Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə6/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   2   3   4   5   6   7   8   9   ...   78

 
20
ŞEİRİM 
 
İçimdən püskürən vulkan kimidir
çəkir batinimi zahirə şeirim. 
Gizlində yaranır, xəlvətcə gəlir 
təp-təzə, yep-yeni, bakirə şeirim. 
 
O da yaranışdır Tanrı yanında, 
canlıdır, yaşadır sözü canında. 
Ruhuma güc verir yoldaş olanda 
kamilə, arifə, mahirə şeirim. 
 
İşıq sürətlidir, xəyal adında, 
dolanır Meracı göz qırpımında. 
Çox vaxt qılınc kimi susar qınında, 
dönər hərdən qorxunc bir şirə şeirim. 
 
Dözməz qabağında nə ah, nə aman 
xoş duyğu alınca gedəndə güman. 
Bir gözəl misrası yaranan zaman 
sığışmır nə göyə, nə yerə şeirim. 
 
Məndən qabaqdadır xeyirdə, şərdə, 
şərikdir sevincə, ortaqdı dərdə. 
Oxunur, deyilir, gör, neçə yerdə 
qoşulur gündə bir tədbirə şeirim. 
 
Nə boş tərif deyər, nə bir mədhiyyə
satılmaz şöhrətə, ummaz hədiyyə. 
Əllərim həmd ilə açılar göyə 
yığanda dostları bir yerə şeirim. 
 
Gah tədbir tökəndir, gah uzaqgörən, 
gah çiçək bitirən, gah çələng hörən. 
Hələ Yaradandan möhlət var ikən 
söz qoşur yüz nazlı dilbərə şeirim. 


 
21 
 
Çətin bundan sonra usana, susa, 
gəzsin şeirimdə, kim məni arasa. 
Sağam sirdaşımdı, məndən sonrasa 
qalacaq elimə xatirə şeirim. 
 
Beləcə uzanır açdığım cığır, 
hər yeni duyğumdan bir misra doğur. 
Bu cür vurğunluqla məni də axır 
döndərdi deyəsən şairə şeirim. 
 
 
 
NİKBİNLİK 
 
Mən çox nikbin bir insanam, çox mətin insan
hələ neçə ər doğacaq mərd Azərbaycan. 
Mən aləmə haqq səsimi qaldıracağam, 
sabahımın Xətaisi doğulan zaman. 
 
Bəşər daim inkişafda, yeniləşmədə, 
mən tarixə həm dərs deyib, həm dərs almışam. 
Məni heç vaxt qorxutmayıb iğtişaş, hədə, 
uduzduğum anlarda da məğrur olmuşam. 
 
Zaman gələr, ağlar gözüm kiriyər, gülər, 
torpağımın hər qarışı səngərə dönər. 
Nə qədər ki, içimizdə yurd yanğısı var, 
Xətailər çadırda da doğula bilər. 
 
 
 
 
 
 
 


 
22
ŞAİRLİK 
 
Ürək bir ümmandır, duyğu bir sona, 
şair şeirin qulu, şeirin dəlisi. 
Ən əziz qadından əzizdir ona 
gözəllər gözəli –  İlham pərisi. 
 
Şairlik çox böyük zəhmət meydanı, 
şairlik nə bəylik, nə köləlikdir. 
Şairlər dünyanın söz yaradanı, 
şairlik şeirə hamiləlikdir. 
 
Şeirin də anası şairdir, əlbət 
o ağrı çəkməsə, şeir doğulmaz! 
Ömrünü şeirinə qıysa da, fəqət 
şeirin möhnətindən bir yol yorulmaz! 
 
Könüllər oxşayar, məclislər bəzər, 
söz-söz, misra-misra yığılan şeir. 
Ana bətnindəki körpəyə bənzər
şairin qəlbində doğulan şeir. 
 
Şeiri hər şairin öz balasıdır, 
istər güclü olsun, təpərli olsun. 
Hər misra şairin söz balasıdır, 
təki söz mülkündə hünərli olsun. 
 
Ürəyi dəyirman daşı kimidir, 
içində söz dəni üyütməlidir. 
Şair də hamilə qadın kimidir, 
şeirini qanıyla böyütməlidir. 
 
Şair vəsf eyləyən, şair yaradan, 
yazdığı hər əsər lələ bərabər. 
Ən böyük diqqətə, ən yüksək ada 
onun da haqqı var, bir ana qədər. 


 
23 
YA QİSMƏT 
 
Qəlbimizdə sonsuz arzu, həvəs var, 
başımızda yüz qəzavət, ya qismət. 
Bəxt bu yolda gah oyanar, gah yatar, 
kimə qoyar qədir-qiymət, ya qismət? 
 
Zaman-zaman təbiətin hikməti 
bizə növ-növ şirin, acı öyrətdi. 
Nə qədərdi yaxşı-pisin qiyməti, 
harda hörmət, harda töhmət, ya qismət?  
 
Ey acların loxmasına göz dikən, 
bostançının çiyinində tağ əkən, 
sənə qalmaz, kimin olar görəsən, 
topladığın bu qənimət, ya qismət? 
 
Hansı həris həvəsindən usanmış, 
hansı xəbis əməlindən utanmış? 
İnsanlığa qənim elə insanmış, 
kimi tutar bu bəd xislət, ya qismət? 
 
Azaltdıqca istisini od-ocaq, 
Vətən gülü güllüyündə solacaq. 
Haçanacan dərd olaraq qalacaq 
tapdaq torpaq, namus, qeyrət, ya qismət? 
 
Boş buraxdıq neçə ciddi söhbəti, 
əvəzində gördük zülmü, zilləti. 
Kim aldatdı, kim sındırdı milləti, 
açılarmı bu həqiqət, ya qismət? 
 
Sözün də öz hikməti, öz gücü var, 
əsrlərin min sirrini daşıyar. 
Neçə dildə, neçə eldə yaşayar
yazdığım dörd-beş hekayət, ya qismət? 


 
24
ARZUDUR 
 
El-obanın şənliyində 
bülbültək ötmək arzudur. 
Doğma, əziz insanların 
əlindən öpmək arzudur. 
 
İstək gərək qəlbdən gələ, 
axa gözdən gilə-gilə. 
Könül verib bir gözələ, 
yolunda ölmək arzudur. 
 
Saz oynadan ozanların, 
söz yaradan yazarların, 
aqillərin, azmanların 
dalınca getmək arzudur. 
 
Alqış qədirbilənlərə, 
müdriklərə, ərənlərə. 
Ömürdən pay verənlərə 
can qurban etmək arzudur. 
 
Gəz səxavət meydanında, 
yaxşılıq yaşat canında. 
Fəxrəddin, çətin anında 
dostlara kömək arzudur. 
 
 
 
GÖZƏLLİK 
 
Günüm gözəllərin vəsfində keçər, 
şeirimdə dilimin söz gözəlliyi. 
Ürəyim sevməyə bir sənəm seçər, 
gözümdə dünyanın yüz gözəlliyi. 
 
Gözəllik məst edir, bizi nə gözəl
tükənmir qəmzəsi, nazı, nə gözəl. 
Ömrün qışı nə xoş, yazı nə gözəl, 
hər fəslin, hər ayın öz gözəlliyi. 


 
25 
Yenə gül qoxuyur çölün nəfəsi, 
çiçəyin şəbnəmi, bülbülün səsi. 
Qoy öpsün üzündən düzün laləsi, 
əyilib ahəstə üz gözəlliyi. 
 
Ürək də bir gözdür, göz də bir ürək, 
baxışdan odlanaq, duyğudan ölək. 
Tökülsün bəbəyi, kor olsun gərək, 
heyrətlə görməsə göz gözəlliyi. 
 
Yandırıb-yaxmaqmış gözəldə adət, 
bu da bir peşəymiş, bu da bir sənət. 
Nə ayrı aləmmiş, nə incə vəhdət
bədən gözəlliyi, üz gözəlliyi. 
 
Fəxrəddin, bu nə ah, bu nə sızaqdı, 
gözəllər gözünün giləsin sağdı. 
Guya ki, baxmaqla nə olacaqdı, 
ha durub qıraqdan süz gözəlliyi. 
 
 
 
ŞEİR DÜNYASI 
 
Şeir düşüncənin şəhd-şirəsidir, 
sözünü aləmlə bölməyə gələr. 
Cücərər bir zərif hissin ucunda, 
ən incə məqamda köməyə gələr. 
 
O, Quran dilidir, sən inan şeirə, 
baxma adi gözlə heç zaman şeirə. 
Ötəri həvəsdən yaranan şeirə 
bişmiş toyuğun da gülməyi gələr. 
 
Yaz sözü onda ki, misraya gəlsə, 
dilin səlis olsun, yolun düz, kəsə. 
Nadan sözü söztək anlaya bilsə, 
bir yol xəcalətdən ölməyi gələr. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə