
çıxarmasaydıq, onları ləğv etməsəydik, respublikamızda
vətəndaşların rahat yaşaması üçün lazımi şərait yaratmasaydıq,
xarici şirkətlər buraya gəlməzdilər, gəlsəydilər də qısa müddətdə
buradan dönüb gedəcəkdilər.
Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut
etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə
olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut
etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş
burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Ümidvaram ki,
“Əsrin müqaviləsi”ndən sonra imzaladığımız müqavilələr daha
da gözəl nəticələr verəcəkdir. “Şahdəniz” yatağında aşkar
olunan qaz ehtiyatı və əldə etdiyimiz gözəl nəticələr bunu aydın
göstərir. Məlumdur ki, “Şahdəniz” yatağı ilə bağlı hazırlanmış
müqaviləni də daxilimizdəki qüvvələr bu sənədin
imzalanmasına bir həftə qalmış pozmaq istədilər. Ancaq biz bu
müqaviləni imzaladıq və həmin müqaviləyə inanmayan, yaxud
qəsdən bunun əleyhinə çıxan adamlara sübut etdik ki,
Azərbaycan xalqının milli mənafeləri
_____________________________________________
11
üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə
qadirik.
Xəzərin Azərbaycan sektorunda hələ çoxlu neft və qaz
yataqları var. Şübhə etmirəm ki, gələcək illərdə yeni-yeni
müqavilələr imzalanacaqdır. Biz artıq bu barədə çoxlu təkliflər
almışıq.
Mən bəyan edirəm və hamını əmin edirəm ki, Azərbaycanın
milli mənafelərinə cavab verən yeni-yeni müqavilələrin
imzalanması və onların həyata keçirilməsi üçün bundan sonra
daha da böyük imkanlar, daha da yaxşı şərait yaranacaqdır. Biz
böyük işin başlanğıcındayıq. Bu gün gördüyümüz bütün işlər,
“Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə
Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi
üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil
Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
Bu beş il müddətində bizimlə əməkdaşlıq edənlərin hamısına
bir daha təşəkkür edirəm.
Bu bayram gününü bizimlə qeyd etmək üçün Azərbaycana
gəlmiş dövlət nümayəndə heyətlərinə təşəkkür edirəm və
minnətdarlığımı bildirirəm. Hamınıza gələcək işlərinizdə uğurlar
arzulayıram.
“Əsrin müqaviləsi”nin şərəfinə!
“Əsrin müqaviləsi”nin gələcək nailiyyətləri şərəfinə!
Gələcəkdə daha da səmərəli müştərək iş şərəfinə!
Azərbaycan neftçilərinin şərəfinə!
Azərbaycan neftçiləri ilə ölkəmizdə çiyin-çiyinə işləyən
xarici ölkələrin mütəxəssislərinin şərəfinə!
Sizin şərəfinizə, hörmətli qonaqlar, bu badələri qaldırıram!
Sağ olun.
Dostları ilə paylaş: |