Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr


İkinci fəsil: Rəhbərin seçkilərdən bir həftə sonra - 19 iyunda qıldığı cümə namazına qədərki fikirləri



Yüklə 0,84 Mb.
səhifə2/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
1   2   3   4   5   6   7   8   9

İkinci fəsil: Rəhbərin seçkilərdən bir həftə sonra - 19 iyunda qıldığı cümə namazına qədərki fikirləri


Təhlil və izahlar

İranın siyasi və psixoloji hücum qarşısında toxunulmazlığı

Əziz İran xalqı!

Ayıq, şücaətli və zamanı tanıyan kişi və qadınlar!

Allahın salam və rəhmətini qazanmaq üçün öz ləyaqətini isbat edən sizlərə Allahın salamı olsun! Sizin qəhrəmanlıq yaratdığınız cüməniz heyrətamiz və misilsiz bir hadisə idi. Bu hadisədə İran xalqının siyasi yetkinliyi, qərarlı inqilabi çöhrəsi, mədəni iqtidar və potensialı gözəl və təntənəli formada bütün dünyaya nümayiş etdirildi.

Sizin vüqar, mətanət və kamilliyinizlə İran tarixinə yazdığınız iqtidar və izzət, düşmənin psixoloji müharibəsinin alovları altında bu təyinedici meydanda göstərdiyiniz sarsılmaz iradə elə böyük əhəmiyyətə malikdir ki, heç bir adi və normal vəsfə sığmır. Yalnız bunu demək olar ki, İran xalqı ilahi rəhmət amillərini qoruyub bu ölkənin inkişaf və ucalığını təmin etməkdə Allahın qüdrət əlini öz başı üzərində saxlaya bilmişdir.

22 Xordad (12 iyun) seçkiləri İran xalqının məharəti sayəsində milli seçkilərin uzun sırasında yeni bir rekord oldu. Xalqın səksən faizdən çoxunun seçki məntəqələrinə getməsi və qələbə çalmış namizədə iyirmi dörd milyon nəfərin səs verməsi Allahın qüvvə və qüdrəti ilə ölkənin inkişaf və ucalığını, milli təhlükəsizlik və aktivliyini təmin edən həqiqi bir bayramdır. Siz dünən sübuta yetirdiniz ki, İran torpağı İslam inqilabının şüar və dəyərləri sayəsində siyasi və psixoloji hücuma qarşı çox toxunulmaz və güclüdür; belə ki, bu ölkədə dini demokratiyanın yaranmasından otuz il sonra həmişəkindən daha enerjili və daha aktiv şəkildə səhnəyə çıxır, dost və düşmənləri öz işıqlı yolunu davam etdirməyə əmin edir.

Mən siz əziz xalqın iradə və imanına dərin hərmətimi ifadə edib, bu böyük uğur münasibətilə dövrün əzəmətli imamı həzrət Mehdini (ə), Böyük İmamın ruhunu və hər bir vətəndaşı təbrik edir, hamını bu ilahi lütfü uca tutmağa, Hikmətli və Elmli Rəbbimiz önündə şükür etməyə çağırıram.35
İslam quruluşunda demokratiyanın hakim olmasını bütün dünyaya nümayiş etdirmək

Biz bu seçkilərdə xalqın qırx milyona yaxın səsinə diqqət yetirməliyik. Bu mühüm məsələdir və düşünürəm ki, bizim hamımız bunu qorumağa borcluyuq. İslam quruluşunu açıq şəkildə dəstəkləyən bu milli birliyə əhəmiyyətsiz yanaşmaq olmaz. Bu çox mühüm məsələdir.36


Xalqın iğtişaşa yol vermədən küçələrə çıxması

Bu gün İslam quruluşu onda həqiqi demokratiyanın hakim olduğunu göstərir. Xalq gəlib müxtəlif namizədlərin çıxışını dinləyir, təxminən 10-15 gün küçələrdə fəallıq göstərir. Mənim fikrimcə, bu çox mühüm məsələdir. Biz xalqın çoxlu gecələrdə Tehranın və digər şəhərlərin küçələrinə toplaşması, bəzilərinin bu, bəzilərinin isə digər namizədi dəstəkləyib şüar verməsi, amma aralarında heç bir iğtişaşın yaranmaması ilə fəxt etməliyik. Bu çox mühüm məsələdir. Bizim xalqımız budur: üslub fərqləri var, müxtəlif namizədlərə qarşı müxtəlif fikirlər var, amma bir-biri ilə həmkarlıq edirlər.37


Demokratiyanın şərti: əməldə çoxluğun azlıqdan önə keçməsi

Bir namizədə dəstək üçün toplaşan şəxslər başqa bir namizədə dəstək üçün toplaşan şəxslərlə eyni xalqdandırlar, bu xalqdan olan qruplardır. Biz bu baxışla baxmalıyıq. Fərqli fikirləri də var; bir dəstə buna səs verir, bir dəstə ona. Əlbəttə, demokratiyanın şərti budur ki, əməl məqamında çoxluq azlıqdan önə keçsin; yəni çoxluğun səsini qazanmış şəxs iş başına gəlsin. Bu, demokratiyanın şərtidir, təzad və düşmənlik yaratmaq deyil.38


Dini demokratiya - üçüncü yol

Mən çıxış və xütbələrdə öz dinləyicilərimlə mübaliğə ilə danışmağı, yaxud onlara yaltaqlanmağı sevmirəm, amma bu seçkilərdə siz əziz xalqa müraciətlə deyirəm ki, nə qədər mübaliğə ilə danışsam, çox deyil. Siz böyük iş gördünüz. 22 Xordad (12 iyun) seçkiləri bizim xalqımızın ölkənin taleyi üçün məsuliyyət hissinin möhtəşəm nümayişi idi; xalqın öz ölkəsinin idarəsində iştirak etməsinin möhtəşəm nümayişi idi; xalqın öz quruluşuna sevgisinin möhtəşəm nümayişi idi. Mən ölkədə baş verən bu iş üçün bu gün dünyada və müxtəlif demokratik ölkələrdə - istər formal və yalançı, istərsə də həqiqətən xalqın səsinə müraciət olunan demokratik ölkələrdə həqiqətən bənzər tanımıram. İslam Respublikasında da sizin ötən cümə keçirdiyiniz bu seçkilərə 1979-cu ilin aprel referendumundan başqa heç bir bənzər yoxdur; təxminən səksən beş faizlik iştirak; təxminən qırx milyon nəfərin səs verməsi. İnsan belə böyük hadisələrin arxasında dövrün imamının mübarək əlini görür. Bu, Allah lütfünün əlamətidir. Mən bütün əziz xalqımıza səmimi hörmət və təşəkkürümü bildirirəm.

Xüsusən bizim gənc nəslimiz göstərdi ki, inqilabın birinci nəslində gördüyümüz siyasi fəallığa, siyasi şüura və siyasi məsuliyyətə malikdir. Bu fərqlə ki, inqilab dövründə inqilabın isti sobası ürəkləri həyəcana gətirirdi; sonra müharibə dövründə də başqa bir formada elə oldu. Bu gün bunlar yoxdur, amma eyni zamanda bizim indiki nəslimizdə bu öhdəlik, bu məsuliyyət hissi, bu fəallıq və şüur mövcuddur. Bunlar kiçik məsələlər deyil. Düzdür, xalq arasında fikir ayrılığı var, görüş fərqi var; bəziləri bir nəfəri və bir sözü qəbul edirlər, bəziləri də başqasını və başqa sözü. Bunlar var və təbiidir, lakin fikir fərqlərinə rəğmən, bütün xalqda ümumi bir öhdəlik duyulur; ölkə və quruluşlarını qorumaq üçün kollektiv bir öhdəlik. Hamı hərəkətə gəldi; böyük və kiçik şəhərlərdə, kəndlərdə müxtəlif milliyyətlər, müxtəlif məzhəblər, kişi və qadınlar, qoca və gənclər – hamı hərəkətə gəldi; hamı bu möhtəşəm kampaniyalarda iştirak etdi.

Mənim əzizlərim! Bu seçkilər sizin düşmənləriniz üçün siyasi bir zəlzələ, dünyanın müxtəlif yerlərində olan dostlarınız üçün isə həqiqi və tarixi bir bayram idi. İnqilabın otuzuncu ilində xalq bu quruluşa, bu inqilaba və Böyük İmama sədaqətini bu şəkildə ifadə etdi. Bu, imam və şəhidlərlə əhd-peymanı yeniləmək üçün xalqın ümumi hərəkatı, İslam Respublikası quruluşu üçün isə nəfəs təzələmək və yeni bir təkan götürmək üçün böyük bir fürsət idi. Bu seçkilər dini demokratiyanı bütün dünya xalqlarına nümayiş etdirdi. İslam Respublikası quruluşuna qarşı bədxahlıq edən bütün şəxslər dini demokratiyanın nə olduğunu gördülər. Bu, üçüncü yoldur. Bu bir tərəfdən diktatura və avtoritar quruluşlar və digər tərəfdən din və mənəviyyatdan uzaq demokratiyalar qarşısında dayanan dini demokratiyadır. Buna görə xalqın diqqətini cəlb edir və onları səhnəyə çəkir. Bu öz imtahanını verdi.39


Onuncu prezident seçkilərinin misilsiz olması

Seçkilər bizim fəxrimizdir. Qırx milyon səs zarafat deyil. Bu bizim indiyədək əldə etdiyimiz ən yüksək rekorddan nəzərəçarpacaq həddə çoxdur. Bu çox mühüm məsələdir. Otuz ildən sonra bizim xalqımızın İslam Respublikası quruluşuna sadiqliyi o həddədir ki, belə həvəs və rəğbətlə meydana atılır. Biz xəbərləri izləyirdik; xarici xəbər agentliklərinin hamısı ilk saatlardan dedilər ki, bu dəfə xalq möhtəşəm şəkildə iştirak edir. Bunu hamısı dedi. Gedib səs verdikdən sonra gördüklərini danışanlardan əlavə, xəbər agentlikləri və bəzi əcnəbi televiziya kanalları da işıqlandırdılar ki, xalqın iştirakı ciddi, fəal və izdihamlıdır. Bəzi xarici kanallar sıraya düzülüb növbə gözləyən insanları göstərdi. Bu, ölkə üçün fəxrdir; bunu gözdən salmayaq, korlamayaq. Bu, xalqındır.40


Ölkənin bədxahlar önündə köməyə ehtiyacı olduğu zaman xalqın seçki fəallığı

Həmişə görmüsünüz ki, ölkə məmurları və mənim özüm səsvermədə iştirak edənlərin artmasına təkidlə çalışmışıq. Xalqı həvəsləndirirdik, xalq da həssas zamanlarda sayıqlıqla hadisələrə qoşulurdu; ölkənin öz müxalifləri və dünyadakı bədxahları qarşısında uca fəryad qoparmağa ehtiyac olduğu vaxtlarda seçki məntəqələrinə gedib səs vermişlər. Mən seçki münasibəti ilə təbrik müraciətlərinin bir neçəsində bu cümləni təkrarlamışam: "Sayıq və zamanı tanıyan xalq".41


Xalqın ümidi, sevinci və İslam Respublikasına inamı

Xalq bu ölkədə inamla, ümidlə və milli sevinclə yaşayır. Bu, sizin düşmənlərinizin qərəzli təbliğatlarında söylədikləri çoxlu sözlərin cavabıdır. Əgər xalqın gələcəyə ümidi olmasa, seçkilərdə iştirak etməz; əgər öz quruluşuna inanmasa, seçkilərdə iştirak etməz; əgər azadlıq hiss etməsə, seçkilərə yaxşı münasibət bəsləməz. İslam Respublikası quruluşuna inam bu seçkilərdə aşkara çıxdı.

Düşmənlər xalqın bu inamını hədəf seçmişlər; İran xalqının düşmənləri bu inamı məhv etmək, İslam Respublikasının ən böyük sərvəti olan bu inamı ondan almaq istəyirlər. Onlar bu inamı zəiflətmək üçün bu seçkilər və xalqın bu inamı barədə şübhə yayırlar.

İran xalqının düşmənləri bilirlər ki, inam olmayanda fəallıq zəifləyir və fəallıq zəifləyəndə quruluşun legitimliyi sarsılır. Onlar bunu istəyirlər. Düşmənin məqsədi budur. İnamı almaq istəyirlər ki, fəallığı alsınlar və İslam Respublikası legitimliyini itirsin. Bunun zərəri bank və avtobus yandırmaqdan daha çoxdur. Bu, başqa heç bir ziyanla müqayisəolunası deyil. Xalq belə bir möhtəşəm tədbirdə belə həvəslə iştirak edir, sonra ona deyilir ki, siz quruluşa inanmaqda səhv etdiniz, quruluş etimada layiq deyil. Dümən bunu istəyir.

Bu kampaniya seçkilərdən öncədən başladı; bundan iki-üç ay qabaqdan. Mən fərvərdin ayının 1-də (martın 21-də) Məşhəddə dedim ki, daim qulaqlara pıçıldayır və təkrar edirlər ki, seçkilər saxtalaşdırılacaq. Onlar şəraiti hazırlamaq istəyirdilər. Mən o zaman ölkə daxilində olan yaxşı dostlarımıza xəbərdarlıq etdim və dedim ki, düşmənin xalqın beyninə yeritmək istədiyi bu sözü deməyin. Xalq İslam Respublikası quruluşuna inanır. Bu inam asan əldə olunmayıb. İslam Respublikası quruluşu otuz ildir məmurları, əməlləri və çoxlu zəhmətləri ilə xalqın qəlbində bu inamı gücləndirə bilmişdir. Düşmən bu inamı alıb xalqı zəiflətmək istəyir.42
Bütün xalqın ümumi öhdəlik, gənclərin həvəs, siyasi öhdəlik və şüur nümayiş etdirməsi

Fikir fərqlərinə rəğmən, bütün xalqda ümumi bir öhdəlik duyulur; ölkə və quruluşlarını qorumaq üçün kollektiv bir öhdəlik. Hamı hərəkətə gəldi; böyük və kiçik şəhərlərdə, kəndlərdə müxtəlif milliyyətlər, müxtəlif məzhəblər, kişi və qadınlar, qoca və gənclər – hamı hərəkətə gəldi, hamı bu möhtəşəm kampaniyalarda iştirak etdi.

Xüsusən bizim gənc nəslimiz göstərdi ki, inqilabın birinci nəslində gördüyümüz siyasi fəallığa, siyasi şüura və siyasi məsuliyyətə malikdir. Bu fərqlə ki, inqilab dövründə inqilabın isti sobası ürəkləri həyəcana gətirirdi; müharibə dövründə də başqa bir formada belə oldu. Bu gün bunlar yoxdur, amma eyni zamanda bizim indiki nəslimizdə bu öhdəlik, bu məsuliyyət hissi, bu fəallıq və şüur mövcuddur. Bunlar kiçik məsələlər deyil.43
Dörd namizədin hər hansı birinə səs verənlərin inqilab cəbhəsindən olmaları

Bu dörd namizədə səs verənlərin hamısı savab qazandılar; inşallah ilahi savabları olacaq. Onların hamısı inqilab cəbhəsinin daxilində və quruluşa məxsusdurlar. Əgər Allaha yaxınlaşmaq niyyəti ilə səs vermiş olsalar, ibadət də etmişlər. İnqilabın qırx milyon səsi var. İnqilaba indiki prezidentə səs verən iyirmi dörd milyon yarım yox, qırx milyon nəfər səs verdi.44


Bütün namizədlərin quruluşa məxsus olması

Ciddi rəqabətə qoşulan bu dörd nəfərin hamısı quruluşun kadrlarından və quruluşa məxsus qüvvələr idilər; indi də belədirlər. Bunların biri bizim ölkəmizin xidmətçi, fəal, zəhmətkeş və etimadlı prezidentidir. Onların biri mənim prezidentlik dövrümdə səkkiz il Baş nazir olan şəxsdir. Daha birisi uzun illər Keşikçilər korpusunun komandanı və müqəddəs müdafiə dövrünün əsas komandirlərindən olmuşdur. Yerdə qalan bir nəfər də ölkənin qanunverici hakimiyyəti olan İslam Şurası Məclisinə iki dəfə sədrlik etmişdir. Bunlar quruluşun kadrlarıdır. Bunların hamısı quruluşa məxsusdurlar. Düzdür, fikir ayrılıqları var, proqram fərqləri var, müxtəlif siyasi istiqamətlərdə bir-biri ilə çoxlu düşüncə fərqləri var, amma hamısı quruluşa məxsusdur. Bu dörd nəfər quruluşun kadrlarıdır. Bu rəqabət quruluşun daxilində aparıldı, onun daxili ilə xarici arasında yox. Xəbis Sionizm radiosu, Amerika radiosu, İngiltərə radiosu və digərləri daim buna inandırmağa çalışırlar. Xeyr, bu rəqabət quruluşun daxilində və quruluşa məxsus qüvvələr arasında keçirildi. Hamısı bu quruluşun idi və qeyd etdiyim xidmət stajları var. Mən onların hamısını yaxından tanıyıram, düşüncələrini, üslublarını, davranış tərzlərini bilirəm, hamısı ilə yaxından işləmişəm.

Əlbəttə, mən bu cənabların bütün baxışlarını qəbul etmirəm. Bəzilərinin fikir və əməlləri mənim nəzərimdə şübhəsiz, tənqidə layiqdir; ölkəyə xidmət etmək üçün bəzilərini digərlərindən daha münasib bilirəm, amma seçim xalqındır və xalq seçdi. Mənim istəyim və seçimim nə xalqa deyildi, nə də xalqın ona əməl etməsi lazım idi. Xalqın özü öz meyarlarına uyğun şəkildə seçdi, hərəkət və əməl etdi; milyonlar bu tərəfə, milyonlar o tərəfə. Buna əsasən, məsələ quruluşun daxili məsələsidir. Məsələnin mahiyyətini dəyişmək mütləq qərəzli və pisdir. Mübarizə quruluşla onun xaricindəki qüvvələr arasında, inqilabla əksinqilab arasında deyil, quruluşun daxili qüvvələri arasında getdi.45
Rəqabətlərin azad, ciddi və şəffaf aparılması

Bu rəqabət və diskussiyalar mühüm və maraqlı yenilik idi, çox açıq, çox şəffaf və çox ciddi aparıldı. Bu diskussiyalar xaricdən seçki rəqabətlərinin simvolik olduğunu və real olmadığını təbliğ edən şəxslərin ağzından vurdu. Gördülər ki, xeyr, realdır, ciddi şəkildə bir-birinin qarşısında dayanmışlar, bir-biri ilə mübahisə edir və diskussiya aparırlar. Bu baxımdan diskussiya və müzakirələr çox yaxşı təşəbbüs idi. Lakin ümumilikdə onun həm müsbət cəhətləri, həm də nöqsanları da vardı. İndi mən hər ikisini deyəcəyəm.


Diskussiyaların müsbət cəhətləri

Müsbət cəhət bu idi ki, bu diskussiyalarda, müzakirələrdə, bu teledebatlarda hamı şəffaf və rahat şəkildə danışdı, ürək sözlərini dedi. Tənqid fırtınası qopdu və hamı cavab verməyə məcbur oldu; tənqid olundular, cavab verdilər, özlərini müdafiə etdilər. Şəxs və qrupların mövqeləri heç bir qaranlıq olmadan şəffaf və çılpaq formada xalqa bəlli oldu; siyasətləri nədir, proqramları nədir, nəyə və hansı həddə inanırlar. Bunlar xalqa bəlli oldu, xalq mühakimə yürüdə bildi və İslam quruluşunda özgə sayılmadığını, quruluşda ögey-doğmanın olmadığını bildi. Hər şey xalqa aşkar oldu, bütün fikirlər xalqın qarşısında deyildi və bəlli oldu ki, xalqın səsi bu diqqət və mülahizələrdən doğacaq. Xalqın səsi bəzək üçün deyil, seçim haqqı həqiqətən xalqa məxsusdur. Xalq ayıq və məlumatlı şəkildə seçmək istəyir. Bu diskussiyalar bunu təmin etdi. Şübhəsiz, qabaqkı seçkilərin ən yüksək rekorduna nisbətən on milyon səsin artmasının səbəblərindən biri bu idi ki, xalqın beyni və düşüncəsi işlədildi, diqqətlə ölçüb-biçmə imkanı yarandı. Bu diskussiyalar küçə səviyyəsinə də çıxdı, evlərin içinə də girdi. Bunlar xalqın seçim qabiliyyətini yüksəldir. Belə mübahisə və müzakirələr zehinləri inkişaf etdirir və seçim qabiliyyətini artırır. Bu, İslam Respublikasına görə ideal bir şeydir.

Təbii ki, bu müzakirələr kin və ədavət həddinə çatmamalıdır. Əgər belə olsa, əks-təsir bağışlayacaq. Əgər ogünkü formada və həmin həddə qalsaydı, yaxşı idi; lakin daim dartılıb uzadılsa, tədricən kinə çevriləcək. Əlbəttə, çox yaxşı olar ki, sonra deyəcəyim nöqsanları çıxmaq şərti ilə belə diskussiyalar davam etdirilsin və məmurlar tənqid olunub cavab versinlər. Kimsə tənqid olunduqda onun üçün şübhələri aradan qaldırmaq, açıqlamaq və həqiqəti bəyan etmək imkanı yaranır. Bu çox yaxşıdır, amma mütləq qeyd edəcəyim nöqsanları çıxmaq şərti ilə. Əgər belə diskussiyalar il ərzində və dörd il boyunca davam etsə, daha seçki zamanı partlayışa səbəb olmaz. Bütün sözlər - tənqid və cavablar il boyu deyilmiş və eşidilmiş olar. Bunlar bu diskussiyaların çox gözəl cəhətləri idi. Lakin onun nöqsanları da vardı və bu nöqsanları aradan qaldırmaq lazımdır. Bəzən bu diskussiyalarda məntiq cəhətinin zəifliyi hiss olunur, əsəbi və emosional hal yaranır və gözdənsalma cəhəti üstün gəlirdi. Bu diskussiyalarda mövcud durumu ifratçı formada pisləmək göründü; orada ötən dövrləri həddən artıq pisləmək də müşahidə olundu. Bunların hər ikisi pisdir. Bu debatlarda heç bir yerdə sübuta yetməmiş ittihamlar irəli sürüldü, şayiələrə istinad olundu və bəzən insafsızlıqlar baş verdi; həm bu qədər xidmət göstərmiş indiki iqtidara qarşı insafsızlıq, həm də keçmiş iqtidarlara və otuzillik dövrə qarşı. Cənablar söhbət zamanı hissiyyata qapılır və yaxşı sözləri arasında yaxşı olmayan sözlər də deyirdilər. Mən də bütün xalq kimi televizor qarşısında oturub bu verilişlərə tamaşa etdim və söz azadlığından həzz aldım; İslam Respublikası quruluşunun xalqın köməyi ilə onun seçim qüvvəsini yüksəldə bilməsindən həzz aldım. Lakin məsələnin bu nöqsanlı hissələri məni kədərləndirdi. Həmin nöqsanlı hissələr, sataşmalar və bəzi açıq sözlər namizədlərin tərəfdarlarını da gərginləşdirdi və nigaran etdi. Bu hər iki tərəfdə göründü. Mən burada cümə namazı kürsüsündə və namazdan sayılan bir xütbədə həqiqətləri deməliyəm. Təəssüf ki, bu nöqsanda hər iki tərəfin payı var. Bir tərəfdən ölkənin qanuni prezidentinə qarşı ən açıq təhqirlərə yol verildi. Debatlardan 2-3 ay öncədən bəzi çıxışları mənə gətirirdilər, mən görür və bəzən eşidirdim ki, ittihamlar irəli sürür, sözlər danışırlar. Kimə qarşı? Xalq tərəfindən seçilmiş qanuni prezdentə qarşı. Yanlış nisbətlər verdilər, xalqın etimad göstərdiyi prezidenti yalançılıqda ittiham etdilər. Bunlar yaxşıdır?! Hökumət üçün yalan qovluqlar düzəldib orada-burada yaydılar. Biz işin içərisindəyik və bunların həqiqət olmadığını bilirik. Təhqirlər etdilər, prezidentə xurafatçılıq, falçılıq və digər rüsvayçı işlər aid etdilər; əxlaqı, qanunu və insafı ayaq altına atdılar.
Debatların eyib və nöqsanları

Həmçinin bu tərəf də başqa bir formada oxşar işləri gördü. İnqilabın otuzillik parlaq keçmişi zəif göstərildi. Bu quruluşun böyük şəxsiyyətlərinin, ömürlərini bu quruluşa həsr etmiş bəzi şəxslərin adları çəkildi. Mən cümə namazında heç zaman ad çəkməməyə çalışıram, amma ad çəkildiyinə görə mən də buna məcburam. Mən xüsusi olaraq cənab Haşimi Rəfsəncaninin və cənab Natiq Nurinin adlarını çəkməyi lazım bilirəm. Əlbəttə, heç kim bu cənabları maliyyə fəsadında ittiham etmədi. Qohum və yaxınlar haqda kimin nə iddiası varsa, qanuni yollarla sübut olunmalıdır və sübut olunmadan bunları kütləvi informasiya vasitələrinə çıxarmaq olmaz. Əgər nəsə isbat olunsa, insanlar arasında fərq yoxdur. Lakin isbat olunmadan bunları söyləmək və qəti şəkildə iddia etmək düzgün deyil. Belə sözlər deyiləndə cəmiyyətdə yanlış təsəvvürlər yaranır, gənclər ayrı cür düşünür və ayrı cür anlayırlar.

Cənab Haşimini hamı tanıyır. Mənim onunla tanışlığım inqilabdan sonraya və yüksək vəzifələrdə çalışdığı zamana aid deyil. Mən 1957-ci ildən – yəni 52 il öncədən onu yaxından tanıyıram. Cənab Haşimi mübarizələr dövründən hərəkatın ən mühüm fiqurlarından olmuşdur. O, inqilabdan öncəki dövrün ciddi və fəal mübarizlərindən idi. İnqilabın qələbəsindən sonra imamın kənarında və İslam Respublikasının ən təsirli şəxsiyyətlərindən oldu; imamın vəfatından sonra da bu günə qədər rəhbərin kənarında olmuşdur.

Bu insan dəfələrlə şəhidliyin bir addımlığına qədər getmişdir. İnqilabdan öncə öz sərvətini inqilab üçün xərcləyir və mübarizlərə verirdi. Gənclərin bunları bilməsi yaxşıdır. İnqilabdan sonra onun çoxlu vəzifələri olmuşdur: səkkiz il prezident olmuşdur, ondan öncə parlamentə rəhbərlik etmişdir, sonra da digər vəzifələrdə çalışmışdır. Biz bu müddət ərzində onun inqilabdan özü üçün nəsə topladığını görməmişik. Bunlar həqiqətdir. Bunları bilmək lazımdır. O, ən həssas dönəmlərdə inqilabın və quruluşun xidmətində durmuşdur.

Mənim bir çox məsələlərdə cənab Haşimi ilə fikir ayrılığım var; bu da təbiidir. Lakin xalq şübhəyə düşüb ayrı cür fikirləşməsin. Onunla cənab prezident arasında 2005-ci ilin prezident seçkilərindən bu günə qədər fikir ayrılığı olmuşdur, indi də var; həm xarici siyasətdə fikir ayrılıqları var, həm ictimai ədalətin icrası sahəsində, həm də bəzi mədəni məsələlərdə. Və cənab prezidentin fikri mənim fikrimə daha yaxındır.

Cənab Natiq Nuri də həmçinin. Cənab Natiq Nuri inqilaba xidmət göstərmiş şəxsiyyətlərdəndir. O həm çox xidmət göstərmişdir, həm də onun bu quruluşa və inqilaba sevgisində heç bir şübhə yoxdur.

Canlı teledebatlar yaxşıdır, lakin bu nöqsanlar aradan qaldırılmalıdır. Mən həmin vaxt – yəni debatdan sonra bunları cənab prezidentə də dedim, çünki onun əməl edəcəyini bilirdim.

Maliyyə fəsadı ilə mübarizə məsələsində quruluşun mövqeyi aydındır; ictimai ədalətə aid məsələlərdə quruluşun mövqeyi aydındır. Fəsad harada olursa-olsun, onunla mübarizə aparmaq lazımdır. Mənim demək istədiyim budur: Biz iddia etmirik ki, bizim quruluşumuzda maliyyə və iqtisadi fəsad yoxdur. Əgər olmasaydı, mən bir neçə il öncə üç hakimiyyət orqanının möhtərəm başçılarına müraciətlə səkkizmaddəlik məktubu yazmazdım və onun üzərində bu qədər təkid göstərməzdim. İqtisadi fəsad var, lakin mən demək istəyirəm ki, İslam Respublikası quruluşu bu gün dünyanın ən sağlam siyasi və ictimai quruluşlarından biridir. Bizim hansısa sionist mənbəyə istinadla quruluşu və ölkəni fəsadda ittiham etməyimiz əsla düzgün deyil; şəxsiyyətləri və məmurları dəlilsiz olaraq fəsad işində sual altına salmağımız da düzgün deyil. Maliyyə fəsadı İslam quruluşunda mühüm məsələlərdən biridir və onunla ciddi mübarizə aparmaq lazımdır. Həm icraçı hakimiyyətdə, həm məhkəmə hakimiyyətində, həm də qanunverici hakimiyyətdə hamı bununla mübarizə aparmağa borcludur. Əgər mübarizə aparılmasa, qarşısı alınmasa, genişlənəcək. Necə ki, dünyanın çoxlu ölkələri - maliyyə fəsadı, çirkli pulların yuyulması və bu kimi məsələlərlə mübarizədən dəm vuran bu Qərb ölkələri boğaza qədər fəsada batmışlar. Bu günlərdə İngiltərə hökumətinin və parlamentinin hadisələrini eşitdiniz və bütün dünya bildi. Bu, sözügedən fəsadın bir hissəsidir, əslində isə bunlardan da çoxdur.46


Təhdidlər

  1. Xalqın parçalanması fikri

Bizim bir qrupun, məsələn, 24 milyonun bir tərəfdə, 14 milyonun da başqa bir tərəfdə durduğunu düşünməyimiz mənim fikrimcə, çox böyük bir səvhdir. Məsələ belə deyil; hamı bir tərəfdə durur. Seçilmiş prezidentə səs verənlər inqilaba, ölkəyə və quruluşa ona səs verməyənlər qədər sadiqdirlər. Xalqın müxtəlif qrupları bu ölkənin övladlarıdır, bu xalqın övladlarıdır. Müxtəlif namizədlərə səs verən iki toplumu bir-birinə düşmən fərz etməyimiz səhvdir. Xeyr, bir məsələdə bunların fikirləri fərqli olmuşdur, lakin əsas məsələ olan quruluşa inamda və İslam Respublikasını dəstəkləməkdə hamı yekdildir. Biz bu seçkilərin 40 milyona yaxın səsinə baxmalıyıq. Mühüm olan budur. Mən düşünürəm ki, hamımız bunu qorumağa borcluyuq.47
2. Seçkilərdən sonra demokratik şəraiti düşmənçiliyə çevirmək

Hamınız düşmənlik yaratmaqla mübarizə aparın. Bu, bir namizədə, bir seçki qərargahına və bir qrupa məxsus deyil. Ədavətlə, düşmənçiliklə və kin-küdurətlə mübarizə aparmaq hamının borcudur. Burada qeyd olunduğu kimi, kimlərsə seçkilərdə müxtəlif prosedurlara dair nöqsan və etirazlar qeyd edə bilərlər. Bunun qanuni yolları vardır və mütləq araşdırılmalıdır. Cənablar bəzi nümunələri qeyd etdilər. Mən Ölkə nazirliyində və həmçinin Nəzarət şurasında çalışan şəxslərdən istəyirəm ki, bu nümunələri dəqiq araşdırsınlar. Əgər bəzi nöqsanlar hansısa qutuların yenidən sayılmasını tələb etsə, eybi yoxdur. İndi bir nümunəni cənablar dedilər; o şəxs deyib ki, filan namizədin səsi bu qədərdir, sayanda isə başqa rəqəm elan olunub. Çox gözəl, eybi yoxdur, nöqsanlı qutuları, yaxud təsadüfi şəkildə bəzi qutuları yenidən saysınlar, namizədlərin nümayəndələri də iştirak etsinlər və hamı üçün tam inam yaransın.

Sizin hamınız yüksək vəzifələrdə çalışırsınız, çalışmısınız və mənim adətimi bilirsiniz. Mənim özüm bütün seçkilər kimi bu seçkilərdə də ölkə məmurlarına - Ölkə nazirliyinə və Nəzarət şurasına etimad etdim. Bilirsiniz ki, bəzi məsələlərdə məmurların fikir ayrılığı var, lakin mən tanıdığım və iş üsulunu bildiyim məmura etimad edirəm. Bu dəfə də belədir. Lakin mənim bu etimadım səbəb olmur ki, kimlər üçünsə yaranmış şübhə araşdırılmasın və həqiqət aşkara çıxmasın. Xeyr, şübhələri ortadan qaldırın, lakin hər şeydən əhəmiyyətli olan budur ki, hamınız milli birliyi qorumağa çalışın; hər kəs öz vəzifəsinə uyğun şəkildə.48
3. Bəzi şəxslərin sabitliyi və milli birliyi pozmaq cəhdi

Bu məsələlərdə hamınız uğur qazandınız, hamınız qalib oldunuz; çünki sevdiyiniz quruluşu gücləndirə bildiniz. Bütün xalq qalibdir; çünki bir əzəmət və izzət nümayiş etdirdi. Bəziləri bunu istəmirlər və təbii ki, pozuculuq edirlər, gərginlik yaradırlar, bundan ona söz aparırlar, ondan buna; çox zaman da yalan. Mənə müxtəlif yerlərdən sözlər çatır. Görürəm ki, bəzən nə o tərəfin bu tərəf haqda dedikləri həqiqətə uyğundur, nə də bu tərəfin o tərəf haqda dedikləri. Bəllidir ki, ortada birliyin yaranmasını istəməyənlər var. Bu ən yaxşısıdır, pisi də sizin gördüyünüz pozucu işlərdir. Bu işlərin qarşısında dayanıb mövqe bildirməlidirlər. Hamı deməlidir.

Aparılan bu təxribatlar, görülən bu çirkin işlər, bəzən törədilən cinayətlər heç bir tərəfə məxsus deyil; xalqa məxsus deyil, namizədlərə məxsus deyil, təxribatçılara məxsusdur, iğtişaşçılara məxsusdur. Kimsə bu işlərin filan namizədin tərəfdarlarının törətdiyini düşünməsin. Xeyr, bunlar müsəlmanların arasında məzhəb ixtilafları salan qüvvələr kimidirlər. Biz dəfələrlə demişik ki, bunlar nə sünnidirlər, nə şiə; şiəni sünninin, sünnini də şiənin əleyhinə təhrik edirlər. Bizim böyük cəmiyyətimizin birliyi də belədir. Bir tərəfi o biri tərəfin əleyhinə təhrik edən, bir cinahın tərəfdarı kimi çıxış edib bəzi işlər görən şəxslər nə bu tərəfdəndirlər, nə o tərəfdən. Bunlar quruluşla, ölkənin sabitliyinə müxalif, gərginliyin və iğtişaşın tərəfdarı olan və sabitliyi pozmağa cəhd edən şəxslərdir.

Hakimiyyətə kim gəlsəydi və seçkilərin nəticəsi bundan fərqli olsaydı da, mən qəti şəkildə deyə bilərəm ki, bu hadisələr yenə baş verəcəkdi. Çünki onlar ölkədə sabitliyi pozmaq istəyirlər, ölkənin təhlükəsizliyini və dincliyini hədəf seçmişlər, onu məhv etmək istəyirlər. Heç kəs bu gərginliklərə və iğtişaşlara kömək etməməli, hamı onun qarşısında açıq mövqe bildirməlidir.49


4. Siyasi şəxsiyyətlərin ifratçılığının xalq arasında çox həssas nəticələri

Xalqın düşüncəsində hər növ aparıcılığı olan şəxslər – bəziləri bizdən söz eşidən siyasətçilər, partiya liderləri və siyasi cərəyanların rejissorları öz rəftarlarına və sözlərinə çox diqqət yetirməlidirlər. Əgər onlar bir az ifrata varsalar, bu ifratçılığın əhatəsi xalq arasında çox həssas və təhlükəli hadisələrə səbəb olacaq, sonra isə bəlkə özləri də bunu idarə edə bilməyəcəklər. Biz nümunələrini görmüşük. Cəmiyyətdə ifratçılıq yarandıqda hər bir ifratçı hərəkət digərlərinin ifratçılığına səbəb olur. Əgər siyasi elitanın nümayəndələri qanunu ayaq altına atsalar, yaxud qaş düzəldən yerdə vurub göz çıxarsalar, o zaman istəsələr də, istəməsələr də tökülən qanlar, kobudluqlar və hərc-mərcliklər üçün məsuliyyət daşıyacaqlar. Mən bu cənabların, bu qədim dost və qardaşların hamısına tövsiyə edirəm ki, özünüzə hakim olun, təmkinli olun, düşmənin əllərini, bu gün yavaş-yavaş üzlərindən diplomatiya niqabını götürüb həqiqi simalarını göstərən və pusquda dayanmış ac canavarları görün, onları yaddan çıxarmayın.50


Tövsiyələr

Seçilmilş prezidenti dəstəkələmək və ona kömək etmək

Güman ki, düşmənlər bədxah təhriklərlə bu hadisənin sevincini xalqdan almağa çalışacaqlar. Bütün xalqa, xüsusən də bu möhtəşəm hadisənin ən aktiv səbəbkarlarından olan əziz gənclərə tövsiyə edirəm ki, çox sayıq olsunlar.

Seçkilərin ertəsi günü həmişə mehribanlıq və dözüm günü olmalı, istər seçilmiş namizədin, istərsə də digər möhtərəm namizədlərin tərəfdarları hər bir təhrikedici və şübhəli söz və rəftardan çəkinməlidirlər. Seçilmiş möhtərəm prezident bütün İran xalqının prezidentidir və hamı, o cümlədən dünənki rəqiblər onu dəstəkləməli, ona kömək etməlidirlər. Şübhəsiz, bu da Allahın bir imtahanıdır. Bu imtahandan uğurlu çıxmaq Allah-Taalanın mərhəmətini ərməğan edər.51

Milli birliyi qorumaq, parçalanmağın və düşmənliyin qarşısını almaq

Biz seçkilərin parçalanma amili olamamasına çalışmalı və bunu diqqətdə saxlamalıyıq. Mənim əsas sözüm budur və düşünürəm ki, hamımız bunu qorumağa borcluyuq; yəni İslam quruluşunu dəstəkləməyə dair bu milli birliyə əhəmiyyətsiz yanaşmayaq. Bu çox əhəmiyyətli məsələdir. Bu gün İslam quruluşu göstərir ki, onda həqiqi demokratiya hakimdir. Xalq müxtəlif namizədlərlə görüşlərdə iştirak edir, onların çıxışlarını dinləyir və təxminən 10-15 gün küçələrdə fəallıq göstərir. Bu mənim fikrimcə, çox mühüm məsələdir. Biz xalqın çoxlu gecələrdə Tehranın və digər şəhərlərin küçələrinə toplaşması, bəzilərinin bu, bəzilərinin isə digər namizədi dəstəkləyib şüar verməsi, amma aralarında heç bir iğtişaşın yaranmaması ilə fəxt etməliyik. Bu çox mühüm məsələdir. Bizim xalqımız budur: üslub fərqləri var, müxtəlif namizədlərə qarşı müxtəlif fikirlər var, amma bir-biri ilə həmkarlıq edirlər. Cənab Mühəndis Musəvi mənə danışırdı ki, bir xiyabanda maşınla gedərkən başqa bir maşın onunla yanaşı hərəkət edir. Onlar gülə-gülə cənab Musəvinin əleyhinə danışmağa və şüar verməyə başlayırlar. Cənab Musəvi deyir ki, mən də gülüb onlara əl etdim və keçdim. Bu çox yaxşı haldır. Bu vəziyyət seçkilərdən sonra ədavətə və qarşıdurmaya çevrilməməlidir. Bəzi qüvvələr cəmiyyətdə bunu reallaşdırmaq istəyirlər. Bu düzgün deyil.52


Gərginliyə kömək etməmək

Heç kəs bu gərginliyə və iğtişaşa kömək etməməli, hamı onun qarşısında açıq mövqe bildirməlidir. Necə ki, sizin həqiqi mövqeyiniz də məhz belədir. Gərək açıq mövqe bildirib desinlər ki, bunu istəmirlər. Eyni zamanda gərginlik yaradan heç bir iş görməsinlər; yəni bir-birini qəzəbləndirməsinlər.53


Səbir və dözüm və onun aparıcı şəxsiyyətlərin və xalqın arasında təbliği

Həm çoxluğun səsini qazanmış tərəf diqqətli olmalı, rəftar və hərəkətlərinə fikir verməlidir, həm də çoxluğun səsini qazanmayan tərəf. Hamı səbirli olmalıdır. İslam qaynaqlarında işlədilmiş "hilm" sözünün mənası dözümlülük və dözüm bacarığıdır. Hamıda dözüm bacarığı olmalı və dözə bilməlidir. Qələbəyə dözmək də asan deyil, məğlubiyyətə dözmək də. Dözmək, səbirli olmaq, qələbə və məğlubiyyət zamanı təmkinli olmaq bacarığı insani dəyərlərdəndir. Biz bunu həm aparıcı şəxsiyyətlər, həm də bütün xalq arasında təbliğ etməliyik.54


Açıq mövqe bildirmək

Heç kəs bu gərginliyə və iğtişaşa kömək etməməli, hamı onun qarşısında açıq mövqe bildirməlidir. Necə ki, sizin həqiqi mövqeyiniz də məhz belədir. Gərək açıq mövqe bildirib desinlər ki, bunu istəmirlər.55


Düşmənin təxribatları

Seçkiləri quruluşun tərəfdarları ilə əleyhdarları arasında savaş kimi göstərməyə çalışmaq

Bir neçə Qərb ölkəsinin indiyə qədər diplomatik komplimentlərlə danışan məşhur diplomatları üzlərindən niqabı götürüb həqiqi simalarını göstərirlər: "Onların sizə qarşı ədavəti ağızlarından çıxan sözlərdən bəlli olur, ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür". Onlar İslam quruluşuna qarşı düşmənçiliklərini göstərirlər. Hamısından daha xəbis olan da İngiltərə hökumətidir.56

Mən son iki-üç həftədə Amerikanın və bir neçə Avropa ölkəsinin dövlət rəsmilərinin söz və işlərini izlədim. Seçkilərə yaxın həftələrdə, seçkilər günü, seçkilərdən sonrakı gecə və seçkilərdən iki-üç gün sonra onların dəyişkən və fərqli vəziyyətləri oldu. Seçkilərin başlanmasından öncə onların media orqanları və dövlət rəsmiləri xalqın iştirakını zəiflətmək üçün seçkilərin özünə qarşı şübhə yaradırdılar.57

Düşmənlər əksəri xəbis və rəzil sionistlərə məxsus olan müxtəlif informasiya şəbəkələrində belə göstərməyə çalışırlar ki, quruluşun tərəfdarlarına müxalifləri arasında savaş gedir. Xeyr, belə deyil. Onlar qələt edib bu sözü deyirlər. Bu, həqiqət deyil.58


Seçkiləri şübhə altına salmaq və xalqın quruluşa inamını qırmaq

Bizim bəzi düşmənlərimiz quruluşun bu mütləq qələbəsini şübhəli bir qələbəyə və hətta bəziləri milli bir məğlubiyyətə çevirməyə çalışdılar, sizin sevincinizi yox etmək və dünyanın ən yüksək faizli seçkisinin sizin adınıza yazılmasına mane olmaq istədilər.

Onlar inamı qırmaq, bununla xalqın fəallığını və onun ardınca İslam Respublikasının legitimliyini sarsıtmaq istəyirlər. Bunun zərəri bank və avtobus yandırmaqdan daha çoxdur. Bu, başqa heç bir ziyanla müqayisəolunası deyil. Xalq belə bir möhtəşəm tədbirdə belə həvəslə iştirak edir, sonra ona deyilir ki, siz quruluşa inanmaqda səhv etdiniz, quruluş etimada layiq deyildi. Düşmən bunu istəyir.

Bu kampaniya seçkilərdən öncədən başladı; bundan iki-üç ay qabaqdan. Mən fərvərdin ayının 1-də (martın 21-də) Məşhəddə dedim ki, daim qulaqlara pıçıldayır və təkrar edirlər ki, seçkilər saxtalaşdırılacaq. Onlar şəraiti hazırlamaq istəyirdilər. Mən o zaman ölkə daxilində olan yaxşı dostlarımıza xəbərdarlıq etdim və dedim ki, düşmənin xalqın beyninə yeritmək istədiyi bu sözü deməyin. Xalq İslam Respublikası quruluşuna inanır. Bu inam asan əldə olunmayıb. İslam Respublikası quruluşu otuz ildir məmurları, əməlləri və çoxlu zəhmətləri ilə xalqın qəlbində bu inamı gücləndirə bilmişdir. Düşmən bu inamı alıb xalqı zəiflətmək istəyir.59


Bəzi namizədlərin etirazını görüb təşəbbüsü ələ almağa çalışmaq

Bəzi namizədlərin etirazını gördükdə gözlənilmədən onlar üçün fürsət yarandığını düşündülər və onu fövtə verməyib təşəbbüsü ələ almağa çalışdılar. Şənbə və bazar günlərindən sözləri dəyişildi, gözləri namizədlərin dəvəti ilə küçələrdə keçirilən bəzi toplantılara düşdükdə həvəsləndilər, yavaş-yavaş niqabları kənara çəkildi və həqiqi simaları görünməyə başladı. Bir neçə Avropa ölkəsinin və Amerikanın dövlət başçıları və bir neçə Xarici işlər naziri iç üzlərini göstərən sözlər danışdılar. ABŞ prezidentinin belə dediyi söyləndi: "Biz xalqın küçələrə çıxdığı belə bir günü gözləyirdik". Bir tərəfdən məktub yazıb əlaqələri bərpa etmək istədiklərini deyir və İslam Respublikasına hörmət bildirirlər, bir tərəfdən də bu sözləri danışırlar. Biz hansına inanaq?

Xarici qüvvələrin ölkə daxilindəki ünsürləri də işə girişdilər və küçə iğtişaşları başlandı; iğtişaş törətmək, yandırmaq, ümumi yerləri odlamaq, xalqın işlədiyi yerlərdə təhlükəsizliyi pozmaq, dükanların şüşələrini sındırmaq, bəzi mağazaların mallarını oğurlamaq, xalqın can və mal təhlükəsizliyini pozmaq. Bunun xalqa və namizədlərin tərəfdarlarına aidiyyəti yoxdur. Bunlar bədxah və muzdurlardır. Bu işlər Qərbin və sionizmin casus şəbəkələrinin muzdurlarının işidir. Daxildə bəziləri tərəfindən naşıcasına görülən bu iş onları tamahlandırdı. Elə bildilər ki, İran da Gürcüstandır. Bir neçə il öncə ABŞ sionistlərindən olan bir biznesmen KİV-də yayılan iddiasına görə on milyon dollar pul xərcləyib Gürcüstanda məxməri inqilab etdi, bir hökuməti devirib başqasını gətirdi. Axmaqlar elə bildilər ki, İslam Respublikası, İran və bu böyük xalq da ora kimidir. İranı hara ilə müqayisə edirsiniz?! Bizim düşmənlərimizin problemi budur ki, İran xalqını hələ də tanımırlar.60
Xatırlatmalar

İki cinah və iki qrup bir-birini qəzəbləndirməsin!

İki cinah və iki qrup bir-birini qəzəbləndirməsin; nə qələbə çalan namizədi sevənlər əks tərəfi qəzəbləndirib yaralasınlar, nə də səs qazanmayan namizədi sevənlər. Xeyr, sizin hamınızın müştərək bir cəhətiniz var və o da bu seçkilərdə və İslam quruluşunu müdafiə işində fəal iştirak etmənizdən ibarətdir. Dövrün imamını razı salan əsas məsələ budur.61


Qırx milyonluq səsi gözdən salmamaq

Bəzi xarici kanallar növbəyə durmuş insanları göstərdi. Bu, ölkə üçün fəxrdir. Biz bunu gözdən salmamalıyıq. Bu, xalqa məxsusdur. Hər iki tərəf – yəni həm seçilmiş namizədə səs verənlər, həm də başqa bir namizədə səs vermiş təxminən 14 milyon insan bu böyük qəhrəmanlığı birgə yaratdılar.62


İmamın son vəsiyyətlərini yada salmaq

Mən bu qardaşlara deyirəm ki, Allah-Taala qarşısındakı məsuliyyət barədə fikirləşin; Allah qarşısında məsuliyyət daşıyırsınız, sizdən soruşacaqlar. İmamın son vəsiyyətlərini xatırlayın; qanun son sözdür. Qanunu son söz bilin. Ümumiyyətlə seçkilər nə üçündür? Seçkilər onun üçündür ki, bütün ixtilaflar seçki qutularında həll olunsun. Xalqın nə istədiyi və nəyi istəmədiyi seçki qutularında bəlli olmalıdır, küçələrdə yox.63


Düşmənin əllərini görmək

Mən bu cənabların, bu qədim dost və qardaşların hamısına tövsiyə edirəm ki, özünüzə hakim olun, təmkinli olun, düşmənin əllərini, bu gün yavaş-yavaş diplomatiya niqabını da üzlərindən götürüb həqiqi simalarını göstərən və pusquda dayanmış ac canavarları görün. Bunları yaddan çıxarmayın.64


Xəbərdarlıqlar

1. Səhvin qarşısını almaq üçün sayıqlıq və ehtiyat

Mənim müraciətim siyasi adamlara, namizədlərə, partiya və cinah rəhbərlərinədir. Mən bu ağalara demək istəyirəm ki, bu gün ölkə üçün həssas və tarixi bir gündür. Dünyanın vəziyyətinə baxın. Orta Şərqin vəziyyətinə baxın. Dünyanın iqtisadi vəziyyətinə baxın. Bizim İraq, Əfqanıstan və Pakistan kimi qonşu ölkələrimizin vəziyyətinə baxın. Biz tarixin həssas bir nöqtəsində yerləşmişik. Bizim hamımızın vəzifəmiz budur ki, bu tarixi mərhələdə sayıq, diqqətli və ehtiyatlı olub səhvə yol verməyək.65


2. Küçə yürüşlərini dayandırmaq

Ümumiyyətlə seçkilər nə üçündür? Seçkilər onun üçündür ki, bütün ixtilaflar seçki qutularında həll olunsun. Xalqın nə istədiyi və nəyi istəmədiyi seçki qutularında bəlli olmalıdır, küçələrdə yox. Əgər hər bir seçkidən sonra uduzanlar küçələrdə düşərgə qursalar, tərəfdarlarını küçələrə çağırsalar, sonra udanlar da onlara cavab olaraq düşərgə qursalar və hamını küçəyə çıxarsalar, onda seçkilər nə üçün keçirilir? Xalqın təqsiri nədir?! Küçə xalqın iş-güc yeridir, get-gəl etdiyi yerdir, yaşadığı yerdir. Bu xalq nə günah etmişdir ki, biz öz tərəfdarlarımızı onlara göstərməyə çalışaq; o tərəfdə bir cür, bu tərəfdə bir cür?! Zərbə vurmaqdan ötrü aramıza girən terrorçu şəxs üçün siyasi məsələ mühüm deyil. Onun üçün yürüş edən, yaxud mitinq keçirən bu xalqın arasında gizlənməkdən daha yaxşı nə ola bilər?! Əgər bu toplantılar ona imkan yaradırsa, bunun məsuliyyəti kimin üzərinə düşür? Bu hadisələrdə adi camaatdan və Bəsicdən ödürülən bu bir neçə nəfərin cavabını kim verməlidir? Küçədə qarışıqlıqdan istifadə edirlər, Bəsici terror edirlər, polisi terror edirlər; hər halda bunlar bir reaksiyaya səbəb olacaq və bu reaksiya emosional olacaq. Bu reaksiyalar barədə kim düşünməlidir? Bəzi hadisələrə görə insanın bağrı qan olur. Universitet məhəlləsinə gedib gənc tələbələrə, özü də çaxnaşma yaradan yox, mömin və hizbullahçı tələbələrə hücum edir, eyni zamanda rəhbərin lehinə şüar verirlər. Bu hadisələrə görə insanın bağrı qan olur. Seçkilərdən sonra küçədə güc sınamaq düzgün deyil. Bu, seçkilərin və demokratiyanın özünə ziddir.

Mən hamıdan bu işə son qoymalarını istəyirəm. Bu düzgün üsul deyil. Əgər son qoymasalar, o zaman onun nəticələrinin və hərc-mərcliyinin məsuliyyəti onların üzərinə düşəcək.

Bəzi qüvvələr elə bilirlər ki, küçələrə çıxmaqla quruluşun əleyhinə təzyiq rıçaqı düzəldib öz istəklərini qəbul etdirəcəklər. Xeyr, bu da səhvdir. Əvvəla, təzyiq altında qanunsuz tələblərlə razılaşmağın özü diktaturanın başlanmasıdır. Bu, yanlış və səhv proqnozdur. Əgər onun acı nəticələri olsa, birbaşa səhnə arxasında duran komandirlərə yönələcək. Əgər lazım olsa, xalq onları da tanıyacaq.66


Çıxış yolu: Qanuni yolla araşdırmaq

Nəzarət şurasına təkidlə tapşırılıb ki, bu məktubu diqqətlə araşdırsınlar.

Sizin xislətiniz belə şəxslərlə fərqlidir; işləri təmkinlə və sakit şəkildə davam etdirməniz lazımdır.

Allahın köməyi ilə seçkilər güclü, düzgün və çox sabit şəkildə keçdi. Siz də nəzərdə tutduğunuz məsələləri qanuni yolla araşdırın.67

Burada qeyd olunduğu kimi, kimlərsə seçkilərdə müxtəlif prosedurlara dair nöqsan və etirazlar qeyd edə bilərlər. Bunun qanuni yolları vardır. Bunlar mütləq araşdırılmalıdır. Cənablar bəzi nümunələri qeyd etdilər. Mən Ölkə nazirliyində və həmçinin Nəzarət şurasında çalışan şəxslərdən istəyirəm ki, bu nümunələri dəqiq araşdırsınlar. Əgər bəzi nöqsanlar hansısa qutuların yenidən sayılmasını tələb etsə, eybi yoxdur. İndi bir nümunəni cənablar dedilər; o şəxs deyib ki, filan namizədin səsi bu qədərdir, sayanda isə başqa rəqəm elan olunub. Çox gözəl, eybi yoxdur, nöqsanlı qutuları, yaxud təsadüfi şəkildə bəzi qutuları yenidən saysınlar. Namizədlərin nümayəndələri də iştirak etsinlər və hamı üçün tam inam yaransın.

Sizin hamınız yüksək vəzifələrdə çalışırsınız, çalışmısınız və mənim adətimi bilirsiniz. Mənim özüm bütün seçkilər kimi bu seçkilərdə də ölkə məmurlarına - Ölkə nazirliyinə və Nəzarət şurasına etimad etdim. Bilirsiniz ki, bəzi məsələlərdə məmurların fikir ayrılığı var, lakin mən tanıdığım və iş üsulunu bildiyim məmura etimad edirəm. Bu dəfə də belədir. Lakin mənim bu etimadım səbəb olmur ki, kimlər üçünsə yaranmış şübhə araşdırılmasın və həqiqət aşkara çıxmasın. Xeyr, şübhələri ortadan qaldırın, lakin hər şeydən əhəmiyyətli olan budur ki, hamınız milli birliyi qorumağa çalışın; hər kəs öz vəzifəsinə uyğun şəkildə.68

İslam Respublikası xalqın səsinə xəyanət etməz. Bizim ölkəmizdə seçki qanunları saxtakarlığa imkan vermir. Seçki işlərində çalışan və bu məsələlərdən xəbərdar olan hər bir kəs bunu təsdiq edər; özü də on bir milyon səs həddində. İki tərəf arasında yüz min, beş yüz min, bir milyon səs fərqi olsa, hansısa yolla saxtakarlıq edilməsi və səslərin yerdəyişməsi ehtimal oluna bilər. Bəs on bir milyonu necə saxtalaşdırmaq olar?! Eyni zamanda mən bunu dedim və möhtərəm Nəzarət şurası da qəbul edir ki, kimin şübhəsi varsa və sənəd göstərirsə, mütləq araşdırmaq lazımdır; sözsüz ki, qanuni yollarla. Yalnız qanuni yollarla araşdırma aparılmalıdır. Mən qanunsuz bidətlərə təslim olmayacağam. Əgər bu gün qanuni çərçivələr sındırılsa, gələcəkdə heç bir seçki təhlükəsiz olmayacaq. Hər halda, hər bir seçkidə bəziləri udur, bəziləri isə uduzur. Belə olsa, daha heç bir seçki mötəbər sayılmayacaq. Odur ki, hər şeylə məşğul olsunlar, işlər görülsün, qanuni prosedurlar həyata keçirilsin. Əgər həqiqətən şübhə varsa, qanuni yollarla araşdırılsın. Bu sahədə qanunlarda heç bir nöqsan yoxdur. Necə ki, namizədlərin nəzarət və şikayət hüququ təmin olundu və uyğun məsələlər də araşdırılacaq. Mən möhtərəm Nəzarət şurasından istədim ki, əgər haradasa seçki qutularını yenidən saymaq lazım olsa, namizədlərin nümayəndələrinin iştirakı ilə bu işi görsünlər. Özləri orada olsunlar, saysınlar, qeyd etsinlər və imzalasınlar.

Qanun son sözdür; onu son söz bilin.

Bəzi qüvvələr elə bilirlər ki, küçələrə çıxmaqla quruluşun əleyhinə təzyiq rıçaqı düzəldib öz istəklərini qəbul etdirəcəklər. Xeyr, bu da səhvdir. Əvvəla, təzyiq altında qanunsuz tələblərlə razılaşmağın özü diktaturanın başlanmasıdır. Bu, yanlış və səhv proqnozdur. Əgər onun acı nəticələri olsa, birbaşa səhnə arxasında duran komandirlərə yönələcək. Əgər lazım olsa, xalq onları da tanıyacaq.

Mən bu dostların, bu qardaşların hamısından istəyirəm ki, qardaş olsunlar, anlaşsınlar, qanuna riayət etsinlər. Qanun yolu açıqdır, məhəbbət və səmimiyyət yolu açıqdır. Bu yolla gedin. Ümidvaram Allah-Taala bu yolla getmək üçün hamıya kömək edəcək. Bəli, hamı ölkənin inkişafını istəyir. Bu qardaşlar qırx milyonluq qələbə bayramını qeyd etsinlər və düşmənin bu bayramı pozmasına qoymasınlar. Düşmən bunu pozmaq istəyir. Əgər başqa yol seçsələr, onda mən yenə gələcək və xalqla bundan da açıq danışacağam.69




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə