Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr


Üçüncü fəsil: Seçkilərdən sonrakı hadisələr



Yüklə 0,84 Mb.
səhifə3/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
1   2   3   4   5   6   7   8   9

Üçüncü fəsil: Seçkilərdən sonrakı hadisələr


Seçkilərdən sonrakı hadisələrin mahiyyəti: Fitnə

Bunlar fitnə şəraiti yaradır, vəziyyəti qarışdırırlar. Qanuna tərəfdarlıq şüarı verirlər, lakin açıq şəkildə onun ziddinə işləyirlər. Şüarlarında imama tərəfdar olduqlarını bildirirlər, amma öz tərəfdarları arasında belə böyük bir günahın baş verməsinə imkan yaradırlar: imam təhqir olunur, imamın şəkli təhqir olunur. Bu, kiçik məsələ deyil. Düşmənlər buna çox sevinirlər. Yalnız sevinmirlər, təhlil də edir, o təhlilin əsasında qərar çıxarır, o qərar əsasında işləyir, milli maraqlarımızın və İran xalqının əleyhinə həvəslənirlər. Burada problemi yaradan amil həmin hiylə, mühitin dumanlı olması və Əmirəlmömininin (ə) sözündə olandır: bir haqq sözü bir nahaq sözlə qarışdırırlar və haqq onu sevənlərə tanınmaz olur. Aydınlatmaq, meyar və ayrıc müəyyən etmək burada mənasını tapır.70

Şübhəsiz ki, düşmən xalqı İslam quruluşundan ayırmaqda iflasa uğramışdır. Ötənilki seçkilərdə ölkənin qırx milyon əhalisi iştirak etdi; əslində İslam Respublikası quruluşunun və seçkilərin xeyrinə qırx milyonluq bir referendum keçirildi. Düşməni qəzəbləndirən bu idi. İğtişaşla onun təsirini məhv etmək istədilər, amma bacarmadılar. Xalq fitnənin qarşısında da dayandı. 2009-cu il fitnəsi ölkəni vaksinlədi, xalqı siyasi və ictimai mikroblar əleyhinə hazırladı, onun ayıqlığını artırdı.71
Fitnənin mənası

Dumanlı şərait sözügedən fitnə zamanıdır. Fitnənin mənası budur ki, bir qrup adam dost görkəmi və düşmən niyyəti ilə meydana atılıb mühiti qarışdırsın, bu qarışıq mühitdə əsl düşmən öz simasını gizlədib meydana atıla və zərbə vura bilsin. Əmirəlmöminin (ə) buyurub ki, nahaq çılpaq və xalis şəkildə gəlsə, haqqı istəyənlər çaşmazlar, onun nahaq olduğunu anlayarlar. Əgər haqq da açıq şəkildə meydana gəlsə, düşmən onu haqq olmadığına görə ittiham edə bilməz. Fitnəkar isə bir qədər haqdan və bir qədər nahaqdan götürüb bir-birinə qarışdırır. O zaman haqqı axtaran şəxslər də çaşır. Fitnə budur.

Bəs belə bir məsələ qarşısında çıxış yolu nədir? Sağlam ağıl və şəriət qətiyyətlə bəyan edir ki, çıxış yolu haqqı açıq şəkildə söyləməkdən ibarətdir. Siz seçki bəhanəsi ilə bir hərəkətin başlandığını, sonra bir düşmən adamının bu dumanlı şəraitə qoşulduğunu, sözü və şüarı daxilindən xəbər verən düşmən adamının meydana girdiyini gördüyünüzdə xətti müəyyən edin, sərhədi aydınlaşdırın. Hamının, ən çox da aparıcı şəxslərin üzərinə vəzifə düşür; aparıcı şəxslərin arasında da hamıdan çox dinləyicisi, hamıdan çox eşidəni olanların. Gərək sərhədlər aydınlaşsın və kimin nə dediyi bəlli olsun. Nahaq özünü meydanın toz-dumanı arasında gizlədib zərbə vura bilməsin və haqq cəbhəsi haradan zərbə vurulduğunu görsün. Buna görə aparıcı şəxslərin ikibaş danışması düzgün deyil. Aparıcı şəxslər sözlərini açıq deməlidirlər. Bu, xüsusi bir siyasi cinaha məxsus deyil, İslam quruluşu daxilində olan bütün cinahlar dünya hegemonlarının dəstəyinin məqbul olub-olmadığını açıq şəkildə müəyyən etsinlər. Hegemon başçılar, zalımlar, İslam ölkələrini işğal edənlər, Fələstində, İraqda, Əfqanıstanda və digər yerlərdə məzlum insanları qətlə yetirənlər gəlib meydana atıldıqda, danışdıqda, mövqe bildirdikdə İslam Respublikası quruluşunun aparıcı şəxslərinin buna qarşılıq mövqeyi bəlli olmalıdır. Ondan üz çevirib "mən sizin düşməninizəm", "mən sizə müxalifəm" - deməyə razıdırlarmı?

Fitnə mühitində kimlərsə dilləri ilə açıq şəkildə İslamı və İslam Respublikası quruluşunun şüarlarını inkar etdikdə, əməlləri də respublikanı və seçkiləri sual altına saldıqda, bu məsələ cəmiyyətdə aşkar olduqda aparıcı şəxslərdən gözlənilən budur ki, mövqelərini müəyyən etsinlər. İkibaşlı danışmaq fitnəni aradan qaldırmağa və şəffaflıq yaratmağa yox, mühitin dumanlanmasına kömək edir. Şəffaflıq düşmənin düşməni, ona maneədir, dumanlı mühit isə düşmənə kömək edir. Bunun özü bir meyardır. Kim şəffaflığa kömək edir və kim dumanlılığa kömək edir; hamı bunu nəzərə alsın və meyar seçsin.72


2009-cu il fitnəsi arxasındakı planlar

Mən sizə deyirəm: Bir neçə il ötəndən sonra beynəlxalq informasiya mənbələrinin qələmləri işə düşəcək və yazacaqlar. O gün bəlkə də mən olmayacağam, lakin sizlər olacaqsınız, 2009-cu il fitnəsinin arxasında necə böyük planların durduğunu eşidəcək və oxuyacaqsınız. Bu fitnə çox mühüm məsələ idi, məqsədləri çox böyük idi. Onlar İranı ələ keçirmək istəyirdilər. Fitnə amili olan bu şəxslər - küçələrə çıxanlar, yaxud onların bəzi sözçüləri əksərən bilmədən bu işə qoşulmuşdular. Lakin bəzi əllər bunları yönəldirdi və anlamırdılar. Bəzi adamların bu işə necə qoşulmasının və özləri bilmədən düşmənə necə kömək etməsinin dəqiq psixoloji təhlilləri var, amma həqiqət dediyim kimidir. Bu, çox böyük bir iş idi. Bu işi siz gənclər yoluna qoydunuz.73

Düşmənin planlaşdırdığı bu fitnənin müxtəlif cəhətlərini təhlil və izah etmək və aydınlatmaq üçün hələ çoxlu işlər görülməlidir. Düşmən çox dəqiq hesablamalar aparmışdı, lakin hesabları səhv çıxdı. Onlar İran xalqını tanımayıblar. Səhnə arxasındakı düşmən hər şeyi müşahidə etmişdi. Sizin fitnə başçıları adlandırdığınız bu şəxsləri düşmən səhnəyə itələmişdi. Təbii ki, günah etdilər. İnsan düşmənin oyuncağı olmamalı və tez məsələni anlamalıdır. Əgər əvvəldə diqqətsizlik etmişdilərsə də, sonradan anlayanda dərhal yolların dəyişməli idilər, amma dəyişmədilər. Lakin hər halda, əsas amil planları hazırlayan digər şəxslər idilər. Onlara görə İslam Respublikası məhv edilməli, yalnız dinin həqiqəti yox, hətta dini şüarlar da qalmamalı idi. Proqram belə idi. Qərara gəlmişdilər ki, əgər bacarsalar, hökuməti özləri istədikləri şəklə salsınlar; ondan sonrakı işləri də müəyyən etmişdilər. Əgər hökumətin formasını dəyişmək və öz istədikləri hökuməti yaratmaq baş tutmasaydı və mümkün olmasaydı, ölkəni iğtişaşa sürükləyəcəkdilər. Mən bir dəfə dedim ki, İslam inqilabının karikaturunu çəkmək istəyirlər; bir qəhrəmanı yamsılayan, qəhrəmanların və inqilabların ədasını çıxaran kölgələr kimi. Plan bu idi. İran xalqı bunların ağzından vurdu və bütün planlarını məhv etdi.74
2009-cu il fitnəsini boğmaqda gənclərin rolu

Bu gün Allahın köməyi, qüvvə və qüdrəti ilə gənclər fəaldırlar, səhnədədirlər. Bu çox böyük və əhəmiyyətli məsələdir. Siz gənclər bu hərəkətin ön xəttindəsiniz; həm siyasi, həm iqtisadi, həm elmi işlərdə.

Siyasi sahədə 2009-cu il fitnəsini bizim gənclərimiz yatırtdılar. Müxtəlif amillərdən çox bizim gənclərimiz, siz şagirdlər, siz tələbələr rol oynadınız. O fitnə böyük bir fitnə idi.75
2009-cu il fitnəsi tərəqqi və inkişaf üçün bir ilahi imtahan idi!

İmtahan çətinlikdən keçməkdir. Bir insanın, yaxud bir xalqın qarşısına bir çətinlik və sıxıntı çıxır; bu çətinlikdən keçid imtahandır. Əgər keçə bilsə, məqsədinə çatacaq; əgər bacarmasa, öz istedadlarından istifadə edə, nəfsinə qalib gələ və sınaqdan keçə bilməsə, qalacaq. İmtahan budur. Allahın imtahanı bizi tanımaq, bizim hansı çəkidə və hansı həddə olduğumuzu bilmək üçün deyil. İmtahanın özü məqsədə sarı bir addımdır. Mənim və sizin imtahan edilməyimizin mənası budur ki, əgər bu çətinlikdən keçə bilsək, yeni vəziyyətə, yeni bir həyata və yeni bir mərhələyə çıxacağıq. Bu baxımdan bir xalqla bir şəxs arasında fərq yoxdur.

Ötən il İran xalqı bir imtahandan keçdi, bir fitnədən keçdi. Bunun mənası yalnız o deyil ki, hamı İran xalqının güclü olduğunu bildi; daha mühüm məsələ budur ki, bu hərəkətlə, fitnə və çətinlikdən bu keçid gücü ilə bu xalq üçün yeni bir vəziyyət, onda yeni bir bacarıq yarandı. İnsanın bütün ömrü və hər addımı imtahandır. Əgər biz öz nəfsimizə qalib gələ bilsək, öz ayıqlığımızı işlədib zamanı tanıya bilsək, lazımlı işin nə olduğunu bilsək və onu yerinə yetirsək, bu, bizi həyatın yeni bir pilləsinə qaldıracaq. Bu, bir yüksəliş və tərəqqidir.76

Ötənilki hadisələrdən sonra inqilab, İslam Respublikası, İran xalqı və bu ölkədə düzgün din xətti dəfələrlə gücləndi. Səbəb budur: Allah-Taala hər bir imtahanda bir qiymət verir. Bir şəxs, bir cəmiyyət və bir xalq bir imtahandan keçəndə Allah-Taala onlara qiymət verir. Qiymət verməsi belədir ki, onları ucaldır. Allahın imtahanları belədir. Əgər imtahanı pis verib kəsilsək, bu kəsilmə tənəzzül və süqutdan ibarət olacaq, insan olduğundan da pis vəziyyətə düşəcək. Qəbul olanda da belədir; xalqları ucaldır.

Bir zaman xalq bir imtahandan kəsildi və Əmirəlmöminin (ə) ibadət mehrabında qana boyandı. Bəli, pis imtahan idi. Nə üçün cəmiyyət elə bir vəziyyətə düşməlidir ki, ədalət, mənəviyyat və tövhid təcəssümü kimi bir şəxs bədbəxt bir insan tərəfindən qana boyansın? Bu, xalqın pis imtahan verdiyini göstərir. İmtahan verib kəsildilər. Odur ki, Allah onları aşağıya endirdi, vəziyyətləri elə bir həddə çatdı ki, Hüseyn ibn Əlini (ə) gözlərinin önündə öldürdülər.

Yaxşı imtahan verdikdə Allah insanı ucaldır. Bu gün ölkədə və xalq arasında İslam, Allaha iman və inqilab xətti fitnədən öncədən olduqca daha güclü, daha qabarıq və daha yüksəkdir. Nə üçün? Çünki xalq yaxşı imtahan verdi. Bu, Allahın qiymətidir. Bu bizim üçün düstur oldu. Bütün məsələlərdə belə etmək, düzgün görmək, düzgün ölçmək, düzgün hesablamaq lazımdır. Seçimdə səhvə düşməkdən ehtiyatlı olmalı, əsas məsələləri ikinci dərəcəli məsələlərə qarışdırmamalı, böyük və önəmli hadisələri kiçik görməməli və kiçik hadisələrə böyük gözlə baxmamalıyıq; gərək hər şeyi düzgün təyin edək. Bu birinci addımdır. Sonra da məsuliyyət hiss etməliyik. Canlı bir xalqın gözəl həyatı budur. Allah-Taalanın möminlərə söz verdiyi gözəl həyat budur; yəni hər gün müxtəlif imtahanlarda iştirak edib irəliləmək. Bu yolda dünyadan köçənlər Allaha qovuşur, yüksək səadət dərəcələrinə nail olurlar, dünyada qalanlar da maddi və mənəvi cəhətdən daim inkişaf edirlər. Burada maddi inkişaf da var.77


Hadisənin qısa şərhi

Seçkilərdən sonrakı bir neçə ay ərzində baş verən hadisələrin qısa şərhi budur ki, ölkənin və İslam Respublikası quruluşunun düşmənləri otuz ildən sonra bu inqilabı daxildən məhv etmək üçün bütün güc və qüvvələrini toplamışlar. Xalq bu böyük təxribatın və bu düşmən hərəkətinin qarşısında ayıqlıq, iradə və misilsiz dirənişlə düşməni məğlub edə bildi. Seçkilərdən 22 bəhmənə (11 fevrala) qədər sürən bu səkkiz ayda bu xalqın və bu ölkənin yaşadıqları həqiqətən İran xalqının başucalığına səbəb olan dərs və ibrət dolu bir təcrübədir.78


Düşmənin proqram və layihələrinin seçkilərdən öncə başlaması

Mənim fikrimcə, mənim təhlilimə görə, bu məsələ seçkilərdən sonra, yaxud seçkilər ərəfəsində başlamayıb, öncədən başlamışdır. Bu, qabaqcadan hazırlanmış və planlaşdırılmışdır. Mən bu işin içində olan şəxsləri əcnəbilərə, ingilislərə, yaxud amerikalılara çalışmaqda ittiham etmirəm. Mən bunu iddia etmirəm, çünki mənə sübut olunmayanı deyə bilmərəm. Lakin deyə biləcəyim budur ki, bu cərəyan onun öncülləri bilsələr də, bilməsələr də, planlaşdırılmış bir cərəyandır və təsadüfi deyil. Bütün əlamətlər göstərir ki, bu hadisələr planlaşdırılmış və düşünülmüş idi. Əlbəttə, planlaşdıranlar onun baş tutacağına əmin deyildilər.79

Bu kampaniya seçkilərdən öncədən başladı; bundan iki-üç ay qabaqdan. Mən fərvərdin ayının 1-də (martın 21-də) Məşhəddə dedim ki, daim qulaqlara pıçıldayır və təkrar edirlər ki, seçkilər saxtalaşdırılacaq. Onlar şəraiti hazırlamaq istəyirdilər. Mən o zaman ölkə daxilində olan yaxşı dostlarımıza xəbərdarlıq etdim və dedim ki, düşmənin xalqın beyninə yeritmək istədiyi bu sözü deməyin. Xalq İslam Respublikası quruluşuna inanır.80

İslam oyanışı sarıdan güclü təhdid olunan İslam və inqilab düşmənləri cəbhəsinin uzunmüddətli proqramının olmamasını qəbul etmək olmaz. Buna heç kəs inana bilməz. Buna inanmaq üçün çox sadəlövh və avam olmalıyıq. Mütləq uzunmüddətli proqramları var. Bəzən ölkədə baş verən və əcnəbi əlin göründüyü bu hadisələr birdəfəyə yaranmış şeylər deyil, bir anda ortaya çıxmır. Bunlar üçün də ortamüddətli və uzunmüddətli proqramları olmuşdur; proqram hazırlamışlar və o proqramın nəticəsi bu olub. Belə deyil ki, həmin gecə qərar versinlər və sabah işi görsünlər. Xeyr, mən 2009-cu il təxribatlarında bəzi dostlara fakt və əlamətlərini göstərdim. Ən azı 10-15 il öncədən proqram vardı; imamın vəfatından sonradan proqram hazırlamışdılar. O proqramların təsiri 1999-cu ildəki universitet məhəlləsi məsələlərində, çoxlarınızın xatırladığı, bəlkə də yaxşı yadda saxlamadığı hadisələrdə göründü. Ötən il baş verən hadisələr həmin proqramlar üçün yenidən canlanma oldu. Əlbəttə, vaxtı və müxtəlif cəhətləri nəzərə almaqla bu işi görməyə çalışdılar, amma Allaha şükür olsun ki, məğlub oldular; belə də olmalı idi.81


Bir qrup Tehran əhalisinin nisbi dəstəyi

Seçkilərdən sonra bəzi adamlar tərəfindən bəzi işlər görüldükdə bir qrup Tehran əhalisi tərəfindən nisbi dəstək də verildi. Onlar bundan ümidlənib həvəsə gəldilər, istədiklərinin baş tutduğunu düşündülər. Buna görə bu orqanların, media qurumlarının, radioların, internet və peyk resurslarının səhnədə iştirakının necə şiddətləndiyini gördünüz; açıq şəkildə işə girişdilər.82


Heç bir dəlil olmadan xalqın seçkilərdə iştirakının sual altına düşməsi

Seçkilərin özünü sual altına salmaq ən böyük cinayətdir. Siz nə üçün bu cinayətə göz yumursunuz? Bu qədər zəhmət çəkilir, xalq gəlib belə möhtəşəm formada iştirak edir, dünyanın bu qədər iddia etdiyi demokratiyada rekordu təzələyir. Sonra seçkilərin ertəsi günü bir qrup adam gəlib dəlilsiz-filansız deyir ki, seçkilər yalandır. Bu kiçik işdir?! Bu kiçik cinayətdir?! Bu məsələlərdə bir qədər insaflı olmaq lazımdır. Əvvəlcə buna ümidləri yox idi, sonra baş tutduğunu görüb dərhal meydana atıldılar.83

Düşmən də bundan maksimum istifadə etdi. Ölkə daxilində də əvvəldən İslam Respublikası quruluşu ilə müvafiq olmayan bir qrup var; bu günün-dünənin məsələsi deyil, otuz ildir müvafiq deyillər. Onlar bu fürsətdən istifadə etdilər. Quruluşun özünə bağlı və quruluşun özündən olan qüvvələrin (quruluşun zərərinə) belə işlər gördüyünü görüb, fürsəti fövtə vermədilər, meydana atıldılar və nəticəni gördünüz.

Mən birinci gün bunu bu hadisələrin rejissorları olan həzrətlərə xəbər verdim. Mən ilk saatlarda onlara xüsusi xəbər yolladım. Mən əgər cümə namazında nə vaxtsa bir söz deyirəmsə, bu birinci dəfəsi deyil; xüsusi tərzdə deyilir, xüsusi mesaj göndərilir, lazımi nəsihət edilir, çarəsiz qaldıqda isə o sözü aşkarda söyləyirəm. Mən xəbər göndərib dedim ki, bunu siz başlayırsınız, lakin sona qədər nəzarətdə saxlaya bilməyəcəksiniz, digərləri gəlib sui-istifadə edəcəklər.

Siyasətə qoşulan şəxs mahir bir şahmatçı kimi hər bir gediş etdikdə ondan sonrakı üç-dörd gedişi öncədən görməlidir. Bir gediş edərkən rəqibin hansı gediş edəcəyini düşünməlisən. Əgər ikinci gedişdə aciz qalacaqsansa, bu gün bu gedişi etmə. Əgər etsən, naşısan; yaxşı ifadəsi budur: bu işdə, bu oyunda, bu gedişdə naşısan, nabələdsən. Bunlar nə etdiklərini anlamırlar. Bir gediş edirlər və diqqət yetirmirlər ki, sonrakı gedişlərdə necə aciz qalacaq, mat olacaqlar. Bunları hesablamalı idilər. Əsas məsələ bu idi: seçkilərin sual altına salınması, heç bir pis niyyəti olmadan seçkilərə qoşulan və əqidəsinə uyğun olaraq çox yaxşı rəftar edən xalqın bir hissəsini quruluşla, ölkə ilə, ölkənin ümumi hərəkəti ilə üz-üzə qoymaq. Bunlar kiçik işlər deyil.84

Düşmən, qarşısında kimin durduğunu bilsin, İslam quruluşu və İslam inqilabı haqda səhvə düşməsin. Elə bilməsinlər ki, İslam inqilabını və quruluşunu belə səfeh işlərlə diz çökürmək olar. İslam quruluşu canlıdır. Elə bilməsinlər ki, xalqın 1979-cu il inqilabındakı möhtəşəm iştirakına dair yanlış bir təqlidlə, o inqilabın bir karikaturu ilə İslam inqilabının və quruluşunun əzəmətinə zərbə vura bilərlər. Bu təcrübə düşmənin qarşısına çıxmış olmalıdır; səhv etməsinlər. İslam quruluşu bu işlərlə məğlub olmayacaq.

Bu xalq imanlı, sayıq və istedadlı xalqdır. Zirar məscidi ilə bu xalqı məğlub etmək olmaz. Tarixdə bizim özümüzün buna dair nümunələrimiz var: "(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldənlər..." Bizim ürəkdən, candan və bütün vücudu ilə Qurana bürünmüş böyük imamımızı - inqilabın əziz və əzəmətli rəhbərini yamsılamaqla bu xalqı aldatmaq olmaz. Bu xalqın qəlbi imanla işıqlanmışdır. Bu xalq ayıqdır. Bizim gənclərimiz ayıqdırlar.85
Düşmənin müdaxiləsi

Bəzi Qərb ölkələri prezident, Baş nazir, Xarici işlər naziri və müxtəlif məmurlar miqyasında açıq şəkildə İran xalqının daxili işlərinə müdaxilə etdilər. Sizə nə aidiyyəti var?! Nə üçün İran xalqına aid olan bir işə qarışırsınız?! Daxili işlərimizə qarışırlar, sonra da deyirlər ki, biz qarışmırıq. Bəs qarışmanın mənası nədir?! İğtişaşçını həvəsləndirmək müdaxilə deyil?! İran xalqını iğtişaşçı tanıtdırmaq müdaxilə deyil?! Təhqir deyil?! Bir qrup bir namizədə səs verib, başqa bir qrup da başqa bir namizədə. Burada çoxluq və azlıq var, qaydalar var. Namizədləri yetərli səs qazanmayan şəxslərin kədərlənməsi və dilxor olması təbiidir, amma bunun mənası iğtişaş deyil. Bunlar iğtişaşçı deyillər. İğtişaşçılar azsaylı bir dəstədir. İğtişaşçılar bəzi Qərb dövlətlərinin İran daxilində ixtilaf yaratmaq üçün ayırdığı büdcəni alanlardır. Əksərən sionistlərin nəzarəti altında olan, İran xalqı, İslam və İslam Respublikası quruluşu ilə qatı düşmən olan Amerika və Avropa KİV-ləri İran xalqının bir qrupunun iğtişaşçı olduğunu bildirirlər.

Biz xəbərdarlıq edirik; İran xalqı ölkəsinin daxili bir məsələsindən onun əleyhinə istifadə etməyə çalışan bəzi ölkə başçılarına xəbərdarlıq edir: diqqətinizi toplayın, İran xalqı reaksiya verəcək.86

Xarici düşmən deyən kimi xaricilər tez məsum görkəmi ilə gəlirlər ki, yox, yox, biz müdaxilə etmirik, biz bir iş görmədik. Bu həyasızlıqdır. Axı hamı görür. Təhlükəsizlik qurumlarının və digərlərinin öyrəndiyi işlər bir yana, hamının müşahidə etdiyi faktlar var; son bir neçə onillikdə xalqların taleyində böyük rol oynamış media qurumları var.

Mən bir neçə il bundan qabaq burada xəbərdarlıq kimi dedim ki, hegemonizmə bağlı təbliğat və informasiya şəbəkələri xalqları iğtişaşa çəkmək və bununla hərəkət etdikləri yoldan daşındırmaq üçün onların istiqlaliyyətinin ən güclü düşmənləridir. Mən o zaman bir neçə ölkəni misal çəkdim. Bu gün isə informasiya vasitələri həmin sözləri dediyimiz bir neçə il öncəyə nisbətən daha böyük, geniş, əhatəli və rəngarəng olmuşdur. Düşmənlər işləyirlər, lakin deyirlər ki, biz heç bir iş görmürük.

Onların iğtişaş törədən cahil və nadan qruplara tapşırıqları öz informasiya vasitələrində açıq şəkildə yayımlanır: polislə belə vuruşun, Bəsic əleyhinə belə danışın, küçədə belə iğtişaş törədin, belə dağıdın, belə yandırın və sair. Bunlar müdaxilə deyil?! Bundan da açıq müdaxilə?! Bundan da aşkar müdaxilə?! Bunu bizim xalqımız öz gözü ilə gördü. Bunlar bizim xalqımız üçün təcrübədir. Kimsə düşünməsin ki, məsələn, Tehranda bir zibil qabını sındırmağa gücü çatan və bu işi görən, yaxud fərz edin xalqın malına - motosikletə, maşına, banka və dükana ziyan vuran bu kiçik qrup bu xalqdır. Xeyr, bu səhvdir; bu, xalq deyil. Bəli, dəstək vermək üçün hegemon tribunalardan onları xalq adlandırırlar. Bunlar xalqdır?! Xalq bu ziyanverici iğtişaşçıları səhnədə görən kimi kənara çəkilib onlara nifrətlə baxan, ümumi təhlükəsizliyi və ictimai sabitliyi pozanlara nifrətlə baxan milyonlardır.87

Bəzi namizədlərin etirazını gördükdə gözlənilmədən onlar üçün fürsət yarandığını düşündülər və onu fövtə verməyib təşəbbüsü ələ almağa çalışdılar. Şənbə və bazar günlərindən sözləri dəyişildi, gözləri namizədlərin dəvəti ilə küçələrdə keçirilən bəzi toplantılara düşdükdə həvəsləndilər, yavaş-yavaş niqabları kənara çəkildi və həqiqi simaları görünməyə başladı. Bir neçə Avropa ölkəsinin və ABŞ-ın dövlət başçıları və bir neçə Xarici işlər naziri iç üzlərini göstərən sözlər danışdılar. ABŞ prezidentinin belə dediyi söyləndi: "Biz xalqın küçələrə çıxdığı belə bir günü gözləyirdik". Bir tərəfdən məktub yazıb əlaqələri bərpa etmək istədiklərini deyir və İslam Respublikasına hörmət bildirirlər, bir tərəfdən də bu sözləri danışırlar. Biz hansına inanaq?88
Seçkilərdən sonrakı hadisələrdə baş verən bəzi cinayətlər və qanun pozuntuları

Bu hadisələrdə adi camaatdan və Bəsicdən ödürülən bu bir neçə nəfərin cavabını kim verməlidir? Küçədə qarışıqlıqdan istifadə edirlər, Bəsici terror edirlər, polisi terror edirlər; hər halda bunlar bir reaksiyaya səbəb olacaq və bu reaksiya emosional olacaq. Bu reaksiyalar barədə kim düşünməlidir? Bəzi hadisələrə görə insanın bağrı qan olur. Universitet məhəlləsinə gedib gənc tələbələrə, özü də çaxnaşma yaradan yox, mömin və hizbullahçı tələbələrə hücum edir, eyni zamanda rəhbərin lehinə şüar verirlər. Bu hadisələrə görə insanın bağrı qan olur.89


