36
İz salın Murovun ağ zirvəsinə,
hay verin Boz qurdun haray səsinə.
Hələ çox fırlanar dünya tərsinə,
yeriyin, yeriyin düşmən üstünə.
Əzin düşmənləri, əzin, yeriyin,
üzün başlarını, üzün, yeriyin.
Yarı qırılsaq da dözün, yeriyin,
yeriyin, yeriyin düşmən üstünə,
yeriyin, yeriyin düşmən üstünə.
KİM İDİN, KİM OLDUN
Sən əvvəllər bir səmimi insan idin,
ara-sıra ətrafını anlayırdın,
doğmaların möhnətini çəkərdin.
Böyüdükcə manqurtlaşdın, xəbisləşdin,
pullandıqca harınladın, xəsisləşdin,
anlaşılmaz bir varlığa çevrildin.
Sən gözümdə bar-bəhərli,
sıx kölgəli ağac idin.
Quruluqdan, təkəbbürdən
xəzəl olub töküldün.
Sən könlümdə bir möhtəşəm
məbəd idin, inanc idin.
Nadanlığa qurşanandan
kərpic-kərpic söküldün!
37
BÜTLƏR, HEYKƏLLƏR
Eramızdan əvvəlki zamanda,
yeni din formalaşanda
İbrahim peyğəmbər
bütləri sındırıb dağıtdı.
XX əsrin sonunda,
Sovetlər Birliyi çökəndə,
kütlə Marksın, Leninin
heykəllərini söküb yıxdı.
III minilliyin astanasında
yeni inqilablar dövrü başlandı.
Qarışdı ölkələr
bir-birinə.
Ehtirası qızışanlar getdilər
bir az da dərinə.
Başlandı çevrilişlər,
devrilmələr, edamlar.
Sanki bir neçə ilin içərisində
ayıldılar, coşdular,
dəyişdilər adamlar.
Dağıdıldı nə qədər qəsəbələr, şəhərlər,
axıdıldı günahsız qanlar.
İranda Rza şahı,
Əfqanıstanda Nəcibullanı,
İraqda Səddamı,
Liviyada Kəddafini
qovdular, asdılar,
güllələdilər
ehtirasları soyuq ağıllarını
üstələyən insanlar.
Misirdə Hüsnü Mübarəkə
Suriyada Bəşər Əsədə
hələ də
diş qıcayır ölüm kabusu.
38
(Deyirlər yaman əl-ayağa düşüblər
bu cür başçıların hamısı).
Əsəbləri coşmuş insanlar
vurub sındırırlar
onların ölkəsini basmış
saysız heykəllərini.
İfşa edirlər kütlə əleyhinə olan
əndazəsiz əməllərini.
Peyğəmbərlərdən, bəşər tarixinə
adlarını yazmış dahilərdən
artıq insanlardımı onlar?
Az qalır hər parkda, küçədə,
məktəbdə, bağçada
özlərinə heykəl qoydursunlar.
İndi də Çində, Koreyada,
Vyetnamda, Rusiyada
bu hərəkat başlanıb daha.
Deyəsən sivilizasiyanın III minilliyində
büsbütün dünya demokratiya ilə
getmək istəyir sabaha.
Təki, zor gücünə açılmasın
demokratiyanın qapısı.
Təki, bu yolla gedə bilsin
dünya ölkələrinin hamısı.
Diktatorlara, krallara, tayfabazlara
"yox" deməyə başlayıb əksər ölkələr.
Deyəsən, axı yaxınlaşmaqda olan o gün
tezliklə gələr.
Daha düzünü isə Allah bilər.
39
DÖRDLÜKLƏR
Ömrün rahat anı şirindir, ancaq
azmanlar həmişə çətin yol seçir.
İnsan var bir xalqı çəkir dalınca,
insan var həyatı yedəkdə keçir.
***
Mənə ürəyimin diktəsi yetər,
kimə bacarmışam, əl uzatmışam.
Arzuya çatmağın özü bir zəfər,
mən çox istəyimə bu cür çatmışam.
***
Kim ömrünün mənasını nədə görür,
kim həyata ağlı ilə baxa bilir?
Kim əməli, hünəriylə zirvələşir,
kim yaşının olinpinə qalxa bilir.
***
Pisin təxəyyülü, xisləti xəstə,
pis imkan düşdükcə pisə meyl edir.
Dünya yaxşıların əlləri üstə,
el də yaxşıların dalınca gedir.
***
Torpaqdı, günəşdi, havadı, sudu,
dirilik dediyin o hikmət budu.
Biri çatışmasa bunlardan, fəqət
məhv olar hər şeyə qadir təbiət.
***
Ah, neçə gözəlçün alışdım, yandım,
nə qədər macəra yaşadı könlüm.
Hansını sevdimsə ürəkdən sevdim,
onun möhnətini daşıdı könlüm.
***
Bir vaxt gözəllərə ithaf yazırdım,
bitib tükənmirdi söhbətim, sözüm.
O zaman özümçün gözəl gəzirdim,
indi gözəl gəlin axtarır gözüm.
40
***
Yazın nəfəsiylə təbiət yenə
halını dəyişmiş, nəbatat şişmiş.
Həzrəti İsa da yəqin bu yolla
müqəddəs Məryəmin bətninə düşmüş.
***
Nə gözəl məkandı bu Yer kürrəsi,
nə şirin zamandı yazın gəlişi.
Yazda yer üzünə zinət verməkdi
bəlkə Yaradanın ən zərif işi.
***
Elə ki, təbiət oyanır nazla,
bülbül nəğmə qoşur gülə avazla.
Mənə elə gəlir tək nəbatat yox,
Adəmlə Həvva da yaranıb yazda.
***
Nazlı təbiətin min rəngidir yaz,
min gülün, çiçəyin çələngidir yaz.
Hər yerdə, hər zatda bir şux oyanış,
dünyanın zəriflik ahəngidir yaz.
***
Bu dağlar cənnətin özüdü bəlkə,
gül-çiçək sehrli sözüdü bəlkə?
Adəm bu yerlərdən qovulan gündən
çeşmələr ağlayan gözüdü bəlkə?
***
Azacıq imkanın varsa, özündə
güc tap, imkansıza pənah yeri ol.
Tərəzi dediyin xalqın gözündə
səxavət yiyəsi, el sərvəri ol.
***
Bu qədər qohumu, doğmanı, dostu
necə eyləyəsən səfnəzər, Allah?
Dostun nanəcibi tez unudular,
doğmanın pisindən əlhəzər, Allah.
Dostları ilə paylaş: |