Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr



Yüklə 0,84 Mb.
səhifə6/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
1   2   3   4   5   6   7   8   9

Quruluşun mövqeyi

Etirazları yalnız qanuni yolla araşdırmaq

Bu məsələlərdə də mən qanunun icrasına israrlı idim, indi də israrlıyam və israrlı olacağam; yəni ölkəmizin və İslam Respublikasının qanunlarından bir addım kənara çıxmayacağıq. Şübhəsiz, bu quruluş və bu xalq nəyin bahasına olursa-olsun, zoru qəbul etməyəcək. Qanunçuluğun və qanuna tabe olmağın əksi də diktatorluqdur. Bunu da dostlar mütləq bilirlər və əgər bilmirlərsə, bilsinlər ki, bizim hamımızın psixologiyamızda diktatorluğa bir meyl var; bunu cilovlamaq lazımdır. Qeyd etdiyimiz kimi, daxildəki bu məst fili qanun, din və bəndəlik çəkici ilə daim yolda saxlamalıyıq. Əgər biz özümüz çarə qılmasaq, çarəsi çətin olacaq. Əgər qanuna tabelik olmasa, diktatorluq ruhu yavaş-yavaş aşkara çıxacaq. Cəmiyyətlərdə diktatorluq belə yaranır.123

Bu fərdi və ictimai hadisələrin hamısında əgər qanun meyar olsa, ədalət təmin olunar. Son hadisələrdə də biz bunu dedik... Məsələləri çözmək üçün qanuni meyar mövcuddur. Əgər qanun hakim olmasa, qanunsuzluqdan hamının başına gələcək fəlakətlər qanunun icrasının bəziləri üçün yarada biləcəyi çətinlikdən olduqca ağır olacaq. Ədalət qanuna riayət etməyi tələb edir. Əgər biz qanuna riayət etməkdən sıxıntı keçirsək, qanuna razı olmaq istəməsək, qanunsuzluqdan bizim başımıza gələnlər qanuna dözməkdən dəfələrlə ağır olacaq. Buna hamı diqqət yetirsin.124
İğtişaş törədənlərə və cinayətkarlara qarşı tədbir

İslam quruluşu xalqın təhlükəsizliyini pozanlara qarşı təbii ki, tədbir görəcək. Bu, quruluşun vəzifəsidir. İslam quruluşu imkan verməyəcək ki, kimlərsə düşmənin hiylə və təxribatına uyub xalqın həyatını korlasınlar, asayişini pozsunlar, gənclərini təhdid etsinlər. Bu ölkənin övladları əzizdir; hamı əzizdir. Quruluş buna imkan verməyəcək.125


Hadisələrin pərdə arxasındakı cinayətkarlarına qarşı tədbir

Dostlarımızdan bir neçəsinin sözlərində olan mühüm bir məsələ son hadisələrin pərdə arxasındakı cinayətkarları barədə idi. Soruşurdular ki, bunlar nə üçün mühakimə olunmurlar? Nə üçün cəzalandırılmırlar? Nə üçün bunlara qarşı tədbir görülmür? Mən sizə deyim: belə əhəmiyyətli hadisələrdə təxminlə, gümanla, şayiə və bu kimi məsələlərlə hərəkət etmək olmaz. Biz bu inqilabı və bu əzəmətli quruluşu böyük bir xalqın mücahidliyinin, istər inqilab dövründə, istər müqəddəs müdafiə dövründə, istər ondan sonra bu günə qədər fədakarlıq göstərən gənclərin, müxtəlif sahələrdə çalışan və bəzən böyük işlər görən sizin özünüz kimi gənclərin möhtəşəm fədakarlıqlarının məhsulu bilirik. Biz bu quruluşun ümumi rəhbərlik qərarının lazım olduğu səviyyədə davamını və ümumi hərəkətini təxmin, güman və bu kimi məsələlərlə əsaslandıra bilmərik.

Siz bunu bilin ki, cinayətlərə heç bir güzəşt olunmayacaq. Lakin biz – ya mən, ya siz; fərqi yoxdur - istər tələbə olan, dilinizin açıq olduğu və rahat danışa bilən sizlərin, istərsə də uzun illərin təcrübəsini daşıyan mənim bu cəhətdən fərqimiz yoxdur. Biz əmr edə bilmərik ki, məhkəmə belə hökm çıxarsın. Xeyr, məhkəmə gərək baxsın; əgər bir şəxsin istər siyasi sahədə, istər iqtisadi sahədə, istər digər sahələrdə cinayəti üçün dəlillər tapsa, ona uyğun hökm etsin. Sizin eşitdiyiniz bu şayiələri mən də çox eşidirəm. Bu şayiələrin bir çoxunun həqiqətə uyğun olması və insanın onun üçün bəzi sübut və faktlar tapması da mümkündür. Lakin pərakəndə faktlar kiminsə əleyhinə bir cinayəti isbat edə bilməz; bunu yaddan çıxarmayın. Buna görə belə deyil ki, pərdə arxasında qəti bir cinayətkarın olduğunu və məhkəmənin hansısa səbəbdən onun cinayətindən keçməsini fərz edək.

Bunun kənarında başqa bir məqam var. Quruluşun geniş miqyasda bəzi məsələlərə dair gördüyü işlərdə bütün cəhətlər nəzərə alınmalıdır; məsələlərə bircəhətli baxmaq olmaz. Düşünürəm ki, siz belə baxsanız, indiyədək görülənlər və gələcəkdə görüləcək işlər hər bir insaflı zehni qane edəcək.126


Fiziki, maddi və mənəvi baxımdan zərərçəkənlərə dəstək

Görülməli işlərdən biri ölkə məmurlarının bu son hadisələrdə fiziki, maddi və yaxud mənəvi baxımdan zərərçəkənlərə kömək etməsidir. Zərərçəkənlər himayə olunmalı, zərər yetirənlər isə tapılıb cəzalandırılmalıdırlar; kim olurlar-olsunlar.127


Əcnəbilərin düşmən mövqelərinin və hərəkətlərinin gələcək münasibətlərdə nəzərə alınması

İslam Respublikası quruluşunun otuzillik müqavimət təcrübəsi hələ bunları oyatmamışdır. Bu xalqın hegemon və təcavüzkar başçılara vurduğu zərbələr bunları özlərinə gətirməmiş, ayıltmamışdır. Bunlar hələ də bizim ölkəmizə və xalqımıza tamah salırlar. Səhv edirlər və şübhəsiz ki, bu səhvlərinin cəzasını çəkəcəklər.

Biz bu dövlətlərin düşmən fikirlərini və rəftarlarını hesablayacaq, onların adına qeyd edəcəyik; bunu bilsinlər. Bu işlərin İslam Respublikasının bu müdaxiləçilərlə gələcək münasibətlərində şübhəsiz ki, mənfi təsiri olacaq. Bunu bilsinlər, anlasınlar ki, İran xalqı hegemonluğu qəbul edən xalq deyil, qüdrətli xalqdır; İslam Respublikası quruluşu köklü və möhkəm quruluşdur.128
Hadisələr zamanı törədilən cinayət və qanun pozuntularına qarşı tədbir

Dostların sözlərində olan başqa bir mövzu bu hadisələrdə naməlum qüvvələr tərəfindən baş verən qanun pozuntuları və hətta cinayətlərdir. Siz universitet məsələsi, yaxud bu qəbildən olan digər məsələlərə işarə vurdunuz - universitet məhəlləsini əziz tələbələrin bir neçəsi təkrar etdi; bu müddətdə universitet məhəlləsinə bənzər başqa hadisələr də baş vermişdir - yaxud məsələn, Kəhrizək hadisəsini dedilər. Bu hadisələr həqiqətən icraçı orqanların problemlərindən biridir. Əvvəla bunu qəti şəkildə bilin ki, bunlara qarşı tədbir görüləcək. İndi ajiotaj yaratmaq istəmirik ki, sərəncam verək, bu sərəncam mediada işıqlandırılsın, sonra bir əlavə vurulsun və sair. Mən belə təbliğatı uyğun saymıram, lakin ilk günlərdən sərəncam verilib və bəzi şəxslər bu işlərlə məşğuldurlar. İşlər isə düzgün, diqqətlə və ehtiyatla aparılmalıdır.

Bəlli gecədə Universitet məhəlləsində şübhəsiz, böyük qanun pozuntuları baş vermiş, pis işlər görülmüşdür. Biz demişik ki, bu iş üçün xüsusi iş açılsın, bununla dəqiq şəkildə məşğul olsunlar, cinayətkarları tapsınlar və tapandan sonra təşkilati əlaqələrinə əsla baxmadan cəzalandırsınlar. Bunu mən qətiyyətlə demişəm.

Mən fəaliyyətlərinə görə təhlükəsizlik polisimizə, nizam-intizam polisimizə və Bəsic təşkilatına təşəkkür edirəm. Bunlar çox böyük və yaxşı işlər gördülər. Lakin bu başqa bir mövzudur. Əgər bu orqanlardan hər hansı birinə bağlı olan bir şəxs bir qanun pozuntusuna yol vermişsə, bir cinayət törətmişsə, o da ayrıca araşdırılmalıdır. Cinayətlərinə görə nə bunların xidmətini görməzdən gəlməliyik, nə də xidmətlərinə görə cinayətlərinin üstünü örtməliyik. Mütləq araşdırılmalıdır və araşdırılacaq. Kəhrizək məsələsi də həmçinin elan olundu və yayımlandı. Universitet məhəlləsi hadisəsi ilə də məşğul olurlar. Hətta bu hadisədə yaxınları qətlə yetirilən - bunlar azdır - yaxud maddi zərər çəkən şəxslərin hər biri üçün ayrı iş açacaqlar. Fərman vermişik, demişik və bu məsələlərlə maraqlanacağıq.129

Bu hadisələrdə hər hansı bir şəxs tərəfindən hər hansı bir şəkildə zərər görən bütün şəxslər bilsinlər ki, quruluşun rəhm etmək niyyəti yoxdur. Quruluşa açıq şəkildə qarşı çıxan şəxslərlə yumşaq davranmadığımız, qanun və haqq mövqeyində durmağı düşündüyümüz kimi, quruluşa aid olan bir təşkilatda da qanun pozuntusu baş versə, pis bir iş görülsə, Allah eləməmiş, bir cinayət törədilsə, yenə də mənim fikrim budur. Biz qanun və haqq mövqeyində durmalıyıq. Allah-Taala kömək etsin və istədiyimiz işi görə bilək. Məmurlar da bu sahədə çalışırlar. İnşallah elə olacaq.130
Maksimum cəzb və minimum dəf etmək

Kiminsə müxalif fikri olsa, quruluşla işi olmasa, quruluşun onunla işi olmaz. Bəzi adamlar deyirlər ki, quruluş fərqli düşünənlərlə necə rəftar edir? Quruluşun fərqli düşünənlərlə işi yoxdur. Bu qədər fərqli düşünən var. Siyasi cəhətdən fərqli düşünən hər halda, dini cəhətdən fərqli düşünəndən üstün deyil. Bizdə fərqli düşünən dini azlıqlar var, İslam Şurası Məclisində təmsil olunurlar, müxtəlif vəzifələrdə də çalışırlar. Odur ki, söhbət fərqli düşünmədən yox, müxalifət, qarşı çıxmaq, zərbə vurmaq, quruluşun və inqilabın qarşısında xəncər çəkməkdən gedir. Quruluşun tədbir gördüyü budur. Amma fikir ayrılığı üslublarda olsa, zərərli deyil və faydalıdır.

Eybi yoxdur ki, ölkə məmurlarının, ölkənin vəzifəli şəxslərinin tənqidçiləri olsun, zəif cəhətlərini onlara göstərsinlər. İnsan rəqabət aparanda və tənqidçi qarşısında duranda daha yaxşı işləyir. Tənqidçilərin və hər hansı bir üsulu qəbul etməyən şəxslərin quruluşa ziyanı yoxdur, lakin quruluş çərçivəsində olmalıdır. Bunun eybi yoxdur və bu müxalifət zərərli müxalifət deyil. Quruluş da əsla belə müxalifətə qarşı çıxmır. Lakin tənqid prinsiplər çərçivəsində olmalıdır. İnqilabın prinsipləri bəllidir. İnqilabın prinsipləri şəxsi üslublar deyil ki, hərə bir tərəfdən iddia qaldırsın, sonra o prinsiplərə baxdıqda inqilaba yad olduğunu görək. İnqilabın prinsipləri İslamdır, konstitusiyadır, imamın tövsiyələridir, imamın vəsiyyətnaməsidir, yazılması konstitusiyada müəyyən olunmuş ümumi siyasətlərdir. Bu çərçivədə fikir ayrılığı, üslub fərqi eyib deyil, yaxşıdır; zərərli deyil, faydalıdır. Belə çəkişmələrdə quruluş heç kimlə toqquşmur. İnsanlar prinsiplər çərçivəsində rəftar etdikləri, kobudluq göstərmədikləri, cəmiyyətin təhlükəsizliyini və sabitliyini pozmadıqları, belə yanlış işlər görmədikləri, yalan və şayiə yaymadıqları təqdirdə quruluşun heç kimlə bir problemi yoxdur. Müxaliflər var, onların öz fikirləri var və fikirlərini bəyan edirlər. Quruluşun bunlarla işi yoxdur. Quruluş burada maksimum cəzb edib minimum dəf etməyi düşünür. Quruluşun üsulu budur; buna hamı diqqət yetirsin. Rəsmi nəzərlərə müxalif fikri olan şəxslər özlərini bu çərçivədə müqayisə edə bilərlər. Lakin kimsə quruluşun əsaslarına qarşı çıxsa, xalqın təhlükəsizliyinə müxalif olsa, quruluş ona qarşı tədbir görməyə məcburdur.131

Mən dəf etməyi əsla düzgün saymıram. Mən cümə namazında da dedim ki, fikrim maksimum cəzb etmək və minimum dəf etməkdir. Amma bəziləri sanki özləri quruluşdan uzaqlaşmaqda israrlıdırlar. Seçki mübarizələrindən ibarət olan ailədaxili, quruluşdaxili bir fikir ayrılığını bir qrup adam quruluşla mübarizəyə çevirdi. Əlbəttə, bunlar az, kiçik və İran xalqının əzəməti qarşısında sıfırdırlar. Lakin bunların lehinə şüar verirlər, bunlar da sevinirlər. Bu, ibrət olmalıdır.132


Mesajlar, təcrübələr, dərslər

Xalqı səhnəyə çıxarmaqda İslam Respublikasının qüdrəti

Bu seçkilərin ilk mesajı bu idi ki, İslam Respublikası otuz ildən sonra xalqı normal dünya rekordlarını keçəcək həddə səhnəyə gətirmək və mili səfərbərlik yaratmaq gücünə malikdir. Bəzi qüvvələr bu illər ərzində İslam quruluşunun getdikcə köhnəlməsini, xalqın gözündən düşməsini və xalqı səfərbər etmək gücünü itirməsini gözləyirdilər. Bu seçkilər isə göstərdi ki, İslam quruluşunun xalqı səfərbər etmək gücü getdikcə artmış və xalqın etimadını qazanmaqda daha uğurlu olmuşdur. Bu çox mühüm məsələdir. Bəzi kənar hadisələr bu mühüm məsələləri nəzərdən qaçırır. Bu seçkilərdə aşkara çıxan həqiqət budur ki, İslam inqilabı və İslam quruluşu elə canlı, cazibəli və inkişafdadır ki, otuz il ötəndən sonra xalqı bu həddə səhnəyə çıxarmaq gücünə malikdir. Səksən beş faizli bir göstərici bütün dünya miqyasında misilsiz, yaxud ən azı misli az olan bir rekorddur.133

Bir quruluş üçün ən böyük nailiyyət budur ki, xalq onun arxasında dursun. Düşmənlər bu xalq hərəkətini pozmaq istədilər; dedilər ki, yürüş hökumətin yürüşü idi. Ağılsızlar anlamırlar ki, bu sözlə hökuməti tərifləyirlər. Bu necə hökumətdir ki, iki gün ərzində bütün ölkədə belə möhtəşəm milli səfərbərlik yarada bilir?! Aşurada, yəni bazar günü o çirkin işləri törətdilər, çərşənbə günü isə bu möhtəşəm yürüş keçrildi. Bu gün başqa hansı ölkənin və hansı hökumətin belə gücü var?! Dünyanın ən güclü və ən sərvətli hökumətləri - casus və terrorçu yetişdirmək və digər pozucu fəaliyyətlər üçün çoxlu pullar xərcləyən hökumətlər bütün səylərini toplasalar, iki gün ərzində şəhərlərinin, yaxud ölkənin küçələrinə yüz min adam çıxara bilməzlər. Ölkə boyu on milyonlarla insan küçələrə çıxdı. Əgər hökumətin tapşırığı ilə gəlmişlərsə, bu çox iqtidarlı hökumətdir. Belə səfərbərlik imkanına malik olan hökumət çox güclü hökumətdir. Lakin sözləri doğru deyil. Həqiqət budur ki, bizim ölkəmizdə hökumət və xalq ayrılığı yoxdur, hamısı birdir. Bu bəndənizdən tutmuş digərlərinə qədər dövlət məmurlarının hər biri bu xalqın əzəmətli okeanında damlalardır.134
Quruluşun respublika olmasının isbatı

Bu izdihamlı və unudulmaz seçkilər göstərdi ki, İran xalqı ölkənin idarəsi üçün məsuliyyət hiss edir, öz iradəsi, ixtiyarı ilə səhnəyə çıxır və ölkənin məmurlarını seçir. Bu, quruluş və inqilab üçün çox mühüm bir məsələdir. Bizim böyük xalqımız seçkilərdə 85 faiz iştirakı ilə əslində inqilabla yenidən beyət etdi, sonra da 25 milyona yaxın səslə prezidenti seçdi. Bu da bizim hökumət və prezidentlərimiz üçün yeni bir rekord idi. Bütün bunların mesajı var; həm 85 faizlik və 40 milyonluq iştirakın mesajları var, həm də 25 milyona yaxın bu seçimin. Bunların mesajı var və bu mesajları bilmək lazımdır. Əgər bir hökumət və məmurlar bu mesajları düzgün dərk etsələr, cəmiyyətin siyasi elitası və görkəmli şəxsiyyətləri bu mesajlara diqqətlə baxsalar, çoxlu problemlər həll olunar.

Bu seçkilərdə bizim xalqımız və daha doğrusu inqilabımız özünün respublika olmasını güclü şəkildə isbat etdi. Bu 85 faizlik iştirak daim inqilabın və İslamın əleyhinə danışan, quruluşun respublikaçılığının təməllərində səhv axtaran düşmənlərin başına respublikaçılıq zərbəsi idi. O izdihamlı iştirak bunu göstərirdi. Sonra da gördünüz ki, möhtərəm namizədlərin sözlərində əksərən imamın xəttini davam etdirmək, dəyərlərə təmayül və sevgi görünürdü. Bəzən bu ümumi xəttə uyğun olmayan sözlər də deyilirdi, lakin hamı sözlərində imamın yoluna, xəttinə, inqilaba və onun təməllərinə vurğun olduğunu göstərmək istəyirdi. Bu çox mühüm məsələdir. Bu onu göstərir ki, hamı İran xalqının bunlara meylli olduğunu hiss edir. Bu, İran xalqının ümumi hərəkət istiqamətini göstərir; yəni islamiyyət və ilahi əmr qarşısında itaət istiqaməti. Bizim böyük imamımız bunun timsalı idi. Buna əsasən, bu seçkilərdə quruluşun həm respublikaçılığı, həm də islamiyyəti möhkəmləndi, təsdiqləndi. Bunlar mühüm mesajlardır. Bunları dərk etmək lazımdır.135
Xalqla İslam quruluşu arasında qarşılıqlı etimad

Bu seçkilərin və xalqın bu möhtəşəm iştirakının başqa bir mesajı İslam quruluşu ilə xalq arasında qarşılıqlı etimadın olmasıdır. Bu seçkilərdə müxtəlif təmayüllü insanların dialoqu və rəqabətə qoşulması, eləcə də müxtəlif fikirləri səhnəyə gətirmək üçün imkan yarandı. Bu, quruluşun özünəinamının əlamətidir və onun öz xalqına etimadını göstərir. Qarşılıqlı olaraq xalq da quruluşa etimad etdi, gəlib öz səsini seçki qutularına saldı. Əgər quruluşa etimad olmasa, xalqın bu diqqəti olmaz. Xalqın etimadsızlığından dəm vuran bu şəxslər qərəzli olmasalar, qafildirlər. Bundan güclü hansı etimad ola bilər?! Xalq seçkilərdə iştirak edib quruluşuna və hökumətinə etimad göstərir, öz səsini onlara tapşırır və səsvermənin nəticələrinin elan olunmasını gözləyir. Bu, xalqın yüksək etimadıdır. Allahın yardımı və lütfü ilə bu etimad hələ də var. Biz ölkə məmurlarından və müxtəlif sahələrin məsul şəxslərindən gözləyirik ki, öz rəftarları ilə bu etimadı artırsınlar. Bu, İslam quruluşunun əsas sərvətidir.136

Bir qrup düşmən və bir qrup qafil insan tərəfindən yaradılmış kənar məsələlər qurtaracaq, əsas məsələ ilə qalacaq. Əsas məsələ odur ki, möhtəşəm bir seçkidə İran xalqının təxminən qırx milyonu iştirak etdi. Əsas məsələ budur. İnqilabdan otuz il sonra qırx milyon insan özünün quruluşa etimadını və gələcəyə ümidini bu formada göstərdi. Bu qalacaq. Əsas məsələ budur ki, xalqın iyirmi dörd milyondan artıq səsi ilə bir prezident seçilmişdir. Əsas məsələlər bunlardır. Kənar məsələlər, toz-dumanlar, qatqılar, düşməni sevindirən iş və sözlər bitəcək, amma bu həqiqət qalacaq: "Köpük heç bir şey olmadığı üçün uçub gedər, insanlara fayda verən bir şey isə yer üzündə qalar"137.

Seçkilərdən sonra yaradılan və dəstəklənən bütün bu çaxnaşmalar inqilabın ictimai dayağına zərbə vurmaq və onu inqilabdan almaq üçün idi. Mən dedim ki, xalqın bu quruluşa inamının dəlili qırx milyon nəfərin seçkilərdə iştirakıdır. Əcnəbi radiolar və təəssüf ki, daxildən onların səsinə səs verənlər daim təkrar və təkid edirdilər ki, xalqın quruluşa inamı yoxdur. Bu, həmin sözün cavabıdır. Biz orada dedik ki, xalqın 85 faizinin seçkilərə qatılması, qırx milyon insanın seçki məntəqələrinə gedib hər hansı bir namizədə səs verməsi xalqın quruluşa inamını göstərir. Həqiqətən də belədir. Bunlar bu sözün yalan olduğunu göstərmək üçün təkrar-təkrar təbliğat apardılar ki, xalqın inamı sarsılıb, nə edək? Bəzi adamlar da xeyirxah görkəmində dedilər ki, inamın qayıtması üçün nə edək? Xalq quruluşa inanır, quruluş da xalqa. İnşallah iki-üç ildən sonrakı seçkilərdə də bu xalq müxaliflərin, düşmənlərin, daxildəki qafil və bixəbərlərin həmin aktyorluğuna rəğmən, seçkilərdə yüksək səviyyədə iştirak edəcək.138


Xalqın ümidi və həvəsi

Bu seçkilərdə başqa bir mesaj xalqda həvəs və ümidin olmasıdır. Əlbəttə, bizim ölkəmizdə və cəmiyyətimizdə bu təbii bir məsələdir. Çünki ölkəmizin əksəriyyəti gənclərdən ibarətdir və gənclik dövrü həvəs və ümidin əsas dövrüdür. Ümidlə işə qoşuldular. Əgər gələcəyə ümid olmasa, ümidsiz və qəmli şəxs seçkilərə getməz. Xalqın və gənclərin iştirakı onların ümidli olmasını göstərir.139


Xalqın sayıqlığı

Ötən ildəki fitnə düşmənlərin təxribatının bir nümunəsi idi. Fitnə idi; yəni bəzi şəxslər haqlı şüarları tam nahaq məqsədlə və xalqı aldatmaq üçün irəli sürürdülər. Lakin uğursuz oldu. Fitnə yaratmaqda məqsəd xalqı azdırmaqdır. Siz baxın, fitnə ilə mübarizədə bizim xalqımızın özü ayağa qalxdı, 9 deydə (30 dekabrda) ölkənin hər bir yerində fitnəkarlara möhkəm zərbə vuruldu. Bu işi xalqın özü etdi. Natiqlərin, böyüklərin və hamının dəfələrlə dediyi kimi, bu hərəkət bir özfəaliyyət hərəkəti idi. Bu çox mənalıdır. Bu, xalqın ayıq-sayıq olduğunu göstərir. Bizim düşmənlərimiz bu mesajı almalıdırlar. Quruluşla xalqı bir-birindən ayıra biləcəklərini düşünən şəxslər baxıb görsünlər ki, bu quruluş xalqın özünün quruluşudur, xalqa məxsusdur. Bizim quruluşun üstün cəhəti onun xalqa məxsusluğudur. Bütün varlığı ilə bu ölkədə İslam Respublikası quruluşunu, İslamı və bu yüksəlmiş bayrağı saxlayan birinci növbədə xalqın özüdür. Bizim düşmənlərimiz bunu bilsinlər. Hegemon dövlətlərin və birinci növbədə Amerikanın başçıları bizim xalqımız əleyhinə danışır, təxribat aparır, bəzən şüar verir, bəzən aldadıcı sözlər deyir, bəzən açıq şəkildə düşmənlik edir, bəzən də pərdə arxasında gizlənirlər. Bunların hamısı İran məsələləri və İran xalqı barədə düzgün təhlillərinin olmamasına görədir. Bizim xalqımız ayıq və sayıq xalqdır.140


Hətta ən yaxşı şəraitlərdə də düşmənin zərbə vurmaq imkanı

Bu seçkilərin təcrübələri də oldu. Bizim xalqımız və məmurlarımız üçün bir təcrübə bu idi ki, inqilabın və müsəlman İranın düşmənlərinin həmişə, hətta ən yaxşı şəraitlərdə də bizə zərər yetirməsinin mümkünlüyünə inanaq. Mən təkid edirəm ki, hamımız bu təcrübəni ciddi sayaq; həm məmurlar ciddi saysınlar, həm də xalq. Düşmənin pusqu qurmasını həmişə diqqətdə saxlamalıyıq. İran xalqının ümumi hərəkətinə zərbə vurulmasının mümkünlüyünü unutmaq təhlükəli bir şeydir. Sayıq olun. Bu, Möminlər əmirinin tövsiyəsidir: "İnsan yatıbsa, (bilsin ki,) düşməni yatmamışdır". Siyasi həyatda yuxuya qalmayaq; səngərlərdə bizi yuxu aparmasın. Əgər sən yatsan, bil ki, düşmənin oyaq olması mümkündür. Bu, təhlil deyil, informasiyadır. İslam Respublikası quruluşunun düşmənləri İslam quruluşunun xalq üçün yaratdığı azad şəraitdə xalqa başağrısı və narahatlıq yaratmağa səy göstərdilər, çalışdılar, pul xərclədilər, çoxlu media qurumlarını işə saldılar, çoxlu qüvvələrini səfərbər etdilər ki, İran xalqı üçün böyük bir milli bayram hesab olunan bu vəziyyəti onun əleyhinə çevirsinlər; buna çalışdılar. Bu təcrübə bizim hamımız və bütün xalq üçün xəbərdaredici təcrübə olmalıdır. Əgər biz siyasi və ictimai həyatda bir-birimizə bədbin olsaq, bir-birimizə düşmən gözü ilə baxsaq, bizim həqiqi düşmənlərimiz üçün bu imkan yaranacaq. Əgər düşünməsək, ayıqlığımız olmasa, düşmənlərin inqilab üçün pusqu qurduğunu unutsaq, zərər görəcəyik. Bu, bizim üçün təcrübə oldu.

İnqilabın əvvəlindən bizdə heç zaman qırx milyonluq, səksən beş faizlik seçki keçirilməmişdi. Bu seçkilərdə ilk dəfə belə böyük fürsət qarşıya çıxdı. Amma bu böyük fürsətdə, bu böyük sevincdə bəzi əllər İran xalqına zərbə vurmağa qalxdılar. Ayıq olmaq lazımdır. Bu ayıqlıq yalnız dildə deyil, xalq, müxtəlif siyasi qruplar, ölkəni və İslam quruluşunu sevənlər, hamı və hamı sözün həqiqi mənasında ayıq olmalı və aldanmamalıdırlar.

Bir müddət öncədən bəzi əllər işləyir və seçki dövründən İran xalqı əleyhinə istifadə etmək üçün hazırlıq görürdülər. Xoşbəxtlikdən İran xalqı sayıq oldu və sayıqdır. Qarışıqlıq yaratdılar, ağızları bir qədər acılatdılar, amma istədikləri işi görə bilmədilər. Bu, siz xalqın sayıqlığına görə belə oldu. Bu, bizim üçün təcrübə oldu ki, düşmənimizin pusquda durduğunu bilək.141


Böyük qələbələrdən sonra böyük təhlükələr

Adətən böyük qələbələrdən sonra böyük təhlükələr yaranır. Baxın, Xürrəmşəhrin azad edilməsi çox böyük bir qələbə idi. Xatırlayanlar bilirlər ki, 1982-ci ildə baş verən bu qələbə çox möhtəşəm bir iş idi; həm siyasi cəhətdən mühüm idi, həm hərbi cəhətdən çox mürəkkəb və mühüm idi, həm də ictimai cəhətdən, ümumi baxış və ictimai rəy cəhətindən çox əhəmiyyətli və təsirli idi. Hər cəhətdən böyük iş idi. Müxtəlif yerlərdən çoxlu insanlar gəldilər. Mən o zaman prezident idim. Beş, altı və bəlkə də yeddi ölkənin prezidentləri gəlib burada bizimlə görüşdülər və açıq şəkildə dedilər ki, bu böyük qələbədən sonra sizin vəziyyətiniz fərqlənmişdir. Yəni bu hadisənin daxili və xarici cəhətləri bu qədər əzəmətli idi. İmam həqiqətən bir müəllim, əxlaq müəllimi idi. Bu qədər möhtəşəm və bu qədər böyük bir hadisə baş verəndə, o saat küçədə xalqın ruhiyyəsində təsiri görünən kimi imam dərdi hiss edib dərhal dərmanını verdi: "Xürrəmşəhri Allah azad etdi".

Bunun mənası o idi ki, bu qədər çətinlik görmüş, bu qədər əziyyət çəkmiş komandirlər - biz bu Beytülmüqəddəs əməliyyatının qələbəsində çoxlu yaxşı və böyük şəhidlər verdik - bütün bu zəhmətlərə və bu böyük işə görə qürurlanmasınlar. Hakimiyyətin başında oturan siyasilər bu sahədə yaranmış böyük qələbəyə görə məğrur olmasınlar: "(Ey Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı".

Mən və siz bir kimsə deyilik, işi görən Allahın qüdrət əlidir. Mən və siz yalnız vasitələrik; əgər ağlımızı və ixtiyarımızı işlətsək, bu məqsəddən ötrü bizdən istifadə olunacaq, fəxri və şərəfi də bizə qalacaq. Lakin əgər biz də olmasaq, "Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər".

Allahın işi yerdə qalmayacaq. Bu təbii bir hərəkət, təbiətin və tarixin qanunudur: "Allahın əvvəldən qoyduğu qayda-qanun belədir". Quranın müxtəlif yerlərində müxtəlif ibarələrlə belə deyilmişdir: "Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!" Bu, ilahi qanundur. "Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ey Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun belədir". Bu bir yeridir. "Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!"; Yəni əgər siz meydana atılsanız, düşməninizə qələbə çalacaqsınız. Bu, Allahın qanunudur. Bu qələbə bir gündə, bir ildə baş verməyə bilər, amma sonu budur. Bu qələbə mütləq baş verəcək. Haqq cəbhəsində məğlubiyyətin mənası yoxdur. Yalnız haqq tərəfdarları meydanda olmadıqda və lazımi işi görmədikdə belə ola bilər. Odur ki, iş Allahın işidir: "(Ey Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı". Burada da belədir. Siz məmurlar, möhtərəm prezident və bu hərəkəti sevən bütün şəxslər günbəgün ilahi lütfün və xalqın qəlbini bu səmtə yönəldən qüdrət əlinin qədrini daha artıq bilin.142

Mənim fikrimcə, 2009-cu il fitnəsi də belə idi; bizim üçün bir zəng, bir həyəcan siqnalı idi. Bir seçkidə qırx milyon insan iştirak etdi. Bizim hamımız gecəyə qədər baxıb sevinirdik ki, xalq seçki məntəqələrinə gedir və səs verir. Düzdür, hələ say deyilməmişdi, amma hamı həzz alırdı. Birdən bir tərəfdən bir fitnə başladı. Bu bizi oyadır və deyir ki, yatmayın, qafil olmayın, sizin qarşısınızda təhlükələr var və o təhlükələr bunlardır. Mənim fikrimcə, bütün hadisələrə belə baxmaq lazımdır.143


İslam Respublikasına qarşı yumşaq müharibədə düşmənin prioritetinin dəyişməsi

Bu gün hamı bilir ki, hegemonizmin İslam Respublikası quruluşu ilə mübarizəsi inqilabın ilk onilliyində olduğu kimi deyil. Həmin mübarizədə güclərini sınayıb məğlub oldular. Ağır mübarizə idi; müharibə başlatdılar, çevriliş etməyə çalışdılar. İnqilabın əvvəlində çevrilişə cəhd etdilər, amma alınmadı; milli qarşıdurmalar yaratdılar, amma alınmadı, məğlub oldular. Səkkiz il sürən bir müharibəyə başladılar, amma məğlub oldular. Daha bu üsullara əl atmayacaqlar; yəni belə ehtimal zəifdir. Təbii ki, həmişə bütün ehtimallara hazır olmaq lazımdır, lakin bu, İslam quruluşuna qarşı mübarizədə hegemonizm üçün prioritet deyil. Prioritet bu gün yumşaq müharibə deyilən məsələdir; yəni mədəni üsullarla, yalanla və şayiə yaymaqla müharibə etmək; on il, on beş il, otuz il öncə mövcud olmayan və bu gün geniş yayılmış mütərəqqi üsullarla müharibə etmək. Yumşaq müharibə xalqın qəlbində və beynində şübhə yaratmaqdır.144

İndi çıxışlarda, televiziyada, informasiya vasitələrində, məhkəmədə “yumşaq müharibə” sözü hamının dilinə düşüb. Bu doğru sözdür. Bu bir həqiqətdir. Yəni indi müharibə gedir. Əlbəttə, bu sözü mən bu gün demirəm. Müharibədən sonra - 88-ci ildən sonra dəfələrlə bunu demişəm. Səbəb budur ki, mən səhnəni görürəm. Kimsə görmürsə, mən nə edim?! Mən səhnəni görürəm, təchizatı görürəm, sıraları görürəm, nifrət və qəzəblə açılan ağızları görürəm, inqilab əleyhinə, imam əleyhinə, bütün bu amalların və bu hərəkətə könül verən bütün şəxslərin əleyhinə qeyzlə sıxılmış dişləri görürəm. İnsan bunları görür, nə etsin?! Bu bitməyib və bitmədiyinə görə hamımızın üzərinə vəzifə düşür.145

Bu gün bizə qarşı hərbi müharibə çox da ehtimal olunmur. Demirik ki, əsla mümkün deyil, amma çox ehtimal olunmur. İndiki müharibənin təhlükəsi isə hərbi müharibədən çox olmasa da, az deyil; əgər daha çox ehtiyat tələb etmirsə, az ehtiyat tələb etmir. Hərbi müharibədə düşmən bizim sərhədlərimizdəki səngərlərə hücum edir, sərhədlərimizi yarıb keçməyə çalışır. Bu gün yumşaq müharibə adlanan psixoloji müharibədə isə düşmən mənəvi səngərləri dağıtmağa çalışır; imanlara, etiqadlara, iradələrə, bir quruluşun və bir ölkənin əsas təməllərinə hücum edir. Düşmən bunları dağıtmağa və öz təbliğatında müsbət cəhətləri mənfi cəhətlərə çevirməyə çalışır; bir quruluşun fürsətlərini təhdidə çevirmək istəyir. Onlar bu işi görürlər. Bu işdə təcrübələri var, çoxlu zəhmət çəkirlər, əllərində çoxlu imkanlar da var. Gərək düşmənin və düşmənliyin bütün cəhətlərini bilək və ona qalib gələk. Əlbəttə, bizdə Allahın yardımı var, şübhəsiz ki, qeybi köməklər var. İnsan bunu müşahidə edir, lakin ayıq şəkildə səhnədə olmayınca, lazımi tədbirləri almayınca ilahi yardım bizə şamil olmayacaq.146


Quruluşun və İslam inqilabının əzəmətinin düşmənə aşkarlanması

Mənim fikrimcə, bizim düşmənlərimiz də bu seçkilərdən bir təcrübə toplamalıdırlar; əgər toplamayıblarsa, toplasınlar. O təcrübə budur: Düşmən, qarşısında kimin durduğunu bilsin, İslam quruluşu və İslam inqilabı haqda səhvə düşməsin. Elə bilməsinlər ki, İslam inqilabını və quruluşunu belə səfeh işlərlə diz çökürmək olar. İslam quruluşu canlıdır. Elə bilməsinlər ki, xalqın 1979-cu il inqilabındakı möhtəşəm fəallığına dair yanlış bir təqlidlə, o inqilabın bir karikaturu ilə İslam inqilabının və quruluşunun əzəmətinə zərbə vura bilərlər. Bu təcrübə düşmənin qarşısına çıxmış olmalıdır; səhv etməsinlər. İslam quruluşu bu işlərlə məğlub olmayacaq.

Bu inqilabın və quruluşun əzəməti və İslam Respublikası quruluşunun gücü son bir-iki ayda baş verən hadisələrdə daha çox İslam Respublikasının düşmənlərinə aşkar oldu. Bu xalq imanlı, sayıq və istedadlı xalqdır. Zirar məscidi ilə bu xalqı məğlub etmək olmaz. Tarixdə bizim özümüzün buna dair nümunələrimiz var: "(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldənlər..." Bizim ürəkdən, candan və bütün vücudu ilə Qurana bürünmüş böyük imamımızı - inqilabın əziz və böyük rəhbərini yamsılamaqla bu xalqı aldatmaq olmaz. Bu xalqın qəlbi imanla işıqlanmışdır. Bu xalq ayıqdır. Bizim gənclərimiz ayıqdırlar. Bu, düşmən üçün bir təcrübədir.147
Kiçik səhvlərin böyük səhvlərə səbəb olması və insanın fəsada çəkilməsi

Siyasi fəalların, məmurların, iqtidarda olanların, müxtəlif vəzifə sahiblərinin və nüfuzlu şəxslərin ciddi şəkildə ehtiyatlanmalı olduğu başqa bir məsələ şəxsi yayınma və fəsada uğrama məsələsidir. Hamımız ehtiyatlı olmalıyıq. İnsanlar fəsad və yayınma təhlükəsi qarşısındadırlar. Bəzən kiçik səhvlər insanın böyük və daha böyük səhvlərə və bəzən dərin uçurumlara yuvarlanması ilə nəticələnir. Çox ehtiyatlı olmaq lazımdır. Quran xəbərdarlıq etmişdir. Quranın müxtəlif yerlərində bu xəbərdarlıq mövcuddur. Bir yerdə buyurur: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu". Bəzi işlərin nəticəsi elədir ki, insan ilahi ayələri təkzib etməkdən ibarət olan ən pis yerə çatır. Bir yerdə buyurur: "(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı". Allaha verdikləri sözə əməl etmədilər və bu, qəlblərində nifaqın yaranmasına bais oldu. Yəni insan bir günah edir bu günah onu nifaqa çəkir. Nifaq daxili küfrdür. Quranda kafir və münafiqlərin adı yan-yana çəkilir. Başqa bir ayədə buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Bir qrupun düşmən qarşısında məğlub olub tab gətirmədiklərini və dayana bilmədiklərini görürsünüzsə, bu, onların qabaqca gördüyü işlərə görədir; öz daxillərini günah və xəta ilə qaraltmışlar. Səhvlər insanı fəsada çəkir, bu fəsad əməldə və bəzən etiqadda yayınma ilə nəticələnir. Bu da tədricən baş verir, birdən-birə olmur ki, biz bir nəfərin gecə mömin yatdığını və səhər yuxudan münafiq kimi oyandığını düşünək. Xeyr, tədricən və yavaş-yavaş baş verir. Bunun çarəsi özündən ehtiyatlı olmaqdır və bu, təqva adlanır. Deməli, əlacı təqva və muğayat olmaqdır. Yaxınlar muğayat olsunlar, xanımlar öz ərlərindən, ərlər öz həyat yoldaşlarından, yaxın dostlar bir-birindən: "Haqqa və dözümə tövsiyə edərlər". Bir-birimizdən muğayat olaq. Xalq məmurlara öyüd-nəsihət versin; onlara yazsınlar, desinlər, xəbər göndərsinlər ki, səhvə düşməsinlər. Məsul şəxslərin səhvlərinin quruluşa, ölkəyə və xalqa təhlükələri də çox olur. İnsan hərdən bəzi söz və hərəkətlərdə bunu hiss edir, belə bir yayınmanın əlamətləri müşahidə olunur. Allaha sığınmaq və Allahdan kömək istəmək lazımdır.148


Daxildə təxribatın mərkəzinə çevrilmiş şəxsin bunu bilməməsinin mümkünlüyü

Təxribat xəyal deyil, bir həqiqətdir; hər tərəfdə təxribat aparılır, ölkə daxilində o təxribat hərəkətlərinin mərkəzi olan şəxsin özünün ümumiyyətlə bilməməsi də mümkündür. Bunu dərk etmək də zəka istəyir. Bəzilərində bu zəka yoxdur. Biz insanları sınadıq; kimin sazına rəqs etdiklərini anlamırlar. Lakin bu, reallığı dəyişdirmir; onlar istər bilsinlər, istər bilməsinlər, istər anlasınlar, istər anlamasınlar, hər halda bu təxribatlar var.149

Mənim fikrimcə və mənim təhlilimə görə, bu məsələ seçkilərdən sonra, yaxud seçkilər ərəfəsində başlamayıb, öncədən başlamışdır. Bu, qabaqcadan hazırlanmış və planlaşdırılmışdır. Mən bu işin içində olan şəxsləri əcnəbilərə, ingilislərə, yaxud amerikalılara çalışmaqda ittiham etmirəm. Mən bunu iddia etmirəm, çünki mənə sübut olunmayanı deyə bilmərəm. Lakin deyə biləcəyim budur ki, bu cərəyan onun öncülləri bilsələr də, bilməsələr də, planlaşdırılmış bir cərəyandır və təsadüfi deyil. Bütün əlamətlər göstərir ki, bu hadisələr planlaşdırılmış və düşünülmüş idi. Əlbəttə, planlaşdıranlar onun baş tutacağına əmin deyildilər.150
Quruluşun düşmənlərin təxribatlarına qarşı zirehli quruma çevrilməsi

Mən görürəm ki, son siyasi hadisələrdə və bu otuz ilin bütün hadisələrində ölkə - yəni İslam Respublikası quruluşu tədricən toxunulmaz, və zirehli bir quruma çevrilmişdir. Zarafat deyil; siz dünyanın bu müxtəlif kəşfiyyat və təbliğat şəbəkələrinin casus, təbliğat və kəşfiyyat gücünə əhəmiyyətsiz yanaşmayın. Bunların hamısını hiss edirlər. Bunu hamı hiss edir. Bəlkə də müxtəlif sahələrdə dərin məlumatı olmayanlar az görürlər. Siz Hollivuda əhəmiyyətsiz baxmayın. Xanımların birinin dediyi kimi, Qərbdə incəsənətin təsir gücünə və Qərb dünyasında təbliğat hərflərinin çox dəqiq düzülüşünə əhəmiyyətsiz yanaşmayın. Bütün bu əzəmətli qüvvələr, üstəgəl tükənməz sərvət, üstəgəl nəhəng siyasi və təbliğat maşınları İslam Respublikasının canına düşdülər. Siz bu gün dünyada bu şəkildə hücumların hədəfinə çevrilən başqa bir ölkə tapa bilməzsiniz. İslam Respublikası isə müqavimət göstərməkdədir. Bu zarafatdır?! Bu yeddicanlı, möhkəm və toxunulmaz varlıq müqavimət göstərməkdədir. Bu kiçik məsələ deyil.

Eyni zamanda bu ölkə və bu quruluş nəinki zəifləmir, siz gənclərdən ibarət olan və inkişaf etmiş elmi cəmiyyəti on il öncədən aydın şəkildə irəlidə gedir. Bunun mənası nədir? Bunun mənası haqlılıqdır, prinsipallıqdır, köklü olmaqdır: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz gözəl bir ağac kimidir”151. Bizim etiqadımız budur. Biz etiqadla, ürəklə işləyirik. Biz çatışmazlıqları inkar etmirik. Mən çatışmazlıqları tənqidçilərin çoxundan artıq bilirəm. Lakin çatışmazlıqların aradan qaldırılmasının yolu güman edilən bu yollar deyil ki, gəlib elan verək. Xeyr, çox məsələlər elanla düzəlmir, işlə düzəlir.152

Amerikalılar ilk gündən İslam Respublikası əleyhinə təxribat aparıblar. Bu təxribatların təsirsiz olduğunu demək artıqdır; aydındır ki, təsirsiz olmuşdur. Əgər təsirsiz olmasaydı, indi İslam Respublikasından əsər-əlamət qalmazdı. Görürsünüz ki, bu gün İslam Respublikası ilk gündən on dəfələrlə daha güclüdür. Deməli, bu təxribatlar təsirsiz olmuşdur. Bu gün də daim yeni planlar hazırlayırlar, yenə təxribatlar aparırlar və ibrət almırlar. Mən təəccüb edirəm; bunlar keçmiş haqda fikirləşmirlər ki, bu qədər təxribat apardıq, İslam Respublikası əleyhinə bu qədər pullar xərclədik, bu qədər onu-bunu gördük, daxildə muzdur yetişdirdik, xaricdə onu-bunu İslam Respublikası əleyhinə səfərbər etdik, amma təsir etmədi?! İndi yenə oturub İslam Respublikasını məğlub etməkdən ötrü 45 milyon dollar büdcə ayırırlar; internet vasitəsi ilə İran inqilabını məhv etmək və İslam Respublikasını devirmək üçün büdcə ayırırlar.

Görün bu düşmən nə qədər acizdir. Siz indiyədək nə qədər 45 milyonlar xərclədiniz, İslam Repsublikasının məğlub etmək üçün diplomatik işlər gördünüz, iqtisadi embarqolar tətbiq etdiniz, müxtəlif təxribatlar apardınız, casus göndərdiniz, casus yetişdirdiniz; bunların nə faydası oldu ki, indi bu yolla işləmək və İran xalqını inqilabdan ayırmaq istəyirsiniz? Düşmən bunu anlamır. Bu, Allahın qanunudur. Bu, Allah-Taalanın qafil düşmənin gözünü və qulağını bağlamasıdır ki, həqiqətləri anlamasın. Bu, düşməni qafil etməkdir: "Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaqlar". Pul xərcləyirlər və sonra onlar üçün həsrət olur; çünki faydasızdır. Mən bilmirəm bunlar Tehranda bir bəhanə ilə iğtişaş yaratmaqdan ötrü nə qədər layihələr hazırladılar və nə işlər gördülər. Allah bilir ki, bunlar nə zamandan işlər planlaşdırırlar. Nəticəsi nə oldu? Məgər xalq daha da oyanmadı?! Əgər kimsə meydana atılıb İslam Respublikası quruluşunu müdafiə etməyin lazım olmadığının düşünürdüsə, bu hadisələrdən sonra həmişə İslam Respublikasını müdafiə etməyə hazır olmağı düşünür.

Bəzən düşmənin çıxardığı bu oyunlar İslam Respublikasından bac almaqdan ötrü olur. İnqilabın əvvəlində də belə idi; bu gün-sabahların bəzisini ondan ötrü edirdilər ki, İslam Respublikası quruluşunu onları hakimiyyətə şərik etməyə vadar etsinlər. Halbuki buna haqları çatmır, xalq bunu istəmir və bunun ictimai dayağı da yoxdur. Bəzən belədir; bizim beynəlxalq düşmənlərimiz bu qalmaqalları yaradırlar ki, İslam Respublikasını bac verməyə məcbur etsinlər. Çoxlu dövlətlər belədir; bir təhlükə hiss edən kimi gedib böyük ərbabları qarşısında dayanır və bac ödəyirlər; pul verirlər, siyasi imtiyaz verirlər. İmam isə bac vermədi. Bunu hamı bilsin ki, biz də İran xalqı tərəfindən və öz tərəfimizdən heç kəsə bac verməyəcəyik.153


Zəif cəhətlərimizi görmək

Seçkilər ərəfəsində, seçkilərdən sonra və öncə baş verən hadisələr tipindən olan imtahanlarda gördük ki, bu sahələrdə zəifliyimiz və problemlərimiz var. Bu hadisələr zəif cəhətlərimizi bilməkdən ötrü bizim üçün böyük nemətdir. Bunlar silahlı qüvvələrin təlimlərinə bənzəyir. Təlim ondan ötrüdür ki, bir hərbi bölmə, hərbi təşkilat zəif cəhətlərini görsün. Bir hədəfi göstərib ona sarı hərəkət etmək əmri verilir - bütün təlimlərdə belədir - sonra peşəkar hərbçilər dayanıb yuxarıdan baxırlar. Görürlər ki, bəli, filan nöqtədə zəiflik var. Bəzən ardıcıl bacarıqsızlıqlar müşahidə olunur. Bu bizim üçün bir təlim məşqi oldu. Düzdür, bizim istəyimizlə baş vermədi, buna məcburən getdik, lakin yaxşı oldu, zəif cəhətlərimizi anladıq. Buna əsasən, bu amallar bizim başımız üzərindədir və onlara sarı hərəkət etməliyik. O zaman bu zəif cəhətlər aradan qalxacaq.154


Aqibət

Hadisələrin quruluşda həll olunması

Gördünüz ki, ölkə bir dönəmdə çox təyinedici bir siyasi sınaqla üz-üzə qaldı və bəzi dostların işarə vurduğu kimi, quruluş və ölkə hadisələri öz daxilində həll edə bildi. Mən öncə də dedim ki, belə hadisələrin qarşıya çıxması bizim üçün əsla gözləntidən kənar deyil. Yəni daha dəqiq ifadə etmək üçün məhz belə deməliyik: əsla gözləntidən kənar deyil. Bu qəbildən olan hadisələrin baş verməsi çox böyük ehtimalla gözlənilir. Bunun müxtəlif səbəbləri var; quruluş üçün tanıdığımız missiya, İslam üçün tanıdığımız missiya, İslam Respublikası üçün düşündüyümüz məna, İslam Respublikasının bu otuz ildə özü barədə bizə etdiyi tərif, xalqımızın və gənclərimizin sınaqdan çıxmış sayıqlığı, azadlığın mövcud olması və sair məsələlər bu hadisələri çox da gözlənilməz etmir. İslamın hökmünə əsasən ölkədə bu azadlıq olmalıdır və biz buna inanırıq.155

İslam Respublikası bu məsələlərdən daha güclü, daha dərin və daha köklüdür. İslam Respublikası olduqca daha ağır hadisələrlə üzləşmiş və hamısına üstün gəlmişdir. Ya sadəlövh, ya pis və çirkin niyyəti olan, ya da o qədər də pis niyyəti olmayan, lakin sadəlövhlük edən və məsələləri səhv anlayan dörd nəfər İslam Respublikasına qarşı çıxmışdır. Bunlar ölkəmizdə ABŞ üçün qırmızı xalça sərə bilməzlər. Bunu bilsinlər ki, İran xalqı möhkəm dayanmışdır.156
9 Dey (30 dekabr) qəhrəmanlığı

Əmin olun ki, builki 9 dey də tarixdə qaldı, bu da fərqli bir gün oldu. Bəlkə də demək olar ki, indiki qarışıq şəraitdə xalqın bu hərəkəti daha böyük əhəmiyyətə malik idi, daha böyük iş idi. İnsan hadisələr haqda nə qədər fikirləşirsə, Allah-Taalanın qüdrət əlini, vilayət əlini, Hüseyn ibn Əlinin (ə) ruhunu görür. Bu işlər bizim kimilərin iradəsi ilə görülən işlər deyil. Bu, Allahın işidir, ilahi qüdrətin işidir. Mən imamın həssas zamanlarda belə buyurduğunu dəfələrlə söyləmişəm: "Mən bütün bu müddətdə bu hadisələrin arxasında ilahi qüdrət əlini gördüm". O uzaqgörən və ayıq kişi, o Allah adamı düzgün görmüşdür.

İlin bütün günləri təbii olaraq və öz-özlüyündə eynidir. İnsanlar, bu iradə və mücahidliklər bir günü digər günlərin arasından çıxarıb qabardır, fərqləndirir və digərlərinə bələdçi olması üçün bir bayraq kimi ucaldır. Məhərrəm ayının onu olan Aşura günü öz-özlüyündə digər günlərdən fərqlənmir. Lakin Hüseyn ibn Əli (ə) bu günə can verir, məna verir, onu ərşə ucaldır; İmam Hüseynin (ə) yoldaşlarının mücahidliyi bu günə bu böyüklüyü və əhəmiyyəti bəxş edir. 19 Dey də belədir, builki 9 dey də belədir. Dey ayının doqquzu ilə onu arasında fərq yoxdur, lakin bu xalq birdən-birə bir hərəkətlə 9 deyi fərqləndirir. Bu hərəkət Qumun 19 deyini təşkil edən amillərdən - yəni ayıqlıqdan, düşməni tanımaqdan, zamanı tanımaqdan və cihada qoşulmaqdan irəli gəlmişdir.

Bütün ölkədə müxtəlif təbəqələrdən olan bu böyük xalq səhnəyə baxır, səhnəni tanıyır. Bu çox böyük və əhəmiyyətli məsələdir. Dey ayının doqquzunun tarixdə qalması buna görədir. Xalq oyaqdır. Sizin ölkənizi qoruyan amil budur, mənim əzizlərim, inqilabınızı qoruyan amil budur; hegemon başçıların İran xalqına hücum cürətini alıb onları qorxudan amil budur. İndi kimlərisə önə çıxarıb təbliğat atəşinə tuturlar, amma həqiqət başqa bir şeydir. Onların həqiqi düşməni İran xalqı, onun imanı və ayıqlığıdır. Onların həqiqi düşməni gənclərin coşan dini qeyrətidir. Bir zaman çətinliklə olsa da, dözürlər, bunu etməlidirlər də, lakin səhnədə olmaq zamanı səhnəyə çıxırlar.

Ölkəmizin cari hadisələri dünya hadisələrindən ayrı təhlil oluna bilməz. Dünyanın və regionun hadisələri bir-birinə birləşmişdir və bir hissəsi bizim ölkəmizə məxsusdur. Əlbəttə, o hissə əsas hissədir. Səbəb də budur ki, hegemonizm öz işlərinin zəifləməsinin səbəbini burada görür. Bu bir xalqın və bir cəmiyyətin hansı rolu ifa edə bildiyini göstərir. Bizim böyük imamızın daim İslam ümmətinə müraciət etməsi buna görə idi. Bir xalq oyandıqda hegemonizmin bütün proqnozlarını bu şəkildə poza, onların tikdiyi zavodu, öz hegemon məqsədlərini icra etmək üçün yaratdıqları istehsal xəttini belə zəiflədə, yaxud dayandıra bilər. Görün bütün müsəlman xalqlar səhnəyə çıxsalar, nə olar! Görün bütün müsəlman xalqlarda bu ayıqlıq, bu hazırlıq və fəallıq olsa, dünyada hansı hadisə baş verər! Bundan qorxurlar. Mənim və sizin səsimizin boğulmasını və digər xalqlara çatmamasını istəyirlər; digər xalqların bir xalqın oyanışının və ayıqlığının dünya hadisələrində nə qədər təsirli olduğunu bilməməsini istəyirlər.157

Zamanı tanımaq və ehtiyacı bilmək lazımdır. Kufədə qəlbləri İmam Hüseynə (ə) imanla dolu olan və Əhli-beytə (ə) məhəbbət bəsləyən insanlar vardı, lakin onlar bir neçə ay gec səhnəyə çıxdılar və hamısı şəhid oldular. Allahın yanında mükafatları da var, lakin görməli olduqları iş bu deyildi. Onlar zamanı tanımadılar, Aşuranı tanımadılar, işi zamanında görmədilər. Əgər təvvabin (tövbə edənlər) Aşuradan bir müddət sonra gördükləri işi cənab Müslimin Küfəyə gəldiyi zaman etsəydilər, vəziyyət dəyişərdi, hadisələr başqa məcrada hərəkət edərdi. Anları tanımaq və işi ehtiyac anında görmək çox mühüm məsələdir.

Allaha şükür olsun ki, sizin şuranız bu xüsusiyyətə malikdir. Bunun üçün çoxlu dəlillər də var. Sonuncusu bu 9 dey məsələsidir, ondan qabaqkı 10 il bundan əvvəl baş verən və burada işarə vurulan 23 tir hadisəsidir. O da anın ehtiyacı idi. Bu adi və normal bir iş deyildi. Bütün əzəməti ilə yanaşı 22 Bəhməndə xalqın yürüşü normal və tanınmış bir işdir; baş verməsi gözlənilir və baş verir. Lakin 1999-cu ilin 23 tiri adi və gözlənilən bir iş deyildi. Bu şuranın o şəraitdə bu işin lazım olduğunu bilməsi, anlaması və yerinə yetirməsi mühüm məsələ idi. Builki 9 dey hadisəsi də belədir. Zamanı tanımaq, ehtiyacı anlamaq, münasib və zəruri anda meydana atılmaq əsas məsələdir. Mömin belə olmalıdır ki, varlığı təsirli olsun və görməli olduğu görə bilsin. Allaha şükür olsun ki, Təbliğat komitəsinin Əlaqələndirmə şurası bu xüsusiyyətə malik olduğunu göstərmişdir. Həm birinci onillikdə o dövrün müxtəlif hadisələri zamanı - müqəddəs müdafiə dövründə, müqəddəs müdafiədən öncə və sonra, həm də imamın vəfatından sonrakı müxtəlif məsələlərdə. Bunlar bizim tariximizdə uca zirvələr yaratdı. Bu unudulmaz zirvələrdən biri builki 9 dey idi.158

2009-cu ilin Aşura günü təhrik olunmuş bir qrup tərəfindən İmam Hüseynə (ə) edilən hörmətsizlikdən iki gün ötməmiş xalq 9 deydə (30 dekabrda) küçələrə çıxıb öz mövqeyini açıq şəkildə ortaya qoydu. Düşmən əlləri və təbliğatı xalqı nəinki dini hisslərindən uzaqlaşdıra bilmədi, hətta bu hisslər günbəgün daha gücləndi və bu inam daha dərinləşdi.159

Xalq ən güclü və son zərbəni 9 deydə və 22 bəhməndə vurdu. 22 bəhməndə İran xalqı möhtəşəm bir iş gördü; 9 deydə də həmçinin. Xalq öz birliyini nümayiş etdirdi. Siyasi məsələdə hər hansı bir namizədə səs vermiş bütün insanlar düşmənin səhnədə olduğunu, onun çirkin məqsədlərinin nə olduğunu anladıqda əvvəlcə nikbin yanaşdıqları şəxslər haqda da yenidən düşündülər; bildilər ki, inqilabın yolu budur, düzgün yol budur. 22 Bəhməndə xalq bir nəfər kimi və bir şüarla meydana çıxdı. Xalq arasında ikitirəlik yaratmağa çox çalışdılar, amma bacarmadılar və xalq möhkəm dayandı. Bu, xalqın qələbəsi idi. 22 Xordaddan 22 bəhmənə qədər sürən səkkiz ay İran xalqı üçün fəxr və ibrət dolu bir dövr idi. Bu bir dərs oldu, yeni ayıqlıq yarandı, İran xalqının ayıqlığında yeni səhifə açıldı. Bu olduqca mühüm bir təcrübədir. Bu təcrübə əsasında hərəkət etməliyik.160
22 Bəhmən qəhrəmanlığı - hamı üçün höccətin tamamlanması

Əzəmətli və heyrət doğuran İran xalqı!

Möhkəm addımlarınız yorulmasın! İradə və azadlıq bayrağınız var olsun! Allahın salamı olsun güclü iradənizə və misilsiz ayıqlığınıza! Həmişə ehtiyac anında bədxahlarla qarşıdurmanı haqqın qələbəsi ilə bitirir, izzət və əzəmət nümayiş etdirirsiniz.

Yaradana ürəkdən və candan şükürlər olsun! O, Özünün qüdrət əlini sizin iradənizdə, imanınızda və ayıqlığınızda aşkara çıxardı, İslam Respublikasının otuz birinci ildönümündə qədim bir xalqın imanına və özünəinamına arxalanan bu quruluşun gücünü və fəallığını düşmənlərə daha artıq göstərdi.

Bir neçə təkəbbürlü və hegemon dövlətin otuz bir illik sınağı və səhvi onları yuxudan oyatmağa, müsəlman İranı ələ keçirmək üçün səyin əbəs olmasını başa salmağa kifayət etmirmi?!

İnqilabın otuz birinci ildönümü bayramında on milyonlarla ayıq və məqsədli insanın fəallığı bəzən riyakarcasına xalqdan dəm vuran daxili düşmənləri və aldanmışları özünə gətirib onlara əsl Məhəmməd (s) İslamını və xalqın Böyük İmamın düzgün yolundan ibarət olan yolunu və istəyini göstərməyə kifayət etmirmi?! İran xalqının dostları və düşmənləri bilsinlər ki, bu xalq öz yolunu tutub, qərarını verib, inkişaf və səadətin zirvəsinə çatmaq üçün Allaha və Allahın bəxş etdiyi qüdrətə güvənərək qarşısındakı bütün maneələri ortadan götürəcək. Allahın yardımı və uğuru, eləcə də İmam Mehdinin (ə) duası onların dayağı olsun!161

Bu böyük ilahi möcüzənin baş verdiyi və xalqın möhtəşəm fəallığının gözləri qamaşdırdığı builki 22 bəhməndə düşmən və müxaliflər - istər inadkar, istər aldanmış müxaliflər ayrı cür fikirləşmişdilər, başqa plan cızmışdılar, başlarında ayrı hava vardı. Bir müddət öncədən çalışıb inqilabın ictimai dayağının əlamətlərindən olan 22 bəhmən tədbirlərini pozmaq, həm Tehranda, həm də digər şəhərlərdə xalq arasında çaxnaşma yaratmaq üçün işlər görmüşdülər. Bunu proqnoz etmişdilər; deyirdilər ki, 22 bəhməndə İranda daxili müharibə başlayacaq. Görün necə hazırlıq görmüşdülər ki, daxili müharibə gözləyirdilər. Bəziləri belə deyirdilər, bəziləri də 22 bəhməndə İslam Respublikası quruluşu əleyhinə müxalif üz göstərməyə ümidli idilər. Xalqın inqilabdan, İslam Respublikası quruluşundan uzaqlaşdığını və onun qarşısında dayandığını göstərmək istəyirdilər. Belə fikirləşmişdilər, belə hesablamışdılar. İran xalqı öz ayıqlığı, iradəsi və onların qəlbini oyadan ilahi qüdrət əli ilə bu müxaliflərin hamısının ağzından vurdu və onların hamısına höccəti tamamladı.162
İslam inqilabının həmişəyaşarlığının isbatı

Bu gün inqilabın hərəkət və məqsədləri bizim böyük və hikmətli imamızın ilk gündə təsvir etdikləridir. Bu məqsədlər xalqın fitrəti ilə uyğun olduğuna görə xalq onu götürdü. Əks təqdirdə, milyonlarla insanın qəlbini bir işə yönəltmək adi iş deyildi. Bir şəxs fitrətlə danışdıqda, Allahdan danışdıqda, fitrətlər ona sarı yönəlir: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi".

Qəlbləri bir səmtə yönəldən Allahın qüdrət əlidir; ona görə nəticə belə olur. 22 Bəhməndə İslam inqilabının otuz birinci ildönümü münasibəti ilə küçələrə çıxan cəmiyyət qabaqkı illərdən çoxdur; nəinki azalmamış, zəifləməmiş, hətta çoxalmış və güclənmişdir də. Bu, təbiət qaydalarının əksinədir. Siz suya bir daş atırsınız, orada bir dalğa yaranır. Bu dalğa anbaan kiçilir, azalır və tamamilə itir. Zaman ötdükcə ictimai dalğalar sönür. Bu necə həqiqətdir ki, Kərbəla hadisəsi kimi zaman onu söndürmür və hətta günbəgün daha da qabardır?! O zaman dostların olmadığı və düşmənlə dolu olan quru səhrada Hüseyn ibn Əli (ə) və yoldaşları şəhid olurlar, ailəsi əsir tutulur, onları aparırlar və iş bitir. On-on beş gün ərzində bütün əlamətlərinin itməli olduğu həmin hadisə bu gün əsrlər ötdükdən sonra görün nə qədər parlaqdır. Yalnız müxtəlif ölkələrdə yaşayan milyonlarla şiə arasında yox, yalnız müsəlmanların arasında yox, hətta qeyri-müsəlmanların arasında da Hüseyn ibn Əlinin (ə) adı günəş kimi parlayır, qəlblərə işıq saçır və yol göstərir. İnqilab da belədir. Bu inqilab zaman ötdükcə daha çox həqiqətləri işıqlandırmışdır.

Bu gün də belədir. İmamı görməyən, səkkizillik müdafiə dövrünü görməyən, bakiriləri görməyən, o zaman şəhid olan fədakar şəxsiyyətləri görməyən əziz gənclər o zaman 29 bəhməndə təbrizli gəncin meydana atıldığı, səkkizillik məcburi müharibə dövrü boyu müxtəlif cəbhələrdə qəhrəmanlıq və fədakarlıq göstərdiyi kimi qüdrətli, güclü və ayıq şəkildə səhnədədirlər. Bu gün bizim gənclərimiz belədirlər.

Bunun mənası nədir? Nə üçün? Məsələ nədir? Məsələni bu sözün haqlılığında axtarmaq lazımdır: "İnqilab sözü - haqq sözü". Bu, haqqın xüsusiyyətidir: "Xoş bir söz gözəl bir ağac kimidir". Bu, sağlam torpaqda böyüyən təmiz, sağlam və gözəl bir ağacdır; kökü möhkəm, budaqları hündür, meyvəsi də həmişəlikdir, hər bir fəsildə bar verir. Yəni dünyada baş verən bu hərəkətlərin çoxusu kimi bir dəfə istifadə üçün deyil. İnqilab, çevriliş, yaxud digər adlarla hökumətləri dəyişirlər, amma bir dəfə istifadə olunur, qısa bir dövrdən sonra vəziyyət qabaqkı kimi, yaxud ondan da pis olur. Haqq söz belə deyil. Haqq söz qalır.

Düşmən ayrı cür danışır. Bəzi adamlar da düşmənin sözünü deyir və onun dili ilə danışırlar. Bunu anlayıb-anlamadıqlarını Allah bilir, amma onun dili ilə danışırlar, inqilabın öz yolundan yayındığını göstərməyə çalışırlar. Xeyr, əgər yayınsaydı, inqilabın adı və xatirəsi ilə bu qədər insan hərəkətə gəlməzdi, bu qədər iman və duyğu səfərbər olunmazdı. Dünyada da belədir. Bu gün bu inqilabın təsirləri digər müsəlman xalqların qəlbində də duyulur. Bir neçə düşmən dövlətə baxmayın, xalqlar bu inqilabı uca tuturlar, ona hörmət bəsləyirlər, belə bir inqilabın həsrətini çəkirlər. Bunlar haqlılıq əlamətləridir, əbədilik əlamətləridir: "Hər bir fəsildə bar verir".

Mən və siz bu günə qədər Allahın yardımı ilə vəfalı qaldığımız kimi, yenə də vəfalı qala bilərik. Əgər bu vəfalılığı qorusaq, Allah böyük mükafat verəcək. Bu mükafat yalnız dünyaya və ya axirətə məxsus deyil; həm dünya, həm də axirət üçündür. Dünyada izzət, iqtidar, uca amallara nail olmaq, axirətdə də hər şeydən üstün olan ilahi mükafat və savabdır. Əgər Allah eləməmiş, əhdimizdə zəiflik göstərsək, sadiq olmasaq, yolun ortasında nəfsimizin istəkləri bizi o tərəf-bu tərəfə çəksə, o da bizim öz zərərimizə olacaq. İnqilab öz yolunu davam edəcək. İnqilabı buraxan, düşmənin istəyinə uyğun şəkildə inqilabın qarşısında dayanan şəxslər zərər etdilər. Elə bilməsinlər ki, oturub inqilab əleyhinə təxribat hazırladıqda, danışdıqda, təhrik etdikdə bir şeyə nail olacaqlar. Xeyr, səhv edirlər.163
İran xalqının duruş gətirməsinin isbatı

Əlbəttə, dedik ki, xalq duruş gətirdi. Son nümunəsi də 2009-cu il fitnəsi idi. Xalq müqavimət göstərdi. Seçilmiş prezidentdən başqa namizədə səs verən şəxslər onların önündə durdular. Buna görə 9 deydə və 22 bəhməndə hamı iştirak etdi, hamı gəldi. Bu onu göstərir ki, fitnəkarlar və fitnə törədənlər azlıqdır. Onlar yalan danışıb xalqı öz tərəflərinə çəkmək istədilər. Əvvəldə uğur da qazandılar, sonra həqiqi simaları tanındıqda, müxtəlif söz və işləri ilə niqabları düşdükdə xalq bunlardan üz çevirdi. Buna əsasən, xalq dayanmışdır. Bu, ölkənin vəziyyətinə dair bir məqamdır.164


İslam Respublikasının daha da güclənməsi

Düşmənlərin planlaşdırdığı, sadəlövh və avam insanların da kömək etdiyi hər bir işin nəticəsi İran xalqının müqaviməti sayəsində İslam Respublikasının daha da güclənməsi olmuşdur.

Siz gördünüz ki, bir fitnə törədildi, işlər görüldü, səylər göstərildi. ABŞ fitnəkarları müdafiə etdi, İngiltərə müdafiə etdi, Qərb hökumətləri müdafiə etdilər, münafiqlər müdafiə etdilər, şah tərəfdarları müdafiə etdilər. Nəticə nə oldu? Nəticə bu oldu ki, bütün bu uğursuz birliyin qarşısında bizim əziz və böyük xalqımız 9 deydə və 22 bəhməndə elə əzəmət nümayiş etdirdi ki, dünya məəttəl qaldı. Bugünkü İran, bugünkü gənc, bugünkü ali təhsillilər və bugünkü iranlılar elə vəziyyətdədirlər ki, düşmən İslam Respublikası quruluşu əleyhinə hansı təxribatı hazırlasa, Allahın yardımı ilə qarşısını alacaqlar. Lakin diqqətli olun; gərək təqvalı olasınız. Bizi gücləndirən, toxunulmaz edən, uca məqsədlərə çatana qədər bu yolu davam etdirməyə ümidli saxlayan amil təqvadır.165
İran xalqının ayıqlığında yeni fəslin açılması

Xalq ən güclü və son zərbəni 9 deydə və 22 bəhməndə vurdu. 22 bəhməndə İran xalqı möhtəşəm bir iş gördü; 9 deydə də həmçinin. Xalq öz birliyini nümayiş etdirdi. Siyasi məsələdə hər hansı bir namizədə səs vermiş bütün insanlar düşmənin səhnədə olduğunu, onun çirkin məqsədlərinin nə olduğunu anladıqda əvvəlcə nikbin yanaşdıqları şəxslər haqda da yenidən düşündülər; bildilər ki, inqilabın yolu budur, düzgün yol budur. 22 Bəhməndə xalq bir nəfər kimi və bir şüarla meydana çıxdı. Xalq arasında ikitirəlik yaratmağa çox çalışdılar, amma bacarmadılar və xalq möhkəm dayandı. Bu, xalqın qələbəsi idi. 22 Xordaddan 22 bəhmənə qədər sürən səkkiz ay İran xalqı üçün fəxr və ibrət dolu bir dövr idi. Bu bir dərs oldu, yeni ayıqlıq yarandı, İran xalqının ayıqlığında yeni səhifə açıldı. Bu olduqca mühüm bir təcrübədir. Bu təcrübə əsasında hərəkət etməliyik.166

Şübhəsiz ki, düşmən xalqı İslam quruluşundan ayırmaqda iflasa uğramışdır. Ötənilki seçkilərdə ölkənin qırx milyon əhalisi iştirak etdi; əslində İslam Respublikası quruluşunun və seçkilərin xeyrinə qırx milyonluq bir referendum keçirildi. Düşməni qəzəbləndirən bu idi. İğtişaşla onun təsirini məhv etmək istədilər, amma bacarmadılar. Xalq fitnənin qarşısında da dayandı. 2009-cu il fitnəsi ölkəni vaksinlədi, xalqı siyasi və ictimai mikroblar əleyhinə hazırladı, xalqın ayıqlığını artırdı.167



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə