Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə11/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

 
45 
BAYATILAR 
 
Dolmuşam yaşa sənsiz, 
olmadım, haşa, sənsiz. 
Mən ömrü yaşamadım, 
yetirdim başa sənsiz. 
 
Uzun ömürdən öncə 
xoş, sağlam vaxtın olsun. 
Qızıl taxtın olunca, 
qızıldan baxtın olsun. 
 
Qarabağda dağım var, 
barı acı bağım var. 
Bir yerdən köməyim yox, 
beş yerdə ortağım var. 
 
Dağlar sıra düzülsün, 
çeşmələri süzülsün. 
Nadan qohum, nankor dost 
əlim sizdən üzülsün. 
 
El yatıb, gecə yarı, 
gözlərəm gecə yarı. 
Yar yarından kam alar 
görüşsə gecəyarı. 
 
Məst olandan səsindən, 
uçuram həvəsimdən. 
Kaş bir yol qızınaydım 
yarın gül nəfəsindən. 
 
Sevil, gəl xoşa mənsiz, 
gəz, dolan qoşa, mənsiz. 
Mən sənsiz gün görmədim, 
barı sən yaşa mənsiz. 


 
46
Ay ömrümün bəzəyi,  
a könlümün istəyi. 
Mənim gözümdə sənsən 
yer üzünün mələyi. 
 
Bu nə istəkdi, Allah, 
düşmüşəm bəlasına? 
Gündə qurban gedirəm 
balamın balasına. 
 
Güldüm mərdi-məzara, 
düşdüm dərdə, azara. 
Odur ki, inanıram 
daha gözə, nəzərə. 
 
Hər gülü dərmək olmaz, 
hər daşı hörmək olmaz. 
Qəlbdəki qəm yüzünü 
duymasan, görmək olmaz. 
 
Yol qırağı daş gərək, 
daş daşa yoldaş gərək. 
Yaman gündə, xoş gündə 
insana qardaş gərək. 
 
Dərdim sənsən, davam sən, 
suyum sənsən, havam sən. 
Özün yurd, adın Vətən, 
əvvəl-axır yuvam sən. 
 
Ruhunla köç babam, sən, 
sön, buza dön soban, sən. 
Düşmənə yurd olunca, 
dağılaydın obam, sən. 
 
Yad yerdə gəzmək olmur
ümidi üzmək olmur. 
Köçgünəm, didərginəm, 
Vətənsiz dözmək olmur. 


 
47 
Qara il yaman gəldi, 
vermədi aman gəldi. 
Söndü ümid çırağım, 
nə ağır zaman gəldi. 
 
Ağlayır söz ağrıdan, 
tutulur göz ağrıdan. 
Qarabağın ağrısı 
ağırdır yüz ağrıdan. 
 
Bir yaralı quşam, hey, 
yad yerə qonmuşam, hey. 
Qərib könlüm qan ağlar 
Ağdamım hey, Şuşam hey! 
 
Arzum puç oldu, neynim, 
ömrüm heç oldu, neynim? 
Yurdum düşmənə qaldı, 
işim köç oldu, neynim? 
 
Var yüz dərdə əlacın 
şəkərdən şirin bacım. 
Qardaş gözüm işığı, 
atadır təxti-tacım. 
 
Əzizim ata yeri, 
sinəm yol, ata,  yeri. 
Yığılsa küllü –  aləm 
verməz bir ata yeri. 
 
Mən aşiq nərdivanə, 
nər deyil hər divanə. 
İmkan düşüb namərdə, 
qalıb yüz nər divanə. 
 
Qardaşın adı yaxşı, 
adının dadı yaxşı. 
Yüz dost-düşmən içində 
yenə də odu yaxşı. 


 
48
Əzizim qara bağlar, 
ağ dağlar, qara bağlar. 
Qarabağ qan içində
dörd yanı qara bağlar. 
 
Dağlar, daşlar qan ağlar, 
üfüq yanar, dan ağlar. 
Qarabağın dərdinə, 
gör, neçə ünvan ağlar. 
 
Dərddən saç yolan Vətən, 
sinəsi talan Vətən. 
Fərsiz övladlarıyla 
könəksiz qalan Vətən. 
 
Vətən gəldi, 
arzu, xəyal tən gəldi. 
Yuxumda qüdrətə bax, 
içində Vətən gəldi. 
 
Qüssə yedim, qəm çəkdim, 
gör, necə sitəm çəkdim. 
İçin-için ağladım 
gözüm altı nəm çəkdi. 
 
Qara il yaman gəldi, 
vermədi aman, gəldi. 
Söndü ümid çırağım 
nə ağır zaman gəldi? 
 
Susma, a könlüm, dillən, 
sellən, göz yaşım, sellən. 
Yurd tapdaq, mən didərgin
bilmirəm necə ölləm! 
 
Gün keçdi, ay dolandı, 
sel gəldi çay bulandı. 
Gözün gözümə baxdı, 
başıma yer dolandı. 


 
49 
 
Nə çoxmuş yolun azan, 
nə çoxmuş qəbir qazan. 
Nə yaxşı ki, ən böyük  
hökmü zamandı yazan! 
 
Canım, ay Baxşı ata, 
yaxşı bax yaxşı ata. 
Hansı insafsız vurar 
qamçını yaxşı ata? 
 
Açılmaz könlüm sənsiz, 
alışar dilim sənsiz. 
Getmisən can üstəyəm, 
deyirsən ölüm sənsiz? 
 
Öləcəyəm deyəsən, 
ölsəm, qara geysən. 
Oğlu şəhid anaya 
nə söz tapıb deyəsən? 
 
Torpağın yarı Günəş, 
yarı Ay, yarı Günəş. 
Yarın başına dönür, 
barı sən yarı, Günəş! 
 
Mən aşiq baxmaq ilə, 
könülsüz baxma gülə. 
Gözəllik dediyindən 
doymazsan baxmaq ilə. 
 


 
50
QƏHRƏMANLAR LAYLASI 
 
Qara bağlama, Vətən, 
qalx, yas saxlama, Vətən. 
Sonuncu oğlun ölsə, 
yenə ağlama, Vətən. 
 
Sən əmanət qal, Vətən, 
sağ-salamat qal, Vətən. 
Gözümüz yumulunca 
bizə layla çal, Vətən. 
 
Dostum, sirdaşım, neynək, 
bacım, qardaşım, neynək? 
Vətən daşı hələ ki, 
olur başdaşım, neynək? 
 
Dövrən dağ olsun, Vətən, 
içi bağ olsun, Vətən. 
Oğul dar gün üçündür
başın sağ olsun, Vətən. 
 
Vətən gülzarım olsun, 
dağ-daş güzarım olsun. 
Bu yurd evim olmadı, 
barı məzarım olsun! 
 
Vətən möhtəşəm saray, 
uçur, dağılır, haray! 
Biz ölümdən qorxmuruq, 
yurd yiyəsiz qalsa, vay! 
 
Döyüşdə ölsək, nə qəm, 
bayrağın olsun kəfən. 
Biz cihad eylədik ki, 
üzün ağ olsun,Vətən! 
 
Uyu, qardaşım, uyu, 
ər silahdaşım, uyu. 
Yenilməzliyin səni  
yaşadar tarix boyu! 


 
51 
SOYUQ TƏNDİRLƏRƏ ÇÖRƏK YAPILMAZ 
 
Nəfsin istəyinə uymayın
Məhəmməd peyğəmbər (s.a və a.s.) 
 
Çılğınlıq cahillik əlamətidir, 
ağlı yetkin olan hissə qapılmaz. 
Fərhadın dastanı bir əfsanədir
külüng zərbəsiylə qaya çapılmaz. 
 
Qəribə bir xislət var canımızda, 
gücü axtarırıq ad-sanımızda. 
Rəqib baş kəssə də dörd yanımızda, 
bizə toxunmasa, düşmən sayılmaz. 
 
Yaman öyrəşmişik alqı-satqıya, 
əhsən bu hərraca, bu soyhasoya. 
Ola, bu ağalar dayana, doya, 
anlaya ləyaqət, Vətən satılmaz. 
 
Torpağı verdik ya satdıq, nə fərqi, 
yadlara qoyduq, ya atdıq, nə fərqi, 
Biganə qaldıq ya yatdıq, nə fərqi, 
qəflət yuxusuna gedən ayılmaz. 
 
Bu xalqın nəyi var, dağıdın, sökün, 
Bakı özünüzün, yenidən tikin. 
Yola, dənizə də bir çəpər çəkin, 
hələ ki, sizə “yox” deyən tapılmaz. 
 
Ayrılın, ayrılsın bazarınız da, 
eviniz, işiniz, məzarınız da. 
Ayrıdır ağrınız, azarınız da, 
onsuz qanınıza bir qan qatılmaz. 
 
Dərd ki, ovunmadı əhli-hal ilə, 
keçər gün-güzəran qeylü-qal ilə. 
Qayıtmaz Qarabağ bu minval ilə, 
soyuq təndirlərə çörək yapılmaz. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə