ərinin qolundan tutub atdan düşürdü. Tanabay Caydarın çiyinlərini qucaqladı.
Caydar da onun döşünə qısıldı və onlar ağladılar, hər ikisi uşaq kimi
ağladı.
– Basdırdıq Çoronu, Caydar. Daha Çoro yoxdur, Caydar. Mənim Çorom yoxdur!
Sonra Tanabay alaçığın qabağındakı bir daşın üstündə oturdu. O, tək
olmaq istəyirdi, diş-diş qarlı dağların dalından çıxan aya təklikdə tamaşa
eləmək istəyirdi. İçəridə Caydar uşaqları yatırırdı. Alaçıqda ocaq
yanırdı, odunların çıltısı eşidilirdi. Sonra dəmir komuzun ürək yandıran
naləsi qalxdı. Sanki, haradasa külək əsirdi – külək fəryad qoparırdı. Sanki,
bir insan nalə çəkib çöllər boyu qaçırdı, çöllər susurdu və öz dərdli səsi
ilə insan dağı-daşı ağladırdı. Sanki, bu kimsəsiz çöllərdə o səs haray
çəkib dərdini deməyə bir insan axtarırdı, lakin hər yan bomboş idi, o
ağladıqca özü öz səsini eşidirdi. Caydar dəmir komuzu ağladırdı. Tanabay üçün
“Qoca ovçunun mahnısı”nı çalırdı.
Səni mən öldürdüm, oğlum Qaraqul,
Dünyada tək qaldım, oğlum Qaraqul.
Baxtım tora düşdü, oğlum Qaraqul,
Yaman dara
düşdüm, oğlum Qaraqul.
Sənə ovçuluğu, oğlum Qaraqul,
Mən niyə öyrətdim, oğlum Qaraqul.
Niyə qırıb tökdün, oğlum Qaraqul,
Ceyranı, cüyürü, oğlum Qaraqul.
Sən niyə məhv etdin, oğlum Qaraqul,
Dilsiz heyvanları, oğlum Qaraqul.
Dünyada tək qaldım, oğlum Qaraqul,
Heç kəs bu dünyada, oğlum Qaraqul,
Səsimə səs
vermir, oğlum Qaraqul,
Səni mən öldürdüm, oğlum Qaraqul,
Əlimlə öldürdüm, oğlum Qaraqul...
...Tanabay alaçığın qabağında oturub bu qədim qırğız ağısına
qulaq asırdı. Zülmətdən don geymiş dilsiz dağlar dalından ay çıxırdı. Qarlı
şiş təpələr, uca nəhəng qayalar ay işığına qərq olmuşdu. Dağlara baxa-
baxa Tanabay yenə də öz mərhum dostundan halallıq istəyirdi.
Caydarsa alaçıqda dəmir komuzun dili ilə böyük ovçu Qaraqula ağı deyirdi:
Səni mən
öldürdüm, oğlum Qaraqul,
Dünyada tək qaldım, oğlum Qaraqul...
23
Dan yeri sökülürdü. Tanabay tonqalın qırağında can verməkdə olan atın başı
üstündə
əyləşib sonrakı əhvalatları xatırlayırdı.
Heç kəsin xəbəri yox idi ki, Çoronun dəfnindən bir neçə gün sonra Tanabay
vilayət mərkəzinə getmişdi. Bu,
onun son təşəbbüsü idi. O, bir vaxt müşavirədə nitqini eşitdiyi obkom
katibini görmək istəyirdi, ona öz dərdini danışmaq istəyirdi – Tanabay əmin
idi
ki, bu adam onu başa düşəcək, ona kömək eləyəcəkdi. Çoro da bu adamın
yaxşılığından danışırdı, onu başqaları da tərifləyirdilər. Ancaq Tanabay
katibin başqa bir vilayətə göndərildiyindən xəbərsiz idi. Bunu o, vilayət
komitəsində eşitdi.
– Siz bunu bilmirdiniz?
– Yox.
Qəbul otağında oturmuş
qadın bu qısa sual-cavabdan sonra dedi:
– Əgər çox vacib işiniz varsa, mən bunu təzə katibə xəbər verə bilərəm. Bəlkə
qəbul eləyə.
Tanabay:
– Sağ olun,
– dedi, – lazım deyil. Mən elə-belə gəlmişdim – şəxsi iş üçün. Mən əvvəlki
katibi tanıyırdım, o da məni tanıyırdı. Daha narahat eləməyə dəyməz.
Bağışlayın, sağ olun.
Qəbul otağından çıxanda Tanabay keçmiş katibi tanımağına ürəkdən əmin idi və
inanırdı ki, katib də onu – çoban Tanabay Bakasovu
şəxsən tanıyırdı. Axı, belə şey niyə də olmasın? Onlar bir-birini tanıya da
bilərdilər, bir-birinin hörmətini istəyə də bilərdilər. Buna Tanabay
inanırdı və məhz inandığına görə də, o, qəbul otağındakı qadına belə dedi.
Tanabay vilayət komitəsindən çıxıb avtobus vağzalına sarı yollandı. Pivə
dükanının qabağında iki fəhlə boş çəlləkləri maşına qaldırırdı. Fəhlələrin
biri yuxarıda durmuşdu, o biri fəhlə aşağıdan çəlləkləri diyirlədirdi və
necə oldusa o, təsadüfən başını qaldırıb Tanabayı gördü. Bu adam Bektay idi.
O, döşünü çəlləyə dirəyib, kinli-kinli Tanabaya sarı baxır, onun nə
deyəcəyini gözləyirdi.
Yuxarıdakı fəhlə qışqırdı:
– Ə, nə olub sənə? Yatmısan, nədir?
Çəllək aşağı sürüşdü və onun ağırlığı altında beli bükülmüş Bektay
yenə gözünü Tanabaydan ayırmadı. Ancaq Tanabay onu dindirmədi. “Deməli, gəlib
bura çıxmısan. Pivə dükanına soxulmusan. Əhsən, əhsən... Özünə yaxşı
yer tapmısan”. Belə düşünə-düşünə Tanabay ayaq saxlamadan yoluna davam elədi.
Sonra addımını yavaşıtdı. “Cavan oğlandır. Hayıfım gəlir. Yaxşı adam
ola bilərdi. Bəlkə, dayanım? Bəlkə, söhbət eləyim?” Tanabay geri dönmək
istədi. O, Bektayı bağışlamağa hazır idi, təki bu cavan oğlan ağlını başına
yığaydı. Ancaq Tanabay qayıtmadı. Çünki Bektay onun partiyadan qovulduğunu
bilsəydi, onların söhbətindən heç nə çıxmayacaqdı. Dilindən zəhər tökülən
bu adamı Tanabay özünə güldürmək istəmədi, öz dərdinə, öz taleyinə, öz işinə;
o işə ki, Tanabay hələ də sadiq idi. Çıxıb getdi. Rastına düşən bir
maşına minib şəhərdən uzaqlaşdı. Ancaq çəlləyin ağırlığı altında beli
bükülmüş Bektayı, onun kinli baxışlarını Tanabay uzun müddət unuda bilmədi.
Sonra Bektay məhkəməyə düşəndə, şahid çağrılmış Tanabay onun barəsində heç nə
demədi. Bektayın olsa-olsa, sürünü atıb getməyindən danışdı. Tanabay
istəyirdi ki, bu adam özünün əyri yola düşdüyünü başa düşsün, öz layiqsiz
əməlindən peşman olsun. Ancaq, görünür ki, Bektay bunu heç ağlına da
gətirmirdi.
– Qurtarandan sonra yanıma gəl. Dərdləşərik, bir şey fikirləşərik. – Bu
sözlərlə Tanabay Bektaya ürək-dirək vermək istədi. Ancaq Bektay
heç bir cavab vermədi, heç başını qaldırıb onun üzünə də baxmadı. Tanabay
pərt halda çıxıb getdi. Partiyadan çıxarılandan sonra o özünə inamını
itirmişdi, hamının qabağında müqəssir vəziyyətində qalmışdı. Yaman cəsarətsiz
olmuşdu. Axı, onun heç yuxusuna da girməzdi ki, başına belə bir müsibət
gələcək. Bunu onun üzünə çəkən yox idi, ancaq o özü adamlardan qaçırdı,
danışmaqdan ehtiyat eləyirdi, çox vaxt ağzına su alıb otururdu.
24
Tonqalın
qırağında Gülsarı başını yerə qoyub hərəkətsiz uzanmışdı. Can verirdi.
Sinəsindən son nəfəsi çıxırdı, bayaqdan alova zillənmiş gözləri beləcə baxa-
baxa sönürdü, taqətsiz irəli uzanmış ayaqları quruyub ağaca dönürdü.
Tanabay öz atı ilə vidalaşırdı, ona son sözlərini deyirdi: “Sən əvəzsiz bir
at
idin, Gülsarı. Sən mənim dostum idin, Gülsarı. Sən mənim həyatımın ən xoş
çağlarını aparırsan, Gülsarı. Sən həmişə mənim yadımda qalacaqsan, Gülsarı.
Bu saat öz yanındaca mən sənin keçmişini xatırlayıram, çünki sən ölürsən,
Gülsarı. Bir vaxt biz o dünyada görüşəcəyik. Ancaq orada mən sənin addım
səslərini eşitməyəcəyəm. Çünki orada yol yoxdur, Gülsarı, torpaq yoxdur, ot
yoxdur, orada həyat yoxdur. Ancaq hələ ki, mən sağam, sən də
ölməyəcəksən, çünki mən həmişə səni xatırlayacağam, Gülsarı. Sənin ayaq
səslərin mənim üçün ən əziz nəğmə olacaq...” Qoca Tanabay atın başı üstündə
dayanıb düşünürdü və ömrün belə tez ötüşməyinə təəssüflənirdi. Nə tez keçdi
ömür, onlar nə tez qocaldılar! Özünə qoca deməyə Tanabayın, bəlkə də,
Dostları ilə paylaş: |