VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   2   3   4   5   6   7   8   9   ...   15

ANALAR SÜLH İSTƏYİR 

 

Yenə müharibə, yenə qan-qada 



Yenə göz yaşları, nalə, fəryad, ah, 

Bəşərin günahı nədir ki, Allah. 

Bombalar yağış tək yağır torpağa, 

Hər atılan güllə, hər düşən mərmi, 

Analar qəlbində sağalmaz yara. 

Analar dünyaya, ulu bəşərə, 

Canından can alan övladlar verir, 

Əvəzində harın, hissiz, duyğusuz, 

Şöhrət əsirləri, qan hərisləri. 

Anaya ağırdan ağır dərd verir. 

Ana ürəyinin ağrılarını, 

İçini qovuran yanğılarını 

Dəqiq ölçə bilən, göstərə bilən

Bir cihaz ixtira olunsa əgər 

Bəlkə də son qoyar bu qana bəşər. 

Ana qəlbim göynəyər  

Dünyadan sülh istəyər 

 



               ƏFV ELƏ 

 

Ürəyimdə həsrət gülü açıldı 



Tikanları gözlərimə sancıldı 

Dərd əlindən bağrım başı qançırdı 

Dözümüm qurtarıb Tanrım əfv elə. 

 

Düyün-düyün yaralarım qan verir, 



Dərd pətəyim qəmlə dolu şan verir, 

Arzularım sinəm üstə can verir

Buna dözəmmirəm Tanrım əfv elə. 

 

Ümidlərim gedər-gəlməz yoldadır, 



Heç bilmirəm rahatlığım hardadır. 

Qarabağım yad əlində dardadır, 

Daha dözəmmirəm Tanrım əfv elə 

 



QARABAĞIM 

 

Necə verdik yada səni, 



Atdıq yanar oda səni, 

Çulğaladı qada səni, 

Göz bəbəyim Qarabağım. 

 

Yad əlilə yaralandın, 



Necə yerə paralandın, 

Bizi necə övlad sandın, 

Bir biləydim Qarabağım. 

 

Dərd körpədir anası sən, 



Qəm ilmədir hanası sən, 

Həsrət saray binası sən, 

Kaş öləydim Qarabağım. 

 

Yıxıb həsrət sədlərini, 



Qırıb sərhəd bəndlərini, 

Ürəyinin qəmlərini, 

Mən siləydim Qarabağım. 

 



ANAM LAYLA DEYƏNDƏ 

 

Qaranlıq göylərdən ay süzüb axdı 



Ulduzlar dalınca həsrətlə baxdı 

Gözümün yaşları üzümə axdı, 

Anam nəvəsinə layla deyəndə. 

 

Quşlar nəğməsini, səsini kəsdi, 



Şirin zümzüməli bulaq da susdu, 

Qəlbimin ən zərif telləri əsdi, 

Anam nəvəsinə layla deyəndə. 

 

Allah, xəyalımdan gör nələr keşdi, 



Bir qəmli xatirə qəlbimi deşdi

Həsrət yurdlarımız yadıma düşdü, 

Anam nəvəsinə layla deyəndə. 

 

Bir körpə uşağa döndüm o axşam, 



Bildim nədən ötrü mən darıxmışam, 

Anasız, laylasız duydum bir daşam, 

Anam nəvəsinə layla deyəndə. 

 

Qəlb göynədi, sızıldadı kaman tək, 



Bir qəmli bayatı çağırdı ürək, 

Dünya layla dedi elə anam tək 

Anam nəvəsinə layla deyəndə. 

 



       VƏTƏN HƏSRƏTİ 

 

Dumanlı dağların başı buludlu, 



Yandırır Qarabağ həsrəti məni. 

Yamacı laləli, döşü göy otlu, 

Dondurur Dəlidağ həsrəti məni. 

 

Qaraxaç, Sarıyer, o Taxta başı, 



Qiymətin nə bilər görməyən naşı. 