Seçkilərdən sonrakı hadisələri birinci və ikinci dərəcələrə bölmək

Bəzi adamlar seçkilərdən sonra baş verənləri, xalqa və İslam quruluşuna olunan zülmü, digər xalqlar qarşısında bəziləri tərəfindən quruluşa edilən hörmətsizliyi - bunların hamısını görməzdən gəlir, hansısa hadisəni, Kəhrizək zindanını, yaxud məhəllə hadisəsini seçkilərdən sonra bu günə qədərki dövrün əsas hadisəsi hesab edirlər. Bunun özü başqa bir zülmdür, əsas məsələ isə başqadır. Əsas məsələ budur ki, xalq möhtəşəm bir iş görmüş, aktiv, yaxşı və bənzəri az olan bir seçkilərdə iştirak etmiş və öz səsini qutulara salmışdır. Səksən beş faiz zarafatdır?! Bu seçkilər son bir-iki ildə bir-birinin ardınca iqtisadi, elmi, siyasi, təhlükəsizlik və beynəlxalq nailiyyətlər kəsb edən quruluşu imtiyaz və hörmətin yüksək səviyyəsinə çatdırır. Sonra bir də görürük ki, bu fəxri məhv etmək üçün bir hərəkət başlayır. Əsas məsələ budur.90

Mən adətən gündüzlər təxminən 16-17 qəzetə baxıram. Bütün səhifələrinə baxmıram, adətən başlıqlara və diqqətəlayiq baş məqaləsi olanda ona baxıram. Bizim qəzetlərimizin çoxu təəssüf ki, hadisələri işıqlandırmaqda zəif görünür, məsələləri əhəmiyyət baxımından dərəcələrə bölməkdə insafsız işləyirlər. Bu son məsələləri birinci-ikinci dərəcələrə bölmək lazımdır. Birinci dərəcəli məsələ və onun ətrafında ikinci dərəcəli məsələlər var. Bu o demək deyil ki, ikinci dərəcəli məsələlərin əhəmiyyəti azdır. Xeyr, az deyil, amma birinci dərəcəli məsələnin əhəmiyyəti daha artıqdır.

Bu son hadisələrdə birinci dərəcəli məsələ seçkilərin özü idi. Seçkilərin özünü sual altına salmaq ən böyük cinayətdir. Siz nə üçün bu cinayətə göz yumursunuz? Bu qədər zəhmət çəkilir, xalq gəlib belə möhtəşəm formada iştirak edir, dünyanın bu qədər iddia etdiyi demokratiyada rekordu təzələyir. Sonra seçkilərin ertəsi günü bir qrup adam gəlib dəlilsiz-filansız deyir ki, seçkilər yalandır. Bu kiçik işdir?! Bu kiçik cinayətdir?! Bu məsələlərdə bir qədər insaflı olmaq lazımdır.

Əsas məsələ bu idi: seçkilərin sual altına salınması, heç bir pis niyyəti olmadan seçkilərə qoşulan və əqidəsinə uyğun olaraq çox yaxşı rəftar edən xalqın bir hissəsini quruluşla, ölkə ilə, ölkənin ümumi hərəkəti ilə üz-üzə qoymaq. Bunlar kiçik işlər deyil. Əgər siz insaflısınızsa, ikinci dərəcəli hərəkətləri və hadisələri görün, əhəmiyyətini nəzərə alın, lakin bunun daha mühüm olmasını da diqqətdən qaçırmayın.91
Hadisənin iştirakçıları

Xalq və aparıcı adamlar

İran xalqının möhtəşəm şəkildə iştirak etdiyi izdihamlı 22 xordad seçkilərində böyük iş görüldü. Təxminən 40 milyon insanın, yəni səsvermə hüququ olanların 85 faizinin seçki məntəqələrinə getməsi dünyada bənzərsiz rəqəmlərdəndir. Bu, İran xalqı üçün böyük imic yaratdı, bu böyük xalq üçün böyük iqtidara və inqilab üçün hörmətə səbəb oldu; göstərdi ki, inqilab otuz ildən sonra xalqı bu şəkildə səhnəyə çıxarmaq gücünə malikdir.92

Bu seçkilərdə bəzi imtahanlar qarşıya çıxdı. Bir imtahan ümumi xalqın imtahanı idi. Mənim fikrimcə, xalq bu imtahandan qələbə ilə çıxdı, qəbul oldu. Xalqın seçkilərdə güclü iştirakı onu başıuca edən böyük bir imtahan idi. Xalqın və siyasi cinahların çoxu vəzifələrinə uyğun hərəkət etdilər, bəzi aparıcı şəxslər isə təbii ki, imtahandan kəsildilər. Bu imtahan bəziləri üçün uğursuz oldu. Həmişə sədaqətlə və sağlam şəkildə vəzifələrini yerinə yetirməyə çalışan bəzi gənclərimiz sayıq olmalarına rəğmən, bəzi yerlərdə səhv etdilər. Bu ölkənin çoxlu gəncləri də həmin iman və sədaqətlə düzgün hərəkət etdilər. Kiməsə inanıb səs verdilər; o şəxs ya qalib gəldi, ya da gəlmədi. Meyar bu deyil. Meyar budur ki, insan bir şeyə inansın və sayıq şəkildə, vəzifə və məsuliyyət hissi ilə uyğun siyasi əmələ və hərəkətə qoşulsun, sonra da hamı qanuna təslim olsun. Bizim xalqımızın böyük əksəriyyəti – imtahanı yaxşı verən gənclər, görkəmli şəxsiyyətlər və adi xalqdan olanlar bu sırada dururlar. Bir qrup da təbii ki, aldandı.93

2009-cu ildə xalq özünün misilsiz fəallığı ilə bizim inqilabımızın tarixində və təbii ki, həm də ölkəmizin böyük tarixində görünməyən və zirvə nöqtə sayılan seçkilər keçirdi. Seçkilərdən sonrakı aylarda da xalq böyük bir imtahanda, əzəmətli və taleyüklü bir məsələdə öz fəallığını, iradəsini, müqavimətini, milli əzmkarlığını və ayıqlığını göstərdi.

Seçkilərdən sonrakı bir neçə ay ərzində baş verən hadisələrin qısa şərhi budur ki, ölkənin və İslam Respublikası quruluşunun düşmənləri otuz ildən sonra bu inqilabı daxildən məhv etmək üçün bütün güc və qüvvələrini toplamışlar. Xalq bu böyük təxribatın və bu düşmən hərəkətinin qarşısında ayıqlıq, iradə və misilsiz dirənişlə düşməni məğlub edə bildi. Seçkilərdən 22 bəhmənə (11 fevrala) qədər sürən bu səkkiz ayda bu xalqın və bu ölkənin yaşadıqları həqiqətən İran xalqının başucalığına səbəb olan dərs və ibrət dolu bir təcrübədir.94

Ötən il ölkəmiz üçün çox önəmli bir il idi. Novruz bayramı münasibəti ilə İran xalqına müraciətimdə qeyd olunduğu kimi, 2009-cu il İran xalqının ili idi, İran xalqının qələbə ili, İslam quruluşunda və ölkəmizdə öz həyatının böyük sahələrində fəal iştirak etdiyi il idi. 22 Xordadda 40 milyon insan seçki məntəqələrinə getdi, xalq 85 faiz göstərici ilə seçkilərdə iştirak etdi. Bu çox mühüm məsələdir. Şübhəsiz ki, bir quruluşun legitimliyində xalqın iştirakı təsirlidir. Qərbdə öz legitimliklərinin xalqın iradəsindən qaynaqlandığını, başqa heç bir amilin təsirli olmadığını düşünən ölkələrdə belə fəallıq yoxdur. Bizim seçkilərimizlə təxminən eyni zamanda İngiltərədə seçki keçirildi, səsvermə hüququ olanların təxminən otuz faizi iştirak etdi. 85 faiz hara, 30 faiz hara! Xalqın bu hərəkəti və iştirakı çox əhəmiyyətli məsələdir. Dünyanın siyasi analitik və şərhçiləri bu məsələlərin yanından asanlıqla keçmirlər. Bunu mətbuat səhifələrində işıqlandırmaya bilərlər, siyasətçilər bunu deməyib gizlədə bilərlər, amma təsirlidir və anlayırlar.

Bu xalq öz sözünün üstündə durmuşdur. Bu, xalqımızın möhtəşəm bir hərəkəti idi. Xalq ölkənin tarixində bunu qeyd edə bildi: İslam quruluşunun – bu, İslamiyyət və respublikaçılıq əsasında qurulan bir quruluşdur və bunlar bir-birindən ayrılmazlar; bunları bir-birindən ayıranlar İslam Respublikasını tanımayıblar – yaranmasından otuz il sonra xalq bu quruluşun əsaslarına o qədər sadiqdir ki, bir seçkidə belə həvəslə, aktiv və izdihamla iştirak edir. Bu, möhtəşəm bir xalq hərəkəti idi. İran xalqının düşmənləri bu hərəkətin qarşısında planlar cızdılar, bu planları həyata keçirməyə başladılar. Əgər 2009-cu ilin 22 xordad seçkilərində sizin iştirakınız zəif olsaydı, əgər qırx milyonun yerinə, məsələn, otuz milyon səs versəydi, böyük ehtimalla sizin düşmənləriniz uğur qazanardılar.95


Kataloq: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə