danışmağın mənası yoxdur.
Araya uzun sürən sükut çökdü. Sükutu Kaşkatayev pozdu:
– Hm. Deməli, partiyaya acıq eləyirsən? Onu bil ki, yoldaş, partiya
səni düz yola çağırır. Partiya səni məhkəmədən qurtarıb, sən hələ acıq da
eləyirsən! Deməli, sən, doğrudan da, partiya üzvü adına layiq deyilsən və
mən inanmıram ki, onun qapıları bir daha sənin üzünə açıla!
Raykomdan çıxanda Tanabay üzdən çox sakit görünürdü. Həddindən çox sakit
görünürdü. Elə
dəhşət də burasında idi. Hava isti idi, hələ gün batmamışdı, axşam
yaxınlaşırdı. Küçə ilə adamlar gedirdi, maşınlar gedirdi. Klubun qabağındakı
meydançada uşaqlar oynayırdılar. Ancaq Tanabay heç nəyə baxmaq istəmirdi, heç
nə görmək istəmirdi. O özünü dağa yetirməyə tələsirdi, burada qalsaydı,
elə bil, başına bundan da pis hadisələr gələcəkdi.
At bağlanan yerdə onun atı Gülsarı ilə yanaşı durmuşdu. Böyük, uzun və
qüvvətli Gülsarı Tanabay
yaxınlaşdıqca ayaqlarını qaldırıb qoyurdu, öz keçmiş sahibinin üzünə inamla,
məhəbbətlə baxırdı. Gülsarı o günkü savaşı da, bir-birinin dalınca
başına endirilən yaba zərbələrini də unutmuşdu. Bəlkə buna görə də elə onun
adı at idi.
Tanabay yaxınlaşıb həzin-həzin pıçıldadı:
– Bağışla, Gülsarı,
bağışla! Mənim dərdim böyükdür, Gülsarı, çox böyükdür. – O, hıçqırıb atın
boynuna sarıldı, ancaq yoldan keçənlərdən utanıb, tez özünü ələ aldı.
Tanabay öz atını minib yola düzəldi.
Çoro Aleksandrov yoxuşunda Tanabaya yetişdi. Gülsarının tanış ayaq səslərini
eşidən kimi, Tanabay dodaqlarını
bir-birinə sıxdı, qəhərləndi, qanı qaraldı. O dönüb geriyə baxmaq da
istəmədi. Bu gələn Çoronu Tanabay heç tanımaq da istəmirdi. Bu, həmin Çoro
deyildi, tamam başqa adam idi. Lap elə bu gün, Kaşkatayev bircə dəfə səsini
qaldıran kimi o qorxub yerində oturdu. Bəs bunun sonrası nə olacaqdı?
Camaat ona inanır, o isə həqiqəti deməyə qorxur. Gücənir, söz axtarır. Bunu
ona kim öyrətmişdi? Tutalım ki, Tanabay geridə qalmışdı, qara işçi idi,
axı Çoronun savadı vardı, hər şeyi bilirdi, ömrü boyu rəhbər işdə olmuşdu.
Çoro bilmirdimi ki, bütün bu işlər seqizbayevlərin, kaşkatayevlərin dediyi
kimi deyildir! Bilmirdimi ki, onların danışdığı yalnız zahirdə yaxşı görünür,
batində isə boş və yalandır. Axı onlar kimi aldadırdılar və nə üçün
aldadırdılar?
Çoro lap yaxınlaşıb yanınca gedəndə də Tanabay başını qaldırıb baxmadı. O,
Çoronun yalnız səsini eşitdi:
– Elə bilirdim ki, biz bir yerdə
çıxacayıq, Tanabay, – deyə Çoro nəfəsini dərdi. – Ancaq çıxıb baxıram,
görürəm ki yoxsan...
Tanabay başını qaldırmadan dilləndi:
– Məni neynirsən? Öz
yolunla çıx get.
– Üzünü məndən gizlətmə, Tanabay, dayan söhbət eləyək. Necə bir dost, necə
bir kommunist...
– Mən səinin dostun deyiləm, kommunist
olmamağım da gərək sənə məlum ola. Heç sən də kommunist deyilsən. Çoxdan
kommunist deyilsən. Özünü belə göstərirsən...
– Bu sənin ciddi sözündür? –
deyə Çoro yazıq-yazıq dilləndi.
– Əlbəttə, ciddi sözümdür. Hələ mən söz seçməyin təhərini öyrənməmişəm. Hansı
sözü harda demək lazım olduğunu da hələ
bilmirəm. Get, xoş gəldin. Mən burdan dönəcəyəm, sənin yolun düzünədir.
Tanabay atın başını döndərdi. Ucsuz-bucaqsız düzəngaha çıxdı və dostunun
üzünə
bir dəfə də baxmadan birbaş dağlara üz tutdu.
Dostunun birdən-birə dəyişib meyit kimi ağarmağını Tanabay görmədi. Çoronun
əlini qabağa uzadıb onu
saxlamaq istədiyindən Tanabayın xəbəri olmadı. O bilmədi ki, dostunun qolu
birdən-birə yanına necə düşdü, o, birdən-birə sustalıb yəhərin üstünə necə
sərildi.
Çoro çöl havasını acgözlüklə ciyərinə çəkirdi.
– Halım pisdir, yaman pisdir, – deyə o, yəhər üstdə ürəyinin ağrısından
qovrulurdu. Çoronun
rəngi gömgöy göyərmişdi, nəfəsi kəsilə-kəsilə ata yalvarırdı. – Tez ol,
Gülsarı, məni evə yetir.
Kimsəsiz və qaranlıq çöl boyunca at durmadan çapıb
gedirdi. Üstündəki insanın səsi atı qorxudurdu, bu səsdə o nəsə vahiməli bir
şey duyurdu və vahimə içində fınxıra-fınxıra Gülsarı qulaqlarını
şəkləyib gedirdi. Adamsa yəhərin üstündə qovrulurdu, əzab çəkirdi, əli ilə,
dişi ilə Gülsarının yalından yapışırdı. Yüyən atın boynundan sallanırdı,
at çapdıqca atılıb-düşürdü.
20
O axşamın qaranlığında, hələ Tanabay dağ yollarında at çaparkən, kəndin
küçələrində bir atlı itləri çaxnaşmaya salıb
bir-bir qapıları döyürdü:
– Ey, kim var evdə? Bayıra çıxın! Tez olun, idarəyə yığılın. Partiya iclası
var.
Adamlar təəccüb eləyirdilər:
– Nə olub bəyəm?
Belə tələsmək niyə?
– Bilmirəm, Çoro çağırır. Deyir, tez gəlsinlər.
Çoro özü bu vaxt idarədə oturmuşdu. O, stolun arxasında yumaq kimi büzüşüb
ağır-
ağır nəfəs alırdı. Onun bir əli köynəyinin altında idi. O əllə Çoro fasiləsiz
döşünü ovuşdururdu. O, ağrıdan zarıyırdı, dodaqlarını dişləyirdi.
Çoronun göyümtül sifətinə soyuq tər gəlmişdi, gözləri hədəqədən çıxmışdı.
Hərdən Çoro hər şeyi unudurdu. Ona elə gəlirdi ki, yenə çöldədir, at üstdə
yol gəlir, Tanabayı çağırır, o isə səs vermək istəmir. Tanabayın sözləri
Çoronu köz kimi yandırırdı, ürəyinə od vururdu...
Çoronu buraya at
tövləsindən az qala qucaqda gətirmişdilər. Orada Çoro bir qədər ot üstdə
uzanmışdı. Atçılar onu evə aparmaq istəmişdilər, ancaq partorq razı
olmamışdı. Kommunistləri çağırmaq üçün adam yollamışdı, indi səbirsizliklə
onların yolunu gözləyirdi.
Çırağı yandırıb Çoronun qabağına qoyandan sonra
gözətçi qadın qonşu otaqda soba ilə əlləşirdi, təəssüflənirdi, başını
bulayırdı.
Çoro adamların yolunu gözləyirdi və zamansa, elə bil, damcı-damcı
axıb gedirdi. Bu, onun ömründən qalan saniyələr idi və saniyələr ağır, acı
damcılarla ömürdən süzülüb tökülürdü. Bu saniyələrin qədrini Çoro yalnız
indi bilirdi. İndiyəcən illər fikirlərdə, qayğılarda uçub getmişdi, heç Çoro
o illərinin dalınca da baxa bilməmişdi. Bu ötən illər ərzində hələ çox
şeylər düzəlməmişdi, çox şeylər onun arzuladığı kimi olmamışdı. Ancaq o
çalışmışdı, çapalamışdı, bəzən geriyə də çəkilmişdi ki, kələ-kötürə düşməsin,
yolu rahat yeriyə bilsin. Lakin kələ-kötürsüz mümkün deyildi. Toqquşmaq
istəmədiyi o qüvvə indi onu divara dirəmişdi, daha geri çəkilməyə də yer yox
idi, yol qurtarırdı. Ah, kaş ki, o, lap əvvəldən belə başlayaydı; kaş o,
həyatın üzünə həmişə cəsarətlə baxmış olaydı...
Vaxtsa ağır, acı damcılarla
ömürdən süzülüb tökülürdü. Niyə adamlar gəlmirdilər, niyə gecikirdilər?..
Çoro dəhşət içində düşünürdü: “Səbr elə, ölüm, səbr elə, mən hər şeyi
danışmalıyam. – Əlindən gedən ömrünü o, bir səssiz ürək naləsi ilə tutub
saxlamaq istəyirdi. Gücünü toplayıb son döyüşə hazırlaşırdı. – Hər şeyi
olduğu kimi deyəcəyəm. Büro necə keçdi, Tanabayı partiyadan necə çıxartdılar.
Qoy bilsinlər: mən raykomun bu qərarı ilə razı deyiləm. Qoy bilsinlər:
mən Tanabayın partiyadan çıxarılmasını istəmirəm. Aldanovun haqqında da
bildiklərimin hamısını deyəcəyəm. Qoy onlar, mən öləndən sonra, sədrin
məsələsini müzakirə eləsinlər. Qoy kommunistlər öz qərarlarını versinlər. Öz
barəmdə da deyəcəyəm, kolxoz barədə də, başqaları barədə də... Səbr elə,
Dostları ilə paylaş: |