Sevənçün qızıldır bir qara daşı, 

Sındırır bu dağ-daş həsrəti məni. 

 

Gözəllər gözəli Şuşam dustaqdır, 



Bir doğma hənirə, səsə müştaqdır, 

Ay Allah, qurbanı kim olacaqdır, 

Yandırır Şuşamın möhnəti məni. 

 

Yeddiqat sınıbdı yeddi yerindən



Xarı bülbül solub səmum yelindən, 

Gəl al, Vətən oğlu, yağı əlindən, 

Öldürür ellərin töhməti məni. 

 

Laçınım inləyir yad caynağında, 



Ağdamım boğulur qan çanağında, 

Ellərim bir igid ər sorağında, 

Soldurur Vətənin firqəti məni. 

 



        QARABAĞIM  

 

Viran könlümün məskəni, 



Qarabaxtlı Qarabağım. 

Sınıq qəlbimin həmdəmi, 

Bəd ovqatlı Qarabağım. 

 

Beynimin qəm oylağısan, 



Gözümün qan çanağısan, 

Dilimdə bitən ağısan, 

Viran taxtlı Qarabağım. 

 

Başımda dərd tacım mənim, 



Həm şirinim, acım mənim. 

Qəm qovuran sacım mənim, 

Çönən çarxlı Qarabağım. 

 

Qarabaxtlı anam oldun, 



Çalınmamış laylam oldun, 

Gözü yaşlı sonam oldun, 

Kür sabahlı Qarabağım. 

 

Yad tapdaqda solan gülüm, 



Qara gələn ayım, ilim. 

Sən azad ol, qoy mən ölüm

Köksü dağlı Qarabağım. 

 



ŞƏHİDLƏR XİYABANINDA 

 

Sıralanıb məzarlar durna qatarı kimi, 



Havalanıb ruhları göydə qağayı kimi. 

Sülh rəngini geyinib dünyadan sülh istəyir, 

Azadlıq rəngli güllər məzarını süsləyir, 

Qərənfillər gəlintək məzarlara sığınıb, 

Həyadan üzlərinə qırmızı qan sağılıb. 

Dərd adlı qara bulud baş daşına dolanıb. 

Burda ahdan-nalədən hava yaman bulanıb. 

Gözlərin qəm yaşından daş-torpaq da doyubdur. 

Anaların qəlbinə sağalmaz dağ qoyubdur. 

Burda xalqın ürəyi azadlıq deyə vurur, 

Bura xiyaban deyil, yenilməyən bir qürur, 

Burdan qan içənləri məğrur əllər daşlayır 

Böyük bir döyüş yolu elə burdan başlayır. 

 



      ŞUŞAM MƏNİM 

 

Düşmən dörd bir yanın kəsdi, 



Qılıncın öz qının kəsdi, 

Yolunu qar-duman kəsdi, 

Yetim qaldın, Şuşam mənim, 

Dönüm qara daşa məni. 

 

Üzeyir dərd bəstələdi, 



Natəvan qəm dəstələdi

Bülbül ağlar səslə dedi- 

Sənsiz qaldıq, Şuşam mənim, 

Dönüm qara daşa məni. 

 

Xarıbülbül çəkdi nalə, 



Dağda qan-yaş tökdü lalə, 

Xanın vurdu son zəngulə- 

Yada qaldın, Şuşam mənim, 

Dönüm qara daşa məni. 

 

Göylər qəm leysanı tökdü, 



Cıdır düzün birdən çökdü, 

“Ərimgəldi” qəddin bükdü- 

Ağlar qaldıq, Şuşam mənim, 

Dönüm qara daşa məni. 

 

Haydı, igidlərim, baxın, 



Bu ruhlardan tüstü qalxır, 

Əlinizdə qılınc qalxın, 

Yol gözləyir, Şuşam mənim, 

Deyir elim, yaşat məni. 

 



Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə