Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə5/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   2   3   4   5   6   7   8   9   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



10

ƏZİZOV  ELBRUS 

filologiya üzrə elmlər doktoru, professor 

Bakı Dövlət Universiteti 

 

M.P.VAQİFİN DİLİ HAQQINDA 



 

Açar  sözlər:  bədii  dil,  xalq  danışıq  dili,  danışıq  dilinə  məxsus  söz  və  ifadələr,  etnoqrafik  leksika, 

dialektizmlər 

 

 



 

 

About Vagif’s language 



 

Vagif played an important role in the development of the Azerbaijanian literary-artistic language of  

the  XVIII  century.  The  most  important  peculiarity  at  his  works’  language  is  nationality.  The  lexicon  and 

syntax  of  the  great  poet’s  works  is  close  to  national  speaking  language.The  ethnographic  lexicon    took 

special place in his language. The dialectics are met in poet’s works. 

 

Keywords: artistic language, national speaking language, the words and terms of speaking language, 



ethnographic lexicon, dialectics 

 

M.P.Vaqif dilinin ən mühüm cəhəti onun xəlqiliyidir. Vaqif dilinin xəlqiliyi, hər şeydən əvvəl, folklor 



dilinin,  adi  danışıq  dilinin  ədəbi-bədii  dilə  gətirilməsi  ilə  ölçülür.  Vaqifin  yaradıcılığında  klassik  şeirlə 

folklorun qarşılılıqlı təsiri parlaq bir şəkildə meydana çıxmış və bu da həmin dövrdən başlayaraq həm şeirin, 

həm də bədii dilin inkişaf istiqamətini müəyyən etmişdir. Vaqif yaradıcılığının görkəmli tədqiqatçısı Araz 

Dadaşzadənin qeyd etdiyi kimi, “Vaqif poeziyası özündən əvvəlki şeirə bir yekun vurmuş, sonrakı şeirə qapı 

olmuşdur” (1, 84). 

Xalq arasında adi danışıqda işlənən bir çox söz və ifadələr məhz Vaqifin ədəbi fəaliyyəti nəticəsində 

yazılı ədəbiyyatda geniş işlənmək imkanı qazanmış, onların ədəbi dildəki mövqeyi möhkəmlənmiş, demək 

olar ki, normativləşmişdir. Vaqif söz sərrafıdır. O hər bir sözü, hər bir ifadəni xalq deyim tərzinə uyğun bir 

şəkildə o qədər təbii, o qədər dəqiq və yerində işlədir ki, istər-istəməz oxucuda belə bir təəssürat yaranır ki, 

həmin məqamda məhz həmin söz, məhz həmin ifadə işlənməli idi. Vaqifin sadə və aydın dildə yazılmış bəzi 

qoşmalarının dili danışıq dilinin sintaksisini xatırladır: 

Getdim ala gözlü yarla danışam, 

Dedi oğlan, dur get, söz vaxtı deyil. 

Arif çoxdur, etmək olmaz işarət

Oynatma qaşını, göz vaxtı deyil. (2, 54) 

Yaxud: Başına döndüyüm toy adamları, 

Siz də deyin: toya gələn oynasın. 

Adını demərəm eldən ayıbdır, 

Filankəsin qızı filan oynasın. (2, 94) 

Yaxud:  Gəlin bulaqda əl-üzünü yuyur, 

Qız deyir: gəl gedək, həriflər duyur. (2, 121) 

Şairin ayrı-ayrı misralarındakı bir sıra söz və ifadələr, deyim tərzi danışıq dili xüsusiyyətlərinə uyğun 

gəlir: Vaqif öldü, neçün yasa gəlmədin?; Səni özgəsinə qıyan deyiləm, Mən ki, zalım, adam yeyən deyiləm; 

Nolur gəlsən bizə qurban olduğum; Əridi bağrımda tamam yağ, gəlin; Hüsnün eylər aya, günə lağ, gəlin; 

Təki  olsun  sənin  canın  sağ,  gəlin;  Sizə  qurban  tamam  ölkə,  tamam  el;  Həsrətindən  sızıldayan  yaramdır; 

İnsaf deyil, qurban deyim qoyundan, Ona qurban canım, neçün ağlayır; Ağlasan ağlaram, gülsən gülərəm; 

Vaqif öz qulundur, sənə qurbandır, Öldürsən də, vallah, dinməz, bəri bax; Gəl indi bir quru ayaq ilə sən. 

