Microsoft Word Qismet-esas-redakteli-son-son doc



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix26.09.2017
ölçüsü2,11 Kb.
#1684
1   2   3   4   5   6   7   8   9   ...   17

 
38
Götür  bu  dəsmalı, sil  o  boyanı, 
Səndən  olmayana daha  qoyma  qol. 
Tulla  geyindiyin  o  dikdabanı, 
Bir  az  balaca  ol,  amma  Bakı  ol. 
 
Hər  küçən, hər  evin  qürbət  kimidi 
Hüznün, yalqızlığın  paytaxtı  şəhər. 
Bəlkə  də,  Bakı  bir  qədim  gəmidi, 
Dayanıb  Bakını  gözləyir  Xəzər?.. 
 
Şirinlik qalmayıb  şirinliyindən, 
Qadınlar  soyunub  çıxır  şəhərə. 
Mavi  ekranların  dərinliyindən, 
Masmavi  “kişilər”  axır  şəhərə... 
 
Axır  mavi-mavi bəyaz  yalanlar, 
Utanır, qızarır  bəyaz  qalanlar
Qırmızı-qırmızı  mavi  olanlar, 
Gündə  bir  boyanı  yaxır  şəhərə... 
 
Bakının  yəhəri  özündə  deyil, 
Dolanır  özgənin  atında  Bakı. 
Bir  günə  Dubayda kökələnlərin, 
Həm  özü,  həm  cibi  “göy” gələnlərin, 
Dikdaban  geyinmiş   göydələnlərin, 
Qalıb  ayağının  altında  Bakı. 
 


 
39
Bitib  iqtidarı,  qurtarıb  gücü, 
Səsini  itirmiş  yalquzaq  kimi. 
Dilənçi  uşağın  pul  yığmaq  üçün, 
Asfalta  qoyduğu boş  papaq  kimi – 
Kimdənsə  mərhəmət umur  bu  şəhər. 
 
Çırpmır  üstündəki  torpaqdı,  gildi, 
Qanmır  ki, o   əvvəl  belə  deyildi
Bir  Allah  bilir  ki,  son  neçə  ildi 
Xəzərdə  üzünü   yumur  bu  şəhər... 
 
Hər  tində  ümidə  bir  qəbir  qazan, 
Adama  xəcalət  çəkdirən  şəhər. 
Şairi  acından  şeirlər  yazan, 
Mollası  villalar  tikdirən  şəhər 
Neyləyim  sevməyə  bilmirəm  səni... 
 
Bir  ömür  gözünü  yollara  dikən
Tənha  qadınların  möhnəti  Bakı. 
Pullu  kişilərə  baxıb  “ah”  çəkən, 
Pulsuz  kişilərin  qisməti  Bakı – 
Bu  şeri  sənə  ağlamışam... 
 


 
40
 
 
 
 
 
 
 
 
 
 
15. Qəzəb 
 
Ay başıqapazlı, taleyi acı – 
Hər tini, dalanı əndişə ölkə, 
Kolbasası halal, pivəsi hacı 
Artisti, ulduzu fahişə ölkə, 
Bəsdi sən danışdın, növbə mənimdi... 
 
Bir gecə gəzişsən sən öz içində, 
Ev-ev, küçə-küçə olarsan dəli. 
Qadınlar görərsən kişi cildində, 
Kişilər görərsən qadın kölgəli... 
 
Şəhərin  gözləri qara deyilmiş, 
Gecələr bu şəhər ayrı göz taxar. 
Paytaxta gecələr dodağı şişmiş, 
Yerişi dəyişmiş kişilər çıxar. 


 
41
 
Təzə körpü kimi namusdan keçib, 
Dünəni olmayan sabahsızlar var. 
Ucuz kafelərdə araqdan içib, 
İnqilab axtaran allahsızlar var. 
 
Kəsib doğradılar səni min tikə,  
İtdi çörəyinin, suyunun dadı. 
Ümidlər varıydı, ay yazıq ölkə, 
Bəs niyə olmadı, niyə olmadı? 
 
Su kəsən divlərin nə yaman çoxdu,  
Hər yerdən boylanır evləri  dam-dam.  
Səndə adamların bir üzü yoxdu, 
Bilmir ki, hansına tüpürsün adam. 
 
Sevgisiz olduqca yabanlaşmısan, 
Bu sərhəd-taleyi kim çəkdi sənə? 
Yaman ruslaşmısan, iranlaşmısan 
Osmanlı şilləsi gərəkdi sənə! 
 
Uduzdun özünü kəndlə, şəhərlə 
Ev-ev, küçə-küçə ancaq azaldın. 
Dərsini bu dəfə yaxşı əzbərlə, 
Bəsdi xəritədən sinifdə qaldın. 
 
 


 
42
 
 
 
 
 
 
 
 
 
 
16. Vitrin 
Mişel Uelbekə 
 
Dünyanın bakirə çağları getdi... 
Daha oksigen də saxtadır, saxta. 
Dünya-dünya deyil, supermarketdi, 
Hamı satıcıdır, hər yan piştaxta... 
 
Burda şüarlar var, endirimlər var 
Sevinclər bahadı, qəmlər ucuzdu. 
Məsələn, necədir görün bu şüar: 
“Üç əclaf istəsən biri pulsuzdu”. 
 
Vitrinlər önündə donub qalarsan, 
Şüarlar çığırar: “Məni al!“ – deyə. 
Yüz metr Nəsimi dərisi alsan, 
Bir şüşə Lorkanın qanı hədiyyə. 


 
43
Burda sədaqətlər düzülüb rəfə, 
Yazılıb: toxunmaq qətiyyən olmaz! 
Xoruz banınacan gündə üç dəfə, 
Pyotr yüz Məsihi danar, yorulmaz... 
 
Vitrində tozlanır  namuslu olmaq
Vitrində tozlanır qeyrətli ürək. 
Neyləyək, namusa sponsor tapaq, 
Neyləyək, ürəyə klip çəkdirək?!   
 
Ay dünya, hər yanı piştaxta dünya, 
Ay yalançı dünya, ay saxta dünya, 
Ay qərəz dünyası, ay kin dünyası, 
Ay market dünyası, vitrin dünyası, 
Sən şair qətlinə möhür bassan da, 
Şerin kitabını bağlasan da sən. 
Milyon il şairi qandallasan da, 
Şeri zirzəmidə saxlasan da sən, 
Bir şair nəfəsi gedib-gəlirsə
Bir uşaq bircə bənd şeir bilirsə, 
Şairlər qazacaq sənin qəbrini. 
 
Bir gecə şairlər küçəyə çıxıb, 
Sənin mərsiyəni oxuyar, market. 
Bizə uzatdığın çekləri yığıb, 
Sənin kəfənini toxuyar, market. 
 


 
44
Bezib, qəzəblənib, hirslənib, doyub 
Mən səni Eyfeldən asdıracağam. 
Sənə kassalardan başdaşı qoyub, 
Səni vitrinlərdə basdıracağam. 
 
Nəyi almısansa qaytaracaqsan, 
Sinənin üstünə çıxacam sənin. 
Əlimin altında yalvaracaqsan, 
Alnına bir şeir sıxacam sənin. 
 
Dükanlar hamısı batacaq yasa, 
Bu market dünyası iflas olacaq. 
Elə çığıracaq ağrıdan kassa, 
Obama eşidib bəyaz olacaq. 
 
Yağacaq başına şeir-raketlər, 
Vitrinlər söz altda dağılacaqlar. 
Yetim qalacaqlar mini-marketlər
Gəbərib qurd-quşa yem olacaqlar. 
 
Ay pozğun dünyanın pozğun qarısı, 
Dollar dodağınla heç bir şey demə. 
Sənə bağlanıbdı cənnət qapısı, 
Yeri, cəhənnəm ol, düz cəhənnəmə. 
 
 
 


Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə