üstündə ağlamağa gəlmişdilər; o adam ki, həmişə onlara yaxın olmuşdu, o adam
ki, bütün əyalətdə tanınırdı. Ürəyində Tanabay: “Sağ olun, – dedi, –
qardaşlar. Ata-baba dövründən bəri dərdimiz-sərimiz bir olub, toyda da,
cıdırda da bir olmuşuq. Ağlayın, bizimlə birgə siz də ağlayın!”
Qazaxların
dalınca o özü də atın üstündə fəryad qopardı, qəm dolu, ələm dolu bir səslə
çığırdı:
– Çoro-o-o! Çoro-o-o! Çoro-o-o!..
Tanabay yəhər üstdə gah sağa,
gah sola əyilirdi, küçədə atını səyirib, dünyadan köçmüş dostuna ağlayırdı.
Bu da həyət. Bu da Çoronun evi. Üstünə qara çul salınmış Gülsarı evin
qabağında dayanmışdı. Başına qar yağırdı. Sahibsiz, yiyəsiz Gülsarı! Yəhəri
boş qalan Gülsarı!
Öz atının üstündəcə Tanabay Gülsarının boynuna sarıldı.
Aralandı, bir də sarıldı. Ətrafda bir-birindən zorla seçilən üzlər, ağlaşma,
nalə, şivən... Kimsə dedi:
– Tanabayı atdan düşürdün. Çoronun oğlunun
yanına aparın.
Tanabay eşitmədi.
Neçə-neçə əl eyni vaxtda ona sarı uzandı, köməkləşib atdan düşürdülər, qoluna
girib apardılar.
Tanabay gözünün yaşını
axıdırdı:
– Bağışla məni, Çoro, bağışla məni!
Çoronun tələbə oğlu Samansur həyətdə üzü divara tərəf dayanmışdı, o çevrilib
Tanabayın üzünə baxdı, onlar
ağlaya-ağlaya qucaqlaşdılar.
– Daha sənin atan yoxdur, daha mənim Çorom yoxdur! Bağışla məni, Çoro,
bağışla!
Sonra onları bir-birindən araladılar və bu
vaxt birdən-birə Tanabay yaxında, arvadların arasında dayanmış Bübücanı
gördü. Bübücan dinməz-söyləməz Tanabayın üzünə baxırdı və dinməz-söyləməz
gözünün yaşını axıdırdı. Tanabay ona baxıb, daha bərkdən hönkürdü.
İndi Tanabay istərdi ki, Bübücan yaxınlaşsın, təskinlik versin, onun göz
yaşlarını
silsin, ancaq qadın yaxınlaşmırdı. Dayanmışdı. Ağlayırdı.
Tanabaya başqaları təskinlik verirdilər:
– Bəsdir, Tanabay. Toxta, göz yaşı axıtmağın xeyri
yoxdur.
Buna görə Tanabay daha da qəhərlənirdi, daha bərkdən hönkürürdü.
22
Çoronu günortadan sonra dəfn elədilər. Hava bulanıq idi, solğun Günəş
hərəkətsiz boz buludların arasından zəif işıq saçırdı. Sulu, yumşaq qar
dənələri hələ də havada uçuşurdu. Qara geyinmiş insan dəstəsi ağappaq yol
boyunca bir qara çay kimi səssiz-səmirsiz axıb gedirdi. Sanki bu çay elə
indicə, buradanca baş götürmüşdü və ilk dəfə özünə yol açırdı. İrəlidə,
yanlarının taxtası aşağı salınmış maşında, Çoronun ağ kəfənə bürünmüş
cənazəsini aparırdılar. Məhrumun arvadı, uşaqları, qohum-əqrəbası cənazənin
yanında oturmuşdu. Qalanlar ata minmişdi. Yalnız Tanabayla Samansur maşının
dalınca piyada gedirdilər. Onların hər ikisi yiyəsi ölmüş Gülsarının
yüyənindən yapışmışdı.
Kəndin qurtaracağındakı yol hamar qarla örtülmüşdü və bu təmiz, yumşaq qarın
üstünə ilk dəfə at dırnağı dəyirdi, insan ayağı
dəyirdi. Bu izlərin içində, sanki, Çoronun da ayaq izi vardı. Bu, Çoronue son
izləri idi. İndi yol təpəyə, qəbiristanlığa qalxacaqdı və oradan Çoro
bir daha geri qayıtmayacaqdı.
Tanabay atın yüyənindən tutub gedirdi və ürəyində atla danışırdı: “Hər ikimiz
Çorosuz qaldıq, Gülsarı! Daha Çoro yoxdur,
heç vaxt olmayacaq... O vaxt sən niyə susdun, Gülsarı, niyə məni saxlamadın?
Bilirəm, Allah dil verməyib sənə. Ancaq mən insan ola-ola özümü səndən
də pis apardım. Dostumu yolun ortasında buraxıb getdim, Allah ağlımı aldı,
dönüb geriyə də baxmadım. Çoronu mən öldürdüm, öz dilimlə öldürdüm...”
Yolboyu qəbiristanlığa çatanacan Tanabay Çorodan üzr istədi. Orada Samansurla
birgə Çoronu həmişəlik torpağa tapşıranda da o, dönə-dönə dostuna
yalvardı:
– Bağışla məni, Çoro. Eşidirsənmi, bağışla məni!..
Çoronun məzarı üstünə ovuc-ovuc torpaq atdılar, sonra belləri işə saldılar,
torpaq üst-
üstə qalandı. Qəbir doldu və təpənin üstündə bir yeni təpəcik yarandı.
Bağışla, Çoro!
Dəfn qurtarandan sonra Samansur Tanabayı qırağa çəkdi:
– Sizinlə
işim var, Tanake, gərək oturub söhbət eləyək.
Adamları da, tüstülənən ocaqları, samovarları da burada qoyub onlar həyətdən
çıxdılar. Arxın qırağı ilə
gedib həyətin dalında – yıxılmış bir ağacın yanında dayandılar. Ağacın
üstündə oturdular. Xeyli vaxt dinməz-söyləməz oturdular. Tanabay düşündü:
“Dünyanın işinə bax – bu Samansur dünən balaca bir uşaq idi, indi gör nə
boyda olub. Dərd onu daha da yaşlı eləyib. İndi Çoronun yerində budur. Daha
biz eyni adamlarıq. Belə də olmalıdır. Oğullar ataların yerini tutur.
Ataların nəslini yaşadırlar, işini yaşadırlar. Kaş ki atası kimi adam olsun.
Ondan da ağıllı olsun, ondan da uzağa getsin; kaş bizdən çox-çox yuxarı
qalxsın, özünə də bir gün ağlasın, başqalarına da xeyri dəysin. Elə ata
olmağın mənası da bundadır. Biz onları böyüdürük ki, bizdən yaxşı olsunlar,
bizdən irəli getsinlər”.
– Sən, Samansur, ailədə hamıdan böyüksən, – deyə
Tanabay əlini saqqalına çəkib sözə başladı. – Sən Çoronun yerindəsən, mən
səni də Çoro kimi eşitməyə hazıram.
– Mən sizə, Tanake, atamın vəsiyyətini
çatdırmalıyam.
Tanabay diksindi, çünki bu səs Çoronun səsinə yaman oxşadı. Samansurun üzdən
də atasına oxşamağını ilk dəfə Tanabay indi gördü, Çoronun
cavanlığı gözünün qabağına gəldi. O Çoronu Samansur görməmişdi, ancaq Tanabay
görmüşdü, yadında idi. Bəlkə buna görə deyirlər ki, insan ölməz, əgər
onu tanıyanlar ölməsə.
– Danış, oğlum, mən sənə qulaq asıram.
– Mən özümü vaxtında yetirdim, Tanake. Dünən gecə atamın ölümünə bir saat
qalmış gəlib
çıxdım. Lap son nəfəsinəcən ağlı başında idi. Sizi çox gözlədi, Tanake. Elə
hey soruşurdu: “Tanabay hanı? Bəs gəlib çıxmadımı?” Biz ona təsəlli
verirdik, deyirdik: yoldadır, indicə gələcək. Görünür, sizə nə isə demək
istəyirmiş. Əcəl qoymadı.
– Elədir, Samansur, elədir. Biz onunla görüşməli
idik. Mütləq görüşməli idik. Ölənəcən özümə bağışlamaram. Günah məndə oldu.
Vaxtında gələ bilmədim.
– Tapşırdı ki, sizə xəbər verim. Deyir: ondan üzr
istəyirəm, məni bağışlasın, ürəyində kin saxlamasın. Bir də, çox-çox xahiş
elədi ki, onun partiya biletini raykoma siz aparasınız. Dönə-dönə yalvardı
ki, bunu sizə çatdırım. Sonra huşu itdi. Xeyli vaxt əzab çəkdi. Öləndə də
gözü yol çəkirdi. Ağlayırdı, danışırdı, ancaq nə dediyini başa düşmək
olmurdu.
Tanabay heç nə demədi. Hönkürə-hönkürə saqqalını sığalladı. Çoro getmişdi.
Özü ilə birgə Tanabayın da ömrünün tən yarısını aparmışdı.
Nəhayət,
o özünü ələ aldı.
– Sağ ol, Samansur, – dedi. – O da sağ olsun ki, bu işi mənə həvalə eləyib.
Ancaq bir şey qabağımı kəsir. Bilirsənmi, məni
partiyadan xaric eləyiblər?
– Bilirəm.
– Partiyadan çıxarılmış bir adam Çoronun partbiletini raykoma necə apara
bilər? Axı mənim buna ixtiyarım
yoxdur.
– Bilmirəm, Tanake. Özünüz fikirləşin. Mənim borcum atamın vəsiyyətini yerinə
yetirməkdir. Gərək siz də elə edəsiniz ki, onun son istəyi boşa
çıxmasın.
Dostları ilə paylaş: |