Vaqifin  əsərlərindəki  dil  sadəliyini,  onun  klassik  poeziya  janrlarındakı  şeirlərində  də  görmək  olar. 

Doğrudur, belə bir xüsusiyyət XVII əsr ədəbi dilində də var idi, ancaq Vaqifin dilində bu meyil daha qüvvətli 

və parlaq bir şəkildə nəzərə çarpır: 

Aydın olsun gözlərim kim, gəldi yarın kağızı, 

Könlümü şad eylədi gözəl nigarın kağızı. (2, 169) 

Çıxıb başmaq seyrinə, edib seyri-çəmən gəldim, 

Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim. 

Qızıl gül açılan günlərdə gülzari-Qarabağa, 

Sənin olsun, əzizim, böylə, məlumun ki, mən gəldim. (2, 172) 




M.P.Vaqif və müasirlik 

 

 



11

Vaqif  dilinin  səciyyəvi  bir  cəhəti  atalar  sözlərindən  və  xalq  məsəllərindən  bəzi  hallarda  sitatlar 

şəklində istifadə olunmasıdır: 

Canandan ayrılan candan ayrılır, 

Xalq içində bir misaldı, sevdiyim. (2, 60) 

Çün “uman yerdən küsəllər” bir məsəldir xalq ara, 

Küsdüyüm bica deyildir, aşinadan küsmüşəm. (2, 165) 

Keçən işdən mərd igidlər pozulmaz

Atalar deyibdir: “Tökülən dolmaz”. (2, 243) 

XVIII əsr Azərbaycan ədəbi-bədii dilinin parlaq nümunəsi olan Vaqifin dili öz kökləri etibarilə ədəbi 

dilimizin əvvəlki dövrləri ilə də bağlıdır. Şairin “Sevdiyim” rədifli qoşmasında gözəlin qaşları qurulu yaya 

bənzədilir: Qaşların qurulu yay tək çəkilir (2, 60). Qurulu yay ifadəsi eynilə bir neçə əsr əvvəl “Kitabi-Dədə 

Qorqud”  abidəsinin  dilində  işlənmişdir:  Qurulu  yaya  bənzər  çatma  qaşlum  (3,  35).  Vaqif  digər  bir 

qoşmasında (“Ey cavan qız, məndən belə gəzmə gen”) qızın qaşlarını çəkili yaya bənzədir: Qaşların çəkili 

yaylara dönür (2, 61). 

Vaqifin  Qarabağ  hökmdarı İbrahim xanın oğlu Cavadın vəfatı münasibətilə yazdığı şeirdə işlənmiş 

“xan baban” ifadəsi də diqqəti cəlb edir. Əvvəla, bu ifadə “Kitabi-Dədə Qorqud”dakı xan baba ifadəsinin 

(Xan  babamın  göygüsü  “xan  babamın  kürəkəni”)  bir  neçə  əsrdən  sonra  bədii  dildə  təkrarıdır,  ikincisi, 

buradakı baba sözü eposda və Azərbaycan dilinin qərb şivələrində (Başkeçid, Bərdə, Füzuli) olduğu kimi 

“ata” mənasında işlənmişdir: 

Firqətindən xan baban qəddi bükülmüş dal olub, 

Baş açıq, üz-sinə mərcuh validən bədhal olub. (2, 238) 

Klassik şeir dilinin leksikasından fərqli olaraq Vaqifin əsərlərinin lüğət tərkibində gündəlik məişətlə, 

adi danışıq dili ilə bağlı olan sözlər, söz birləşmələri və müxtəlif xarakterli ifadələr mühüm yer tutur: çuval, 

dügi, yağ, ət, motal, noğul, şəkər, qənd, axta zoğal, dirrik-tərəvəz, kişniş, şüyüt, tərə, qanqal; döşək, yastıq, 

yorğan,  çarqat,  kəlağayı,  köynək,  şalvar,  məst  (yüngül  ayaqqabı),  başmaq;  duaçı,  vallah,  filan,  filankəs, 

buğdayı, peşkəş, mağar; şabaş vermək, çatının zolu, qara gün, qara pul, şıq-şıq pul, qəlbi qara, adam yeyən, 

əl dırnağı, ara yerdə, söz vaxtı, yüz yol “yüz dəfə”, qurban olmaq, yasa batmaq, yasa gəlmək; quru ayaq ilə; 

ağzı xeyir sözlüm; kim ölə, kim qala və s. 

Vaqifin  dilində  diqqəti  cəlb  edən  bir  cəhət  də  etnoqrafik  xarakterli  sözlərin  çox  işlənməsidir.  Vaqif 

realist  bir  şair  kimi  gözəlləri  tərif  edəndə  onların  xarici  görünüşünü  bütün  təfərrüatı  ilə  canlandırır,  hətta 

onların geyimlərini və bəzək əşyalarını da təsvir edir. Yeri gəlmişkən qeyd edək ki, XX əsrin əvvəllərində 

bəzi müəlliflər Vaqifin çuxa, nimtənə, kürk, şalvar, tüfəng, Tiflisin tərifi və Gürcüstan valisi barədə yazdığı 

müxəmməsləri “boş və biməzmun” elan etmişdilər. Firidun bəy Köçərli 1904-cü ildə “Şərqi-Rus” qəzetində 

nəşr  etdirdiyi  “Ədəbiyyatımıza  dair  məktub”  məqaləsində  Vaqifi  müdafiə  edərək  yazmışdı:  “Molla  Pənah 

Vaqifin  tərifi-çuxa,  nimtənə,  kürk,  şalvar  və  tüfəng  və  tərifi-Tiflis  və  vəsfi-hamam  və  mədhi-valiyi-

Gürcüstan  barəsində  yazdığı  müxəmməslər  bəzilərə  boş  və  biməzmun  gəlirsə,  həqiqətdə  əhli-mərifət 

nəzərində  bimisl  əsərlərdir.  Yüz  sənə  bundan  əqdəm  ata  və  babalarımızın  dolanacağını,  adab  və  əxlaqını, 

əlbisə və ətiməsini, arzu və təmənnalarını, fikir və xəyalatını və bicümlə o əsrin övza və dəstgahını ustadi-

bimisl  olan  Vaqif  gözəl  əşar  və  kəlami-abdari  ilə  yazıb  gələcək  nəsil  üçün  unudulmayan  bir  əlamət  və 

yadigar qoyubdur” (4, 100-101). 

F.Köçərlinin  qeydlərindən  aydın  olur  ki,  Vaqif  doğrudan  da  öz  şeirlərində  xalqın  XVIII  əsrdəki 

məişətinin  real  mənzərəsini  yaratmışdır.  Vaqif  yaradıcılığının  bu  cəhəti  əslində  şairin  klassik  şeirin 

məzmununa gətirdiyi yenilik kimi qiymətləndirilməlidir. Onun şeirlərində qadınlara məxsus geyim adlarına 

tez-tez  rast  gəlinir:  nimtənə,  köynək//pirahən,  qəsabə,  zərbaf,  kəlağayı,  çarqat,  yaylıq,  ləçək,  şal,  çalma, 

sərəndaz. Bəzi hallarda şair geyim əşyalarının təkcə adlarını çəkməklə kifayətlənmir, onların rənginə, hansı 

parçadan hazırlanmasına, üzərinə hansı bəzəyin vurulmasına da diqqət yetirir: al nimtənə (qırmızı nimtənə), 

abı  nimtənə  (mavi  nimtənə),  diba  nimtənə  (ipək  nimtənə),  nimtənəsi  nilufəri  (su  zanbağı  rəngində  olan 

nimtənə),  gülabətin  köynək,  pirahəni  gülgün  (köynəyi  gül  rəngli),  zər  qəsabə,  kəlağayı  əlvan,  kəlağayı 

gülgəz,  çəhrayı  çarqat,  çarqat  narıncı,  al  çarqat  (qırmızı  çarqat),  qara  çarqat,  narınc  örtüklü,  tirmə  şal, 

zərin ləçək. 

Vaqifin  əsərlərində  qadınlara  məxsus  geyim  adlarını  bildirən  sözlərin  tarixi  leksikologiya  və 

etnoqrafiya baxımından maraq doğurduğunu nəzərə alaraq onları ayrılıqda nəzərdən keçirməyi və bəzilərinin 

mənalarına aydınlıq gətirməyi məqsədəuyğun hesab edirik. 

Nimtənə – qolsuz üst qadın geyimi, gödəkçə: Simin yaraşdırıb zər nimtənəyə; Xoş yaraşır sənə diba 

nimtənə;  Zər  haşiyə  al  nimtənə  üstündə;  Oynayanda  pərvaz  edər  nimtənə;  Gülabətin  köynək,  abı  nimtənə; 

Saçın cığaları nimtənəsində; Nimtənəsi nilufəri, pirahəni gülgün. 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə